ala, səyahət haqqında oxuduğu kitabların səhifələrində oxumuş, bu kitablarda
təsvir olunan qravürləri saatlarla beyninə həkk eləmişdi?! «Bir də ki, indi daha
bunun nə əhəmiyyəti vardı ki? Bütün bunlar həqiqət idi, ya uydurma idi – fərqi nə
idi ki? Onsuz da zaman keçdikcə, hər şey həqiqətə çevriləcək, hər əhəmiyyətsiz
şey çönüb ciddi həqiqət olacaq!» - deyirdi və həqiqətən də, elə bilirdi ki, onun əsl
uşaqlığı, uşaqlıq çağları heç də göründüyü qədər uzaqda - kövrək xatirələr
bataqlığında, inək təzəklərinin tüstüsündən yaranan və həmin dəqiqə də orda yoxa
çıxan hansısa adda-budda, qırıq-qırıq assosiasiyalarda yox, elə burdaca - onu hər
gün saat ikidən dördəcən gül-çiçəkli talvarın altındakı məktəbli partasının
arxasında oturdub oxumağı öyrədən yeganə qanuni arvadı Letisiya Nasarenonun
109
yanında keçirmişdi. Bu, qadının böyük şücaəti idi; o, bu dərslərə bütün rahibəlik
qabiliyyətini, son gücünü sərf edirdi, qoca da onun bu səylərinə, öz nəhəng
iradəsinin gücüylə, bütün qəldini və qabiliyyətini tədrisə həsr etməklə, tükənməz
qocalıq hövsələsiylə cavab verirdi.
Dünyada hər şeyi unudub: «Pəncərənin önündəki şam ağacı yu-xu-lu şehin için-də-
dir» - deyə, höccələyə-höccələyə özü öz səsini eşitmədən, oxuyurdu; anasının
narahat quşlarının səs-küyündən, onu ümumiyyətlə, heç kim eşitmirdi, o da elə hey
ucadan oxuyurdu: «Hin-du ma-zı ban-ka-ya qoyur… A-ta qəl-ya-nı tən-bə-ki i-lə
dol-du-rur… Se-si-li-ya pen-dir, ka-hı, çu-ğun-dur, xa-ma, do-nuz pi-yi, si-yənək,
şə-kər sa-tır… Sesiliya hər şey satır.» - deyirdi və gülürdü, rahibənin ona,
ibrətamiz səslə, uşaqlara dərs verən müəllimə ədasıyla söylədiyi mətnin sözlərini,
mığmığaların vızıltısına uyğun ritmlə oxuyur, sonra bütün dünya, bütün Yer üzü
bu səsə bürünürdü və bu hüdudsuz, kədərli ölkədə məlum həqiqətlərdən savayı,
heç bir şey qalmırdı; gözə dəyən, ələ gələn cəmi bir neçə şey – göydəki ay, qoyun
və banan, don Viktorun öküzü, bir də Otiliyanın gözəl paltarı qalırdı… Onun bu
qiraət dərsləri, səhər-axşam hər yerdə, hər adamın qulağının dibində səslənməyə
başlayırdı, portretləri kimi, hamını qarabaqara izləyirdi. Hollandiyanın maliyyə
naziri, prezidentin rəsmi qəbulunda baş tutan söhbətin işgüzar havasından, özü də
bilmədən, ona görə azıb çıxdı ki, qaraqabaq qoca, ipək əlcəkli əlinin hərəkətiylə
nazirin sözünü kəsərək, onu da özüylə bərabər: «Mən ana-mı se-virəm… İs-ma-yıl
a-da-nı ax-ta-rır-dı… Xanım po-mi-dor ye-yir-di…» - deyə oxumağa məcbur elədi.
Beləcə oxuya-oxuya, o, barmağını metronom kimi tərpədə-tərpədə, pauzaların
müddətini ölçür, bu çərşənbə axşamına verilən ev tapşırıqlarını səylə təkrarlaya-
təkrarlaya, istəyinə nail olur - Hollandiyanın təqdim elədiyi sənədlərin ödəniş vaxtı
uzadılırdı. - «Bu barədə bir gün vaxt tapıb söhbət edərik, cənab nazir!» Sübh
tezdən qızılgül kollarının altında oyanan korlar, cüzamlı, iflic xəstələr, ibadət
mərasimlərindəki kimi oxuya-oxuya, onları xaçın altından keçirən acıqlı qocanı
görəndə, mat-məəttəl qalırdılar: - «Göylər sultanıyam mən – qanunu sevirəm mən,
bəsirətli adamlar tənha səhrada ulayar! Mayak – hündür qaladır, işığıyla gəmiləri
gecəyə yollayan qaladır!» O, Letisiya Nasarenonun ona bəxş etdiyi bu gecikmiş
xoşbəxtlikdən nəşələnə-nəşələnə, cümlələrin hər birini üç dəfə oxudu. Zamanın
özü Letisiya Nasareno idi, - «Mənim həyatım Letisiya Nasareno!» Siestanın
bürkülü xərçəng iyi hopmuş ağır havasında Letisiya Nasareno ilə böyür-böyürə,
tərdən nəmlənmiş döşəkağının üstündə, elektrik ventilyatorlarının, yarasa qanadına
oxşar pərləri altında uzanmaqdan savayı ayrı ləzzətli bir şey yox idi; «Sənin
yançaqlarının işığından savayı ayrı işıq yox idi, Letisiya, sənin, totemik idolların
döşünə bənzər döşlərinndən, yastıdaban ayaqlarından, şəfqətli sədəfotu budağı
qoxuyan iyindən, bir də, bir vaxtlar, tənha bir sübh çağı dünyaya gəlib, bataqlıq
çürüntüsünün iyini ciyərlərinə çəkdiyin uzaq Antiqua adasının canüzən yanvar
istisindən savayı heç nə yox idi!» Onlar, xüsusi fəxri qonaqlar üçün ayrılmış yataq
otağına çəkilir, belə vaxtlar heç kim onlara mane olmağa, otağın qapısına beşcə
metr yaxına getməyə belə ürək eləmirdi. – «Çünki mən çox məşğulam – mən
oxumağı və yazmağı öyrənirəm!» Onu hətta, kənd camaatının, Sarı titrətmədən
qırılıb tökülməsi xəbəriylə də, narahat eləməyə ürək eləmirdilər; – o öyrənirdi,
ürəyinin döyüntüləri Letisiyanın vəhşi heyvan iyindən həssaslaşıb metronomun
110
zərbələrinin ritmini ötüb keçirdi, o öyrənir və təkrar edirdi: «Cırtdan bir aya-ğı üstə
rəqs e-dir! Eş-şək də-yir-ma-na ge-dir! O-ti-li-ya yay-lı-ğı-nı ya-xa-la-yır! Yay-lıq
«a» hərfi ilə yazılır!»
Letisiya isə bir qulağı onda, sevgi məşğələləri zamanı bulanmış döşəkağıları
yığışdırır, onu ilıq vannaya salır, ətirli sabunla sabunlayıb lifləyir, sonra şəfqətli
otlardan dəmlənmiş suya çəkir və onunla bir təkrarlayırdı: «x» hərfi «xor», «xaç»,
«xırman» və sair bu kimi sözlərdə əvvəldə yazılır!» Sonra o, onun ayaqlarının
quruyub qaxaclaşmış qatlarını, qaşınmadan qızaran dərisini kakao dənələrinin
yağıyla yağlayır, balaca körpələri pudralayan kimi, sısqa yançaqlarını ağ tozla
pudralaya-pudralaya, nəvazişlə şillələyir və: «Bax, bu, Hollandiya maliyyə nazirinə
görə! Al! Al!» - deyirdi. Sonra Letisiya onu, günahlarını yudurtmaq üçün, bir vaxt
ölkədən qovdurduğu kilsə əyanlarını geri qaytarmağa məcbur elədi; – axı
xəstəxanalarla, yetimxanalarla, digər Allaha yaxın yerlərlə kimsə məşğul
olmalıydı?!.. İş bu yerə çatanda, bir müddət heç bir şey alınmadı, qoca ona kinli
üzünü göstərib: «Heç vaxt!» -dedi. İctimaiyyətin gözü qarşısında bir dəfə qəbul
olunmuş qərarı dəyişməyə heç kimin gücü çatmaz; lakin Letisiya, inadından
dönmədi, onu sevgi anlarının ən təngnəfəs döngələrində yaxaladı, dilə tutub:
«Bircə bunu xahiş eləyirəm sənnən, həyatım mənim, bircə bunu! Qoy bu zavallı
dindarlar öz yerlərinə qayıtsınlar, axı, onlar heç vaxt sənin bir işinə qarışmayıblar,
heç vaxt heç bir işinə burun soxmayıblar!» - dedi. O isə həmişəki hövsələsiz
ehtirasında boğula-boğula: «Heç vaxt, əzizim, - deyirdi - eşşək əvəzinə hinduları
minib gəzən, ucuzlu şüşə muncuqları qızıl nariqerilərə* və arrekadalara** dəyişən
bu arvadağızların geri qayıtmasına icazə verməkdənsə, ölərəm!» Buna cavab
olaraq, Letisiya onun şəhvətli istəklərini rədd edir, bədəninə toxunmağa icazə
vermir, inadla, dövlətin musadirə etdiyi kilsə məktəblərinin ruhani idarələrinə
qaytarılmasını, kilsə mülkiyyətindən sekvestrin götürülməsini, şəkər zavodlarının,
kazarmaya çevrilmiş məbədlərin monastrlara qaytarılmasını xahiş eləməyinə
davam edirdi. Onda o, qətiyyətlə üzünü divara çeviririb: «Bu Allah quldurlarına,
neçə yüzilliklər boyu ölkənin ciyərlərini yeyib sökən bu quzğunlara imkan
verməkdənsə, sənin bu sonsuz məhəbbətinin ləzzətli əzablarından imtina eləsəm
yaxşıdı. Heç vaxt! Onların ayağı buralara dəyməyəcək!»
«Lakin onlar geri qayıtdılar, mənim generalım!»
Onlar ölkəyə sizin gizli əmrinizə əsasən, ən darısqal, gözəgörünməz cığırlarla,
gözdən-könüldən uzaq limanlarda sakitcə, gizlicə dayana-dayana qayıdırdılar.
Letisiyanın xahiş elədiyi adamların, demək olar, hamısı geri qayıdırdı, onlara
dəyən zərər artıqlamasıyla ödənilirdi, müsadirə olunmuş əmlakı – bütün mülkiyyəti
kilsəyə qaytaranda, vətəndaş kəbinləri və boşanmaları haqqında qanunlar ləğv
edildi, məktəbin kilsədən ayrılması haqqında qanun ləğv edildi. – Bendisyon
Alvaradonun müqəddəslər sırasına daxil edilməsinə etiraza qarşı cavab olaraq,
qəbul edilmiş bütün qərarlar ləğv edildi, Allah ona rəhmət eləsin! «Sənə daha nə
lazımdı?» Letisiya Nasarenoya isə hələ çox şey lazım idi, odu ki, günlərin bir günü
qocaya: «Qulağını qarnıma qoy, – dedi – onda görərsən ki, qarnımda böyüyən
uşaq, səsinə necə səs verir.» Letisiya özü də içindən, bətnindən, dölətrafı bol
suların qoynunda yırğalanan canın səsindən qorxub diksindi. «Sənin qanındı…» -
Letisiya dedi; onda qoca, eşidən qulağını onun qarnına dirəyib dinlədi və körpənin
111
ürək döyüntülərini eşitdi. «Bizim günahın övladıdı, - Letisiya dedi - günah dolu
sevgimizin övladı, bizim oğlumuz – Emmanuel adlanacaq oğlumuz… bu,
müqəddəs addı, onun alnında, mənsub olduğu əsil-nəcabətin işarəsi parlayacaq,
anasından o, fədakarlığı, atasından – böyüklüyü mənimsəyəcək, o da atası kimi,
taleyin hökmüylə, bütün canlı aləmin rəhbəri, aparıcı qüvvəsi olacaq, lakin əgər
atası müqəddəs altarın önündə, bu vaxtacan qadağalı eyş-işrət, kafirlik sayılan bu
əlaqəni qanuniləşdirməsə, o, göylər tərəfindən lənətlənib, bic doğulan uşaqlar
sırasında, öz vətəni tərəfindən gözdən salınacaq!» Onda o, yatağın üstündəki
naxışlı örtüyü kənara atıb ayağa qalxdı, nəfəsi, gəmi sobasının gurultusu kimi
uğuldaya-uğuldaya, qəzəblə: «Heç vaxt! – deyə çığırdı – Ölərəm, evlənmərəm!» -
deyib nəhəng ayaqlarını döşəmə boyu sürütləyib xışıldada-xışıldada, gün-gündən
yadlaşan sarayın, Bendisyon Alvaradonun rəsmi dəfn matəminin son gecəsindən
sonra xüsusi ecazkarlıqla şövqlənən zallarından keçərək, gözdən itdi. Pəncərədən
matəm pərdələri açılmışdı deyə, otaqları günəşin gur işığı bürümüşdü, dənizin
nəfəsi içəri dolmuş, eyvanlarda güllər açmışdı, çöldən, hərbi marşların səsi
eşidilirdi; bütün bunlar, onun vermədiyi əmrin şərəfinə idi, bu əmri o verməmişdisə
də, şübhəsiz ki, bu, onun üslubunda olan əmr idi; əmrdə, onun təmkinli qətiyyəti,
üslubu hiss olunurdu. Odu ki, o, əmri qəbul elədi. - «Razıyam!» Sonra yenə onun
vermədiyi, lakin mətniylə razılaşdığı ayrı bir əmrlə bağlı məbədlərin qapıları
açıldı, monastrlar və qəbristanlıqlar müqəddəs ataların ixtiyarına verildi, kilsə
bayramları və müqəddəs orucluq bərpa edildi; açıq pəncərələrdən, ona dua edib diz
çökən camaatın xoş səsi eşidilirdi, onlar Allahın yerdəki nümayəndəsinin ölkəyə
qədəm qoyması münasibətiylə şadyanalıq edirdilər. Bu nümayəndə, Letisiyanın
göstərişiylə, gəmilərdən birində gətirilirdi; bu, Letisiyanın yataq otağında birdən-
birə ağlına gəlib, özbaşına qəbul elədiyi və camaatın gözü qarşısında hörmətini
itirməmək üçün, rəsmi surətdə təsdiq etməyə məcbur olduğu qərarlardan biri idi.
Letisiya, onun, pəncərədən gizli təəcüblə müşahidə etdiyi ucsuz-bucaqsız dindarlar
izdihamının təkanverici qüvvəsi idi; bu izdiham, say etibarıyla Bendisyon
Alvaradonun külünə sitayiş etmək üçün, bir vaxt küçələrə çıxan fanatiklər
ordusundan qat-qat çox idi. Bendisyon Alvarado xatirəsi hər cür üsullarla məhv
edilirdi; həmin bu möminlər kütləsi Bendisyon Alvaradonun külünü, quruyub
çürümüş gəlinlik fatasının ovuntularını küləyə verirdilər, adı yazılmış qəbirüstü
lövhə tərs üzünə çevrilib sərdabənin üz tərəfinə – divara həkk edildi ki, bu yerlərdə
ömrü boyu boz quşları qu quşuna çevirməkdən ötrü fırçası əlindən düşməyən
mərhum quş alverçisini yada sala bilən bir iz qalmasın. - «Və bütün bunlar sənin
əmrinlə, sənin istəyinlə baş verdi ki, ayrı bir qadının xatirəsi, sənin mənə olan
sevginə kölgə sala bilməsin, mənim dərdim, Letisiya Nasareno, it qızı!» Letisiya
onu elə bir yaş həddində dəyişdirmişidi ki, bu yaşda insanı dəyişmək mümkün
deyildi, belə yaşda insanı yalnız ölüm dəyişdirə bilərdi; evlənməkdən yüz bəhanə
ilə boyun qaçırıb, uşaq şıltaqlığıyla dediyi: «Ölərəm - evlənmərəm» söhbətini isə
Letisiya yataqdaca, şirin sevgi dəqiqələri ərzində usta fəndlərlə kökündən
kəsmişdi, üstəlik, onu, təzə qurşaq taxmağa məcbur eləmişdi, «yoxsa, qoca, qara
quzunun dərisində azmış zınqırovu kimi yellənə-yellənə qalmışdı…»; O, onu, bir
vaxt gözəllik kraliçalarıyla vals oynadığı laklı uzunboğazları geyməyə, ölənəcən
ali hakimiyyət simvolu kimi taxmağa məhkum olduğu qızıl mahmızı, uzunboğazın
112
sol tayına keçirməyə, Böyük Admiralın ona şəxsən bağışladığı, qızılı saplarla,
baftayla işlənmiş epoletli ağır kitelini - gün üzünə çıxmadığı uzun illərdən bəri,
prezident karetinin pəncərəsində dərin fikirlərə qərq olmuş profilinin, qəmli
baxışının, ipək əlcəkli əlinin hüznlü hərəkəti göz qırpımında görünən vaxtlardan
bəri geymədiyi kitelini geyməyə, kişi ətri vurmağa, döyüş qılıncını, bütün orden-
medallarını, Roma Papasının, müsadirə edilmiş kilsə əmlakının geri qaytarılmasına
görə onu təltif etdiyi Tanrı Dərgahı ordenini, kavaler lentini taxmağa məcbur elədi.
- «Sən məni lap bayram yemişi kimi bəzədin!» Sübh tezdən həmin bu görkəmdə
Letisiya onu, təmtəkcə, müşayiətsiz-şahidsiz, tül fatasının dumanı içində, yeddi
aylıq biabırçı qarnını ikimərtəbəli kətan tumanının – gips təkər kimi kobud, qalın
alt və sürüşkən üst tumanın altında gizlədə-gizlədə, mum şamların və pəncərələr
boyu solan portağal budaqlarının qarışığından, qəlyanaltı iyi verən ala-qaranlıq
iclas zalına apardı. Onlar, bədheybət zalın dörd bir tərəfindən, usanmadan
çalxalanıb uğuldayan ucsuz-bucaqsız adam dənizinin sahilində don vurmuş kimi
key vəziyyətdə, tər içində yanaşı dayanmışdılar. Zalın bütün giriş-çıxışları bağlı
idi, pəncərələr, dövlət gerbli qalın pərdələrlə tutulmuşdu; - zal, ölüm qoxusu saçan,
anlaşılmaz, ölü bir mərasimə – onların kəbin mərasiminə hazırlaşırdı; bu mərasim,
dövlət sirri kimi gizlin saxlanılmalı, dünyada bircə adam belə bu haqda bir şey
bilməməliydi. Letisiya, havasızlıqdan boğulur, bətninin qaranlıq sularında üzən
körpəsinin səbrsiz təpiklərindən əziyyət çəkirdi. - bu, onun körpəsi idi, onun oğlu
idi. - «Axı sən özün istəyirdin ki, oğlun olsun! Bu da oğlan!»
Təntənəli geyimli arxiyepiskopun, harasından çıxdığı məlum olmayan asta səsiylə
Allahın şərəfinə oxuduğu duaları dəhlizlər boyu mürgüləyən qarovulçulara belə
gedib çatmırdı., Zəhmli qocaya: - «Sən, Letisiya Mersedes Mariya Nasareno ilə
evlənməyə razısanmı?» - sualını verərkən, az qala ürəyi dayanan arxiyepiskopun
qorxusu, ana bətninin dərin sularında azmış dalğıcın qorxusu qədər anlaşılmaz və
qaranlıq idi. Bu vaxta qədər heç kimin ona bu sualı verməyə cəsarəti çatmazdı.
Necə yəni, o, kimisə özünə arvad eləməyə razıdırmı?! Heç vaxt heç kim ona belə
bir sual verə bilməzdi! Cavabında o, gözünü yüngülcə qırpıb: «Razıyam!» - dedi
və ürəyinin döyüntüsündən sinəsində tərpənən orden-medalların cingiltisi eşidildi.
«Razıyam!» sözü yenilməz qürurla səsləndi və elə həmin an Letisiya Nasarenonun
bətnindəki körpə dölətrafı sularda öz istiqamətini müəyyənləşdirib işığa sarı yön
aldı. Letisiya, ağrıdan üçqat olub təngiyə-təngiyə: «İlahi, pərvərdigara, sənin
müqəddəs qanunlarını, öz şəhvətini doyurmaqla yerinə yetirən sadiq rahhibəni əhv
et! Sənin cəzanı qəbul edirəm, ilahi!» - deyə, çanaq sümüklərinin cırıltısını
gizləmək üçün, naxışlı paltarını cırıb sökdü və ikilaylı tumanının dolaşığından, öz
yarımçıq bicini çəkib çıxartdı. Körpə, təzə doğulmuş buzov ölçüsündə, elə buzov
kimi də köməksiz idi. Letisiya körpəni əlinə alıb yuxarı qaldırdı, onu rəngbərəng
altarın zəif işığında gözdən keçirib oğlan uşağı olduğunu dəqiqləşdirdi. – «Siz necə
istəmişdiniz, mənim generalım – oğlan!» Bu müqəddəs, Emmanuel adı daşımalı
olacaq, lakin heç bir əməli ilə Allahın adına şərəf gətirə bilməyəcək bu körpə,
çəlimsiz bir oğlan uşağı idi; atası onu, qurbanlıq daşının üstünə qoyub göbəyini öz
qılıncıyla kəsərək, yeganə qanuni oğlu elan etdi və həmin gündən bəri uşaq, bütün
hüquqları onun ixtiyarına verilmiş diviziya generalı təyin edildi. - «Onu xaç
suyuna salın, müqəddəs ata!»
113
Bu qəribə hadisə, qədəm qoyan yeni dövrün müqəddiməsinə çevrildi, dəhşətli, ağır
dövrlərin başlanğıcı oldu. O dövrlər camaatın yadında, küçələrin, hələ səhərin gözü
açlmamışdan, xüsusi karton lövhələrlə dövrəyə alınmasıyla qalmışdı; ordu, bazar
alverçilərini tüfənglərin qundağıyla o baş-bu başa qova-qova, hay-küy sala-sala,
camaatın gözünün odunu alırdılar ki, hamı pəncərə və eyvanlarını kip bağlasınlar;
heç kim, küçələrdən güllə kimi ötən, qızıl dəstəkli limuzini görməməliydi;
damlarda, bacalarda hansısa təsadüf üzündən gizlənib oğrun-oğrun aşağı
boylanmaq nəsib olanlarsa, küçələrdən yel kimi vıyıldayan hökümət limuzinini,
prezidentin şəxsi limuzinini – maşının içində, başında, kənarları güllü fetr şlyapa,
boğazında bir düjün tülkü dərisi oturan balacaboy rahibəni görürdülər; görməmişin
oğlu oldu, günorta çıraq yandırdı! Biz, hər çərşənbə, səhər tezdən, bazarın
girəcəyində maşından düşüb, balaca generalın əlindən tutaraq, bir dəstə əsgərin
müşayiəti ilə bazara girən Letisiyanı görürdük; o illər uşağın üç yaşı ancaq olardı,
həm də uşaq o qədər arıq və çəlimsiz idi ki, oğlandan çox, qızılı saplarla işlənmiş
hərbi mundir geyimli qıza oxşayırdı; mundir uşağın əyninə elə kip otururdu, elə bil
o, elə mundirdə doğulmuşdu; bu mundiri o, diş yeri təzə-təzə yarılandan – Letisiya
onu arabada, atasının təmsil etdiyi rəsmi mərasimlərə gətirəndən, anasının
qucağında otura-otura, öz ordusuna tamaşa eləməyə başlayandan bəri geyirdi; bu
forma, həndbol oyunlarının sonunda camaatın, gənc generalın şərəfinə
səsləndirdiyi alqışlar altında, anasının əlləri üstə göylərə qaldırıldığı vaxtlardan
onun əynində idi; həmin bu formada o, milli bayram münasibətilə keçirilən
paradda, üstü açıq avtomobildə otura-otura, anasının döşünü əmirdi; Letisiya,
camaatın, süddən üfürlənmiş döşünə buzov kimi təpilən körpə generalı çoxmənalı
baxışlarla süzə-süzə, bir-birinə göz vurmasına qətiyyən məhəl qoymurdu;
diplomatik qəbullarda isə uşaq, artıq heç kimin köməyinə ehtiyacı olmadığı
vaxtlardan iştirak etməyə başlamışdı; bu qəbullara o, təkcə hərbi mundir geyməklə
kifayətlənmir, atasının mücrüsündən öz zövqünə uyğun seçdiyi döyüş medallarını
da sinəsinə taxırdı; bu, qəribə təbiətli, ciddi bir oğlan idi, artıq altı yaşında,
cəmiyyət içində özünü lazımi səviyyədə apara bilirdi, böyük adamlarla, bərabər
tərəf müqabili kimi, şampan əvəzinə, meyvə şirəsindən qurtum-qurtum içə-içə,
söhbət edirdi; qəribədi ki, o, adamlarla münasibətdə çox mədəni və qılıqlı idi, bu
keyfiyyətləri kimdən qazandığı məlum deyildi; düzdü, bəzən elə də olurdu ki,
qəbul mərasiminin ab-havası, qara buludlarla dolmuş kimi tutulur – zavalı vəliəhd
əsnəməyə başlayır və yuxulayırdı. Onda sanki zaman dayanır, söhbətlər, cümlənin
yarısındın qırılıb havadan asılı qalır, hərəkətlər donur və kiminsə: «Sakit, balaca
general yuxuya gedib!» - deyən asta pıçıltısı eşidilirdi; sonra adyutant onu,
məzəmmət dolu təbəssümünü yelpiclərinin arxasında gizlədə-gizlədə: «Biabırçılıq!
Əla həzrətlərin gözündən iraq!» - deyən rəsmiyyətpərəst xanımlar və sığallı
casuslar yığnağını yara-yara otağına aparırdı; general isə beyninə yeritmişdi ki,
guya bunlardan xəbərsizdi, hətta özü-özünü inandırmışdı ki, ona, yüzlərlə bic
uşağın arasından seçib yeganə oğlu elan elədiyi bu balaca uşağın hoqqalarına fikir
vermək düzgün deyil, belə xırda məişət məsələlərinə məhəl qoymaq, Letisiya
Nasarenonun saysız-hesabsız iddialarına məhəl qoymaq kimi bir şeydi. Hə, demək,
çərşənbə günlərinin sübh çağı o, öz oyuncaq generalının əlindən tutaraq, bir sürü
kazarma aşbazı və əsgər forması geymiş başkəsən quldurların müşayiəti ilə şəhər
114
bazarına gəlirdi. Bu adamlar, sübhün kal şəfəqləri altında canlı adamlardan çox,
ölü ruhlara oxşayır, günəşin, Qəraib dənizinin sonsuz səthi üzərində yaratdığı ani,
sehrli mənzərə qədər gözlənilməz təsir bağışlayırdılar; onlar, bellərinəcən limanın
üfunətli sularına girir, ordan birbaş bu ticarət limanına, Martinikidən gül-çiçək,
Paramaribodan zəncəfil gətirib gələn çəkili yelkənli gəmilərə soxulub, onları tar-
mar edirdilər; qabaqlarına çıxan hər kəsi talayıb soyur, gözlərinə dəyən hər bir şeyi
hücumla ələ keçirirdilər; balıqçıların ovunu əllərindən alırdılar; hətta satdıq
donuzlara yem əvəzi verilən tullantı balıqları belə qamarlayırdılar; donuzları
tüfəngin qundağıyla döyür, bir vaxt qulların çəkisi ölçüldüyü Nuh əyyamından
qalan, lakin hələ də işləyən tərəzilərin içinlə yığılmış tullantı balıqları da
yığışdırırdılar; həmin bu tərəzidə, onun hakimiyyətinə qədərki qədim dövrlərdə,
Seneqaldan gətirilən ilahi gözəlliyə malik qul qadınlar və onların ağırlığında qızıl
ölçülürdü.
«Onlar hər şeyi söküb talan elədilər, mənim generalım! Bunlar çəyirtkədən də
qorxulu həşəratdı!» Qoca, günbəgün yetişib sulana-sulana, növbəsini gözləyən bu
söhbəti, həmin o çərşənbədən sonra açmadı; bu söhbət, o biri çərşənbədən sonra da
açılmadı; Letisiya, şəxsən onun eləməyə cəsarət eləmədiklərini eləyəndən sonra da.
Letisiya boynundakı tülkünün parıldayan gözlərinə hürən bir sürü küçə itlərinin
müşayiəti ilə özünü quş və tərəvəz satılan piştaxtaların arasına salır, hürüşməyə
məhəl qoymadan, ədalı yerişiylə ticarət zalının nəhəng arakəsmələri ilə, bədii
təsvirlərlə işlənmiş dəmir sütunların arasıyla, sarı şüşədən düzəldilmiş nəhəng
yarpaqların və dəmir budaqların, çəhrayı şüşədən tökülmüş nəhəng almaların, mavi
şüşədən tökülmüş, içi əfsanəvi bitki səltənətiylə dolu bolluq buynuzlarının altıyla
gəzməyinə davam edirdi. O, ən şirəli, yeməli meyvələri, ən təzə, təravətli
tərəvəzləri seçib götürürdüsə də, əli dəyən meyvə o dəqiqə öz təzəliyini, təravətini,
gözəlliyini itirib solurdu; bu, onun əlinin qəribə, naməlum xüsusiyyəti idi –
toxunduğu hər bir şeyi məhv edib korlamaq. Onun ani toxunmasından, təzə, isti
çörək quruyub kiflənirdi, barmağındakı nişan üzüyünün qızılı isə qaralırdı. Lakin,
o, bu xüsusiyyətini heç cür boynuna almaq istəmir, bazar alverçiləriylə mübahisə
edib hay-küy salırdı ki, guya onlar təzə mallarını gizlədib, qəsdən pislərini,
çürüklərini ona sırıyırlar. «Bu eybəcər manqoları ancaq donuzlara yedirtmək olar!
Fırıldaqçılar! Auyamalarını* mənə elə soxuşdururlar, elə bil mən kar-zadam,
bunun, düşük musiqiçi kimi özü-özünə cingildəməyini eşitmirəm!» Bir qədər sonra
bazarın o biri başından onun ayrı çığırtısı gəlirdi: «Guya indi, bu mal ətidi?
Qancıqlar! Bu, içi qurd basmış təzəkdi, təzək!» «Baxan kimi, görünür ki, bu qaban
qabırğaları yox, xoleradan gəbərmiş eşşəyin sümükləridi, it qızları!» O, beləcə,
qoltuğu zənbilli aşbazlarıyla, əli vedrəli əsgərləriylə dörd bir yanı çapıb-taladıqca,
dil boğaza qoymur, səsi batanacan uluyurdu. Letisiyanın bu quldursayağı
çığırtıları, Şahzadə Edvard adasının qar basmış tülkü yuvasının iyini hələ də
özündə saxlayan boynundakı tülkü dərilərinə qısqıran itlərin hürüşündən daha
ətürpədən, söyüşləri, danışan tutuquşuların, sahiblərinin böyük məmnuniyyətlə
Letisiyanın üzünə demək istədikləri, lakin heç cür deyə bilmədikləri söyüşləri
mənimsəyən qırmızı quakamayaların söyüşlərindən daha qəliz və kobud idi. Onlar
ləzzətlə Letisiyanın üzünə: «Oğru Letisiya, fahişə-rahibə!» - deyib çığırırdılar.
Həmin bu sözləri, bazarın qülləsi alıtndakı dəmir sütunlarda, tozlu şüşə yarpaqların
115
Dostları ilə paylaş: |