Fransanın coğrafi mövqeyi və iqlim şəraitinin turizmin inkişafına təsiri
Avropanın qərbində Fransa dövləti yerləşir. Fransa dövləti cənubda İspaniya, Andora və Monako, şimal-şərqdə Belçika və Lüksemburq, şərqdə İsveçrə və İtaliya ilə həmsərhəddir. Şərqdən və şimal-şərqdən Almaniya torpaqları ilə hüdudlanır. Ölkə cənubda – Aralıq dənizi, qərbdə Atlantik okeanının Biskay körfəzi, şimal-qərbdə La-Manş və Pa-de-Kale boğazları ilə əhatə olunur.
Aralıq dənizindəki Korsika adası və dənizaşırı dörd departament (Martinika, Qvadelupa, Reyunyon və Fransa Qvianası), həmçinin dənizaşırı dörd ərazi (Fransa Polineziyası, yeni Koledoniya. Uollis və Futuna) və Sakit okeanda yerləşən Mayotta, Sen-Pyer, Nikelon və s. Fransaya məxsusdur. Ölkənin qərbində və şimalında alçaq, dairəvi təpəlikləri olan geniş düzənliklər (Paris hövzəsi, Luara, Sena və Hazonna çaylarının vadiləri) uzanır. Ölkənin mərkəzində və şərqində orta hündürlüklü–Mərkəzi Massiv, Vogez və Yura dağları yerləşir. Cənub-qərbdə Priney dağları İspaniya ilə təbii sərhəd yaradır. Ən yüksək zirvə - Pik-de Vinmaldır (3298 m). Ölkənin cənub-şərqində yerləşən Fransız Alplarının ən uca zirvəsi Monblan (4807 m) Fransanın və Qərbi Avropanın ən yüksək nöqtəsidir. Sena, Rona, Luara, Horonna və Reyn çayının bir hissəsi ölkənin əsas çaylarıdır.
Fransanın iqlim şəraiti il boyu turizmin inkişafı üçün çox əlverişlidir. Ölkənin şimal sahilləri üçün yumşaq qış və sərin yay daha səciyyəvidir. Şimaldakı dağlarla soyuq küləklərdən qorunan Aralıq dənizi sahilləri, Aralıq dənizi tipli subtropik iqlimi ilə seçilir. Burada qış mülayim, yay isə isti keçir. Fransanın dağlıq bölgələri, xüsusilə Alp və Pireney dağlarının iqlimi bir qədər sərtdir.
Fransa unitar respublikadır. 1958-ci ildə qəbul olunmuş konstitusiya müəyyən dəyişikliklər edilməklə qüvvədədir. Dövlət başçısı prezidentdir. Ali qanunverici orqan – parlament 2 palatadan – Milli Məclis və Senatdan ibarətdir. 14 iyul – Bastiliyanın alınması günü Milli bayram kimi qeyd edilir (1789).
Fransanın bir çox əyalətləri öz tarixi-coğrafi adlarını qoruyub saxlamışlar. Bunlar Lotaringiya, Elzas, Şampan, İl-de-Frans, Normandiya, Bretan, Burqindiya, Qaskon, Savoy, Provans, Langedok belə əyalətlərdəndir. Buna görə də Fransanın turizm bölgələri və mərkəzləri turist cəlb edilməsi baxımından fərqlənirlər. Paris şəhəri və onun ətrafı, həmçinin İl-de-Frans, Normandiya, Bretan, Burqundiya, Luara və Rona çaylarının vadiləri, Fransa Rivyerası, Korsika adası, Fransa Alpları və Pireney dağları Fransanın əsas turizm mərkəzləri və bölgələridir.