Qabriel Qarsia Markes "Patriarxın payızı" Roman Latın Amerikasının Nobel mükafatı laureatlı dünyaşöhrətli yazı



Yüklə 1,46 Mb.
Pdf görüntüsü
səhifə14/27
tarix07.01.2017
ölçüsü1,46 Mb.
#4774
növüYazı
1   ...   10   11   12   13   14   15   16   17   ...   27
səsinin açılmasına kömək etməlidi, sonra özü də quşlara qoşulub köhnə, 
unudulmuş mahnılardan oxuyurdu: «Ah, yanvar Ayı!..» və yenə də heç cür başa 
düşə bilmirdi ki, quşların səsi heç də tutulmayıb, sadəcə, onun qulaqları pis eşidir. 
 
понедельник, 8 июня 2009 г. 
Bir dəfə isə, gecə yarısı qulağındakı vıjıltı səsi yerli-dibli yoxa çıxdı, elə bil çilik-
çilik olub söndü, qeybə çəkildi, bunun əvəzinə isə qulağına, arada bir uzaqdan-
uzağa, hakimiyyət dumanının ilğımında üzən gəmilərin zəif fitləri güclə eşidilən 
yumşaq hava doldu… sonra o, hansısa qondarma küləklərin səsini eşitməyə 
başladı, külək səsinin içinə quş civiltiləri də doldu, quşlar elə bil onun ürəyinin 
içində cükküldədilər və bu cükkültü onu, quşlarının uzun-uzadı faciəvi lallığı 
dərdini çəkməkdən xilas elədi; o vaxt dövlət iqamətgahına buraxılan bir neçə 
adamın, onu saat ikidən bu yana, günün ən isti saatlarını keçirdiyi talvar 
 
84

kölgəsində, hörmə yelləncək kresloda oturan yerdə tapmağa ixtiyarı çatırdı; o, öz 
yelləncək kreslosunda otura-otura, yuxularının arasından – yaxınlıqdakı məktəbdə 
oxuyan qızların, sarayın bir o qədər də möhkəm mühafizə olunmayan arxa 
darvazalarına dırmaşıb onu – yuxusuz mürgülər içində gicgahında saralmış 
məlhəm otları tərpənmədən oturub qaldığı vəziyyətini müşahidə etməyini, sapsarı 
gün şüalarının, talvarın yarpaqları arasından üstünə süzüldüyündən, ala-pələng 
bəbirə oxşamağına, manterrayanın – «dəniz iblisinin» ağzı kimi açıq qalan ağzına 
baxdıqlarını görürdü. «Qoca kaftar!» - deyə qızlar onu cinlədir, o isə onların nə 
dediyini eşitmir, onlara, havanın titrək bürküsündən baxa-baxa, mehriban-
mehriban əl eləyirdi; o, mığmığaların qulaqbatıran vızıltısını da eşitmirdi, o 
ümumiyyətlə heç nə eşitmirdi, bircə bataqlıqlar və dəniz xərçənglərinin iyini 
eşidirdi, bir də, toyuqların arada bir asta-asta dimdiklədiyi ayaqlarının barmaqlarını 
tərpərdirdi. Onun real dünyayla bircə əlaqəsi, cəmi-cümlətanı bir neçə qiymətli 
xatirələri idi, dövlət işlərindən uzaqlaşdığı gündən bəri o, bircə bu xatirələrlə 
yaşayır, heç nə fikirləşmədən, dumanlı hakimiyyət havasında gicəllənməklə 
məşğul olurdu: adamsız, tənha sarayın dəhlizləriylə sürünərək, boş kabinetlərdə 
gizləndiyi gecələr, orda məruzə vərəqlərinin kənarlarını qopararaq, boş 
haşiyələrində zərif xəttiylə sönük xatirələrini - onu ölümdən xilas edən xatirələrini 
yazdığı gecələr, qocalığın ölüm qorxusu yellərinə sinə gərib davam gətirməyə, ona 
yenə yalnız və yalnız bu xatirələr kömək olurdu. 
Belə gecələrin birində o, öz zərif xəttiylə: «Mənim adım Sakariasdır!» - sözlərini 
yazdı, sonra bu sözü mayakın işığında ötəri oxudu, sonra bir də və bir də oxudu; o 
qədər oxudu ki, öz adı ona yad göründü. Sonra: «Axı bu, sənin nəyinə lazımdı?...» 
- deyə özü-özündən soruşdu və kağızı tikə-tikə cırıb yerə tökdü. «Mən elə 
mənəm!» Sonra ayrı kağız götürüb orda yazdı ki, yüz yaşı tamam olub; bu, həmin 
o dövr idi ki, kometanın ikinci gəlişi də baş vermişdi; əslinə qalsa, o özü buna 
dəqiq əmin deyildi, çünki kometaların gəlişlərini hansı dövrlər və neçə dəfə 
gördüyünü dəqiq xatırlamırdı; o biri kağız zolağında isə: «Namuslu döyüşdə 
yaralananlara eşq olsun, qəsbkarların tapdağı altında ölən cəsur döyüşçülərə eşq 
olsun!» yazdı; bu yazılar elə bir dövrə aid idi ki, o dövr haqqında indi nə desən, 
yazmaq olardı. Sonra o, bir parça karton götürüb: «Ayaqyolunda biabırçı əməllərlə 
məşğul olmaq qadağan edilsin.» – yazdı və kartonu aparıb ayaqyolunun qapısına 
yapışdırdı: həmin ayaqyolunun ki, bu yaxınlarda orda o, tamamilə təsadüfən 
yüksək rütbəli bir zabitin biədəb əl şuluqluğunun şahidi olmuşdu, sonra qayıdıb 
yenə yadına düşənləri bir-bir yazmağa başlamışdı. «Letisiya Nasareno, - o 
yazmışdı – mənim yeganə qanuni arvadımdır». Letisiya Nasareno həmin qadın idi 
ki, ona lap qoca vaxtlarında yazıb-oxumağı öyrətmişdi, odu ki, indi yaddaşında 
onun xatirəsini oyatmaq istəyirdi, cəmiyyət içində milli bayrağı xatırladan ikirəngli 
çətiri ilə, boynundakı qara tülkü dərisi ilə o biri qadınlardan fərqlənən birinci 
xanımın obrazını gözünün qarşısında canlandırmaq istəyirdisə də, arvadı onun 
yadına yalnız bir vəziyyətdə – çılpaq bədəni ilə miçətkənin arasında, günorta 
bürküsünün ağappaq işığı içində uzanan yerdə düşürdü; yadına, onun, elektrik 
ventilyatorunun sərin vıjıltısı altında uyuyan yumşaq, ağ bədəninin yuxulu cizgiləri 
düşürdü; onun döşünün bərkliyini, it iyinə bənzər iyini, iş üzü görməyən sütül 
qollarının qoltuğundan gələn kəskin tər iyini hiss edirdi; həmin o tər iyi ki, qoxusu 
 
85

südü çürüdürdü, qızılı paslandırırdı, gülləri soldururdu, lakin sevgi anlarında bu 
qollar nə qədər gözəl olurdu?!.. Letisiya Nasarenoya ağlasığmaz bir məsələni həll 
etmək müyəssər olmuşdu – sevgi saatlarında onu soyunmağa məcbur etmək. «Sən 
Allah, o, uzunboğazlarını çıxart – o deyirdi – yoxsa, mənim döşəkağılarımı 
bulayacaqsan». – O da onları soyunurdu. – «Sən Allah, o dəbilqələrini də soyun, 
yoxsa dəmir düymələrin ürəyimin başını deşəcək.» - o da onları soyunurdu, «Sən 
Allah, o qılıncını da, qayışını da çıxar, hamısını çıxar ki, səni hiss eləyə bilim, 
həyatım mənim.» - və o, nə əvvəllər, nə də Letisiya Nasarenodan sonra dünyada 
heç bir qadınla eləmədiyi kimi, əynində nə vardısa, hamısını çıxarıb bir kənara 
atırdı. «Mənim yeganə və həqiqi məhəbbətim» - deyə ah çəkir və ahlarını həmin o 
Nuh əyyamının uzun-uzun məruzələrinin kənarlarından soyub çıxardığı saralmış 
kağız zolaqlarına yazır, sonra bu zolaqları siqaret kimi bürmələyib sarayın içini 
dörd dolaşaraq, ən gizli yerlərində, dəlmə-deşiklərdə gizlədirdi; onları elə yerlərdə 
gizlədirdi ki, sonradan tapa bilsin. Odu ki, bu yazılar heç vaxt heç kim tərəfindən 
tapılmadı. 
Letisiya Nasarenonun surəti də, bir gün onun yaddaş borularından süzülüb ha 
tərəfəsə axdı və onun yaddaşında tək bir xatirə – anası Bendisyon Alvaradonun 
xatirəsi qaldı; onun son günlərini, qayanın üstündəki malikanəsində, yamyaşıl 
artırmada, oğlu ölməyini başa düşməsin deyə, qucağındakı ləyəndə qarğıdalı 
dənələrini qarışdırıb toyuqları çağıra-çağıra, öz yelləncək kreslosunda oturan yerdə 
ölməyini, tamarinlərin kölgəsində asılmış tor yelləncəkdə yellənərkən, ağrıdan 
güclə nəfəs aldığını oğlu sezməsin deyə, öz ayaqlarıyla gedib ona meyvə şirəsi 
gətirməyini xatırladı; ona, heç kimin köməyi və iştirakı olmadan hamilə olan, onu 
təmtəkcə doğan; diri-diri çürüyüb irinlədiyi xəstə vaxtlarında dinib danışmayan, 
yalnız ağrıları dözüm kasasını daşdıranda, oğlundan, təbiətinə uyğun olmayan bir 
yazıqlıqla: «Bir kürəyimə bax, gör, orda nə var, niyə ora elə od tutub yanır, elə 
yanır ki, daha dözə bilmirəm!» - deyə xahiş edib köynəyini soyunaraq kürəyini ona 
sarı çevirərkən, dəhşətdən nəfəsi tutula-tutula, içində qurdlar qaynaşan üfunətli 
irinli yaralarını gördüyü anasını xatırladı. 
Axı o dövrlər, pis vaxtlar idi, mənim generalım, o vaxtlar elə bir dövlət sirri 
deyilən elə bir məsələ yox idi ki, camaat ondan xəbər tutmasın, elə bir əmr yox idi 
ki, ona əmmasız əməl edilməsin. Ələlxüsus da bu, bayram süfərsinə ən lətif xörək 
kimi verilən general Rodriqo de Aqiların qovurmasından sonra məlum oldu. Lakin 
onu narahat eləyən, həyəcanlandıran, bu deyildi. Dövlət işlərindəki çətinliklər, 
Bendisyon Alvaradonun, oğlunun otağı ilə bitişik otaqda, xəstəliyin aramlı 
alovunda qovrulduğu vaxtlar bütün əhəmiyyətini itirmişdi; onu bura, xəstəliyinin, 
ağır vəba, qoturluq, yaxud ayrı bir naməlum asiya zəhrimarı olmadığı, bunun 
hansısa hindu cadusu olduğu və bu cadunun yalnız onu törədənlər tərəfindən 
aradan götürülməsinin mümkün olduğu, asiya xəstəliklərindən yaxşı baş çıxaran 
həkimlər tərəfindən müəyyənləşdiriləndən sonra yerləşdirmişdilər. Onda o, bunun 
ölüm olduğunu anlamışdı və səhər-axşam özünü anasına həsr eləməyə ithaf 
etmişdi, o, otağın qapısını isəri üzdən açarlayıb, arvada əsl ana qayğısıyla qulluq 
eləyirdi; o, böyük məmnuniyyətlə, özü çürüməyə hazır idi, təki heç kim anasının, 
diri-diri soxulcanlara yem olmasını görməsin; bu məqsədlə əmr də vermişdi ki, 
anasının bütün toyuqlarını, tovuzquşlarını, digər quşlarını saraya gətirsinlər, təki 
 
86

anası, öz kənd işləri üçün, evi üçün, həyəti üçün darıxmasın; anasının bədənindən 
gələn üfunətli irin iyini heç kim hiss etməsin deyə, bix ağacının ətirli budaqlarını 
öz əlləriylə yandırıb tüstülədirdi, bu yaralara öz əlləri ilə cürbəcür yaxmalar çəkir, 
anasının, buna qədər çəkdiyi digər yaxmalardan qızarıb saralan, göyərən bədənini, 
cadudan ölüm kimi qorxan səhiyyə nazirinin etirazlarına məhəl qoymadan, türk 
balzamıyla müalicə eləməyə çalışırdı. «Cəhənnəm olsun hamısı, - o, deyirdi – 
ikimiz də bir yerdə ölsəydik, pis olmazdı!» 
Bendisyon Alvarado isə başa düşürdü ki, tək ölür, oğluna öz keçmişindən 
danışmağa tələsir, olub keçənləri, bütün sirli işlərini heç cür özüylə qəbir evinə 
aparmaq istəmirdi; oğluna, doğuşdan sonra içindən çıxarıln ciftin donuzlara 
atılmasından, küçədən ötüb keçən cavanlardan hansının, uşağın atası olduğunu 
müəyyənləşdirməyə çalışdığından, necə boylu olmağından – qəlyanaltıxananın 
arxa otağında çaxır çəlləklərinin arasında vızıldaşan gümüşü çalarlarlı göyümtül 
milçəklərin əlindən göz aça bilmədən, şlyapasını belə başından çıxarmağa macal 
tapmadan, ayaq üstə dayandığı yerdə hamilə olmasından danışdı. Vaxtından xeyli 
əvvəl, bir avqust səhəri, qadın monastrının darvazaları altında anadan olarkın, 
ətirşaha bənzər küçə fənərlərinin solğun işığında, körpənin yumurtalığının birinin 
əncil böyüklüyündə olduğunu gördüyündən danışdı. - «Sən ağlayırdın və işəyirdin, 
nəfəsin sinəndən, tuluq zurnasının səsinı çıxara-çıxara, qırıq-qırıq çıxırdı...» Bazar 
günləri anası onu meydana gətirir, monastr rahibələrinin ona bağışladığı əskiləri 
körpənin bədənindən açıb çılpaq uşağı camaata göstərirdi ki, bəlkə kimsə 
dəbəlikdən, raxitlikdən və sairədən müalicə üçün ona ucuz və etibarlı dərman adı 
məsləhət görə. Ona deyirdilər ki, hamısından yaxşısı, arı balıdı, deyirdilər, alın 
yazısını pozmaq olmaz, deyirdilər, uşaq böyüyəndə, nəfəsli alətlərdə çalmaqdan 
savayı əlindən hər iş gələcək; günlərin bir günü isə təsadüfən küçədən keçən qara-
qışqırıqçı bir falçı uşağa yaxınlaşaraq, vay-şivən qoparanacan, körpəyə bir o qədər 
də məhəl qoyan olmadı. Falçı isə uşağa baxıb təəccüblə: «Bu uşağın ovcunda tale 
xətləri yoxdu ki?! Bu o deməkdi ki, körpə - padşah olacaq!» - demişdi. «Görürsən, 
demək o, səhv eləməmişdi, oğul…» - anası deyirdi; o isə anasının danışdığı bütün 
bu tarixi səlnamələri, can verən adamın sayıqlamaları hesab edərək, arvada 
yalvarırdı ki, keçmişdə olub-keçənləri az eşib-töksün, ondansa, bir az yuxulasın. O, 
anasına yalvara-yalvara, onu çit döşəkağıya səriyirdi və bu sayaq yaraları 
incitməyən çoxlu nazik və yumşaq döşəkağılar tikdirməyi əmr etmişdi. Gecələr 
anasını böyrü üstə uzadıb, ona, körpə uşağı yatıran tək, lay-lay deyir, qadınsa 
gözünə yuxu getmədən, əli sinəsində uzanıb qalırdı. – «Bax belə, anacan. Olub-
keçənləri yada salmaq lazım deyil. Olan oldu, keçən keçdi, mən də, budu ha, 
gözünün qabağındayam.» O çalışırdı ki, anasının bu cür diri-diri çürüməsindən 
saraydan kənarda xəbər tutmasınlar; rəsmi dövlət mənbələri Bendisyon 
Alvaradonun xəstəliyi barədə saxta bülletenlər nəşr edir, bu bülletenləri ictimai 
yerlərdə carçılar bərkdən-bərkdən oxuyurdular, bu səbəbdən, prezidentin anasının 
əsl xəstəliyi barədə söz-söhbətin qabağını almaq heç cür mümkün olmurdu. 
Carçılar növbəti bülleteni oxuyandan sonra şifahi surətdə təsdiq edirdilər ki, can 
verənin otağından gələn üfunətli çürümə iyi axır vaxtlar o qədər kəskinləşib ki, 
həyətdəki cüzamlı xəstələr belə bu iyidən ordan baş götürüb qaçıblar. Onlar 
danışırdılar ki, can verən xəstəni, başı, yenicə kəsilmiş qoyunların qanında 
 
87

çimdirirlər, deyirdilər, arvadın altından yığılan döşəküzülərin irinli ləkələri 
qaynatmaqla da getmir, prezident özü isə heç fermaya da ayaq basmır, ən çətin 
məqamlarında baş çəkdiyi arvadlarına belə dəymir, deyirdilər prezident, anası üçün 
dua oxumağa gələn arxiyepiskopun özünü belə qapıdan qaytarararq: «Burda ölən-
zad yoxdu, müqəddəs ata! Camaatın boş şaiyələrinə inanmayın!» - deyib. 
O, üfunətli iyə məhəl qoymadan anasıyla bir nimçədən, bir qaşıqdan yeyir, hər 
axşam yatmamışdan əvvəl onu çimdirir, onu ən nəcib itin piyindən bişirilmiş 
sabunla sabunlayır, anasının vəsiyyətlərini – ölümündən sonra onun heyvanlarıyla 
necə rəftar edilməli olduğu, onlara necə qulluq göstərilməli olduğu barədə 
dediklərini ürəyinin başı sökülə-sökülədinləyir və bu söhbətlərdən kövrəlirdi. 
«Tovuzquşuların lələklərini qoparıb şlyapalara vurmağı qadağan edirəm...» - 
deyəndə, axırıncı kəlmədə anasınının səsi əsmişdi. O isə arvadın bədənini qətran 
yağı ilə yağlamağına davam edə-edə, onun bütün əmrlərinə: «Yaxşı, anacan.» - 
deyə cavab verirdi. «Quşları bayramlarda oxumağa məcbur eləməyin...» - «Yaxşı, 
ana.» - deyə o, söz verirdi və arvadı təmiz döşəkağıya səriyirdi. «Qasırğadan qabaq 
quş yuvalarından yumurtaları yığışdırın, yoxsa ətcəbalalar quşların altında qalıb 
boğular...» «Yaxşı, ana.» - o deyirdi və arvadın əlini ürəyinin üstünə qoyurdu. – 
«Sən rahat yat».  
O, anasının alnından öpür, çarpayısının yanında döşəmənin üstünə uzanır, üzünü 
döşəməyə söykəyəyərək, arvadın yuxusunun istiqamətini izləyir, ölüm 
yaxınlaşdıqca, get-gedə məntiqə minən sonsuz sayıqlamalarını xüsusi bir diqqətlə 
dinləyirdi. Günlərin bir günü, sonsuz gecələrlə üst-üstə yığılan qəzəbi, kin-
kudurəti, kədərli bir bazar ertəsinin sübhündə, sübhün vahiməli səssizliyində əriyib 
yoxa çıxdı. Həmin səhər o, yuxudan, doğma anası Bendisyon Alvaradonun 
nəfəsinin dayanmasına oyandı. Ayağa qalxıb, arvadın yara-xoralı bədəninə 
bürüdüyü döşəkağını açdı, bir müddət sübhün səsinə – ara-sıra eşidilən xoruz 
banlarına diqqət kəsildi, sonra qəfildən, səhərin bozumtul ala-toranında, 
döşəkağıda, anasının bədəninin qalan izi - qadın bədəninin heyrətamiz əksini – 
sağlam, cavan qadın bədəninin izini gördü; bu, həm də onun anası Bendisyon 
Alvaradonun – neçə müddətdən bəri əli sinəsində, böyrü üstə uzanıb qalan anası 
Bendisyonun bədəninin izi idi… anasının, eynilə beləcə, o biri döşəkağıda da sanki 
yağla çəkilmiş hamar və aydın izi qalmışdı və bu gözəl izdən, üfunət yox, otağın 
eybəcər, ağır xəstəxana havasına bənzər havasını təmizləyən diri çiçəklərin incə 
ətri gəlirdi; sonradan bu döşəkağıları sodayla qaynadaraq, ha cürbəcür sabunlarla 
yuyurdularsa da, arvadın bədəninin izi, döşəkağının nə üzündən, nə də astarından 
getmirdi ki, getmirdi; bu iz, parçanın az qala saplarının canına yerimişdi, onun 
ayrılmaz, silinməz hissəsinə çevrilmişdi. Lakin, binəva oğul bu möcüzənin 
mənasını və əhəmiyyətini ilk anlar ona görə dərk edə bilmədi ki, bütün vücuduyla 
ölümə qarşı nifrət və qəzəbdən sarsılmışdı; o, qəzəbdən boğula-boğula, qapını 
çırpıb anasının otağını tərk etdi və bu zərbə, topdan atılan yaylım atəşi kimi bütün 
sarayı titrətdi. Elə həmin dəqiqə kilsənin matəm zəngləri çalınmağa başladı, bu 
zənglərin səsinə o biri kilsələr də qoşuldu və ölkənin dörd bir yanından göyə 
matəm zəngləri ucaldı. Bu zənglər yüz gün dalbadal – yüz gecə və yüz gündüz, 
fasiləsiz çalındı. Zəngələrin elə birinci çalınmasından camaat, bədənləri üşünə-
üşünə anladı ki, o, yenə öz taxtında – iş başındadı, anladılar ki, onun ölüm 
 
88

qarşısında müvəqqəti olaraq, acizləşən dəfolunmaz qəlbi yenidən güc toplayıb yer 
üzündə dərrakə və insan ləyaqəti deyilən hər nə varsa, hamısına qarşı bir az da 
qəddarlaşıb və bu dəfəki qəddarlaşmanın səbəbi – iyirmi üç fevral, bazar ertəsinin 
sübh çağı vəfat edən Bendisyon Alvaradonun faciəli ölümüdü. 
Bendisyon Alvaradonun ölümü ilə ölkə tamamilə yeni - qarmaqarışıq, narahat bir 
əsrə qədəm qoydu. Bizlərdən heç birimiz o qədər qoca deyildi ki, onun anasının 
dəfn tarixini dəqiq yadında saxlasın, lakin bu dəfn mərasimi haqda söz-söhbətlər 
bizim vaxtlara gəlib çatmışdı. Biz bilirdik ki, o, bir daha əvvəlki kimi, anasının 
sağlığında olduğu kimi olmayacaq – öz keçmiş həyat tərzinə qayıdacaq. Onün bu 
yetimçilik əhvalını nəyinki, həmin o yüz gün ərzində, sonralar da pozmağa heç 
kimin cürəti çamadı və o, özü də bu hüznlü sarayın – əbədi kədərə qərq olmuş bu 
qəm səltənətinin, matəm zənglərinin əbədi olaraq donub qaldığı, saatların, yalnız 
bir vaxtı – Bendisyon Alvaradonun ölüm vaxtını göstərdiyi, hamının ağır –ağır 
köks ötürə-ötürə danışdığı, qarovulun ayağıyalın gəzdiyi, rejimin ilk günlərindən 
toyuqlara azadlıq verildiyi, o matəmli gündən sonra görünməz adama çevrilən, 
qəlbi gücsüzlükdən və ələmdən qan axıdan monarxın icazəsi olmadan, heç bir 
hərəkətə icazə verilmədiyi sarayın sakinlərinin gözünə görünmədi; həmin vaxtlar 
isə, həyatın, ölümün çürüdə biləcəyindən daha pis çürütdüyü bədəniylə buzla 
bərkidilmiş taxta tilişkələri ilə dolu tabutda yatan anası təntənəli matəm 
izdihamının çiynində ölkənin ən ucqar məhəllələrinə aparılırdı ki, hər kəs 
mərhuməylə son vida görüşünün şərəfinə nail ola bilsin. Külək, hər tərəfdən 
asılmış matəm bayraqlarını yellədir, cənazəni, zəhlətökən, darıxdırıcı matəm 
musiqisi ilə, bir vaxtlar prezident qatarını dinməz üzlərlə qarşılayan həmin camaat 
qarşıladı; cənazə, bir vaxtlar darvazaları önündə hansısa alverçi-qadının, sonradan 
padşah olacaq körpəsini doğduğu monastran girəcəyinə də qoyuldu; bu 
münasibətlə, monastrın həmişəbağlı darvazaları, bəlkə də yüz il ərzində birinci 
dəfə taybatay açıldı, atlı əsgərlər hinduları, mal sürülərini qovan kimi, məbədin 
qapılarına sarı qovdular, camaatı tüfəng qundaqlarıyla döyə-döyə sürükləyib 
monastrın içinə saldılar, içəridə isə camaat, pəncərələrin şəbəkəli şüşələrinin 
rənglərindən sıxıla-sıxıla, zər-xarlı geyimli doqquz yepiskopun, mərhumənin 
ruhuna oxuduqları dualar altında döyüküb qaldılar. Kilsə xoru «Allah dərgahına 
doğru»nu oxuyur, məbədin çölündə yağış yağır və yağa-yağa, bir vaxtlar padşah 
olacaq uşağın doğulduğu gün təzəcə cücərməyə başlayan ətirşahları sulayır, 
monastır xadimələri, şərab və donuz qabırğaları, təsbeh və içinə müqəddəs su 
yığılmış şüşələr satır, alver hər pationun, daşdan hörülmüş girəcəyində gedir, 
yeməkxanalarda musiqi çalınır, arakəsmələrdə şıdırğı rəqs gedirdi; sonu, 
qurtaracağı olmayan bir bazar günü idi; uzun illərdən bəri gözlənilən bayram 
şənliyi gəlib yetmişdi; bu şənlik, bir vaxt Bendisyon Alvaradonun gümrah 
vaxtlarında, oğlunun ardınca federasiya uğrunda mübarizəyə getdiyi həmin gizli 
cığırlarla, dumanlı dərələrlə irəliləməkdəydi. Həmin o odlu-alovlu müharibə illəri 
o, tersiananın* odlu titrəməsindən yerə yıxılanda, anası qoymamışdı ki, oğlu ordu 
atlarının tapdağı altında qalıb əzilsin, naməlum, yad dənizin sahillərində yaşayan 
əhali üçün qorxulu olan təhlükələri əvvəlcədən duyub anlamağı da oğluna anası 
öyrətmişdi; arvad vitse-kralların abidələrindən, ümumiyyətlə, heykəllərdən yaman 
qorxurdu, bir də xərçənglərdən qorxurdu, ona nəyə görəsə elə gəlirdi ki, xərçənglər 
 
89

körpələrin göz yaşını içir; həmin o taleyüklü gecə, bomboz yağışlar dumanı içində 
əriyib itən nəhəng Hökumət Evini görəndə isə arvadın, həyəcandan əl-ayağı əsib 
titrəmişdi və o gecə arvadın heç ağlına belə gəlməzdi ki, nə vaxtsa bir gün o, elə 
həmin bu binada, oğlunun, üzü üstə döşəməyə düşərək, qəzəbdən boğula-boğula, 
dönə-dönə özü-özünə: «Sən hara ilim-ilim itdin lənət şeytana ana bu seyrək kol-
kosun içində necə azdın indi üzünə yığılan milçəkləri kim qovacaq?» - deyə 
inildəyəcəyi həmin bu möhtəşəm sarayda öləcək. 
O, ağır-ağır köks ötürür, Bendisyon Alvarado isə həmin məqam, öz tabutunda - 
platan yarpaqlarından hörülmüş örtüyün altında üfunətli iylər saçan bataqlığın içi 
ilə irəliləyən izdihamın çiyinləri üstə üzür, üzə-üzə, arada bir gah hansısa kənd 
məktəbinə, gah səhralıqdakı şor yığılan baraka, gah da ucqar bir hindu kəndinə 
qonaq oldur, kəndlərin ən gözəl evlərinə daxil olurdu; tabutun önünə, Bendisyonun 
gənclik illərinin portreti qoyulurdu: bu portretdə Bendisyon ona görə gözəl və 
ecazkar görünürdü ki, portret çəkilən gün, zorla da olsa, yaxalığına naxışlı diadema 
taxmağa, üzünü pudralamağa, dodaqlarını boyamağa icazə vermişdi, ömründə ilk 
dəfə əlində zanbaq tutmuşdu. - «Əlinizdəki gülü elə yox, bax belə tutun, senyora! 
Onu, guya bilməyərəkdən ətəyinizə salın...» - ona demişdilər və həmin bu pozada 
şəklini, Avropa monarxlarının şəklini çəkən venetsiyalı fotoqraf çəkmişdi; bu 
portreti də – dövlətin bir nömrəli xanımının portretini həmin o venetsiyalı 
düzəltmişdi; portreti bu səbəbdən tabutla yanaşı qoyurdular ki, sübut olsun ki, 
tabutda yatan, həqiqətən Bendisyon Alvaradonun özüdür və camaat, şəkillə 
tabutdakı üzü tutuşdurub uyğunlaşdıra bilsin. Bir sözlə, hər şey əvvəlcədən 
düşünülmüşdü: meyitin vəziyyəti ciddi nəzarət altındaydı, dərisinə çəkilmiş 
kosmetika və parafin layı vaxtı-vaxtında dəyişilir, yağışlar vaxtı mərhumənin göz 
dəliklərinə yığılan kif təmizlənirdi; ordu dərziləri mərhumənin paltarına elə nəzarət 
edirdilər ki, baxanda, adama elə gəlirdi, meyiti indicə geyindirib bəzəyiblər; 
meyitin başındakı (qız vaxtı taxmağa müyəssər olmadığı) ağappaq bakirəlik 
fatasının təmizliyinə də onlar nəzarət edirdilər. 
«Qoy bu bütpərəstlərdən bircəsi belə desin ki, sən öz portretinə oxşamırsan, ana!» 
Əsrlər ötdükcə, burda - hakimiyyətin yalnız və yalnız ona məxsus olduğunu 
unutmağa heç kimin haqqı olmadığı bu məmləkətin ən kasıb kəndlərində, ən ucqar, 
çəngəllik meşələrində belə, hakimiyyətin yenə yalınz və yalnız ona məxsus 
olacağına heç kimin şübhə eləyə bilmədiyi kimi, buna da kiminsə şübhə eləməyə 
cəsarəti çatmazdı. Günlərin bir günü, gecənin bir yarısı, bu məmləkətin gözdən-
könüldən uzaq, sakit yerlərindən birində, sanki Nuh əyyamından qalmış yelkənli 
gəmi peyda oldu, avarlarını suda şappıldada - şappıldada, göyərtəsində ara-sıra 
yanan işıqlarıyla qaranlıqlarda görünüb yox oldu; sahildəki camaat, keçmiş, gözəl 
günlərin yenidən geriyə döndüyünü zənn edərək, gəmini, bayram təbillərini vura-
vura qarşıladı. «Yaşasın əsl kişi!» - yer-yerdən qışqırıqlar eşidildi. Haqq naminə 
geri dönənə eşq olsun!» Sonra camaat suya doluşdu, üzə-üzə gəmiyə can atdılar ki, 
ora cürbəcür, şirəli meyvələr və ayrı yeməklər çatdırsınlar. Onlar, gəminin naxışlı 
haşiyəli məhəccərlərinə dırmaşıb ordan göyərtəyə soxulurdular ki, üzüb gətirdikləri 
nemətləri, vətənin taleyini adətən domino oyunlarında həll edən dövlət başçısının 
ayaqları altına düzsünlər; lakinin bunun əvəzinə, onları tabutun önünə çəkib 
gətirdilər. Camaat heyrət içində, daş duz və buz qırıntılarıyla bəzədilmiş tabutun 
 
90


Yüklə 1,46 Mb.

Dostları ilə paylaş:
1   ...   10   11   12   13   14   15   16   17   ...   27




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin