Alman əhalisinin yüksək hərəkətliliyi və geniş turizm əlaqələrinin olması bu ölkənin əsas xarakteristik xüsusiyyətlərindən biridir. Bu ölkənin özünə xidmət bölməsində olan yaşayış yerləri də yaxın dövrlərə qədər öz populyarlığı ilə fərqlənmişdir. Onların böyük bir hissəsi Bavariyadadır. XX əsrin 90-cı illərinə qədər Şərqi Almaniya da beynəlxalq standartlara cavab verən otellərin çatışmamsı hesabına turizm istənilən səviyyədə inkişaf edə bilməmişdir.
AFR və ADR-in birləşməsinə qədər Qərbi Almaniya bir çox ölkələrdən müxtəlif məqsədlərlə gələn çoxsaylı turistləri qəbul edirdi. Milli alman valyutası markanın kursunun yüksək olması, səyahətin baha başa gəlməsinə və istirahətə gələnlərin, xüsusilə də xarici turistlərin Almaniyada çox qala bilməmələrinə səbəb olurdu.Ölkəyə qohumların və dostların görüşünə gələn, xüsusilə ABŞ və Böyük Britaniyadan gələn turistlərin sayının çox olması bu ölkədə NATO-nun silahlı qüvvələrinin olması ilə izah olunur. Ölkəyə işgüzar səfərlərə gələnlərin əksəriyyəti Böyük Britaniya, Fransa, İsveçrə və Yaponiyadandır. Hannaver, Hamburq, Düsseldorf, Ştutqart, Münhen və digər şəhərlərdə keçirilən beynəlxalq ticarət yarmarkalarının, sərgi və konfransların keçirilməsi, işgüzar səfərlərin artmasına müsbət təsir göstərir. Almaniyanın Alp dağları Fransa və Aralıq dənizi sahillərinə gedən tranzit turistlərin də sayına təsir göstərir. Almaniyaya Şərqi Avropadan, xüsusilə də qonşu Polşadan şop-turlarla bir günlük çoxsaylı turistlər gəlir.
Alamaniyada getmə turizmi daim artmaqdadır. Almanların məzuniyyətini xarici ölkələrdə keçirməsi meyli ildən-ilə artır. Almanların məzuniyyətlərini keçirmələri üçün maraq göstərdiyi yer Aralıq dənizi sahilləridir. 1990-cı illərin sonlarından almanlar İspaniyaya istirahətə getməyə başlamışlar. İtaliyada ekoloji vəziyyətin ağırlaşması bu ölkəyə gələn Alman turistlərinin sayına xeyli təsir göstərmişdir. Belə ki, Almaniyadan bu ölkəyə gələn turistlərin sayı 20% azalmışdır. İsveçrə və Avstriyaya səyahət edən almanların sayı, xarici ölkələrə gedən almanların ümumi sayının 18,4%, Skandinaviya ölkələrinə gedən almanların sayı isə cəmi 5,1% təşkil edir. İspaniya, Portuqaliya, Türkiyə, Kipr ölkələrinə səyahət edənlərin sayı Almaniyanın birləşməsindən sonra artmışdır. Uzaq səyahətlərdə ABŞ-ın payı yüksəkdir. Uzaq Şərq alman turizm bazarı üçün cəlbedici ikinci region hesab olunur. Yaponiyaya, Sinqapura, Honkonqa biznes-turlar artmaqda davam edir. Bundan əlavə Tayland, Maldiv adaları, Şri-Lanka, Keniya və digər ölkələrdə istirahətə üstünlük verən digər almanların sayı da kifayət qədərdir.
Qərbi və Şərqi Almaniyanın birləşməsi turizm imkanlarının artmasına təsir göstərmiş, daxili turizmə maraq artmışdır. Bu orta təminatlı təbəqənin öz evlərinə yaxın və ucuz istirahət etməyə üstünlük verməsi ilə əlaqədardır.