İkipilləli sementləmə üsulu Aşağıda qeyd edilən hallarda ikipilləli sementləmə üsulundan istifadə edilir:
1.Birpilləli sementləmə üsulundan istifadə etmək mümkün olmadıqda, yəni sement məhlulunu tələb edilən hündürlüyə qaldırmaq mümkün olmadıqda (texniki çətinlik, layların hidravlik yarılması ehtimalı olduqda).
2.Quyu dibində olan yüksək temperatura, bir pilləli sementləməyə imkan vermədikdə.
3.Qənaət etmək məqsədilə, yəni sement məhlulunu tələb olunan müəyyən hündürlüyə qaldırdıqdan sonra sementləmənin birinci pilləsi bitmiş olur. Sonra isə yuxarıda yerləşən məhsuldar layı başqa təsirlərdən qorumaq üçün ikinci pillə sementlənir.
İkipilləli fasiləsiz sementləmə aparmaq üçün yuxarıda yerləşən məhsuldar qatın dabanına yaxın məsafədə dəyanətli süxurlar yerləşən zonada xüsusi sementləmə muftası yerləşdirilir (quyuya endirilməzdən əvvəl xüsusi sementləmə muftası sınaq yoxlamasından keçməlidir).
İkipilləli fasiləsiz sementləmə üsulu aşağıdakı ardıcıllıqla yerinə yetirilir (şəkil 2.1).
Əvvəlcə quyu sementləməyə hazırlanır. Sonra quyuya birinci pilləni sementləmək üçün nəzərdə tutulan həcmdə sement məhlulu, bunun arxasınca basıcı maye vəzifəsini yerinə yetirən hesablanmış həcmdə qazıma məhlulu vurulur və aşağı sementləmə tıxacı buraxılır. Bunun üstündən ikinci pilləni sementləmək üçün nəzərdə tutulan həcmdə yenə sement məhlulu vurulur və yuxarı sementləmə tıxacı buraxılır. Bunun üzərindən isə basıcı maye vəzifəsini yerinə yetirən qazıma məhlulu vurulur.
Qazıma məhlulunun hərəkəti nəticəsində aşağı sementləmə tıxacı xüsusi sementləmə muftasının aşağı silindri içərisində yerləşdirilmiş (yəhər) isnad halqasi üzərinə oturdulur. İsnad halqasi kəmər içərisində olan maye sütununun və nasosun təzyiqi nəticəsində onu və aşağı silindri saxlayan boltları kəsir və xüsusi sementləmə muftasının aşağı silindrinin aşağıya doğru hərəkət etməsini təmin edir. Bunun nəticəsində yuxarı ikinci pilləni sementləmək üçün deşiklər açılır və sement məhlulu bu deşiklərdən kəmərarxası fəzaya çıxmağa başlayır.
a b c
Şəkil 2.1. İkipilləli sementləmənin sxemi:
a-aşağı tıxacın buraxılması; b-yuxarı tıxacın buraxılması;
c-sementləmənin sonu; 1- sement məhlulu; 2- qazıma məhlulu.
Bundan sonra basıcı maye vəzifəsini yerinə yetirən qazıma məhlulu yuxarı sementləmə tıxacını nasosun yaratdığı təzyiq hesabına xüsusi sementləmə muftasının yuxarı silindri içərisində yerləşdirilmiş isnad halqasi (yəhər) üzərinə oturdur. Bunun nəticəsində ikinci pilləni sementləmək üçün açılmış deşiklər bağlanır və manometrdə hidravlik zərbə müşahidə olunur. Beləliklə, ikipilləli sementləmə prosesi bitmiş hesab edilir.Sementləmənin keyfiyyətlə aparılmasını yoxlamaq üçün hidravlik zərbədən sonra sementləmə başlığının bağlanmış siyirtməsi açılır və manometrə diqqət yetirilir. Əgər kəmər içərisindən çıxan mayenin həcmi şlanqın və atqı xəttinin həcmi qədər olarsa, və manometrdəki təzyiq ani olaraq sıfıra düşərsə, deməli ikipilləli sementləmə müvəffəqiyyətlə yerinə yetirilmişdir. Bundan sonra sement məhlulunun tutuşmasını və bərkiməsini gözləyirlər. Sonra sementləmə başlığını açırlar, kəmər içərisinə balta ilə birlikdə qazıma kəməri buraxıb sementləmə tıxaclarını qazırlar, qazıma kəmərini sement stəkanına qədər buraxıb quyunu yuyurlar. Nəhayət kəmər arxasındakı sement məhlulunun qalxma hündürlüyünü təyin edirlər.