Dalarna turizm bölgəsi. Dalarna - Stokholmdan şimal-qərbə doğru, ölkənin daha bir daxili turizm bölgəsidir. Bu rayon xizək yürüşləri üçün çox əlverişlidir. Dalarna - özünəməxsus mədəniyyət, qədim sənətkarlıq və əski adət-ənənələr diyarıdır. İstirahət mərkəzləri arasında Serna, Selen, xüsusilə də Silyan gölü ətrafındakı Mura, Retvik, Leksand kurortları seçilir.
Laplandiya turizm bölgəsi. Ölkənin şimal hissəsində yerləşən bu turist bölgəsi, gözəl təbiəti və aborigenlərin özünəməxsus mədəniyyəti ilə daxili və əcnəbi turistləri cəlb edir.
Norveç. Şimali Avropada yerləşmiş Norveç Skandinaviya yarımadasının şimal və qərb hissəsini tutur. Şpitsbergen arxipelaqı, Yan-Meyen və ölkəyə yaxın yerləşmiş digər adalar da Norveçə məxsusdur. Şərqdə, İsveç, şimal-şərqdə Finlandiya və Rusiya ilə həmsərhəddir. Qərbdə Atlantik okeanına, şimalda Barens, cənubda isə Şimal dənizlərinə çıxışı var.
Norveç, sahilləri çox girintili-çıxıntılı olan ölkələrdən biridir. Bir çox bölgələrdə əzəmətli sıldırım qayalar sahil boyu şaquli divarlar kimi uzanır və ya dərin oyuqlar yaradaraq, sanki dəniz üzərində asılı vəziyyətdə qalırlar. Ölkənin qərb sahilləri uzun və dərin fyordlarla parçalanmışdır. Norveçin ən böyük fyordu, uzunluğu 200 km-dən çox olan Soqnefyorddur. Hardangerfyord, Tronheymsfyord, Oslofyordu böyük fyordlara aid etmək olar. Norveç dənizinin fyordları, dəniz tərəfdən çoxsaylı adalarla əhatə olunduğundan, fırtına, külək və dəniz cərəyanları dalğalardan yaxşı qorunur. Fırtına zamanı fyordlar, həmçinin gəmilər üçün yaxşı daldanacaq rolu oynayır. Norveç ərazisinin 70%-ni təşkil edən orta yüksəkli Skandinaviya dağları cənub-qərbdən – şimal-şərqə doğru bütün ölkə boyu uzanır. Norveçdə çoxlu göllər və iti axan astanalı və şəlaləli dağ çayları vardır. Şəlalələr Norveç çaylarına qeyri-adi gözəllik verir. Əsas çaylar – Logen, Beqna və Qlommadır. Sahilə doğru gələn mülayim dəniz cərəyanı və daim əsən mülayim qərb və cənub dəniz küləkləri, Norveç iqliminə böyük təsir göstərir. Norveç sahillərində dəniz donmur, fyordlar isə ilboyu naviqasiya üçün açıqdır. Şimal en dairəsi istiqamətində uzanmasına baxmayaraq, Norveç, Şimali Avropanın ən isti ölkəsidir.
Zəngin təbii ehtiyatlara malik olan Norveç iqtisadi cəhətdən yüksək səviyyədə inkişaf etmiş sənaye ölkəsidir. Norveçin qayalı sahilləri, mənzərəli fyordları, Şimalın toxunulmamış təbiəti, tarixi-memarlıq abidələri əcnəbi turistləri cəlb edir. İl ərzində Norveç əhalisinin təxminən yarısı səyahətdə olur. Norveçin beynəlxalq turizm əlaqələri fəal inkişaf edir. Norveçdə xarici turizmin mövsümülüyü özünü açıq şəkildə biruzə verir. Turistlərin yarıdan çoxu ölkəyə iyun, iyul və avqust aylarında gəlirlər. Norveç 2015-ci ildə 5.4 mln. nəfər turist qəbul etmiş, turizmdən əldə etdiyi gəlir isə 4.9 mlrd. ABŞ dolları təşkil etmişdir.
Norveçdə turistlərin toplaşdıqları əsas mərkəzlər - Oslo və ətrafı, Myosa göllər zonası və Qudbransdal, Bergen və ölkənin cənub-qərb sahilləri, Tronheym və Norveç dənizi sahilləri, fyordlar və ölkənin şimal bölgələridir.
Dostları ilə paylaş: |