Fransanın paytaxtı olan Paris XIX əsrdən turizm məkanlarından biri hesab edilir. Bu şəhər dünyanın ən iri turizm mərkəzlərindəndir. Həmrəylik, Vandom, Karusel kimi möhtəşəm və gözəl meydanları, Yelisey xiyabanı (1667-ci ildə salınmış, 1709-cu ildə indiki adını almışdır) turistlərin maraq göstərdikləri tarixi yerlərdir. Şəhər dar küçələr, Sakit parklar şəhəridir. Məsələn, tələbələrin Latın, rəssamların Monmartr məhəllələri buna misaldır.
Site adası – açıq səma altında qədim abidələr muzeyidir. 9 min nəfərlik tutumu olan Müqəddəs Məryəm kilsəsi 1163-cü ildə inşa edilmiş, orta əsrlərin memarlıq möcüzəsi hesab edilir. Bu kilsəni hər il 350 mindən çox turist ziyarət edir. Fransanın görkəmli şəxsiyyətlərinin məzarları yerləşən möhtəşəm Panteon, Zəfər tağı, milli teatr – Qrand Operanın binası, Ədalət məhkəməsi sarayı, Müqəddəs Maqdalina kilsəsi, Bonapart Napoleonun məzarı olan Əlillər məbədi, Parisin simvolu hesab edilən Eyfel qülləsi bu turizm mərkəzində yerləşir. Eyfel qülləsinin 2009-cu ildə 120 yaşı tamam oldu, yəni bu qüllə 1889-cu ildə inşa edilmişdir. Bu qülləyə hər il 3 milyona yaxın turist qalxır.
Parisdə çoxsaylı muzeylər arasında xüsusi yer tutan Luvr fransız memarlıq sənətinin misilsiz nümunəsidir. 1793-cü ildən muzey kimi fəaliyyətə başlamış Luvr muzeyində eksponatların sayı 4 milyona çatır. Muzeyə hər il bir milyondan artıq turist gəlir. 18 mart 1871-ci ildə Monmartrda dünyanın ilk inqilabı başlamış, Paris Kommunası yaradılmışdı. Paris kommunarlarının güllələndiyi Pyer-Laşez qəbirstanlığındakı divar Paris kommunası qəhrəmanlarının abidəsinə çevrilmişdir.
Fransa Rivyerası, Pireney və Fransa Alpları turizm bölgəsi
Fransa Rivyerası turizm bölgəsində Rona çayının mənsəbindən şərqə doğru Marsel şəhəri yerləşir. Marseldən İtaliya sərhəddinə qədər Aralıq dənizi sahilləri Fransa Rivyerası adlanır. Fransa Rivyerasının kurort mərkəzi olan Kann şəhərindəən Mentona kurortunadək 60 km-lik ərazi dənizkənarı Alp dağları ilə soyuq şimal küləklərindən qorunur. Bu ərazi mavi sahil adı ilə tanınır. Subtropik meyvələri ilə məşhur olan bu qeyri-adi mənzərəli zolaqda Fransanın ən dəbdəbəli sahil kurortları – Kann, Antib, Krode-de-Kan, Nitsa, Mentona yerləşir.