arazbilgin@yahoo.com, bilgin.araz@gmail.com
344
8. Musa (alovun) yanına çatdıqda belə bir nida gəldi: "Alovun yanında olan (Musa) və
ətrafında olanlar (mələklər və ya peyğəmbərlər) mübarək kimsələrdir (bərəkətlidirlər).
Aləmlərin Rəbbi olan Allah pakdır, müqəddəsdir! (Bütün eyib və nöqsanlardan
kənardır!)
9. Ya Musa! Yenilməz qüvvət, hikmət sahibi olan Allah Mənəm!
10. Əsanı (yerə) at! (Musa əsanı yerə atdı). O, (əsanın) ilan kimi qıvrıldığını gördükdə
dönüb qaçdı, heç dala da baxmadı. (Biz ona belə buyurduq: ) "Ya Musa, qorxma!
Peyğəmbərlər Mənim hüzurumda qorxmazlar.
11. Yalnız (günah etməklə özünə) zülm eləyən (qorxmalıdır). Lakin (pislik etdikdən)
sonra tövbə ilə pisliyi yaxşılığa çevirən kəs (bilsin ki, Mən beləsini) bağışlayanam, rəhm
edənəm!
12. Əlini qoynuna (köynəyinin yaxasına, yaxud qoltuğunun altına) qoy ki, Fir’ona və
onun tayfasına göndərilən doqquz mö’cüzədən biri olaraq eyibsiz-qüsursuz ağappaq
(parlaq bir nur kimi) çıxsın. Həqiqətən, onlar (Allahın itaətindən çıxmiş) fasiq bir
camaatdır!"
13. Mö’cüzələrimiz aşkar şəkildə gəlib onlara çatdıqda: "Bu, açıq-aydın bir sehrdir!" -
dedilər.
14. (Mö’cüzələrimizin) həqiqiliyinə daxilən möhkəm əmin olduqları halda, haqsız yerə
və təkəbbür üzündən onları inkar etdilər. (Ya Rəsulum!) Bir gör fitnə-fəsad törədənlərin
axırı necə oldu!
15. Biz Davuda və Süleymana elm (insanlar arasında mübahisəli məsələləri həll edib
ədalətli hökm çıxartmaq, quşların dilini bilmək və i. a.) verdik. Onlar dedilər: "Bizi öz
mö’min bəndələrinin çoxundan üstün tutan Allaha həmd olsun!"
16. Süleyman Davuda (peyğəmbərlikdə, elmdə və mülkdə) vərəsə oldu və dedi: "Ey
insanlar! Bizə quş dili öyrədildi və (peyğəmbərlərə, padşahlara nəsib olan) hər şeydən
verildi. Bu, həqiqətən açıq-aşkar bir lütfdür!"
17. (Bir gün) Süleymanın cinlərdən, insanlardan və quşlardan ibarət qoşunu toplandı.
Onlar cərgə-cərgə düzülüb (nizamla) gedirdilər.
18. Nəhayət, onlar (Taifdəki, yaxud Şamdakı) qarışqa vadisinə gəlib çatdıqda bir
qarışqa (qarışqaların padşahı) dedi: "Ey qarışqalar! Yuvalarınıza girin ki, Süleyman və
ordusu özləri də bilmədən sizi (ayaqları altında) basıb əzməsinlər!"
|