Huşunu zail qılıb, divanəliyi örgədəm...
Eşq ara Məcnun Hüseyni birlə qılmaz bəhs kim,
Nə özü var onca, nə yarı onun yarınca var...
Özünü eşqdə Məcnundan üstün görmək bütün divan şairlərində müşahidə olunur. Bunun ən gözəl örnəkləri Füzulidədir. Onlar çox məşhur olduğu üçün biz burada Məxdumquludan bir nümunə vermək istəyirik. Şair yazır:
Eşqim vardır Məcnundan altmış kərə ziyada,
Qırx il qüvvətim vardır dərs deməyə Fərhada1.
Hüseyn Bayqarada yarın köyü, aşiqin bu köyə getməsi, ah-fəğan etməsi, köyün itləri ilə bağlı şikayətər çox qabarıqdır. Bizim ədəbiyyatşünaslıqda köy məsələsi bilərəkdən dolaşdırılmış, ədəbi dilimizdə olmayan bu söz ku/kuy şəklində verilmiş, yer-filan şəklində izah edilmişdir. Halbuki köy türkcə doğrudan doğruya kənd deməkdir, ancaq vaxtilə türk sözündən qorxulduğu üçün onu kuy kimi vermək daha münasib görülmüşdür. Bunu əruzun tələbi ilə sözün tərkibindəki vav hərfinin uzadılması kimi izah etmək təşəbbüsünü bəlkə də qəbul etmək olar. O zaman mənası niyə doğru açıqlanmamışdır? Mən sanmıram ki, bizim alimlər sözün əsil mənasını biməmişlər. Bayqaradan misallar:
Ey könül, ol bivəfa köyündə məskən eyləgil,
Zar ağla, şərh edib halımı şivən eyləgil...
Yar köyündən ötəndə görkəzər bu zar məks,
Söz desə dəxi cəvabında qılar bisyar məks...
İtlərinə tö’mə olar deb Hüseyni qoydu üz,
Ol sənəm köyünə üryan cismü əfgarı bilə...
Köyündə itlər onun kim, çıxdı hər yan müxtəlif,
Tilbə könlüm guya kim, onda oldu mütəkif.
Bayqaranın qəzəllərinə dərin bir lirizm, axıcılıq və lətafət hakimdir. Bu üç keyfiyyət birləşincə və bütün qəzəl vahid bir mövzuya köklənincə, dadına doyum olmayan nümunələr meydana çıxır:
Oda yandır sərvini ol qəddi-rə’na olmasa,
Yelə vergil gülü ol rüxsari-ziba olmasa.
Sərv birlə gül tamaşasına meylim yox dürur,
Bağ ara ol sərvi-gülruxdan tamaşa olmasa.
Niyə saplar çəkdi müjgandan, əgər can mülkünə
Gözlərinin meyli hər dəm qətlü yağma olmasa.
Bəzi beytlərində qurduğu təzadlarla, işlətdiyi poetik fiqurların köməyi ilə Sultan Hüseyn Bayqara çox orijinal tapıntılara imza atır. Məsələn, canının alınacağı ilə hədələnən aşiq sevgilisinə deyir ki, onsuz da bu fəraqın cəbrindən onda can qalmamışdır:
Dudi-hicrindən qaraldı beytül-həzanım mənim,
Seyli-əşkim birlə həm yumruldu viranım mənim.
Hər zaman qorxuzma kim, canını alam cəbr ilə,
Al, fəraqın cəbrindən qalar isə canım mənim.
«Xəcil» rədifli qəzəldə şair cənnətin yar köyündən, lalə-reyhanın yar rəşkindən, divaneyi-üryan olan gerçək aşiqin huş əhli Məcnundan utanıb xəcalət çəkdiyini bildirir. Bu qəzəldə dalğalanan və hər şeyi yıxan tufanın isə aşiqin seyli-sirişkindən utanaraq yenidən sakitləşib torpaq ara girdiyini görürük:
Gülşən köyündən, ey can, rövzeyi-rizvan xəcil,
Üzü xəttin rəşkindən həm lalə, həm reyhan xəcil.
Övc gər tutdu, niyə girdi yenə topraq ara,
Olmayan olsa sirişkim bəhrindən tufan xəcil...
Eşq dəşti üzrə Məcnundan uyalsam, eybi yox,
Gah olur huş əhlindən divaneyi-üryan xəcil.
Sultan Hüseyn Bayqaranın sənətkarlıq xüsusiyyətləri barədə çox danışmağa ehtiyac yoxdur. Onun poeziyasının gözəllikləri hər beytdə, hər qəzəldə açıq-aydın görünür. Sultan Hüseyn Bayqara dastanlaşan bir şairdir. Xalq arasında ona Sultansöyün deyilir. Orta Asiyada, özəlliklə də Türkmənistanda onun həyatı, dahi şair Əlişir Nəvai ilə sarsılmaz dostluğu haqqında çoxlu rəvayətlər, dastanlar dolaşır. Bunların bir qismi ölkənin müxtəlif rayon və kəndlərindən toplanmışdır və hazırda Türkmənistan Elmlər Akademiyasının Milli Əlyazmalar İnstitutunun xəzinəsində qorunur. İnstitutun əməkdaşları bu materiallar əsasında «Mirəli», «Mirəli həm Sultansöyün», «Mirəli və Sultansöyün» adlı üç kitab nəşr etdirmişlər1. Bundan başqa, həmin mövzuda məşhur dastançı Qurd Yaqubun və onun şagirdi Həzrət Carıyevin ifasında «Gülfam» adlı bir dastan da lentə alınmışdır2. Bu əsərin ana sujet xətti təxminən bu məzmundadır: Əlişir gəncliyində Gül adlı bir qızı, qız da onu sevir. Sultansöyün təsadüfən həmin qızı görüb ona aşiq olur və Əlişiri elçiliyə göndərir. Qız dərddən ölür, iki dost da bundan ömür boyu xəcalət çəkirlər. Bu dastanda Sultan Hüseyn Bayqaranın divanında olmayan «Dadı, hey», «Sərv ağacı», «Ayrıldım», «Getdi», «Daş qaldı» kimi şeirlər yer alır. Məşhur şərqşünas A.A. Semyonov bir məqaləsində vaxtilə Daşkənd bazarından Mirxondun «Rövzət üs-səfa» əsərinin bir əlyazmasını satın alındığını, orada Mirəli ilə Sultan Hüseyn haqqında hekayələrin olduğunu yazır1. Buradan belə anlaşılır ki, bu iki böyük şəxsiyyət arasında dostluq barədə rəvayətlər bütün Orta Asiyada məşhur olmuşdur.
Yekun olaraq onu demək olar ki, şair-hökmdar Sultan Hüseyn Bayqara ortaq türk ədəbiyyatının ən nəhəng simalarından biridir. Onun bütün türk dünyasında, o cümlədən Azərbaycanda tanıdılması vacibdir. O, bir əlində qılınc, bir əlində qələm tutan türk hökmdarlarından Qazi Bürhanəddin, Cahan Şah Həqiqi, Şah İsmayıl Xətai, Sultan Səlim, Qanuni Sultan Süleyman, Şeybani xan, Zəhirəddin Məhəmməd Babur və başqaları ilə bir cərgədə dayanır. Bu bizim şanlı tariximizdir və onunla fəxr etməyə dəyər.
Təəssüf ki, bugünə qədər Sultan Hüseyn Bayqaranın Azərbaycanda heç bir əsəri, kitabı nəşr edilməmişdir. Bu sahədəki boşluğu aradan qaldırmaq üçün biz onun divanını nəşr etməyi qərara aldıq. İnanırıq ki, bu kitab oxucular və ədəbi ictimaiyyət tərəfindən rəğbətlə qarşılanacaq. Burada bir dostumuzun iradına da cavab vermək istərdim. O deyir ki, bu kitabları uyğunlaşdırmaq lazım deyil, onları orijinalda olduğu kimi vermək və hər naməlum sözü ulduz işarəsi ilə aşağı endirmək lazımdır. Biz də deyirik ki, biz bunların elmi-tənqidi mətnlərini hazırlamırıq, bunlar mətnşünaslara deyil, geniş oxucu kütləsinə ünvanlanan populyar nəşrlərdir. İstəyən hər kəs bu əsərlərin orijinalını internetdən endirə bilər.
Biz öz ənənəmizə sadiq qalaraq, bu kitabı da TürkSOY kitabxanası seriyası silsiləsindən nəşr edirik. Bununla da türk dünyasının UNESCO-su sayılan TürkSOY-un türk xalqlarının bir-birinə yaxınlaşması, ümumi inkişafı və qarşılıqlı zənginləşməsi uğrunda apardığı coşğun və nəcib fəaliyyətə kiçik bir töhfə verdiyimizə inanırıq.
qəzəllər
Ey dodağın şərbəti-şərməndəsi abi-həyat,
Nitqin alnında ərər, İsaya dəm urmaq uyat.
Ləblərin çün kim Məsiha tək ölü diriltdilər,
İnfiqalından qızardı lə’lü su oldu nəbat.
İltifatın, ey sənəm, dilxəstələrin qətlidir,
Necə olarsan məni-dilxəstəyə biiltifat?
Bu ki bidadın oxundan el qaçar can xofundan,
Barçasın cəm eylə, ey qatil, mənim canıma at.
Gər qulunam, cəbr çox qıldın dedim, saqın məni,
Demədim üşşaq ara rüsva qılıb aləmə sat.
Bu çəmən əhlinə, ey bülbül, müqəyyəd olma çox –
Kim, səbaya seyr yoxdur, daima gülə səbat.
Ey Hüseyni, necə olmaq binəva üşşaq ara,
Zöhd ahəngi qıl, özünü afiyət əhlinə qat.
Vah ki, hicran bərqindən, düşdü şəbistanıma od,
Uçqunu birlə tutuşdu beytül-əhzanıma od.
Ruzigarımımı eşq etdi qara, ya oldu dud,
Hicr çün qəm duzəxindən saldı viranıma od.
Eşq odunun şö’ləsindən köydü könlüm, ya məgər
Düşdü suzan ahından Məcnuni-üryanıma od.
Aləm əhli canını yandırdı yalan əhd ilə,
Bunca kim, verdi ikən ol əhdi-yalanıma od.
Badə təbindən məgər lə’lin olubdur atəşin,
Ya məgər mey ləm’əsi saldı mənim canıma od.
Dedim: oxun dəysə dərdim dağına od çaxılar,
Dedi: su yerinə vermiş çərx peykanıma od.
Gər Hüseyni ahından od düşsə hər yan, eyb iməs,
Eşq mundağ həmra etdi ahü əfğanıma od.
Xəstə canım zə’finə lə’li-şəkərbarın əlac,
Zari-könlüm dərdinə canbəxş güftarın əlac.
Şami-hicranın ara kim tirədir giryan gözüm,
Onu rövşən eyləməyə sübhi-rüxsarın əlac.
Kafiri-eşqin olub kim könlümə, nedək, cünun,
Əqli-din kəsbinə onun bəndi-zünnarın əlac.
Özgələr nuş ləbindən, xəstəyəm, leykin ərər
Nişi-qəmzəndən həzin könlümə azarın əlac.
Ey Məsiha, ta ləbi-canbəxşindən bir nöqtə var,
Xəstə canıma əcaib ərdi izharın əlac.
Ey könül, çox qılma əfğan, çün onun bidadına,
Qılmadı qəm külbəsində naleyi-zarın əlac.
Ey Hüseyni, xəstə canına ləbindən qüvvət ver,
Kim məgər tapa bu şərbət birlə bimarın əlac.
Ey könül, ol dilrübanın özgə yarı var imiş,
Vah, sana düşmən olub, ol özgələrə yar imiş.
Hər zaman yüz var, dil azarından könlümdədir,
Vah ki, azarı pozuq könlümdə bunca var imiş.
Dərdi-eşqin şərhini gözümə degəc, tökdü yaş,
Vah kim, onu yar sandım, vəli ol əğyar imiş.
Zar olub eşqinə, azarın gəlməyin bilmədim,
Zarlarına eşqdən gələn nəsibi-azar imiş.
Yüz açıb örtər məni, vah, eşq odundan nə gilə,
Kim mana od salıcı ol atəşin rüxsar imiş.
Hicrində biçarəlikdən ahü vaveyla, nə sud
Kim bəlalı eşqində biçarəlik naçar imiş.
Ey Hüseyni, der idin ol dilrübanı bivəfa,
Mən onu fəhm etmişəm kim, yüz onca var imiş.
Çün cünun zəncirinə oldum giriftar, ey könül,
Olasan fərsudə canımdan xəbərdar, ey könül.
Qaçsam ol zəncir ilə avaralıq səhrasına,
Qılma halımı xirəd əhlinə izhar, ey könül.
Qoy ki dövranın cəfa ayin eli bidadından,
Olmayın hərgiz olar içrə pədidar, ey könül.
Onda həm qoyma tapıb divanədir deb bağlayan,
Gər sürüb aparsalar xalqı sitəmkar, ey könül.
Qılsalar qovğa, ulus canıma bidad edəli,
Məndən ol dəm ləhzeyi ayrılma zinhar, ey könül.
Şayəd ol yanlığ tamaşa sarı məhvəşlər bilə,
Gələr ol şümşad qədd, mahi-rüxsar, ey könül.
Görgəc onu gər Hüseyni yanlığ istər tərki-huş,
Həzrətində qılasan canımı isar, ey könül.
Bir quyaş hicrində çəkdim odlu əfğan bu gecə,
Köyməyim dudindən oldu, çərx giryan bu gecə.
Ol quyaş hicranında hər bir qarası şəklindən
Qoydular hər bir gözüm bir daği-xirmən bu gecə.
Şami-hicranımı bilməm kim, bu yanlığ tirədir,
Ya qılıbdır dudi-ahım ayı pünhan bu gecə.
Tökdü kövkəb firqətin şamında gözüm onca kim,
Qaldı gərdun yüz tümən göz birlə heyran bu gecə.
Ey əcəl, dadıma yetgil, bu qatı halətdə kim,
Yox dürur fayda mənim şamıma payan, bu gecə.
Pərçəmin dan yelindən aşüftə olmuş, guya ki,
Kim qılıbdır ruzigarımı pərişan bu gecə.
Ey Hüseyni, yarın köksümə dikən navəkin,
Can verib, qıldım pozuq könlümə mehman bu gecə.
Yar zülm edəndə çün biixtiyar olmuş, nedək?
Vah, ona cəbrü sitəm qılmaq şüar olmuş, nedək?
Natəvan könlüm, gözü yanlığ idi bimarü məst,
Zülfü tək indi pərişan ruzigar olmuş, nedək?
Ey ki, dersiz: ol pəri eşqin nihan tutgil, bu kim
Ahü dərdim hicrindən biixtiyar olmuş, nedək?
Deməyin kim, sirri-eşqini yaşırgil el ara,
Mən yaşırmazdan burunraq aşikar olmuş, nedək?
Deməyin: könlümə məhvəşlər sarı vermə qərar,
Vah ki, bir məhvəşə zarü biqərar olmuş, nedək?
Könlümə çün derəm: ol güldən xilas et özün, der:
Xari-eşqi çün içimdə üstüvar olmuş, nedək?
Gər Hüseyni tək nəva çəkər desəm üşşaq ara,
Qismətim ol naleyü əfğanü zar olmuş, nedək?
rübailər
Görkəzmə çəməndə sərvi yoldaş mana –
Kim görəndən gözdən axar yaş mana,
Endirsə nə olar bir nəfəs baş mana,
Ol sərvi-rəvan ki, oldu boydaş mana.
* * *
Dostları ilə paylaş: |