onlardan öz ünvanına eşitdiyi tərifləri ciddi qəbul edir, bu sadı insanların qəlblərini
asanlıqla oxuya bilirdi; beləliklə, bir fincan qəhvə ilə kasabesini yedikdən sonra o,
saat doqquz radələrində həyətdəki şəxsi patiosunda, badam ağaclarının
kölgəsindəki qranit vannasına girir, orda şəfalı otlarla ağzınacan dolu isti vannada
saat on birəcən uzanaraq, gündəlik şuluqluqlardan əvvəl, canına yeriyən anlaşılmaz
xofu əritməyə və sakitləşməyə çalışırdı; bir vaxtlar onu prezident kürsüsünə
oturdan dəniz desantı hələ təzə-təzə şəhərə yerləşəndə o, desant qoşununun
komandiri ilə öz kabinetinə girib qapını o üzdən kilidləyir və onunla bir vətənin
taleyini həll edir, qanuna minmiş müxtəlif qanunları və qərarları baş barmağının
möhürü ilə imzalayır, o vaxtlar tam savadsız olduğundan, yazıb-oxuya
bilmədiyindən və bu savadsızlığı ilə vətənin taleyi həlli ilə üzbəüz qaldığından, o
bu qərara gəldi ki, məsuliyyət və diqqət tələb edən tikanlı qanunlara uyub qanını
qaraltmaqdansa, ölkəni, Allahın köməyi ilə idarə etsə yaxşıdı və bu minvalla
ölkəni, yaşına uyğun olmayan qıvraqlıqla, hakimiyyət pillələrində kəndirbaz
ehtiyatı ilə oynaya-oynaya idarə eləməyə başladısa da, ondan bir çimdik duz uman
cüzamlı xəstələrin, korların, ifliclərin ittihamlarından can qurtara bilmədi; deyilənə
görə, duz onun əlində məlhəmə dönürdü, ətrafındakı diplomlu siyasətbazlar,
həyasız avaralar və yaltaqlar isə onu, zəlzələlərin, bütün göy əlamətlərinin,
təhlükəli illərin və Allahın digər səhvlərinin korrexidoru* adlandırır, o, ağır
ayaqlarını, qarda gəzən fil ləngliyi ilə sarayın dəhlizləri boyu sürüyə-sürüyə, dövlət
və məişət məsələlərini ötəri cəldliklə – bir qapını çərçivəsindən qopartdırıb ayrı
yerə saldırdığı, sonra elə həmin dəqiqə də ordan çıxartdırıb əvvəlki yerinə
qaytardığı kimi, asanlıqla həll eləyirdi; ümumiyyətlə, onun bütün əmrləri, qala
saatı zənginin, günortalar və gecə yarısı adəti üzrə on iki dəfə yox, həyat,
olduğundan uzun görünsün deyə, iki dəfə çalınması üçün verdiyi əmri həmin
dəqiqə yerinə yetirilən tək, göz qırpımındaca, tərəddsüz həll edilirdi; bircə
siestanın ölü saatlarında, hər şey sustalıb donuxanda, o, öz yarıqaranlıq «qadın
hininə» girər, arxasınca qapını bağlamadan, qadınların birini o birindən seçib
ayırmadan, qabağına keçəni qamarlayıb yaxınlıqdakı taxtın, ya döşəmənin üstünə
yıxar, cansıxıcı bürküyə məhəl qoymadan, nə özü, nə də də qadını soyundurmadan,
elə pallı-paltarlı işini görərdi… bütün saray isə onun, it zingiltisini andıran ağır
iniltisini, təngiyən nəfəsini, sol ayağının titrəyişindən əsib cingildəyən mahmızının
səsini və arıq, qansız uşaqlarının onlara dikilən maraq dolu baxışlarından az qala
yerə girən qadınların: «Rədd olun burdan! Marş həyətə! Belə şeylərə baxmaq
olmaz! Uşaqlar belə şeylərə baxmaz!» - qşıqıran həyacan dolu səsləri eşidilirdi;
belə məqamlar vətənin üstündən elə bil səssiz mələk ötüb keçirdi; səslər kəsilir,
hərəkət dayanır, bütün ölkə barmağını dodağına sıxıb: «Ss-s! Səs salmayın… nəfəs
almayın, sakit! General eyş-işrətlə məşğul olur!» – deyirdi; amma onu tanıyanlar,
onun ikiləşmə qabiliyyətinə bələd olanlar, onun bu işarası məhəbbət fasiləsinə o
səbəbdən inanmırdılar ki, axşam saatlarında, yeddi radılırində onu qonaq otağında
9
domino oynayan yerdə görənlər onun, elə həmin vaxt, saat düz yeddidə mal
təzəyini tüsdülədə-tüsdülədə iclas zalındakı mığmığaları qovduğunu şahidi
olurdular: sarayın bütün pəncərələrində işıq sönməmiş, üç qıfılın, üç kilidin
şırıqqıltısı, yataq otağının qapısının üç zəncirinin cingiltisi eşidilməmiş, onun gün
ərzində gördüyü işlərdən ağırlaşmış yorğun bədəni nəhəng, sal daş kimi döşəməyə
düşəndə və körpə yuxusu tək şirin yuxuya gedən bu fəndkir qocanın əvvəl qırıq-
qırıq, sonra dənizin səviyyəsi ilə bir, su yuxarı qalxdıqca dərinləşib qaydasına
düşən nəfəsi eşidilməmiş isə, onun harda olduğunu bir kəs dəqiq bilə bilməzdi və
məhz onda küləyin simləri gecənin sakitliyində təbillərin pərdəsi üstə çalan tək
tıqqıldayan cırcıramaların səsini içinə çəkir, nəhəng, köpüklü dalğa şahə qalxıb üzü
qədimdən vitse-kralların və bukanyerlərin* məskəni olan bu qoca şəhərin
küçələrinə axır, ordan sarayın pəncərələrinə dolub, binanı suyun içinə qərq edirdi;
iclas zalının güzgülərinə yapışan ilbizlər isə balina ağzına bənzər ağızlarını açıb
əsnəyir, dəniz, uzaq keçmişlərdəki kimi, okeanın dalğalandığı səviyyəyə qalxaraq,
bütün Yer üzünü, fəzanı və zamanı zəbt edirdi və bircə o – öz hərbi səhra
geyimində, mahmızlı uzunboğazlarında, üzünü balışa basan təki, ovuclarına basıb,
öz ay şüalı yuxu dənizində batıb boğulan tənha meyid kimi üzürdü; onun ikiləşmək
istedadı, yəni eyni məqamda müxtəlif yerlərdə – ikinci mərtəbədə ola-ola, həm də
birinci mərtəbədə tək-tənha dayanaraq, dənizin uzaq ənginliklərini seyr etməsi və
elə həmin vaxtda da eyş-işrət nəşələrində titrədib əsməsi, nə bəzi yaltaqların dediyi
kimi, onun qeyri-adi, ali bir sima olmasına dəlalət edirdi, nə də bu, onun
düşmənlərinin danışdığı kimi, kütləvi qarabasma-zad deyildi; sadəcə, bu adamın,
ona it sədaqətlylə qulluq etməyə, yolunda ölümə belə getməyə hazır olan, zahiri
görünüşcə əkiz tayı – Patrisio Araqones adlı inanılmış adamı var idi; bu adam
tamamilə təsadüfən, axtarılıb-aranmadan, öz-özünə tapılmışdı; günlərin ir günü
prezidentə bu mətnli bir məlumat çatdırılmışdı: «Mənim generalım, eyni ilə
prezident karetinə oxşar bir karet kəndləri gəzir, karetin içində isə avaranın biri
özünü sizin adınızdan təqdim edir və deyim ki, heç də pis alınmır, mənim
generalım! Adamlar yarıqaranlıq karetdən onun kədərli gözlərini görüblər – bu
eyniylə sizin gözlərinizdi, mənim generalım! Onun sarımtıl dodaqlarını – sizin
dodaqları, sizin əliniz kimi incə, qadın əlinə oxşar ipək əlcəkli əlini, həmin o əllə
karetin pəncərəsindən, yol boyu dizi üstə dayanan xəstələrə duz atdığını və kareti
müşayiət edən zabit geyimli iki atlını görüblər. Siz bir təsəvvür edin general,
allahsızlığa bir bax!..» Bu məlumatdan sonra prezident o fırıldaqçını yerindəcə
cəzalandırmaq barədə əmr vermək əvəzinə, onu prezidentlə səhv salmasınlar deyə,
başına çuval keçirilib gizli yolla saraya gətirilməsi barədə göstəriş verdi; deyilənə
görə, avaranı dərhal tutub saraya gətirmişdilər və ona təhvil verəndə, özü özünü
sanki kənardan görən prezidenti qəribə bir təhqir hiss bürümüşdü; bu küçə
adamıyla bu qədər oxşarlıqda nə isə təhqiramiz bir şey vardı; hərçənd ki, onu görən
prezident özü-özlüyündə: «lənət şeytana, bu adam mən özüməm ki?!..» - deyə
fikirləşmişdisə də, o vaxtlar o adam heç də onun özü deyildi, hətta onun amiranə
səsini belə təqlid edə bilmirdi, amma hərifin ovcundakı həyat xətti tam aydın
görünürüdü və onu ən çox narahat eləyən də elə bu idi; onda bu yaramazı
güllələmək haqqında əmr verməkdən də prezident məhz buna görə çəkinmişdi,
görünür bu avaranın ovcundakı tale xəttinin nə cür olursa-olsun, onun taleyinə təsir
10
etməyindən qorxmuşu; Patrisio Araqonesi öz rəsmi əkizi eləmək fikri isə onun
ağlına çox-çox sonralar, o, bu təhlükənin tam əsassız olduğunu anlayanda
gəlmişdi; bir müddətdən sonra Patrisio Araqones onun əmriylə, ona hazırlanmış
altı sui-qəsdi dinməz-söyləməz öz dərisində keçirmiş, dabanlarını taxta çəkiclə
döyüb yastıladaraq, ayaqlarını onun kimi sürüyə-sürüyə gəzməyə adət eləmiş,
qulaqlarını ağrıdan uğultudan və köpdən əziyyət çəkməyi, rəsmi görüşlərə
gecikmək məqsədi ilə, xüsusən qış aylarında, səhər-səhər çəkməsinin, guya dolaşıq
düşən bağları ilə, qızılı mahmızı ilə uzun-uzadı əlləşə-əlləşə ağzının içində:
«Zəhrimara qalsın bunları, flamand dəmirçiləri ilə bir yerdə! Əllərindən bir iş
gəlmir!» - deyərək vaxtı uzatmağı da öyrənmişdi. Bir zamanlar atasının yanında
şüşə üfürməklə məşğul olanda, zarafatçıl və çərənçi kimi tanın bu adam, indi
həmsöhbətlərinin əslində nə demək tstədiklərini, onların danışığına məhəl
qoymadan, gözlərinin dərinliklərindən oxumağı bacaran, sözdə deyilməyənləri
bəbəklərdə tutan qaraqabaq qaradinməzə çevrilmişdi; üstəlik o, ona verilən suallara
da o dəqiqə cavab verməyi tərgitmişdi, suallara: «Bəs siz necə bilirsiz?» - deyə
sualla cavab verməyə, bir növ adət eləmişdi: çolaqları və əliləri bu yaxınlaracan
hansı möcüzə iləsə müalicə edən bu fırıldaqçı sonradan işgüzar, ciddi bir adama
çevrildi; o, bir dəqiqə bir yerdə oturmur, bütün günü nə isə həll eləyir, qabağına
keçən arvadları qamarlayıb xoruz kimi belinə minir, gecələr quru döşəmənin
üstündə pallı-paltarlı, döşəksiz-balışsız, üzünü ovuclarının içinə basıb yatırdı.
Patrisio özünü, keçmişini tamam unutmaq üçün şüşəüfürən taleyinin üstündən
birdəfəlik xətt çəkmişdi; o, bütün olan-qalanını ölüm riskinə - ali hakimiyyət
sahibinin taleyinə yazılmış təhlükələrə qurban verə-verə, ikinci daş onsuz da
qoyulmayacaq yerə ilk daşın qoyulması mərasimlərində, dörd bir yanı düşmənlə
qaynaşan təntənəli tdbirlərdə - qırmızı lent kəsdiyi təmtəraqlı açılışlarda, doyunca
toxuna bilmədiyi əlçatmaz, əfsanəvi gözəllik ilahələrinə tacqoyma mərasimlərində
Patrisio Araqones öz miskin taleyi ilə barışaraq, ayrı adamın cildində iştirak etməli
olurdu və bütün bunları o, tamahkarlığı ucbatından, yaxud hansısa daxili
ehtiyacının, ya inamının diqtəsi ilə eləmirdi; Patrisionun sadəcə, seçmək imkanı
yox idi: ya aya beş yüz peso alan riyakarın şahlıq həyatı, yaxud dar ağacı – daha
burda burcutmağın yeri yox idi; lakin günlərin bir günü, axşam çağı ağası Patrisio
Araqonesi dənizin sahilində, pərt vəziyyətdə, qəm-qüssə içində, ətirli jasmin
kollarını iyləyən yerdə tapdı və narahatlıqla Patrisiodan, onu qəmləndirə bilən
hansı hadisənin baş verdiyini, bəlkə nahar vaxtı kiminsə onu acıladığını, yaxud
bəlkə kiminsə gözünə gəldiyini soruşanda, Patrisio Araqones: «Heç də yox, mənim
generalım, vəziyyət daha qəlizdi!» - deyə cavab verdi və burda məlum oldu ki,
Patrisio, şənbə günü karnaval ilahəsinin başına tac qoyandan sonra onunla birinci
valsı oynayıb, indi isə bu xatirəni qarnına, ya harasınasa soxub gizlətmək, quyunun
dibinə basdırmaq, yoxsa ondan qaçıb gizlənmək üçün nə bir qapı, nə bir yolu ona
görə tapa bilmir ki, «o ilahə dünyanın, ələ düşməyən, ələ gəlməyən, yuxuya belə
girməyən gözəllərindəndir, canlara dəyəndir, mənim generalım! Siz onu
görsəydiniz?!..» Onda general dərindən nəfəs dərib Patrisioya, arvada görə bu kökə
düşməyin mənasız olduğunu dedisə də, həm də, Patrisioya qadın ehtiyacını
ödəmək üçün o gözəli oğurlamağı da təklif etdi; o özü də həmin o ələ gəlməyən
gözəllərdən çox oğurlamışdı və sonralar həmin o ələgəlməyən gözəllər onunla
11
məmmuniyyətlə yaşamışdılar. «Mən onu sənin yatağına saldıraram, - o dedi, - dörd
əsgər onun qollarını burub saxlayar, sən də onun dadına, ən yekə qaşıqlarla,
doyanacan baxacaqsan. Qoy o, vurnuxsun! Hamısı boş şeydi! Onların ən tərbiyəlisi
də əvvəl acıqlı olur, amma sonra ağlayıb: «Məni dişlənmiş alma kimi atmayın,
mənim generalım…» – deyə yalvarır; lakin Patrisio Araqones onun bu təklifindən
imtina elədi, çünki o, daha çox şey - o qadının məhəbbətini, nəhayət, onun
məşuqəsi olmasını istəyirdi; «Axı o qadın,» - Araqones deyirdi, - təkrarolunmazdı,
o əsl məhəbbətin nə olduğunu, nəyin necə olduğunu bilir. Onu görsəniz, özünüz
bunu anlayacaqsınız, mənim generalım.» Onda ağa Patrisio Araqonesin dərdini bir
az azaltmaq üçün ona, öz rahatxanasına aparan gizli yolları göstərib, hərəmlərindən
istədiyi qədər, amma onun kimi, xoruzsayağı, ayaqüstü, soyunmadan, onları da
soyundurmadan istifadə eləməyə icazə verdi və Patrisio Araqones öz ehtirasını, öz
istəyini bu rahatxanada boğa biləcəyi ümidiylə bu özgə eyş-işrət bataqlığına baş
vurdu, və eyş-işrətlə, arzu və istəyinin gücündən alovlanıb daşan ehtirasdan,
generalın dediyi kimi, ayaqüstü yox, məhəbətin bütün ləzzəti ilə, həssas incəliklə,
sevgiyə simic qadınları belə hərəkətə gətirərək, onların daşlaşmış hisslərini oyadıb
inildədə-inildədə məşğul olmağa başladı, sonra da heyrət içində sevinə-sevinə
generala: «Ay xatakarsız ha, mənim generalım, qocaldıqca da, canınız elə bil bir az
da sulanır!» - dedi; və o vaxtdan heç kim – nə generalın özü, nə Patrisio Araqones,
nə də qadınların heç biri, kimin kimdən boylu olduğunu, kimin kimin oğlu, kimin
atası olduğunu heç cür təyin edə bilmədi; beləliklə də, Patrisio Araqones ağanın ən
yaxınına, əzizinə və eyni zamanda, qorxub çəkindiyi adama çevrildi; Patrisioya
görə general çoxlu asudə vaxt əldə edib silahlı qüvvələrlə əsaslı surətdə məşğul
olmağa başladı, bir vaxtlar bu böyük vəzifəyə seçilərkən elədiyi kimi, bütün
diqqətini bu səmtə yönəltdi. Lakin o bununla, bizim düşündüyümüz kimi, ona görə
bu sayaq ciddi cəhdə məşğul olmadı ki, silahlı qüvvələr onun hakimiyyətinin
əsasını təşkil edirdi. Əksinə! O, bu qənaətdə idi ki, silahlı qüvvələr onun ən təbii və
təhlükəli düşmənidi, odu ki, hər ehtimala qarşı, zabitlərin arasında tez-tez nifaq
salmağa çalışır, bir dəstənin qulağına, o biri dəstənin onlara qarşı tələ hazırladığını
pıçıldayır, bu minvalla ona qarşı nə vaxtsa hazırlana biləcək qiyamın qarşısını
beləcə - onların taleyinə yazılanları dəyişərək, onları bir vəzifədən başqa birinə, bir
yerdən o biri yerə köçürür, talelərinə yazılanları tay – dəyiş edə-edə, onu ora –
bunu bura yerləşdirə-yerləşdirə, aləmi bir-birinə qatır, kazarmaların hər onundan
doqquzunu boş patronlarla, dəniz qumu qatılmış saxta barıtla təchiz edir, öz əlinin
altında isə - saray zirzəmilərinin birində əla təlim keçmiş arsenal saxlayırdı və bu
zirzəminin açarı o biri gizli qapıların açarları ilə bir dəstədə, daim generalın
ürəyinin başında cingildəyirdi; dəstəyə yığılmış bu açarların hərəsindən bircə ədə
dənə idi və müdafiə naziri, prezident qvardiyasının komandiri, milli təhlükəsizlik
xidmətinin rəisi vəzifələrini aparan, hətta generalı dominoda udmaq ixtiyarına
malik olan nadir adamlardan biri, onun əziz dostu, təcrübəli artillerist general
Rodriqo de Aqiların kölgə kimi müşayət etdiyi bu arsenalı ondan başqa heç kimin
açıb buraxmağa ixtiyarı yox idi; məgər prezident karetinin, sui-qəsd hazırlanan
yerə çatmasına bir neçə dəqiqə qalmış dinamiti zərərsizləşdirən zaman sağ əlini
itirən həmin bu Rodriqo de Aqilar deyildimi?.. Çox keçəmədi ki, general Rodriqo
de Aqilarla Patrisio Araqonesin kölgəsində özünü o qədər rahat və təhlükəsiz hiss
12
etdi ki, onun özünümüdafiə instinkti tamam-kamal kütləşdi və o, tez-tez camatın
arasında görünməyə başladı; o, tək bir adyutantın müşayiəti ilə adi, gerbsiz karetdə
şəhəri gəzir, yol boyu karetin pərdələrini açaraq adamlara əl eləyir, onun dekreti ilə
ən gözəl kilsə elan edilən, qızılı daşlardan hörülmüş möhtəşəm kilsəyə,
piştağlarında uzaq, yuxulu keçmiş uyuyan qırmızı kərpicli, qədim evlərə, sarı
bənizlərini dənizə, şehli səkilərə, yanıq şam kötüklərinin iyi gələn tərəfə, açıq
eyvanlarda cansız üzlərindəki donuq bakirəliklə oturub, qərənfil dibçəkləri ilə
şitillərin arasına sıxıla-sıxıla, yorulmadan şəbəkə toxuyan qızlara sarı çevirən
günəbaxanlara, bir vaxt ilk kometanın gəlişində klavikordların çaldığı musiqinin
səsi gələn monastırın qaranlıq pəncərələrinə baxırdı; bir dəfə isə şıdırğı alver gedən
məhəllənin vavilionsayağı izdihamına qarışıb, adamların hay-küyünü batıran
hiddətli musiqi sədaları altında, lotereya biletlərindən hörülən çələnglərə, çaxır
dolu arabalara, iri iuqana* yumurtasından yığılan yumurta təpələrinə, günün
altında ağaran türk piştaxtalarına, valideynlərinin sözündən çıxdığına görə əqrəbə
çevrilən qızın vahiməli portretinə, axşam çağları şam yeməyinə bir-iki balıq
qazanmaq, dərdini unutmaq üçün, şəbəkəli taxta balkonlara sərdikləri pal-paltar
quruyanacan, piştaxtaların qabağında lüt-uryan peyda olub, göyərtisatanlarla
latayır küçə söyüşü ilə söyüşən dul arvadların küçə boyu düzülən miskin
komalarına baxdı. Sonra prezidentin üzünə çürük balıqqulağı iyi vurdu və o,
uzaqdan, gözqamaşdıran işıqlı göylə süzən qutan qatarını, limanın lap girəcəyində
təpələrin üstünə səpilən rəngbərəng zənci komalarını da gördü; budu, bu da liman!
Ah, liman! İylənmiş çiy taxtalarla döşənmiş liman! Elə bu vaxt karet az qala,
limanı gözdən keçirən kədərli qocanın simasında ölümün özünü görürmüş kimi
hürküb yerində səndələyən zənci qadını vuracaqdı. «Bu odur! – zənci qadın
heyrətlə qışqırdı - Bu odur! Əsl kişiyə eşq olsun!» «Eşq olsun!» - deyə kişili-
qadınlı, böyüklü-kiçikli hamı çığırışa-çığırışa ordan-burdan, dükanlardan,
qəlyanaltıxanalardan çıxıb karetin başına yığıldılar, «Eşq olsun! Eşq olsun!» -
deyə-deyə bir qisim adam qızğın atların cilovundan tutub saxlayır, bəziləri rəhbərin
əlini sıxmaq üçün karetə dırmaşırdılar; coşğun insanlar onun başına qeyri-iradi
axınla, ən başlıcası isə, o qədər sürətlə yığıldılar ki, o, ovcundakı tapançanın
tətiyini çəkən adyutantın əlini saxlamağa güclə macal tapdı: «Adam qorxaq olmaz,
leytenant, onlar məni sevir, buna mane olmayın!» Son günlərin təsirli
təəsüratlarından və bu sevgi bayramından həyəcanlanan prezidenti general Rodriqo
de Aqilar belə, açıq karetdə gəzmək fikrindən döndərə bilmirdi; «Qoy vətən
övladları məni başdan-ayağa görsün! Heç bir təhlükə-filan da yoxdur, boş şeydir!»
O, heç təsəvvürünə də gətirmirdi ki, limanda baş verən bu çılğın vətənpərvərlik
bayramaı öz-özünə alınmışdısa da, qalanı onu təhlükəsiz bir vəziyyətdə vəsf etmək
üçün təhlükəsizlik xidməti tərəfindən təşkil edilmişdi; payızın əvvəlində baş verən
bu kütləvi sevgi etiraflarından təsirlənmiş prezident bir neçə illik rahiblik
həyatından sonra paytaxtdan kənara çıxmağı qərara aldı, milli bayraq rəngində
rənglənmiş köhnə qatarını işə salmaq üçün göstəriş verdi və qatar nəhəng şahlığın,
kədər və məyusluq vilayətinin sərhədəlri boyu, səhləb çiçəyi və amazon
balzaminlərinin kolları arasından meymunları, pələnglərin zolağında uyuyan
cənnət quşlarını hürküdə-hürküdə, pişik kimi oğrun-oğrun sürünə-sürünə ölkənin
içindən ötərək, prezidentin səhralıqda itib-batan doğma yerlərinə, qarlı kəndlərə
13
yollandı; stansiyalarda onu, matəm havalarına bənzər ürəküzən musiqi ilə
qarşılayır, kilsə zəngləri vurur, onu müqəddəs üçlüyün sağ apostolu elan edən
şüarlar dalğalanırdı; prezident vaqonunun yarıqaranlıq kupesində oturan rəhbəri
şərəfləndirməkdən ötrü qatarın qabağına ilk əvvəl hindular çıxırdı, lakin vaqona
yaxınlaşanlar, pəncərənin tozlu şüşəsi arxasında bərəl qalmış gözlərdən, titrək
dodaqlardan və salamlaşmaq məqsədi ilə yuxarı qalxan əldən savayı heç nə
görmürdülər; prezidentin qolu görünmürdü deyə, yuxarı qalxan ovucu havadan
asılı qalmış kimi görünürdü; keşikçi-polkovnik onu pəncərədən kənara çəkməyə
cəhd göstərərək: «Ehtiyatlı olun, general, siz vətənə lazımsınız!» - deyəndə, o,
qəribə özünəarxayınlıqla: «Narahat olma, polkovnik, bu adamlar məni sevir!»
deyirdi; sonra o, qatardan birbaşa çay gəmisinə – piano dillərinə oxşar taxta pərləri
ilə suda vals oyununun izlərinə bənzər geniş dairələr sala-sala üzən gəmiyə keçdi
və gəmi, qardeniya kollarının ürəkvuran qoxusunu, ekvator salamandrlarının, çayın
dayaz yerində iylənən cəmdəklərinin üfunətini yara-yara, Allahın yadından çıxmış
adamların böyründən üzdü. Uzaq üfüqdə yer üzündən silinmiş nəhəng şəhərin
yanğınına bənzər qürub közərirdi. Sahildə isə günün altında yanıb ağaran kasıb
kəndlər görününrdü.
Bu kəndlərin sakinləri milli bayraq rəngində rənglənmiş qatara baxmaq üçün sahilə
çıxsalar da, prezident kayutunun illüminatorundan onları salamlayan ipək əlcəkli
əldən savayı ayrı bir şey görmürdülər. O isə sahilə – ona, imkansızlıq ucbatından,
bayraq əvəzinə iri malanqa yarpaqları yelləyən adamlara, suya atılaraq gəmiyə
qədər üzən, prezidentin şam süfrəsi üçün diri çəpiş, yaxud quşla dolu səbət
çatdırmaq istəyənlərə baxıb kövrələ-kövrələ içini çəkir: - «Bir baxın, kapitan, onlar
mənim ardımca üzür! Onlar məni sevir...» - deyirdi.
Dekabr aylarında, Qəraib ölkələrinə yaz gələndə, o öz karetində dağ yolu boyu,
dağın lap kəlləsində ucalan binaya qalxır, orda, bir-iki gecə dünyanın müxtəlif
ölkələrindən qovulan diktatorlarla, müxtəlif ölkələrdə taxtdan salınan millət ataları
ilə – uzun illər bundan əvvəl siyasi sığınacaq verdiyi adamlarla domino oynayırdı.
Burda, bu binanın artırmasında dalğın vücudlarıyla kreslolara yayxanan bu
boşboğaz qurumsaqlar, onun rəhm kölgəsi altında qocalıb qartıya-qartıya, günlərin
bir günü ardlarınca gələn gəminin, onsuz da onları əvvəlki yerlərinə - öz
kürsülərinə aparıb çıxaracağı gələcək barədə illüziyalara dalırdılar. Bu sığınacaq,
ölkələrdən qovulanların sayı çoxalandan sonra tikilmişdisə də, general üçün bu
adamların hamısı bir adam idi, onların hamısı generalın yanına eyni cür – səhərin
ala-toranında, gecə köynəyinin üstündən, necə gəldi əyinlərinə keçirdikləri parad
geyimində, bir əlində, dövlət xəzinəsindən çırpışdırdığı pulla dolu sandıq, o biri
əlində, içinə orden-medallarını, səhifələrinə qəzet mətnləri yapışdırılan köhnə
dəftərxana kitabları və fotoalbom doldurduğu çanta ilə gəlirdilər. Millət atalarının
hər biri bu albomları, şəhadətnamə əvəzinə generala təqdim edərək, dodaqaltı:
«Baxın, general, - deyirdilər – burda mən hələ leytenant rütbəsindəyəm, bu isə
artıq prezidentliyə yenicə qədəm qoyduğum vaxtdır, burda isə prezidentliyimin on
altıncı ildönümünü qeyd edirlər, amma burda...» Lakin general nə təzə gələnə, nə
də onun şəhadətnamə əvəzi, ona təqdim etmək istədiyi alboma məhəl qoymurdu,
çünki belə hesab edirdi ki, və bu hesab etdiyini də hər yerdə ucadan deyirdi ki,
14
taxtdan salınan prezidentin şəxsiyyətini təsdiq edə bilən yeganə ləyaqətli sənəd -
onun ölümü barədə şəhadətnamədir.
O, hər gələnə yalnız müvəqqəti, az bir müddətdə gəldiyi nəticə barədə təmtəraqlı,
üfürülmüş nitqinə nifrətlə qulaq asırdı:
«Bircə o anacan, mənim generalım, xalqım məni yenidən geri çağıranacan!» Lakin,
general gözəl bilirdi ki, bütün bunlar boş sözdür, adi çərənçilikdir, siyasi sığınacaq
almağın qəbul olunmuş qaydasıdır! O, onların hər birindən, ən birinci gələndən
axırıncıya kimi, eyni şeyi – onun nəyə görə taxtdan aşdığını, onu aşıranın, bunu
niyə elədiyini, vaxtı ilə onu yıxanın özünün də bir gün yıxılacağı barədə dedikləri
eyni məzmunlu mətni eşidirdi. Guya bu zırramalar anlamırlar ki, siyasət, ilk əvvəl
kişilik tələb edir, guya qanmırlar ki, hakimiyyət, belə bir şeydi ki, it getdisə, ip də
əldən çıxır və daha sarsaq illüziyalarla yaşamağın yeri yoxdu!
Bir-iki ay general, təzəgələnin başını qatmaq məqsədi ilə, o biri bizim generala son
sentavosunu uduzanacan prezident sarayında domino oynadı, sonra günlərin bir
günü təzəgələni dənizə açılan pəncərənin qabağına gətirib isti, kövrək sözlərlə
Dostları ilə paylaş: |