və yaxud “Bakı və bakılılar” haqqında düşüncələrim
“Kitabların da ömrü müxtəlif olur. Kitab var ki, çapdan çıxar-çıxmaz unudulur. Kitab da var ki, xeyli müddət yaşayır, nəsillərə gərəkli olur, zaman-zaman ona ehtiyac və tələbat duyulur. Təkrar nəşrləri olur, ya da zahirən köhnəlsə də, vərəqləri saralsa da, oxunur, fayda verir”.
Bu sözləri görkəmli filosof Fuad Qasımzadə, tanınmış yazıçı Qılman İlkinin “Bakı və bakılılar” əsəri haqqında ön sözdə yazıb. Əsər haqqında deyilən bu dəyərli fikir bir daha sübut edir ki, 1998-ci ildə işıq üzü görən “Bakı və bakılılar” zamanından asılı olmayaraq bu gün də, sabahda və yüz illər bundan sonra da oxucusu üçün çox maraqlı, dəyərli bir həmsöhbətdir.
Tanınmış qələm əhli, “Əməkdar jurnalist” Flora xanım Xəlilzadə demiş: “Bakının alisindən-adisinə kimi” əks etdirilən bu əsər hec zaman unudulmaz. Çünki burada Azərbaycanımızın çanı olan Bakımızdan, onun zəngin tarixindən, keçdiyi çox çətin və eyni zamanda şərəfli yoldan bəhs edilir. Doğru deyiblər ki: “Paris fransızlar, London ingilislər, Moskva ruslar, İstanbul türklər üçün, nə qədər əziz və qiymətlidirsə Bakı da bizim üçün ondan da artıq əziz və qiymətlidir”.
Maraqlıdır. Bu gün dünya şəhərləri ilə müqayisə etdiyimiz Bakı keçmişlərdə necə olub, necə yaranıb, mərd oğullarımız onu necə qoruyub, saxlayıb? Frtınalardan, kəşməkəşlərdən keçib bu günümüzə catan Bakının dünəninə xəyalən bir anlıq səyahət etmək necə də maraqlı olar. Ensiklopedik səciyyəyə malik olan “Bakı və bakılılar” əsəri bizə təkcə Bakı tarixindən deyil, onun coğrafiyasından, mədəniyyətindən, mənəviyyatından, iqtisadiyyatından, adət-ənənələrindən, yaşayış tərzindən geniş və ətraflı məlumat verməklə yanaşı sanki köhnə Bakımızı qarış-qarış gəzdirir, möhtəşəm bir tarixlə bizi tanış edir.
Çox zəngin arxiv materialları və tarixi faktlarla əhatə edilən bu əsərdə yazıçı Qılman İlkini yalnız Bakı tarixinin bilicisi kimi deyil, həm də bir ədəbiyyatşünas, mətbuatşünas, arxivşünas, kitabşünas, alim kimi də çıxış edir. Bax budur əsərin minlərlə, miyonlarla əsərlərdən fərqi, qiymətli dəyəri. “Bakı və bakılılar” əsəri Azərbaycan tarixindən bəhs etməklə yanaşı onun memarlıq, musiqi, teatr, kino, kulinariya mədəniyyətlərindən, gözəl və qədim şənlik mərasimlərindən geniş və ətraflı məlumat verərək onların bu gün yaşanmasına, qorunub saxlanmasına çağırır bizləri.
Təbii bütün qələm əhlimizin ən vacib borcu “çağdaş və gələcək nəsillərə doğma Azərbaycanımızı tanıtmaqdır”. Çünki bu çox müqəddəs bir işdir. Hər bir gəncimiz bilməlidir ki, onun xalqının, vətəninin çox zəngin, şərəfli bir tarixi var. Bu tarixi yaşatmaq və gələcək nəsillərə ötürmək üçün mütləq dünəni bilmək lazımdır. Bu gün dünəndən yarandığı kimi, sabah da bu gündən yaranacaq. Unutmayaq ki, “tarix və çağdaşlıq qırılmaz tellərlə bağlıdır”. Birdəki Qlman müəllim bir övlad kimi, bir Bakılı kimi onun üçün çox əziz olan Bakının dünənini fəxrlə gələcəyə bəyan edir. Əslində hər bir Azərbaycanlı doğulduğu, böyüdüyü məkanı, onun tarixini bilməli və özündən sonrakı nəsillərə catdırmalıdır. Burada Flora xanım Xəlilzadənin “Şuşa və şuşalılar” əsərini xatırladım. Azərbaycanımızın başının tacı olan Şuşanın tarixi, mədəniyyəti çox gözəl əks etdirilən bu əsər yalnız hər bir Şuşalının deyil, hər bir Azərbaycanlının ən qiymətli kitabı olmalıdır. Çünki, Flora xanım əsərində hətta bizə məlum olmayan elə qaranlıq mətləbləri işıqlandırır ki, onları həyacansız oxumaq olmur. Odur ki, hər bir qələm əhli öz döğulduğu məkanın tarixini, dünənini gələcəydə yaşatmaq üçün belə əsərlər yazmağa tələsməlidir. Yaxşı deyiblər: “Yazıb-yaratmaq zəka sahiblərindən, nəşr etmək də varidat sahiblərindən”.
... Bakının yaranma tarixindən başlayan Qılman İlkin onun 20-ci yüzilliyin əvvəllərinə kimi kecdiyi yolu aramla oxucusuna şərh edir. Onun yaranmasında, qorunub saxlanmasında, qara qızılının dünyaya səs salmasında nələrdən kecdiyini və necə şərəflə kecdiyini bəyan edir. Bakının Şirvanşahlar dövründən tutmuş ruslar tərəfindən işğal edildiyi bir dövrə kimi yaşadıqlarını zəngin arxiv materialları ilə əks etdirən yazıçı burada daha çox tarixçi rolunu oynayır. Ümumiyyətlə “Bakı və bakılılar” əsərinin hər bir səhifəsi min bir zəhmət bahasına araşdırılan arxiv sənədləri, faktları ilə əhatə olunub. Bu faktları yığmaq, toplamaq, araşdırmaq çox gərgin zəhmət bahasına başa gələn bir işdir. Qlman müəllim isə bunları yığmaqla, toplamaqla, araşdırmaqla yanaşı onları bir yazıçı kimi yerli-yerində, publisistik dildə şərh edərək oxucusuna maraqlı, oxunaqlı bir əsər ərmağan edib.
On yeddi il bundan əvvəl oxuduğum bu əsər bu gün yazı masamın üstündə əvəzolunmaz bir yer tutur. Çünki, “Bakı və bakılılar”da mənim diqqətimi daha çox cəlb edən bir jurnalist, bir mətbuat tarixinin tədqiqatçısı kimi 20-ci yüzilliyin əvvəllərində fəaliyyətdə olan dövrü mətbuat haqqında verilən geniş və dürüst məlumatdır. Yəqin ki, mətbuat tarixi tədqiqatçları mənimlə razılaşarlar ki, bolşevik mətbuatının tədqiqatçılarından fərqli olaraq Qılman müəllim 20-ci yüzilliyin əvvəllərində dövrü mətbuatımızın inkişafını hec bir qurupa bölmədən onlar haqında informasiya verir və o zaman Azərbaycanda maarifin, mədəniyyətin, teatrın, hətta iqtisadiyyatın (xüsusən də neft sahəsində) inkişafında dövrü mətbuatın mühüm rol oynadığını faktlarla əsaslandırır. Bu sahədən söbhət acan müəllif, “1905-1906-cı illərdə mətbuat” və “1907-1917-ci illərdə mətbuat” yarımbaşlığı altında bu illər ərzində Azərbaycanda milli mətbuatın yaranmasından, inkişafından bəhs etməklə yanaşı onun necə cətin bir şəraitdə fəaliyyət göstərməsini “Mühərrirlərin təqibi” yarımbaşlıqda qeyd edir. Və bu sahədə ziyalılarımızın, xüsusən də jurnalist və publisistlərimizin cətinliklə nail olduqları yeniliklərdən qürurla söhbət acır.
“Bakı və bakılılar”da elə mətbu orqanlarının adları ilə rastlaşdım ki, onlar haqqında ilk dəfə idi ki, eşidirdim. Məsələn, “Müraat” məcmuəsi. Müəllif yazır ki, “1910-cu ildə çap edilən bu məzhəkə məcmuənin yalnız bir sayı işıq üzü görüb”. Və yaxud, “Asari həqiqət”, “Təzə xəbər” (Bu “Təzə xəbər” qəzeti Haşım bəy Vəzirovun “Tazə həyat” qəzeti deyil. Bu 1912-ci ildə Qədir Heydərovun müdirliyi ilə çap olunan və ömrü çox qısa olan həftəlik bir qəzet olub) və s. Əsərdə “Ziyalılar” və “Bakılı ziyalılar” bölümündə müəllif bir daha mətbuat mövzusuna qayıdaraq dövrü mətbuatın yaranmasında, inkişafında bu ziyalıların əvəzolunmaz xidmətlərini fəxirlə qeyd edir.
Əsərdə ürək ağrısı ilə oxunan bölüm “Bakı rus işğalı dövründə”dir. Tarixi hadisələr, bütün arxiv sənədləri, materialları dönə-dönə sübut edir ki, zaman-zaman Şimal qonşumuz tərəfindən dəfələrlə çox amansızcasına işğala məruz qalmışıq. Bu işğalın son ağrılı, acılı dövrü Sovetlərin hakimiyyətə kəlməsi oldu ki, onda Azərbaycan yalnız ziyası olan ziyyalılarını deyil, həm də mənəviyyatını itirmək təhlükəsində qaldı. Rus imperatorluğunun mənafeyini düşünən I Pyotr nəyin bahasına olursa-olsun bu zəngin məmləkətə sahib olmaq və onu əsarətdə sağlamaq üçün cızdığı planların həyata kecirilməsini gələcək nəsillərə vəsiyyət etdi. Odur ki, uzun illər Azərbaycan onların işğalı altında qaldı. Müəllif yazır ki, “I Pyotru xüsus maraqlandıran Bakıda istehsal olunan neftt idi. Zəfəran istehsalı da hakim dairələrin diqqət mərkəzində idi”. Rus işğalcılarına qarşı Bakılıların necə mərdliklə vuruşması, Sisianovun öldürülməsi səhnələrini qürurla vəsf edən müəllif həm də xalqın vətənpərvərliyini bəyan edirdi.
Doğrusunu deyim ki, bu əsəri oxuyana qədər mənim anlamımda qoçu sözünə qarşı yalnız mənfi münasibət var idi. Lakin “Bakı və bakılılar”ı oxuduqdan sonra fikrimi büs-bütün dəyişdim. Məlum oldu ki, məşhur 1918-ci ilin mart faciəsində və ondan da bir necə il əvvəl Bakı qoçuları ermənilərə layiqli cavab verməklə Bakını və bakılıları müdafiə etmişdilər. Bu haqda müəllif yazır ki: “1905 və 1918-ci illərdə erməni-müsəlman qırğınında qoçuların fəaliyyətini qeyd etməmək mümkün deyil. 1918-ci ildə erməni daşnaklarının Erməni kəndindən şəhərə hücum edəcəklərini eşidən kimi qoçular bir sədd kimi onların qabağını kəsmişdilər”.
Bir həqiqət vardır ki, “qoçuluq ictimai bir hadisə kimi keçən əsrin ortalarında Bakıda neft sənayesinin inkişafı ilə bağlı yaranmış və yayılmışdır”. Doğrudan da qoçu sözünə həmin dövrdə fəaliyyətdə olan dövrü mətbuatda da rast gəlirik.
Əsərdə daha maraq və qürur hissi ilə oxuduğum “Bakı milyonçuları” xüsusən Hacı Zeynalabdin Tağıyev haqqında olan hissədir. Müəllif çox haqlı olaraq yazırdı ki: “Bakı milyonçuları başqa şəhərlərin milyonçularından onunla fərqlənirdilər ki, onlar bu sərmayə və sərvəti irsi olaraq, öz ata və babalarından almamışdılar. Bir qayda olaraq, əksəriyyəti fəhləlikdən, yoxsulluqdan öz zəhmətləri ilə milyonçu dərəcəsinə yüksəlmişdilər. Öz zəhmətləri, kamal və səyləri onları irəli aparmışdı... xüsusən də Hacı Zeynalabdin Tağıyevi”.
Müəllif başmaqçı ailəsində anadan olan Hacı Zeynalabdin Tağıyevin bu sərvətə necə yiyələndiyini və o sərvəti xalqı yolunda necə qürurla, ürəklə sərf etdiyini oxucusuna bəyan etmək üçün onun həyatının ən qiymətli anlarını qələmə alıb. Bir azərbaycanlı oğlunun təkcə Azərbaycanda, Rusiyada deyil, bütün Avropada iri iqtisadi və ticarət əlaqələrində nüfuzlu bir simaya çevrilməsindən, böyük nüfuz sahibi olduğundan qürur hissi duyan Qılman İlkin Hacının xeyirxahlığından söz acmaqla “hər milyonçu Tağıyev ola bilməz” deməkdə nə qədər haqlı imiş. Azərbaycan maarifinin, mədəniyyətinin, iqtisadiyyatının inkişafında əvəzolunmaz bir simaya çevrilən Hacını “Qafqaz müsəlmanlarının fəxri” adlandıran müəllifin ona qarşı xüsusi rəğbəti əsərin hər cümləsində özünü büruz verib. “Tağıyevin belə tanınması onun milyonları sayəsində olmuşdumu? Qətiyyən yox. Təsadüfi deyil ki, Hacı haqqında rəy söyləyənlər birinci növbədə onun milyonları barədə deyil, insanpərvərliyi, maarifpərvərliyi, mülayimliyi, xalqa əl tutması haqqında ağız dolusu söhbət açırdılar. O, cəmiyyətdə tutduğu mövqe, ölkənin ictimai-iqtisadi və mədəni-maarif sahəsindəki misilsiz xidmətləri ilə başqa milyonçulardan fərqlənirdi”. Qılman müəllim bu fikirlərini təsdiq etmək üçün o dövrdə rus və azərbaycan dillərində çap edilən mətbuat orqanlarından saysız-hesabsız sitatlar gətirməklə bir daha Hacının böyük şəxsiyyət olduğunu isbat edib.
Bakıda toxuculuq fabrikini tikdirməklə Azərbaycan yüngül sənayesinin fundamentini qoyan Hacıya burada “bezin pudu 24 manat 63 qəpiyə başa gəlsə də, o camaatın xeyrinə olaraq, 18 manat 70 qəpiyə satdırırdı”.
Sonda yenə də hörmətli alim Fuad Qasımzadənin ön sözdə yazdığı son sözlərini xatırladım: “İnanıram ki, Azərbaycan tarixinin öyrənilməsində “Dərbəndnamə”yə, “Qarabağnamə”yə indi də müraciət etdikləri kimi nəinki çağdaş nəsil, elə gələcək nəsillər də Qılman İlkinin “Bakı və bakılılar” kitabına müraciət edəcəklər. Bakı və bakılıların tarixini öyrənməkdə ondan faydalanacaqlar”.
Bəli, bu gün qürurla demək olar ki, Qılman müəllim uzun illər heç bir əsər yazmasaydı belə, təkcə “Bakı və bakılılar”ı yazmaqla tarixə düşəcək, oxucu qəlbini fəht edəcək bir yazara çevrildi. “Bakı və bakılıları” oxuduqca bir daha mənə bəlli oldu ki, bu gün başqa kitablardan oxuduğum faktları ilk dəfə elmi ictimaiyyətin diqqətinə Siz çatdırmısınızmış. Amma bunun görə Sizi heç qürurlanan görmədim. Allah Sizə rəhmət eləsin!
“Kaspi” qəzeti, yanvar 2015
ÖYRƏNMƏK ÜÇÜN OXUNAN KİTAB
Latış yazıçısı və ədəbiyyatşünas alimi Andrey Upitinin kitab haqqında çox dəyərli bir fikri var. “Kitab həyatın ən uzaq və qaranlıq yollarına nur bəxş edən əfsanəvi çıraqdır”. Doğrudur alimin bu sözlərini hər kitaba da şamil etmək olmaz. Çünki, kitab var ki, zamana uyğun yazılır və onun “zamanı” kecdikdən sonra bu kitab yalnız maklaturaya cevrilir. Necə ki, Sovetin dövründə Marksın, Englisin, Leninin, Brejniyevin “kitabları” zor gücünə oxundu, dəb xatirinə kitab rəflərimizi “bəzədi”. Bu gün isə onların taleyi məlumdur.
Mətləbdən uzaqlaşmayaq. Bu gün oxucuma fəxrlə söhbət acmaq istədiyim kitab görkəmli dramaturq Nəcəf bəy Vəzirov demiş: “Kitab var ki, bizi ötən əsrlərin varisi edir”. O, ötən əsr ki, necə-necə söz, amal dahilərimizi bizə güzgünün əks “üzündə” göstəriblər.
Filologiya elmləri doktoru, professor Bədirxan Əhmədovun “XX əsr Azərbaycan ədəbiyyatı tarixi (icmallar, təhlilər, portretlər)” 3 cilddə (Dərslik) kitabı uzun illər qaranlıq qalan bir çox mətləblərə işıq saldı və illər boyu bizə güzgünün əks üzündə göstərilən dahilərimizi doğru, dürüst göstərdi.
Son illər yazı masamın üstündə əvəzolunmaz kitablardan birinə çevrilən bu dərslik haqqında danışmazdan əvvəl deyim ki, onu oxuyarkən necə illər bundan əvvəl nəşr olunan “Vətən səsi”i qəzetini xatırladım. Bədirxan müəllimin imzasını tanısam da özü ilə ilk dəfə o qəzetdə görüşdüm. O, görüşdən 20-ildən çox vaxt kecməsinə baxmayaraq üz-üzə görüşməsək də imzası vasitəsilə demək olar ki, az qala hər gün müxtəlif qəzetlərdə, jurnallarda, kitablarda görüşürük.
XX əsr Azərbaycan ədəbiyyatı tarixi üzrə çoxsaylı fundamental elmi araşdırmaların müəllifi olan professor ömrünün son otuz ilini bu sahəyə həsr edib. Ömrünün otuz ilni arxivlərdə, kitabxanalarda kecirərək illərlə toz basmış, saralmış sənədləri, materialları araşdıraraq həqiqətləri üzə çıxarıb, onlara həyat verib.
3 cilddə yazılan bu qiymətli əsərin ikinci cildi (“XX əsr Azərbaycan ədəbiyyatı tarixi (icmallar, təhlillər, portretlər)” 2010) daha çox diqqətimi cəlb etdi. Bəzi tədqiqatçıların fikrincə burada “Azərbaycan ədəbiyyatı tarixinin ən ziddiyyətli, mürəkkəb bir mərhələsinin (1920-1950-ci illər) hadisə, istiqamət və keyfiyyətləri yeni düşüncə orbitindən dəyərləndirilir”. Amma mən deyərdim ki, burada təkcə XX əsr Azərbaycan ədəbiyyatı tarixindən deyil eyni zamanda mətbuatı tarixindən, onun dövrün ədəbi prosesinə, ictimai xüsusən də siyasi hadisələrə təsirindən bəhs edilir və çox yüksək şəkildə, obyektivcəsinə təhlil edilir. Unutmayaq ki, ötən əsrin əvvəllərində Azərbaycanda azadlıq hərəkatının yüksəldiyi, inqilabi mübarizənin artdığı, maarifpərvərlik meyillərinin tərəqqi tapdığı bir zaman kəsiyində xalqla ünsiyyətdə ən güclü vasitə mətbuat olub. (Bəlkə də buna görə bir mətbuat tarixi tədqiqatçısı kimi dərsliyin bu bölümü məni özünə daha çox cəlb etdi).
Bünövrəsi 19-cu yüzilliyin sonu qoyulan milli mətbuatımızın inkişafı 20-ci yüzilliyin əvvəllərinə təssadüf edir və bu zamandan başlayaraq milli mətbuat, maarifçilik, ictimai fikir sahəsində ölkəmizdə milli mənlik şüurunun oyanmasına çox güclü təkan verir. Nəticədə milli ruhlu mətbuatın təbliğatçılığı ilə Azərbaycan Xalq Cümhuriyyəti qələbə çalır. Mətbuat xalqada müstəqillik, dövlətçilik duyğularını gücləndirir və hər sahədə quruculuq işləri görülür. Bu işlərin ən güclü təbliğatçısı isə milli ruhlu mətbuatımız olur.
Heç də təsadüfü deyil ki, elə Xalq Cümhuriyyətinin Rusiya bolşevikləri tərəfindən amansızcasına işğalından sonra da ölkədə hakim partiyanın ideyalarının təbliğində mətbuat çox böyük bir rol oynadı. Əksinqilabçı adı ilə müstəqil düşünən, milli mövqedən çıxış edən, xalqını azad, xoşbəxt, millətini birlikdə, vətənini isə sivil dövlətlərin sırasında görmək istəyən bütün insanlar mətbuatda “xalq düşməni” kimi qələmə verildi. Bütün varlığı, düşüncəsi, hissiyyatı ilə xalqına bağlı olan ziyalılarımız məhv edildi. Türkçülük, azərbaycançılıq ideologiyası yalançı BEYNƏLMİLƏLÇİLİKLƏ (əslində RUSLAŞMA) ilə əvəz edildi. Ölkəmizdə ilk dəfə mətbuat və ədəbiyyatın inkişafı üçün qərar və qətnamələr verilərək ədəbi proses çox güclü şəkildə nəzarət altına alındı. Deməli bütün bunlar bizə deməyə əsas verir ki, 20-ci yüzilliyin əvvəllərində ədəbi, ictimai, hətta siyasi prosesdə baş verən bütün yeniliklərdə ədəbiyyatımızla yanaşı mətbuatımız da mühüm rol oynayıb. Ona görə də mən qürurla deyərdim ki, Bədirxan müəllimin bu əsəri təkcə 20-ci əsr Azərbaycan ədəbiyyatı tarixinin deyil, həm də mətbuatı tarixinin tədqiqi üçün çox dəyərli və sanballı əsərdir. (Baxmayaraq ki, əsrdə qeyd edilir ki, “ədəbiyyat tarixinin müxtəlif problemləri ilə maraqlanan tədqiqatçılar üçün zəngin mənbə ola bilər”. Əslində əsər mətbuat tarixinin də müxtəlif problemləri ilə maraqlanan tədqiqatçılar üçün də dəyərli mənbədir).
Dərsliyin birinci bölmü “Proletar hegemoniyası dövrünün ədəbiyyatı (iyirminci illər)” adlanır. Müəllif bu bölümdə çox ustalıqla dövrün özünəməxsusluğunu, Vətəçilik və Cümhuriyyətçiliyin (zor gücünə) beynəlmiləlçiliklə əvəz edilməsində ədəbiyyatın, mətbuatın oynadığı rolu açıb göstərə bilib.
Unutmayaq ki, ədəbiyyatımızda və mətbuatımızda 1920-50-ci illər ayrıca bir mərhələni təşkil edir və elə ötən əsrdə tənqidə məruz qalan da məhz bu dövrün ədəbi məhsulları olmuşdur. Çünki, sovet ədəbi tənqidinin yanaşma prinsipi yalnız sosrealizm ədəbi-tənqidi metodologiyasını tətbiq edərək bütün ədəbi nümunələri “sovet ədəbiyyatı”, “sovet mətbuatı” prizmasından dəyərləndirməyə çalışırdı. Amma sözsüz ki, sosrealizim çərçivəsindən kənara çıxanlar oldu və bu gün onlar yenidən “ədəbi dövriyyəyə daxil olmaq” imkanı əldə edirlər. Bax buna görə hörmətli professor B.Əhmədov “həmin dövrün ədəbi, bədii düşüncəsini yenidən araşdırmaq və metodoloji cəhətdən dəyərləndirmək” üçün belə bir gərgin zəhmət tələb edən işin ağırlığını öz üzərinə götürüb. Zəhmətdən əlavə hələ qarşıya çıxan çətinliklər yəqin ki, hər bir ədəbiyyat və mətbuat tədqiqatçısına bəllidir. Məsələn, 1920-50-ci illərə qədər olan ədəbi prosesin yazılmaması, bəzi ədəbi məhsulların hələ də sağlam tədqiqata cəlb edilməməsi və aydınlıq gətirilməməsi və s.
Yuxarıda qeyd etdik ki, müəllif əsərində çoxsaylı mətbu orqanlarından və onların o zaman ədəbi, siyasi prosesdə oynadığı roldan geniş şəkildə söhbət açır. Məsələn, “Hücum”, “Mədəniyyət və maarif”, “Ədəbiyyat cəbhəsi”, “Mədəniyyət və inqilab”, “Yeni yol”, “Yeni fikir”, “Kommunist”, “Gənc işçi”, “Füqəra füyuzatı”, “Ədəbiyyat”, “Dan ulduzu”, “Qığılcım”, “Oktyabr alovları” və s. qəzet və jurnallar, onların yazarları, mövzu dairəsi haqqında çox ətraflı məlumat verir. Müəllif bu mətbu orqanlarından danışarkən haqlı olaraq qeyd edirdi ki: “1920-ci ilin sonlarından başlayaraq Rusiya ədəbi mühitində baş verən hadisələr bir başa olaraq Azərbaycana öz təsirini göstərməyə başlayır. Odur ki, ədəbi proses ədəbi qanunlarla deyil, siyasi göstərişlər, mülahizələr əsasında işləməyə başlayır”.
Bəzi ədəbi cəmiyyətlərin, birliklərin və təşkilatların orqanları olan bu mətbuat orqanları bir başa Mərkəzin diqtəsi ilə fəaliyyət göstərird. Lakin bunların arasında milli ruhu ilə secilən “Yaşıl qələm” və “Türk ocağı” ədəbi dərnəklərinin özünəməxsusluğunu qeyd edən tədqiqatçı alim onlara qarşı bolşeviklərin ittihamlarını da faktlarla əks etdirib. Bütün bu işlərə ilk olaraq Mərkəz, sonra isə Azərbaycan Mərkəzi Komitəsinin təbliğat şöbəsi güclü nəzarət edərək istiqamət verirdi. Məqsəd isə yalnız və yalnız sosializim cəmiyyətinin qurulmasında mətbuatdan, ədəbiyyatdan təbliğat vasitəsi kimi istifadə etmək idi.
Ədəbiyyatı, mətbuatı proletarlaşdıran hökumət proletar üslubunun yeganə yaradıcılıq üslubu olduğuna yazarları inandırmağa calışırdı. Odur ki, “ədəbiyyat (həm də mətbuat Q.D) hakim ideologiyanın ruporuna çevrildi” söyləyən tədqiqatçı tamamilə haqlıdır. Bu ideologiya isə xalqı dünənindən, sağlam keçmişindən, adət-ənənəsindən uzaqlaşdıraraq ruslaşma siyasətinə xidmət edirdi. Bax elə buna görə bu gün bir çox qaranlıq mətləbləri işıqlandıran “XX əsr Azərbaycan ədəbiyyatı tarixi (icmallar, təhlilər, portretlər)” əsərinə çox böyük ehtiyac duyulur.
Dərslikdə maraqlı bölmələrdən biri də Azərbaycan Xalq Cümhuriyyəti dövrünün poeziyasından bəhs edilən bölmədir. O, poeziya ki, başdan-ayağa milli ruhu təlğin edirdi. Odur ki, Azərbaycan poeziyasının 20-ci illər mərhələsi uzun illər ədəbi-tənqid və ədəbiyyatşünaslıq tərəfindən düzgün qiymətləndirilməmiş. Bolşevik diktaturasının yaratdığı xof, qorxu, təhdid və təzyiq yaradıcı insanların çoxunu bu yoldan döndərə bilsə də Cavidlər, Müşfiqlər, Cavadlar, Ümgülsümlər, Seyid Hüseynlər, Şahbazilər sona kimi əqidələrinə sadiq qaldılar. Qarşımdakı bu kitab o sadiqlərin ədəbi irsini bizlərə doğru-dürüst bəyan edir.
Bədirxan müəllim bütün əsər boyu 1920-50-ci illərdə Azərbaycanın düşdüyü çıxılmaz, çətin və ziddiyyətli vəziyyəti, Azərbaycanı Mərkəzə bağlayan bolşevik təfəkkürlü “millət xadimlərimizin” bu işdəki “əvəzsiz rolu”nu faktlar və dəlillərlə oxucusuna catdıraraq onu qaranlıq mətləblərdən hali edir. Tədqiqatçı alim dövrün metodoloji və ideoloji əyintilərini böyük sənətkarlıqla əks etdirir.
Dərsliyin ikinci bölmündə xalqımız üçün heç zaman sağalmayan yaraları “bəxş edən” dəhşətli repressiyalar dövrünün ağrı-acılarından bəhs edir. Ziyalılarımızın hansı dəhşətləri yaşadığını, taleyin hansı faciələrdən keçərək yazıb-yaratdıqlarının şahidi olursan bu bölümdə. Müəllif qeyd edir ki; “bu illər ədəbi irsə, klassikaya, eləcə də ənənə və milli mentalitetə nihilist münasibət daha da güclənir”. “Ədəbiyyat cəbhəsi”, “Hücum”, “İnqilab və mədəniyyət” jurnallarındakı çıxışların “prokuror ədası” xarakteri alması ədəbi prosesdə daha amansızlıqlara gətirib çıxarır. Belə ki, ölkədə yenidən təşkilatlanma prinsipi ilə kecirilən ədəbi müşavirə və qurultaylar hakim partiyanın əlində kəskin silaha çevrilir. Və ən dəhşətlisi o olur ki, Azərbaycan ziyalısı üz-üzə qoyularaq, bir-birinə düşmən kəsilir. Bu bölmədə müəllif MK “Ədəbi-bədii təşkilatların yenidən qurulması haqqında” (1923, 23 aprel) qərarından və həmin qərarın bir necə il sonra Azərbaycan ziyalısının qəniminə çevrilməsində dövrü mətbuatın “oynadığı rolu” oxucusunun diqqətinə catdırır. Onu da qeyd edim ki, bu bölmdə dövrü mətbuatın materiallarından daha çox istifadə edilib. Bu fakt özü bir daha sübut edir ki, bolşevikləşmiş sovet mətbuatımız o zaman ən güclü təbliğat vasitəsi olub.
Mətbuat bu gücünü İkinci Dünya müharibəsi illərində də çox məharətlə yerinə yetirmişdir ki, bu haqda isə müəllif üçüncü bölümdə danışır. Qırx-əllinci illər ədəbiyyatının, mətbuatının, ədəbi mühitinin fəaliyyətindən bəhs edən müəllif bu illərdə siyasi hakimiyyətin dəyişməsinin ədəbi mühitə necə təsir etməsini və ədəbi mühitdə yeni təmayüllərin təzahürünü göstərir.
Dördüncü və beşinci bölmədə Azərbaycan mühacirət və Cənubi Azərbaycan ədəbiyyatının, ədəbi mühitinin inkişafından, siyasi mənzərəsindən, mövzu və problematikasından, milli ruhun ədəbi düşüncədəki əksindən bəhs edilir. Ümumiyyətlə, çoz zəngin arxiv sənədləri və dövrü mətbuat materialları ilə əhatə edilən dərsliyin əsas xüsusiyyətlərindən biri yeni materialların cəlb edilməsi, ədəbi prosesdə, ədəbiyyatın, həm də mətbuatın inkişaf istiqamətlərinin yeni tendensiya ilə araşdırılması və təhlil edilməsidir.
Fransız yazıçısı Emil Moro yazırdı ki: “İki cür oxucu var: birincisi öyrənmək, digəri isə unutmaq üçün oxuyur”. Mənə elə gəlir ki, Azərbaycan oxucusu “XX əsr Azərbaycan ədəbiyyatı tarixi (icmallar, təhlillər, portretlər)” kitabını uzun illər ona qaranlıq qalan mətləbləri öyrənmək üçün oxuyacaq və düşünəcək.
“Kaspi” qəzeti, yanvar 2105
YAŞADIĞIMIZ FACİƏLƏR
Bu məqaləni yazmağa başlarkən Mirzə Cəlilin “Molla Nəsrəddin” jurnalının 8 mart 1909-cu il tarixli, 10-cu sayında yazdığı bu sözləri xatırladım: “...Doğrudan mən həmişə Bakının işlərini eşidəndə xarab olardım. Həqiqət, bu qədər bədbəxtlik, bu qədər zülm və fəsad ki, Bakıda üz verdi heç bir yanda olmayan və eşidilməyən bir iş idi...”. Sən demə Bakının başı illər boyu çox bəlalar cəkibmiş. Tanrı daha dəhşətlisindən qorusun...
...Qarşımda “Kommunist” qəzetinin 1990-cı ilin yanvar ayında çap olunan sayları var. Gözdən keçirirəm. Qəzetin məzmunu mənə 1920-30, 1940-50–ci illərin qəzetlərini xatırlatdır. O, qəzetlərini ki, birinci səhifəsindən, sonuncu səhifəsinə kimi Leninə, Stalinə həsr edilmiş yazılar, onların uzun-uzadı məruzələri və s.
Diqqət yetirirəm “Kommunist”in 16 yanvar 1990-cı il tarixli sayına. Qəzetin dörd səhifəsindən üçü, yanvarın 13-də Litva partiya fəallarının yığıncağında çıxış edən Sovet İKP MK-nın Baş katibi, SSRİ Ali Sovetinin Sədri Mixail Sergeyevic Qorbaçovun söylədiyi nitqə həsr edilib. Qalanlar isə “Azərinform”un, Respublika Daxili İşlər Nazirliyinin, Respublika Baş Prokrorluğunun, Bakı Şəhər partiya Komitəsinin verdiyi informasiyalardır ki, onlarda da Mərkəzin abu-havası hiss edilir. Bir tərəfli, yanlış, həqiqətdən uzaq olan bu informasiyalarda yanvarın 13-də Bakıda baş verən hadisələr haqqında məlumat verilir.
Məsələn, qəzet “Bakıda vəziyyətə dair” sərlövhəli xəbərdə öz soydaşlarını yetərincə şuluqcu, cinayətkar, ekstremist adlandıraraq yazır: “yanvarın 13-də Bakıda törədilmiş iğtişaşlar və azğınlıqlar zamanı faciəli hadisələr baş vermişdir. Adamlar, əsas
Dostları ilə paylaş: |