Bizim email:
arazbilgin@yahoo.com, bilgin.araz@gmail.com
242
69. Yoxsa (Allahın) bir də sizi dənizə qaytarmayacağına, şiddətli bir fırtına göndərib sizi
batırmayacağına arxayınsınız? Sonra sizdən ötrü Bizdən intiqam alacaq (və ya Bizə
qarşı sizə kömək edəcək) bir kəs də tapa bilməzsiniz.
70. Biz, Adəm övladını şərəfli və hörmətli elədik, onları suda və quruda (gəmilərə,
heyvanlara və başqa nəqliyyat vasitələrinə) mindirib sahib etdik, özlərinə (cürbəcür
ne’mətlərdən) təmiz ruzi verdik və onları yaratdığımız məxluqatın çoxundan xeyli
üstün etdik. (İnsan şüur, nitq qabiliyyəti, gözəl surət, boy-buxun, əllə yemək və s. bu
kimi məziyyətlərinə görə həmişə Allaha şükür edib yalnız Ona tapınmalı, Rəbbinə heç
bir şərik qoşmamalıdır!)
71. Bir gün (qiyamət günü) bütün insanları öz imamları (ardınca getdikləri rəhbərləri,
yaxud peyğəmbərləri və ya əməl dəftərləri) ilə birlikdə (hüzurumuza) çağıracağıq.
Əməl dəftərləri sağ əllərinə verilənlər onu oxuyar (şad olarlar). Onlara tük (xurma
çərdəyinin yarığındakı tel) qədər haqsızlıq edilməz.
72. Bu dünyada (Allahın dəlillərini, mö’cüzələrini görməyib gözü və qəlbi) kor olan
axirətdə də kor olar və (haqq) yoldan daha çox azar!
73. (Ya Rəsulum! Qur’andan) qeyri bir şeyi yalandan Bizə istinad edəsən (iftira yaxasan)
deyə, (müşriklər) səni hardasa o sənə vəhy etdiyimizdən sapdıracaqdılar. Belə olacağı
təqdirdə, səni, sözsüz ki, özlərinə dost tutacaqdırlar.
74. Əgər Biz sənə səbat verməsəydik, yəqin ki, az da olsa, onlara uyacaqdın!
75. (Belə olacağı tədirdə) sənə həyatın və ölümün ikiqat əzabını daddırardıq. Sonra Bizə
qarşı özünə bir yardım edən də tapa bilməzsən. (Heç kəs səni əzabımızdan qurtara
bilməz).
76. (Müşriklər) səni oradan (Məkkədən) çıxartmaq üçün az qalmışdı ki, səni o yerdə
fitnəyə salsınlar (narahat eləsinlər, dünyanı başına dar etsinlər). Əgər onlar belə
etsəydilər, səndən sonra (Məkkədə) yalnız az bir müddət qala bilərdilər.
77. Səndən əvvəl göndərdiyimiz peyğəmbərlər barəsindəki qayda-qanuna müvafiq
olaraq. (Onların dövründə də belə etmişdik). Sən Bizim qayda-qanunumuzda heç bir
dəyişiklik tapa bilməzsən! (Səndən əvvəlki ümmətlər öz peyğəmbərlərinə əziyyət verib
ölkələrindən qovan kimi onlara əzab göndərər, hamısını məhv edərdik. Əgər Məkkə
müşrikləri belə etsəydilər, həmin müsibət onların da başına gələcəkdi).
|