Bizim email:
arazbilgin@yahoo.com, bilgin.araz@gmail.com
92
70. Biz İsrail oğullarından əhd almış, onlara peyğəmbərlər göndərmişdik. Hər dəfə bir
peyğəmbər onlara ürəklərinə yatmayan bir hökm gətirdikdə (həmin peyğəmbərlərin)
bir qismini yalançı hesab edər, bir qismini də öldürərdilər.
71. Və elə hesab edərdilər ki, (bunun müqabilində özlərinə) heç bir bəla üz
verməyəcəkdir. Onlar kor və kar oldular. (Haqqı görməkdən və eşitməkdən aciz
qaldılar). Sonra Allah onların tövbələrini qəbul etdi. Bundan sonra onların bir çoxu
yenə (haqqı) görməz və eşitməz oldu. Allah onların nə etdiklərini görəndir!
72. Şübhəsiz ki: "Allah Məryəm oğlu Məsihdir!" - deyənlər kafir oldular. Halbuki Məsih
(İsa) belə demişdi: "Ey İsrail oğulları! Mənim də, sizin də Rəbbiniz olan Allaha ibadət
edin! Allaha şərik qoşana Allah, şübhəsiz ki, Cənnəti haram edər. Onun düşəcəyi yer
Cəhənnəmdir. Zalımların heç bir köməkçisi yoxdur!"
73. "Allah üçün (üç ilahinin) üçüncüsüdür!" - deyənlər, əlbəttə, kafir olmuşlar. Halbuki
bir olan Allahdan başqa heç bir tanrı yoxdur. Əgər onlar dediklərinə son qoymasalar,
onlardan kafir olanlara, şübhəsiz ki, şiddətli bir əzab üz verəcəkdir (toxunacaqdır).
74. Məgər onlar Allaha tövbə edib Ondan bağışlanmalarını istəməyəcəklər? Axı Allah
bağışlayandır, rəhm edəndir!
75. Məryəm oğlu Məsih ancaq bir peyğəmbərdir. Ondan əvvəl də peyğəmbərlər gəlib
getmişdir. Onun anası isə çox pak (Allahın hökmlərini sidq-ürəkdən təsdiq edən) bir
qadın idi. Onlardan hər ikisi (adi insanlar kimi) yemək yeyirdi. Gör Biz ayələri onlara
necə başa salırıq, onlar (bu ayələrdən) gör necə üz çevirirlər.
76. De: "Allahı qoyub sizə nə bir zərər, nə də bir xeyir verən şeylərəmi ibadət edirsiniz?
Halbuki Allah (hər şeyi) eşidəndir, biləndir!"
77. De: "Ey kitab əhli! Dininizdə haqsız yerə ifrata varmayın. Əvvəlcə yolunu azmış, bir
çoxlarını da azdırmış və doğru yoldan çıxmış bir tayfanın nəfsinin istəklərinə
uymayın!"
78. İsrail oğullarından kafir olanlara həm Davudun, həm də Məryəm oğlu İsanın dili ilə
lə’nət oxundu. Bu onların üsyan etmələrinə və həddi aşmalarına görə idi.
79. Onlar etdikləri pis əməldən əl çəkmirdilər (və ya onlar bir-birini etdikləri pis
əməldən çəkindirmirdilər). Onların gördükləri iş necə də pis idi!
|