QURAM PANCİKİDZENİN ÖLÜMÜNƏ
Gürcüstan ləyaqətli övladını, ədəbiyyat görkəmli yazıçını itirdi,
mənsə əziz dostumu itirdim. Quramın ölümü haqqında acı xəbər
onun Azərbaycandakı dostlarını ürəkdən kədərləndirdi. Quram
Azərbaycanı çox sevirdi və Azərbaycanda da onu çox sevirdilər.
Əsərləri dilimizə çevrilmiş, nəşr olunmuşdu.
Uzun illərdi ki, Quram Gürcüstan Yazıçılar İttifaqına
rəhbərlik edirdi. Bunun nə qədər ağır və çətin iş olduğunu çox
adam bilmir, yaxud dərk eləmir. Quram bu ağır yükü ləyaqətlə
daşıyırdı, öz borcunu layiqincə ödəyirdi. Ölüm xəbəri Bakıya
çatanda kimsə məndən xəbər aldı: – Nədən ölüb? – Yazıçılar
İttifaqının sədri olmaqdan – dedim.
Quram yaradıcılığından aldığı günləri, ayları, illəri Yazıçılar
İttifaqına verirdi. Başqalarının bitib-tükənməyən qayğılarını
çəkməkçün o, öz yaradıcılıq azadlığını, vaxtını və həyatını
istədiyi kimi qurmaq səadətini qurban vermişdi.
Bilirəm ki, gürcü yazıçılar Quramın bu fədakarlığını anlayır
və yüksək qiymətləndirirlər, amma mənə elə gəlir ki, onun
yoxluğunu duyduqca bunu daha da dərindən hiss edəcəklər,
KİMİ itirdiklərini daha aydın dərk edəcəklər.
Yazıçının əsərləri diri qaldıqca, kitabları oxunduqca,
sevildikcə, xatırlandıqca o, özü də diri qalır. Quramın kitabları
yaşadıqca – onların hər zaman yaşayacağına inanıram. Quram
də yaşayacaq. Dostlarının, işdaşlarının, oxucularının qəlbində
yaşayacaq. Yer üzündə o qədər xeyirli işlər görüb ki, indi yerin
altında rahat yata bilər.
Əlvida, Quram.
2 sentyabr, 1997
404
HEÇ BİR ZAMAN
Qırx gün keçdi. Elmiranın, Elmira xanımın, bizim əziz
Elmiramızın vəfatından qırx gün keçdi.
Pianoçu və pedaqoq, Moskva Konservatoriyasının aspirantı
və Azərbaycan Konservatoriyasının professoru, əməkdar
incəsənət xadimi Elmira Səfərova respublikamızda fortepiano
məktəbinin inkişafinda, dünyanın müxtəlif ölkələrində çıxış
edən, nüfuzlu beynəlxalq müsabiqələrdən zəfərlə qayıdan neçə-
neçə tələbənin yetişməsində müstəsna xidmətlər göstəmişdir.
O, özü də gənc yaşlarında beynəlxalq müsabiqənin laureatı
olmuşdu. Onun itkisinə indiki və sabiq tələbələri, yoldaşları,
dostluq etdiyi insanlar və ya elə sadəcə bu nadir şəxsiyyətlə
təmasda olan hər kəs dərindən və ürəkdən kədərləndi. Elmira
təkin dostluq etməyi bacaranlar az olur. O, peşəsində olduğu
kimi dostulqda da sadiq və etibarlıydı, dostluq münasibətlərinə
də sevdiyi işinə yanaşdığı kimi məsuliyyət və fədakarlıqla
yanaşırdı.
Onun öldüyü gün bu acı xəbər inanılmaz bir sürətlə
Azərbaycan sərhədlərindən çox-çox uzaqlara yayıldı.
Mənzillərində telefonları aramsız zəng çalırdı – Moskvadan, ABŞ-
dan, yenə Moskvadan, İstanbuldan, Ankaradan, İsraildən,
Kanadadan və yenə də Moskvadan... O, dostlarına necə
vəfalıydısa, dostlar da ona belə vəfalı çıxdı. O, insanları
birləşdirməyi bacarırdı – qəlbinin istisiylə, əliaçıqlığıyla, Bakıdakı
kiçik mənzillərinin qonaqsevərliyiylə, həmişə başqasının dərdinə
həmdərd olmasıyla – elə duyğularla ki, onlar sərhəd tanımır, nə
məkan sərhədləri var belə duyğularçün, nə zaman-yaş fərqi, nə
milli, dini mənsubiyyət məhdudiyyəti.
Taleyin hökmüylə indi Moskvada yaşayan dostlarının çoxu
qədim Azərbaycan adət-ənənəsiylə hər cümə axşamı Flora
xanımın və onun əri Ələkbərin evində yığışırlar. Onları –
405
köhnə bakılıları – Dilarəni, Simanı, Nellini, Altayı, Rudiki –
Elmiranın xatirəsi bir yerə toplayır. Elmira ölümündən sonra da
insanları birləşdirir. Bəlkə də bir-biriylə tez-tez görüşməyən bu
adamları yadlaşmış-yabançılaşmış Moskvada bir araya gətirən
doğma Bakı və obrazı Bakının mədəni, musiqi, mənəvi
həyatından ayrılmaz olan Elmira haqqında solmaz, sönməz,
doyulmaz nostalji xatirələridir.
O vaxtkı Bakının müəyyən dərəcədə kosmopolit mühitində
yetişmiş, təpədən dırnağa musiqiçi, ictimai-siyasi
problemlərdən çox uzaq olan Elmiranı Qarabağ faciəsi
sarsıtmışdı, qəlbini ciddi zədələmişdi. Xalqımızın düçar olduğu
müsibəti, hər itkini, hər Azərbaycan ailəsinin bəlasını öz şəxsi
dərdi kimi yaşayırdı. Hərçənd, öz dərd-bəlaları da az deyildi.
O, öz xalqına sözdə yox, əməlləriylə xidmət edirdi –
Azərbaycan musiqisini özü təbliğ edə-edə və bu musiqini təbliğ
edənlərin yeni-yeni nəsillərini yetişdirə-yetişdirə. Tələbələrinə
yalnız peşəkarlığın sirlərini öyrətməklə kifayətlənmirdi, onlara
mənəvi dəyərlər, milli ləyaqət hissi, estetik zövq, dünyaya
geniş baxış aşılayırdı.
Sınaq günlərində faciələrimizi aləmə car çəkmədən öz
içində, yuxusuz gecələrinin acıdan-acı düşüncələriylə
yaşayırdı. Hamıdan gizli saxladığı bu stresslər, axır əvvəl onun
amansız xəstəlyinə və hamını yandınb-yaxaraq belə erkən
getməsinə səbəb oldu. Ailələrinin, valideynlərinin əxlaqi
dəyərlərinin varisi kimi Elmira incəliyinə, zərifliyinə və
kövrəkliyinə rəğmən çox güclü və qürurlu insan idi, son saatına
qədər özünü tox tuturdu, mətin aparırdı, mütaliə edirdi, deyib-
gülürdü və eyni zamanda məhkum olduğunu aydın bildiyinə
görə həssaslıqla son istəyini – vəsiyyətini də yaxınlarına
çatdırdı. İztirabları dözülməz həddə çatdıqda belə ən yaxın
adamlarından – bacısından, qardaşından, ərindən savayı heç
kəs onun göz yaşlarını görmədi.
Elmiranın ölümü musiqi-ifaçılıq sənətimiz, musiqi təhsili
sahəsi üçün əvəzsiz itkidir, amma bu həm də bizim ailənin,
406
şəxsən mənim qəlbimi param-param parçalayan bir ağrıdır.
Elmira – mənim həyat yoldaşım Zemfiranın böyük bacısıdır və
mən də onu öz bacım bilirdim.
Çox uzaqlarda qalmış illərdə, hələ şəxsən tanış olmadığım
gələcək bacanağım Tofiq Mirzəyevlə Xaqani küçəsinin iki
qabaq-qənşər tinində (Səfərovların evi o küçədəydi)
nişanlılarımızı kinoya, konsertə, ya bulvara gəzməyə getmək
üçün gözlədiyimiz günlərdən bəri bütün sonrakı həyatımızı
yanyanaşı yaşadıq və heç bir zaman heç bir ləkə düşməmiş bu
dostluq-qohumluq ünsiyyəti, söhbətlər, məclislər – dördümüz
üçün də son dərəcə munis və əziz idi. Biz yalnız qohum
deyildik, ən yaxın dostlar idik. Azərbaycan rayonlarına birgə
səfərlərimiz, bəzən, (doğrudur nadir hallarda) daha uzaq yerlərə
səyahətlərimiz... Moskva payızı və qarlı İstanbul qışı... Bütün
bunlar əbədi itirilmiş keçmişdə qaldı.
THeç belə iş olar, Qobustan burada, lap yaxındadır, amma
mən hələ də oranı görməmişəm" – deyirdi Elmira və mən söz
verirdim ki, mütləq onu Qobustana aparacam. Daha apara
bilməyəcəm. Heç bir zaman. Bilirdi ki, Şopenin prelüdlərindən
birini daha çox sevirəm. "Mən mütləq onu yenidən öyrənib
sənə çalaram" – deyirdi. Daha çala bilməyəcək. Heç bir zaman.
Və daha heç bir zaman mənim hər işıq üzü görən yazımı
oxuyub dərhal fikrini söyləməyəcək, onu bəlkə də layiq
olduğundan da yüksək qiymətləndirməyəcək. Və heç bir zaman
Zemfirayla doyunca danışıb ayrıldıqlarından yarım saat
keçməmiş yenidən telefonla uzun-uzadı söhbətlər
aparmayacaq. Və öz oğlu kimi sevdiyi övladlarımızın da hər
qayğısına qalmayacaq. Heç bir zaman...
Zəngin daxili aləmiylə də, zahirən də çox gözəl olan Elmira
daha heç bir zaman bizə məlahətli gülüşünü bəxş etməyəcək,
ancaq onun deyə bildiyi xoş, mehriban sözlərlə dindirməyəcək
bizi.
Səyahət etməyi sevsə də, bu, ona az-az nəsib olurdu. Amma
bəzi səbəblərdən qarşısına vətənini tərk etmək məsələsi
407
çıxanda heç cür doğma şəhəriylə vidalaşmağa daxilən razı
olmurdu. Günü günə sataraq bu mənhus vida saatını uzadırdı.
Gəncliyinin, ilk və son məhəbbətinin, yaradıcılığının, işinin-
peşəsinin, aqibətdəysə ölümünün şəhəri olmuş Bakıdan heç cür
ayrılmaq istəmirdi. Ayrılmadı da. Daha ayrılmayacaq. Heç bir
zaman.
Və birdə heç bir zaman bizi evlərinə çağırmayacaq. Nə
iyunun 16-da, sevgisi bütün ömründən keçmiş Tofiqin ad
günündə, nə sentyabrın 16-da özünün doğum günündə. Və bu
günlərdə yığışanlar da neçə-neçənci dəfə xatırlamayacaqlar ki,
Tofiqlə Elmira gəncliklərində necə də yaraşıqlı, gözəl idilər,
bir-birlərinə necə də yaraşırdılar. Və Elmira da növbəti tostunu
ənənəvi Tmən nə demək istəyirəm sözləriyləU başlamayacaq.
Sevdiyi tələbələrinin (əslində sevmədiyi tələbələri yoxdu)
Filarmoniya səhnəsində hər uğurlu çıxışından sonra Elmiranın
par–par parıldyanan gözləri, dəstə–dəstə gül səbətləri, alqışlar,
təşəkkür sözləri də olmayacaq.
Mərdəkanda, Səfərovların bağında o ilıq yay günü də
olmayacaq. Elə bir gün ki hamımız cavandıq və düşünürdük ki,
bu, həmişəlikdir: mülayim avqust günəşi, sakit dəniz,
gəncliyimiz. Əlbəttə, avqust da olacaq, günəş də, çimməli
dəniz də... Ancaq Elmirasız. Və bizim gəncliyimizsiz.
Onun vəfatıyla dünya elə bil daha tutqun, daha sönük, daha
qüssəli oldu.
Elmirasız dünya bizimçün – Zemfirayçün, qardaşları
Çingizçün, əri Tofiqçün, oğulları Teymurçün, mənimçün, onun
bütün dostları, yaxınları, tələbələri, iş yoldaşları üçün əvvəlki
dünya olmayacaq. Ömrümüzü onsuz başa vurmalıyıq. Amma
son günümüzə qədər, bizə ayrılmış həyat möhlətimizin son
saatına qədər onun təbəssümü, nadir Allah vergisi – insanlara
sevinc gətirmək istedadı bizimlə qalacaq.
Səni unutmayacayıq, əziz Elmira, yeganə baldızım. Heç bir
zaman. Heç bir zaman...
408
20 fevral, 1997
409
QIRX GÜN, QIRX GECƏ
Yusif!
Mənim etibarlı, ağıllı, istedadlı dostum, yaraşıqlı, gözəl-göyçək
qardaşım! Səni itirdiyimiz o dəhşətli anlardan qırx gün, qırx gecə
keçir. Bilirəm, zaman ötdükcə Vaxt ən ağır yaraları sağaltmasa
belə qaysaqlayır, göynərtisini ovudur, amma ölümündən keçən bu
qırx günün elə bir saatı, dəqiqəsi olmayıb ki, sənin yoxluğunun
dözülməz ağrısını duymayım, hər dərdimi, hər sözümü həmişəki
kimi səninlə bölüşə bilməyəcəyimin acısını hiss etməyim. Gecələr
yuxuma gəlirsən, "bilirsən, filankəs də lax çıxdı" deyirəm, "gündə
yeddi dəfə Allahlıq iddiasına düşən indi yetmiş yeddi dəfə düşür,
tək alçaq dağları yox, elə uca dağları da yaratdığını bəyan edir" –
deyirəm. "Aybənizin nəvəsi oldu" deyirəm.
Ölümündən iki gün qabaq, xəstəxanada son görüşümüzdə ordu
orduna yapışmış, kül rəngli sifətində gördüyüm zəif, amma əvvəlki
kimi işıqlı təbəssümünlə gülümsünürsən, heç nə demirsən...
Nə deyəcəksən axı? Əbədi sükut dünyasındasan. Elə bir
dünyada ki, ora ünvanlanmış suallar həmişə cavabsız qalır. Bizi
böyuk qismi (hamısı yox, əstəğfürullah!) çörəyi dizinin üstündə
olan, dönük, kəmfürsət, paxıl və kinli adamlardan ibarət "ədəbi
mühitdə", bu canavar sürüsünün içində qoyub niyə getdin? Bizi –
Vaqifi, Fikrəti, Çingizi, Arifi, məni... Çingiz, Arif bizdən
cavandırlar, bizlərdən sonra hələ çox illər yaşayacaq və bəlkə
haçansa birlikdə işlədiyimiz günləri xatırlayacaqlar: "Anar bir az
qaraqabaq idi, Vaqif çox vaxt qaşqabaqlı, Fikrət bəzən dalğın
olurdu, amma Yusif... Yusifin həmişə dodağında təbəssüm, dilində
xoş bir lətifə, heç kəsi incitməyəcək, heç kəsin qəlbinə
toxunmayacaq şux zarafat olardı".
Eləydi, Yusif. Ağlıma sığışdıra bilmirəm ki, bundan sonra
bir daha Yazıçılar Birliyindəki, yaxud Milli Məclisdəki
otağımın qapısından o təkrarsız təbəssümünlə içəri
girməyəcəksən – çiynində foto-aparat, böyründə cib telefonu,
həmişə səliqəli, şıq geyinib-keçinmiş, yaxanda kostyumuna
uyğun zövqlə seçilmiş qalstuk, pencəyinin döş cibində eyni
410
rəngli dəsmal, başında dama-dama kepka...
Təpədən dırnağa aristokrat və ziyalı idin. Qiyafəndə,
davranışında, oturub-durmağında, insanlarla rəftarında, sənin əlinə
su tökməyə layiq olmayan adamların hucumlarına, böhtanlarına
ağayana etinasızlığında... İctimai və ədəbi qara-qışqırığa
biganəliyinə, onu eyninə almamağına görə bəzən səni qınayırdım.
"Qəribəsən e, – deyirdin – bir it, ya qoca köpək səni dişləyirsə, sən
də onu dişləməlisən? Hürüb-hürüb yorulacaqlar..."
Haqlısan Yusif. Sənin belə-belə şeyləri vecinə almamağının
səbəbi o idi ki, müdrik insan idin, dünya malında – vəzifə, şöhrət,
fəxri ad-filan – gözün yox idi. Elə bu hücumların da əksərən məhz
bu sayaq şeylərə tamah salanlar tərəfindən edildiyini yaxşı bilirdin.
Elə bir ailədə dünyaya gəlmişdin ki, uşaqlıq çağından şöhrətin hər
üzünü və ən geniş miqyasını görmüşdün. Bu sarıdan da gözün tox
idi. İntizarla onun-bunun ağzına baxıb bir qaşıq tərif payını
umanlardan, onun-bunun qələmini pusub özü haqqında mübaliğəli
sözlər eşitməyin nisgilini çəkənlərdən və xudanəkarda bu sözləri
eşitməyəndə özü-özünü şişirdib dağ başına qoyanlardan deyildin.
Mirzə Cəlilin topuğundan olub onunla bəhsə-bəhsə girən
zavallılara ancaq xəfif bir təbəssümlə gülümsünürdün. Sənin bu
təbii kübarlığının, ziyalı ləyaqətinin kökünü yalnız mənşəyinlə,
nəslinlə, anadan olduğun, yetişdiyin ailənlə bağlamaq düz olmaz.
Əlbəttə, əsl-nəcabətin, ailə tərbiyəsinin də əhəmiyyəti az deyil.
Amma bu əsl-nəcabət, ləyaqət bəy nəslinə mənsub olduğu qədər
adi bir çoban nəslinə də mənsubdur. Məsələn, tutalım, çoban
ailəsində dünyaya gəlmiş Mövlud Süleymanlının ləyaqəti, daxili
mədəniyyəti, ziyalılığı yazıçı ailəsində göz açmış bəzi şərəfdən
dəm vuran şərəfsizlərdən min pay artıqdır. Səndə isə hər iki cəhət
son dərəcə ahəngdar şəkildə bir–birini tamamlayırdı. Ailəndən
gələn ağayanalıq və öz təbiətinin zənginliyi – böyük istedad, dərin
zəka, geniş savad, dünyaya, hadisələrə, insanlara, həyata və ölümə
müdrik baxış... Və bəlkə dünyanın bütün ağrı-acılarını, insanların
bütün naqisliklərini, xırdaçılıqlarını, yekə-yekə sözlər, gurultulu
şüarlar ardında vəzifə, kürsü, şan-şöhrət hərisliyi, iyirmi gün
ləzzətini duyduqları üç ya dörd nömrəli telefonları qaytarmaq üçün
sifətdən-sifətə düşdüklərini, maaşa dolananların kasıbçılığına
rişxənd edən harınların hər üzünü gördüyünçün özünə başqa bir
411
dünya qurmuşdun. Bu dunyada ailə üzvlərindən və ən yaxın
dostlarından başqa heç kəsin yolu yoxdu. Bu dunya sənin
düşüncələrinin, aləmə car çəkməyib əzabını içində yaşatdığın
dərdlərinin, ağrılarının, min-bir milli, ictimai və məişət
problemlərinin dünyası idi. Uğurla başa vurduğun bədii əsərlərinin
və gələcək yaradıcılıq niyyətlərinin dünyası idi.
İnsanlardan bezəndə bu dünyada quşlarla, balıqlarla
ünsiyyət tapırdın – mənzilində saxladığın balıqlarla, quşlarla...
Quşlar, balıqlar, kitablar, musiqi, bir də nəvələrinin məzəli
sözləri – bəlkə axır illər sənə qalan son sevinclər idi.
Bir də xatirələrin sevinci. Axı sən elə bir ömür sürmüşdün ki,
çoxları yalnız bu ömrün həsədini çəkməklə öz ömürlərini çürüdür.
Nə olmayıb sənin ömründə, Yusif? İlk növbədə yaradıcılıq fərəhi
– gözəl hekayələrin, filmlərin, ədəbiyyatımızın iftixarı olan,
dildən-dilə çevrilmiş "Qətl günü" romanın... Xalqımızın ən ağır
günlərində onunla bir olmağın, onun yanında və onun keşiyində
durmağın, dərdiylə yaşamağın xatirələri. Apardığın mitinqlər,
iştirak etdiyin toplantılar, çıxışların, müsahibələrin... Məqamında
sənin adından, şöhrətindən bol-bol istifadə edib sonra səni
"unudanların" həqiqi məqsədlərini anlamağın və bu xəyal
qırıqlığından qırılmamağın, bədbinləşməməyin... Ölkələr, maraqlı
insanlar, kitablar, filmlər, ilk gənclik illərindən sevib-sevilməyin...
Hər günü beş ömrə bərabər bir ömür...
Sənin və mənim evlərimizdə, iş yerlərimizdə, dost
məclislərində, Qazaxda, Göyçayda, Dərbənddə, Alma-Atada,
Bişkəkdə, Moskvada, Türkiyədə, Misirdə, Çində, Kanadada,
ABŞ-da birgə keçirdiyimiz unudulmaz günlər, uzun-uzadı
söhbətlərimiz – bütün bunlar, ötən günlər, saatlar sənin olduğu
qədər mənim də xatirələrimdir.
Bilirəm ki, xatirələr yazmamısan, ancaq gündəlik aparırdın. Bu
ortaq xatirələrimizin hansıları əks olunub yazılarında, bilmirəm.
Hər halda bütün bunları canlandırmaq, ötüb keçmiş ömrümüzü bir
daha kağız üzərində yaşamaq mənim öhdəmə düşür. Həm öz
yerimə, həm sənin yerinə. Əlbəttə, ömür vəfa etsə…
Səninlə bağlı min bir epizodu, dərin-dürüst fikirlərini, dəqiq
mülahizələrini, şux zarafatlarını, bənzərsiz yumorunu, zəngin və
canlı şəxsiyyətinin müxtəlif cizgilərini daha dolğun və ətraflı
412
şəkildə qələmə almaq indi mənim yoldaşlıq borcum, vəzifəmdir.
Vaqif küçəsində hekayələrini dinlədiyim, hekayələrimi
dinlədiyin o uzaq günlər, "Qətl günü"nün əl yazmasını
oxuduğum gecə, Ankarada mini bara qoşduğun məzəli şer,
Qahirədə Piramidalara getməyə ərinməyin, "əşi, kinoda
görmüşük də" deməyin, İstanbulda Çiçək passajında Eminin
hesabına qəhvə içməyimiz, sonra İstiqlal caddəsində Eminə
qalstuk almağın, Vaqifin hər təzə şerindən duyduğun və böyük
qardaş təmkiniylə gizlətməyə çalışdığın qürur, mənə
bağışladığın qəlyan ("axır ki, sənin də bir keyfiyyətli qəlyanın
olsun" – dedin), gecə yarısı telefon zənglərin…
Akvarium balıqları və qəfəsdəki quşlar, fotolar və dama-
dama kepka… İndi isti-isti bütün bunları xatırlamaq, xəyalımda
bir də yenidən yaşamaq mənə çətindir, Yusif. Dəfn
mərasimində danışa bilmədim. Arazın matəmində olduğu kimi
o gün də qəhər məni boğurdu. Yalnız bir-iki söz deyə bildim.
Bu yazım da bəlkə bir az dağınıq oldu. Bəlkə içimə yığılmış
acılar və bu acıları səninlə paylaşa bilməyin imkansızlığı elə
sözləri, elə ifadələri işlətməyə məcbur etdi ki, bu gileylər sənin
haqqında, – büllur kimi pak, təmiz, qəlbi hər cür həsəddən, kin-
küdurətdən, xıltdan xali olan insan haqqında yazıya
düşməməliydi. Buna görə bağışla məni, Yusif…
Neyləməli; "Kimə deyim dərdimi, dünya dolu adamdır?"
Axı heç birinə heç bir pislik, bədxahlıq etmədiyimiz, əksinə
bacardığımız dərəcədə, imkanlarımız daxilində həmişə yaxşılıq
etməyə çalışdığımız, həmişə ancaq və ancaq xeyirxahlıq
göstərdiyimiz bu insanlar nə istəyir bizdən, ay Yusif? Nə
veriblər ala bilmirlər?
Cavab yoxdur…
Yusif yoxdur… Yusif Səmədoğlunun vəfatından qırx gün, qırx
gecə keçir…
Sentyabr, 1998
413
NƏHS AVQUST
Həyat Kitab kimidir. Bu Kitabı Tanrı yaradıb. Biz insanlar
isə oxuyuruq və oxuduqlarımızı bir-birimizə danışırıq. Anadan
olduğumuz gündən oxumağa başlayırıq. Ortalarına çatırıq.
Bitiririk – ömrümüz sona yetir.
Amma yazılan kitab da – həyat kimidir. Əlinə kitab alıb
oxumağa başlayırsan. Birdən bir xəbər gəlir – şad xəbər ya bəd
xəbər. Həyat Kitabı ömrünə daxil olur.
Yazıçı üçünsə həyat Kitabıyla kitabın həyatı sarmaşıq təkin
bir-birinə sarılıb. Kitabı yazmağa başlayırsan – yazı müddəti
uzun çəkirsə, bu vaxt ərzində kimsə doğulur, kimsə ölür,
müharibələr başlayır və bitir, zəlzələlər olur, hakimiyyətlər
dəyişir, biri evlənir, biri boşanır, dost itirirsən – rəhmətə gedir
ya dönük çıxır. Payıza düşürük, qış gəlir, yenidən yaz oyanır.
Sonra yay – yeganə yazı-pozu imkanım.
Amma yaydan yaya keçən ömür müddətində duyğularım,
düşüncələrim neçə dəfə və necə dəyişib – bir Allah bilir. Əvvəl
adını "Keçən keçdi, olan oldu", sonra dəyişib "Əsrim və
nəslim" qoyduğum xatirələr, düşüncələr romanımın böyük
hissəsini 97-ci ilin yayında yaza bildim. Amma yenə payız
gəldi. Yenə yazım yarımçıq qaldı. Az qala söz oyununa uyub
"yazım yaza qaldı" yazacaqdım. Yaya qalmasaydı.
1998-ci ilin yayında Zuğulbada "Min beş yüz ilin Oğuz şeri"
antologiyasını tərtib etməklə yanaşı, ara-sıra bu yazımı da
işləyirdim. Avqustun ikinci yarısında bitirmək niyyətindəydim.
Avqustun 16-da Bakıdan Vaqif Səmədoğlu telefon etdi, dedi
ki, bir saat bundan qabaq Yusif rəhmətə getdi.
Yusif Səmədoğlu mənim ən etibarlı dostlarımdan idi, həyanım,
arxam, çətin günlərimdə ürəyimi aça bildiyim insan idi. Neçə aydı
sağalmaz xəstəliyə düçar olmuşdu. Həkimlər bir ümid vermirdilər,
gün-gündən şam kimi əriyirdi. Sonuncu dəfə ölümündən iki gün
qabaq xəstəxanada gördüm onu. Bir dəri qalmışdı, bir sümük. Son
dəfə gülümsündü. Yusifə ağı kimi onun qırxına "Qırx gün, qırx
414
gecə" adlı yazı yazdım.
***
"Əsrim və nəslim" yazmaq istədiyim trilogiyanın birinci
kitabıdır. İkinci kitabı artıq çoxdan yazılıb və çap olunub:
"Sizsiz", "Keçən keçdi, olan oldu" adlı üçüncü kitabı isə gələn
yay yazmaq niyyətindəyəm. Trilogiyanın bu üçüncü kitabında
Yusif haqqında, ümumiyyətlə, öz yaşıdlarım, taytuşlarım,
keçdiyimiz ömür yolu haqqında daha ətraflı yazacam. Əsrin
son iki onilliyi haqqında, bu dövrün siyasi, ictimai, ədəbi
həyatı, son dərəcə mürəkkəb, qatma-qarışıq, təzadlı dövr
haqqında yazacam, şahidi olduqlarımı və düşüncələrimi
müfəssəl təsvir etməyə çalışacam.
98-ci ilin avqustunda – Yusifin itkisiylə bütün duyğularım,
yazmaq həvəsim alt-üst oldu. Romanı yarımçıq qoyub nisbətən
texniki xarakter daşıyan bir işlə – Antologiyanın ikinci cildini
tərtib etməklə məşğul oldum. Payız gəldi – yenə Milli Məclis,
yenə Yazıçılar Birliyi, yenə yüz cür iş, yüz cür problem, yüz
cür qayğı. Yüz cür xahişə gələn adamlar… Toplantılar,
görüşlər, müsahibələr… Axşam evə sıxılmış limon kimi
qayıdırdım.
99-cu ilin yanvarında bəxtim gətirdi – xəstəxanaya düşdüm.
Elə qorxulu bir şey yoxdu, 87–ci ildən duçar olduğum diabet
hərdən bir "mən də varam, məni də unutma" deyir. Qanda
şəkər 300-ə qalxmışdı. Amma 20 gün xəstəxanada tək otaqda
qalmağım, ardı-arası kəsilməyən telefon zənglərindən, saysız-
hesabsız xahişlərdən, tədbirlərdən, qəzetlərin zəhərindən təcrid
olunmağım roman üzərində işimi davam etdirməyə imkan
verdi. Xeyli hissəsini yaza bildim. 45-46-cı illərin Cənubi
Azərbaycan hadisələrinə çatdım. Gecə üçdə bu hissəni qurtarıb
nöqtə qoydum. Səhər xəstəxanadan çıxdım. "Dalısı qalsın
yaya" – dedim.
İyunda və iyulda "İmpuls" qəzetində atama və mənə qarşı
böhtan və təhqirlərlə dolu iyrənc yazılar çıxdı. Onlara cavab
verməli oldum. Vaxtım, əsəblərim, yaradıcı iş üçün vacib olan
415
könül rahatlığım buna getdi.
Mənim taleyimin də, bizim ailəmizin də qəribə bir
xüsusiyyəti var. (Bəlkə bu başqaları üçün də, ümumiyyətlə,
insan həyatı üçün də səciyyəvidir). Ürəkbulandıran dedi-
qodular, mığmığa sancmaları, hər çeşid bədxahların
mırtdanmasıyla müşayiət olunan, istəmədən qoşulmağa məcbur
olduğum ədəbi və ictimai dava-dalaşlarla dopdolu ömrümüzün
ara-sıra işıqlı, sevincli, qayğısız zolaqları da olur – bir neçə
gün, bəzən bir həftə, nadir hallarda – bir ay. Naşükür olmayaq.
Bu da az deyil. Axı insanların çoxuna heç bu qısa sevinclər də
nəsib olmur.
İyul ayında Quzey Kipr Türk Cümhuriyyəti Milli
Məclisimizin bir qrup deputatını, o cümlədən məni də
xanımlarımızla bir yerdə bu ölkəyə dəvət etmişdi. Oğlum Tural
Ankarada AzərTacın müxbiridir. İyulun 21-də Turalın böyük
oğlu Rəsulun on yaşı tamam olur. Kiprə səfərimizlə əlaqədar
Turalgillə sözləşdik ki, onlar da bir həftəliyə Kiprə gəlsin,
Rəsulun ad gününü orda birgə keçirək. Qızım Günel də dörd
yaşlı qızı Denizlə bizə qoşuldu.
Şimali Kiprdə bir dəfə olmuşdum: 93-cü ilin mayında bir
toplantıda iştirak və çıxış etdim. Mayda mənə cənnətin bir
guşəsi kimi görünmüş bu gözəl ölkə indi cəhənnəm istisində
yanırdı.
Qüzey Kiprdə yerli türkləri yunan soyqırımından xilas
etmək üçün Türkiyə silahlı qüvvələrinin adaya çıxdıqları günün
25 illiyi bayram edilirdi.
Levkoşanın böyük meydanında təntənəli rəsmi-keçiddə
Türkiyənin və Şimali Kiprin çeşidli silahlı qüvvələri iştirak
edir, göydən əlvan paraşütlərlə gənc oğlan və qızlar düz
meydana enirdilər. Kipr türkləri iftixarla: paraşütçülər öz yerli
qoşunlarımızdandır – deyirdilər.
74-cü ildə yunanlar Kiprdə türklərin axırına çıxmaq
siyasətini ardıcıl sürətdə həyata keçirərkən o vaxtkı vahid
ölkənin Prezidenti axiyepiskop Makarios idi. (Sovet İttifaqı
416
tərəfindən dəstəkləndiyi üçün türklər ona "qızıl papas"
deyirlər).
Türkiyənin Kiprdəki soydaşlarının dadına çatacağı haqqında
fikirlər yayılanda Makarios: – Türkiyə qoşunlarını adaya
çıxaracaqsa, burada türk tapmayacaq – demişdi. Yəni hamısını
məhv edib, ya qovub qurtaracayıq. Amma Makariosun özünün
başı bəlaya düşdü. Yunanıstanda qara polkovniklərin xuntası
faşist hökuməti qurdu, adada isə Samson adlı avantürist
Makariosu devirib hakimiyyəti ələ keçirdi. Makariosun
başladığı siyasətini Samson daha amansız və sürətli şəkildə icra
etməyə başladı. Adada olduğumuz günlərdə bizi müxtəlif
yerlərdə – Atlılar, Muradağ, Sandallar şəhid qəbiristanlıqlarına
apardılar. Yunan faşistləri bütöv türk kəndlərini – arvadları,
qocaları, körpə uşaqlarıyla qətlə yetirmişdilər. Atlılar kənd
məzarlığında Kamil Merac adlı sanki bütün varlığıyla dərd
mücəssiməsinə çevirilmiş yaşlı kişi bizə bələdçilik edir, izahat
verirdi – onun bütün ailəsini qırıblar – arvadını, dörd uşağını, o
cümlədən yaş yarımlıq oğlunu. Hamısı da bu toplu məzarlıqda
torpağa gömülüb.
Kipr türkləri onların bu genosiddən qurtaracaq Türkiyə
silahlı qüvvələrini intizarla gözləyirmiş. Ölkənin türk icmasının
rəhbərləri bu xilas yardımının haçan gələcəyini gününə, saatına
qədər bilirmiş. Levkoşadakı mitinqdə Quzey Kipr Türk
Cümhuriyyətinin Prezidenti Rauf Denktaş da çıxış etdi. Gözəl
natiqdir. Təsirli danışırdı. Nitqinin bir məqamı məni xüsusilə
riqqətləndirdi. Türkiyə qoşunlarının müəyyən saatda (dəqiq
yadımda deyil, məsələn səhər 5-də) adaya çıxacaqlarını
bilirmişlər. Bu saat gəldi, amma heç nə görünmürdü. Denktaş:
"Düz bir saat intizar içində yaşadıq – dedi. – Bəlkə bir şey
olub, Türkiyə qərarını dəyişib. Onda bizim halımız necə
olacaq?"
Bir saat sonra havada Türkiyə təyyarələri, dənizdə türk hərbi
gəmiləri göründü. Ana vətən Yavru vətənin (türklər Kipri
nəvazişlə belə adlandırırlar) imdadına çatmışdı.
417
Bu qərarı Türkiyənin o vaxtkı Baş Naziri Bülənd Ecevit
vermişdi. İndi bu tarixi hadisənin 25-ci il dönümü bayram
edilərkən Kipr türkləri Eceviti milli qəhrəman kimi qarşılayırdılar.
Bu ortaboylu, arıq, qarabuğdayı (Türkiyədə ona Qaraoğlan
deyirlər), daima başında kepka olan dürüst və namuslu
siyasətçiyə həmişə rəğbət bəsləmişəm. Əvvəla, Türkiyədə
hamının, hətta rəqiblərinin belə təsdiq etdiyi əlitəmizliyinə
görə. İkincisi, "millət-millət", "din-din" deyə bağıran bəzi
başqa siyasətçilərdən fərqli olaraq Ecevit çağdaş Türkiyənin
tarixində sözləri və bəyanatları ilə yox, əməlləri ilə həlledici rol
oynayıb. 74-cü ildə Kipr türklərinin xilas olması da, 99-cu
ildə qanlı terrorist, 30 min türk və kürd insanının qanını tökmüş
Aponun – PKK lideri Abdulla Ocalanın dünyanın o başında
yaxalanıb Türkiyə ədalətinə təslim edilməsi də Ecevitin adıyla
bağlıdır, onun iqtidarı dövründə olub. Üçüncüsü, şəxsi
təəssüratlarımla əlaqədardır. Türkiyənin həm ədəbi, həm siyasi
həyatını müfəssəl bilən, Nazim Hikmətin tədqiqatçısı və dostu
Əkbər Babayev Ecevitlə məktublaşırdı. Ecevitin həm də bir
şair olduğunu ilk dəfə Əkbərdən eşitdim və çox illər sonra bir
şerini tərtib etdiyim Antologiyaya daxil etdim. 89-91-ci ildə
Moskvada deputat olduğum vaxtlarda Ecevitlə şəxsən tanış
oldum. O vaxt Moskvada daimi nümayəndəmiz olan gənclik
dostum Zaur Rüstəmzadə məni və Rüstəm İbrahimbəyovu
nümayəndəliyimizə Ecevitlə görüşə çağırdı. Ecevit o vaxt
müxalifətdə idi. Maraqlı söhbətimiz oldu. Ecevit islam
fundamentalizminə qarşı Türkiyənin apardığı – Mustafa Kamal
Atatürkün mənəvi və nəzəri irsinin təməl prinsipini təşkil edən
layiqliyin – dünyəvi dövlət siyasətinin nə qədər önəmli
olduğunu vurğulayır, bunun Batı dünyası tərəfindən dərkinin
vacibliyindən danışırdı. Söhbət türk dillərində yeni kəlmələrin
işlənməsindən düşdü. Yadımdadır ki, hələ o illər Türkiyə
səfərlərimdə televiziya ilə siyasi xadimlərin çıxışlarını
dinləyirdim. Qəribədir ki, çağdaş Türkiyədə dil də siyasiləşib,
daha doğrusu, partiyalaşıb. Neologizmləri daha çox solçular,
418
əski kəlmələri sağçılar işlədir. Və bir sağçı siyasətçinin:
"Ecevit demişkən, "olaylar" ifadəsini işlətməsi, yadımda qalıb.
Amma indi 20-25 il sonra "olaylar" sözünü hamı işlədir – sollar
da, sağlar da. Bu ciddi məsələ ayrı, daha ətraflı söhbətin
mövzusu, Türkiyə türkləri demişkən, konusudur. Burada bu
məsələyə toxunmağın səbəbi odur ki, Ecevit söhbətdə bizim
"açar" kəlməsini çox bəyəndiyini və onu "anaxdar"ın yerinə
işlətməyin gərəkliyini dedi. Mən də "Qobustan" toplusunun
dilimizə gətirdiyi bir sıra yeni sözləri, məsələn "inkar edilməz"
əvəzinə "danılmaz", "təfsir" əvəzinə "yozum", vertolyot
əvəzinə "dikuçar" işlətdiyimizi dedim. "Vertolyotu", təbii ki,
anlamadı, helikopter deyə izah etdim. "Dikuçar" sözünü çox
bəyəndi və cib dəftərçəsini açıb ora yazdı.
Dostları ilə paylaş: |