Bizim email:
arazbilgin@yahoo.com, bilgin.araz@gmail.com
381
17. Oğlum! Namaz qıl, (insanlara) yaxşı işlər görməyi əmr et, pis işləri qadağan elə. (Bu
yolda) sənə üz verəcək müsibətlərə döz. Həqiqətən, bu (dediklərim) vacib
əməllərdəndir!
18. Adamlardan təkəbbürlə üz çevirmə, yer üzündə lovğa-lovğa gəzib dolanma.
Həqiqətən, Allah heç bir özündən razını, lovğalanıb fəxr edəni sevməz!
19. Yerişində müvazinət gözlə (nə çox yeyin, nə də çox asta get) və (danışında) səsini
qaldırma. Çünki ən çirkin səs uzunqulaq səsidir!
20. (Ey İnsanlar!) Məgər Allahın göylərdə və yerdə olanları (günəşi, ayı, ulduzları və
buludları; meyvələri, bitkiləri, dənizləri, çayları və gölləri) sizə ram etdiyini (sizin
istifadənizə verdiyini), aşkar (görmə, eşitmə, sağlamlıq) və gizli (əql, şüur, fəhm, elm və
i. a.) ne’mətləri sizə bolluca ehsan etdiyini görmürsünüzmü? İnsanlar içərisində eləsi də
vardır ki, nə bir elmi, nə bir doğru yol göstərən rəhbəri, nə də bir nurani (ilahi) kitabı
olmadan Allah barəsində mübahisə edər.
21. Onlara (Məkkə əhlinə): "Allahın nazil etdiyinə (Qur’ana) tabe olun!" deyildikdə,
onlar: "Xeyr, biz atalarımızın getdiyi yolla (ibadət etdiyi dinə) tabe olacağıq!" - deyə
cavab verərlər. Bəs Şeytan onları cəhənnəm odunun əzabına çağırırsa necə? (Yenədəmi
həmin yolla gedəcəklər?)
22. Kim yaxşı əməl sahibi olub özünü (səmimi-qəlbdən) Allaha təslim edərsə, o artıq ən
möhkəm ipdən (dəstəkdən - Qur’andan, imandan) yapışmış olur. Bütün işlərin axırı
Allaha gəlib çıxacaqdır! (Buyuruq Allahındır!)
23. Kim küfr etsə, onun küfrü (ya Rəsulum) səni kədərləndirməsin. Onlar Bizim
hüzurumuza qayıdacaqlar. Biz də onlara (dünyada) nələr etdiklərini xəbər verəcəyik.
Həqiqətən, Allah ürəklərdə olanları biləndir!
24. Biz onlara bir qədər gün-güzəran (bir az dünya malı) verəcək, sonra da (axirətdə)
ağır bir əzaba düçar edəcəyik!
25. (Ya Rəsulum!) Həqiqətən, əgər sən (müşriklərdən): "Göyləri və yeri kim
yaratmışdır?" - deyə soruşsan, onlar mütləq: "Allah!" - deyə cavab verəcəklər. De:
"Həmd olsun Allaha!" Lakin onların əksəriyyəti (həmd-sənanın kimə məxsus
olduğunu) bilməz!
26. Göylərdə və yerdə nə varsa, Allahındır. Allah (bəndələrinin, o cümlədən
müşriklərin ibadətinə) möhtac deyildir və (özlüyündə hər cür) şükrə (tə’rifə) layiqdir!
(Onun bütün işləri bəyəniləndir!)
|