VI FƏSİL
SƏFƏVİ DÖVLƏTİNİN XARİCİ ÖLKƏLƏRLƏ
SİYASİ-İQTİSADİ ƏLAQƏLƏRİ
§ 6.1. Qərbi Avropa dövlətləri ilə münasibətlər
Hələ 1472-1473-cü illərdə Ağqoyunlu dövlətinin Osmanlı
dövləti ilə apardığı müharibələr və XV əsrin sonlarında Azər-
baycanda baş vermiş hadisələr göstərdi ki, güclü mərkəz-
ləşdirilmiş dövlət və müasir ordu, silah olmadan ölkənin təh-
lükəsizliyini və müstəqilliyini qorumaq mümkün deyil. Şah
İsmayıl qarşıya qoyduğu hərbi-siyasi planlarını həyata
keçirmək üçün şiəlikdən bir vasitə kimi istifadə edərək geniş
xalq kütlələrini öz tərəfinə çəkərək güclı mərkəzləşdirilmiş
dövlət yaratmağı həyata keçirirdi. Bu, bir tərəfdən osmanlıların
şərq istiqamətində ərazilərinin genişləndirilməsi sahəsində ciddi
maneələrə çevrilirdisə, digər tərəfdən Anadolunun şərq
hissəsində, Qaramanda şiə tərəfdarlarının sürətlə artması və
onların Səfəvilər tərəfindən müdafiə olunması Səfəvi Osmanlı
qarşıdurmasını daha da artırırdı. Osmanlı dövləti Avropa ilə
şərq dövlətləri arasındakı ticarət yollarında öz mövqeyini daha
da möhkəmləndirmək, Cənubi Qafqazı öz təsir dairəsinə
keçirmək, Azərbaycan ipəyinə sahib olmaq üçün bu əraziləri
ələ keçirmək niyyətində idi. Hər iki dövlətin qarşıya qoyduqları
planları onların qarşıdurmalarını labüd edirdi.
Odur ki, Şah İsmayıl Osmanlı dövlətinin qüvvələrini iki
cəbhəyə parçalamaq üçün Avropa dövlətləri ilə diplomatik
əlaqə yaratmağa meyl edirdi. Belə bir şəraitdə Venetsiya
hökuməti Osmanlı dövləti ilə müharibə apardığından Səfəvi
dövlətinə elçilik göndərərək bundan yararlanmaq istəyirdi.
Venetsiya hökuməti öz elçisi Konstantino Laşkarini Qaramana
və Azərbaycana Səfəvi dövləti ilə əlaqə yaratmaq üçün yola
saldı. Venetsiya hökuməti Səfəvilərlə Qaraman bəyliyi vasitəsi
126
ilə əlaqə yaratmağı planlaşdırırdı. Çünki Qaraman bəyliyi II
Mehmetin işğalçılıq yürüşünə qarşı ciddi müqavimət göstərmiş,
Qaraman sahzadələri vaxtilə Uzun Həsənin yanına pənah
aparmış, İsmayılın hakimiyyətə gəlməsində mühüm rol oyna-
mışdılar. Həmçinin Qaramanda şiə tərəfdarlarının çox olması
Səfəvilərin bu bölgə ilə əlaqələrini daha da yaxınlaşdırırdı.
Venesiya elçisi Konstantino Laşkari əvvəl Qaramana və
oradan Qaraman şahzadəsi Mustafa Qaramanlı ilə birlikdə
Səfəvilərdən kömək almaq üçün Şah İsmayılın yanına gəlmiş
və onunla danışıqlar aparmışdır. O, Şah İsmayıla artileriya və
odlu silahla kömək etmək təklifini çatdırmışdır. Şah İsmayıl da
Venetsiya elçisini çox hörmətlə qarşılamışdır. Lakin Şah
İsmayıl Venetsiya hökumətinin təklif etdiyi kimi Qaraman isti-
qamətində yürüşə keçmədi. Çünki bu Osmanlı döləti ilə mü-
haribəyə səbəb ola bilərdi. Yeni yaranmış Səfəvi dövləti üçün
bu çox təhlükəli nəticələrlə qurtara bilərdi. 1501-ci ilin sonunda
Venetsiya hökuməti tərəfindən göndərilən bu elçilik Səfəvi
dövlətinə Avropa dövlətləri tərəfindən göndərilən ilk diploma-
tik nümayəndəlik idi. Venetsiya hökuməti 1503-cü və 1504-cü
illərdə Səfəvi sarayına diplomatik əlaqələri yaxşılaşdırmaq
üçün elçi göndərmişdi.
Azərbaycan Səfəvi dövləti yarandığı dövrdən fəal xarici
siyasət yeritməyə başladı. I Şah İsmayıl hakimiyyətinin əvvəl-
lərindən Avropa dövlətləri ilə Osmanlı imperiyasına qarşı müt-
təfiq axtarışında oldu. 1505-ci ildə Venetsiya doju Leonardo
Loredanoya məktub göndərərək Türkiyəyə qarşı ittifaq
yaratmağı təklif etdi. 1507-1508-ci illərdə Venetsiyada olmuş
Səfəvi elçiləri Venetsiya hökuməti ilə Osmanlı dövlətinə qarşı
birgə müharibə aparmağı, venetsiyalıların dənizdən Osman-
lılara qarşı hücuma keçdikləri halda qızılbaşların qurudan
Osmanlı dövlətinə qarşı müharibəyə başlayacağını təklif edir-
dilər. Lakin Venetsiya hökuməti Osmanlı dövləti ilə bağladığı
1503-cü il sülh müqaviləsini pozmaq istəmədi. Avropa
127
dövlətləri arasında mövcud olan çəkişmələr də Səfəvi dövlə-
tinin Venetsiya ilə yaxınlaşmasına mane oldu.
1515-ci ildə I Şah İsmayıl Rodos adasına xaçpərəst İoan-
nitlərin başçısının yanına öz elçisini gönd ərdi. I Şah İsmayıl
hesab edirdi ki, Rodos adasının dini hakimi Avropa dövlə-
tlərinin Osmanlıya qarşı hərbi ittifaqını təşkil edə bilər. Avropa
dövlətlərinin 1518-1520-ci illərdə Osmanlı imperiyasına qarşı
Səfəvi dövlətinin də iştirakını nəzərdə tutduqları plan onların öz
arasında baş verən siyasi və iqtisadi ziddiyyət nəticəsində baş
tutmadı.
Mərkəzi Asiya ölkələrini, Hindistan və Çini Aralıq dənizi
və Qara dəniz hövzəsi vasitəsilə Avropa ilə bağlayan əsas
beynəlxalq karvan yolları Azərbaycan və İran ərazisindən
keçirdi. 1498-ci ildə Afrika çevrəsindən Hindistana dəniz
yolunun kəşfi Avropa ilə Şərq arasında dünya ticarət yolunu
dəyişsə də XVII əsr boyu quru karvan yolu əhəmiyyətini
itirməmişdi. XVI əsrdə Azərbaycan ipəyi də Avropaya Hörmüz
vasitəsi ilə, yəni okean yolu ilə ixrac olunmağa başlayırdı.
1501-ci ildə Portuqaliya donanması Hörmüz sahillərinə gəlmiş
və hərbi qüvvə işlədərək Hörmüzü ələ keçirmişdi. I Şah
İsmayılın başı ölkənin qərb sərhədlərində aparılan müharibəyə
qarışdığından Hörmüzü işğaldan azad edə bilməmişdi. 1512-ci
ildə portuqallar İran körfəzi sahillərində işğallarını geniş-
ləndirərək indiki Bəndər Abbasın yerindəki Cərim bəndərini
(limanını) tutmuş, onu Hambrun adlandırmışdılar. Körfəzdə
Portuqal işğalına görə İngiltərə, Hollandiya şirkətləri və baş-
qaları Səfəvi ərazilərinə daxil ola bilmirdilər. Osmanlı impe-
riyasının da İran körfəzində olan maraqları Portuqaliyanın Hind
okeanında möhkəmlənməsinə qarşı idi. Osmanlı dövləti ilə
müharibə vəziyyətində olan I Şah İsmayıla Qoa adasında yer-
ləşmiş portuqal vitse-kralı Albukerke müasir odlu silah vermək
təklifi ilə danışıqlar apararaq Hörmüzün portuqallara güzəştə
getməsi şərti ilə hərbi yardım göstərmək haqqında müqavilə
bağladı. Beləliklə, 1508-ci ildə Hörmüzü tərk etməyə məcbur
128
olmuş portuqallar Hörmüzdə möhkəmləndilər. Onlar Hind
okeanında Səfəvi-Hindistan ticarətini öz nəzarətləri altına
aldılar. XVI əsrin 30-50-ci illərində Səfəvi-Osmanlı qarşı-
durması Portuqaliyanın siyasi və iqtisadi maraqlarına uyğun
gəlirdi.
I Şah Təhmasibin hakimiyyəti dövründə (1524-1576) Por-
tuqaliya kralı Don Sebastian 1551-ci və 1574-cü ildə öz elçi-
lərini qiymətli hədiyyələrlə I Şah Təhmasibin sarayına
göndərmişdi. Portuqaliya Səfəvilərlə Osmanlı dövləti arasında
yaranmış düşmənçilikdən istifadə edərək hər iki Şərq dövlətini
zəiflətmək, İran körfəzində möhkəmlənmək, Fərat və Dəclə
boyunca mühüm iqtisadi, hərbi-strateji əhəmiyyəti olan
əraziləri ələ keçirmək istəyirdi. 1549-cu ildə Portuqaliya Səfəvi
dövlətinə 10 min qoşun və 20 top vermişdi.
XVI-XVIII əsrlərdə Səfəvi dövlətinin daha çox siyasi-
iqtisadi əlaqə saxladığı Qərbi Avropa dövlətlərindən biri
Venetsiya Respublikası idi. I Şah İsmayılın dövründ ə (1501-
1524) Venetsiyadan Səfəvi sarayına elçi və tacirlər gəlib-gedir-
dilər. Səfəvi ölkəsinə gəlmiş naməlum Venetsiya taciri 1507-ci
ildə Ərzincanda dörd gün Şah İsmayılın ordu qərargahında
qalmış, şahın Şirvan yürüşünə qatılmış və dəfələrlə Təbrizdə
rəsmi dövlət məclislərində iştirak etmişdir. Səfəvi dövləti ilə
siyasi və iqtisadi əlaqələr haqqında uzun müddət danışıqlar
aparmış və 1520-ci ildə Venetsiyaya qayıtmışdır. XVI əsrin
birinci yarısında Venetsiya ilə ticarət əlaqələri zəifləsə də ikinci
yarısında Səfəvi dövlətinin Qərbi Avropa dövlətləri ilə ticarət
əlaqəsində Venetsiya tacirləri mühüm rol oynayırdılar.
Osmanlı dövlətinin 1570-ci ildə Kiprə qoşun yeridərək
Venetsiyaya qarşı müharibəyə başlaması ilə Venetsiya höku-
məti Səfəvi dövləti ilə münasibətləri yenidən canlandırdı. 1570-
ci ilin payızında Venetsiyadan qayıdan Səfəvi taciri Xoca Əli I
Şah Təhmasibə məktub gətirdi. Məktubda məqsəd I Şah
Təhmasibi Osmanlı dövlətinə qarşı müharibəyə cəlb etmək idi.
129
1571-ci il avqustun 14-də Venetsiya elçisi Vinçentso
Aleksandri Senatın xüsusi məktubu ilə Qəzvinə gəldi. O, I Şah
Təhmasibin oğlu Heydər Mirzə tərəfindən qəbul edildi, mək-
tubu Heydər Mirzəyə təqdim etdi. Məktubda Roma papasının,
İspaniya kralının artıq Türkiyəyə qarşı Venetsiya ilə birləşərək
müharibəyə başlamaları, digər Avropa dövlətlərinin də
qoşulacağı haqqında doğru olmayan məlumat verilir və I Təh-
masib Osmanlı dövlətinə qarşı müharibəyə başlamağa təhrik
edilirdi. Təklif edilirdi ki, belə bir şəraitdə Səfəvi dövləti
Osmanlılara qarşı müharibəyə başlasa çox asanlıqla qələbə
çalar. Lakin I Şah Təhmasib Venetsiya elçisi ilə görüşü
uzadaraq Səfəvi taciri Xoca Ə linin Venetsiyadan qayıtmasını
gözlədi. 1571-ci il noyabrın 3-də Xoca Əli Venetsiyadan
qayıtdı. O, I Şah Təhmasib tərəfindən qəbul olundu və Avro-
padakı vəziyyət haqqında məlumat verdi. Şah Saray əyanları və
qoşun başçılarının iştirakı ilə Venetsiya hökuməti tərəfindən
göndərilən məktubu müzakirə edərək Osmanlı dövləti ilə sülh
münasibətlərini saxlamağı qərara aldı. Beləliklə, Venetsiya
hökumətinin Səfəvi-Osmanlı münasibətlərini pozmaq cəhdi baş
tutmadı.
XVI əsrdə Qərbi Avropada kapitalist münasibətlərinin
yaranması Şərqin xammal və satış bazarlarına tələbatı artır-
mışdı. Bu zaman Hind okeanından keçən yollara Portuqaliya,
Aralıq və Qara dəniz yollarına isə Osmanlı dövləti nəzarət
edirdi. Ona görə də ingilis tacirləri Volqa-Xəzər yolu ilə Azər-
baycana və buradan Hindistana doğru hərəkət etmək istəyirdi.
İngiltərə dövləti üçün Azərbaycanın xam ipəyi və satış bazarı
maraq dairəsində olsa da bu yolla Hindistanda ədviyyat tica-
rətini ələ keçirmək niyyətində idi. İngiltərə kraliçası Yelizaveta
Tüdor (1558-1603) su yollarına nəzarət edən Portuqaliyadan
çəkindiyinə görə Volqa-Xəzər yolu ilə öz maraqlarını təmin
etmək istəyirdi. Bu məqsədlə də 1561-1563-cü illərdə Antoni
Cenkinsonun rəhbərliyi ilə Volqa-Xəzər yolu ilə ekspedisiya
göndərdi. Lakin ingilislərin “Moskva ” ticarət şirkətinin
130
təmsilçisi Antoni Cenkinson hökumətinin rəsmi ticarət yarat-
maq tapşırığını uğurla həyata keçirə bilmədi. Osmanlı dövləti
ilə münasibətləri pozmaq istəmədiyinə görə I Şah Təhmasib
ingilislərlə ticarət müqaviləsi bağlamadı. Geriyə dönərkən
Cenkinson Şirvan bəylərbəyi Abdulla xan Ustaclı ilə danışıqlar
apardı. Abdulla xan verdiyi fərmanla ingilis tacirlərini
Azərbaycanda aldıqları mallar üçün, eyni zamanda Avropadan
gətirdikləri mallar üçün vergi və gömrük ödəməkdən azad etdi.
1563-1565-ci illərdə ingilis tacirləri Tomos O lkok, Corc
Renn və Riçard Cini Azərbaycanda oldular. Onlar aldıqları xam
ipəyi Rusiya vasitəsi ilə öz ölkələrinə göndərdilər. 1565-1567-
ci illərdə Artur Edvardsın köməkliyi ilə gələn nümayəndə
heyətini I Şah Təhmasib qəbul etdi. I Şah Təhmasib kompa-
niyanın sədri Lores Çepmenə ingilis tacirləri üçün imtiyazlı
ticarət hüququ verdi. 1568-1569-cu illərdə yenə Volqa-Xəzər
yolu ilə Artur Edvards, Lorens Çepmen, Xristofor Dovest başda
olmaqla gələn nümayəndələrə də I Şah Təhmasib ticarət
imtiyazı verdi. 1569-1574-cü illərdə Tomas Benisfer və Ceffri
Deketin rəhbərliyi ilə gələn beşinci, 1580-ci ildə Xristofor
Berronun başçılığı ilə gələn altıncı ticarət nümayəndələrinin
gəlişləri uğursuz oldu. Belə ki, Tomas Bensfer və Ceffri Deketi
geri qayıdarkən Volqa kazakları tərəfindən qarət olundular,
Xristofor Berru gələndə Səfəvi-Osmanlı müharibəsi başlamışdı,
döyüş əməliyyatları Azərbaycanın şimal hissəsində getdiyi
üçün ticarət baş tutmadı.
XVI əsrin 60-70-ci illərindəki Səfəvi-İngiltərə əlaqələri
uzun sürən siyasi və iqtisadi əlaqələrə çevrilmədi. Rusiya çarı
IV İvan tərəfindən Livoniya müharibəsində (1558-1583)
İngiltərəni öz tərəfinə çəkə bilmədiyinə və rus tacirlərinin
ingilis kapitalının Rusiya bazarlarında möhkəmlənməsinə etiraz
etmələri səbəbindən İngiltərənin “Moskva ” kompaniyasına
Rusiya ərazisindən keçib Volqa-Xəzər yolu ilə Şərqə ticarət
etməsi qadağan olundu.
131
1578-ci ildə Osmanlı dövləti ilə müharibəyə başlayanda
Şah Məhəmməd Xudabəndə Portuqaliya və Venetsiya
dövlətlərinə elçi göndərib kömək göndərmələrini istədi. Lakin
bu dövlətlərin heç biri Osmanlılarla müharibəyə başlamadı.
İspaniya kralı 1582-ci ildə və 1585-1586-cı illərdə Osmanlı
dövlətinə qarşı müqavilə bağlamaq üçün Qəzvinə öz elçilərini
göndərsə də, heç bir nəticəsi olmadı. Xristian dövlətləri müəy-
yən vədlər verməklə kifayətlənir, hər iki müsəlman dövlətini
bir-biri ilə vuruşdurmaqla zəiflətmək istəyirdilər.
I Şah Abbas hakimiyyətə gələndən sonra fəal xarici
siyasət yeridərək üç mühüm vəzifəni həyata keçirməyə çalı-
şırdı. Birinci, Xorasanı Şeybanilərdən geri almaq ; ikinci, os-
manlılar tərəfindən ələ keçirilmiş əraziləri qaytarmaq ; üçüncü,
Portuqaliyanın İran körfəzindəki ağalığına son qoyaraq Hind
okeanına çıxmaq. Xüsusilə Osmanlılara qarşı Qərb dövlətlə-
rinin gücündən istifadə etmək istəyirdi. Ona görə də I Şah
Abbasın dövründə Qərbi Avropa dövlətləri ilə Səfəvi dövlətinin
əlaqələri əvvəlki dövrlərə nisbətən daha da genişlənmişdi. Şah
Abbas hakimiyyətinin ilk illərində, 1587, 1590-1591-ci illərdə
Venetsiya dojuna elçilər göndərmişdi. 1599-cu ildə ingilis elçisi
Antoni Şerli və Hüseyn Əli bəy Bayatın başçılığı ilə Avropaya
göndərdiyi nümayəndə heyəti digər ölkələrlə yanaşı
Venetsiyada da danışıqlar aparmalı idi. 1603-cü ildə Fəthi
bəyin (Xoca Fətullah) başçılığı ilə 12 nəfərlik nümayəndə
heyəti Venetsiyaya göndərilmişdi. Şah Abbas tərəfindən
göndərilən elçilər Venetsiya ilə ticarət və siyasi əlaqələr
qurmaqla əsasən odlu silah alıb gətirməli idilər. Venetsiya
hökumətinin qərarı ilə Şah Abbasın elçilərinə sərbəst ticarət
etmək və odlu silah almalarına icazə verilmişdi. Xoca Səfərin
rəhbərliyi ilə göndərilən nümayəndə heyəti 1610-cu il yanvarın
22-də Venetsiya hökuməti tərəfindən qəbul edildi. Görüş
zamanı Venetsiya dojuna Səfəvi-Osmanlı müharibəsinin gedişi
barədə məlumat verildi.
132
Səfəvi elçiləri vasitəsi ilə Venetsiya hökuməti tərəfindən
göndərilən məktubda əvvəlki məktublarda olduğu kimi
təmtəraqlı ifadələr və vədlər verilirdi. Venetsiya hökuməti isə
əslində Osmanlı dövləti ilə münasibətləri pozmaq istəmir, bu
ölkənin ərazisindən keçərək Səfəvi dövləti ilə ticarət əlaqələrini
bərpa etmək istəyirdi.
I Şah Abbas 1599-cu ildə Antoni Şerli ilə Hüseynəli bəy
Bayatın başçılıq etdiyi nümayəndə heyətini Almaniya, İn-
giltərə, Fransa, İspaniya, Şotlandiya, Polşa və Skandinaviya
ölkələrinin hökmdarları ilə danışıqlar aparmaq üçün yola saldı.
Bu elçilikdə Şah Abbasın məqsədi Osmanlılara qarşı müha-
ribədə hərbi ittifaq bağlamaqla yanaşı Qərbi Avropa dövlətləri
arasındakı münasibətləri aydınlaşdırmaq idi. Çünki gələcəkdə
İspaniyanı və Portuqaliyanı İran körfəzində işğal etdiyi ərazi-
lərdən çıxarmaq üçün Qərb dövlətlərinin aralarındakı çəkiş-
mələrdən istifadə etmək lazım gəlirdi. I Şah Abbas Avropa
hökmdarlarına göndərdiyi məktublarda bu dövlətləri Osmanlı
imperiyasına qarşı vahid cəbhədə müharibə etməyə çağırırdı.
Şah Abbas məktublarında Qərb dövlətlərinə ticarət imtiya-
zından əlavə öz ölkəsində xristianlara öz dinlərini təbliğ etmək,
kilsə tikmək vədi verdi. 1600-cü ilin oktyabr ayında Almaniya
imperatoru II Rudolf, 1601-ci ilin aprelində Roma papası VIII
Klement elçiləri təntənə ilə qəbul edib xoş vədlərlə yola
saldılar. İspaniya kralı III Filipp tərəfindən də nümayəndə
heyəti yüksək səviyyədə qarşılandı. Venetsiya hökuməti Os-
manlı dövləti ilə sülh danışıqları apardığına görə elçiləri qəbul
etmədi.
Almaniya imperatoru öz elçisi Stefan Kakaşı danışıqları
davam etdirmək üçün Səfəvi sarayına göndərdi. Osmanlılarla
müharibə ərəfəsində Antonio de Qouveanın başçılıq etdiyi
elçilər I Şah Abbasla danışıqlar aparmağa gəldilər. İspaniya
dövlətinin məqsədi yalnız Osmanlılara qarşı deyil, həm də İran
körfəzində İngiltərə və Hollandiyanın mövqeyinə qarşı Səfəvi
dövləti ilə yaxınlaşmaq idi.
133
I Şah Abbas 1603-cü il fevralın 11-də İspaniya və Roma
papasının elçilərini qəbul etdi. İspaniya elçisi Antoni de
Qouvea ilə birlikdə öz elçisi Allahverdi bəy Türkmanı İspaniya
ilə hərbi ittifaq bağlamaq üçün Avropaya yola saldı. 1604-cü
ildə I Şah Abbasın hərbi düşərgəsinə İspaniya və Portuqaliya
kralının elçiləri gəldilər. Onlarla birlikdə İmamqulu xan Pakizə
Türkman İspaniyaya yola salındı.
Lakin Almaniya imperatoru II Rudolf 1606-cı ildə Os-
manlı dövləti ilə separat sülh bağladı. 1608-ci ilin iyununda
Allahverdi bəy Türkman Antonio de Qouvea ilə birlikdə vətənə
qayıtdı. İspaniya kralı göndərdiyi məktubda Osmanlılar
üzərində qələbə münasibəti ilə I Şah Abbası təbrik edir və öz
ərazisində katolik keşişlərinə “mərhəmətini əsirgəməməyi”
xahiş edirdi.
Səfəvi dövlətinin Osmanlı dövlətinə qarşı İngiltərəni
müharibəyə cəlb etmək planı baş tutmadı.
Beləliklə, Avropa dövlətlərini müharibəyə cəlb etməyin
baş tutmadığını başa düşən I Şah Abbas 1612-ci il noyabrın 26-
da Osmanlı dövləti ilə İstanbul sülh müqaviləsini imzaladı.
Hindistandan Avropaya okean yolu ilə ədviyyat daşınması
Portuqaliyanın nəzarətində olsa da İspaniya Hind okeanı
hövzəsində və İran körfəzində möhkəmlənməyə çalışırdı. I Şah
Abbas İran körfəzində, o cümlədən Hörmüzdə Portuqal ağalı-
ğını aradan qaldırmaq üçün İspaniyanın qüvvəsindən istifadə
etməyə çalışırdı. I Şah Abbasın 1607-ci il noyabrın 7-də
İspaniya kralı III Filippə göndərdiyi məktubdan aydın olur ki,
Hörmüz limanının Portuqaliyanın əlində olduğu bir vaxtda
ispanları ora dəvət etməklə I Şah Abbas körfəz üzərində
Portuqal ağalığını sarsıtmaq istəyirdi.
XVI əsrdə Hind okeanından keçən yollara Portuqaliya və
İspaniyanın, Aralıq və Qara dənizdən keçən yollara Osmanlı
dövlətinin nəzarət etdiyi bir şəraitdə İngiltərə və Hollandiya
Hindistan və Səfəvi ölkəsinə çıxmaq üçün yeni yollar
axtarırdılar. Ona görə də XVII əsrin əvvəllərində Səfəvi dövləti
134
ilə birbaşa ticarət əlaqəsi qurmaqda maraqlı olan ingilis “Ost-
hind ” şirkəti İran körfəzində Portuqal inhisarına qarşı açıq
mübarizəyə girərək, I Şah Abbasın sarayına elçilər göndərməyə
başlamışdı. I Şah Abbas 1615-ci ildə “Ost-hind ” şirkətinin
nümayəndəsi Stil və Qlouzerə Cəskdə faktoriya təsis etməyə
icazə verdi.
1615-ci ildə Səfəvi- İngilis əlaqələrinin güclənməsi İngil-
tərənin dünya okeanlarında rəqibi olan İspaniyanı bərk narahat
edirdi. İspaniya kralı II Filipp proseslərin axarını öz xeyrinə
dəyişmək, diplomatik və iqtisadi sahədə danışıqlar aparmaq
üçün 1617-ci ildə xüsusi elçisi Don Qarsiya de Silvanı Səfəvi
dövlətinə göndərdi. I Şah Abbas 1618-ci ilin yazında Qəzvində
onu qəbul etdi. Don Qarsiya de Silvanın Səfəvi dövlətinin
Osmanlı, İngiltərə dövlətləri ilə iqtisadi əlaqələrini pozmaq
ruhunda Şah Abbasla apardığı danışıqlar nəticəsiz qurtardı.
Danışıqlarda heç bir uğur əldə etməyən İspan elçisi 1619-cu
ildə Səfəvi dövlətini tərk etməyə məcbur oldu.
Bunun əsas səbəbi İspaniyanın körfəz məsələsində yalnız
öz mənafeyindən çıxış etməsi oldu. İngiltərə isə öz məna-
feyindən çıxış etsə də, körfəz məsələsində Səfəvilərin möv-
qeyini müdafiə edirdi. İngiltərə sərbəst ticarət əlaqələrinin
qarşısında əsas maneə olan Portuqaliya donanması 1620-ci ildə
ingilis “Ost-hind ” şirkətinin hərbi donanması tərəfindən İran
körfəzinin Cəsk adlı yerində məhv edildi. 1621-ci il noyabrın
21-də Səfəvi dövləti ilə İngiltərə arasında bağlanmış müqa-
viləyə görə İran körfəzində iki ölkə arasında qurulacaq iqtisadi
əlaqələrin tənzimlənməsi qaydası müəyyən olundu. 1622-ci ildə
Səfəvi dövləti ilə İngiltərənin birgə səyləri nəticəsində Hörmüz
və Kiş adaları portuqallardan geri alındı. 1625-ci ildə
portuqallar Hörmüzü yenidən ələ keçirmək istəsələr də, bu, baş
tutmadı.
XVII əsrin əvvəllərində İran körfəzində ticarət üstünlüyü
qazanmaq uğrunda mübarizəyə Hollandiya da qoşulmağa
çalışırdı. 1602-ci ildə təsis edilmiş (bünövrəsi isə 1597-ci ildə
135
qoyulmuşdu) Hollandiyanın Şərqi Hindistan (Ost-hind) şirkəti
okeanda ingilis “Ost-hind” şirkətinin əsas rəqibinə çevrilmişdi.
Bu dövrdə Səfəvi dövləti ilə Hollandiya Respublikası arasında
diplomatik və iqtisadi əlaqələr güclənirdi. 1683-cü ildə
Hollandiyadan İsfahana gələn səfir Hobert Visnixanın I Şah
Abbasla apardığı danışıqlar nəticəsində 1623-cü il noyabrın 21-
də 23 maddədən ibarət müqavilə bağlandı.
Həmin müqaviləyə görə Hollandiya tacirlərinə Səfəvi
dövlətində sərbəst ticarət etmək hüququ verilir, ölkəyə gətirdik-
ləri və buradan apardıqları mallara görə vergi verməkdən azad
edilir, hollandiyalılara öz çəki vahidlərindən istifadə etmək və
ticarət evlərinə toxunulmazlıq hüququ verildi. Müqaviləyə görə
hollandiyalılar Səfəvi dövlətində xristianlar üçün kilsə tikə
bilərdilər.
1626-cı ildə Hollandiya ilə rəsmi danışıqlar aparmaq üçün
Musa bəyin rəhbərliyi ilə Səfəvi elçiləri Hollandiyaya getdi.
Əsas məqsəd Hollandiya-Osmanlı münasibətlərini pozmaqdan
və
portuqalları Maskatdan sıxışdırıb çıxarmaq üçün
Hollandiyadan hərbi yardım almaq idi.
1630-cu ildə I Şah Səfi (1629-1642) İsfahanda yaşayan
holland Jan Van Hasseri Hollandiyaya göndərmiş, iqtisadi
əməkdaşlığı genişləndirmək məqsədi ilə 1631-ci il fevralın 7-də
Hollandiya-Səfəvi müqaviləsi bağlanmışdı.
Bu müqaviləyə görə Səfəvi tacirləri Hollandiyada sərbəst
alış-veriş etmək, alqı-satqıda öz çəki vahidlərindən istifadə
etmək və digər xarici ölkə tacirlərinə verilən imtiyazlardan
istifadə edə bilərdilər. 1642-ci ildə Hollandiya ilə Səfəvi dövləti
arasında 16 maddədən ibarət yeni bir ticarət müqaviləsi də
bağlanmışdı. Bu müqavilədə əsasən 1623-cü il ticarət müqa-
viləsinin təkrarı öz əksini tapırdı. Səfəvi dövlətinin Hollandiya
Respublikası ilə güzəştli ticarət müqavilələri bağlamaqda
məqsədi İngiltərənin İran körfəzindəki tam nüfuzuna qarşı
çevrilmişdi.
136
Hollandiya tacirləri onlara verilən imtiyazlardan istifadə
edərək İran körfəzində xam ipəyin satışı üzərindəki inhisar
hüququndan sui-istifadə edir, xarici ölkə tacirləri ipək almaq
istədikdə ipəyin qiymətini süni surətdə qaldırıb salırdılar.
Onların bu özbaşınalığının qarşısını almaq üçün I Şah Səfi
bağlanmış müqavilənin şərtlərini pozaraq Hollandiya tacirlə-
rindən gömrük rüsumu və rəhdari alınması haqqında göstəriş
vermişdi. Hollandiya hökumətinin I Şah Səfinin həyata
keçirdiyi tədbirə etirazı nəticə vermədikdə onlar Səfəvi dövlə-
tindən xam ipək almalarını dayandırdılar. Bu siyasətin Səfəvi
dövlətini narahat etmədiyini gördükdə güc üsuluna əl atdılar.
Çünki xam ipək alışının dayandırılması hollandiyalıları böyük
qazancdan məhrum etmişdi. Ona görə də K işə hücum edərək
İran körfəzinin ticarət yolunu kəsdi. Məcburiyyət qarşısında
qalan II Şah Abbas 1645-ci ildə Holland “Ost-hind” şirkətinə
Səfəvi dövlətinin bütün məntəqələrindən ipək almaq və heç bir
gömrük ödəmədən xaricə ixrac etmək, habelə sərbəst ticarət
etmək hüququ verdi. Hollandiyaya verilən bu ticarət imtiyazları
ingilis tacirlərinin mövqeyinə mənfi təsir göstərdi. İngilis
tacirləri öz ticarət məntəqələrini Bəndər Abbasdan Bəsrəyə
köçürmək məcburiyyətində qaldılar. Hollandlar ingilislərin
Bəsrədəki ticarət faktoriyalarını da dağıtdılar. 1660-cı illərdən
ingilislər Səfəvi məmləkətində ipək ticarətini genişləndirsələr
də üstünlüyü hollandiya tacirləri saxladılar.
XVII əsrin ikinci yarısında da Hollandiya ilə Səfəvi
dövlətində ticarət əlaqələrində ipək ticarəti əsas rol oynayırdı.
Hollandiya “Ost-hind” şirkətinin I Şah Süleymanla bağladığı
ticarət müqaviləsi hollandlara verilmiş imtiyazları qoruyub sax-
layırdı. Hətta Hollandiya hökuməti Arxangelsk-Volqa-Xəzər
yolu ilə Səfəvilər dövlətinin Şirvan, Gilan və başqa vilayətləri
ilə də ticarət əlaqələri qurmaq istəyirdi. 1680-ci ildə Rusiya
dövlətindən Səfəvi məmləkətinə gedən ticarət yollarından
istifadə etməsi ilə əlaqədar apardığı danışıqlar uğursuzluqla
137
nəticələndi. Çar hökuməti holland elçisinin bu təklifinə razılıq
vermədi.
XVII əsrin sonu – XVIII əsrin əvvəllərində Hollandiya ilə
İngiltərə arasında İran körfəzində rəqabət daha da kəskinləşdi.
İngilislər körfəzdə hollandları getdikcə sıxışdırırdılar. Sultan
Hüseynlə ingilislərin bağladıqları 1699-cu il müqaviləsi ilə
ingilis “Ost-hind” şirkətinə Səfəvi dövlətində gömrüksüz
ticarət etmək imtiyazı verildi.
XVI-XVII əsrlərdə Səfəvi dövləti ilə Qərbi Avropa
ölkələri arasında iqtisadi əlaqələrin qurulmasında böyük
əhəmiyyətə malik olan İran körfəzinin mühüm məntəqələrini
tutmaq və Şərq ticarətini ələ keçirmək uğrunda Portuqaliya,
Hollandiya və İngiltərə arasında gedən mübarizəyə gec də olsa,
Fransa da qoşuldu. Fransızlar ilk dəfə 1664-cü ildə Səfəvi
dövlətindən Bəndər Abbasda faktoriya təsis edib ticarət
imtiyazı aldılar.
XVIII əsrin əvvəllərində öz fəaliyyətlərini daha da geniş-
ləndirən fransızlar 1708 və 1715-ci illərdə Şah Hüseynin
hakimiyyəti illərində (1694-1722) əlverişli müqavilələr imza-
ladılar.
1708-ci ildə 31 maddədən ibarət ticarət müqaviləsi ilə
fransız tacirləri gömrük və vergilərdən azad edilir, onların mal-
larının təhlükəsizliyinə təminat verilir, fransız şirkətləri üçün
xüsusi karvansaralar müəyyənləşir, müəyyən olunmuş miq-
darda qızıl və gümüş alıb-sata bilər, fransız tacirlərinin sayı 20
nəfərə çatarsa karvansara xərclərindın azad edilirdilər.
Müqavilədə malları oğurlanan tacirlərə dəyən zərərin ödə-
nilməsi də göstərilirdi. Fransız din xadimlərinin dini ayinlərini
azad icra etmək hüquqları da müqavilədə əksini tapırdı.
Şah Hüseynin holland və ingilislərə nisbətən Fransa ilə
iqtisadi və siyasi əlaqələrə üstünlük verməsinin əsas səbəbi
Fransa donanmasından istifadə edərək Maskat və İran körfə-
zində quldurluq edən, ticarət yollarındakı gediş-gəlişə mane
olan dəniz quldurlarını məhv etmək idi. Çünki hollandlar və
138
ingilislər bu sahədə Sultan Hüseynə kömək etmək istəmirdilər.
Sultan Hüseynin Fransaya göndərdiyi elçisi Məhəmməd Rza
bəyi 1715-ci ildə Fransa kralı XIV Lüdovik özü qəbul etmişdi.
Fransa ilə bağlanan 1715-ci il müqaviləsində 1708-ci il
müqaviləsinə beş maddə əlavə edilmişdi. Bu müqavilədə əksini
tapan əlavələr – fransız tacirləri idxal və ixraca görə vergi
vermədən Səfəvi dövlətində hind və digər xarici ölkələrin
mallarını ala bilərdilər; fransız səfirləri Səfəvi ölkəsində başqa
ölkələrin səfirlərindən nüfuzlu olmalı idi; fransız tacirlərinin
malları yoxlanılmamalı idi; fransızlar istədikləri qədər at ala
bilərdilər; fransız tacirləri karvansaralarda pulsuz təmin
olunmalı idilər — Fransa tacirlərinə verilən imtiyazlar daha da
artırdı. Lakin XVII əsrin sonu — XVIII əsrin əvvəllərində
Səfəvilər dövlətində baş vermiş iqtisadi tənəzzül ölkənin xarici
ticarət dövriyyəsinə mənfi təsir göstərirdi.
Dostları ilə paylaş: |