Press reliz n3704/126-16, 06. 06. 2016 Ombudsman İsmayıllıda ictimai dinləmələr keçirmişdir



Yüklə 20,39 Kb.
tarix16.02.2017
ölçüsü20,39 Kb.
#9000
Ombudsman aparatı

PRESS RELİZ

N3704/126-16, 06.06.2016


Ombudsman İsmayıllıda ictimai dinləmələr keçirmişdir
Azərbaycan Respublikasında insan hüquq və azadlıqlarının müdafiəsinin səmərəliliyini artırmaq sahəsində Milli Fəaliyyət Proqramının icrası, təbliği və tətbiqi vəziyyətinin monitorinqi ilə bağlı Ombudsman Elmira Süleymanova tərəfindən İsmayıllı rayonunda ictimai dinləmə keçirilmişdir.

İctimai dinləmə İsmayıllı Rayon İcra Hakimiyyətinin, hüquq-mühafizə orqanlarının, digər dövlət qurumlarının, bələdiyyələrin, habelə icmaların nümayəndələrinin, QHT-lərin və KİV-in təmsilçilərinin, fəal qadınların və gənclərin, geniş ictimaiyyətin iştirakı ilə təşkil olunmuşdur.

İlk öncə Müvəkkil və rayon rəhbərliyi Ümummilli lider Heydər Əliyevin abidəsini ziyarət etmiş, Ulu öndərin heykəli önünə tər çiçəklər qoymuşlar.

İsmayıllı Rayon İcra Hakimiyyətinin başçısı Mirdaməd Sadıqov tədbiri açaraq, Ombudsmanı salamlamış, bu ictimai dinləmənin əhəmiyyətini vurğulamış, Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin dəstək və qayğısı nəticəsində, Regionların sosial-iqtisadi inkişafı Proqramına müvafiq olaraq, respublikamızda, o cümlədən İsmayıllıda geniş abadlıq-quruculuq işlərinin davam etdirildiyini, habelə sosial-iqtisadi inkişaf siyasətinin uğurla həyata keçirildiyini, əhalinin vəziyyətinin yaxşılaşdığını bildirmişdir. Qeyd olunmuşdur ki, bu rayonda Mədəniyyət Mərkəzi, yeni Humanitar və Texnologiya Kolleci, Tikiş fabriki, Uşaq Kitabxanası, mehmanxanalar fəaliyyət göstərir. Yeni yaşayış evləri, məktəblər, inzibati binalar tikilmiş və ya əsaslı təmir olunmuşdur, turizmin inkişafı üzrə tədbirlər, Turist bazarının tikintisi davam etdirilir, Tikiş fabrikinin filiallarının və kiçik sexlərin, o cümlədən pendir və quru meyvə sexlərinin açılması nəzərdə tutulub. Görülən tədbirlər nəticəsində şəhərdə nəqliyyat infrastrukturu yaxşılaşdırılır, prospektə şəhərin tələblərinə uyğun  görkəm verilir. Rus icmasının yaşadığı İvanovka kəndində də işlər aparılmışdır.

M.Sadıqov həmçinin insan hüquqlarının müdafiəsinin vacibliyini və “Azərbaycan Respublikasında insan hüquq və azadlıqlarının müdafiəsinin səmərəliliyini artırmaq sahəsində Milli Fəaliyyət Proqramı”nın (MFP) əhəmiyyətini qeyd edərək, İsmayıllı Rayon İcra Hakimiyyəti tərəfindən rayonda insan hüquqlarının təmini və adı çəkilən sənədin icrası sahəsində görülən işlərlə bağlı ətraflı məlumat vermiş, vətəndaşların mərkəzdə və kəndlərdə səyyar qəbulu, müraciətlərin həllinə yönəlmiş tədbirlər haqqında danışmışdır.

Ombudsman bütün dünyada öz sənətkarları və nemətləri ilə tanınan İsmayıllı rayonunda keçirilən ictimai dinləmənin əhəmiyyətini vurğulamış, həmin gün qeyd olunan su və meliorasiya işçilərinin peşə bayramı münasibətilə onların nümayəndələrini təbrik etmişdir. O, iştirak etdiyi Dünya Azərbaycanlılarının IV Qurultayının Bakıda möhtəşəm keçirildiyini, belə qlobal tədbirlərin təşkil olunduğu ölkəmizdə 80-dən çox etnik qrupun əmin-amanlıq, sıx əməkdaşlıq şəraitində bir ailə kimi yaşadığını, dini və milli tolerantlığın hökm sürdüyü, Multikulturalizm ili elan olunduğu Azərbaycanda bütün sahələrdə inkişafın sürətlə davam etdiyini, insan hüquq və azadlıqlarının, o cümlədən milli azlıqların hüquqlarının müdafiəsinin, habelə sahibkarların hüquqlarının təmininin dövlətin diqqətində olan prioritet məsələlərdən olduğunu vurğulamış, habelə 10 milyona yaxın müraciətə baxmış ASAN Xidmətin uğurlu fəaliyyətini yüksək dəyərləndirmişdir.

E.Süleymanova ölkəmizdə gedən inkişaf prosesləri ilə yanaşı hərbi münaqişə şəraitində yaşadığımızı bildirmiş, bu ilin aprel döyüşləri haqqında məlumat vermiş, mənfur düşmən tərəfindən işğal olunmuş torpaqlarımızın bir qisminin geri qaytarılmasında Azərbaycan Respublikasının Prezidenti, Ali Baş Komandan cənab İlham Əliyevin rəhbərliyi altında ordumuzun və əhalimizin vəhdət təşkil etdiyini, yüksək nizam-intizamla, mütəşəkkil bir qüvvə kimi vahid səylərin birləşdirildiyini vurğulamışdır. O, aprel döyüşlərində İsmayıllı rayonundan olan əsgərin Vətən yolunda şəhid olduğunu bildirmiş, onun əziz ruhu ehtiramla yad edilmişdir.

Müvəkkil Ulu öndər Heydər Əliyevin 1998-ci il 18 iyun tarixli Sərəncamı ilə təsdiq edilmiş və ölkəmizdə insan hüquqları sahəsində ilk proqramı olan “İnsan hüquqlarının müdafiəsinə dair Dövlət Proqramı”, daha sonra ölkə başçısının müvafiq Sərəncamları ilə 2006 və 2011-ci illərdə təsdiq olunmuş Milli Fəaliyyət Planı və Milli Fəaliyyət Proqramının altı istiqaməti və ötən dövrdə həyata keçirilən tədbirlər barədə ətraflı məlumat vermişdir. Altı fəsildən ibarət olan həmin Proqramda insan hüquq və azadlıqlarının əsas meyar kimi rəhbər tutulduğu, müvafiq beynəlxalq müqavilələrdən irəli gələn öhdəliklərin həyata keçirilməsi və milli qanunvericiliyin beynəlxalq hüquqi sənədlərə uyğunluğu, diqqətə çatdırılmışdır. O, eyni zamanda qarşıda duran prioritetləri də qeyd etmiş, insan hüquqları sahəsində vəzifələrin birgə səylərlə uğurla həyata keçiriləcəyini vurğulamışdır.

Ombudsmanın işgəncələrin qarşısının alınması üzrə Milli Preventiv Mexanizm qismində fəaliyyəti, bu istiqamətdə görülmüş işlər, Milli Preventiv Qrupun saxlanılan şəxslərin öz iradəsi ilə tərk edə bilmədiyi 240 müəssisəyə, o cümlədən müvəqqəti saxlama yerlərinə və penitensiar müəssisələrə, miqrantların saxlama yerlərinə, habelə sosial obyektlərə, ahıllar və əlilliyi olan şəxslər üçün internat evləri və pansionatlara, psixiatriya xəstəxanalarına keçirilmiş başçəkmələr haqqında geniş məlumat verilmişdir.

Bu rayonda MFP-nin icrası, insan hüquqlarının müdafiəsi və digər zəruri məsələlər müzakirəyə çıxarılmışdır.

İnteraktiv şəraitdə keçən müzakirələrdə rayon məhkəməsinin sədri, Uşaq və ailələrə dəstək Mərkəzinin direktoru, Humanitar və Texnologiya Kollecinin direktoru, fəal qadınlar və digər iştirakçılar çıxış edərək, təmsil etdikləri qurumların fəaliyyəti, rayonda MFP və insan hüquqları üzrə keçirilmiş tədbirlər, üç kənddə torpaq sürüşməsi olmasına baxmayaraq, Fövqəladə Hallar Nazirliyinin əməkdaşları tərəfindən təxirəsalınmaz işlərin görüldüyü, hüquqi maarifləndirmə, dövlət qurumları tərəfindən vətəndaşların qəbulu, qadın hüquqları və digər məsələlər barədə məlumat vermişlər. Eyni zamanda rayonda bəzi problemlər, o cümlədən münaqişəli ailələrin olması və boşanmalar, bunun nəticəsində uşaqların əziyyət çəkdiyi və hüquqlarının pozulduğu, habelə bəzən əmək müqavilələrinin bağlanmaması, banklara kreditlərin qaytarılmaması, kreditlərlə bağlı dələduzluğun artması və bunun nəticəsində zamin duran şəxslərin aldanması vurğulanmışdır. Rayonda ali məktəbin regional filialının açılmasının zəruriliyi diqqətə çatdırılmışdır.

Ombudsman bu problemlərin aradan qaldırılması, MFP-nin uğurla həyata keçirilməsi üçün rayon sakinlərini birgə səylər göstərməyə və fəal olmağa çağırmışdır.

İştirakçılar ölkəmizə, o cümlədən İsmayıllı rayonuna göstərdiyi qayğıya görə dövlət başçısına minnətdarlıqlarını bildirərək, MFP-nin icrası məqsədilə həyata keçirilən tədbirləri dəstəklədiklərini, müvafiq tədbirlər planına əsasən, əhalinin bu prosesdə fəal iştirak etdiyini vurğulamış, səmərəli müzakirələrə görə Müvəkkilə təşəkkür etmişlər.

Tədbirin sonunda MFP-nın hər il üzrə icra vəziyyəti ilə bağlı nəşr olunan kitablar, MFP-nin nüsxələri, İctimai iştirakçılıq haqqında qanunvericilik, təsisat tərəfindən hazırlanmış digər maarifləndirici vəsaitlər təqdim olunmuşdur.

Sonra Müvəkkil vətəndaşları qəbul etmiş, müraciətlərini dinləmiş, onların məsələlərini öyrənərək səlahiyyətləri çərçivəsində tədbirlər görəcəyini bildirmişdir.

Rayonda abadlıq-quruculuq işlərinin uğurla davam etdirildiyi müşahidə olunmuşdur.

E.Süleymanova İsmayıllıdakı müasir internet şəbəkəsi və avadanlıqla təchiz olunmuş Uşaq kitabxanasına getmiş, burada bağça uşaqları üçün nəzərdə tutulmuş zala, nağıl otağına, Cizgi filmləri zalına, 3 D kinozalına, ümumi oxu zalına, kitab rəflərinə və elektron kitablara baxış keçirmiş, buradakı uşaqlarla söhbət etmiş, kitabxananın fəaliyyətini müsbət qiymətləndirmişdir.

Habelə əsaslı təmir olunaraq yenidən qurulmuş İsmayıllı Rayon Mərkəzi Xəstəxanasına da baxış keçirilmiş, şöbələrin fəaliyyəti barədə məlumat alınmışdır. Xəstəxanada xidmətlərin ödənişsiz olduğu, imtiyazlı xəstələrə dövlət tərəfindən pulsuz dərman preparatları verildiyi diqqətə çatdırılmışdır. Müvəkkil müntəzəm olaraq hamilə qadınlara patronaj xidmətin göstərilməsini, ailə planlaşdırılması və reproduktiv sağlamlıqla bağlı maarifləndirmə işinin davamlı aparılmasını, pasientlərin sağlamlıq hüquqlarının diqqətdə saxlanılmasını tövsiyə etmişdir.

Səfər çərçivəsində İşgəncələr əleyhinə Milli Preventiv Mexanizmin funksiyalarının icrası məqsədilə Ombudsman İsmayıllı Rayon Polis Şöbəsində olmuş, müasir standartlara uyğun müvəqqəti saxlama yerinə, o cümlədən istintaq, tanınma, görüş, həkim və ibadət otaqlarına başçəkmə həyata keçirmiş, müvafiq sənədlərin qanuniliyi yoxlanılmış, saxlanılan şəxslərlə söhbət aparmış, hüquqlarını izah etmişdir. Həmin şəxslər burada saxlanılma şəraitindən və müəssisə əməkdaşlarının onlara qarşı rəftarından narazılıq etməmişlər.

Eyni zamanda İşgəncə əleyhinə Konvensiya və onun Fakultativ Protokolunun tələbləri polis şöbəsinin rəhbərliyinə və əməkdaşlarına izah olunmuş, hər həftə polislər üçün keçirilən dərslərdə tədris edilməsi tövsiyə olunmuşdur.


Mətbuat xidməti
Yüklə 20,39 Kb.

Dostları ilə paylaş:




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin