Açar sözlər: folklorşünas, elm, Filologiya fakültəsi, məktəb, pedaqoq, yaradıcılıq. AFAQ YUSİFLİ Filologiya üzrə fəlsəfə doktoru, dosent Gəncə Dövlət Universiteti
BDU-da FORMALAŞMIŞ FÜZULİŞÜNASLIQ MƏKTƏBİNİN LAYİQLİ VARİSİ SABİR ƏLİYEV Əsrlər boyu təzkirələrdə özünə məskən salmış füzulişünaslıq XX əsrin 20-30-cu illərinin siyasi sifarişli
təhlillərindən keçərək Bakı (Azərbaycan) Dövlət Universitetinin Filologiya fakültəsində Mir Cəlal, H.Araslı,
F.Qasımzadənin və onların davamçılarının tədqiqatlarının əsasında formalaşaraq öz müasir şəklini almışdır.
Azərbaycan füzulişünaslığı haqqında ilk monoqrafik tədqiqatın müəllifi Gülşən Əliyeva çox doğru
olaraq qeyd edir ki, füzulişünaslığın banisi Füzulinin özüdür. Yəni füzulişünaslıqda ilk sözü Füzuli özü söz
sənəti haqqında yazdığı əsərlərində demişdir. Əsrlər boyu təzkirələrdə yer alan Füzuli sənəti ilk dəfə
azərbaycanlı, gəncəli pedaqoq və tədqiqatçı Abdulla Surun 1907-ci ildə “Füyuzat” jurnalının 30-31-ci
nömrələrində çap olunmuş “Füzuliyə bir nəzər” məqaləsində elmi şəkildə tədqiq olunur. Onun
tədqiqatlarında Füzulinin Azərbaycan türklərindən olması, Azərbaycan şivəsində yazması müxtəlif sübutlarla
təsdiqlənir və tədqiqatçı yazır ki, ”Füzulinin lisanında ... azərbaycanlılıq hiss olunmaqdadır”.
Elmi taleyində Bakı Dövlət Universitetinin Filologiya fakültəsində yaranan füzulişünaslıq
konsepsiyasını daşıyan və Füzulinin Azərbaycan şairi olduğunu ilk dəfə bəyan etmiş gəncəli alim Abdulla
Surun vətənində pedaqoji fəaliyyətini davam etdirən füzulişünas Sabir Əliyev elmi taleyini başqa cür yaşaya
bilərdimi? Fikrimizcə, xeyr! Bakı Dövlət Universitetinin Filologiya fakültəsindən 1960-cı ildə məzun olan
Sabir Əliyevin müəllimlərinin tam olmayan siyahısı belədir: Mir Cəlal, Həmid Araslı, Əli Sultanlı, Əkrəm
Cəfər, Məmməd Cəfər, Cəfər Xəndan, Muxtar Hüseynzadə, Hadi Mirzəzadə, Pənah Xəlilov, Yusif Seyidov,
Bəxtiyar Vahabzadə, Fərhad Zeynalov. Hər biri ədəbiyyatşünaslığın müəyyən bir sahəsinin aparıcı
mütəxəssisi olmuş alimlər… Klassik ədəbiyyatımızı və təbii ki, Füzulini Mir Cəlal və Həmid Araslıdan
öyrənən, ustadı Əkrəm Cəfər kimi əruzun mahir bilicisi olan, Cəfər Xəndan kimi auditoriyaya şeirlə girən
Sabir Əliyev elmi əsasları BDU-da qoyulan müasir Azərbaycan füzulişünaslığını “Füzulinin poetikası” adlı
monoqrafiyası ilə zənginləşdirmişdir.
BDU-nun məzunu, elmi-pedaqoji fəaliyyətini Gəncə Dövlət Universiteti ilə bağlayan füzulişünas alim
Sabir Əliyev Füzuli irsinin poetik dərkini kulminasiya səviyyəsinə qaldıraraq, dördcildlik “Füzuli
qəzəllərinin şərhi” adlı fundamental əsərində Füzuli “Divan”ına daxil olan hər bir qəzəli riyazi dəqiqliklə və