Qida fiZİologiyasi fəNNİ azərbaycan böLMƏSİ muhazire qida fiZİologiyasinin qisa iNKİŞaf tariXİ Plan 1



Yüklə 1,71 Mb.
Pdf görüntüsü
səhifə1/92
tarix02.01.2022
ölçüsü1,71 Mb.
#2790
  1   2   3   4   5   6   7   8   9   ...   92


 

 
QİDA FİZİOLOGİYASI FƏNNİ  
AZƏRBAYCAN BÖLMƏSİ 
MUHAZİRE 1. QİDA FİZİOLOGİYASININ QISA İNKİŞAF TARİXİ 
Plan  
1. Qida fiziologiyasinin qisa inkişaf tarixi 
2.Qida fiziologiyasi kursunun predmeti və vəzifələri 
 
1. Qida fiziologiyasinin qisa inkişaf tarixi 
Qida  fıziologiyası  nisbətən  cavan  elm  olmaqla,  onun  bəzi  nəzəri  və  təcrübi 
əsasları XIX əsrdə formalaşmağa başlamışdır. Fizika, kimya, fıziologiya və təbabət 
sahəsində  əldə  edilmiş  nailiyyətlər,  bu  sahələrdə  canlı  orqanizmlərə,  onların 
qidalanması  proseslərinə  şamil  edilə  bilən  bəzi  qanunların  və  ölçmə  metodlarının 
kəşfı  qida  və  qidalanma  haqqında  ilk  elmi  təsəvvürlərin  yaranmasına  səbəb 
olmuşdur.  R.  Mayer,  C.Coul,  H.  Helmhols,  M.V.  Lomonosov,  Y.  Libix  və  digər 
alimlərin  adları  ilə  bağlı  olan  bəzi  fıziki-kimyəvi  qanunlar-enerji,  maddə  və 
hərəkətin  çevrilməsi  və  saxlanılması  qanunları  canlı  orqanizmdə,  ətraf  mühit  ilə 
canlı  orqanizm  arasında  maddələr  və  enerji  mübadiləsi  proseslorinin  bioloji 
mahiyyətini dərk etməyə kömək etmişdir. X1X əsrin ikinci yarısında M. Rubner və 
başqa  tədqiqatçılar  qida  maddələrinin  kalori  (enerji)  dəyərliliyi  haqqında  təsəvvür 
yaratmış,  bədəndə  enerji  mübadiləsinin  kəmiyyət  göstəricilərini  ölçmək  və 
hesablamaq üçün effektli metodlar təklif etmişlər. Kalorimetrik üsulun yaradılması 
və  onun  daha  da  təkmilləşdirilməsi  qida  fıziologiyasının  inkişafında  mühüm 
mərhələ kimi qeyd olunmalıdır. 
Bu  dövrdə  bəzi  tədqiqatçılar  qida  çatışmazlığı  hallarının  fızioloji  və  patoloji 
nəticələri  haqqında  ilk  elmi  mülahizələr  irəli  sürmüşlər.  Kimyaçı  alimlər  və  qida 
texnologiyası  mütəxəssisləri  tərəfindən  qidanın  kimyəvi  tərkibinin  öyrənilməsi, 


 

 
əsas qida  maddələrinin  müəyyən edilməsi, orqanizmin  normal böyümə  və  inkişafı 
üçün  ilk  növbədə  lazım  olan  qida  maddələrinin  -  zülal,  şəkər  və  yağların 
əhəmiyyəti məsələləri gündəliyə qoyulmuşdur. 
Böyük rus alimi İ.M. Seçenovun qida fıziologiyası elminin inkişafında xüsusi 
xidmətlərini  isə  onun  XIX  əsrin  sonlarında  dərc  etdirdiyi  bir  sıra  elmi 
materiallardan,  orqanizmdə  baş  verən  proseslərin  retlektor  mexanizmi  ilə  bağlı 
fıkirlərindən izləmək mümkündür. 
XX əsrin başlanğıcında fızioloq alim İ.P.Pavlov heyvanlarda (itlərdə) qidanın 
həzmi  proseslərinin  öyrənilməsinə  həsr  olunmuş  ilk  fundamental  tədqiqatlar 
aparmışdır.  İ.P.Pavlov  həzm  fıziologiyasının  banisi  hesab  olunur.  Qidanın  ağız 
boşluğunda,  mədə  və  bağırsaqlarda  həzm  olunmasına  təsir  göstərən  həzm 
şirələrinin  və  onların  ifrazı  proseslərinin  təcrübədə  xüsusi  eksperimental  üsullarla 
(məs: fıstula metodu və s.) öyrənilməsi nəticəsində İ.P.Pavlov qidalanmaya dair bir 
sıra  mühüm  qanunauyğunluqlar  kəşf  etmişdir.  O,  göstərmişdir  ki,  həzm  prosesləri 
qidanın  kəmiyyət  və  keyfıyyət  göstəricilərindən,  xarakterindən,  orqanizmə  təsir 
göstərən  şərti  və  şərtsiz  amillərdən,  heyvanın  qida  davranışından  xeyli  asılıdır. 
Qida  fıziologiyası  sahəsində  İ.P.Pavlovun  klassik  tədqiqatları  indi  də  yüksək 
qiymətləndirilir.  Onun  bu  sahədə  dərc  etdirdiyi  kitabları  və  elmi  materialları 
vərəqlədikcə bunun bir daha şahidi oluruq. 
Rus  fızioloji  məktəbinin  banisi  sayılan  İ.M.Seçenovun  mərkəzi  sinir  sistemi-
nin  fəaliyyəti  ilə əlaqədar elmi  tədqiqatları, qan dövranı,  həzm  və beyin  fiziologi-
yası sahəsində böyük rus fizioloqu İ.P.Pavlovun apardığı tədqiqatlar "Qida fıziolo-
giyası"nın  sonrakı  inkişafında  mühüm  rol  oynamışlar.  Təsadüfı  deyildir  ki,  bu 
alimlərin  hər  ikisı  məhz  həmin  elmi  nailiyyətlərinə  görə  Nobel  mükafatına  layiq 
görülmüşlər. 
Əhalinin  müxtəlif  qrupları  və  ya  kontingentləri  üçün  qidanın  normalaşdırıl-
ması,  qidada  zülal,  şəkər,  yağ,  vitamin,  mineral  duzlar  və  s.  kimi  əsas  kompo-
nentlərin optimal normaları və nisbətlərinin  müəyyənləşdirilməsi  məsələsi də elmi 
şəkildə  öyrənilməyə  başlanmışdır.  Bu  sahədə  M.N.  Şaternikov,  O.P.  Molçanov, 


 

 
İ.P. Razenkov, N.M. Lunin, A.V.Palladin, A.A. Pokrovski kimi alim və həkimlərin 
böyük xidmətləri olmuşdur. 
Akademik A.A.Pokrovski qida biokimyası, fıziologiyası və patologiyası sahə-
lərində geniş elmi tədqiqatların təşkilində mühüm rol oynamışdır. Hələ keçmiş so-
vet dövlətinin mövcudluğu dövründə SSRİ Tibb Elmləri Akademiyasmın nəzdində 
və  A.A.Pokrovskinin  bilavasitə  rəhbərliyi  altında  "Elmi-Tədqiqat  Qida  İnstitutu" 
fəaliyyət  göstərmişdir.  İnstitut  əhalinin  müxtəlif  kontingentlərı  üçün  qidaya  olan 
tələbatların  elmi  əsaslar  üzərində  yaradılmış  yeni  normativ  göstəricilərinin  işlənib 
hazırlanmasında mühüm rol oynamışdır. 
XX  əsrin  sonlarından  akademik  A.M.Uqolev  və  onun  şagirdlərinin  apardığı 
elmi-tədqiqat  işləri  qida  fıziologiyası  elmini  daha  da  inkişaf  etdirmişdir.  Bu  ba-
xımdan A.M. Uqolevin "Adekvat qidalanma nəzəriyyəsi və trofologiya" adı altında 
dərc  etdirdiyi  monoqrafıya  və  bu  istiqamətdə  elmi  məqalələrinin  rolunu  xüsusilə 
qeyd  etmək  lazımdır.  Burada  adekvat  qidalanma  nəzəriyyəsinin  əsas  postulatları 
işıqlandırılmaqla,  klassik  tarazlaşdırılmış  qidalanma  nəzəriyyəsinə  onun  tərkib 
hissəsi kimi baxılır. 
Bunlardan əlavə, XX əsrin əvvəllərindən 90-cı illərə qədər fəaliyyət göstərən 
Moskvadakı "Ümumittifaq İctimai İaşənin Elmi-Tədqiqat İnstitutu" (indiki Ümum-
rusiya  Qidalanma  İnstitutu),  Ukraynada  "İctimai  İaşənin  Elmi-Tədqiqat  İnstitutu" 
(Ukrnitop)  və  digər  elm  idarələri  də  əhalinin  qidalanması  ilə  bağlı  elmi  məsələlə-
rin, iaşə  müəssisələrində kütləvi qidalanmanın  və pəhriz qidalanmasının təşkili  ilə 
əlaqədar  elmi  biliklərin  işlənib  hazırlanmasında  böyük  rol  oynamışlar.  Prof. 
D.İ.Lobanov,  prof.  E.P.Kozmina,  prof.V.S.  Baranov,  akad.  M.İ.Belyayev,  prof. 
A.İ.Mqlinets, dos. Q.N.Lovaçeva, dos. N.R.Uspenskaya, prof. M.İ.Peresiçnıy kimi 
alimlərin  və  onların  şagirdlərinin  apardığı  elmi-tədqiqat  işlərinin  nəticələri  də 
"Qida fıziologiyası" elminin gələcək inkişafında xüsusi qeyd olunmalıdır. 
İnsanın  qidalanması  bioloji  və  sosial  problem  olduğundan  bu  məsələ  beynəl-
xalq səviyyədə, bir sıra mötəbər beynəlxalq təşkilatların bilavasitə təkidi və iştirakı 
ilə  vaxtaşırı  müzakirə  edilmiş  və  indi  də  edilir.  Ümumdünya  Səhiyyə  Təşkilatının 
illik  hesabatlarına  görə  dünya  əhalisinin  ancaq  yarıya  qədəri  normal  qidalanma 


 

 
imkanlarına  malikdir.  Hətta,  bəzi  inkişaf  etmiş  ölkələrdə  belə  əhalinin  qidalanma 
normaları  və  çeşidinin  orqanizmin  zülala  və  enerjiyə  olan  tələbatlarına  tam  cavab 
vermədiyi  faktları  qeyd  edilmişdir.  Birləşmiş  Millətlər  Təşkilatının  (BMT)  bəzi 
beynəlxalq departamentləri (Kənd Təsərrüfatı və Ərzaq Komitəsi, Səhiyyə Təşkila-
tı  və  s.)  xətti  ilə  Cenevrədə  (1984  və  1990-cı  illərdə)  və  Romada  (1987-1992-ci 
illərdə)  keçirilən  konqreslərdə  əhalinin  qidalanması  problemləri,  bu  sahədə  aparı-
lan  elmi-tədqiqat  işləri  və  eksperimentlərin  analizləri,  ölkələrin  milli  siyasətində 
qidalanma  məsələlərinə  münasibət,  dövlət  başçılarına  müraciətlər  ön  planda  dur-
muş və geniş şəkildə müzakirə edilmişdir. 
Qida  fıziologiyasının  inkişafı  və  nailiyyətləri  fərdi  və  kütləvi  qidalanmanın 
düzgün  qurulması,  qida  məhsullarının  emalı,  qidaların  hazırlanması  və  onlardan 
istifadə  edilməsi  qaydalarının  qida  texnologiyasının  və  çeşidinin  yaxşılaşdırılma-
sına,  orqanizmin  sağlamlığının  mühafızə  edilməsinə,  qidalanmanın  əhəmiyyətinin 
geniş əhali kütlələri tərəfindən dərk olunmasına xidmət edir. 
Fiziologiya sahəsində qədim elmi  fıkirlərə isə orta əsrin təbabət korifeylərin-
dən olan Ə1 Razinin "Mənsuri” adlı əsərində, Abu Farabinin tibbə aid olan "İnsan 
bədəninin  orqanları  haqqında”
 
traktatında,  Əbu  Əli  İbn-Sinanın  məşhur  "Tibb 
elminin qanunlan" kitabında və digər mənbələrdə rast gəlinir. 
O  dövrdə  yaşamış  azəri  alimlərindən  Ömər  Osman  oğlu  və  Dürrü  Razi,  son-
rakı  dövrlərdə  yaşayıb  yaratmış  fransız  və  alman,  italyan  alimlərindən  Rene  De-
kart,  Vilyam  Harvey,  İ.Müller,  Luici  Qalvani,  Rusiyada  M.V.Lomonosov  və 
V.A.Basovun əsərlərində də fiziologiyanın gələcək inkişafına təkan verən çoxlu el-
mi  məlumatlar  vardır.  Bütün  bunlar  barədə  və  digər  alimlər  haqqında  daha  geniş 
məlumatları, fıziologiya üzrə müasir dövrün görkəmli Azərbaycan alimi prof. Faiq 
Cəfərovun  yazmış  olduğu  "İnsan  fıziologiyası"  dərsliyinin  "Fiziologiyanın  inkişaf 
tarixi" bölməsindən toplamaq olar. 
Əlbəttə, tarixən fıziologiyanın inkişafında kimya və fızika sahəsində aparılmış 
elmi-tədqiqatların  da  böyük  rolu  olmuşdur.  Bunlar  da  öz  növbəsində  sonralar 
müstəqil bir elm sahəsi kimi formalaşmış "Qida fiziologiyası"nın inkişafına gətirib 
çıxarmışlar. 


 

 
Azərbaycan  Respublikasında  da  qida  fıziologiyası  sahəsində  xeyli  önəmli 
elmi-tədqiqat  işləri  aparılmış  və  bu  sahədə  elmi  müşahidələr  yenə  də  davam 
etdirilir.  Ölkənin  milli  siyasətində  əhalinin  ərzaq  xammalı  və  qida  məhsulları  ilə 
təmin edilməsi məsələsi daim öz aktuallığını saxlayır. 
Orta  əsrlərdə  təbabət  elmlərinin,  o  cümlədən  fıziologiyanın  təkamülündən 
söhbət  açıldıqda  hərtərəfli  ensiklopedik  biliyə  malik  olan  məşhur  İbn  Sinanın 
(Avisenna)  «Tibb  elminin  qanunları»  əsərini  nəzərdən  qaçırmaq  olmaz.  Buradakı 
qida  və  qidalanmaya  aid  fıkirlər,  qida  maddələrinin  (məhsullarının)  dad  xüsusiy-
yətləri  və  onların  təsnifatı  haqqında  toplanıb  dəqiqləşdirilmiş  elmi  məlumatlar  və 
digər  müddəalar  qida  fıziologiyası  və  qida  gigiyenası  elmlərinin,  hətta  qida 
texnologiyası elmlərinin gələcək inkişafında müstəsna rol oynamışdır. İbn Sinanın 
bu  əsəri  haqqında  ədəbiyyatlarda  çoxsaylı  məlumatlar  və  şərhlər  vardır.  Şərq 
aləminin  digər  qolu  sayılan  qədim  Tibet  təbabəti  elminin  fıziologiyaya,  xüsusilə 
qida  fıziologiyasına  aid  olan  mənbələrindən  qısa  məlumatlann  verilməsi  də, 
fıkrimizcə daha məqsədəuyğun olardı. 
Min  illər  ərzində  formalaşmış  qədim  Tibet  təbabətinin  ən  qiymətli  əsərlərin-
dən  olan  "Jud-şi"  və  "Vaydurya-onbo"  traktatlarında  sağlam  və  xəstə  orqanizm 
haqqında olan elmi və praktiki məsləhətlərin çoxu bu gün də fıziologiya elmi üçün 
çox əhəmiyyətlidir. Heç şübhəsiz, təkcə şərq alimləri deyil, avropalılar da təbabətin 
sonrakı  inkişafında  burada  olan  dəyərli  məlumatlardan  bəhrələnmişlər.  XIX  əsrin 
görkəmli təbiblərindən sayılan, milliyyətcə monqol olan P.A.Badmayevin bu dövr-
də  yazmış  olduğu  şərhlərlə  rus  dilinə  tərcümə  etdiyi  "Tibet  təbabəti  elminin  əsas-
ları  Jud-şi"  kitabında  bunlar  haqqında  ətraflı  söhbət  açılmışdır.  Burada  insan 
fıziologiyasının  əsasları  ilə  əlaqədar  əsaslandırılmış  elmi  fikirlərlə  yanaşı,  ən 
maraqlısı  ayrı-ayrı  qida  məhsullarının  orqanizm  üçün  fızioloji  əhəmiyyəti, 
müalicəvi təsir mexanizmləri barədə çox geniş məlumatlar vardır. 
Qida  və  qida  maddələrinin  həzmdə  iştirakı,  öd  ifrazı,  su  mübadiləsi  və  qan 
damarlarının  fəaliyyətində  rolu,  bütövlükdə  orqanizm  üçün  əhəmiyyəti  haqqında 
ətraflı söhbət açılır. 


 

 
Qidalanma,  qida  maddələri,  içkilər,  həyat  tərzi  və  ilin  mövsümünün  qidalan-
maya  və  müalicəyə  təsiri,  qida  qarışığının  həzm  zamanı  mədə  şirəsinin  təsiri  ilə 
dəyişilməsi,  onun  dadının  dəyişilməsi,  öd  və  vəzilər,  onların  fəaliyyəti,  qidalanma-
nın  pozulmasına  təsir  edən  amillər,  sinir  sisteminin  fəaliyyəti  və  ona  təsir  edən 
amillər, qan və əzələlər, yağ toxuması və sümük, beyin və onun fəaliyyəti, beynin 4 
arteriyanın  köməyi  ilə  qidalanması  və  digər  elmi  məlumatlar,  qidalanmanın  pozul-
ması  nəticəsində  orqanizmin  müxtəlif  orqanlarında  baş  verən  çatışmazlıqlar  və  s. 
haqqında  bu  gün  də  araşdırmalar  tələb  edən  çox  qiymətli  fıkirlər  təkcə  müasir  elm 
aləmində deyil, kütləvi oxucu kütləsində də təəccüblə yanaşı, həsəd hissləri oyadır. 
Tibet  dilində  yazılmış  olan,  Tibet  təbabətinin  əsas  qanunauyğunluqlarını  əks 
etdirən "Jud-şi" traktatı üçün şərhlərdən ibarət olan "Vaydur-onbo" traktatında insan 
orqanizmi  üçün  normalar  və  patologiyalar  üzrə  qaydalar,  nəzəri  konsepsiyalar 
toplanmışdır. 4 cilddən ibarət olan bu traktatda təkcə dərman vasitələrinin tətbiqinə 
aid deyil, müvafıq həyat tərzində və pəhriz şəraitində insan sağlamlığının tarazlığını 
təmin edən üç fızioloji sistem ("rlunq", "mkxris" və "badkan" terminləri adı altında) 
haqqında və onların funksional xarakteristikası vacibliyindən məlumatlar verilir. 
Qidanın  orqanizmdə  mənimsənilməsi  və  sorulması  zamanı  yeddi  ardıcıl  çev-
rilmələrin  baş  verdiyi  göstərilir.  Bu  isə  toxuma  quruluşlarının  yaranması,  onların 
assimilyasiya prosesində iştirakı fıkirlərinin izah olunması cəhdini göstərir. Burada 
eyni zamanda, əsas fızioloji sistemlərin  fəaliyyətində sinir sisteminin tənzimləyici 
rolundan, maddələr mübadiləsi ilə əlaqəsindən danışılır, qanın fızioloji yaxud pato-
loji  proseslərdə  iştirakı  dərəcəsi  (səviyyəsi)  və  formalarından  söhbət  açılır. 
"Vaydurya-onbo"  traktatının  6-cı  fəslində  o  vaxtki  təbabət  elminin  quruluşu  ağac 
şəklində təsvir olunur ki, bölmələr, başlıqlar, fəsillər bu ağacın gövdələri, budaqları 
və  yarpaqları kimi  göstərilir. Məsələn, doqquz  gövdənin olması təbabət elmində 9 
əsas bölmənin - orqanizmin normal vəziyyəti, dəyişilmiş (xəstə) vəziyyəti və s. bu 
kimi bölmələrin mövcudluğuna oxşadılır. 
Beləliklə, fıziologiyanın bu günkü səviyyəyə gəlib çatması və onun böyük bir 
elm  sahəsi  kimi  təşəkkül  tapmasında  orta  əsr  şərq  aləminin  mövcud  əsərləri  və 
təcrübədə əldə olunmuş nailiyyətləri böyük rol oynamışdır. 


 

 

Yüklə 1,71 Mb.

Dostları ilə paylaş:
  1   2   3   4   5   6   7   8   9   ...   92




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin