***
Ədəbiyyat yatıb qalmış, pəsməndə xalça kimi beyinlərdəki
tozu çırpıb küləyə sovurur.
***
Ürəyim 37-ci ilin qəbiristanlığıdır.
***
Mən çovuyan gülləyəm. Məni hansısa bir hədəfi nişan alıb
atıblar. Güllə hədəfə dəyməsə də, hələ də uçmağındadır. Ancaq
sönüb yerə düşməyinə az qalıb.
***
Maska onun üzünə elə yapışıb, elə tutaşıb ki, çıxarmaq
istəyəndə gərək dərisini sıyırıb atasan.
***
Bəzən müxtəlif Şərq xalqlarının ədəbiyyatının çiçəklənməsi
dövrlərini İntibah adlandırırlar. Məsələn, Nizami və Rustaveli
dövrünü Qafqaz intibahı, böyük fars şairlərinin dövrünü İran
intibahı, türk liriklərinin (Nəvai, Füzuli, Baqi) dövrünü türk
intibahı adlandırırlar. Məncə, bu fikir heç də doğru deyildir.
Türk, yaxud İran ədəbiyyatının müəyyən bir dövrdəki
dirçəlişini Avropada qəbul edilən şəkildə və anlamda İntibah
adlandırmaq olmaz. Bu mənada Avropada baş verən hadisələr
Şərqdə özünü göstərmədi. Yəni sözün elə bir dar mənasında ki,
antikliyin xəzinəsi qarşısında dünya heyrətə gəldi və bu
dəyərlər yenidən dirilməyə və dirçəlməyə başladı, başqa sözlə,
qədim sivilizasiyanın uğurları yeni tarixi şəraitdə yeni yaşamaq
472
haqqı qazandı – bax bu mənada Şərqdə həmin proses getmədi.
Baxmayaraq ki, İbn Sina, İbn Rüşd, Əl-Fərabi və digərləri
məhz antik dövrün mənəvi, mədəni və elmi dəyərlərini
yaşadıqları müasir dünyaya çatdırmışdılar, Xəyyam, Nizami,
Füzuli isə Ellin dünyasının mədəni dəyərləri haqqında ətraflı
məlumata malik idilər, ancaq bununla belə, Şərq coğrafi,
genetik və mədəni xüsusiyyətlərinə görə antik mədəniyyətlə
daha yaxından tanış olub, Avropada olduğu kimi onu təzədən
dirçəldə bilmədi. Sözün geniş mənasında isə, yəni o mənada ki,
intibah insanın özünün uydurduğu buxovlardan azad olması
dövrüdür (Qərbdə xristian sxolastikasından), intibah Şərqdə
olmayıb. Bunun çox şərti mənada analoqu kimi Şərqdə dar dini
doqmalara qarşı üsyan ovqatı doğuran sufizm fəlsəfəsini misal
çəkmək olar. Bəlkə elə bu dövrdən etibarən, Kolumb,
Magellan, Vasko de Qamanın böyük əhəmiyyətə malik coğrafi
kəşflərini, Kopernik, Qaliley, Cordano Brunonun kosmoqonik
fərziyyələrini nəzərə alaraq Şərqin və Qərbin inkişafında elə bir
qeyri-sinxronluq başladı ki, bu Qərbi ictimai-siyasi, texniki,
elmi və sənaye dirçəlişinə, demokratiya ideyasına gətirib
çıxartdı, Şərqi isə canüzücü durğunluğa, geriliyə, despotizmə
və dini fanatizmə. (Halbuki, bütün tarixi boyu - auto-de fe-dən
tutmuş Varfolomey gecələrinə, Olsterdə baş verən qanlı dini
çəkişmələrə qədər Qərb fanatizmdə Şərqdən geri qalmır.
Mədəni avropalılar şiələrin "şaxsey-vaxseyUini görəndə
dəhşətə gəlirlər. Ancaq baxın görün, XVI əsrdə (təkcə XVI
əsrdəmi) Avropada nə baş verirdi: "Yürüşün qabağında qurşağa
qədər soyunmuş dini xadim gedirdi. O, nəfəsini dərmədən,
matı-qutu qurumuş halda ayənin sözlərini deyib qıyya çəkir və
arasıkəsilmədən kənarlarında dəmir dişlər olan dəri qayışla
kürəyinə və böyrünə zərbələr vururdu. Bu qayda ilə o, öz ailə
üzvlərinə də əzab verirdi. Zərbələri o, sakral ehtirasla vururdu:
qışqırıq və fəryad səsləri Allaha yalvarış səslərinə qarışırdı.
Onun qanlı izlərini kütlə tutub irəliləyirdi: onun arxasınca
qadınlar, kişilər, qocalar, qarılar, yeniyetmələr və hətta uşaqlar
473
belə gəlirdi. (Sitat Manfred Beklın 1995-ci ildə Moskvada çap
olunmuş "Nostradamus" kitabından gətirilmişdir. Bu sitat
altmışıncı illərdə mənim intibah haqqında düşüncələrimə 1996-
cı ildə Nostradamus haqqındakı kitabı oxuyarkən daxil
edilmişdir).
Beləliklə, Qərb sıçrayışla qabağa çıxdı və Şərqin bunu
anlamayan nümayəndələri öz düşüncə və təfəkkür tərzlərinə
uyğun olaraq onu əməlli-başlı bir neçə əsr geriyə atdılar.
Yadıma İran rəhbərlərinin biriylə etdiyimiz söhbət düşür. O,
Qərbin hansısa bir uğura sahib olmasını tərsliklə inkar edirdi.
Bəs bütün bu gördüklərimiz – mən ona etiraz etdim, gözümlə
ona ən yeni müasir texniki avadanlıqla - telefon, faks,
kompüter, kondisioner, televizor, radio, elektriklə təchiz
olunmuş kabinetini göstərdim, hələ bir qapısının ağzında ən
yeni Amerika markalı avtomobili dayanıb, bunlar bəs deyilmi?
Özünün, doğrudan da, zəngin və şan-şöhrətli keçmişi ilə
öyünməyə haqqı çatan Şərq son iki-üç əsrdə müasir
sivilizasiyanı heç bir texniki yeniliklə zənginləşdirməyib. Bir
zamanlar Cəlil Məmmədquluzadə bunu görürmüş kimi acı-acı
gülürdü: "Avropalılar gör nə qədər səfehdilər ki, qan-tər içində
zəhmət çəkib paravoz, qatar icad edirlər. Bəs bu paravozlardan
kim istifadə edir? Bu işə zərrə qədər də olsun, cəhd
göstərməyən biz müsəlmanlar" (Sitatı yaddaşıma güvənib
gətirirəm).
Renessans insanın yatmış ağlını silkələyib oyatdı. İnsan
özünün böyüklüyünü anladı, o həm xristian, həm də müsəlman
teologiyasının müəyyənləşdirdiyi Allahın əlində gücsüz və
itaətkar insan roluna qarşı üsyan etdi. Allahı inkar etməsə də,
onun quluna yox, yardımçısına çevrildi. O, öz dünyasını
Allahın yaratdığı və insanları təvəkkülə arxayın olmayıb, alın
təri ilə zəhmətə qatlaşmağa yolladığı dünyada qurub-yaratmağa
başladı.
Dini kosmoqoniyanın bütün kanonlarına əməl edən Dante
dini sırf insani, utilitar-konyuktur mənada istifadə edərək
474
cənnəti və cəhənnəmi konkret şəxslərlə doldurdu. Siyasi vasitə
kimi. Bokaççio hər iki ayağı ilə torpağın üzərində duran, axirət
dünyası haqqında düşünməyən və buna görə də həyatdan daha
çox sevinc uman insanın, yer övladının varlığını tərənnüm etdi.
Rable və Viyonun timsalında fransız intibahının mahiyyəti də
bundan ibarətdir. Şekspir isə dahiyanə "Hamlet" əsərində
xristianlığın guya öz doqmaları ilə cavablandırdığı sualları
verdi. Onun kəskin ağlı aramsız şəkildə bu sualların cavabını
axtarır. SONRA nə olacaq? Skeptik ağılın məntiqinə görə, din
yeganə avtoritet deyildir. Şübhə ağlın inkişafını şərtləndirən
amildir. "Olum, yoxsa ölüm? Budur məsələ". Bu, intibah
dövrünün və ümumən mövcudluğun ən böyük sualıdır.
"Fəlsəfədə yalnız bir əsas məsələ vardır – Kamü belə deyirdi –
intihar problemi".
Və yenə də məsələ həmin məsələdir – olum, yoxsa ölüm,
ancaq bu dəfə bizim əsrin kontekstində. Kökləri isə Avropa
intibahında, insan ruhunun oyanışında, insanda insanın
oyadılmasındadır. Təkcə antik dəyərlərin dirçəlişi deyil,
(halbuki, insan şəxsiyyətinin oyanışında antik humanizm ən
böyük nümunələrdən biridir). İntibah insanın dini buxovlardan
azad olması erasıdır, insanın öz qiymətini başa düşməsidir.
Şərqdə isə bu, belə deyildir. Şərqin dünyaya bəxş etdiyi böyük
şəxsiyyətlər, xüsusən, poeziya və arxitektura sahəsinə aid olan
nümunələr islam ideologiyası çərçivəsində təqdim olunur.
Sufizmin mənası və mahiyyəti haqqında isə artıq mən
danışmışam.
(Sufizm haqqında - Zen-Buddizm və Eqzistensializmlə
bərabər mənim mənəvi aləmimə böyük təsir göstərən baxışlar
sistemi haqqında ayrıca söhbət açmaq lazımdır).
Faktiki olaraq, Şərq ədəbiyyatı və fəlsəfəsi (Azərbaycanda,
məsələn, M.F.Axundova qədər və ondan sonra) ideoloji
baxımdan İntibah dövrünə qədər Avropa ədəbiyyatı ilə oxşar
vəziyyətdə idi. Biz hələ Rudəkidən Füzuliyə qədər İslam
Şərqinin titanlarının böyük xidmətlərini demirik, onlar artıq
475
daşlaşmış doqmaların Prokrust yatağında dövrün, mənsub
olduqları xalqın milli xüsusiyyətlərini, ümumilikdə isə insan
hisslərinin bütün çalarlarını əks etdirə bilmişdilər. Orta əsrlər
Şərqinin üç epos dahisi - Firdovsi, Nizami və Nəvai Şeksprin
xristian ideologiyasının çərçivəsiylə qapanıb yaratdıqları ilə
müqayisədə daha çox müsəlman ideologiyasının çərçivələri
daxilində qalaraq zəngin, maraqlı və universal bir dünya
yaratdılar ki, bu da bütün parametrləri etibarilə böyük ingilis
şairinin təxəyyülü və qələmilə yaradılan dünyadan geri
qalmırdı. Baxmayaraq ki, bu min illər boyu heç bir Şərq
şairinin pozmağa cürət etmədiyi İslam ideologiyasının norma
və formaları çərçivəsində yaranmışdı.
(Yetmişinci illərə aid olan bu fikirlərim bugünkü
mühakimələrimlə müqayisədə mənə çox mübahisəli görsənir.
Mən, əlbəttə, yenə təsdiq edirəm ki, Şərqdə Avropa anlamında
İntibahdan danışmaq düzgün deyildir və yenə də o fikirdəyəm
ki, Şərq və Qərbin qeyri-sinxron inkişafı məhz bu dövrdən
başlamışdır. Mən yenə o fikirdəyəm ki, iyirminci əsrdə Qərbin
hətta inqilab adlandırılan elmi-texniki yüksəlişi ruhun azadlığı
ilə əlaqədardır).
Azad olmayan insan heç nə kəşf edə bilməz. Stalin
dövrünün TşaraşqalarıU – həbs düşərgələri bu fikri təsdiqləyir.
Həmin dəyənəklər altında yaşayan ixtiraçılar azadlıqda olan
alimlərə baxanda ruhən daha azad idilər. Yaxşı yadımdadır,
Soljenitsinin hələ samizdat variantında "V kruqe pervom"
əsərini oxuduğumuz vaxtlar bacım Fidanla kitabdan aldığımız
təəssüratı bölüşürdük, onun dediyi sözlər mənim təəssüratımı
tamamlayırdı: "Azadlıqda olan insanlara həsr olunmuş
səhifələri oxuduqca, türmədə olan, ancaq daha azad nəfəs alan
və danışan insanlara həsr edilən səhifələrə nisbətən daha
dəhşətli zülmün şahidi olursan".
Yenə də vaxtilə apardığım Qərb-Şərq paralelinin
qiymətləndirilməsinə qayıdaq. Mənə belə gəlir ki, bu fikirlərin
ən böyük qüsuru ondadır ki, qeydləri yazdığım vaxt Şərqin
476
keçdiyi tarixi yolun özünəməxsusluğunu lazımınca dərk
etmirdim, onun özəlliyini və bütövlüyünü tam şəkildə
anlamırdım, başqa sözlə desək, Şərqə Qərb trafareti ilə
yanaşırdım. Bu isə tamam başqa söhbətin mövzusudur.
***
İnqilabların ən əsas məziyyətləri odur ki, onlar özlərindən sonra
mətnlər – bəyanatlarda təsbit edilən, ancaq heç də tam şəkildə və
dərhal həyata keçməyən ideyalar və niyyətlər barədə sənədlər
qoyub gedirlər. İngilis inqilabı THüquqlar haqqında Bill sənədiUni
qoydu. Fransız inqilabı insan hüquqları haqqında verdiyi
bəyanatda ölməz TBərabərlik, Qardaşlıq və AzadlıqU şüarını irəli
sürdü. Amerika inqilabı "Müstəqillik Bəyannaməsi" ilə
əlamətdardır. Oktyabr inqilabından sonra torpaq, sülh və xalqların
öz müqəddəratını təyinetmə hüququ (sonradan edilən calaq kimi
yerinə yetirilmədi) miras qaldı.
İnqilablar nə qədər qanlı olsa da, inqilab rəhbərlərinin
hakimiyyət uğrunda apardığı xırda intriqalı vurnuxması nə
qədər iyrənc olsa da, yapdığı əməllər nə qədər sərt və
gözlənilməz olsa da… inqilablar tarixdə bu sadaladığımız
əlamətləri ilə yox, olsun ki, heç zaman həyata keçməyən
ideyaları ilə qalır. İnqilabların irəli sürdükləri ideyalar digər
mütəfəkkirlərin ideyalarından məhz bununla fərqlənir. İnsan
cəmiyyətinin Əsas Qanununun - Konstitusiyanın hər maddəsi
öz varlığıyla hansısa inqilaba borcludur. İnqilablar, şübhəsiz ki,
böyük düşüncə sahiblərinin ideyalarından su içir, ancaq məhz
ictimai kataklizmlər baş verdiyi zaman reallığa çevrilirlər.
Ayrı-ayrı mütəfəkkirlərin ictimai-siyasi, sosial-fəlsəfi ideyaları
inqilab olmadan heykəltaraşın tunc, yaxud mərmər üzərində
həyata keçirmədiyi arzusuna bənzəyir. Məhz inqilablar bu və
ya digər ideyanı əsrlərin "tunc lövhəsinə" həkk edir və yalnız
bundan sonra tarixin istiqamətləndirici faktoruna çevrilirlər.
Fransız inqilabını tarixi baxımdan müxtəlif cür
qiymətləndirmək olar. Ancaq "Azadlıq, Bərabərlik və
Qardaşlıq" şüarının içindəki ədalət və xeyirxahlığa şübhə ola
477
bilməz. Bu şüarın fransız inqilabına qədər də ayrı-ayrı
mütəfəkkirlər tərəfindən deyilməsinə baxmayaraq, o yalnız
inqilabla təsdiq edildi. Və inqilab haqqında nə deyilməyindən
asılı olmayaraq (yəni inqilab adlı bu dev öz övladlarını udur,
həm də onu dahilər düşünür, fanatiklər həyata keçirir, barından
isə alçaqlar istifadə edir), hər halda inqilablar insanlığın
tarixində ideyaların lokomotivi rolunu oynayırlar.
60-cı illər
***
Görün, Ermənistan SSR EA-nın müxbir üzvü Q.Avetisyan və
Tarix İnstitutunun kiçik elmi işçisi M.Karapetyan Ermənistan KP
MK-nın orqanı olan "Kommunist" qəzetində (3 oktyabr, 1989-cu
il) "Hansı məqsəd güdülür" məqaləsində nə yazırlar:
"Azərbaycan bütövlükdə ermənilərə qarşı, xüsusən isə
Qarabağ ermənilərinə qarşı vəhşiliklər törədilməsində
Türkiyənin əlaltısı olmuşdur… Bu iş indinin özündə də davam
edir. Qarşıya qoyulan məqsədə çatmaq üçün qarət,
soyğunçuluq, ayrı-ayrı adamları ovlamaq gündəlik normaya
çevrilmişdir. Biz əminik ki, öz böyük qardaşı Türkiyədən
nümunə götürən indiki Azərbaycan hökuməti erməniləri bir
millət kimi yer üzündən silməyə cəhd göstərir".
Özlərini alim adlandıran və bu tipli faşist hədyanlarını
kommunistlərin qəzetində çap edən insanların bu mağara,
zooloji nifrətinə cavab vermək ikrah doğurur. Bəlkə buna
kommunist təliminin banisi olan Karl Marksın öz sözləri ilə
cavab vermək daha düzgündür. Görün, Marks V.Libknextə nə
yazırdı: "Biz qəti şəkildə türkləri müdafiə edirik... Ona görə ki,
biz artıq türk kəndlisini öyrənmişik, biz türk kəndlisinin
simasında Avropa kəndlisinin ən işgüzar və mənəviyyatlı
nümayəndəsini görürük".
Mətndə TmənəviyyatlıU sözünü Marks yox, mən
qaraltmışam. Bədbəxt Marks haradan biləydi ki, zaman gələcək
478
Avetisyan və Karapetyan kimi kommunistlər meydana çıxacaq
və türk adı gələndə ağızları köpüklənəcək.
***
Belə bir fakt mənim diqqətimi cəlb edir ki, SSRİ Ali
Sovetinin iclasları TV-də yayımlanmayanda bir tonallığın,
yayımlananda isə başqa bir tonallığın şahidi olursan. Görün, nə
qədər insan efirdə görünməyə can atır. Biz həqiqətən də
ölkəmizin dərdinə məlhəm tapmaq istəyiriksə, vacib deyil ki,
bütün xalq bu cərrahiyyə əməliyyatının tamaşasına dursun.
Cərrah xəstəni həyata qaytarmaq məqsədilə çalışır, onun
niyyəti öz sənətini kütləyə nümayiş etdirmək deyildir. Bu işin
vacibliyi, qaçılmazlığı öz yerində, amma onun nümayiş
etdirilməsi qeyri-estetik bir hadisə olardı.
***
Şübhəsiz ki, sistem can verir, onun ölümqabağı tutmalarına
baxmaq necə də əzablıdır.
90-cı illərin əvvəlləri
***
Bir yandan Qorbaçovun arzuladığı kimi, ümumi Avropa
evini, o biri yandan isə öz evində ümumi türməni qurmaq
olmaz. XX əsrin ikinci yarısında ordu heç kəsin üstünə hücum
eləmək niyyətində olmadığı ölkənin müdafiəçisi kimi
tanınıbsa, onun Avropa, Asiya və Afrikada jandarm, öz dövləti
daxilində türmə nəzarətçisi funksiyasını yerinə yetirməsinə
haqq qazandırmaq olmaz. Ordu qiyamçıları ram edir, ancaq
onlar türmədə qiyam qaldıranlardır. Yeri gəlmişkən, ordunu
günahlandırmaq mənasız bir işdir. Ordu ilə haqq-hesab çəkmək
tanka, pulemyota, avtomata qarşı iddia irəli sürmək kimi bir
işdir. Ordu yalnız dövlətin əlində silahdır, siyasi arqumentdir.
Siyasi, ideoloji, mənəvi və digər dəlil və sübutlar
tapılmayanda, (axı haradan tapasan ki, bu dəlil-sübutların özü
479
kağız oyunundan başqa bir şey deyil və təsadüfi deyil ki,
stixiya baş qaldıran kimi yanıb külə dönür, yaxud cırılıb atılır)
ən əsas dəlilə çevrilir. Güc varsa, ağıl lazım deyil – iflasa
uğramış siyasətçilərin kredosu budur. Ordu, yəni kor,
mühakimə yürütməyən, yalnız əzən qüvvə azadlıq, müstəqillik,
suverenitet, öz milli tarixi inkişaf yolunu seçmək hüququ
haqqında müzakirələrdə dövlətin yeganə arqumentidir. Ordunu
bir simvol kimi götürərək, onun diskreditasiyasına qarşı
çıxanlar unudurlar ki, müxtəlif tarixi şərait, vəziyyət və
dövrlərdə müxtəlif simvollar mövcud olur. Stalinqradı
düşmənə verməyən qırx beşinci ilin may ayında Berlini alan
ordu vətənpərvərlik simvoludursa, Əfqanıstana soxulan ordu
yalnız biabırçılıq simvoludur.
Əlində silah Osvensim qurbanlarını azad edən insan və
QULAQDA saxlanan məhbusla keşik çəkən silahlı adam XX
əsrin tarixi faciəsinin müxtəlif personajlarıdır: qırx beşinci ildə
Praqa və Budapeştin küçələrindəki Sovet tankları, əlli altıncı
ildə Budapeştin küçələrindəki Sovet tankları və altmış
səkkizinci ildə Praqanın küçələrindəki Sovet tankları –
müxtəlif döyüş maşını modelləri və müxtəlif hərbi texnika yox,
Xeyir və Şərin tam əks qütbləridir. Həlak olan əsgərlərin
analarının ağır dərdini bölüşərək Bakı, Tbilisi və Vilnüsdə elə
bu əsgərlərin qətlə yetirdiyi şəxslərin analarının dərdini də
anlamaq lazımdır.
1991-ci il
***
Eh şair, şair… sən, qəbiristanlıq və qəbirlərin tənhalığını duyan,
hər gün, hər saat, hər dəqiqə həyatın tapmacaları və yoxluq
vahiməsi qarşısında dayanan, yalnız Tanrıya könlünü açan və
yalnız əbədiyyətlə dil tapa bilən şair… axı sənin bu siyasətbazların
və cahilərin, ambisiya və intriqaları ərşə dayanan insanların
apardığı oyunların, çəkişmələrin, demaqogiyanın və çirkin pulların
480
içində nə işin var?
***
Müxalifəti iqtidara gəlməkdə günahlandırmaq absurddur.
Hakimiyyət hər bir siyasi partiyanın son məqsədidir. Dəhşət o
zaman baş verir ki, məqsəd konkret hədəf güdmür. TNə olur
olsun hakimiyyətə gəlməliyikU fikrindən daha dəhşətli fikir:
THakimiyyətə gələk, sonra nə olur olsunU fikridir.
***
Sənətkar öz əsərlərinə görə yalnız özü cavab verməlidir. Hər
bir sənətkar üçün özünün qarşısındakı məsuliyyətdən böyük və
ağır yük yoxdur. O, belə bir şeyə qəti inanmalıdır ki,
yaratdıqlarının ünvanı – oxucu, tamaşaçı, dinləyici və onun
yaratdığı əsərin ünvanlandığı digər şəxslərdir. Biləndə ki, onun
ürəyindən əlinə süzülüb yoğrulan işi dəfələrlə, müxtəlif
səviyyələrdə və instansiyalarda mühakiməyə çəkilərək
"təkmilləşəcək", bu inam sarsılır. Yazıçının dünyaya gətirdiyi,
yaratdığı mətnə onun özündən dəfələrlə az bələd olan kəslər
məsləhətləri, adamın əhdini kəsən şərtləri, danışıqsız hökmləri
ilə burunlarını haraya gəldi soxacaqlar və bundan sonra onun
yaratdığı, dünyaya gətirdiyi mətni söküb dağıdacaqlar.
Sənətkar üçün ən dəhşətli şey redaktorun, senzuranın, bu kimi
başqa instansiyaların belə dağıdıcı işlə məşğul olmasıdır.
Nə vaxtsa Moskvada təkcə ədəbi və rejissor ssenariləri yox,
hətta aktyor sınaqlarının təsdiq olunduğu vaxt mərkəzi
televiziyanın redaktoru məndən soruşmuşdu: – Bakıda hava
necədir? – Moskvada olduğu kimi, – ona belə cavab
vermişdim. Onun: – Axı Moskva Bakıya baxanda şimaldadı, –
təəccübünə cavab kimi dedim: – Havamızı da biz elə
Moskvada təsdiqləyirik.
70-ci illər
***
Çox zaman bizim ideoloji davamız boksçunun armudla
481
məşqinə oxşayır. Rinqdə rəqiblə görüşdüyü zaman o, yəni
bizim ideologiya, həmişə nokauta düşür.
***
Biz tarixin işıqforu qarşısındayıq – qırmızı işıq yanır,
demək, yerindəcə dayanmalısan, hərəkət yoxdur. Yetmiş ilin
qırmızı işığı bizi durğunluq vəziyyətinə gətirib çıxartdı, irəliyə
hərəkət imkanları tükəndi. Sarı işıq yanır – dəlixana rəngi.
Doğrudanmı, sarı işığın qarşısında bir yerə mıxlanıb dayanacaq
və hamının necə dəli olduğunu görəcəyik? Və nəhayət, İslamın
yaşıl işığı yanır. İndi yol ancaq o tərəfə açıqdır. Qabaqda dini
perspektivdən başqa bir şey yoxdur?
***
İslam da hardasa provaslav və protestantlıq kimi xristianlığın
bir qoludur. Ancaq yaş etibarilə onlardan daha qədimdir. Elə buna
görə də o, ortodoksal baxımdan bidət kimi yox, xristianlığa
kardinal şəkildə əks olan, ona düşmən kəsilən bir din kimi qəbul
edilir. Ancaq İslam özündən əvvəl gələn iki monoteist dinə
hörmətlə yanaşır, onların bir çox dəyərlərini bölüşür,
peyğəmbərlərinin adını hörmətlə yad edir, Məhəmmədi isə zaman
etibarilə onların sonuncu davamçısı sayır.
Digər tərəfdən təkcə xristian konfessiyasının daxilindəki
çəkişmələr – orta əsrlərin Varfolomey gecələri, loyollaları və
savanarollaları, Lüter və Yan Qus tipli üsyançılar, katolik və
protestantlar arasında baş verən və günü bu gün də eyni
qəddarlıqla davam edən qanlı olaylar (Olster, serb-xorvat qanlı
olayı) – bütün bunlar müxtəlif dövrlərdə və günü bu gün
xristian-müsəlman qarşıdurmasından daha kəskin, qanlı və
qlobal hadisələrin məhz xristian dünyasının öz daxilində
olması faktını sübuta yetirmirmi?
***
Bu ölkədə abırlı və ləyaqətli adamlar ən köməksiz və ən
yazıq insanlardır.
***
Dərbənd qalası orta əsrlərdəki Qibroltar və Dardanel kimi
482
boğazdır, amma su yox, quru boğazıdır.
***
Stalinin avam xalq kütləsi üçün cəlbedici xüsusiyyətlərindən
daha biri – onun dəyərləndirmədə sabitliyi, həyat, siyasət,
iqtisadiyyat, fəlsəfə sahəsinə aid məlumatları bəsitləşdirməyi,
onları, məsələn, yaxşı-pis, qara-ağ, dost-düşmən tipli yığcam
işarələrlə ifadə etmək bacarığıdır.
***
Bəli, Stalin mifdir. Arqumentlərin, dəlil-sübutların, hətta
təkzibedilməz faktların, şahid ifadələrinin köməyilə miflə
mübarizə aparmaq mümkün olan iş deyil. Çünki mif və
gerçəklik – dünyaya iki fərqli baxış, iki fərqli qavrayış
üsuludur. Onlar bir-birinə qəti şəkildə uyğun gəlmir. Məkrli
Amerika imperializminə qarşı mübarizə stereotipləri ilə beyni
dolan bir çoxlarını İslamla xristianlığın qarşıdurması
kontekstində Səddam Hüseynin hərəkətlərini adekvat şəklində
qiymətləndirməyə inandırmaq çətindir. Azərbaycanda
Səddamın real vəziyyət və gerçəkliyin istənilən arqumentini
qulaqardına vuran bu qədər fanatik tərəfdarları varkən Stalin
toya getməlidir.
Stalin mifi kütləvi şüura bir neçə nəsil boyu hesablanmış
ehtiyatla bərabər yeridilmişdir. Onun ardıcılı isə özünü əsl hava
terroristi kimi aparır: təyyarəni partladaram, özüm də, bütün
sərnişinlər və ekipaj da məhv olub gedər (yəni mən ölsəm, bütün
ölkəm məhv olar, bizimlə bərabər isə bütün dünya). Hava
terroristləri kimi şantajın yerimədiyini və öz həyatının təhlükə
altında olduğunu anladıqdan sonra tüpürdüyünü yalamağa başladı.
Bu hərəkəti ilə o, az qalmışdı ki, cahil tərsliyi ilə heç nə qanmayan
tərəfdarlarını məyus etsin. (12 il sonra Səddamın bu xislətini həyat
özü təsdiq etdi. – 2004-cü ilin qeydi).
Dostları ilə paylaş: |