Başqa bir misal: Murovdağın bir qanadı sayılan Kəpəzdə şam meşələrinin yaranmasını tarixi bir hadisə
kimi göstərmək olar. Burada şam meşələrinin əmələ gəlməsi, şübhəsiz, XII əsrdə baş vermiş, qədim Gəncə
şəhərini alt-üst edən dəhşətli zəlzələ nəticəsində Kəpəz dağının bir hissəsinin uçması hadisəsi ilə bağlıdır. Elə
həmin dövrdə uçmuş Kəpəz dağı Ağsu çayının qabağını kəsərək Göygölün, Maralgölün və Zəligölün
yaranmasına səbəb olmuşdur.
Hazırda Göygöl və Maralgöl ətrafı yamaclarda şam meşələrinin yayılması prosesi davam edir, bu olduqca
maraqlı hadisədir. Burada zəlzələ nəticəsində yaranmış daş yığınları üzərində ilk dəfə şibyələr inkişaf etməyə
başlayır. Onlar dağ süxurlarında öz təsirini göstərərək orada mamırların inkişafına yol açır. Belə ibtidai bitkilər
arasında ilk dəfə tək-tək əyri gövdəli tozağacı, quşarmudu, keçi söyüdü və şam ağacları bitir. Bu ağaclar çılpaq
yamacları ilk dəfə tutduğu üçün «pioner» cinslər adlanır.
Şam ağacları burada əvvəlcə tək-tək və qrup şəklində bitir, sonra isə sıx meşəlik yaradır. Belə şəraitdə şam
ağaclarının boyu bitdiyi yerdən asılı olur. Məsələn, daşlar arasında, az-çox xırda torpaq hissəcikləri toplanan və
nəmlik olan yerdə 10-15 yaşı olan şamların boyu 1,0-1,5 metrə çatır, onların böyüməsi ilbəil sürətlənir, qaya
üzərində isə həmin yaşda ağacın boyu 0,5-0,7 metr olub, böyüməsi də çox ləng gedir və çətri kütləşir.
Qayalıqlar arasında bitən şamlar arasında moruğa, daş böyürtkənə, kəkotuna, cilə və yağı otuna rast gəlinir.
Tədqiqat zamanı Kəpəz dağında axırıncı şam ağacını dəniz səthindən 2280 metr yüksəklikdə müşahidə etdik.
Qrup şəklində və tək-tək yeni əmələ gələn şam ağaclarının əsasən 10-30 yaşı vardır. Burada bir neçə ədəd də
80-100 yaşı olan şama təsadüf etdik. Bu ağaclar düz gövdəli olub boyları 14-15 metr, diametri isə 30-40 santi-
metr təşkil edir. Cavan şam ağacları və yeniyetmələri ən çox «ana» ağacların ətrafında özünə məskən salır və
Kəpəz dağının zirvəsinə doğru öz arealını genişləndirir. Lakin Azərbaycanın müasir iqliminin təsiri nəticəsində
(rütubətli mülayim iqlim) şam meşələri buranın daimi, köklü «sakini» olaraq qalmır və tədricən öz yerini en-
liyarpaq ağac cinslərinə verir. Bu proses necə gedir? Apardığımız tədqiqatlar göstərir ki, Göygöl ətrafında az
meyilli yamaclarda şam meşələri altında qalın mamır örtüyü və meşə döşənəyi yaranır. Sonralar onlar çürüyərək
münbit torpaq qatı əmələ gətirir. Torpaq örtüyü yarandıqca və qalınlaşdıqca şam ağaclarının altında torpağa
tələbkar enliyarpaq ağac cinsləri müşahidə olunur. Beləliklə də, şam meşələri öz çətri altında torpağı
münbitləşdirməklə özünə ciddi rəqib qazanmış olur. Torpağın münbitliyi artdıqca şam ağacları altında fıstıq,
vələs və palıdın inkişafı üçün əlverişli şərait yaranır. Müəyyən dövrdən sonra ikimərtəbəli meşəlik əmələ gəlir.
Birinci mərtəbəni boyları 20-26 metrə çatan şam ağacları tutur, ikinci mərtəbədə isə fıstıq üstünlük təşkil edir.
Ona çoxlu miqdarda vələs, az miqdarda palıd, cökə, göyrüş və ağcaqayın qarışır. İkinci mərtəbəni tutan ağaclar
alçaq boylu (4-5 metr), əyri gövdəli olur. Meşə altında quşarmudu, doqquzdon, böyürtkən, moruq və tək-tək
ardıca rast gəlinir.
Ayrı-ayrı sahələrdə bitmə şəraitindən, meşəliyin tipindən asılı olaraq şam ağaclarının hündürlüyü 18-26 m, or-
ta diametri 26-36 sm, bir hektarda oduncaq ehtiyatı 200-500 kubmetr təşkil edir.
89
Hazırda Göygöl ətrafında ikimərtəbəli meşəliyin əmələ gəlməsi prosesi davam edir. Dağın 1800-1900 metr
yüksəkliyində bu proses daha şiddətli gedir, bunu şam meşələrini əhatəyə alan fıstıq meşələri bir qədər də
sürətləndirir. Bu yüksəklikdən yuxarı isə Kəpəzin daş qalıqları subalp çəməndəri ilə həmsərhəd olur. Belə
şəraitdə meşənin sıxlaşması zəif gedir və şam meşələri daha uzun dövr hökm sürə bilir.
İkimərtəbəli şam-fıstıq meşələri altında torpağın çimləşməsi və güclü kölgəlik şəraitində cavan şam ağacları
yaxşı inkişaf edə bilmir. Əgər tək-tək cavan şam pöhrələri müşahidə olunursa da belə şəraitdə normal böyüyə
bilmir, nazik, əyri, kövrək gövdə əmələ gətirir, ancaq on yaşa kimi ömür sürə bilir və quruyaraq məhv olur.
Odur ki, enliyarpaq ağac cinslərinin çətri altında əmələ gələn, olduqca işıqsevər şam yeniyetmələri böyüyüb
cavan ağaclıq həddinə belə çata bilmir. Digər tərəfdən birinci mərtəbəni tutan irigövdəli şam ağacları qocalaraq
tədricən sıradan çıxır, onu əvəz edə biləcək cavan şam ağacı nəsli kəsildiyindən öz yerini fıstıq və vələsə təhvil
verməyə məcbur olur. Hazırda Göygöl ətrafında fıstıq meşələri içərisində tək-tək qalmış 200-300 yaşlı, boyu 30-
36 metrə, diametri 100-110 santimetrə çatan qocaman «mayak» şam ağacları bunun canlı şahidləridir. Bu qoca
ağaclar da vaxt keçdikcə aradan çıxır və təmiz fıstıq meşəliyi yaranır.
Şübhəsiz, zəlzələ baş verməmişdən əvvəl Kəpəzin hər yerində fıstıq meşələri yayılıbmış, buna dağın
zəlzələdən uçmayan hissəsindəki fıstıq meşələri şahiddir. Zəlzələ zamanı əmələ gəlmiş dağ uçqunları üzərində
münbit torpaq şəraitində alışan fıstıq ağacı inkişaf etməyə qadir olmadığından orada şam «pioner» ağac cinsi
kimi inkişaf etməyə başlamışdır.
Qruplaşmanın buna oxşar dəyişilməsi buzlaq çöküntülərində də olduqca yuxa, kasıb biogenli torpaq
şəklində gedir. Burada fitosenozun formalaşması mamır və cillərdən başlayır; onlardan sonra qruplaşmaya
sürünən və kol şəklində söyüd qarışır. Daha sonra (20-30 ildən sonra) qızılağaclıq yaranır, onun ardınca küknar
peyda olur və o, başa çatmış qruplaşmanın əsasını təşkil edir, bu proses təxminən 100 il davam edir.
Dostları ilə paylaş: |