Qərib Məmmədov



Yüklə 5,42 Mb.
Pdf görüntüsü
səhifə31/52
tarix09.02.2017
ölçüsü5,42 Mb.
#7967
1   ...   27   28   29   30   31   32   33   34   ...   52
§ 73. Şoran torpaqlar 
 
Tərkibində  mədəni bitkilərin normal inkişafına mane ola biləcək miqdarda suda həll olan duzlar olan 
torpaqlara şoran torpaqlar deyilir. Üst qatların duzlarla zəngin olması bu torpaqların səciyyəvi xüsusiyyətidir. 
Zonadaxili torpaqlar kimi şoran torpaqlar zonal torpaqlar fonunda Azərbaycanın düzənlik rayonlarında  
quru bozqır və səhra-bozqır zonasında daha geniş yayılmışdır. Şoran torpaqlar respublika ərazisinin 1,3-1,5%-ni 
əhatə edir. Mil-Qarabağ, Muğan-Salyan, Şirvan düzlərində, Samur-Dəvəçi ovalığı, Naxçıvan düzü və Abşeron  
yarımadasının suvarılan zonalarında bu torpaqlar daha geniş    yayılmışlar.  Bu torpaqların  şoranlığı  qərbdən 
şərqə Xəzər dənizi sahillərinə doğru artır. 
Kür-Araz ovalığında relyefin nisbətən çökək elementləri, bataqlıq və laqunların  ətrafları, Xəzərin alçaq 
terraslarının allüvial düzənlikləri üçün allüvial şorlaşma forması səciyyəvidir. Kür-Araz ovalığı ərazisinin üçdə 
iki hissəsində qrunt sularının səviyyəsi torpaq səthinə nisbətən 5m-dən dayazdır. Yayda suvarma mövsümündə 
qrunt suları  səviyyəsinin daha da qalxması, payızda aşağı düşməsi müşahidə olunur. Torpaq səthinə yaxın 
minerallı qrunt suları kapilyar hərəkəti ilə torpağın üst təbəqəsinə daxil olur və buxarlanma nəticəsində torpağı 
şorlaşdırır. 
Respublikamızın dağətəyi düzənliklərində dağ çaylarının konusları  və vadilərində delüvial və delüvial-
prolüvial  şorlaşma formalarına təsadüf edilir. Göstərilən  ərazilərdə suayrıcı  və dağ  əkinlərinə düşən atmosfer 
yağıntıları yer səthinə yaxın duzları  həll edərək özü ilə  bərabər dağətəyi düzənlik sahələrinə aparır. Burada 
toplanan müxtəlif duzlar torpaq və qruntun duzlaşmasına səbəb olur. Delüvial-prolüvial şorlaşma formasında 
çay suları ilə gətirilən duzlar hesabına çay konusu və çay vadisi torpaqlarının şorlaşması gedir. 
Respublikamızın şoran torpaqları duzların anion və kationlarının nisbətinə və morfoloji əlamətlərinə görə 
müxtəlif qruplara bölünür. Suda həll ola bilən duzların kimyəvi tərkibinə görə bu torpaqları aşağıdakı qruplara 
bölmək olar: 
Xloridli şoranlar. Bu torpaqlarda xlor ionunun miqdarı (quru qalıqda xlorun faizlə miqdarı) 40%-dən çox 
olur. Xloridli şoranlar Muğan düzündə, cənub-şərqi  Şirvanda, Abşeron yarımadasında, Siyəzən-Sumqayıt 
massivində və s. geniş yayılmışdır. 

 
215
Sulfatlı  şoranlar. Bu şoranlarda sulfat ionu üstünlük təşkil edir. Ümumi duzların  40%-dən çoxunu 
natrium-sulfat duzu təşkil edir. Göstərilən şoranlar cənubi Muğanda, Şirvan və Qarabağ düzlərində və s. geniş 
yayılmışdır. 
Soda ilə şorlaşmış torpaqlar. Bu növ şorlaşmış torpaqlarda əsasən natrium-karbonat və bikarbonat duzları 
üstünlük təşkil edir. Sodalı  şoranlara Qarabağ düzününü mərkəzi və Naxçıvan MR Araz sahili hissələrində 
təsadüf olunur. 
Qarışıq duzlarla şorlaşmış torpaqlar. Bu şoranlarda xlorlu-sulfatlı, xlorlu, sodalı-sulfatlı, sulfatlı-sodalı 
və s. kimi duzların qarışığı əsas yer tutur. Qarışıq şoranlar bircinsli duzlarla şorlaşmış torpaqlarla müqayisədə 
daha geniş yayılmışdır. 
Morfoloji quruluşuna görə  şoran torpaqları yumşaq, yaş  və qara şoran adlanan qruplara bölmək olar. 
Yumşaq şoranların üst 5-10 sm-lik qatı quru, yumşaq toz hissəciklərindən ibarətdir. Yaş şoranların tərkibində 
kalsium, maqnezium xlorid duzları olduğundan üst qatı  nəm vəziyyətdə olur. Qara şoranların tünd rəngdə 
görünməsinin başlıca səbəbi onun tərkibində olan soda duzlarının humusu həll edərək torpaq məhlulunu qara 
boyamasıdır. 
Azərbaycanın şoran torpaqlarının duz toplanmanın xarakterindən və şəraitindən asılı olaraq iki genetik tipi 
fərqləndirilir – avtomorf və hidromorf şoranlar. 
Qrunt suyu dərində yerləşən duzlu ana süxurlar üzərində əmələ gələn torpaqlara avtomorf şoranlar deyilir. 
Qrunt suları kifayət qədər dərində yerləşdiyindən torpaqəmələgəlmə prosesində  iştirak etmirlər. Ana süxurlar 
əsasən üçüncü və dördüncü dövrün elüvial və delüvial süxurlardan ibarət olur. Avtomorf şoranlar yuyucu 
olmayan və dövri tərləmə su rejimi şəraitində inkişaf edirlər. Bu tip şoranların üst qatında duzların miqdarı 1-
2% olur, bir çox hallarda səthdə duz “qabığı” əmələ gətirir. Avtomorf şoranlar dağarası çökəkliklərdə Acınohur 
və Ceyrançölün meylli şleyflərində, Qobustan və Gəyən düzlərində təmsil olunmuşlar. Bu tip şoranların tipik və 
takırlaşmış yarımtipləri fərqləndirilir. 
 

 
216
 
 
Şəkil 22.   Azərbaycan torpaqlarının duzluluq xəritəsi 
 
Tipik  şoranlar yarımtipi. Bu yarımtipə daxil olan şoran torpaqları  nəlbəkivari 
mikroçökəkliklərdə yayılmaqla əsas zonal torpaqlar fonunda ləkələr şəklində təmsil olunmuşdur. Tipik 
şoranların üst qatında duzların miqdarı daha yüksək olur. 
Takırlaşmış  şoranlar yarımtipi. Bitki örtüyündən məhrum olan bu şoranlar hamar səthə malik 
olur. Suda asan həll olan duzlar qabıq altı qatda daha çox toplanmışdır. Torpaq səthindəki (qabıq) 
adətən çox kövrək və çatvari olur. Kimyəvi tərkibinə görə avtomorf şoranların xloridli-sulfatlı  və 
sulfatlı-xloridli cinsləri ayrılır. 
Respublikamızın Mil-Qarabağ, Muğan-Salyan düzlərində, cənub-şərqi  Şirvanda, həmçinin Xəzər 
dənizi sahil zonalarında relyefin nisbətən az parçalanmış sahələrində suvarılan  ərazilərdə hidromorf 
şoranlar daha geniş yayılmışlar. Bu sahələrdə qrunt suları səthə daha yaxın  (1-2 m dərinlikdə) yerləşir 
və torpaq proseslərinə ciddi təsir göstərir. Bitki örtüyü çox kasıb olub əsasən halofitlərdən (şorangə, 
qarağan, duzlar çoğanı, kərmək, qışotu və s.) ibarət olur. Bu torpaqların səciyyəvi xüsusiyyəti həll olan 
duzların torpaqlarının üst qatında (20-40 sm-lik qata kimi və dərində) toplanmasıdır. 
Respublikamızda hidromorf şoranların tipik, təpəcikli, nəm (sor), təpəlik, sodalı, təkrar (irriqasiya) 
və bataqlıq şoranları yarımtipləri fərqləndirilir. 

 
217
Tipik  şoranlar yarımtipi. Bu yarımtipə daxil olan şoranlar boz və  çəmən-boz torpaqlar fonunda 
daha geniş yayılmışdır.  Şorlaşma və duzların toplanması yüksək dərəcədə minerallaşmış qrunt 
sularının təsiri altında baş verir. Göstərilən  şoranların üst horizontu duzlarla zəngin (1,8-3,8%), 
qalınlığı az, yumşaq olub, səpələnən (dağılan) yalançı struktura malikdir. Bu torpaqların profili çox 
vaxt bütövlükdə qleyləşir, sarı-pas ləkələrə və gipsli yeni törəmələrə təsadüf olunur. Yüksək karbonatlı 
olan bu torpaqların ağır gilli növmüxtəliflikləri üstünlük təşkil edir. 
Təpəcikli  şoranlar yarımtipi. Deflyasion-akkumulyativ formalı bu şoranların  əmələ  gəlməsi eol 
prosesləri ilə  əlaqədardır. Onlara Abşeronun dənizsahili  zolağında, cənub-şərqi  Şirvanda daha çox 
təsadüf olunur. Bu rayonlarda küləyin (əsasən  şimal istiqamətli) təsiri ilə duzlu hissəciklər hərəkət 
etdirilərək ətraf sahələrə yayılır və rast gəldikləri şoran bitkilərinin (kərmək, qara şoran, şorangə və s.) 
gövdəsi  ətrafında toplanaraq hündürlüyü 5-10 sm-ə çatan kiçik təpəciklər  əmələ  gətirirlər. Göstərilən 
şoranların profili çox primitiv quruluşa malik olur. 
 
 
 
Şəkil 23.   Şoran torpaqlar (Şirvan düzü) 
Nəm (sor) şoranlar yarımtipi. Bu yarımtipə daxil olan şoranlar Xəzərin müasir terraslarında Abşeronun 
duzlu göllərinin (şoranların) dibində yayılmışlar. Bu sahələrdə qrunt suları  səthə yaxın (0,8-1,0 m) yerləşir. 
Yağıntılı mövsümdə qrunt suları səthə çıxır, minerallaşma dərəcəsi çox yüksək  (125-95 q/l) olan şoran göllər 

 
218
yaranır. Nəm (sor) şoranların profili çox primitivdir. Səthdə adətən duz qabığı (qaysağı) yerləşir. Təsvir edilən 
şoranların  morfoloji quruluşu üçün profilin
 
primitivliyi, onun bütövlükdə qleyləşməsi, qonur-göyümtül duz və 
gipslə zəngin gilli kütlədən ibarət olması səciyyəvidir. 
Təpəlik (palçıq vulkanı mənşəli) şoranlar yarımtipi. Təpəli şoranlar palçıq vulkanlarının yüksək duzlu 
gipsli təpəli brekçiya tullantıları üzərində  cənub-şərqi  Şirvanda, Abşeron yarımadası  və Qobustan massivində 
yayılmışdır. Profili çox primitivdir. 
Sodalı  şoranlar. Sodalı  şoranların tərkibində soda (Na
2
CO
3
) və natrium-bikarbonat (NaHCO
3
) üstünlük 
təşkil edir. Bu birləşmələrin təsiri ilə torpağın sukeçirmə qabiliyyəti tamamilə itir, strukturu zəifləyir. Sodalı 
şoranlarda mühitin reaksiyası  qələvi və yüksək qələvidir (pH 8,9-9,9). Udulmuş  əsasların 20-30%-i udulmuş 
natriumdan ibarətdir. Bu torpaqlar yüksək karbonatlıdır. Sodalı  şoranlara Qarabağ düzündə, Tərtər çayının 
gətirmə konusunda, Həkəri və Qarqarçayın aşağı axınlarında (Arazsahili zolaqda) təsadüf olunur. Təsvir edilən  
torpaqlar Kür-Araz ovalığında çəmən və çəmən-boz torpaqlar fonunda mürəkkəb kompleks yaradırlar. 
Bataqlıq  şoranları yarımtipi. Bataqlıq  şoranları Kür-Araz ovalığının kasa şəkilli mikroçökəkliklərində 
rast gəlinir. Səthə yaxın (0,8-1,0m) yerləşən qrunt suları şorlaşmada həlledici rol oynayır. Zonadaxili torpaqlar 
kimi bu şoranlara çəmən və  çəmən-bataqlıq torpaqları fonunda daha çox rast gəlinir. Bataqlıq  şoranları üçün 
səthdə duz qabığının (qaysağının) olması, profilin qleyləşməsi, A
O
 horizontunun humusla rənglənməsi 
səciyyəvidir. 
Təkrar (irriqasiya) şoranları yarımtipi.    Bu yarımtipə daxil olan şoranlara  əsasən Kür-Araz ovalığının 
suvarılan torpaqlarında rast gəlinir. Suvarmadan törəyən təkrar  şorlaşma başlıca olaraq qrunt sularının 
səviyyəsinin yüksəlməsi ilə, suvarma sisteminin kanallarında əmələ gələn filtirasiya ilə və çox vaxt suvarmada  
həddindən artıq su sərf edilməsi ilə  sıx  əlaqədardır. Təkrar  şoranlar suda asan həll olan duzların üst qatlarda 
daha çox toplanması və gilli tərkibə malik olması ilə səciyyələnir. 
Respublikamızda  şoran torpaqların mənimsənilməsi duzların torpaqlardan yuyulması  və  mədəniləşmə 
tədbirlərinin aparılması ilə  əlaqədardır. Zəif  şorlaşmış torpaq sahələrində suvarma norma və rejiminə riayət 
olunmalı, sahələr hamarlanmalı, növbəti  əkin sistemi tətbiq edilməli, suvarma arx və kanalları boyunca 
filtirasiya sularını buxarlandıran ağaclar əkilməli və s. tədbirlər həyata keçirilməlidir. Orta və şiddətli dərəcədə 
şorlaşmış  və  şoran torpaqlarda isə torpaqları su ilə yumaq tətbiq edilməlidir. Qrunt sularının səthə yaxın 
yerləşdiyi  sahələrdə kollektor-dren şəbəkəsindən istifadə olunmalıdır. 
 
§74. Qumluqlar 
 
Respublikamızın  ərazisində qumluqlar başlıca olaraq Xəzərsahili zolaqda çox da geniş olmayan ərazidə 
yayılmışdır. Respublikamızın Xəzərsahili zolağı şimalda Samur çayı mənsəbindən başlayaraq, cənubda Astara 
çayı  mənsəbinə kimi 800 km-dən artıq uzunluğa malikdir. Sahil boyu qumluqların eni 500-700 m-dən bəzi 
yerlərdə 5-7 km-ə kimi çatır. Xəzərsahili qumların ümumi sahəsi 80 min hektara yaxın olub zəif istifadə olunur. 
Son illərdə  Xəzərin səviyyəsinin qalxması
 
ilə  əlaqədar olaraq sahil qumluqlarının müəyyən hissəsi dəniz 
sularının altında qalmışdır. 
Qumların genezisi əsasən geoloji proseslərlə izah olunur. Aşınma məhsullarına su və küləyin təsirilə 
hissəciklər daha da xırdalanır və öz yerini dəyişir.  Respublikamızın  ərazisində yayılmış qumluq sahələr 
genezisinə görə dəniz, eol-göl və allüvial qruplara bölünür. 
Dəniz qumları Abşeron yarımadası sahillərində daha geniş təmsil olunmuşlar. Dəniz sahili boyunca uzanan 
sahil tirələri də həmin qumlardan təşkil olunmuşlar. Xəzərsahili bitki örtüyünü təşkil edən cil, yulğun, duzlaq 
çoğanı, qum dikyarpağı, qum yovşanı, vələmir, nəhəng qım, ətli qaraşoran, dəvətikanı və s. ilə yarımörtülmüş və 
örtülmüş qumluqlarla müqayisədə  çılpaq sahələrdəki qumluqların  (barxan və dyunların) hərəkəti müşahidə 
olunur. 
Lənkəran ovalığının sahilboyu zolağında maqnetit-avqit qumları yayılmışdır. Balıqqulağı ilə  zəngin 
qumluqlar Abşeron yarımadası sahillərində daha geniş  təmsil olunmuşlar. Eol-göl mənşəli qumluqlar əsasən 
Abşeron yarusu (layı) çöküntüləri ilə  əlaqədardır və lokal şəkildə Binəqədi rayonunda rast gəlinir. Allüvial 
qumlar Lənkəran ovalığı və sahilboyu meylli düzənliklərdə yayılmışlar. 
Qumluqlarda üzvi maddələr çox az olub (0,3-0,8%), ümumi azotun, fosforun və kaliumun miqdarı da buna 
müvafiq olaraq, cüzi miqdar təşkil edir. Gilli qumluqlar istisna olmaqla qumluqlar əsasən  şorlaşmamışdır. 
Qumluqlardakı karbonatların miqdarı geniş  həddə (3-29%) dəyişir və başlıca olaraq ana süxurların və 
balıqqulağı qırıntılarının miqdarından asılı olur. Qumların sukeçirmə qabiliyyəti yüksək, suqaldırma qabiliyyəti 
isə zəifdir. Bu səbəbdən alt qatlarda toplanan rütubət buxarlana bilmir və nəmlik alt qatlarda saxlanır. Qumlarda 
torpaqəmələgəlmə prosesi üçün nisbətən əlverişli şərait yalnız bitkilərlə bərkimiş sahələrdə mövcud olur. 
İqlimin quraqlığı il boyu əsən güclü şimal küləkləri, qumların geniş inkişafı  Xəzərsahili zolaqda külək 
eroziyasının intensiv inkişafına səbəb olmuşdur. Külək eroziyası özünü şiddətli küləklərin təsiri ilə qumların  
sovrulub aparılması və akkumulyasiyası şəklində göstərir. Xüsusilə bitki örtüyünün zəif və çılpaq olduğu sahələrdə 
külək eroziyasının inkişafı  nəticəsində torpaqəmələgətirən ana süxurlar səthə  çıxır, eləcə  də sovrulmuş qum 

 
219
toplanaraq əkin sahələrini, yolları, evləri və sənaye obyektlərini basıb örtür. 
Qumların külək tərəfindən sovrulub aparılmasının qarşısını almaq üçün kompleks tədbirlər həyata keçirilməlidir. 
Hər  şeydən  əvvəl bitki örtüyünün mühafizə edilməsinə, müxtəlif ot, kol və  ağac bitkilərinin  əkilməsinə diqqət 
yertirmək tələb olunur. Qumların  hərəkətini məhdudlaşdırmaq üçün mexaniki və canlı çəpərlərin yaradılması, meşə 
zolaqlarının salınması, müxtəlif polimer və yapışdırıcı maddələrdən istifadə edilməsi faydalı ola bilər. 
 
XXIII FƏSİL. SUBASARLARIN (ÇAY VADİLƏRİNİN) 
TORPAQLARI 
 
§ 75. Subasar çəmən-meşə torpaqları 
 
Respublikamızın subasar çəmən-meşə torpaqları əsasən quru bozqırlar zonasında Böyük və Kiçik Qafqazın 
əsas çaylarının subasar və alçaq terraslarında inkişaf etmiş tuqay meşəlikləri altında geniş yayılmışdır. 
Bu torpaqlar ilk dəfə olaraq İ.Z.İmşenetski (1928) tərəfindən Quba-Qusar maili düzənliyinə daxil olan 
Samur çay deltasında tuqay torpaqları adı altında təsvir edilmişdir. Sonradan subasar çəmən-meşə torpaqları 
haqqında məlumatlara biz Smirnov-Loginov (1938), K.Ə.Ələkbərov (1943), A.N.İzyumov (1949), H.Ə.Əliyev 
(1964), M.E.Salayev (1991), Ş.G.Həsənov (1961, 1978), B.H.Həsənov (2000, 2002) və b. əsərlərində rast 
gəlirik.  
Subasar çəmən-meşə torpaqlarının  əmələ  gəlməsində çayların subasar rejimi və onun 
nəticəsində  gətirilmiş  təzə allüvial çöküntülər  əsas rol oynayır. Payız mövsümündə, xüsusilə 
daşqınlar dövründə torpaqəmələgəlmə ritmi dəfələrlə pozulur. Bu isə təbiidir ki,  həmin torpaqların  
xassələrində  və morfoloji quruluşunda  əksini tapır. Bu səbəbdən torpaqların profilində “laylılıq”, 
“basdırılmış qatlar” və s. əlamətlər aydın nəzərə çarpır. Səthdə təzə çökdürülmüş 3-4 sm qalınlıqda 
nazik gilli qatın olması  təsvir edilən torpaqların subasar rejimi şəraitində  əmələ  gəlməsini təsdiq 
edən səciyyəvi əlamətdir. Yuxarıdakı əlamətlər bu torpaqların allüvial mənşəli olduğunu göstərir. 
Subasar çəmən-meşə torpaqlarının yayıldığı ərazilərdə qrunt suları adətən  səthə yaxın (1-3 m) 
yerləşməklə torpaqəmələgəlmə prosesində böyük rol oynayır. Yaz (aprel, may) və payız (oktyabr, 
noyabr) daşqınları dövründə bu suların səviyyəsi yay ayları ilə müqayisədə daha yüksək olur. 
Təsvir edilən torpaqlar qovaq, qaraağac, söyüd və s. ağaclardan ibarət olan tuqay meşələri 
altında formalaşırlar. Meşəaltı  mərtəbədə isə  cır alma, armud, əzgil, yemşan və s. bitkilərə rast 
gəlinir. Normal şəraitdə inkişaf etmiş torpaqların səthində 1-2 sm qalınlığında meşə döşənəyi 
aydın ifadə olunur. Çay yataqlarına yaxın sahələrdə  çəmən-ot bitkilərinin inkişaf etdiyi yerlərdə 
yarımçürümüş ot qalıqları meşə  xəzəli ilə qarışaraq torpaq səthində  zəif çim qatı yaradır. Bu 
sahələrdə zəif inkişaf etmiş laylı çəmən meşə torpaqları yayılır (V.H.Həsənov). 
Subasar çəmən-meşə torpaqların morfoloji əlamətləri ilə tanış olmaq üçün Qanıxçayın subasar 
sahilində V.H.Həsənov tərəfindən qoyulmuş kəsimin təsvirini nəzərdən keçirək: 
A
O
 – yarım çürümüş meşə xəzəli. Qalınlığı 1 sm. 
A
1
 – tünd boz, təzə  gətirilmiş nazik təbəqəvari lilli çöküntü, tozlu, struktursuz, yumşaq az 
nəmli, keçidi kəskin, qaynamır.Qalınlığı 3 sm 
A

- bozumtul-qonur, gilli-gillicəli, tozvari yumşaq, bəzən ağac kökləri, seyrək seçilən qonur 
pas ləkələri, nəmli, keçidi kəskin, zəif qaynayır. Qalınlığı 4 sm. 
B
1
 -  açıq bozumtul, gilli, zəif qozvari, yumşaqvari, çoxlu ağac kökləri, aydın seçilən qonur 
pas ləkələri, nəmli, keçidi kəskin, orta dərəcədə qaynayır. Qalınlığı 12 sm. 
B
2
 -  qaramtıl basdırılmış qat, göyümsova çalır, gilli, dənəvari-qozvari, yumşaq, ağac kökləri 
və onların çürümüş qalıqları aydın seçilən iri göyümtül və qonur pas ləkələri, çox nəmli, keçidi 
kəskin, zəif qaynayır. Qalınlığı 35 sm. 
BC – bozumtul, gillicəli, qumsal, struktur aydın deyil, çox yumşaq, səpələnir, iri ağac kökləri
zəif qonur və iri göyümtül ləkələr, çox nəmli, keçidi tədrici, şiddətli qaynayır. Qalınlığı 42 sm. 
C
1
   - açıq bozumtul, qumlu-qumsal, struktursuz, çox yumşaq, səpələnir, seyrək ağac kökləri, 
çox nəmli, qrunt suyunun işi hiss olunur, iri göyümtül və qonur ləkələr, keçidi tədrici,  şiddətli 
qaynayır. 
C
2
  -  qranulometrik tərkibi daha yüksək olub, qalan əlamətlərinə görə özündən  əvvəlki qatla 
eynidir, qrunt suyu var. 
 

 
220
 
 
Şəkil 24.  Tuqay-meşə landşaftının subasar çəmən-meşə torpağı 
(Kürqırağı tuqay meşəsi) 
Verilmiş təsvirdən aydın göründüyü kimi, subasar çəmən-meşə torpaqlarının profili üçün səthdə zəif inkişaf 
etmiş (1-2 sm) meşə döşənəyinin yerləşməsi, A
1
 qatının nazik laylı təzə lilli allüvial çöküntülərdən təşkil olun-
ması, profilin orta və  aşağı hissəsində basdırılmış  və göyümtül (göyümtül-yaşıl) qleyli horizontun aydın 
seçilməsi, torpaqəmələgətirən süxurların qranulometrik tərkibinin çox müxtəlif olması və s. morfoloji əlamətlər 
səciyyəvidir. BC və C horizontu özünün qranulometrik tərkibi ilə digər horizontlardan xeyli fərqlənir və adətən 
qumlucalı-çınqıllı allüvial materiallardan, bir çox hallarda isə təkrarlanan laylardan ibarət olur. Qeyd olunanlarla 
yanaşı, profilin səthindən başlayaraq karbonatlı olması, onun aşağı qatlara doğru artması (basdırılmış horizont 
istisna olmaqla), profilin kəskin laylı olması subasar çəmən-meşə torpaqları üçün səciyyəvi diaqnostik gös-
təricilərdir. 
Subasar çəmən-meşə torpaqları çürüntülü maddələrlə yaxşı  təmin olunmuşdur.  İnkişaf dərəcəsindən asılı 
olaraq humusun miqdarı çox müxtəlifdir. Məsələn, Alazan çayının subasar və alçaq terraslarında bu torpaqların 
nisbətən inkişaf etmiş növlərinin A
1
 qatında humusun miqdarı 6,45-7,63% arasında dəyişir. Cədvəldən 
göründüyü kimi, profil boyu (cədvəl 69) aşağı qatlara doğru humusun miqdarı  kəskin  şəkildə azalır. Humus 
tərkibinə görə humat, yaxud humat-fulvat tiplidir. Ch/Cf vahiddən böyük, yaxud 0,8-0,9 arasında tərəddüd edir. 
Bu torpaqların basdırılmış horizontlarında humusun miqdarı özündən üstdəki və altdakı horizontlara nisbətən 2-

 
221
3 dəfə çox olur. Təsvir edilən torpaqların üst horizontunda ümumi azotun miqdarı 0,36-0,37%-ə çatır və humusa 
uyğun  şəkildə alt qatlara doğru azalır. Torpaqların  azotla nisbətən zəif təmin olunması ilə  əlaqədar olaraq 
göstərilən torpaqlarda C/N xeyli genişdir (10-13). Bütövlükdə subasar çəmən-meşə torpaqların  profili 
karbonatlıdır. Bir sıra hallarda gilli şistlərin aşınma məhsullarından təşkil olunmuş cavan allüvial çöküntülərdə 
A
1
 qatında karbonatlar müşahidə edilmir. 
Cədvəl 69 
Subasar çəmən-meşə torpaqlarının fiziki-kimyəvi göstəriciləri (V.H.Həsənov) 
 
Dərinlik, 
sm 
Humus,% Azot,%  C/N  CaCO
3
 pH 
0-1 Meşə döşənəyi 
1-0 7,63 0,36 
12,3 - 7,4 
4-18 4,,80 0,28 9,8 
4,,53 
7,6 
18-30 2,10  0,14 8,3 9,08 7,6 
30-65 3,56  -  7,4 4,52 7,4 
65-107 0,60  - 
-  9,25 7,,9 
150-195 0,27 

-  12,00 7,9 
 
Udulmuş əsaslar, m-ekv 
Qranulometrik tərkib 
Ca Mg Na Cəmi <0,001 <0,01 
Meşə döşənəyi 
24,66 4,70  0,58 29,94 24,24 80,00 
22,23 3,86 0,,89 26,98 24,52 67,08 
16,26 3,45  0,62 20,33 30,52 75,12 
18,49 3,86  0,65 23,00 27,84 73,76 
5,56 3,65 1,41 10,62 3,76 12,68 
5,23 3,28 1,85 10,36 1,64 15,92 
 
CaCO
3
-un miqdarı 4-15% arasında dəyişir və adətən aşağı horizontlara doğru artır. Təbii parçalanmanın 
(drenləşmənin) nisbətən yüksək olduğu  ərazilərdə subasar çəmən-meşə torpaqlarının yuyulmuş növlərinə  də 
təsadüf olunur. 
Respublikamızın subasar çəmən-meşə torpaqları udulmuş  əsaslarla nisbətən yüksək dərəcədə doymuşdur. 
Bu torpaqların nisbətən inkişaf etmiş növlərinin üst horizontunda udulmuş əsasların cəmi 100 q torpaqda 28-30 
m-ekv, zəif inkişaf etmiş növlərində isə 15-20 m-ekv arasında dəyişir. Profil boyu aşağı horizontlara doğru 
udulmuş əsasların miqdarının azalması (5-7 m-ekv) nəzərə çarpır. Profilin üst horizontlarında udma tutumunun 
yüksək olması  hər  şeydən  əvvəl torpaqların tərkibində humusun nisbətən yüksək miqdarda olması  və  həmin 
horizontların ağır tərkibə malik olması ilə əlaqədardır. Udulmuş əsasların içərisində əsasən Ca
2+
, bəzi hallarda 
isə Mg
2+
 kationu üstünlük təşkil edir. 
Subasar çəmən-meşə torpaqları zəif qələvi mühitə malikdir. pH-ın qiyməti 7,3-7,9 arasında dəyişir. Profil 
boyu aşağı horizontlara doğru pH-ın qiyməti adətən artır, lakin basdırılmış horizontda onun göstəricilərinin 
yenidən aşağı düşməsi müşahidə olunur. Göstərilən  torpaqlar əsasən yuyucu, yaxud mövsümi yuyucu su rejimi 
şəraitində inkişaf etdiyindən onların profili adətən suda həll olan duzlardan yuyulmuş olur. Burada quru qalığın 
miqdarı 0,08-0,21% arasında dəyişir. Onun ən yüksək miqdarı A
1
 və C horizontlarında müşahidə olunur. 
Təsvir edilən torpaqların profili qranulometrik tərkibinə görə yaxşı differensiasiya etmişdir. Profilin üst 
hissəsi adətən gilli tərkibə malik olur. Fiziki gilin miqdarı 75-80% arasında dəyişir. Profil boyu aşağı 
horizontlara doğru torpaqların tərkibinin yüngülləşməsi müşahidə olunur. BC və C horizontlarında qumlu və 
qumlucalı xarakter alır. 
Subasar çəmən-meşə torpaqları alüminium və  dəmir oksidləri ilə  zəngindir. Alüminium birləşmələrinin 
yüksək olması, yəqin ki, gilli şistlərdən ibarət olan dağ süxurlarının aşınma məhsulu ilə əlaqədardır. Biryarım 
oksidlərin miqdarı 26,9-236% təşkil edir. SiO
2
-nin miqdarı profil boyu 55,6-57,4% arasında tərəddüd edir. 
Qleyləşmə prosesləri ilə  əlaqədar olaraq SiO
2
/R
2
O
3
 nisbəti dardır (3,9-4,4). Profilin orta hissəsinin (B) 
mütəhərrik dəmir birləşmələri ilə zəngin olması bu torpaqların səciyyəvi xüsusiyyətlərindəndir. 
Subasar çəmən-meşə torpaqları orta bonitetli torpaqlar qrupuna daxildir. Bu torpaqların üst horizontunda 
humus ehtiyatı 80-150 t/ha, hidrolizə olunan azot isə 100-160 m/kq təşkil edir. Bu torpaqların xeyli hissəsi 
tuqay meşələri, az bir hissəsi isə az məhsuldar biçənək sahələri altındadır. Aqroistehsalat nöqteyi-nəzərdən 
yüksək potensial münbitliyə malik olan subasar çəmən-meşə torpaqları son illərdə intensiv şəkildə suvarma 
əkinçiliyində (xüsusilə tərəvəz bitkliləri altında) istifadə olunmağa başlanmışdır. 
 

 
222

Yüklə 5,42 Mb.

Dostları ilə paylaş:
1   ...   27   28   29   30   31   32   33   34   ...   52




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin