MƏCİD QAFURİ
(1880-1934)
Başqırdca sesen sözü türkcənin ozan, almancanın zinger kəlməsinin qarşılığıdır, mənası xalq ozanı deməkdir. Xalqın bağrından qopan başqırd sesenləri yüzillər boyu kənd-kənd, şəhər-şəhər dolaşaraq qəhrəmanlıq dastanları (kobayır) söyləmiş, eşq və həsrət nəğmələri ifa etmiş, millətin dərdini və istəklərini dilə gətirmiş, sevincini və kədərini paylaşmış, bir sözlə, xalq ruhuna tərcüman olmuşlar. Başqırd ədəbiyyatında ilk ünlü sesen Yulay oğlu Salavatdır (1752-1800). Salavat bir qəhrəman və sesen olaraq sazı, sözü və qılıncıyla çarlıq rejiminə qarşı milli-azadlıq mübarizəsi aparmışdır. Onun könüllərə səpdiyi toxumlar cücərmiş, başqırdlar içindən Şəmsəddin Zəki, Mithafəddin Ağmolla (1831-1895), Məhəmməd Səlim Ümitbayev (1841-1907) kimi istedadlı şairlər yetişmişdir. Bu il türk dünyasında və Rusiyada anadan olmasının 130-cu ildönümü təntənə ilə qeyd edilən M.Qafuri onların arasında özəl bir yerə sahibdir.
Məcid Qafuri (Əbdülməcid Qafurov) 1 avqust 1880-ci ildə Başqırdıstanın Ufa vilayətinin Sterlitamak qəzasının Yelem-Karan kəndində müəllim ailəsində dünyaya göz açmışdır. Kiçik bir təsərrüfat sahibi olan atası Nurqəni eyni zamanda arıçılıqla uğraşır, yayda pətəklərini alaraq dağ döşlərinə üz tutur, qışda kənd məktəbində müəllimlik edir, ailəsini çətinliklə saxlayırdı. Evdə, bayırda və məktəbdə atasına kömək edən Məcid hələ uşaqlıqdan həyatın çətinliklərini, yoxluq və yoxsulluğun nə demək olduğunu şəxsən görmüş və anlamışdı. Atası ona və dörd uşağına yaxşı bir gələcək təmin etmək üçün onları oxutmaq istəyirdi. Kiçik Məcid evdə atasından aldığı dərslər sayəsində oxuyub yazmağı öyrəndi. Sonra kənd məktəbinə gedən Məcid proqramı tez bitirdi və çox zaman məktəbdə atasını əvəz etməyə başladı.
Məcid kəndin yaşlılarından və atasından dinlədiyi dastan və nağılları, atalar sözlərini, xalq şeirlərini yaddaşına həkk edir, mahnıların sözlərini əzbərliyordu. Oğlunun oxumaya böyük həvəsini görən Nurqəni 1893-cü ildə onu qonşu Üteş kəndindəki məktəbə göndərdi. Ancaq tale 13 yaşlı yeniyetməni sınağa çəkdi; çox keçmədən əvvəlcə atasını, sonra isə anasını itirən Məcid ağır şərtlər altında təhsilini davam etdirdi və məktəbi bitirdi.
1898-ci ildə Məcid Qafuri o dövrün ən yaxşı mədrəsələrindən birində oxumaq üçün piyada olaraq evdən çıxdı və tam 450 kilometr yol qət edərək Orenburq vilayətinin Troitsk şəhərinə gəldi. Burada Zeynulla İşanın mədrəsəsinə daxil olan Məcid üçün dərslər nə qədər asan idisə, həyat o qədər çətin idi. O, Troitskdəki varlı tatarların və başqırdların, yay tətilləri zamanı köçəri qazaxların uşaqlarına dərslər verərək, qızıl mədənlərində çalışaraq güzəranını təmin edirdi.
Troitskdə türk, ərəb, fars və rus dillərini dərindən öyrənən gənc Məcid Şərq ədəbiyyatı, tarix, coğrafiya sahəsindəki biliklərini artırdı. «İşanın şagirdlərinə» adlı ilk şeirini də 1902-ci ildə burada yazdı. Mədrəsə təhsilindəki sxolastik quru təlimi, qüsurları satirik bir dillə tənqid edən bu şeir böyük gurultu qopardı, xocası ilə münasibətlərinin pozulmasına səbəb oldu, nəticədə Məcid mədrəsə hücrəsindən qovularaq şəhərdə ev kirələmək məcburiyyətində qaldı. Bu, onun onsuz da ağır olan maddi durumunu daha da pisləşdirdi. Eyni ildə gənc ədib «Dilənçilikdə keçən ömür» adlı ilk hekayəsini qələmə almaqla ədəbiyyata həm şair, həm də nasir kimi ayaq basmış oldu.
1904-cü ildə Kazana gələn Məcid buradakı yeni tipli «Məhəmmədiyyə» mədrəsəsində, 1906-1909-cu illər arasında isə Ufadaki dünyəvi «Qaliyyə» mədrəsəsində oxudu. Beləliklə, 29 illik həyatının təqribən 20 ilini müxtəlif məktəblərdə oxuyaraq keçirdi və çox yaxşı təhsil aldı.
Kazanda yaşadığı illər onun həyatında silinməz izlər buraxdı. Məcid burada böyük tatar alimi və maarifçisi Qəyyum Nəsirovla (1825-1902) və ünlü başqırd yazarı Məhəmməd Səlim Ümidbayevlə, daha sonralar Abdulla Tukayla (1886-1913) tanış oldu, onlardan sosial və siyasi elmlər sahəsində çox şey öyrəndi, Krım, Qafqaz və Orta Asya türk xalqlarının durumu, habelə Osmanlı imperaiyasının vəziyyəti və siyasəti haqqında dərin məlumatlar aldı.
Qafurinin ədəbi faaliyətə başladığı illər Rusya imperiyasında böyük siyasi xaos, iqtisadi və milli qarğaşa dövrü idi. Çar rejimi şiddətli fırtınadakı gəmi kimi yırğalanırdı. Bolşeviklər və Lenin çarı yıxmaq üçün fəhlələr, kəndlilər və əsgərlər arasında təşviqat və təbliğat aparırdılar. Özəlliklə Rusyanın türk xalqlarını öz tərəflərinə çəkmək üçün bol siyasi vədlər verir, çarı yıxıb iqtidar olunca hər xalqa öz dilini və milli mədəniyyətini inkişaf etdirmək imkanı verəcəklərini söyləyirdilər. Halbuki çar rejimi milli azlıqlara, özəlliklə də türk xalqlarına ana dilində mətbuat, məktəb kimi ilkin mədəni haqları belə vermək istəmirdi. Türklər müstəmləkə üsul-idarəsinin və rus şovinizminin doğurduğu milli zülm, həm də öz xalqından olan kapitalistlərin və iri torpaq sahiblərinin, sələmçilərin və tacirlərin, rejim tərəfdarı olan din mənsublarının ağır təzyiqi altında əzilirdilər. Zənginlə kasıb arasında dibsiz uçurum yaranmışdı. Ona görə də bir çox yerli xalqçı türk ziyalısı çarizmin devrilməsi ilə milli və iqtisadi problemlərin ortadan qalxacağına inanır, bolşevikləri dəstəkləyirdi. Bu durumda inqilab qorxusu qarşısında qalan çar II Nikolay 17 oktyabr 1905-ci ildə manifest imzalayaraq bəzi güzəştlərə getdi. O tarixdən başlayaraq qeyri-slavyan xalqlar, o cümlədən türklər də öz dillərində qəzət və jurnallar, kitablar nəşr etməyə, siyasi və xeyriyyə təşkilatları qurmağa başladılar.
Məcid Qafuri bu zaman artıq bir xeyli məşhurlaşmışdı. Onun gerçəkçi şeir və hekayələri oxucular arasında böyük rəğbət qazanmışdı. Özəlliklə «Sibir dəmir yolu və ya əhvali-millət» (Orenburq, 1904) və «Dilənçilikdə keçən ömür» (Kazan, 1904) adlı ilk kitablarında yazar müdrik bir əda ilə sadə xalq dilində başqırdları maariflənməyə, oxumağa, mədəniyyətə, öz milli haqlarını anlamağa, müdafiə etməyə və almağa çağırırdı. 1905-07-ci illəri əhatə edən I rus inqilabı dövründə Məcid Qafurinin yaradıcılığında xalqçılıqdan, maarifçilikdən inqilabçı-demokratlığa doğru kəskin bir dönüş başlandı. Şairin sakit, öyüdçü-didaktik uslubu qısa zaman ərzində atəşin inqilab şüarları ilə dolu bir şeir dilinə çevrildi. Onun «Zamanı gəldi», «İki quş», «Azadlıq dövrü’, «Dəyişmə», «1906-cı ilin 1907-ci ilə vəsiyyəti», «1907-ci ilin cavabı» kimi şeirləri, «Aclıq ili və ya satılan qız» hekayəsi doğrudan doğruya inqilabi çağırışlarla dolu idi. Çarizmi yıxmaq üçün milləti üsyana səsləyən əsərləri yalnız oxucuların deyil, dövlət qədəmələrinin də diqqətini çəkdi. Kazan prokuroru şəhər polisinə göndərdiyi gizli məktubda yazırdı: «Asi şairin şeirlərində yüksək rütbəli məmurlar və hökumət tiran, müstəbid, başqalarına zərər verən, qaniçən canavar, düşmən adlandırıldığı halda, inqilabçılar qəhrəman, ağıllı insanlar kimi öyülməkdə, onların böyük ağacı, yəni mövcud dövlət quruluşunu yıxmağa yönələn fəaliyyətləri təqdir edilməkdədir...»
Məcid Qafuri bir misyon şairiydi. İnandığı davanı son nəfəsinədək yürütdü, prinsiplərindən vaz keçmədi, evrim-devrim (təkamül-inqilab) dilemması qarşısında əsla tərəddüdə düşmədi, daim devrimdən yana oldu. Məzlumla zalımın, acla toxun qovğasında birincilərin cərgəsində yer aldı, həmişə binəsibləri sevdi, onların xoşbəxtliyi üçün savaşdı, onlar üçün yazdı, onlar üçün göz yaşları tökdü. «Halımız» şeirində öz məzlumpərəst kredosunu açıq şəkildə bəyan etdi:
Ortaq dil yox artıq, hər yerdə qovğa,
Dərin kin bəsləyir bülbülə qarğa.
Vəhşilik rəvacda, yetimdir şəfqət,
Varlımı çıxacaq yoxsula arxa?
Aclıq bilməyən az, aclıq çəkən çox,
Zalımın əlində zülm adlı ox.
Bu dünyada məzlumların halına
Əbdülməcid ağlar, başqa kimsə yox.
Rusiyada sinif qovğasının ilk mərhələsində şairin və devrimçilərin xəyalları puça çıxdı. Devrim dalğası yavaş-yavaş yatdı, sonra ölkədə şiddətli irtica başlandı. İnqilabçı ovu Qafuridən də yan keçmədi. Şair məhkəməyə cəlb edildi, polis onun «Gənc ömrüm», «Millətə eşqim» adlı şeir kitablarını və «Yetim uşaqlar» adlı hekayə kitabını satışdan yığaraq müsadirə etdi, özü isə ciddi nəzarətə aldı. 1906-cı ildə Məcid Qafuri tatar şairi Mirayaz Ukmasi ilə birlikdə polisdən qaçaraq qazax steplərinə getdi. Bir müddət orada gizləndikdən sonra Ufaya qayıtdı və həyatının sonuna qədər orada yaşadı. Polis təqibi Ufada da fasiləsiz olaraq davam etdi və 1917-ci il oktyabr inqilabına qədər sürdü. 1912-ci ildə Qafuri «Şərq» mətbəəsində korrektör vəzifəsinə işə düzəldi və 1919-cu ilədək burada çalışdı.
Devrimin məğlubiyyəti Qafurini qorxutmadı, o, mübarizəni bezmədən, usanmadan davam etdirdi. Şair bu dövrdə öz şeirlərini «qəlbinin qanıyla» yazaraq xalqın «qəvi düşməni olan çarlıq rejimi» ilə savaşını dayandırmadı. Əksinə, onun mətin inqilabçı ruhu daha da möhkəmləndi:
Mən yazıram şeirləri
Ürək-bağrım qanı ilə!
Savaşıram çoxdan bəri
Xalqımın düşmanı ilə!
Qafuri millətin dərdinə laqeyd qalan bəzi liberal, uzlaşmaz ziyalıları, sözdə vətənçi, əməldə mənfəətçi adamları ən sərt dillə tənqid atəşinə tutdu. Bu sətirlətə diqqət edək:
Sevgin varsa bu millətə, vətənə,
Sev onları, demə «axı mənə nə?»
Şairin fikrincə, millətin qurtuluşu üçün sadəcə danışmaq, mübahisə eləmək vaxt itktsindən başqa bir şey deyildir, istiqbal uğrunda mübarizə aparmaq hər bir vətəndaşın müqəddəs vəzifəsi və borcudur. Məcid Qafurinin bir vətəndaş və şair olaraq yeganə dərdi xalqdı, millətdi, onun xoşbəxt sabahı və gələcəyi idi. Maraqlıdır ki, Qafurinin sənətində siyasi istiqlal fikrinə, məsələn, Azərbaycan və Orta Asiya şairlərində olduğu kimi açıq, sətraltı və ya dolaylı şəkildə də olsa rast gəlmirik. Ehtimal ki, bu, Başqırdıstanın coğrafi baxımdan Rusiyanın mərkəzində yerləşməsindən qaynaqlanır. Bəlkə də bu sualın cavabı aşağıdakı misralarda yatır:
Millətinə xidmət edən adama
Yaraşarmı uşaq kimi oynaşmaq?
Oyun var ki, dəyməz xərclənən şama,
Mənasızdır boş işlərlə uğraşmaq.
Bu nöqtədə Məcid Qafuri ilə Başqırdıstanın müstəqil bir dövlət olması üçün var qüvvəsi ilə çalışan Əhməd Zəki Vəlidi Toğanın yolları ayrıldı. Hətta irəlidə onların arasında siyasi duel də yaşandı, Toğan əleyhinə Qafurinin çox sərt şeirlər yazmasıyla sonuclandı. Bu gündən baxarkən bu iki böyük başqırd arasındakı anlaşmazlığa, qovğaya üzülməmək əldə deyil...
1914-cü ildə I dünya müharibəsi başlayanda Məcid Qafuri onun imperialist mahiyyətini dərhal anladı, savaşın insanlara azadlıq deyil, qan, ölüm və aclıq gətirdiyini göstərən şeirlər qələmə aldı, müharibəni pislədi. 1917-ci ilin oktyabr inqilabını isə böyük sevinclə alqışladı. Şairin sosialist devriminə, Leninə, Stalinə həsr olunmuş şeirləri də vardır. Bunlara misal olaraq «Qəlbimə», «Azadlıq günləri», «İnqilab», «Azadlıq şərəfinə», «At bu şübhələri, bu qorxuları» kimi şeirləri misal göstərmək olar.
Oktyabr inqilabından sonra Rusiyada çar tərəfdarları ilə bolşeviklər arasında başlayan vətəndaş müharibəsində də Qafuri tərəddüdsüz olaraq inqilabçıları dəstəklədi. «Yolumuz», «Ver əlini», «And», «Dalğalansın qızıl bayraq», «Haqq-hesab günü», «İgid tatara» şeirlərini yazaraq sovetlər və inqilabçılar lehinə siyasi təşviqat apardı. 1924-cü ildə Leninin ölümünə «Matəmin əks-sədası» şeirini yazan Qafuri daha sonra «O ölmədi» şeirində proletariatın liderinin poetik portretini çəkdi. Bu şeirlərin ideoloji yönünə baxmadann hamısının sənət nöqteyi-nəzərindən çox mükəmməl əsərlər olduğunu, başqırd dilinin poetik inkişafına böyük töhfə verdiyini etiraf etmək lazımdır.
Məcid Qafurinin ən yaxşı əsərlərindən biri 1920-ci ildə yazdığı «İşçi» («Eşsə») poemasıdır. Burada başqırd və tatar kəndlilərinin yerli topraq sahibləri tərəfindən amansız istismar edilməsi, nəticədə onların dilənçi halına düşməsi və proletarlaşması realist bir şəkildə işlənmişdir.
1923-cü ildə Başqırdıstan ictimaiyyəti bütün sovet xalqları ilə birlikdə Məcid Qafurinin ədəbiyyata gəlişinin 20-ci ildönümünü o günə qədər görünməmiş bir təntənə ilə bayram etdi. Qafuriyə Başqırdıstanın xalq şairi adı verildi. Ona iriməbləğli xüsusi maaş bağlandı, böyük və rahat bir mənzil ayrıldı, xəstəliyi nəzərə alınaraq bir inək bağışlandı.
1924-29-cu illərdə tatarca çıxan «Yeni köy» qəzətində çalışan Məcid Qafuri yeni-yeni şeirlər yazmaqla yanaşı nəsr və dramaturgiya, uşaq ədəbiyyatı sahələrində də ən yaxşı əsərlərini qələmə aldı, özəlliklə hekayə və povest janrında bir-birindən maraqlı əsərlər yazdı. «Qara üzlər», «Həyat pillələri», «Şairin qızıl mədənlərində» adlı povestlər yazıçının öz gözləri ilə gördüyü, şəxsən yaşadığı olayların möhürünü daşıyır.
«Qara üzlər» Qafurinin uşaq yaşlarında şahid olduğu faciəvi bir eşqin dastanıdır. Birbirlərini sevən Həlimə və Zakirin qarşısına çıxan maneələr, yəni islam fanatizmi, eşqə feodal baxışı onları «əski dünyanın qurbanları» etmiş, axırda ölümlərinə səbəb olmuşdur. Bu əsər daha sonra dram halında işlənərək səhnələşdirilmiş, uzun müddət tatar və başqırd teatrlarında uğurla oynanmışdır.
Məcid Qafurinin «Həyat pillələri» adlı povesti sadə bir kəndli gəncin həyatından bəhs edir. Əsərdə Vahid adlı bir gəncin məktəb və əsgərlik həyatı, axırda inqilabçı olması, sinfi mübarizəsi sovet ədəbiyyatının sosyalizm realizmi sənət metodu baxımından təsvir edilmişdir.
«Şairin qızıl mədənlərində» adlı povestdə isə Qafuri öz həyatını yazmışdır. Ünlü proletar ədibi Maksim Qorkinin «Mənim universitetlərim» adlı avtobioqrafik əsəri ilə səsləşən bu povest Məcid Qafurinin gənclik illərində Uralda Ramiyev qardaşlarına məxsus qızıl mədənlərində çalışarkən yaşadığı əzab və məşəqqət dolu olayları əhatə edir. Məcid Qafuri çox-çox sonralar Zakir Dərdmənd adlı simvolist-dekadent şairin həmin sahibkar ramiyevlərdən biri olduğunu öyrənmiş, bir şairin başqa bir şairi necə amansızcasına istismar etdiyini göstərmiş, kapitalizmin iç üzünü açmışdır. Bu əsər bir baxıma ədibin yarımçıq qalmış «Xatiratım» adlı əsərinin tərkib hissəsidir. Həyatının bu məhsuldar çağında Məcid Qafuri «Belaya çayının sahilində», «Vəhşi qaz», «Təəssürat», «Qoca ovçu», «Ural dağlarında» adlı gözəl hekayələrini də qələmə almışdır. Başqırd ədəbiyyatında təmsil janrında ilk əsərlərin müəllifi də yenə Qafuridir.
Məcid Qafuri 1926-cı ildə «Qızıl ulduz» dramını, 1927-28-ci illərdə «İşçi» poemasının motivləri əsasında eyniadlı operanın librettosunu yazmışdır. Bu opera Kazanda Tatar Akademik Dram Teatrı tərəfindən tamaşaya qoyulmuş və böyük rəğbət qazanmışdır. Qafuri eynı zamanda bir çox başqırd xalq qəhrəmanlıq dastanlarını, mifoloji mətnləri, nağılları toplamış, onları ədəbi yöndən cilalamışdır. Çoxşaxəli coşqun ədəbi və sosial fəaliyyəti, ədəbiyyatın və sənətin müxtəlif sahələrındə və janrlarında əsərlər yazması, Başqırdıstanda ilkləri gerçəkləşdirməsi baxımından onu sovet türk ədəbiyyatları tarixində yalnız ünlü özbək ədibi Həmzə Həkimzadə Niyazi ilə müqayisə etmək mümkündür.
Məcid Qafuri 28 oktyabr 1934-ci ildə 54 yaşında Ufada əbədiyyətə qovuşmuş və şəhərin mərkəzindəki A.Motrosov adına parkda dəfn edilmişdir. 1948-ci ildə ədibin həyatının son 11 ilində yaşadığı mənzili Qafuri ev-muzeyinə çevrilmiş, 5 metr yüksəkliyində əzəmətli heykəli ucaldılmışdır. Başqırdıstandakı bir çox elm və mədəniyyət mərkəzinə, o cümlədən Rusiya Elmlər Akademiyası Ufa filialının Dil, Ədəbiyyat və Tarix İnstitutuna, doğulub böyüdüyü rayona, bəzi məktəblərə, müxtəlif şəhərlərdəki prospekt və küçələrə Məcid Qafurinin adı verilmişdir. Ədibin yaradıcılığı ciddi şəkildə tədqiq edilmiş, haqqında saysız elmi-ədəbi məqalə, bir neçə dissertasiya yazılmışdır.
Hər yönüylə Məcid Qafuri, onun həyatı, sənəti və mübarizəsi budur. Ona bugün ideoloji yöndən baxmağın, bəzi məqamları təftiş etməyin heç bir mənası yoxdur. Yeganə gerçək Məcid Qafurinin XX yüzilin ən ünlü başqırdlarından biri, başqırd və ortaq türk ədəbiyyatının tanınmış nümayəndəsi və böyük sesen olmasıdır.
MƏHƏBBƏT
Bugün eşqim oldu mənə bir möhnət,
Bu könlümdən əsla çıkmaz, nə hikmət?
El gözündə yoxsa da bir dəyəri,
Mənim üçün bulunmaz bir səadət.
Xarab etti cismimi bu fikirlər,
Düşününcə qəlbə dolar məlamət.
Ər qədrini ərlər bilə bilərmi,
Edər bunu yalnız əshabi-himmət.
Necə qəmli fikrə oldum mübtəla,
Nə cəhənnəm qaldı düşdə, nə cənnət.
Məhəbbətsiz varmı zövqü həyatın,
Bu dünyanı tutub duran – məhəbbət.
1907.
BİR XATİRƏ
Bu eşqim başqa bir gəncə verilsə,
Mənim tək sevməyi bacarmaz kimsə.
Kaş saqilik edə huri gözəllər,
Eşqin şərabından doyunca içsəm.
Mən səni sevdiyim o gündən bəri,
Eyş-işrət etməkdən ümidi kəsdim,
Görərmi gözlərim başqa dilbəri,
Dünyaya, taleyə, bəxtimə küstüm.
Mən səni sevirəm, bu bir etiraf,
Sən kindən uzaqsan, çiçək qədər saf.
Könlümə qazılmış bir surətin var,
Nə olar, gəl qızma, insaf et, insaf.
Könlümdə yalnız bu surətin qaldı,
Dünyada həyatım necə qaraldı,
Eşqimə dəlilmi istərsən, buyur:
Vücudum zəifdir, üzüm saraldı.
Ey gözəl, o qara sevdan başımda,
Gündüz xəyalımda, gecə düşümdə,
Bu eşqin odundan gəl məni qurtar,
Məhv etmə sən məni bu gənc yaşımda.
Bircə yol şad eylə, ey boyu bəstə,
Gülüşün dərmandır, ürəyim xəstə.
Bir qəmli bülbüləm eşqin yolunda,
Həsrətlə ötərəm qızılgül üstə.
1907.
TALE
Başlanıb fırtına, çalxanır dəniz,
Adı həyat olan gəmidəyik biz.
Bilinmir, biz ömrün harasındayıq,
Ölümlə olumun arasındayıq.
Öndə bir qaya var, qorxunc görkəmi,
Sovuşsa sahilə çıxar bu gəmi.
Ya suya batacaq, ya da qalacaq,
Qismətdə nə varsa, o da olacaq.
Qarışıq duyğular bürüyür bizi,
Ümiddən qorxuya sürüyür bizi.
Batırsa bu gəmi, qoy batsın, nə qəm,
Bizi nə gözləyir? Cənnət, cəhənnəm?
1915.
SÜYÜMBİKƏ MİNARƏSİ
Hər binadan yüksəksən, lap göylərə çıxmış başın,
Bilirəm, bildirməsən də, hey axır gözdən yaşın,
Bu halından şikayət qılır sənin hər bir daşın,
Qəlbimi min parə qıldı bu gözəl Xan məscidi.
Bir zaman səndə namaz qılmış idi tatar xanı,
Tatarlar, türk boyları məskun qılmışdı Kazanı,
O vaxtlar məsud idik, heyif ki, ötdü zamanı,
Qəlbimi min parə qıldı bu gözəl Xan məscidi.
Kilsələr arasında, bilməm, yalnız qaldın niyə,
Yox oldu ehtişamın, miskin görkəm aldın niyə,
Əhli-islam könlünə bu həsrəti saldın niyə,
Qəlbimi min parə qıldı bu gözəl Xan məscidi.
Bir vaxtlar çox-çox idi bu yerdə islam əsgəri,
Şəfqətinin qalmadı bizlərə heç mindən biri,
Yadlara keçdi tamam buraların islam yeri,
Qəlbimi min parə qıldı bu gözəl Xan məscidi.
Sən ümid üzsən də bizdən, biz ümidi üzmədik,
Zahirən səbr eyləsək də, içimizdən dözmədik,
O zaman cahil idik, qiymətini biz bilmədik,
Qəlbimi min parə qıldı bu gözəl Xan məscidi.
1907.
YARPAQ
Söylə, yaşıl yarpaq, niyə əsirsən,
Bəlkə bir gileyin, şikayətin var?
Niyə oğrun-oğrun məni süzürsən,
Bəlkə bir sözün var, bir söhbətin var.
Sanki qulağına çatdı sualım,
Birdən yaşıl yarpaq gələrək dilə,
Dedi: nə gücüm var, nə də ki halım,
Dayana bilmirəm şiddətli yelə.
Əlimdə deyildir nə vaxt, nə zaman,
Nə dinclik tapıram, nə də rahatlıq.
Artıq yavaş-yavaş yetişir xəzan,
Ondandır qəlbimdə bu narahatlıq.
Bir azdan çatacaq saralmaq çağı,
Deməli, ölüdür hər sarı yarpaq,
Külək sovuracaq məni aşağı,
Üstümü örtəcək toz ilə torpaq.
Kəfənim olacaq yağan bəyaz qar,
Mən orda çürüyüb kül olacağam.
Qış ötüb yenidən gələndə bahar,
Əslimə qayıdıb gül olacağam.
1909.
Qasım AMANJOLOV
(1911 – 1955)
XX əsrdə türk xalqlarının ədəbiyyatı coşqun bir vüsətlə inkişaf etmişdir. Bu əsrin gətirdiyi böyük inqilablar, sosial təlatümlər, milli çalxantılar, iki dünya savaşı xalqların və ədəbiyyatların taleyinə öz silinməz damğasını vurmuşdur. Bizim bucaqdan baxdıqda, üç qitədə ucsuz-bucaqsız torpaqlara hakim olan, dünyanın super qüvvələrindən biri sayılan böyük Osmanlı imperiyasının tənəzzülü dünya türkləri tərəfindən milli bir fəlakət kimi qəbul edilmişdir. Eynən Osmanlı kimi ərazicə azman, əhalicə çoxmillətli Rusiya imperiyası da I dünya müharibəsində məğlub olmuş, torpaqlar itirmiş, üstəlik, amansız vətəndaş müharibəsi yaşamış, lakin Osmanlı kimi parçalanmamışdır. Ruslar bolşevik inqilabı sayəsində öz imperiyalarını qoruyub saxlaya bilmiş, «on beş respublikanın könüllü birliyi» şəklində, Sovet İttifaqı adı altında ehya etmişlər.
Sovet rejimi türk xalqlarını imkan daxilində bir-birindən ayırmağa, yadlaşdırmağa çalışdı. Bunun üçün çoxlu süni ideyalar icad etdi, hər türk ləhcəsini ayrı ədəbi dilə çevirdi, əlifbaları dəyişdirdi, dilləri bir-birindən uzaqlaşdırdı, nəhayət, milli şüurun daşıyıcısı olan türk ziyalılarını fiziki cəhətdən məhv etdi. Türk xalqlarının yeganə qazancı isə orta və ali məktəblərin yaranması, kütləvi savadlanma, yeni ziyalı zümrəsinin meydana çıxması, saysız-hesabsız eybəcər sapıntılara baxmayaraq öz milli mədəniyyətini, o cümlədən ədəbiyyatını inkişaf etdirmək oldu.
XX əsrin birinci yarısında sovet türk respublikalarında bir-birindən parlaq ədəbi simalar yetişdi. Səməd Vurğun, Süleyman Rüstəm, Rəsul Rza, Qafur Qulam, Aybək, Zülfiyyə, Berdi Kerbabayev, Qara Seyitliyev, Muxtar Övezov ... kimi nəhəng sənətkarlar ortaya çıxdı. Heç şübhəsiz, bu cərgədə məşhur qazax şairi Qasım Amanjolovun da öz xüsusi mövqeyi və yeri var.
Qasım Amanjolovun ədəbi portretini dolğun şəkildə təsəvvür etmək üçün demək lazımdır ki, o, inqilabi-trubun şair kimi Süleyman Rüstəmə, duyğu yüklü lirikada, xalq ruhuna yaxınlıqda daha çox Hüseyn Arifə bənzəyir. XX əsr qazax ədəbiyyatı onsuz çox kasıb görünərdi.
Şairin öz əlilə yazılmış geniş tərcümeyi-halı yoxdur. Müxtəlif vəsilələrlə doldurduğu anketlərdən öyrənirik ki, Qasım Rəhimcan oğlu Amanjolov 1911-ci ildə Qazaxıstanın indiki Karaqanda vilayətinin Qarqaralı rayonunun Qızılaray qışlağında yoxsul bir ailədə dünyaya gəlmişdir. Kiçik yaşlarında ata-anasını itirdiyi üçün onu Semey şəhərindəki internat məktəbə vermişlər. Qasım 1924-27-ci illərdə burada, daha sonra Semey baytarlıq texnikumunda və Uralsk şəhərində pedaqoji institutda təhsil almışdır. Uşaqlıqdan qazax akınlarının ifa etdikləri mahnıları, dastanları dinləyən və əzbərləyən Qasım füsunkar xalq poeziyası ilə yaxından tanış olmuşdur. Böyük akın-şair Abayın yaradıcılığı ona xüsusi təsir göstərmişdir. Texnikum tələbəsi ikən rus və dünya ədəbiyyatının klassiklərini mütaliə etməsi onun ədəbi dünyagörüşünü və poetik zövqünü formalaşdırmış, gənc şair ədəbiyyatda ilk kövrək addımlarını o vaxtlar ataraq, öz şeirlərini texnikumun divar qəzetində dərc etdirmişdir.
Qasım Amanjolov ali təhsil almaq üçün Leninqrad Meşə Təsərrüfatı İnstitutuna daxil olmuş, lakin maddi imkansızlıq üzündən doğma vətənə qayıdaraq özünü bütünlüklə ədəbiyyata həsr etmişdir. O, 1930-cu ildə «Leninşil jas» («Leninçi gənclik») qəzetində işə girmiş, sonra isə «Ekpendi kurılıs» («Zərbəçi tikinti») qəzetində çalışmışdır. Redaksiyalardakı yaradıcı mühit, xalq kütlələri ilə yaxın ünsiyyət, adlı-sanlı akınlarla tanışlıq gənc şairə çox şey vermişdir. Qasımın bu mətbuat orqanlarında, «Qızıl əsgər» və «Pioner» qəzetlərində bir sıra şeirləri çap olunmuşdur.
1933-35-ci illərdə ordu sıralarında xidmət edən Qasım Amanjolov əsgərlikdən qayıdan kimi Uralskda bizdəki tənqid-təbliğ teatrına bənzər bir teatrda bədii rəhbər işləmişdir. Bu teatr onun akın, müğənni və artist kimi yetişməsində mühüm rol oynamışdır. Qasım burada özünün bir neçə şeirinə («Heyhat», «Doğma el» və s.) musiqi bəstələmişdir. Həmin dövrdən təxminən 80 il keçməsinə baxmayaraq bu mahnılar hələ də xalq arasında populyardır.
Qasım Amanjolov 1936-ci ildə Almatıya köçərək «Sosialistik Kazakstan» qəzetində və Qazaxıstan Yazıçılar İttifaqında işləmiş, çoxlu məqalə, oçerk, felyeton və şeir yazmışdır. 1938-ci ildə onun «Ürək sirri» adlı ilk şeir kitabı işıq üzü görmüşdür.
1941-ci ildə Qasım Amanjolov Böyük Vətən müharibəsinə getmiş, düşmənə qarşı əlində silah və qələm olaraq savaşmış, çox sayda cəbhə şeirləri və bir poema yazmışdır.
Ordudan tərxis olunduqdan sonra bir neçə il «Ədebiyet jəne öner» («Ədəbiyyat və incəsənət») jurnalının poeziya şöbəsinin müdiri işləyən Qasım Amanjolov bu dövrdə özünün ən gözəl əsərlərini yaratmışdır.
1947-ci ildən etibarən sənətkarın səhhətində ciddi problem yaranmağa başlamışdır. Gecə-gündüz durmadan çalışan, sağlamlığına fikir verməyən Qasım Amanjolovun ömrünün yeddi ili əsgərlikdə keçdiyindən evlənməyə də macal tapmamışdı. Nəhayət, o, 1948-ci ildə, 37 yaşında ikən Sahibcamal xanımla evlənmişdir. Lakin onun ailə səadəti və rahat həyatı uzun sürməmişdir.
1954-cü ilin payızında Qasım Amanjolov Qazaxıstan yazıçılarının III qurultayında iştirak etmiş, bundan qısa bir müddət sonra yatağa düşmüşdür. 1955-ci il yanvarın 18-də qorxu bilməz insan, alovlu tribun-şair ömrünün və yaradıcılığının çiçəkləndiyi bir çağda, cəmisi 44 yaşında ölümə məğlub olmuşdur.
* * *
Qasım Amanjolov tipik bir sovet şairi idi, öz dövrünün, zəmanəsinin övladı idi. Bir sovet şairi kimi öz şeirlərində kolxoz quruculuğundan da, fabrik-zavod fəhlələrinin əmək rəşadətindən də söz açmış, oktyabr inqilabını, Lenini, kommunist partiyasını, sosializmi, xalqlar dostluğunu vəsf və tərənnüm etmişdir. Bugün bunları danmaq, onun yaradıcılığını təftiş etmək, yaxud başqa prizmadan dəyərləndirmək nihilizm olardı. Qasım Amanjolov o quruluşa ürəkdən inanmış, ona axıradək sadiq qalmışdır. Çünki o özü və onun kimi yoxsul təbəqədən çıxmış bir çox həmkarı sosializm sayəsində təhsil almış, parlamış, ad-san qazanmış, həyatda çox şeyə nail olmuşdu. Şair bioqrafik səciyyəli bəzi şeirlərində bunu dilə gətirmişdir:
Atasız çəkdim çətinlik,
Həyata girdim zəhmətlə,
Bəxtimdəki o yetimlik
Çıxıb getdi xəcalətlə.
Ömürdən ümid yox idi,
Yoxdu arxam, havadarım.
Hamı acdı, kim tox idi,
Sovet oldu xilaskarım.
Sənətkarın Leninə həsr etdiyi əsərlərində də eyni səmimiyyəti görürük. Məsələn, «Lenin» adlı şeirində belə yazmışdır:
Bizdə belə deyim var:
Vətən varsa – Lenin var,
İnamlı bir elim var,
Elim varsa – Lenin var.
Şairin 1933-35-ci illərdə qələmə aldığı «Traktorçu Temirbek», «Vəsf et, dilim, əməyi», «Nəcibə», «Yeni batır», «İlxıçı mahnısı», «Sağıcı mahnısı» kimi şeirləri sosializm quruculuğu məsələlərindən bəhs edirdi.
Traktorçu Temirbek
Döşəyində yatırdı,
Xoş sabahı görərək,
Arzulara çatırdı.
«Nəcibə» adlı şeirində şair bir əmək qəhrəmanını tərənnüm edirdi:
«Çapayev» kolxozunda sağıcıdır, bu qızı
Beş ildir vəsf etmədim, yanında heç üzüm yox,
Könlü şaddır, südü bol, nədən olsun narazı,
Artıq onun haqqında söyləməyə sözüm çox.
Qasım Amanjolovun 30-cu illər yaradıcılığında bu tipli şeirlər üstünlük təşkil etsə də, o, tədricən ciddi mövzulara müraciət edir. Həmin dövrdə yazdığı «Fatiməyə məktub», «Alma bağında», «Oxu, oxu, bülbülüm», «Sevdim dedin», «Söylə, canım» şeirləri oxucuların rəğbətini qazanır. Artıq şüarçılığı və xırda mövzuları dərin lirizm, zərif hisslər, kövrək duyğular əvəz edir. Şairin «Böyük risk», «Kökşetau», «Fırtına» kimi şeirləri isə onun nə qədər yetkinləşdiyini, püxtələşdiyini göstərir.
1941-ci ildə səfərbərliyə alınan Qasım Amanjolov ön cəbhədə olmasa da, müharibə barədə bir sıra maraqlı şeirlər yazır. Bunların arasında öz dostu, döyüşçü-şair Abdulla Cumaqaliyevin hərbi rəşadətindən, qəhrəmanlığından bəhs edən «Akının ölümü haqqında əfsanə» poeması o dövrün qəzetlərində hissə-hissə dərc olunur, gənclərdə vətənə məhəbbət hissləri aşılayır. Bu əsər haqqında tənqidçilər, Nikolay Tixonov və başqaları xoş sözlər söyləyirlər.
1948-ci ildə şairin «Fırtına» adlı ikinci kitabı çapdan çıxır. Burada toplanmış yeni şeirlər, xüsusilə cəbhə şeirləri Qasım Amanjolovu oxuculara tamamilə başqa bir səpkidə təqdim edir. «Qələbə nəğməsi», «Döyüşçü nəğməsi», «Yoldaş marşal», «Əynimdə boz şinelim», «Yeni il», «1945-ci il», «Sən faşistsən, mən qazax», «Qoltuqağaclı igid», «Ata məkan», «Həyəcanlı musiqi», «Əlvida», «Bəysəkişin beş oğlu» və onlarca başqa şeirləri, «Bizim dastan» poeması ədəbi aləmdə sensasiyaya çevrilir. Şairin «Yaylıq» adlı həzin romansı isə bütün qazax ədəbiyyatında əsil təzahür kimi qiymətləndirilir. Sevdalı bir qız vətənin müdafiəsinə gedən sevgilisinə yadigar olaraq öz əlilə tikdiyi bir yaylıq verir, bu yaylığın onu qoruyacağına inanır. Çox kövrək və həzin duyğularla yazılmış həmin şeir o dövrdə dillər əzbəri olur:
Müqəddəs bir andımdır,
Peymanımdır bu yaylıq.
Bürü ona qəlbini,
Uzun çəksə ayrılıq.
1949-52-ci illərdə Qasım Amanjolovun «Balbəbək», «Nurlu dünya» adlı şeir kitabları və «Seçilmiş əsərləri» işıq üzü görür. Hər yeni kitabı, hər yeni əsəri şairin yeni sənət uğuru sayılır. Çünki onun bənzərsiz lirikası öz rişələrini qazax folklorundan, Abaydan və Cambuldan, xalq akınlarından alır. Onun şeirləri sanki məxsusi olaraq dombra üçün yazlan nəğmələrdir. Onlarda gözəl ritm, təqti, alliterasiya, assonans vardır. Onlar xalq şeirinə çox bənzəyir. Məsələn, «Oxu, oxu, bülbülüm» şeirindən bir bəndə nəzər salaq:
Oxu, oxu, bülbülüm,
Səsin yurdda çağlasın,
Yad eldəki qəriblər
Yaylıq alıb ağlasın.
Q.Amanjolovun ana vətənin gözəlliklərini tərənnüm edən şeirləri də çoxdur. Bunlardan öz doğulub böyüdüyü Karaqandaya, Almatıya, Uralska, İrtışa, Balxaşa, Alatauya, yurdun baharına, payızına, dağına, düzünə həsr etdiyi şeirlərdə bir övlad sevgisi, vəfa duyğusu sezilir.
Qasım Amanjolov həm də epik əsərlər müəllifidir. Onun beş poeması, epik xarakterli uzun şeirləri var. «Bizim dastan» poeması siyasidir, bir növ Qazaxıstan kommunist partiyasının poetik tarixidir. «Bikeş» poeması artist olmaq istəyən gənc bir qızın teatr sahəsindəki fəaliyyətinə, onun qarşılaşdığı problemlərə, «Akının ölümü haqqında əfsanə» döyüşçü-şair Abdulla Cumaqaliyevin rəşadətinə həsr edilmişdir. «Cambul toyunda» adlanan poemada şair qazax ədəbiyyatının klassiki ölməz akın Cambul Cabayevin surətini yaratmışdır. Qasım Amanjolovun «Boran» adlı poeması isə ölkənin sənayeləşməsi haqqındadır. Burada gənc qazax mühəndisi Nurlanın həyatı öz əksini tapmışdır. Bunlardan başqa, «Baykal», «Ural»,, «Yaik», «Şair və şaxtaçı», «Sır-Dərya haqqında əfsanə» və bir çox şeirlərində şair epik lövhələr işləmişdir.
Qasım Amanjolov qazax ədəbiyyatında ən gözəl tərcüməçilərdən biridir. O, A.Puşkinin «Poltava», M.Lermontovun «Maskarad», A.Tvardovskinin «Vasili Tyorkin» əsərini, T.Şevçenkonun, A.Seretelinin bəzi şeirlərini qazax dilinə məharətlə çevirmişdir. Şair Mayakovskidən tərcümə etdiyi şeirləri 1941-ci ildə «Var səsimlə» adı altında ayrıca bir kitabça şəklində çap etdirmişdir. Qasım başqa xalqların ədiblərinə daim hörmətlə yanaşmış, müxtəlif vəsilələrlə Nizamiyə, Şota Rustaveliyə, Çernışevskiyə, Maksim Qorkiyə, Cambula, Süleyman Stalskiyə şeirlər həsr etmişdir.
Qasım Azərbaycanı sevmiş, onun görkəmli şairləri ilə tanış və dost olmuşdur. 1947-ci ildə Bakıya Nizami Gəncəvinin 800 illik yubileyinə gələn şair burada öz sənət dostları ilə görüşmüş, Nizami və Azərbaycan gözəli Sona haqqında şeirlər qələmə almışdır.
Görkəmli sənətkarın yaradıcılığına xas olan bəzi cizgiləri də vurğulamaq lazımdır. O öz şeirlərində ara-sıra Şərq poetik sisteminin «gül», «bülbül», «aşiq», «məşuq», «pərizad» ifadələrini işlətmiş, eyni zamanda «polad», «maqnit», «elektrik», «texnika», «atom» kimi yeni sözləri də qazax şeirinə gətirmişdir. Qasımın başqa bir özəlliyi isə qazax ədəbiyyatında ilk dəfə olaraq on hecalı şeir formasını işlətməsidir. Bir misrası yeddi, digər misrası səkkiz heca olan şeir növü də onun icadıdır.
2011-ci ildə qazax xalqı Qasım Amanjolovun anadan olmasının 100 illiyini təntənə ilə qeyd etdi. Bu münasibətlə TürkSOY xəttilə bir sıra beynəlxalq yubiley tədbirləri keçirildi, şairin həyatı və yaradıcılığı ilə bağlı elmi simpozium və konfranslar təşkil olundu.
Qasım Amanjolov az yaşadı, lakin qazax ədəbiyyatı tarixində silinməz izlər qoydu. Şeirlərinin birində o özü haqqında belə yazmışdır:
Bu dünyaya gələr hələ çox Qasım,
Hər birisi ayrı şair, başqası.
Odda bişdim, fırtınadan sovuşdum,
Kama yettim, istəyimə qovuşdum.
Onun haqqında deyilmiş ən gözəl, ən doğru fikir elə budur.
Dostları ilə paylaş: |