Qabriel Qarsia Markes "Patriarxın payızı" Roman Latın Amerikasının Nobel mükafatı laureatlı dünyaşöhrətli yazı



Yüklə 1,46 Mb.
Pdf görüntüsü
səhifə8/27
tarix07.01.2017
ölçüsü1,46 Mb.
#4774
növüYazı
1   ...   4   5   6   7   8   9   10   11   ...   27
çinlilər artıq paltardaşıyanları yuxudan oyadıb küçələrə itələyir, çirkli 
döşəküzlərini yığmağa göndərdilər, kor falçılar fal açır, məmurlar, bazar ertəsinin 
səhəri açılıbmış kimi, stollarının gözlərində toyuqların qoyduğu yumurtaları tapır, 
küçələr, başlarını itirib o yan-bu yana qaçan adamlarla dolur, dövlət şurası 
üzvlərinin fövqəladə müşavirələri keçirilən otaqda - stolların altında saray itlərinin 
hər günkü boğuşması başlayırdı. Onu isə heç nə təəccübləndirmədi, gözləri, 
gözlənilmədən açılan səhərin sübh şəfəqindən qamaşa-qamaşa, bir-birinə macal 
vermədən onu «sübhü yaradan», «zamanın hökmdarı», «günəş şəfəqlərinin 
mühafizəkarı» - deyə vəsf edən yaltaqların müşayiəti ilə iclas zalına yollandı, 
 
46

general ştabının zabitlərindən biri onun qabağını kəsib təzim edərək, saat, səkkizi 
yox, dördə beş dəqiqə işlədiyini göstərdiyi barədə hesabat verəndə, o, zabitin 
qulağının dibinə yağlı şillə ilişdirib, səsi bütün ölkəni başına götürə-götürə: «Saat 
səkkizdir, lənət şeytana! Səkkizdir!» - deyib çığırdı. 
Günorta saat üçdə anası Bendisyon Alvaradonun gözdəniraq malikanəsinə gələndə 
və anası onun halını görüb təəccüb içində: «Sənə nolub? Səni əqrəb vurub? Ürəyini 
niyə tutmusan?» - deyə soruşanda o, dinməz-söyləməz kresloya çökdü, əlini 
sinəsinin üstündən götürmək istədisə də, nəyisə xatırlayıb yenidən ürəyinin üstə 
qoydu. Bendisyon Alvarado, quşları rənglədiyi fırçanı oğluna tərəf uzadıb, bir az 
da təəccüblə: «Bu nədi belə, elə bil sən doğrudan-doğruya Müqəddəs Ruhun 
Elçisinə çevrilirsən… gözlərin, ürəyinin üstə qoyduğun əlin, hər bir şey onu 
xatırladır.» – dedi.  
O, əlini sinəsindən çəkib ayağa qalxdı, qapını çırpıb çıxdı, ürəyində anasını söyə-
söyə saraya qayıtdı, əllərini cibinə soxub əsəbi addımlarla mərtəbələr boyu gəzişdi. 
Gəzişəə-gəzişə pəncərələrdən görünən çölə, yağışın şüşələr boyu açdığı kədərli 
şırımlara, gümüşü kağızdan düzəldilmiş ulduzlara, pəncərələrin o biri üzündən - 
çöl tərəfdən şüşələrinə yapışdırılan, günortanın üçünü axşamın səkkizinə oxşadan 
latun aylara baxdı. Saray qarovulunun yaş paltarlı əsgərlərinə, kədərli dənizə və 
yağışa nəzər saldı. Yağışa... yağışa... o yağışa ki, onun hər damlası Manuela 
Sançes idi… əlçatmaz Manuela Sançes… onunku olmayan Manuela Sançes. 
Başdan ayağa onun olan bu şəhərdə yaşaya-yaşaya, onunku olmayan Manuela. 
Saray boyu dolaşdıqca, kimsəsiz otaqların ürəküzən xofu onu qarabaqara izləyir, 
getdikcə çıxılmaz tənhalığa, bir neçə uzaq, ala-toran günlərin tənhalığına, Manuela 
Sançessiz daha bir gecənin tənhalığına çevrilirdi. «Lənət şeytana, - o, içini çəkdi – 
bu nə olan işdi?.. İçim elə sızlayır, elə bil ordan nəyisə çəkib çıxarıblar…» Beləcə 
fikirləşib öz vəziyyətindən elə bil utandı, ürəyinə tərəf uzanan əli şalvarının içinə 
süründü... yağışın səsi altında mürgüləyən yumurtalığının üstünə qondu. 
Yumurtalığı həmişəki vəziyyətində idi, yenə əvvəlki şişmanlığında və 
ağırlığındaydı... Ağrısı da həmin ağrıydı, yenə həmin əbədi zoqqultusuyla altdan-
altdan, aramla zoqquldamağındaydı... Amma bu dəfəki ağrı niyəsə daha dözülməz 
idi… elə bil ovcundakı, yumurtalığı yox, ürəyiydi… dumduru, çılpaq ürəyi... Bu 
məqam o, nə vaxtsa bir çoxlarından eşitdiyi sözlərin həqiqətini anladı: «Ürək 
üçüncü yumurtalıqdı, mənim generalım!» Ürpənib pəncərənin qabağından çəkildi, 
qəbul otağı boyu var-gəl eləyə-eləyə, halsızlığından, bu çıxılmazlıq dolu əlacsızlıq 
durumundan bezə-bezə, ürəyinin başına balıq tıxı ilişibmiş kimi, boğula-boğula 
dövlət şurasının iclasına yollandı, orda bir kənarda oturub, həmişəki kimi heç nə 
eşitməyə-eşitməyə, heç nə anlamaya-anlamaya, az qala mürgüləyə-mürgüləyə 
maliyyə vəziyyəti barədə darıxdırıcı məruzəyə qulaq asırdı ki, qəfildən elə bil iclas 
zalının havasında nə isə dəyişdi, nə isə qırılıb havadan asıldı, maliyyə naziri 
sözünü kəsib gözünü prezidentə zillədi, yerdə qalanlar da çönüb, ortasından 
qabarıb onu az qala iki yerə bölən qəfil ağrıdan ürəyi gedəcəkmiş kimi qovrulan 
prezidentə baxdılar. O özü də özünü kənardan – uzun-uzadı stolun başında, öz 
tənha stulunda köməksiz üzüylə, prezidentə layiq olmayan saralmış bəniziylə 
oturan gördü… Ürəyini tutdu... Həyatı, səhiyyə nazirinin, zərgər gözü kimi iti 
gözləri qarşısında şam kimi əriyib gedirdi... 
 
47

Əziz həmyerlisi, elə bil onun içini cib saatının zəncirini əlinin içində oynada-
oynada, dinməz-söyləməz seyr eləyirdi. «Ola bilsin ki, ürəyi sancdı…» - kimsə 
ehtiyatla dillənəndə, o, artıq hikkəsindən ağırlaşıb daşa dönmüş əlini sinəsindən 
çəkib stolun üstünə qoymuşdu, rəngi özünə qayıtmışdı. Hökmranlığını bir daha 
təsdiq eləyən iynəli sözləriylə elə bil hamını güllələdi: «Siz istəyərdiniz sancsın, 
hə, heyvərələr!.. Hə, nədi, diliniz qarnınıza girdi?.. Di davam eləyin!» Onlar da 
özləri öz dediklərini eşitməyə-eşitməyə, hər biri onun acığını, nəyə hirsləndiyini 
yaxşı anlaya-anlaya iclası davam etdirdilər, pıçhapıç salıb, ehtiyatla barmaqlarını 
ona sarı uzada-uzada: «Siz bir ona baxın! O qədər əsəbidi ki, ürəyini tutub. Görən 
nə olub? Çırtma vursan, qanı çıxar.» Bir qədər sonra isə sarayada söz-söhbət gəzdi 
ki, guya prezident səhiyyə nazirini təcili surətdə yanına çağırtdırıb, nazir də gəlib 
görüb ki, o, stolun üstünə qoyduğu sağ əlinə baxır, əli də kündə kimi köpüşüb. 
Deyirlər, prezident səhiyyə nazirinə əmr edib ki, sağ əlini kəssin, çünki ona mane 
olur, yaşamağa qoymur, lazım olmayan yerlərə uzanır. Lakin deyirlər, səhiyyə 
naziri buna qəti etiraz eləyib və bildirib ki, başına güllə çaxsalar belə, bunu eləməz. 
«Səmimi sözümdü, mənim generalım, sizin əlinizi kəsməyə mənim haqqım 
yoxdur, ona görə ki, mən bütün varlığımla sizin bircə əlinizə dəymərəm». 
Bu əhvalat, onun səhhəti bardə gəzən şayələr, digər şayələrə qarışıb, az qala, hər 
küçədə, hər tində danışılır, getdikcə, tüstü kimi, duman kimi şəhərin canına hopur, 
o isə elə hey fermada, öz əlləriylə süd sağır, sağa-sağa Manuela Sançesli, onun 
qızıl gülü rəngli sabahın açıldığını hiss edirdi. Hər şey büsbütün Manuel Sançesə 
oxşayırdı… Odu ki, o, qızılgül kollarının arasında yatan bütün yara-xoralıları 
qovdurmağı əmr etdi ki, güllər bu xəstələrin iyini tutmasın, Manuela Sançesin 
gülünün iyi korlanmasın. Sarayın ən kimsəsiz künc-bucaqlarını axtarırdı ki, orda 
heç kim onun ağzının içində oxuduğu: «Səninlə ilk valsı oynadım ki, məni 
unutmayasan, ey mənim kraliçam! Bil ki, unutsan məni, ölüm olacaq cəzan!» 
mahnını eşitməsin. Bir qədər sonra isə həmin bu mahnını içində əridə-əridə, canına 
dolan iztirablarını bir az yüngülləşdirmək üçün özünü qadın hərəmxanasına salıb, 
həmişəki səbrsiz xoruz rolundan çıxaraq, daha əvvəlki tələskənliyə yol vermədən, 
uzun-uzadı aramlı həzzlər verib ala-ala, qadınları heyrətləndirdi. Qadınlarsa 
qaranlıqda xoşbəxt-xoşbəxt qaqqıldayıb, qaynar nəfəsləriylə: «Özünüzü əldən 
salırsız, mənim generalım, özü də bu yaşda!» - deyə pıçıldayırdılar. Lakin o, gözəl 
bilirdi ki, bütün bunlar özünü aldatmaqdan savayı ayrı bir şey deyil və olacağa çarə 
yoxdur, o gün əvvəl-axır gəlib çıxacaq və o, Manuela Sançesin ayağına gedəsi 
olacaq, dünyanın bütün müqqədəsliyi naminə and verib onun sevgisini dilənəcək… 
Manuela Sançesin, İt Döyüşü Məhəlləsinin göbəyində yerləşən zibilliklərin 
arasında bitmiş qəddar sarayına yollanacaq, onu orda səbrlə axtaracaq… O ora, ən 
bürkülü günlərin birində - saat ikiini ötəndən sonra, adi geyimdə, qarovulsuz-
filansız, adi maşında yollanacaq, bir müddət, siestanın ölüm rəngli saatlarında 
şəhərin kimsəsiz küçələriylə dolaşa-dolaşa gəzəcək.  
O, dükanlarla dolu küçələrdən ötüb keçəndən sonra öz sonunu - Manuela Sançesin 
böyük dənizini gördü… üfüqdə ağaran tənha quşu, birbaşa Manuela Sançesin evinə 
aparıb çıxaran sınıq-salxaq tramvayları gördü və elə həmin dəqiqə, bu sınıq-salxaq 
tramvayları yeniləri ilə - tutqun şüşəli, sapsarı tramvaylarla əvəz etməyi, 
vaqonların hər birində Manuela Sançes üçün ayrıca məxmər üzlü oturacaq 
 
48

qoydurmağı əmr elədi. Manuela Sançesin, istirahət günlərini keçirdiyi çılpaq 
çimərlikləri gördü və ora soyunacaqlar qoymağı əmr elədi. Əmr elədi ki, hava 
haqqında məlumat verən dirəyə bayraq assınlar ki, çimməyin mümkün olub-
olmadığı bilinsin və nəhayət Manuela Sançesin ayrıca çimməsi üçün çimərliyin bir 
hissəsi hasara alınsın. O, dəniz sahili boyu uzanan mərmər meydançalara, onun 
mərhəməti sayəsində varlanan on dörd ailənin imarətlərinə, kimsəsiz hovuzlara 
nəzər saldı. Ən çox da, dağın üstündə ucalan imarət nəzərini cəlb elədi. 
Bu, həyəti fəvvarələrlə bəzədilmiş ən böyük imarət idi. Odu ki, özündən asılı 
olmadan, həyəcanla: «İstəyirəm bu imarətdə sən yaşayasan! Məni hər axşam burda 
gözləyəsən!» - deyə qışqırdı. Və əlbəttə ki, elə o dəqiqə də malikanə boşaldılıb 
Manuela Sançesə verildi… O, bu fikirlərlə maşınının arxa oturacağında otura-otura 
xəyala dalır, öz arzularıyla aləmi bir-birinə qatıb-qarışdırır, dünyanı istədiyi kimi 
dəyişirdi. Lakin, çox keçmədi ki, maşın sahili ötüb keçdi, dənizin ecazkar nəfəsi 
sovuşub arxada qaldı və İt Döyüşü məhəlləsinin cəhənnəm uğultusu maşına doldu. 
Məhəllənin müdhiş mənzərəsindən qorxub öz-özünə: «Anacan, Bendisyon 
Alvarado, sən bir gör, oğlun hara gəlib girib!?... Məni xilas elə!» Lakin bu hay-
həşirin içində heç kim onun qəmli gözlərinə, nazik dodaqlarına, yorğun sinəsinin 
üstə yatan koppuş əlinə məhəl qoymadı, heç kim ağ kətan kostyumlu, sadə kepkalı 
qədim qocanın səsini eşitmədi, başını maşının pəncərəsindən çıxarıb: «Mənim 
Manuela Sançesim, dilənçilər kraliçası, əlində qızılgül tutan senyora, harda 
yaşayır?» - soruşan baba heç kimi maraqlandırmadı. O, Manuela Sançesin harda 
yaşadığı barədə soraqlaşa-soraqlaşa özü-özünə: «Sən burda, bu ətürpədən 
uğultunun içində - ağzından qan daman, gözündən cin çıxan bu quduz itlərin 
arasında necə yaşaya bilirsən, bu müsibətin, bu bataqlığın içində - ölüncə didilib 
tökülən itlərin quyruqlarını dallarına qısıb ulaya-ulaya yaralarnı yaladığı bu 
eybəcər yerdə, iylənmiş gölməçələrin, qəlyanaltıxanalardan dəstə-dəstə küçəyə 
atılan sərxoşların çığırtıları arasında sənin şirin, səhləb çiçəyi qoxuyan nəfəsini 
necə hiss edim, necə, sənin atana lənət!.. Axı necə, ay mənim əzabım?! Səni, bu 
əvvəli axırı bilinməyən maranquanqo və burundanqo, qordolobo və manta-de-
banderaların* içində necə tapım?.. Bu Qara Adam və Xuansito Trukupeyanın** 
yuxuyabənzər cənnətində - tünd bənövşəyiyə çalan çatlar dolu pəncərəli, tutuquşu 
rəngində rənglənmiş şüşəli, göy çərçivəli, yaşıl evlərin arasında necə tapım?.. 
Əlində qızılgülün tabaq kimi açıla-açıla dayandığın evini necə tapım?.. Bu dəqiqə 
bu cəhənnəmin içində, görən, sənin saatın neçəni göstərir?.. Görən, sənin saatın 
günortanın üçünü, yoxsa dünən axşamın səkkizini göstərir?.. Nərçənd ki, bu 
cəhənnəmin içində gecəylə gündüzü qarışıq salmaq mümkün deyil… Səni bu 
evlərin arasında, boş otaqlar boyu yanlarını burcuda-burcuda gəzib buludların 
istisini soyudan arvadların arasında necə tanımaq olar axı?..» – deyə fikirləşirdi. 
Belə fikirləşə-fikirləşə, açıq pəncərədən çölə boylana-boylana: «Mənim kədərim 
Manuela Sançes, paltarı brilyant köpüyünə bənzəyən, başında qızıl cıqqa olan 
Manuela Sançes harda yaşayır?» - deyə soruşdu. Və nəhayət bu cəhənnəm 
uğultusunun içində kimsə onu eşitdi və: «Hə-ə, bildim kimi deyirsiniz! O, belə dalı 
yekəni deyirsiz, özündən də elə razıdı, elə bil arşın udub. O orda yaşayır, senyor, 
bax, o evdə!» - dedi.  
 
49

Bu adi, ucuz rənglərlə rənglənmiş, kandarı it nəcisiylə dolu bir ev idi... Baxan kimi 
bilinirdi ki, kimsə evə girəndə ayağı qapının ağzındakı nəcisin içində sürüşüb. Bu 
ev, görüş vaxtı şah kreslosunda oturan Manuela Sançesin görünüşünə qətiyyən 
uyuşmurdusa da, onun ocağı idi. «Anam mənim, Bendisyon Alvarado, mənə güc 
ver ki, bu qapıdan içəri girə bilim!..» İçəri girməmişdən əvvəl o, bütün məhəlləni 
azı on dəfə hərləndi, sonra nəfəsini dərib qapını üç dəfə, üç yalvarışa bənzər 
tıqqıltıyla tıqqıldatdı, sonra elə qapının ağzındaca - günün istisindən alışıb-yanan 
kölgəlikdə dayanıb gözlədi və bu üfunətli iyin hardan gəldiyini bir müddət 
anlamadı. Yoxsa bu eybəcər iyi, havanın bürküsü əmələ gətirmişdi, ya da ola bilər, 
havanı o özü, həyəcandan qarnına düşən ağrıdan korlamışdı?.. Nəhayət ki, qapını 
Manuela Sançesin anası açdı və onu içəri – ağırlaşmış balıq iyi verən geniş, sərin 
zala keçirib, qızını oyatmağa getdi. O da oturub, bu miskin zalı - yağışın isladıb 
qaraltdığı divarları, içi çökmüş divanı, oturacağı deşik kətilləri, dilləri qopmuş 
pianinonu gözdən keçirdi. Zalda daha heç nə yox idi. – «Heç nə, lənət şeytana, 
mənsə bu miskinliyi görmək üçün bu qədər əziyyət çəkmişəm?!..» Çox keçmədi ki, 
Manuel Sançesin anası, əlində zənbiltoxuyan qıyıq zala qayıdıb kətillərin birinə 
oturdu və qızı o biri evdə geyinib, baş-gözünü darayanacan, qəfil qonağın gözünə 
yaxşı görünmək üçün ən yaxşı çəkmələrini axtaranacan, başını aşağı salıb 
toxumağa başladı. O isə həyəcanını güclə içində boğa-boğa, dodaqaltı: «Hardasan, 
ey mənim əzabım, ağrım Manuela Sançes, səni görə bilmirəm, sənin, səhləb çiçəyi 
ətri qoxuyan nəfəsini eşitmirəm, bunların əvəzinə, yemək qalıqlarının üfunətlərini 
duyuram… Axı sən hardasan… qızılgülün hardadır, hanı sənin məhəbbətin… gəl, 
gəl, qurtar məni bu it əzabından!» - deyə donquldanırdı. O, beləcə, içini çəkə-çəkə 
öz-özünə danışırdı ki, birdən içəri otağın qapısında Manuela Sançes göründü: onun 
təsəvvür elədiyi kimi - yuxularında, sayıqlamalarında gördüyü kimi, həm də bir az 
ayrı cür – yuxunun güzgüdə görünən əksi kimi: ucuz çit paltarda, köhnə 
ayaqqabılarda, saçları necə gəldi, boynunun ardında daraqla yığılmış, amma yenə 
də dünyanın ən gözəl və ən qürurlu qadını kimi, əlində alışıb-yanan qızılgülüylə… 
Bu, elə bir ecazkar mənzərəydi ki, o, ayağa qalxıb, qızın, başını yüngülvari 
tərpədərək, ağızucu salamlaşmağına cavab olaraq, baş əyməyə özündə zorla güc 
tapdı. Qız şahənə bir səslə: «Allah sizə yar olsun, əla həzrətləri!» - dedi, sonra 
barmaqlarının arasındakı qızılgülü alışıb yana-yana, divanın bir kənarında əyləşdi, 
iti baxışını qonağın gözünün içinə zillədi. 
«…Mən, onun yarasa dodaqlarını, suda boğulmuş meyitin suyun içindən baxan 
donuq gözlərinə bənzər gözlərini gördüm… tüksüz dərisini, torpaq rənginə çalan 
qırışlı üzünü, dərisi bir qədər tarıma çəkilmiş əllərini gördüm. O, sağ əlini dizi üstə 
qoymuşdu, odu ki, barmağındakı prezident möhürlü üzük yaxşı görünürdü… ağ, 
kətan kostyumu əynindən, asılqana keçirilibmiş kimi asılmışdı, çəkmələri ayağına 
yekəydi… belə çəkmələri adətən ölülərə geydirirlər, senyor! Mən onun gizli 
fikirlərini oxuyurdum, əfsanəvi hakimiyyət gücünü – Yer üzünün ən qədim, bütün 
qəddarlıqlarından qəddar, cümlə məmləkətin nifrətini qazanmış, qocalığı, bir kəsin 
ürəyini zərrə qədər belə olsun ağrıtmayan, halına acınmayan bu ahıl insanın 
hökmranlıq gücünü duyurdum… o isə kepkasını əlinin içində hərlədə-hərlədə 
susub danışmır, elə bil mənə hardansa, dünyanın o biri üzündən baxırdı. İlahi, bu 
nə qaradinməz adamdı!» - qorxu içində fikirləşirdim, özüm isə soyuq bir səslə: 
 
50

«Qulluğunuzdayam, əla həzrətləri.» - dedim. O isə mənim bu sözümə təntənəli bir 
həyəcanla: «Mən elə-belə gəldim, kraliça! Elə-belə!..» - deyə cavab verdi. 
Bu görüş ona rahatlıq gətirmədi. Və o, Manuelanın evini hər gün - siestanın ölgün 
saatlarında, günün ən isti vaxtlarında, adəti üzrə anasının yanına getdiyi saatlarda 
ziyarət eləməyə başladı. Manuela Sançesin yanına getmək üçün, o, qəsdən məhz 
bu saatları seçmişdi ki, hara getdiyindən mili təhlükəsizlik komitəsi xəbər tuta 
bilməsin, qoy onlar elə bilsinlər ki, həmin saatlar o, qayanın başındakı malikanədə 
- anasının yanındadı. Lakin o, bilmirdi ki, ondan başqa bütün aləmə məlum idi ki, 
general Rodriqo de Aqiların əsgərləri onu, damlarla sürünə-sürünə müşayiət 
edirlər, qəsdən küçələrdə qalmaqal salıb aləmi bir-birinə qatıb-qarışdırır, sonra 
güllə-baranla bütün bu hay-küyü yatırdırlar ki, onun keçib gedəcəyi küçələrdə 
hərəkət dayansın. Rodriqo de Aqiların gizli əmrinə görə onun keçib gedəcəyi bütün 
küçələr saat ikidən beşəcən bomboş olmalıydı, əsgərlər, bu saatlarda öz evlərinin 
balkonuna çıxanları belə xəbərdarlıqsız güllələmək barədə əmr almışdılar. Lakin 
ən təcrübəsiz adamlar belə, küçələrdə, bər-bəzəksiz sadə maşın cildində peyda olan 
prezident limuzinini nəzərlərindən qaçırmamışdılar, maşının içində ağappaq kətan 
kostyumda əyləşən kəmhövsələ qocanı, onun, gizli hüznlə göz yaşı axan avazımış 
üzünü, «ürəyi» tutanda, kim nə deyirsə desin, daha heç nəyi vecinə almayan qocanı 
görmüşdülər. Onun vücudu başdan-ayağa bir şey deyirdi: o öz qəlbinə hakim deyil 
və bu dəqiqə, günün bu qızmar saatında – havanın, ərinmiş şüşəyə bənzədiyi bir 
məqam, bu kimsəsiz küçələrlə, başı kəsilməyə aparılan qurbanlıq qoyunla onun 
heç bir fərqi yoxdu. Onun bu qəribə və naməlum halsızlığı barədə söz-söhbətlər, 
tədricən onun, siesta saatlarını anası Bendisyon Alvaradonun evində yox, Manuela 
Sançesin sakit komasında - evin gizli bir guşəsində - Manuelanın, qızını bircə an 
belə olsun qocayla təkbətək buraxmadan, yorulmaq bilmədən şəbəkə toxuya-
toxuya, həm də necəsə, gözə görünməyən anasının iti baxışları altında keçirdiyi 
barədə şaiyələrlə əvəz olunurdu. Manuelanın anasını da başa düşmək olardı. Axı 
qoca, onun qızı üçün bu qədər pul tökürdü - cürbəcür bahalı oyuncaqlar, əndirəbadi 
maşınlar alır, qızı, maqnetizmin sirlərinə yiyələndirməyə çalışır, ona, dağ 
büllurundan pres-papye, cürbəcür astronomik, tibbi cihazlar, manometrlər, 
metronomlar bağışlayırdı?!.. Bu cihazları o, harda görsə alır, anasının deyintisini 
qulaqardına vurub öz simicliyini unudur, pullarını zibil kimi səpələyirdi. 
O, dərin vətənpərvərlik hissiylə Manuela Sançesin qulağına, içindən dəniz səsi 
əvəzinə, hərbi marşlar eşidilən balıqqulağı qoymağı özünə xöşbəxtlik sanırdı… 
kibriti yandıraraq, divar termometrinin altına tuturdu ki, Manuela Sançes, civənin 
min bir çətinliklə yerindən oynayıb yuxarı dırmandığını öz gözləriylə görsün. 
O, Manueladan heç nə istəmirdi, Manuelaya, öz niyyətini bildirmədən, dinməz-
söyləməz baxır, qızı ağlasığmaz hədiyyələrə qərq edir, sözlə deyə bilmədiyini 
hədiyyələrlə deməyə çalışırdı. Axı, o, bütün arzularını da beləcə, görünən, ələ 
gələn, konkret maddi nəticəylə həyata keçirməyə alışmışdı. Və günlərin bir günü - 
Manuela Sançesin anadan olan günü, o, ona pəncərəni açmağı, pəncərədən 
görünənlərə baxmağı təklif elədi ki, qızın könlü pərvazlansın.  
«…Mən pəncərəni açdım, senyor və dəhşətdən yerimdəcə donuxub qaldım… 
Bunlar, mənim zavallı İt Döyüşü məhəlləmi nə günə qoymuşdular?!.. Mən, tələm-
tələsikliklə tikilib əhənglə ağardılmış taxta evləri, fəvvarələri hərlənən sintetik 
 
51

gölməçələri, yalançı tovuz quşlarını, tüstüdən düzəldilmiş süni buludları gördüm, 
senyor… siz bir təsəvvür edin...» Bu, nə vaxtsa dəniz donanmasının zabitləri üçün 
tikilmiş miskin əyalət mərkəzini andıran əcayib bir yer idi... Bütün bu işlər gecələr 
- hamı yatandan sonra, gizlincə görülmüşdü: səs-küy olmasın deyə, məhəllənin it-
pişiyi bircə-bircə güllələnir, yerli camaat evlərindən çıxarılıb hansısa ayrı 
xarabalıqlara köçürülür, yerdə qalanları sökü, yerinə tamamilə ayrı tikililər 
quraşdırılır, bir sözlə, tamamilə yeni bir kvartal - Manuela Sançesin kvartalı 
salınırdı. Bu kvartalı Manuela, anadan olduğu gün, evinin pəncərəsindən 
görməliydi. – «Budur, kraliça, bax və xöşbəxt ol!» Bu, bir növ qızı hökmdarlıq 
zirvəsinin möhtəşəmliyindən heyrətləndirmək, hakimiyyətin hüdudsuz 
imkanlarıyla şirnikləndirmək, onun, çox incə, incə olduğu qədər də qəddar 
alınmazlığını laxlatmaq cəhdi idi. «Xahiş edirəm, mənə bu cür sıxılmayın, əla 
həzrətləri! Axı, anam burdadı?!..» O, Manuelanın anasıyla – qızının namusunu 
qoruyan qarovulçuyla hesablaşmaya bilmirdi, odu ki, ehtirasını boğa-boğa, hirsini-
acığını bir təhər uda-uda qalır, Manuela Sançes isə xəfif təbəssümlə gülümsəyərək, 
ona, qvanabano ağacının meyvə şirəsi qatılmış soyuq su gətirir, o, suyu, 
qocasayağı aramlıqla - xırda qurtumla, gicgahında lükküldəyən soyuq ağrıya səbrlə 
dözə-dözə içirdi ki, Allah eləməmiş, birdən Manuela bunu, onun qocalıq əlaməti 
kimi qəbul edər və onu, elə beləcə - xəstə, zavallı bir qocanı sevən tək sevər. 
Manuela Sançesin yanında elə bil o, bir az da tənhalaşır, bütün vücuduyla aramla 
tənhalıq bataqlığına qərq olur, bu köməksiz çıxılmazlıq vəziyyətindən üzülə-üzülə, 
zəngli divar saatı öz zəngini çalıb, görüş vaxtının bitdiyini elan edənəcən, heç 
olmasa, nəfəsiylə də olsa, qıza toxunmaq üçün can verirdi... «Bu saatın zəngi 
mənim ölüm anımı çalır!» 
O Manuelanın hüzurunda keçirdiyi son dəqiqələri qəsdən uzada-uzada, havanın hər 
qurtumunu acgözlüklə uda-uda, vaxtı ləngidir, oyuncaqları, dənizin nəm 
havasından paslanmasınlar deyə, aramla qutularına yığırdı: «Bir dəqiqə, kraliça! 
Qoy bircə bunları ortadan yığım.» Lakin nə qədər kədərli də olsa, son dəqiqə bitib 
başa çatırdı, getmək vaxtı yetişirdi! Sabaha qədər isə ucsuz-bucaqsız bütöv bir 
ömür yaşamaq lazım idi, amma indi – saatın bu yersiz zəngindən sonra, əlində 
qızılgül donub qalan, qocanın getməyini gözləyən bu bakirə qıza bir də baxmaq 
üçün bircə an çatışmırdı. Əvvəl-axır o çıxıb getməli olurdu, küçələrdə dolaşan 
kölgələrə qarışıb gözdən itirdi, camaatın gülüş hədəfinə çevrilmək qorxusuyla, 
xəcalət tərindən boğula-boğula yoxa çıxırdı. Daha xəbəri yox idi ki, artıq çoxdan 
camaatın gülüş hədəfinə çevrilib, onun sevgi macəraları haqqında az qala hər tində 
danışırdılar, cürbəcür mahnılar qoşurdular. Bütün ölkə bu mahnıları əzbər bilirdi, 
bu mahnıları hətta tutuquşular da, patiolarda boğazlarını cıra-cıra oxuyurdular: 
 
General qovrulur eşqin oduna, 
Göz yaşının, kədərinin oduna, 
Əli yanır sinəsinin oduna... 
Sən bir buna bax, buna, 
Nə ləyaqəti qalıb, nə özünə hörməti. 
Bunu da bilir hamı: 
Bu boyda məmləkətə 
 
52

Şahlıq edir yuxuda... 
 
Çöl tutuquşuları bu mahınını ev tutuquşularından, qarğalar onlardan, qalan quşlar 
qarğalardan öyrənib oxumağa başlamışdılar. Bu minvalla mahnı, məşhurlaşıb 
paytaxt sərhədlərini aşmışdı, bütün ölkəyə yayılmışdı, dəstə-dəstə adamlar bu 
mahnını küçələrdə gəzə-gəzə, xorla oxuyur, milli təhlükəsizlik nazirliyinin hərbi 
geyimli əsgərlərini görəndə isə dağılışıb hərə bir yana qaçır, mahnının növbəti 
bəndəlrini ağızlarının içində qaça-qaça, hırıldaşa-hırıldaşa qoşurdular: 
 
Bizim əziz general 
Vətəni murdarladı.  
Çox əlləşdi-vuruşdu, 
Öz ağlı-kamalıyla, 
Yeni qanunlar qoşdu 
Başıyla yox, dalıyla... 

Yüklə 1,46 Mb.

Dostları ilə paylaş:
1   ...   4   5   6   7   8   9   10   11   ...   27




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin