2. Kütləvi qırğın silahları Nüvə silahı. Kütləvi qırğın silahlarının tətbiqi kütləvi itkilərə və ətraf mühitin bərpaedilməz dərəcədə korlanmasına səbəb olur. Əsas xüsusiyyəti – insanların psixi durumunun və genetik göstəricilərinin pozulması, ekoloji tarazlığın dəyişməsi, ümumilikdə yaranmış problemlərin aradan qaldırılmasında ciddi çətinliklərlə üzbəüz qoyulmasıdır.
Müasir dövrdə bütün inkişaf etmiş ölkələr öz hərbi potensialını saxlamaq və inkişaf etdirmək üçün kütləvi qırğın silahları ilə təminata mühüm yer ayırırlar. Nüvə silahları, kimyəvi silahlar və bioloji silahlar digər silahlara nisbətən dövrümüzün ən dəhşətli kütləvi qırğın silahları siyahısına aid olmaqla yanaşı, daim yenilənməkdədir.
Nüvə partlayışlarının güclü dağıdıcılıq xüsusiyyətlərini nəzərə alaraq onu döyüş əməliyyatlarında strateji və taktiki məsələlərin həlli üçün tətbiq edirlər. Nüvə silahlarını qısa bir zamanda, böyük ərazilərdə, ilin bütün fəsillərində, gecə və gündüz istifadə etmək mümkündür.
İlk dəfə nüvə silahından 1945-ci ilin avqust ayında ABŞ dövləti Yaponiyanın Xirosima və Naqasaki şəhərlərinə təyyarədən atom bombası atmaqla istifadə etmişdir. Nəticədə, 313000 nəfərdən artıq dinc sakin həlak olmuş, 238000 nəfərdən artıq xəsarət almışdır.
Nüvə bombası (və ya atom bombası) – ağır nüvələrin zəncirvari bölünməsi, yaxud da yüngül nüvələrin termonüvə sintezi zamanı ayrılan nüvə enerjisinə əsaslanan partlayıcı təsirli silahdır. Bütün nüvə silahlarını aşağıdakı kateqoriyalara bölmək olar:
1. Atom bombası adlanan döyüş sursatları – bunların partlaması zamanı yalnız bir növ nüvə reaksiyası gedir və ağır element (uran və ya plutonium) daha yüngül nüvələrə çevrilir. Bunlar birfazalı və ya birpilləli nüvə silahları sayılır.
2. Termonüvə silahı (çox vaxt hidrogen bombası) – daha yüngül elementlərin sintezindən ayrılan enerjiyə əsaslanır. Fitil kimi birfazalı bombadan istifadə olunur ki, onun partlaması zamanı lazım olan temperatur yaranır (1 neçə milyon dərəcə) və sintez reaksiyası gedir. İlkin material kimi hidrogenin iki müxtəlif izotopundan (deyterium və tritium) istifadə olunur. Bu ikifazalı, yaxud ikipilləli tipdir. Hidrogen bombasının gücü atom bombasının gücündən böyükdür.
3. Termonüvə reaksiyasının üçfazalı, yaxud üçpilləli (parçalanma – sintez – parçalanma) tipi də mövcuddur. Bilirik ki, təbii uranın tərkibi 99% uran-238-dən, 0,7% isə uran-235-dən ibarətdir. Yəni uran-238 çoxdur və ucuz xammaldır. Amma uran-238-i sadə parçalanmalarda istifadə olunmur, çünki parçalanmaya meylli deyil. Üçpilləli bombalarda əvvəl uran-235 parçalanır, sonra sintez reaksiyası gedir, yüksək temperatur və təzyiq alındığından uran-238 də parçalanır. Bu tip bombaların gücü və radioaktivliyi çox yüksəkdir .
Şəkil . Nüvə raketləri
4. Neytron bombası – bəzən bu bombanı ayrı bir növ kimi qeyd edirlər. Bu tip silah yüksək sürətli neyron seli yaradan mexanizmdir ki, gücü az olsa da, istiqamətlənmiş radioaktivliyə və neytron şüalanmasına malikdir.
Nüvə sursatlarını istifadə etmək üçün onları aşağıdakı nüvə daşıyıcılarına yerləşdirirlər:
– ballastik raketlərin başlıq hissələrində;
– zenit və qanadlı raketlərin döyüş hissəsində;
– aviasiya mərmilərində;
– artilleriya mərmi və minalarında;
– torpedaların döyüş hissələrində;
– mühəndis minalarında.
Nüvə partlayışlarının dağıdıcı faktorları insanların məhv edilməsində kompleks xarakter daşıyır, böyük ərazini əhatə edir və öz təsirini uzun müddət saxlayır.