1. Ərazinin meyillik dərəcəsi, üst təbəqədə əlaqələri tez pozulan və növbələşən gilli-qumlu süxurların
mövcudluğu;
2. Tikinti işləri aparılarkən süxurların quru vəziyyətdə yükgötürmə qabiliyyətinin nisbətən yüksək olması,
sonradan kommunikasiya sistemlərindən olan itkinin, suvarmanın, atmosfer yağıntılarının və s. hesabına öz fiziki-
mexaniki və hidrokimyəvi xassələrini dəyişərək, dəyanətliyini itirməsi;
3. Yamacların ümumi yük götürmə qabiliyyətini modelləşdirmədən, müvafiq tədqiqatlar aparmadan,
sahənin yüksək mərtəbəli binalarla yüklənməsi və ətraflarında hər hansı bir drenaj şəbəkəsi və hidroizolyasiya
sistemlərinin yaradılmaması.
Bakı şəhəri ərazisində son illər yüksək mərtəbəli binaların (göydələnlərin) tikilməsi, çox hallarda bu
ərazilərin geoloji mühəndis – geoloji və hidrogeoloji şəraiti nəzərə alınmadan həyata keçirilir. Təbiidir ki, az
müddət keçdikdən sonra binalarda çatlar, oturmalar və s. nəzərə çarpacaqdır. Buna görə, böyük şəhər və
qəsəbələr salınarkən, burada yüksək mərtəbəli və ağır yüklü binalar inşa olunduqda ilk növbədə xüsusi
mühəndis – geoloji tədqiqatlar aparılmalı (1:200, 1:500, ən azı 1:1000 miqyasında), sonra tikintinin yük
götürmə qabiliyyəti nəzərə alınaraq bu və ya digər konstruksiyalı və mərtəbəli binaların inşası
layihələşdirilməlidir (F.Ş.Əliyev. 2002).
Bayıl yamacında və dərəsində sürüşmə prosesləri 1847, 1877, 1929, 1932, 1938, 1950, 1952, 1953, 1973-
1974, 1996-cı illərdə və sonuncu 2000-ci il martın 7-də qeydə alınmışdır.
2000-ci il martın 7-də Bayıl yamacında baş vermiş sürüşmə nəticəsində gəmi təmiri zavodunun yardımçı
binaları, Lukoyl yanacaq doldurma məntəqəsi, 27 fərdi ev və başqa tikililər, əsas magistral yol, kommunikasiya
sistemləri dağılmış və bunun nəticəsində dövlətə 50 mln. dollar məbləğində ziyan dəymişdir (Babaxanov,
Paşayev, 2004).
F.Ş.Əliyev (2002) qeyd edir ki, Şəhidlər xiyabanından başlayaraq N.Nərimanov prospekti ilə İsmayılbəy-
Qutqaşınlı (keçmiş 2-ci Dağlıq küçəsi) küçəsi arasındakı yamacda yükgötürmə qabiliyyəti nəzərə alınmadan
tikilmiş 17-19 mərtəbəli binaların yerləşdiyi sahələrdə də, yaxın zamanlarda sürüşmə baş verə bilər. Badamdar
yaylasında ucaldılan yüksək mərtəbəli binaların bir çoxunda da sürüşmə və suffoziya prosesləri, Bibiheybət
məscidi zonasında isə daş uçqunları istisna edilmir.
2000-2003-cü illərdə respublikanın dağlıq və dağətəyi ərazilərində yerləşən əksər inzibati rayonlarda baş
vermiş sürüşmələr dağıntılara səbəb olaraq Azərbaycan iqtisadiyyatına külli miqdarda zərər yetirmişdir.
Bunlardan 2002-ci il mayın 11-12-də İsmayıllı rayonunun 8 kəndində olan dağıntı; 2001-ci il sentyabrın 7-də
Şəki şəhərində, 2002-ci il aprelin 29-da Qusarın Nəcəf kəndində; 2002-ci il mayın 8-də Şamaxı rayonunun
Çobanı kəndində; 2002-ci il mayın 14-də Ağsu rayonunun Cəgərək və Sanqalay kəndlərində və b. rayonlarda
baş vermiş sürüşmələri göstərmək olar. Göstərilən 3 ili, son ildə respublikamızda sürüşmələrin ən fəal olduğu
dövr hesab etmək olar (Babaxanov, Paşayev, 2004).
Dostları ilə paylaş: |