QAQAUZ MİLLİ HİMNİ*
Gəldi zaman - bayrağı qaldır,
Dalğalandır, rüzgar onu.
Qavalları kəskin çaldır,
Doğar xalqın aydın günü!
Naqərat:
İnsana lazım Vətən,
Xalqına qalsın damar,
Qanında dədə səsi
Uzaqdan evə çəksin.
Bucaqda danlar açıq -
Şanlı olsun qardaşlıq.**
Zaman qanadları dönər,
Yarıb qara buludları.
Yaşamağa qüvvət verər
Ana yurdun gur suları.
Naqərat:
İnsana lazım Vətən,
Xalqına qalsın damar,
Qanında dədə səsi
Uzaqdan evə çəksin.
Bucaqda danlar açıq -
Şanlı olsun qardaşlıq.
_______
*22 iyul 1990-cı ildə keçirilən
Qaqauz xalqının konqresində qəbul edildi.
**Birinci variant:
"Bucaqda açıq danlar -
Qalxınsın qaqauzlar".
YAŞA, XALQIM!
Göy-oğuzdur dədəmiz,
Alaraq Balkanları,
Əzərək düşmanları
Burada dövlət qurmuş.
Əzəldən var adətlər:
Xıdır Elləz, Qasım var.
Bozqurdum bizə baxar –
Dədədən qalmış onlar.
Yaşa, yaşa mənim xalqım!
Yaşa, yaşa mənim xalqım!
Yaşa, Qaqauziyam mənim!
Qaqauziyam mənim,
Mənim Oğuz millətim,
Yox etməz səni kimsə –
Qanımızla birləşdik!
Bayraqda rəngi mavi
Həm də var bir Canavar.
Bucaqda açıq danlar –
Qalxındı Qaqauzlar.
Yaşa, yaşa, mənim xalqım!
Yaşa, yaşa, mənim xalqım!
Yaşa, Qaqauziyam mənim!
Birləşib toplanalım,
Xalqımızla birlikdə.
Deyəlim biz hər zaman:
«Var olsun şanlı Vətən!»
Əbədi dövlət qurduq,
Yaşasın Qaqauzluq!
Mavi rəngli bu bayraq
Min il dalğalanacaq!
Yaşa, yaşa, mənim xalqım!
Yaşa, yaşa, mənim xalqım!
Yaşa, Qaqauziyam mənim!
AYRILMA DİLİNDƏN, XALQIM!
Ayrılma dilindən, xalqım,
Mən diz çöküb yalvarıram,
Oğullarına öyüd ver...
Buna görə dua edirəm,
Ayrılma dilindən, xalqım!
Baxıb da gör: dolay aydın,
Ana dili yerdə yaşar.
İnan ki, o edər yardım
Səni əzmək istəsələr,
Ayrılma dilindən, xalqım!
Dil varsa, daima var adın,
O zaman səni sayarlar,
Həm də haçan övladların
Ata-ananı səslərlər!
Ayrılma dilindən, xalqım!
Sular gedər, gedər altın...
Bu torpaqda bu dil qalar!
Çünku bu dil sənin qanın,
Yaşamana qüvvət verər!
Ayrılma dilindən, xalqım!
Ayrılma dilindən, xalqım!
Son sözü sənə sölyərəm,
Oğullarına öyüd ver...
Mən diz çöküb yalvarıram:
Ayrılma dilindən, xalqım!
ANA DİLİM
Köklərim - ana dilim,
Sən mənə həyat verdin.
Kədərdə cana yardım.
Ana dilimdə əmin.
Xalqımı bir yerdə tutarsan,
Yaratmağa ihlam verərsən.
Sən sevdamsan, sən acım,
Dədədən qalan dilim.
Gül kimi öz lafların:
Həm qıvraq, həm gül kimi.
Yaraşırlar cümləyə.
Yaraşırlar dünyaya.
Sən arı, duru çeşmə.
Sən - dirəksən ömürə.
Sən - sancım, ana dilim,
Torpaq üzündə yerin.
MƏMLƏKƏT
Neçə məmləkət dəyişdirdin
Bu yerdə, dədəm mənim?
Nə qədər əzab çəkdin,
Onu bilir yorğun tənin.
Hansı millət belə tale
Yaiadı bu dünyada?
Uşaqlarına təməl -
Buraxdı yer üzündə?
Nə qədər səbr, umud
Yaxına buraxmadı səni?
Neçə dəfə qara bulud
Yerə damla-damla qan sərpdi?
Nə qədər qıtlıq, ayaz
Biçdi tarlalarını?
Nə qədər savaş, döyüş
Qırdı oğullarını?
Amma sən, dədəm mənim,
Gündən-günə kök atdın.
Qorudun qaqauzları,
Bucaqda xalq yaratdın.
BUCAĞIM
Nə əginsən, Bucağım,-
Sən əbədi məmləkət.
Alacadır torpağın,
Quraqlıqdan bərəkət.
Bir payın - yaşıllıq.
O birisi - çöllük.
Sanki yox heç dirilik?
Sanki deyil o soluq?
Çox zordu xalqıma
Qaldırmağı qırları,
Qıtlıqda sulamağı
Ömürsüz canını.
Diz çokərək saymalı
Sinəndə neçə çatlaq,
Göz yaşınla böyütməli
Sünbül, həm başaq...
ACLIQ
1946-47-ci illərdə sovet hökuməti
tərəfindən aclığa məhkum edilən
qurbanların əziz xatirəsinə
Yağmur yağırdı hardasa,
Bucaqda və uzaqlarda.
Torpaq olmuşdu löhmə,
Bitmişdi su bulaqlarda.
«Toxum üçün qalmış buğda,
O da çox azca, bir çərək.
İnan, heç nə yoxdur, heç nə,
Bala, yoxdur, istəmə çörək».
Ana çırpınır quş tək,
Hardan gəldi bu bəla?
Uşaq eşitmir: «Ver yemək,
Çörək ver, ana, çörək!»
Bitdi taxıl, bitdi ərzaq,
Bir şey qalmadı rəfdə..
Nə amansız, müdhiş bəla,
Söndü canlar hər tərəfdə.
Kim bilir, aclıqdan neçə insan
Getdi torpaq altına?
Neçə uşağın alnından
Öpmədi nəcib ana.
Ağla, ürəyim, ağla…
DANIŞMAQ
Köküm Oğuz kökü!
Ozüm də Göy Oğuzam!
Buna da çox şadam!
Pis odur ki, xalqım
Bilmir bu gerçəyi,
Öz dərin köklərini.
Sanki hamı sehirli,
Hər bir köşədə,
Təkrarlayıb söyləyir:
"Mən qaqauzam, yəni QAQAM uz"
Düşünmədən, yəni ki,
Qaqa dimdik deyil,
Amma bu sözün
Olursa-olsun
Daha başqa bir mənası…
GÜN AYDIN, EVİM!
Gün aydın, doğma evim!
Ta gəzə-gəzə gəldim
Bu yorğun darvazana.
Mənə küsülü baxma!
Xeyli alçalmış damın,
Səni yük kimi sıxıb,
Gör neçə illər keçib,
Yox baxanın, adamın.
Necə çatlamış təndir.
Qocaman akasiya,
Tut ağacı yerində...
Bəs tutunu kim yeyir?
Hamımız pərən-pərən,
Yanında anam-atam,
Yox evdə nə ins, nə cins...
Anlar keçir beynimdən...
Diz çökürəm qapında,
Darıldın mı oğluna?
Anladım, bura yerim!
Göndərmə məni geri...
ADDIMLAR
33 addım cənnətə,
33 addım cəhənnəmə,
Sırf bunlar qaldı məndə.
Hansı imiş son addım?
Anladımmı onu? Anladım...
İlk otuzu - ömrüm.
Digər otuzu - günahım.
Üçlə üç də - mənim işlərim.
Sonun sərhəddi də bəlli,
Rüzgarlar gətirər səsləri.
Gecələrlə günlər qarışdı,
Onlara illər qovuşdu,
Günəşlər batıya vardı...
Saatlar yürüyər yavaş -
Onlar sırf mənə yoldaş.
Addımlar artıq bitdilər,
Uddu səsləri göylər...
Su ilə doldu izlər,
Avaz da getdi, əridi.
Nə pisdir əcəlin əsməsi?..
Gecələrlə günlər və illər,
Günəşlər, avazlar, batılar,
Göylərlə izlər, həm sular,
Kərtiklər, əcəllər...
Hamısı bunlar:
Addımlar, addımlar, addımlar...
OTUZ BEŞ YAŞINDAYAM
Yaşlar otuz beş oldu,
Tərəziyə nə qoyuldu?
Bir tərəfdə - keçmişim,
O biri tərəfdə gələcəyim.
İbrə durar ortada,
Tən gəldi qüvvələr...
Keçmiş gələcəyi ənsələyər.
Yaşlar otuz beş oldu.
Arxada uşaqlıq, gənclik,
Ailə, məktəb, evlənmək,
Kitablar, qəzet, dərgi.
TV'dəki verilişlər.
Mağazalarda bir neçə boş çəllək...
Dostlarım da küsdü neçəsi.
Yaşlar otuz beş oldu...
ANAMA
Uçar illər, amma ağlım
Hey götürər məni geri.
Araba yanında yalnız qaldın,
Unutmaram o lövhəni.
O gün siftə getdim yola,
Yol ayrıcından keçirdi baxış.
Geri baxdım: durur anam,
Gür saçları da daranmış.
Uçdu zaman. İllər keçdi!
O illər bir daha dönərmi geri?
Yalnız o yumruq, yalnız o baxış,
Bütün saçları birdən ağarmış...
ŞƏN OYNAR QAQAUZLAR
Hər yanım - altın başaq!
Bərəkət zəngin, bir bax!
Onu böyütdü insanlar -
Şərəmət qaqauzlar.
Ötər, ötər qavallar -
Şən oynar qaqauzlar!
Sarsılar evlər, binalar-
Nə oynar qaqauzlar!
Burada mələk qızlar -
Qaragöz qərənfillər!
Açıq canlı, ürəkli,
Baxışları günəşli!
Ötər, ötər qavallar -
Şən oynar qaqauzlar!
Şənlikdən daşar toylar -
Nə oynar qaqauzlar!
Yeməklər dadlı, sıcaq -
Utanma, buyur, qonaq!
Qıvırmalar təndirdən!
Qovurmalır atəşdən!
Daşar, daşar fincanlar -
Şən oynar qaqauzlar.
Hey, buyurun, a dostlar!
Qonaq edər qaqauzlar!
MAHNİ KİMİ
Bu dərənin uzunu,
Enib qırım buzunu.
İlk bahar tez gəlməsin,
Yer buzu görə bilsin.
Bu sevdamın yolunu,
Tapım-görüm boyunu.
Dağlar xəzan görməsin,
Umud məndən qaçmasın.
Bu alovlu duyğumu,
Gecəm alsın uyğumu.
İllərim qıt olmasın,
Sevda-qismət ölməsin.
XƏRÇƏNG
(uşaq şeiri)
Çayırda,
bayırda
toplanış.
Orada
heyvanlar
toplanmış.
Yuxardan
çox quşlar
qonmuşlar.
Göllərdən
balıqlar
gəlmişlər.
Nə gözəl bir ahəng.
Məclisə gecikmiş
Balaca
bir xərçəng.
Çatallı
bacağı
sarılı.
Zavallı!
Sürətlə
İrəli tələsər,
Bəs niyə önə yox
Geriyə o gedər?
R a m i z Ə S K Ə R
10 yanvar 1954-cü ildə Amasiya rayonunun Qaraçanta kəndində müəllim ailəsində anadan olmuşdur. M.V.Lomonosov adına Moskva Dövlət Universitetinin jurnalistika fakültəsini bitirmişdir (1978).
Azərbaycan radiosunda redaktor (1978-83), Azərbaycan, türk, ərəb, fars, ingilis, fransız və alman dillərində çıxan «Azərbaycan bugün» jurnalının baş redaktoru (1983–84), kiril, latın və ərəb əlifbaları ilə nəşr olunan «Odlar yurdu» qəzetinin baş redaktoru (1984-91), «Hürriyet» qəzetinin (İstanbul) Azərbaycan üzrə xüsusi müxbiri (1991-93), Xarici Turizm Şurasının idarə rəisi (1993-94), «XXI əsr» qəzetinin baş redaktoru (1994–96), «Yeni Forum» jurnalının (Ankara) Bakı təmsilçisi (1993-97) olmuşdur. 1997-ci ildən Azərbaycan Jurnalistlər Birliyinin baş katibidir. Bakı Dövlət Universitetinin bədii tərcümə elmi-tədqiqat laboratoriyasının müdiri, AMEA Folklor İnstitutunun baş elmi işçisidir. Filologiya elmləri doktorudur.
«Qızıl qələm», «Həsən bəy Zərdabi», «Humay», Küveytin «İslama xidmət», Türkiyənin «Yeni Orhun» və «Türk dünyasına xidmət», Özbəkistanın Babur adına beynəlxaq mükafatı və Türkmənistanın «Altın əsr» mükafatları laureatıdır. Azərbaycan Yazıçılar və Jurnalistlər Birliklərinin, Beynəlxalq Mətbuat İnstitutunun (İPİ, Vyana) üzvüdür. Azərbaycanın Əməkdar jurnalistidir. Türkologiya, ədəbiyyat, tarix və jurnalistikaya dair kitablar yazmış, türk, rus, özbək, uyğur, türkmən, qaqauz, tatar dillərindən tərcümələr etmişdir. Avrasiya Tərcüməçilər Birliyinin (Ankara) sədri seçilmişdir (2010).
Əsas əsərləri:
1. İqlimdən-iqlimə, təqvimdən-təqvimə. Bakı, İşıq, 1987,104 s.
2. Qutadğu bilig. Bakı, Elm, 2003, 320 s.
4. Mahmud Kaşğari və onun «Divanü lüğat-it-türk» əsəri. Bakı, MBM, 2008, 432 s.
5. Mahmud Kaşğarinin 1000 illik yubileyinə 1000 biblioqrafik göstərici. Bakı, MBM, 2008, 96 s.
6. Mahmud Kaşğarinin «Divanü lüğati-it-türk əsəri üzrə biblioqrafik və qrammatik göstərici. Bakı, MBM, 2008, 192 s.
7. Mahmud Kaşğari və onun «Divanü lüğat-it-türk» əsəri. Bakı, MBM, 2009, 532 s.
8. Mahmud Kaşğarinin «Divanü lüğat-it-türk» əsərinin tədrisi. Bakı, MBM, 2010, 112 s.
Əsas tərcümələri:
1. Azərbaycan Masalları. Bakı, Yazıçı, 1982, 196 s.
2. M.B.Məmmədzadə. Milli Azərbaycan hərəkatı. Bakı, Nicat, 1991, 248 s.
3. Faruq Sümər. Oğuzlar. Bakı, Yazıçı, 1992, 432 s.
4. Yusif Balasağunlu. Qutadğu bilig. Bakı, Azərnəşr, 1994, 492 s.
5. Murad Tağı. Həyatım. Bakı, Oka Ofsət, 1998, 92 s.
6. Erik Fichtelius. Jurnalistikanın on qızıl qaydası. Bakı, AJB, 2002, 192 s.
7. Bahəddin Ögəl. Türk mifologiyasi. Bakı, Səda, 2004, I cild, 626 s.
8. Mahmud Kaşğari. Divanü lüğat-it-türk. Bakı, Ozan, 2006, I cild, 512 s.
9. Mahmud Kaşğari. Divanü lüğat-it-türk. Bakı, Ozan, 2006, II cild, 400 s.
10. Mahmud Kaşğari. Divanü lüğat-it-türk. Bakı, Ozan, 2006, III cild, 400 s.
11. Mahmud Kaşğari. Divanü lüğat-it-türk. Bakı, Ozan, 2006, IV cild, 752 s.
12. N.Ozerov. İlham Əliyev: Mən Azərbaycanıma inanıram. Bakı, Azərnəşr, 2007, 376 s.
13. Махмуд Кашгарский. Дивану лугат ит-тюрк. Баку, МБМ, 2009, I том, 512 с.
14. Махмуд Кашгарский. Дивану лугат ит-тюрк. Баку, МБМ, 2009, II том, 400 с.
15. Махмуд Кашгарский. Дивану лугат ит-тюрк. Баку, МБМ, 2009, III том, 492 с.
16. Oraz Yağmur. Qarabağlı ananın ağısı. Bakı, MBM, 2009, 84 s.
17. XX əsr özbək şeiri antologiyası. Bakı, MBM, 2009, 96 s.
18. Molla Nəfəs. Bu məkana gəlmişəm. Bakı, MBM, 2010, 160 s.
19. Molla Nəfəs. Seçilmiş əsərləri. Bakı, MBM, 2010, 240 s.
20. Todur Zanet. Ana dilim. Bakı, MBM, 2010, 104 s.
21. Məxdumqulu Fəraqi. Seçilmiş əsərləri. Ankara, 2010, 448 s.
22. Türk ədəbiyyati tarixi. Bakı, MBM, 2010, I cild, 602 s.
23. Türk ədəbiyyati tarixi. Bakı, MBM, 2010, II cild, 658 s.
24. Nurməhəmməd Əndəlib. Şeirlər, poemalar, dastanlar. Bakı, MBM, 2011, 292 s.
25. Zəhirəddin Məhəmməd Babur. Seçilmiş əsərləri. Bakı, MBM, 2011, 328 s.
26. Sultan Hüseyn Bayqara. Divan. Bakı, MBM, 2011, 248 s.
27. Abdulla Tukay. Millətim. Bakı, MBM, 2011, 268 s.
28. Mehri Xatun. Divan. Bakı, MBM, 2011, 368 s.
29. Zəhirəddin Məhəmməd Babur. Baburnamə. Bakı, BXQR, 2011, 432+32 s.
30. Qurbanqulu Berdimühəmmədov. Axaltəkə atı – iftixarımız və şöhrətimiz. Bakı, CBS, 2011, 232 s.
31. Türkmən şeiri antologiyası. Bakı, MBM, 2011, 400 s.
32. Abdulla Şahbəndə. Seçilmiş əsərləri. Bakı, MBM, 2011, 104 s.
33. Türkmən müəmmaları, deyişmələri və vücudnamələri. Bakı, MBM, 2011, 128 s.
Türkcə, rusca, almanca və ermənicə bilir.
e-mail: ramizasker@gmail.com
İÇİNDƏKİLƏR:
Ön söz 3
Səlcuqlu dövrü türk ədəbiyyatına ümumi baxış 5
Sultan Hüseyn Bayqara 13
Şeirləri 28
Risalə 36
Mehri Xatun 41
Şeirləri 51
Zəhirəddin Məhəmməd Babur 61
Şeirləri 87
Nurməhəmməd Əndəlib 98
Şeirləri 106
Abdulla Şahbəndə 119
Şeirləri 127
Məxdumqulu Fəraqi 137
Şeirləri 167
Molla Nəfəs 185
Şeirləri 195
Abdulla Tukay 208
Xatirələri 217
Şeirləri 235
Məcid Qafuri 250
Şeirləri 259
Qasım Amanjolov 264
Şeirləri 272
Oraz Yağmur 279
Şeirləri 283
Todur Zanet 293
Şeirləri 299
TürkSOY kitabxanası seriyası: 16
AMEA Folklor İnstitutu Elmi Şurasının
qərarı ilə çap olunur
Redaktor:
AMEA-nın müxbir üzvü,
Prof. Dr. Tofiq HACIYEV
Ramiz Əskər. Türk xalqları ədəbiyyatı oçerkləri-1.
Bakı, MBM, 2011, 320 s.
Korrektor: Leyla
Texniki redaktor: Ülvi Arif
Kompüterdə yığdı: Solmaz Əskərova
Dizayner: Ceyhun Əliyev
________________________________________
Çapa imzalandı: 09.09.2011
Formatı: 60x84
Həcmi: 20 çap vərəqi
Tirajı: 500 ədəd
MBM MMC mətbəəsində
çap olundu.
Dostları ilə paylaş: |