Azərbaycan Milli Kitabxanası


EŞQİN ÜRƏYİMİN YARASINDADIR



Yüklə 2,14 Mb.
Pdf görüntüsü
səhifə3/19
tarix09.02.2017
ölçüsü2,14 Mb.
#7865
1   2   3   4   5   6   7   8   9   ...   19

EŞQİN ÜRƏYİMİN YARASINDADIR 
 
Dinlə şairini, təbrizli gözəl,  
Yenə həsrətinlə alışır sinəm.  
Tarixi uzundur bu ayrılığın,  
Əzizdir qəlbimə, doğmadır bu qəm. 
 
Dünyanı versələr etmərəm qəbul,  
Könlüm vüsalını istəyir ancaq.  
Səni qul doğmayıb təbrizli anan,  
Sənindir qan sızan o ana torpaq. 
 
Silkin, qoy dağılsın başının üstdən,  
Sənə gün verməyən qara buludlar.  
Torpağın altından boylansın bir-bir,  
Bahar müjdəçisi çiçəklər, otlar. 
 
Mənə elə gəlir, vüsalın yolu  
Gözümlə gözünün arasındadır.  
Yox, mümkün deyildir, səni unutmaq,  
Eşqin ürəyimin yarasındadır! 
  
 
 
 

____________________Azərbaycan Milli Kitabxanası___________________ 
37 
 
BACIM ÜÇÜN 
 
 
Görüb rəngi solmuş gül yarpağını,  
Dünən bir kitabın arasında mən.  
Təbrizli bacımın dərdini duydum,  
Yanan ürəyimin yarasında mən! 
 
Ürək sözlərini deyərək əzəl,  
O gülü vermişdi mənə o gözəl.  
Durur göz önümdə yenə o gözəl,  
Olsam da dünyanın harasında mən! 
 
Ona havadaram ömrüm uzunu,  
Yox, darda qoymaram anam qızını!  
Görürəm bəxtinin dan ulduzunu  
Ağlar gözlərinin qarasında mən! 
 
O TAYLI GÖZƏLƏ 
 
Mən nələr çəkmədim sənin yolunda,  
Sənə toxunmasın ürək sözlərim.  
Ömür qəfəsindən uçdu quş kimi  
Aylı gecələrim, xoş gündüzlərim. 
 
Çox gəzdik... Nəhayət, günün birində  
Cənubun, Şimalın dağlıq yerində,  
Birləşdi Savalan ətəklərində,  
Ayaq izlərinlə ayaq izlərim! 
 
Açıldı lalətək eşqimin baxtı,  
Sinəmdən qan deyil, mahnılar axdı.  
Baxdı bir-birinə, doyunca baxdı  
Qara gözlərinlə ala gözlərim! 
  
 
 
 
 
 
 

____________________Azərbaycan Milli Kitabxanası___________________ 
38 
 
AYRILIQ MAHNISI 
 
Son görüşdə sahilində Arazın,  
Səssiz baxdıq bir-birinin üzünə.  
Qan çiləndi güllərinə bu yazın,  
Culfanınsa od ələndi düzünə. 
 
Sən də, mən də elimizin dililə  
Birgə sildik gözümüzün yaşını.  
Matəm çökdü bir qırpımda sahilə,  
Duman aldı boz dağlaının başını. 
 
Bir oldu ki, sənin, mənim düşmənim  
Səni məndən, məni səndən ayırdı.  
Bölünməzkən, yurdum, yuvam, məskənim,  
Bir ürəkli, bir vətəndən ayırdı. 
 
Mənə: "Getmə, qal" - dedin sən, qardaşım,  
Duydum təzə hicran yaran qan sızır.  
O gündən ta bu günəcən, qardaşım,  
Kəsilməyib ürəyimin ağrısı! 
 
MİN KÖNÜL QALACAQ 
 
Yaxamda xatirə səndən bir incə gül qalacaq,  
Gözümdəsə əbədi canlı bir şəkil qalacaq. 
 
Buna əminəm, əziz dost, sənin üzün güləcək,  
Cahanda zülm evininsə yerində kül qalacaq. 
 
Yadellilər köçəcəkdir tamam bu torpaqdan,  
Bu qəhrəman, bu vəfalı, bu şanlı el qalacaq. 
 
Vətənlə bir nəfəs alsa, yolunda can qoysa  
O şairin sözü şəksiz yüz il, min il qalacaq. 
 
Sabah gedərsən, əzizim, bunu yəqin bilirəm,  
Mənə vəfalı bu Təbrizdə min könül qalacaq. 
  
 
 

____________________Azərbaycan Milli Kitabxanası___________________ 
39 
 
DƏNİZƏM MƏN 
 
Təbrizli gözəl qız, yenə eşqimdə düzəm mən,  
Məndən uzaq olsan belə, üstündə gözəm mən. 
 
Qəsd eyləsə iqbalma bir kəs - məni səslə, 
Od parçasıyam, yandıraram, sanma közəm mən. 
 
Gördüm səni röyada dünən, söylədim, ey bəxt,  
Alqış sənə, cananla yenə üzbəüzəm mən. 
 
Sənsizliyi az bilmə, gülüm, rəngimə bir bax,  
Hicrində sənin gör necə solğun bənizəm mən. 
 
Təbrizli gözəl! Sanma Süleymanı vəfasız,  
Qarşında sənin körpə uşaqtək təmizəm mən! 
 
                   
                      HARDADIR? 
 
Öyrənin, ey durnalar, təbrizli yarım hardadır,  
Ellərin istəklisi, gülüzlü yarım hardadır? 
 
Xeyli vardır həsrətilə qövr edir qəlbimdə qəm,  
Gözləri yolda, əli nərgizli yarım hardadır? 
 
Ayrılıqdan od tutub hər gün çəkir könlüm haray,  
Eşqimin ilk, son sözü xoş sözlü yarım hardadır? 
 
Üz-gözündən min kərə öpsəm də azdır, kim desə - 
Ay təbəssümlü, qərənfil gözlü yarım hardadır? 
 
Şad xəbərlər gözləyir sizdən Süleyman, durnalar,  
Söyləyin, bir göyləri ulduzlu yarım hardadır? 
  
 
 
 
 
 
 

____________________Azərbaycan Milli Kitabxanası___________________ 
40 
 
               TƏBRİZLİ GÖZƏLLƏR 
 
Dünyaya dəyər nazlı, siyah gözlü gözəllər,  
Baldan da, şəkərdən də şirin sözlü gözəllər. 
 
İlham ala bilməz o qaranlıq gecələrdən  
Vicdanı təmiz, taleyi gündüzlü gözəllər. 
 
Mən Təbrizi gəzdikcə dünən söylədim, ey bəxt,  
Azdır belə dünyada gülər üzlü gözəllər. 
 
Bir gün açar öz eşqini öz yarına məncə,  
İllərlə əgər saxlasa da gizli gözəllər. 
 
Hər gün məni gözlər, bilirəm, gözləri yolda,  
Gəl-gəl, - deyərək əlləri nərgizli gözəllər. 
 
Təbrizdən uzaqsan, bilirik, qəm yemə,  
Rüstəm, Xatırlayacaqdır səni Təbrizli gözəllər! 
 
 
QƏBRİMƏ YAZSIN NƏQQAŞ 
 
Ey gözəl Təbrizimin dilbəri, gəl vəslə yol aç,  
Sənin hicrində ürəkdən süzülür gözlərə yaş. 
 
Sənə əl qaldıranın mən ovaram gözlərini,  
Qoymaram düz yolum üstündə dayansın qara daş 
 
Səni qurtarmaq üçün təkcə canımdan keçərəm,  
Mənim hər arzuma dünyada özünsən sirdaş. 
 
Bu uzun yolda məşəqqətlərim azdır, deyirəm,  
Çox bəlalar çəkəcəkdir sənin uğrunda bu baş. 
 
Deyirəm, bəlkə, gözüm bir də səni görməyəcək,  
Mən nahaq etmirəm, ey qız, yaşım artdıqca təlaş. 
 
Sakit olsun deyə torpaqların altında könül,  
Gözəlim, qoy adını qəbrimə yazsın nəqqaş. 
  

____________________Azərbaycan Milli Kitabxanası___________________ 
41 
 
 
 
SEVGİLİM 
 
Hara getsən belə vurğun könlümü  
Özünlə bərabər apar, sevgilim!  
İşdir aparmasan, ilham atını  
O sənin dalınca çapar, sevgilim! 
 
Ayrılıq yüküdür kürəyimdəki,    
Götür başından o qara örpəyi.  
Sən gəl öz əlinlə ürəyimdəki  
Yaranın közünü qopar, sevgilim! 
 
Sıxdı pəncəsində səfalət səni,  
Lakin yaşadacaq məhəbbət səni,  
Hər yana getsən də, nəhayət səni,  
Süleyman axtarıb tapar, sevgilim! 
Təbriz, 1942 
 
SƏNSƏN 
 
Günəşlə üz-üzə durmuş səadətim sənsən,  
Ətirli gül-çiçəyim, xoş təbiətim sənsən. 
 
Bütün gözəlləri səf-səf düzülsə dünyanın,  
Könül deyər ki, yeganə məhəbbətim sənsən. 
 
Səninlə keçdi gözəl günlərim, dəqiqələrim,  
Dilimdə nəğməyə dönmüş həqiqətim sənsən. 
 
Dalınca Təbrizə gəldim, vəfalıyam, dostum,  
Özün də yaxşı bilirsən ki, şöhrətim sənsən. 
 
Təbriz, 1942 
  
 
 
 
 
 

____________________Azərbaycan Milli Kitabxanası___________________ 
42 
 
 
 
TƏBRİZLİ GÖZƏLƏ 
 
Bir kitabtək qəlbini cananına aç, sevgilim, 
Yad sözündən, yad gözündən hər zaman qaç, sevgilim. 
 
Sənsizəm, canansızam, gəl bir xəbər tut yalqızam,  
Şux çiçəkdən incədir, qəlbin deyil daş, sevgilim. 
 
Küsməyin mənası varmı? Gözlərim yollardadır,  
Yaxşı olmaz çəkməsən cananına baş, sevgilim. 
 
Tapmıram, heç tapmıram sənsizliyin dərmanını,  
Görməyəydim, sevməyəydim mən səni kaş, sevgilim. 
 
Mən Süleyman Rüstəməm, nəğməmdə hər kəlməm gülər,  
Umma gəl, sən gözlərimdən bir də qan-yaş, sevgilim. 
 
Təbriz, 1942 
 
HARDASAN? 
 
Hardasan, ey ilk baharım, hardasan?  
Nazlı yarım, şux nigarım, hardasan? 
 
Pəncərəndən gəlməyir əsla işıq,  
Qalmayıb səbrim, qərarım, hardasan? 
 
Gözlərimdən quş kimi uçmuş yuxum,  
Getmiş əldən ixtiyarım, hardasan? 
 
Surətin bir an gözümdən getməyir,  
Hardasan olmuş şüarım, hardasan? 
 
Sübhü açdım gözlərimlə, yatmadım,  
Hardasan, Təbrizli yarım, hardasan? 
 
Təbriz, 1942 
  
 
 

____________________Azərbaycan Milli Kitabxanası___________________ 
43 
 
 
CƏNUBLU GÖZƏLƏ 
 
Sən gözəllər gözəlisən gözəllərin arasında,  
Qoy üzməsin yelkənimiz ayrılığın dəryasında.  
Yalnız sənə könül verdim, yalınz səni sevəcəyəm,  
Fərqi yoxdur olsam da mən dünyamızın harasında!  
Heç kim səni mənim kimi duya bilməz, sevə bilməz,  
Surətini gəzdirirəm qəlbimin saf aynasında.  
Sən o tayda, mən bu tayda, vüsalmı istər könül,  
Hər an səni düşünürəm bu azadlıq dünyasında.  
Mən razıyam, ömrüm boyu bir könüllü dustaq olum,  
Hər baxışda min söz deyən gözlərinin adasında.  
Günlər keçir durnaların payızdakı qatarıtək,  
Məhəbbətin çiçəklənir ürəyimin yarasında! 
 
Sentyabr 1960 
 
TƏBRİZLİ QIZ 
 
İllərdir dağda, daşda, gəzirəm həsrətinlə,  
Məni quca bilməyib ayrılığın qolları.  
Qəlbimə qüvvət gəlib sənin məhəbbətinlə,  
Yollar məni yormayıb, mən yormuşam yolları. 
 
Təkcə səni seçmişəm,  
Yüz körpüdən keçmişəm,  
Arazdan su içmişəm. 
 
Adını bayrağıma yazmışam, təbrizli qız!  
Ürəyimin başından asmışam, təbrizli qız! 
 
Sənsiz deyib-gülmərəm,  
Şənlik nədir, bilmərəm  
Dərdə üstün gəlmərəm. 
 
Versin gərək baş-başa dağlartək, təbrizli qız,   
O ürək, təbrizli qız, bu ürək, təbrizli qız! 
  
 
 

____________________Azərbaycan Milli Kitabxanası___________________ 
44 
 
 
 
Bir ürəyik, bir ürək,  
Arzuma yetəm gərək,  
İkinci "Şərq" peykitək. 
 
Gəl, dolanım min kərə başına, təbrizli qız!  
Gözlərinin son verim yaşına, təbrizli qız! 
 
Şöhrətin var dünyada,  
Ağ günləri sal yada,  
Əymə boyun cəllada! 
 
Yetər, yetər, dözmə gəl bu hala, təbrizli qız!  
Yol açaq mahmmızla vüsala, təbrizli qız! 
 
Ürəyimlə tanış ol,  
Vəslə ordan gedir yol,  
Deyim qoy yenə bir yol. 
 
Görüm yolun həmişə ağ olsun, təbrizli qız!  
Baxtın düşmən bağrına dağ olsun, təbrizli qız! 
 
Gəzmə pərişan kimi,  
Vuruş qəhrəman kimi,  
Baban Səttar xan kimi. 
 
Batırma göz yaşına çörəyi, təbrizli qız!  
Tax döşünə qurtuluş çiçəyi, təbrizli qız! 
 
İgidlər yata bilməz,  
Tənələr dada bilməz,  
Düşmənlər bata bilməz. 
 
Nə sənə, təbrizli qız, nə mənə, təbrizli qız!  
Könlümüzü vermişik vətənə, təbrizli qız! 
 
Gəl özünü sanma tək,  
Qəm oduna yanma tək,  
Yaman günündə gerçək. 
 

____________________Azərbaycan Milli Kitabxanası___________________ 
45 
 
Atımı yellər kimi çaparam, təbrizli qız!  
Mən səni harda olsan taparam, təbrizli qız! 
  
Hər günüm bir il oldu.  
Ürəyim tel-tel oldu,  
Hicran qəmi kül oldu. 
 
Sən mənim can evimdə gəzəli, təbrizli qız!  
Gözümdə gözəllərin gözəli, təbrizli qız! 
 
Təkcəsən bu yerdə sən,  
Qələm çəkib dərdə sən  
Yuyun şəfəqlərdə sən. 
 
Sən əməllər bağımda gülümsə, təbrizli qız!  
Ayımtək, günəşimtək gülümsən, təbrizli qız! 
 
Mahnılarım sənindir,  
İlk baharım sənindir,  
Bütün varım sənindir. 
 
Axıdaram yolunda qanımı, təbrizli qız!  
Demişəm qurban sənə canımı, təbrizli qız! 
 
Bir daha gəzsin deyə saçlarında bu əllər,  
Sahilləri oxşayan sərin dalğalar kimi.  
Könlümdə xoş arzular, əlimdə körpə güllər,  
Qapına əvvəlkitək gəlmişəm bahar kimi! 
 
1961 
 
TƏBRİZ GÖZƏLİNƏ 
 
Anır xəyalnı könlüm, gözəl mələk, hər yaz,  
Qıraq qanadlı göyərçintək eləyib pərvaz. 
 
Yaranmısan, görünür, varlığınla nazlardan,  
O can alan gülüşün naz, ədalı rəqsin naz... 
 
Səni ürəklə sevən aşiqin məhəbbətinə,  
Nədənsə, etmədin ömründə mərhəmət bir az. 

____________________Azərbaycan Milli Kitabxanası___________________ 
46 
 
  
 
 
Mənə məhəbbətinin yadigarıdır, gözəlim,  
Qırıq piyalə, qırıq bir könül, qırıq bir saz. 
 
Yanır vücudum əzəl gündən hicrinin oduna,  
Günəş sönərsə, səmadan mənim bu qəlbimi as! 
 
BİR XATİRƏ 
 
Hər kim ki, zəhər içsə gözəl yarın əlindən,  
Olmaz, bilirəm, zərrə peşiman əməlindən. 
 
Bir ev ki, məhəbbətdən uzaqdır, nəyə lazım,  
Heç kəs acımaz, uçsa o bir gün təməlindən. 
 
Könlüm quşu ilham alıb eylər yenə pərvaz,  
Bir zülfü pərişan, dodağı qönçə gəlindən. 
 
Hicran məni yandırdı... gözəl eyibsiz olmaz,  
Cananı xəbərdar eləyin el məsəlindən. 
 
Qəlbində yaran varsa da fəxr eylə, Süleyman,  
Bir xatirədir səndə bu, Təbriz gözəlindən... 
 
SAPA DÜZDÜM 
 
Təbrizli gözəl, mən səni gəzdim,  
Can dərdimi təsbeh kimi bir-bir  
Qəlbimdəki al qan sapa düzdüm. 
Heç kim dözə bilməz buna, heç kim,  
Mən bir dəli vəslin həvəsiylə  
İllər boyu hicranına dözdüm. 
Göz gəzdırərək yollara sən də, 
Yollar arayırsan bu vüsala. 
Mən gündəsən, ey qız, bunu sezdim. 
Can dərdimi təsbeh kimi bir-bir  
Qəlbimdəki al qan sapa düzdüm. 
  
  

____________________Azərbaycan Milli Kitabxanası___________________ 
47 
 
 
 
 
GETMƏYİB 
 
Biz söz verdik ayrılanda bir-birinə ürəkdən:  
Qismət olar, Allah qoysa, görüşərik yaxında.  
Vüsal günü çələng hörüb qızılgüldən, çiçəkdən,  
Ayaq altda qoç kəsərik Dəlibaba dağında. 
 
Neçə il var görməmişik bir-birinin üzünü,  
Gəl sanma ki, bu ayrılıq uzun illər sürəcək.  
Sən bu taya zilləyərək həsrət dolu gözünü,  
Soruşursan: dost dostunu bəs nə zaman görəcək? 
 
Qanlı döyüş yollarında ağarmışdır dik başım,  
Demə, demə, ürəyimiz arzusuna yetməyib.  
Mən görüşə inanıram, çünki, ey qan qardaşım,  
Əllərinin hərarəti əllərimdən getməyib! 
 
 
HƏSRƏT ÇƏKİRƏM 
 
Söhrab Tahirə 
 
Sənsizəm, vəslinin uğrunda müsibət çəkirəm,  
Durnalardan xəbər al, gör nə məşəqqət çəkirəm,  
Gecələr haqlı şikayətlə gəlirsən yuxuma,  
Düşünüb qəmli keçən ömrünü, xiffət çəkirəm.  
Görməyə bir kərə, bir anlığa solğun üzünü,  
Gündə mən yüz kərə yox, min kərə həsrət çəkirəm.  
Bil ki qəlbimdə mənim başqa qəmim, dərdim yox,  
Tək səninçün bu qədər qəmlənirəm, dərd çəkirəm.  
Vəslinə mən hələ yol tapmadığımçün deyirəm  
Millətimdən də, özümdən də xəcalət çəkirəm. 
  
 
 
 
 
 

____________________Azərbaycan Milli Kitabxanası___________________ 
48 
 
Təbriz yolu 
 
 
ORALIYAM MƏN 
 
İllərdir üzünə həsrət qaldığım,  
Doğma qardaşımdan aralıyam mən.  
Düşmənim də bilsin, dostum da bilsin,  
Hələ ölməmişəm, yaralıyam mən. 
 
Harda alnıaçıq insan görsəniz,  
Harda ürəklərdə üsyan görsəniz,  
Harda məktəbdən çox zindan görsəniz,  
Bilin o yerliyəm, oralıyam mən. 
 
Çoxdandır toy-düyün görməyib obam,  
Xırmanda özgəyçün iş görür yabam.  
Səttarxandır atam, Babəkdir babam,  
İndi bildinizmi haralıyam mən?! 
 
 
ARAZ DEYİR 
 
Göydə buludlarla toqquşur ahım,  
Başımın üstündə şimşəklər çaxır.  
Özüm də bilmirəm nədir günahım,  
Başıma yer-yerdən sərkilər yağır. 
 
Bülbüllər məskəni bir gülüstanı  
Deyirlər, ikiyə sən ayırmısan.  
Götürün üstümdən quru böhtanı,  
Bilsin təqsirini adıma yazan! - 
 
Yox, yaranmamışam mən göz yaşından,  
Göyərçin dalğalı Arazdır adım.  
Ay ellər, qardaşı qan qardaşından  
Ayıran ayırdı, mən ayırmadım! 
  
 
 

____________________Azərbaycan Milli Kitabxanası___________________ 
49 
 
NİGARANAM 
 
Araz sahilində gəzirəm yenə, 
Ürəyi söz dolu bir insanam mən. 
İllərdir gözlərim bu yollardadır, 
Öz qan qardaşımdan nigaranam mən. 
 
Nədir bu fəlsəfə, nədir bu hikmət? 
Başımdan yağarkən bu var, bu dövlət. 
Hicran bağçasında vüsala həsrət, 
Bağrı çarpaz dağlı bir bağbanam mən. 
 
Mən vurğun deyiləm şöhrətə, ada, 
Sadə bir şairəm, qoca dünyada. 
Düşəcək hərdənbir bu sözüm yada, 
Sanmayın beşgünlük bir mehmanam mən. 
 
Könlümdə müqəddəs bir həsrətim var, 
Ləkə götürməyən həqiqətim var. 
Görün, nə qəribə bir qismətim var, 
O taylı, bu taylı Süleymanam mən! 
 
 
AĞLADI 
 
Urmiya gölünə qan çilədilər,  
Ördəyim ağladı, qazım ağladı.  
Köçdü sahilindən nazlı gözəllər,  
Baharım ağladı, yazım ağladı. 
 
Başının üstünü dumanlar aldı,  
Meşələr yas tutub saçını yoldu,  
Dünyanın qəmləri qəlbimə doldu,  
Kamanım ağladı, sazım ağladı. 
 
İki hicran çəkən yenə qəm yedi,  
Yandı gözlərində eşqin məbədi.  
Biri Araz dedi, biri Van dedi, - 
Süleyman ağladı, Nazim ağladı. 
  
 

____________________Azərbaycan Milli Kitabxanası___________________ 
50 
 
KÖNÜL MAHNISI 
 
Dinlə, a Təbriz gözəli,  
Mən səni sevdim sevəli.  
Xoşladı hicran qapımı,  
Daşladı hicran qapımı.  
Yaxşı bilirsən bunu sən,  
Çox sevirəm yurdunu mən.  
Şahid olub eşqimizə,  
Şöhrətimiz Ərk qalası,  
Mahnı deyib orda bizə,  
Qüdrətimiz Ərk qalası.  
Baxmayaraq dərdə, inan,  
Bağrıma yazdım adını,  
Od kimi bağrımda yanan  
Ağrıma yazdım adını.  
Ayrılığın keçdi belə,  
Ayları da illəri də,  
Gəldi xəzan, verdi yelə,  
Əkdiyimiz gülləri də.  
Düşmənə diz çökməmişəm,  
Dərdə boyun əyməmişəm.  
Sən də mənimtəksən, a qız,  
Ay kimi göyçəksən, a qız.  
Gəl qulaq as bir də mənə,  
Ağlayıb, öz taleyinə  
Kəm demə, Təbriz gözəli,  
Qəm yemə, Təbriz gözəli.  
Mən bilirəm gün gələcək,  
Gül kimi bəxtim güləcək.  
Can sıxan hicran köçəcək,  
Səslənəcək arzularım,  
Hər gün Arazdan keçəcək  
Odlu könül mahnılarım! 
  
 
 
 
 
 
 

____________________Azərbaycan Milli Kitabxanası___________________ 
51 
 
UÇUNUZ 
 
Hara uçursunuz, bilim, durnalar!  
Mənim tərcümanım, dilim durnalar! 
 
Nə olar uçunuz mən deyən yerə,  
Sizə əhsən deyim gündə min kərə.  
Dolsun səsinizlə bütün dağ, dərə.  
Sizindir çəmənim, çölüm, durnalar  
Şəlaləm, dənizim, gölüm, durnalar. 
 
Gülməyin gözümdən axan yaşıma,  
Baharda qar yağıb mənim başıma.  
Neyləyim, acıma, qan qardaşıma  
Çoxdandır çatmayır əlim, durnalar.  
Bunu yaxşı bilir elim, durnalar. 
 
Arazdan o taya ötürün məni,  
Arzuma-kamıma yetirin məni.  
Paylayım sevinci, şeri, nəğməni,  
Dəysin dost əlinə əlim, durnalar,  
İkiqat olmamış belim, durnalar. 
 
Doğma Arazımın qırağındayam,  
Bir qaragözlünün fərağındayam  
Həm bacı, həm qardaş sorağındayam,  
Məni qorxutmayır ölüm, durnalar!  
El gülsün, mən də bir gülüm, durnalar. 
 
 
ÇÖRƏYİM, AĞLA 
 
Təbrizli bağlarda soldu gül-çiçək,  
Ağla, gülüm, ağla çiçəyim, ağla.  
İllərdir üzümə yollar bağlıdır,  
Araz şikayətli küləyim, ağla. 
 
Qoy yenə dilimdən od-alov saçım,  
Bu sahil toxumdur, o sahil acım. 
  
 

____________________Azərbaycan Milli Kitabxanası___________________ 
52 
 
 
 
Çörəyə həsrətdir, qardaşım, bacım,  
Ağla, süfrəmdəki çörəyim, ağla. 
 
Bilir nisgilimi bu el, bu ölkə,  
Ürəyim çətin ki, bu dərdi çəkə,  
Mən yüsal gününü görmədim bəlkə,  
Ağla, Araz gözlü ürəyim, ağla! 
 
 
BİR OVUC TORPAQ 
 
Dinlə mənim, ey təbrizli qan qardaşım, 
Bağrı yara can sirdaşım. 
Nə qədər ki, hicran kəsib yolumuzu, 
Sağımızı, solumuzu. 
Nə qədər ki, qələm tutur dərdimizi yazan əlim, 
"Yorulmuşam" kəlməsini lüğətimdən pozan əlim. 
Nə qədər ki, sönməyibdir ürəyimin odu, közü, 
Vüsal adlı diləyimin odu, gözü. 
Nə qədər ki, dünyamızı aydın, açıq görür gözüm, 
Nə qədər ki, ürəklərdə yuva salır şerim, sözüm, 
Nə qədər ki, öz yerində durur ürək, 
Həsrətinlə vurur ürək. 
Nə qədər ki, vüsalına yetməmişəm, 
Nə qədər ki, son mənzilə getməmişəm, 
Qoyma qalsın ürəyimdə bu arzu, bu həvəs, qardaş, 
Tələs, qardaş, 
Bircə ovuc torpaq göndər Bakıdakı qardaşına, 
Səni səndən artıq sevən sirdaşına, 
O torpağı məhəbbətlə bu torpağa qatım bağda, 
İllər boyu bəslədiyim xoş arzuma çatım bağda, 
Bəlkə bir az vəslə möhtac, hicran yüklü can 
                                                              dincəlsin, 
Bahar çağı bağçamızdan təbrizimin ətri gəlsin.  
Gəl qardaşım, qardaşını gəl dolandır öz başına,  
Çox demirəm, bircə ovuc torpaq göndər qardaşına! 
  
 
 

____________________Azərbaycan Milli Kitabxanası___________________ 
53 
 
AMANDIR, GETMƏ 
 
Təbrizdən ayrılarkən  
qardaşımdan eşitdiklərim 
 
Məni yalqız qoyub hara gedirsən,  
Bax bu göz yaşıma, amandır, getmə!  
Dərdli könlümdəki xoş arzuları  
Mübarək elinlə oyandır, getmə! 
 
Sənsən ürəyimə, ruhuma sirdaş,  
Qaralar geyəcək sən getsən dağ-daş.  
Qurbanam gəldiyin yollara, qardaş,  
Əməllərim sənə əyandır, getmə! 
 
Sənə göz dikmişdir bu el, bu oymaq,  
Üzünə baxmaqla mümkünmü doymaq?  
Sən öz evindəsən, deyilsən qonaq,  
Bağrı bu ellərin al qandır, getmə! 
 
Zülm ilə tapdandı gül bağım mənim,  
Söndü ayım, günüm, çırağım mənim.  
Sənsən yaman gündə dayağım mənim,  
Getsən yerim yenə zindandır, getmə! 
 
Demirəm, yaş töküb halıma ağla,  
Doğma qardaşınam yadında saxla.  
Özün öz əlinlə yaramı bağla,  
Göz yaşım dəryadır, ümmandır, getmə! 
 
Yüklə 2,14 Mb.

Dostları ilə paylaş:
1   2   3   4   5   6   7   8   9   ...   19




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin