Ali məktəblərdə tədris və istehsalat təcrübəsi təlim prosesinin xüsusi forması
olub, tələbələrin bilavasitə istehsalatda peşə-ixtisas biliklərinə, bacarıq və vərdişlərinə yiyələnmək imkanını təmin edir. Onların başlıca məqsədi tələbələrin istehsalat fəa- liyyətində nəzəri bilikləri möhkəmləndirmək və gələcək mütəxəssis üçün zəruri olan peşə bacarıq və qabiliyyətlərini formalaşdırmaqdan ibarətdir.
Ali məktəbdə verilən peşə-ixtisas sahələrindən asılı olaraq tələbələrin təcrübəsi iki istiqamətdə aparılır: a) istehsalat təcrübəsi; b) pedaqoji təcrübə.
İstehsalat təcrübəsi təhsilin həyatla, mütəxəssisin nəzəri hazırlığı ilə praktik fəaliyyətini əlaqələndirməyə kömək edir. İstehsalat təcrübəsi zamanı tələbələr müvafiq proqrama uyğun olaraq peşə-ixtisas sahəsi ilə əlaqədar nəzərdə tutulan işləri yerinə yetirir, yeni texnologiyalarla tanış olur, kurs və buraxılış işləri üçün material toplayırlar.
Pedaqoji təcrübə pedaqoji təmayüllü ali təhsildə çox mühüm yer tutur və yüksək ixtisaslı müəllim kadrları hazırlığı sisteminin ayrılmaz tərkib hissəsini təşkil edir. O, tələbələrin ali təhsildə qazandıqları nəzəri bilikləri pedaqoji prosesə tətbiq etməyə, onları pedaqoji fəaliyyətə əməli cəhətdən hazırlaşmağa kömək göstərir.
Pedaqoji təcrübənin təşkili və keçirilməsi qaydaları müvafiq əsasnamə ilə müəyyən edilir.
Təcrübə müddətində tələbənin işi bir neçə istiqamətdə qurulur: təlim, təebiyə, psixoloji iş, tədqiqatçılıq işi.
Tələbələr öz fəaliyyətlərini fərdi plan üzrə, dərslərin və tərbiyə tədbirlərinin xüsusi qrafiki əsasında həyata keçirirlər.
Təcrübənin sonunda metodist, pedaqoq və psixoloq görülmüş işlərə əsasən tələbələrin fəaliyyətini birlikdə qiymətləndirirlər. Pedaqoji təcrübə yekun konfransı ilə başa çatır.
Kurs və buraxılış işləri. Məsləhətlər
Kurs işi ixtisas və ya ümumi fənlərə həsr olunur. Onun məqsədi müəyyən elm sahəsi (fənn) üzrə nəzəri bilikləri tətbiq etmək, tədqiqat aparmaq, faktları təhlil edib ümumiləşdirmək bacarıqlarını formalaşdırmaqdan və bu bacarıqları aşkara çıxarmaqdan
ibarətdir. Kurs işi gələcək mütəxəssisin peşə-ixtisas hazırlığında böyük əhəmiyyət kəsb edir; tələbələrdə müstəqilliyin, elmi axtarış qabiliyyətinin inkişafına kömək göstərir.
Kurs işinin yazılması müəyyən mərhələlərdən ibarətdir: mövzunun seçilməsi, mövzuya daxil olmaq (mövcud ədəbiyyatla tanışlıq), plan tərtibi, mövzunun işlən- məsi metodlarının müəyyən edilməsi, işin icrası (nəzəri təhlil, təcrübi-eksperimental tədqiqat, alınan materialların təhlili, nəticələrin çıxarılması), işin müdafiəsi.
Kurs işini kafedranın yaratdığı xüsusi komissiya qəbul edib qiymətləndirir.
Buraxılış işləri mütəxəssis hazırlığının yekun mərhələsi ilə bağlı olub, təlimin mühüm təşkili formalarından biridir.
Buraxılış işinin yazılması mərhələləri kurs işindəki mərhələlərə uyğundur. Lakin o, kurs işindən fərqli olaraq daha geniş tədqiqatı əks etdirir, həcmcə də genişdir (40-45 səhifə). Buraxılış işləri müəyyən tələblərə cavab verməlidir:
- buraxılış işinin mövzusu aktual olmalı, elmi-praktik əhəmiyyət daşımalıdır; möv- cud ədəbiyyat ciddi öyrənilməli, təhlil edilərək tənqidi şəkildə qiymətləndirilməli- dir; buraxılış işi elmi-tədqiqat xarakteri daşımalıdır; kompleks tədqiqat metodla- rından istifadə edilməlidir; tədqiqatın məqsəd və vəzifələri aydın göstərilməlidir; tədqiqatın obyektiv aparılması təmin olunmalı, nəticələr aydın və dəqiq olmalı, əsaslandırılmalıdır; iş aydın, ədəbi dildə, qrammatik-orfoqrafik baxımdan düzgün şəkildə yazılmalıdır.
İş hazır olduqda ona iki rəy yazılır (biri elmi rəhbər olmaqla). Buraxılış işi fakültədə yaradılmış Dövlət Attestasiya Komissiyasının açıq iclasında müdafiə olunur və qiymətləndirilir.
Müstəqil elmi işinin yüksək forması magistr dissertasiyasıdır. O, magistrantın müstəqil tədqiqat işinin, yaradıcı axtarışlarının məhsulu olmaqla sırf elmi-tədqiqat xarakteri daşıyır və ona, buraxılış işinə nisbətən, daha yüksək tələblər verilir.
Dostları ilə paylaş: |