Qabriel Qarsia Markes "Patriarxın payızı" Roman Latın Amerikasının Nobel mükafatı laureatlı dünyaşöhrətli yazı



Yüklə 1,46 Mb.
Pdf görüntüsü
səhifə4/27
tarix07.01.2017
ölçüsü1,46 Mb.
#4774
növüYazı
1   2   3   4   5   6   7   8   9   ...   27
keçirib məcbur elədilər ki, lazım oldu-olmadı, əlli cür çıncıq-mıncıq, quş lələkli 
şlyapa, daha ayrı zir-zibil alım, senyor, yəni hamı görsün ki, heç bir dərdim yoxdu, 
guya xöşbəxtəm... Ha deyirdim ki, a bala, indi bazarlıq vaxtı deyil, matəm vaxtıdı, 
indi ölkə göz yaşı içində boğulmalıdı. Axı, mən məsələnin nə yerdə olduğunu 
bilmirdim, elə bilirdim, ölən oğlumdu, bunlar isə, bu hərbiçilər, durduğum yerdə, 
foto-şəklimi çəkirdilər, çəkə-çəkə də məni məcbur eləyirdilər ki, gülümsəyim, özü 
də deyirlər ki, vətən naminə belə lazımdı, senyora!» 
Həmin dəqiqələr general xəlvət otağında gizlənib həyəcan və çaşqınlıqdan üzülə-
üzülə, özünü yeyib-tökürdü: «Nəyə görə, lənət şeytana, mənim ölümümdən sonra 
bu dünyada heç nə dəyişmədi? Axı necə ola bilər ki, günəş elə əvvəlki kimi batır, 
çıxır, heç yanda büdrəmir də? Axı niyə, ay ana, niyə, bazar günü elə bazar günü 
qaydasıyla keçir… bürkü də, mənim sağlığımdakı kimi, yeri-göyü yandırıb-yaxır?» 
General bu suallarla özünü üzürdü ki, bu vaxt liman qalasında topdan atəş açıldı, 
 
21

kilsə zənglərinin səsləri şəhəri bürüdü və bir əsrlik rəzalət yuxusuna getmiş şəhər 
bu səsə ayılıb elə bil çalxalandı, qarmaqarışıq, səs-küylü izdiham sarayın ətrafına 
axışdı... 
Onda o, gizli yataq otağının qapısını azca aralıyıb ordan, iclas zalının tən ortasına 
qoyulub ətrafına yanar şamlar düzülən cansız bədnini, bütün xristianlıq tarixində 
baş vermiş ölüm hadisələrindən - Roma papalarının cəsədlərindən də gözəl 
bəzədilən cəsədini gördü… güllərin içində ağaran pudralı sifətinə, boyalı 
dodaqlarına, orden-medalların ağırlığından çökən sinəsinin üstə çarpazladığı 
sümüklü əllərinə, bir vaxtlar kiminsə göylər generalı üçün özündən uydurub 
düzəltdiyi – hər tərəfində on ədəb günəşcik yanan, oyuncaq kralın əldəqayırma 
xəncərinə oxşar gödək qılınc taxılmış qundağına, parad libası geydirilmiş bədəninə 
baxdıqca içini xəcalət və dəhşət hissi bürüdü. Ən qəribəsi isə, bu əldəqayırma 
qılıncın, bütün ölçüləri baş-ayaq eləməsiydi. Bu gödək qılınca görə hər bir şey - 
hakimiyyət möhtəşəmliyinin bütün rəmzləri, ağır hüznlü yas mərasimi, hərbi 
təltiflər və sair oyuncaq qılınc kimi cılız görünür, hər şey öz əzəmətini itirib 
adiləşir, tabutda yatan adamın bədən ölçüləriylə qəribə bir uyğunsuzluq yaradırdı. 
O isə ömrü boyu özünü kişi, üstəlik, hərb adamı hesab eləmişdi… odu ki, cəsədə 
baxdıqca, əsəbiləşir, öz-özünə: «Yəni bu mənəm? Lənət şeytana, ola bilməz!» - 
deyə fikirləşirdi. Ardı-arası kəsilməyən, ucu-bucağı görünməyən adam axını 
cənazənin başına dolanırdı… Bir anlıq o bütün bunların tamaşa olduğunu, bu 
tamaşanın məkrli məqsədini unudub, özünü öz ölümündən təhqir olunmuş və 
alçaldılmış hiss elədi və ağzının içində dönə-dönə: «Bu ki, ədalətsizlikdi, lənət 
şeytana!» - deyə təkrar eləyə-eləyə, onu ölmüş bilib bura gələn adamların 
davranışına göz qoya-qoya, öz-özlüyündə bir sıra məsələləri götür-qoy eləməyə 
başladı. O, bir çoxlarının özünü itirib köməksiz vəziyyətə düşdüyünü gördükdə 
ürəkdən sevindi, onu itirdiklərinə görə öz həyatlarından silən biçarələrin halına 
acıdı, bunun ardınca isə nəfəsini içinə qısa-qısa, bura, onun həqiqətən ölüb-
ölmədiyini, cənazədə uzananın o, yoxsa ayrı bir kəs olduğunu, ümumiyyətlə, bütün 
bunların oyun olub-olmadığını öyrənib bilmək üçün gələnlərin hərəkətlərini izlədi. 
Cənazənin önündə donuxub qalan, cəsədi hərbi salamla şərəfləndirən qoca 
veteranı, tabutun üzərinə əyilib, mərhumun üzüyündən öpən, qolu qara matəm 
sarğılı kişini, cənazəyə bircə gül qoyan utancaq litsey tələbəsini gördü və onları 
yaddaşında xüsusi bir yerə həkk elədi. Onları, bir də balıq satan arvadı. Balıqsatan 
arvad, ağzınacan balıqla dolu səbətini döşəməyə buraxıb, özünü cəsədin üstünə 
atdı, pudralı-boyalı meyidi qucaqlayıb, səsi zalı başına götürə-götürə: «İlahi, indi 
biz neyləyəcəyik?! – deyib bərkdən-bərkdən çığırdı – O ölüb! O ölüdür!» Onda 
hamı xısın-xısın pıçıldaşdı, xosunlaşdı: «Gördünüz, bu odur, onun özüdür! Özüdü 
ki, var! Ölüb!» - «Bu, odur! Odur! Odur!» - deyə Armas meydanında günün altında 
yanıb qarala-qarala cavab gözləyən adamların bir-birinə ötürdüyü bu xəbərdən 
sonra kilsə zənglərinin səsi kəsildi və qəfildən, əvvəl kilsənin, sonra ətrafdakı 
bütün kilsələrin zəngləri dini bayramların müqəddəs çərşənbəsində olduğu kimi, 
şən zınqırovlarla cingildəməyə başladı… havaya pasxa fişəngləri atıldı, salyut 
fişəngləri buraxıldı, təbillər çalındı və o, bilərəkdən susub kənara çəkilən 
qarovulun yanından ötüb sarayın divarlarına dırmaşan, pəncərələrdən içəri doluşan 
qiyamçıların dəstələrini gördü… onların, cənazənin önündə duranları dəyənəklə 
 
22

qovduqlarını, meyidə sarılıb ağlamaqdan doymayan balıqsatan arvadı döşəməyə 
yıxmaqlarını, meyidi səkkiz ədəd pəzəvəng gül çələnginin içindən dartıb 
çıxardığını, ayağından tutub pilləkənlər boyu sürütləyə-sürütləyə məsxərəyə 
qoyduqlarını, piləkəni düşürüb harasa bir az da aşağı aparmaqlarını gördü... 
Qalanları isə içi naz-nemət dolu kədər sarayı talan eləməyə, əllərinə keçəni dağıdıb 
məhv eləməyə başladılar… qotika üslubunda yığılmış kərpicli sütunları sökür, quş 
qəfəslərini, vitse-kralın tacını, royalı pəncərələrdən aşağı tulazlayır, naməlum 
cəngavərlərin külü yığılmış vazları yerə çırpıb sındırır, məyus gəmilərdə 
xumarlanan gözəllər təsvir olunmuş qobelenləri yırtır, yepiskopların, qədim döyüş 
geyimlərində təsvir olunan hərbçilərin portretlərini, möhtəşəm dəniz müharibələri 
təsvir olunan şəkilləri od vurub elə yandırırdılar, elə bil bununla bu mənfur 
hakimiyyətin axırına biryolluq çıxırdılar. Hər şeyi elə dağıdıb sökürdülər ki, 
gələcəkdə bu qan çanağını yada salmağa belə bircə iz qalmaın.  
Bütün bunları o, öz gözü ilə gördü, sonra özünü pəncərənin qabağına atıb, 
çərçivələrin bağlı taxtaları arasından, çöldə baş verənləri, hər şeyi söküb məhv 
eləyən bu dağıdıcı dalğanın haralaracan gedib çıxdığını öz gözləri ilə gördü… «Elə 
bu an, bayaqdannan maşahidə elədiyim bütün bu məşəqqətlərdən sızlayıb qan 
ağlayan gözlərimlə daha dəhşətli mənzərələri, misli görünməyən yaramazlığın və 
naşükürlüyün bariz nümunəsini gördüm, ana... Bəxtəvərlikdən ağlıllarını itirmiş 
arvadlarım dingildəyə-dingildəyə evimi atıb gedirdilər. Hələ bu bəs deyil, özləri ilə 
fermanın inəklərini, sarayın mebelini, sənin bəslədiyin pətəklərin balını da 
vedrələrlə daşıyıb aparırdılar… mən öz balalarımı - qazan qapaqlarını gümüş 
qaşıqlarla təbil kimi çalan, bürünc ləyənləri büllur güldanlara vurub cingildədə-
cingildədə: «Atam ölüb, yaşasın azadlıq!..» - deyib ulaşa-ulaşa ətürpədən şənlik 
düzəldən bu alayarımçıq küçükləri öz gözlərimlə gördüm… Armas meydanında 
qalanan tonqalda yanıb külə dönən portretlərimi, litoqrafik təqvimləri gördüm!» O, 
hamının zəhləsini tökmüş, hər dəqiqə, hər addım camaatın gözünü döyənək eləmiş 
portretlərinin alışıb yanmağına, sonra yenə öz bədəninə baxdı. Bədnini indi də 
fayton yolunun ortasıyla - orden-medalları, qızılı qaytanaları, məxmər gödəkçəsi, 
balaca qılıncı, paqonlarında, göylər generalının qüruba enən günəşləri ilə bir yol 
uzunu sürüyürdülər… «Bax gör, ana, gör məni neylədilər…» - deyə o, ağzının 
içindəcə pıçıldadı və küçə boyu, bir ucdan meyidə tüpürən camaatın sulu 
tüpürcəyini bütün vücuduyla, dərisinin hər toxumasıyla hiss elədi, eyvanlardan 
təpəsinə tökülən sidiyin üfunətini duydu, bədənini acı xəcalət təri basdı, sonra get-
gedə bu xəcaləti dəhşətli qorxu əvəz elədi; onu şaqqalaya da bilərdilər... Onda ətini 
itlər gəmirəcəkdi, bədənini qarğa-quzğun dəlik-dəlik eləyəcəkdi və bütün bu 
müsübət, bu bayram şənliyinin - onun ölümünə qurulan şənliyin gurultulu təntənəsi 
olacaqdı! Bu dəhşətli bayram qasırğası sovuşub gedəndən sonra otağı, çöldə 
çalınan müxtəlif musiqi səsləriylə doldu… Külək əsməsə də, musiqi sədaları 
şəhərin dörd bir yanından axıb içəri dolurdu… o öz tənha, xəlvət otağında 
gicəllənir, milçəkləri havada tutub ovcundaca boğur, qulağına qonub fikrini 
cəmləməyə mane olan mığmığaları da beləcə, ovcuna sıxıb öldürməyə çalışır, 
üfüqdə közərən yanğının işığına, yaşıl işığı dəqiqədə bir yanıb sönə-sönə 
pəncərənin taxta millərindən içəri süzülərək, onu zolaqlı pələngə oxşadan mayaka 
baxır, çöldən eşidilən səslərə diqqət kəsilir, həyatın qaynar nəfəsini, onsuz keçən 
 
23

gündəlik həyatın – fövqəladə ölümü adiləşib, yüz-yüz illərin minlərlə ölüsünün adi 
ölümünə çevrildikcə, dincəlib, rahatlanıb özünə qayıdan həyatın havasını duyur, 
tədricən adsız-ünvansız əbədiyyət bataqlığında əriyib yoxa çıxdığını hiss eləyirdi. 
Bu məqam o, ölümünün üstünə çımxırıb: «İtil cəhənnəmə, adamaoxşamaz!» - dedi 
və xəlvət otağından bu fikirlə çıxdı ki, artıq vaxtdı, gizlənməyin heç bir mənası 
yoxdu. Ayağını sürüyə-sürüyə, sökülüb dağılmış zalların içi ilə, ölü güllərin, şam 
yanığının iyindən baş çatlayan qaranlıq xarabaıqlarla gəzib-dolaşdı, nazirlər 
kabinetinin iclas salonuna çatıb qapını itələdi və tüstüdən göz-gözü görməyən bu 
qaranlıq otağa daxil oldu. Uzun, qədim stolun ətrafı xırlıtılı adam səsləriylə 
uğuldayırdı... Dünəndən bəri axtardığı, görmək istədiyi adamların hamısı 
buradaydı. Federasiya uğrunda qazandıqları qələbəni pula dəyişən liberallar, 
onlardan bu qələbəni satın alan konservatorlar, yüksək rütbəli generallar, üç nazir, 
arxiyepiskop və səfir Şnotpern, hamı buradaydı, hamı! Hamı bir tələdə! Bir neçə 
dəqiqə əvvəl bu adamlar öz çılğın çıxşlarıyla hamını bir əsrlik despotizmə qarşı 
mübarizədə birliyə çağırırdılar, amma özləri ömürləri boyu bütün işlərdə ona züy 
tutmuşdular. İndi başları bütün bu murdarlığa o qədər qarışmışdı ki, gözləri elə 
qızmışdı ki, heç biri o dünyadan xortlayıb gələn prezidenti görmədi. Onda o 
yumruğunu stola çırpıb: «Demək belə?!» - dedi və zərblə çırpıdığı yumruğunun 
stola dəyməyi ilə stolun ətrafındakıları göz qırpımında, çığır-bağırtıyla yoxa 
çığmaqları bir oldu. Ortada siqaret kötüyü ilə dolu külqabılar, qəhvə fincanları, 
arxası üstə aşan kreslolar, bir də hərbi səhra geyimli, balaca, təmkinli general 
Rodriqo de Aqilar qaldı. O, tək qoluyla otağın ortasından pərdə kimi asılan tənbəki 
tüstüsünü qovub döşəməni göstərərək: «Yerə uzanın, mənim generalım! – dedi – 
İndicə atəşfəşanlıq başlayacaq». Və bizim general özünü yerə, əziz dostunun 
yanına atmağı güclə çatdırdı və «Qiyamçılardan biri də sağ qalmamalıdır!» əmrini 
xüsusi dəqiqlikə yerinə yetirən prezident qvardiyasının qanlı bayramı, ölüm şənliyi 
başladı. Əmriniz yerinə yetirildi, mənim generalım, çöl qapısından aradan çıxmaq 
istəyənləri pulemyotla aşsüzənə döndərdilər, pəncərədən atılanlar havada tutuldu, 
yaxın evlərdə gizlənənlər isə qumbara tüstüsündə boğuldu. «Cəzadan qaçanlar 
əsrin sonunadək ən qorxunc düşmən elan olunsun!» - prinsipinə əsasən, orda-burda 
sağ qalan yaralıları da yerlərindəcə güllələdilər. Bütün bu haqq-hesab uzananacan 
o, general Rodriqo de Aqilardan iki addam aralıda, döşəmədə üzü üstə uzanaraq, 
səbrlə qumbaraların gurultusuna qulaq asdı. Kürəyi, hər partlayışdan pəncərələrdən 
içəri dolan şüşə qırıntılarıyla, divarlardan qopan suvaq parçalarıyla dola-dola, 
qumbaralar guruldaya-guruldaya, dua oxuyurmuş kimi, ağzının içində bir nəfəsə 
pıçıldadı: «Bitdi, əzizim, qurtardı daha, bundan sonra bütün əmrləri özüm 
verəcəyəm, bir küçüyün belə cınqırı çıxmayacaq, sabah səhər baxarıq görək, bu 
zırıltıdan sonra nə salamat qalıb… əgər oturmağa bir şey qalmayıbsa, bir cüt ucuz 
kətil, dəlmə-deşiyi tutmağa beş-altı həsir, bir-iki xəm-xırt da alınar, qab-qaşıq 
lazım deyil, kazarmalardakını işlədərik, daha əsgər-məsgər də saxlayan deyiləm, 
nə əsgər, nə zabit, hamısı cəhənnəm olsun süd əmməklərinə, qarmaqarışıqlıq 
düşəndə ələ bir kəs gəlmir, çörəkləri dizlərinin üstündədi köpək uşağının, bircə 
prezident qvardiyasını saxlayacağam, bir onlar qocaq və namusludurlar, nazirlər 
kabineti-zad da qurtardı… nəyimə gərəkdi, bircə qabiliyyətli səhiyyə naziri bəs 
eləyər… belə nazir doğrudan lazımdı, bir də xətti yaxşı olan bir nəfər, birdən bir 
 
24

şey yazmaq lazım oldu, vəssalam, bütün bu kazarmaları, nazirlikləri də kirayə 
verərik, o pula sarayı da saxlayarıq, indi adamdan çox. pula ehtiyac var, iki nəfər 
də qabiliyyətli quluqqçu götürərik, qoy biri bişirib-düşürsün, yır-yığış eləsin, o biri 
yuyub ütüləsin, inəklərdən, quşlardan salamat qalanı varsa əgər, onlara da özüm 
baxacağam, bir fahişənin də ayağı dəyməyəcək bundan sonra buralara, bu da o 
deyil ki, dəqiqə başı tumanlarını sivirib əsgərlərin yanına cumurdular… 
qızılgüllərin altında köpən cüzamlılar da rədd olsunlar başımdan, başıbilən 
hüquqşünaslar, hər şeyi guya qabaqcadan bilən siyasətçi-alimlər də – hamısı 
cəhənnəm olsun, bura prezident sarayıdı, yankilərin sözü olmasın, murdar 
fahişəxana deyil… Patrisio Araqones də düz deyirdi, hər şeyin öhdəsindən özüm 
gələrəm, heç kim də mənə lazım deyil, ikinci kameta olmur, lap belə onuncusu 
olsun, daha ölməyə hazırlaşmıram. Ölmək istəyən ölsün, boyunlarının ardını 
görərlər!» Bütün bunları o, dua kimi ara vermədən, ağzının içində şer əzbərləyən 
tək, birnəfəsə dedi. Bu, onun köhnə adəti idi, həmişə ən çətin dəqiqələrdə, 
müharibələrdə içini yeyən qorxunu canından çıxarmaq üçün fikirlərini öz-özünə 
danışır, sabah gələcək yeni yüzilliyin hansı tarixinin hansı saatınınsa dəqiq planını 
qururdu. Belədə elə bil yeri-göyü lərzəyə gətirən partlayışların səsi eşidilməz 
olurdu.  
Axır ki, çöldən sonuncu güllənin səsi eşidildi. Bu güllə ilə axırıncı yaralını 
öldürdülər. General Rodriqo de Aqilar pəncərəyə sarı sürünüb ayağa qalxdı, 
küçəyə boylanıb kiməsə, meyidləri daşımaq üçün zibil furqonları gətirməyi əmr 
elədi, sonra generala sarı çönüb: «Gecəniz xeyrə qalsın, mənim generalım!» - 
deyib otaqdan çıxdı. «Xeyrə qarşı, - general cavab verdi – xeyrə qarşı, dostum! 
Çox sağ ol!» Rodriqo gedəndən sonra o bir müddət nazirlər kabinetinin matəm 
rənginə boyanmış qara, mərmər döşməsi üstə uzanıb qaldı, sağ qolunun dirsəyi 
başının altında, üzü sol ovucunun içində, xaraba qalan otaqların tüstüsündən və qan 
gölməçələrinin əksindən qızaran ayın çəhrayı işığı altında, bu gecə ömrünə ilk 
qədəmini qoyan uğursuz payızın xəzəli qoynunda, xəzəlin yumşaq laylasını diləyə-
dinləyə, həmişəkindən bir az da tənha vücuduyla yuxuya getdi. Səhəri gün isə hər 
şey gözlənilmədən ayrı cür oldu, dünəndən bəri fikirləşib öz-özünə qurduğu 
planları yerinə yetirməyə ehtiyac qalmadı. Ordu öz-özünə dağılmışdı – əsgərlər 
qaçmış, son dəqiqəyəcən paytaxtın kazarmalarında və ölkənin bir neçə ayrı 
kazarmalarında dünənəcən müqavimət göstərən bir ovuc zabit, könüllülər 
dəstəsinin köməyi ilə prezident qvardiyası tərəfindən öldürülmüş, nazirlərdən sağ 
qalanların hamısı, son dəqiqəyəcən ona sadiq qalan həkimindən, bir də ölkənin ən 
yaxşı kalliqrafından başqa, hamı xaricə qaçmışdı. Maliyyə məsələlərində də ortaya 
bir o qədər çətinlik çıxmadı, borc üçün kiməsə, hansı xarici dövlətəsə agız açıb, 
bogaz çəkmək lazım olmadı. Sən demə, tərəfdarları az deyilmiş, onlar dövlət 
xəzinəsini qızıl üzüklərlə, bəzək əşyalarıyla doldurmuşdular. Ucuz kətil, dəfn günü 
sökülüb-dagılan uçuq-söküyü yamamaq üçün kilim almaq da lazım olmadı. Ona 
görə lazım olmadı ki, ölkənin sakitləşdirilib dinc əmin-amanlıq yaradılması 
zəmnində, prezident sarayı da bərpa edilib əvvəlkindən daha zəngin və gözəl 
olmuşdu. Saray yenə başdan-başa içi cürbəcür quşlarla dolu qəfəslərlə 
bəzədilmişdi. Qəfəslərin bir qismində acıdil qaykamay tutuquşları oturub: 
«İspaniya olmur, Portuqaliya olsun» mahnısını oxuyurdular. Hər yer gül kimi tər-
 
25

təmiz, dənizçi səliqəsi ilə par-par parıldayırdı. Bu dənizçi səliqəsi, bu sahman iki 
utancaq qadının əməyini bəhrəsiydi. Pəncərələrdən içəri, onun şəninə çalınan 
musiqi sədaları axır, fişənglər atılır, dünən ölümünə çalınan zənglər, indi səhər-
axşam onun ölməz əbədiliyinə cingildəyirdi. Armas meydanının həmişəhazır 
camaatı isə iri hərflərlə yazılmış: «Ölümünün üçünçü günü zühur edən zat-alilərini 
Allah hifz eləsin!» - şüarlarıyla hamını ölməz prezidentin ətrafında sıx birliyə 
səsləyirdilər. Bir sözlə, həyat, əvvəllər olduğu kimi, heç kimi, heç nəyi süni surətdə 
nəyəsə təhrik eləmədən, təbii şəkilldə gündəlik bayrama çevrilmişdi. Hər şey öz-
özünə düzəlirdi. Dövlət işləri yağ kimi gedir, vətən, iri addımlarla irəliləyir, 
höküməti öz bildiyi, öz istədiyi kimi idarə eləyir, heç kim ona mane olmur, elə bil 
düşmənləri də öz-özünə ha tərfəsə buxarlanırdı. Əziz dostu Rodriqo de Aqilar öz 
işindən razı qalmaya bilməzdi, Rodriqonun işindən general da razı idi, odu ki, 
günlərin bir günü prezident qvardiyasının qiyam vaxtı xüsusi amansızlıq və şücaət 
göstərən bütün əsgərlərini sıraya düzdürüb, hamısına zabit rütbəsi verdi, sonra da 
yadına düşdü ki, indi bu zabitlər kiməsə əmr verməlidir, bunun üçün də mütləq 
yenə ordu yaranmalıdı, çörəyi dizinin üstdə olan ordu. Dəxli yoxdu, o, sıravi 
əsgərlərin hamısına zabit rütbəsi verib barmağıyla bir-bir onların sinəsini nişan ala-
ala: «Sən – kapitan! Sən – mayor! Sən – polkovrik! Yox-yox, sən – general, o 
birilər – leytenant! Haydı, əzizlərim, ordunu qəbul edin!» - dedi. Ölümünə sidq-
ürəkdən yananları da yaddan çıxarmadı, bu qədirbilən insanlara qarşı duyduğu 
coşgun minnətdarlıq hissi bütün vücudunu alovlandıra-alovlandıra, vida 
mərasimində cənazənin önündə hüznlə dayanan həmin qoca veteranı, məhrumun 
üzüyünü öpən həmin o kişini axtarıb tapmağı əmr elədi. Tabutu üstə ağlayan 
balıqsatan arvadı da tapdırdı və on dörd uşağı olan bu yazıq qadına çoxotaqlı 
mənzil bağışlayaraq, zavallı ananın ən böyük ehtiyacını ödədi. Cənazəsi üstə tək 
gül qoyan litsey tələbəsini də tapdırdı, onu dənizçiyə ərə verərək, qızın ən böyük 
arzusunu yerinə yetirdi. Bu hədiyyələr və təltiflərlə kifayətlənmək bilməyən 
kövrək qəlb yalnız San-Xeronimo kazarmalarının həyətində əli-qolu bağlı 
qiyamçıları görəndə sakitləşdi. Qorxudan və nifrətdən itiləşən yaddaşıyla onların 
hamısını bircə-bircə, qəddar dəqiqliklə tanıdı, əsirləri günah dərəcəsinə görə ayırdı: 
«Qiyama sən başçılıq eləyirdin – bu yana keç! Meyidin üstündə ağlayan arvadı 
itələyib yerə yıxan sən idin – bu yana! Mərhumu murdarlayıb pillələrlə, palçıqlı 
gölməçələrlə sürüyən siz idiniz – bura durun! Qalanları bu yana! İndi göstərərəm 
sizə – alçaqlar!» Amma cəzanın özü onu qətiyyən maraqlandırmırdı, adicə cəzayla 
heç nə həll olunmurdu. Ona o lazım idi ki, qiyama qalxan adamların bu 
hərəkətlərinin, «meyidinin» murdarlanmasının, ümumxalq narazılığının partlayışı 
yox, bir dəstə heyvərənin əskik hərəkəti olduğunu özü-özünə sübut eləsin. Odu ki, 
əsirləri şəxsən özü dindirir, istədiyi yalanı onların boynuna qoyub, öz dilləriylə 
etiraf elətdirirdi. Əsirlər isə heç cür heç nəyi boyunlarına almırdılar. Onda o, 
onların əl-qolunu bağlatdırıb, tavan taxtalarından, tutuquşu kimi kəllə-mayallaq 
asdıraraq, saatlarla başıaşağı saxlatdırırdı. Bundan da bir şey çıxmyanda, onlardan 
birini qala zindanına atmağı əmr elədi ki, timsahlar onu diri-diri parçalayıb 
yesinlər, o birilər də buna tamaşa eləyib hərə öz payını götürsün. Bu da kar 
eləməyəndə, o, həbs olunanların hər dəstəsindən bir nəfər seçib əmr elədi ki, 
hamının gözü qabağında onların dərisini soysunlar və hamı, ana bətninin pərdəsi 
 
26

tək sarımtıl, incə dərilərə, qıpqırmızı əti görünən titrək bədənlərdən kazarmanın 
daş pillələri üzərinə süzülən qaynar qana baxıb hərə öz dərsini götürsün. Yalnız 
bundan sonra bu inadkar heyvərələr hər şeyi boyunlarına aldılar. Boyunlarına 
aldılar ki, onları pulla şirnikləndirib, cənazəni murdarlayaraq, bazar zibilliyi ilə 
sürütləmək üçün dörd yüz qızıl peso veriblər. Əvvəl onlar buna razı olmayıblar, 
çünki ona qarşı çıxmaq istəməyiblər və ümumiyyətlə, belə şeylərin əleyhinədirlər, 
amma məsələ belə olub ki, gizli müşavirələrin birində iştirak eləyən iki hərbçi 
general onları cürbəcür sözlərlə qorxudaraq məcbur eləyib. «Biz ancaq buna görə 
razı olduq, işıq haqqı!» Onda o, rahat nəfəs alıb: «Aldadılmış zavalı balalar!» - 
dedi və onları doyunca yedirdib, yatıb-dincəlmələrinə şərait yaradılmasını əmr 
elədi, səhərisi gün isə hamısını yem əvəzi timsahlara atdırdı. Bundan sonra 
qəlbinin şübhə kisəsinin açılıb boşalmasını hiss elədi və rahatlanıb ağzının içində 
özü-özünə: «Şeytana min lənət, indi hamı başa düşdü ki, xalqın heç bir təqsiri 
yoxdu, xalq məni sevir!» - deyə-deyə öz yerinə, saraya qayıtdı. Patrisio 
Araqonesin, bir vaxtlar qəlbində qaladığı həyəcan tonqalının son közərtilərini 
tapdalayıb söndürərək, işgəncələrin ləğvi barədə fərman verməyi qərara aldı və 
ürəyində özünə söz verdi ki, bu gözəl məmləkətdə bir daha işgəncəyə yol 
verilməyəcək. Qərardan sonra bütün timsahları öldürdülər, diri-diri adamların 
sümüklərini sındırıb üyüdən işgəncə kameralarını sökdülər, sonra əfvi-ümumi elan 
edildi, yalnız bundan sonra, gələcək haqqında fikirləşərkən, birdən-birə ölkəni 
fəlakətə sürükləyən bütün səbəblərin kökünü tapdı – bekarçılıqdan beyinlərində 
cürbəcür fikirlər dirçələn adamların həddən ziyadə boş vaxtını doldurmaq lazım 
idi. Bundan ötrü o, mart poeziya yarışlarını və gözəllik kraliçası adı qazanılan 
gözəllik müsabiqələrini yenidən bərpa elədi, Qəraib ölkələri içində ən gözəl 
həndbol meydançası, ən böyük bağlı stadion tikdirib bizim komandanı, «Qələbə, 
yaxud ölüm!» devizi altında oynamağı boynumuza qoydu. Hər kənddə pulsuz 
süpürgəçilər məktəbi açdırdı, orda təhsil alan qızlar isə ilhamlanıb nəinki evləri, 
küçələri və maşın yollarını da süpürürdülər. Dəstə-dəstə adamlar zibil qalıqlarını 
bir kənddən o birinə, ordan da geriyə daşıya-daşıya çaş-baş halda bir-birinə 
baxırdılar. Hər zibil qalığı «Millətin təmizliyi qeydinə qalan müqəddəs 
apostolumuzu hifz et, ilahi!» - şüarları və dövlət bayraqlarıyla müşayiət olunurdu. 
O isə həmin dəqiqələr, yalvara-yalvara ondan bir çimdik duz istəyən cüzamlı 
xəstələrlə, korlarla, ifliclərlə dolu bağın içiylə ayağını sürüyə-sürüyə gəzir, huşa 
getmiş heyvan aramlığıyla öz həmvətənləri üçün yeni-yeni məşğuliyyətlər planı 
fikirləşib tapır, ayaqüstü, yaxın günlərdə açıq səma altında, boş çənlərdə dünyaya 
gələn körpələri xaç suyunə çəkir, onların hər birinə öz adını verirdi. Yaltaqlar: 
«Yeganə və vahid xilaskarımız!..» - deyib onu şərəfləndirirdilər. O isə elə 
doğrudan-doğruya yeganə idi… çünki daha əkiz tayı yox idi və günaşırı quş dolu 
qəfəslər göndərilən bu sarayda, əkizinin yerinə də, hər yerdə özü iştirak eləyirdi. 
Bu qəfəsləri saraya, anası Bendisyon Alvaradonun bir vaxtlar quşsatmaqla məhğul 
olduğu xəbəri yayılandan sonra göndərməyə başlamışdılar. Bəziləri bu qəfəsləri 
ona yaltaqlanmaq, yarınmaq məqsədi ilə göndərirdi, bəzi qəfəslərinsə açıq-açığına 
rişxəndlə, dolamaq məqsədi ilə göndərildiyi. Axır nə baş verirdisə, bir müddətdən 

Yüklə 1,46 Mb.

Dostları ilə paylaş:
1   2   3   4   5   6   7   8   9   ...   27




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin