Ramiz ƏSKƏr türk xalqlari əDƏBİyyati oçerkləRİ-1 Bakı – 2011



Yüklə 1.75 Mb.
səhifə5/12
tarix01.12.2016
ölçüsü1.75 Mb.
1   2   3   4   5   6   7   8   9   ...   12

* * *

Gözün bütün sağları məst edəsidir,

Qəmzən bütün məstləri pəst edəsidir,

Çox zahidü parsanı1 Babur yanlığ2

Ləlin həvəsi badəpərəst edəsidir.
* * *

Hər kim ki vəfa qılsa, vəfa tapasıdır,

Hər kim ki cəfa qılsa, cəfa tapasıdır,

Yaxşı kişi etməz bir yamanlıq hərgiz,

Hər kim ki yaman olsa, cəza tapasıdır.
* * *

Hicran qafasında can quşu dəm qıladır3,

Qürbət bu əziz ömrü kəm qıladır,

Nə növ yazım fəraqü qürbət şərhin

Kim, göz yaşı namənin üzün nəm qıladır.
* * *

Cismimdə isitmə gündə möhkəm oladır,

Gözdən uçadır uyğu, çü axşam oladır,

Hər ikisi qəmim bilə səbrim tək

Hey dəyişər; bu artadır, ol kəm oladır.
* * *

Ya rəb, məndə nə yaxşı tale vardır,

Kim bəxti-mütiyü yari-tabe vardır,

Məzur tut gər vəslinə çox gec yetsəm,

Nə çarə qılaq, bir azca mane vardır.
* * *

Xatiri-bahar fəslində gəşt aladır,

Göz nurunun rəngi-laləyi-dəşt aladır,

Xoş ol ki, talalarda yürüb, seyr etsə,

Bu fəsldə kim, lətifü dilkəş taladır.
* * *

Hicr ara aramü qərarım yoxdur,

Vəslinə yetməyə ixtiyarım yoxdur,

Kimə açayım raz ki, yox məhrəmi-raz,

Qəm kimə deyim ki, qəmgüsarım yoxdur.
* * *

Düz, ah, Zəhirəddin Məhəmməd Babur,

Yüz ah, Zəhirəddin Məhəmməd Babur,

Sər rişteyi-eyşdən könülü zinhar,

Üz, ah, Zəhirəddin Məhəmməd Babur.
* * *

Qayğını çəkə-çəkə qəribdir Babur,

Rəhm eylə ki, özündən varıbdır Babur,

Narınc göndərdi sana kim, biləsən,

Yəni ki, bu rəng saralıbdır Babur.

tüyuğlar 


Vəsldən söz deyən yox yara, mana1,

Hicr ara rəhm eyləgil, yara, mana,2

Oxun etdi çox yaman yara mana3,

Mərhəmi lütfün bilə yara mana1.


* * *

Mehr kim, göyə qılır ahəngi-təng,

Alnında olsa iməs birəngi-təng,

Xalı vü ikki ləbi dik olmaya,

Hindü ər gətirsə şəkkər təng-təng.

* * *

Məni bihal eyləyən yar ay dürur,

Kim onun vəsli mana yaray dürur.

Gər vüsalı olmasa gedər yerim

Ya Xorasan, ya Xıtay, ya Rey dürur.
* * *

Ol ki, hər gözü qəzali-Çin2 dürur,

Qaşında pəyvəstə onun çin3 dürur,

Çünki çox yalan dedi ol mana,

Gər, desəm «yalançı» onu, çin4 dürur.
* * *

Ta könül verdim oşol kaysarıya1,

Varalım bilmədim kay sarıya2,

Dostlar, yara məni saqındırın,

Salsanız nagah ayaq Kaysarıya3.
* * *

Nə bəla böyük dürur dövlət tağı4,

Kuhi-qəmi nə bilər dövlət tağı5,

Hümməti tut, dəxi dövlət istəgil,

Hümmətin olsa, olar dövlət tağı6.
* * *

Gəl qılaq canı nisarın, a yarım,

Nəqdi canı varmı səndən ayarım7,

Busə versən gər tamam ağzın bilə,

Gənci-ağzından alayım a, yarım8.
* * *

Sən kimi bir dilrübanı bilmənəm9,

Aşiqi-sadiq ki, derlər, bil, mənəm10.

Qıl təsəvvür göz yaşımı bir dəniz,

Özgə aşiq əşki kimi bilmə nəm11.

NURMƏHƏMMƏD ƏNDƏLİB

(1661-1740)
Nurməhəmməd Əndəlib zəngin türkmən ədəbiyyatının ən bö­yük nümayəndələrindən biri, özündən sonra gələn bü­tün türk­­­mən şairlərinin müəllimi və ustadıdır. Aza­­di, Şah­bəndə, Məx­­­dim­qu­lu, Şey­dayi, Məğrubi, Qayıbi, Talıbi, Qur­d­­oğlu, Kə­mi­nə, Seyidnəzər Se­y­di, Zəlili, Seydulla Seydi, Zin­hari, Molla Nəfəs, Aşiqi, Katibi, Möh­­ta­ci, Miskinqılınc, Bal­qızıl ki­mi ta­nın­­mış söz us­taları onun ardıcılları və şa­gird­­ləri­dir.

Əndəlibin türkmən ədəbiyyatı qarşısında xidmətləri ölçü­yə­gəlməz dərəcədə böyükdür. Hər şeydən əvvəl o, türkmən ədə­biy­yatının və ədəbi yazı dilinin banisidir. Ondan əvvəl yaşayıb-ya­ra­dan türkmən şairlərindən Bayram xan və Vəfai öz əsər­lə­ri­ni həmin dövrdə bü­tün Orta Asiyada geniş yayılan və əsasən mədrəsə təhsili gör­müş adam­ların işlətdiyi ədə­bi çağatay türk­cə­si ilə qələmə al­mışlar. Əndəlib isə əsərlərini uşaqlıq­dan bəri sevə-se­və dinlədiyi milli-məhəlli dastanların təsiri al­tında şirin türk­mən dilində yaz­maqla bir ilki ger­çəkləş­dir­miş­dir. Şairin ikin­ci böyük xidməti türk­mən ədəbiy­yatını möv­zu və janr baxı­mın­dan zənginləşdirməsidir. Əs­lin­də, Ən­­­dəlib realist türkmən şei­ri­nin ilk rüşeymlərini qoy­muş, Məxdumqulu isə onu zirvəyə qal­dırmışdır. Milli ədə­biy­yatda ilk poemanın, ilk dastanın mü­əllifi də Əndəlibdir. Nəhayət, o, türkmən ədəbiyyatında ilk tər­cümə­çilərdən biridir.

Nurməhəmməd Əndəlibin həyatı haqqında əldə dəqiq mə­lu­matlar yoxdur, hətta doğum tarixi də mü­bahisəlidir. Bütün təd­qiqatçılar onun Daş­oğuzun İlanlı bölgəsinin Qaramazı kən­­dində anadan olduğunu qəbul edirlər. Şair sonra amansız bir xəstəliyə tu­tulduğu için təbdili-iqlim məqsədilə özbəklər ara­sına köçmüs, Ür­gəncdə, əsasən də Xivədə yaşamışdır. O, «Risale­yi-Nəsimi» po­­e­ma­sı­nın gi­riş qismində həyatı, doğulduğu və ya­şadığı yer, ha­­­­belə tə­xəl­lüsü haqqında kiçik bilgilər vermiş­dir. Orada bu beyt­ləri oxu­yuruq:
Adım idi Nurməhəmməd Qərib,

Sözdə təxəllüsüm idi Əndəlib.
Şəhrimiz Urgənc – vilayət idi,

Xanımız Şirqazi himayət idi.
Əsli-məkanım ki Qaramazıdır,

Adəmi işrətdə qışı-yazıdır.
Bil ki, Qaramazı bizim cayımız,

Zikri-xuda eşq ilə dilxahımız...
Barça xəlayiq içində bəd işim,

Yetdi əlli beşə mənin bu yaşım.
Burada bütün məsələ «Xanımız Şirqazi himayət idi» mis­ra­sındadır. Üç əlyazmada Şahqazi xanın (hakimiyyət illəri: 1766-67), birində isə Şirqazi xanın (1715-28) adı keçir. Əgər Şahqazi xanın adı əsas alınsa, o zaman 1766-dan 55 çıxılmalı­dır. Buna gö­rə Ən­dəlib 1710/11-ci ildə doğulmuş olmalıdır. Şairin təvəl­lüdü Şirqazi xanın taxta çıxdığı il üzrə hesablansa, 1715-55= 1660-cı il alınır. Bəs mübahisə necə həll edil­miş­dir? Şairin «Yu­sif və Züleyxa» das­tanının sonunda farsca belə bir qeyd var: «Ta­mam in kitab ruzi-şənbə sənə 1122». Hicri 1122-ci il miladi tarixlə 1710/11-ci ilə uy­ğun gəlir. Bu rəqəm­dən 55 çıx­dıqda, 1661-ci il alınır. Deməli, şair həmin ildə anadan ol­muş, Şirqazi xanın dövründə yaşamış və on­dan hi­mayə gör­müşdür. Bu həmin Şirqazi xandır ki, 1719-20-ci il­lərdə Xi­vədə öz adını daşıyan məş­hur Şirqazi mədrəsəsini aç­mış, Orta Asiyalı şairlərin əksə­riyyəti burada təhsil almışdır. Əndəlib 1740-cı ildə 80 yaşında vəfat etmişdir, Şah­qazi isə bun­dan 26 il son­ra taxta çıxmışdır.

Şair öz əsərlərini Əndəlib təxəllüsü ilə yazmışdır. Rəvayə­tə görə o, gəncliyində Gül adlı bir qızı sevmiş, ona nisbət ol­sun de­yə özünə Əndəlib, yəni «Bülbül» təxəllüsünü seçmiş­dir. Adının tər­kibindəki Qərib sözü isə doğma vətəndən, el-oba­dan uzaqda yaşa­masına işarədir. Şeirlərində özünü Əndəlibi-binəva, Əndə­li­bi-zar, Əndəlibi-bəlakeş adlandırması həyatı­nın məşəqqət için­də keçdiyini göstərir. Bu beyt də onun dərd külbəsi içində fəğan etdiyinə şahid­dir:


Gahi xərabatda işim, gah fəğan,

Külbeyi-əhzan idi gahi məkan.
Şairin təhsili, şəxsi həyatı haqqında yazılı mənbələrdə elə bir ciddi məlumat yoxdur. Ancaq əsərlərindən anlaşıldığına gö­rə, o çox mükəmməl təhsil almış, Şərq poeziyasını, onun bədii ifadə va­sitələrini dərindən mənimsəmiş, ərəb, fars, tacik dillə­ri­ni də yaxşı öyrənmişdir. Şairin «Şahnamə»ni tərcümə etməsi barədə bəzi mə­xəzlərdə bilgi verilir. Təəssüf ki, bu tərcümə in­diyədək tapıl­ma­mışdır. Əndəlibin bir sıra şairlərin əsərlərinə nə­­zi­rə yazması onu gös­­tərir ki, o, klassik Şərq şeirini ciddi mü­taliə etmiş, söz sə­nəti­nin bütün incəliklərinə yiyələnmişdir.

Əndəlibin zəngin poetik irsinin çox az qismi bizə gəlib çat­mışdır. Hazırda əlimizdə onun səkkiz qəzəli, bir neçə mü­rəbbəsi, müxəmməsi və müsəddəsi, bəzi başqa şeirləri var. Bunlar sayca az ol­sa­­lar da, janr və məzmunca çox əlvan, bədii cə­hətdən isə çox mü­kəmməl əsərlərdir. Əndəlib sənətinə dərin ehtiram bəslə­diyi Nəvainin on yeddi, Fü­zulinin iki, Vəfai, Həbib, Übeydi və Ca­mi­­nin birər qəzəlinə təx­mis, Nəvainin bir qəzəlinə təs­min, Məş­­rəbin bir qəzəlinə və bir mü­­rəbbəsinə təzmin yaz­mışdır. Onun qə­lə­mə aldığı təzmin, təx­mis və təs­minlər ən yüksək poetik sə­viyyədədir, orijinalla­rın­dan əs­la geri qal­mır. Bu, Əndəlibin par­laq istedadın­dan xəbər ve­rir. Tək bir misal göstərək. Dahi Füzulinin məşhur «Şəbi-hicran» qə­zəlinə yazdığı təxmisin bir bəndinə nəzər yetirək:


Çıxıbdır namüsəlmanım,

Qılıbdır qəsdi-imanım,

Fələkdə ahü suzanım,

Gözümdə əşki-qəltanım,

İçimdə dərdi-pünhanım,

Təbiba, yoxmu dərmanım,

«Şəbi-hicran yanar canım,

Tökər qan çeşmi-giryanım,

Oyadar xəlqi əfğanım,

Qara bəxtim oyanmazmı?»
Onun sə­nətinə hörmət əlaməti olaraq özbək şairləri Muxlis və Munis də hərəsi Əndəlibin bir qəzəlinə təxmis yazmışlar. Belə­liklə, Əndəlib Orta Asiyada nəzirəçiliyin, dolayısı ilə, ədəbi əlaqə­lərin inkişafında mühüm rol oynamışdır. O, məşhur fars şairi Ca­minin on bir qəzəlini türk­mən dilinə eyni ilhamla tərcümə etmiş və türkmən ədəbiy­ya­tında tərcümə sənətinin təməlini qoymuşdur.

Böyük sənətkar yazdığı poemalarla özündən sonrakı şa­ir­lərə də nümunə olmuşdur. Onun «Risa­le­yi-Nə­si­mi», «Oğuz­na­mə», «Sə­əd Vəqqas» və «Qisseyi-firon» adlı dörd po­e­­ması var.

«Oğuznamə» bizim üçün son dərəcə vacib əsərdir. Çünki Azər­baycan xalqı türklərin oğuz qoluna mənsubdur və Oğuz xan bizim ulu babamızdır. Oğuzların dini-fəlsəfi baxışlarını, tarixi-mi­foloji görüşlərini, ic­ti­mai-siyasi sistemini, həyat tərzini, bədii tə­fəkkürünü əks etdirən əsərlər oğuznamə­ adlanır. Türk ədə­biy­ya­tın­da oğuznaməçilik ənə­nə­si çox güclüdür, indiyədək iyir­mi­dən çox oğuznamə qələmə alınmışdır. Bunlardan ilki Də­va­dari­nin bizə gə­lib çatmayan «Dürər üt-tican» adlı tarixi xro­ni­kası­dır. «Ki­tabi-Də­də Qorqud»un «Kitabi-Də­dəm Qor­­­qud əla lisani-tai­feyi-oğu­zan» adlanan Drezden nüs­xə­si, «He­­­ka­yəti-oğuznameyi-Qazan bəy və qeyri» adlanan Va­­ti­kan nüs­xə­si birər oğuzna­mə­dir. Bunlardan baş­qa, elm alə­mi­nə uy­ğur hərfləri ilə yazılmış «Oğuz xaqan» das­ta­nı (XIII əsr), Uzunköprü «Oğuz­namə»si (XIII-XIV əsr), Fəz­lullah Rə­şi­dəd­di­nin «Oğuznamə»si (1303), Yazı­çıoğ­lu Əli­nin «Oğuz­na­mə»­si (1436), Salur Baba Qul Əli oğlu Xiridarinin «Oğuz­­na­mə»­si (XVI əsr), Da­na Ata Ehsan Şey­xin «Oğuzna­mə»si (XVI əsr), Əbül­qazi Ba­hadır xanın «Şə­cə­reyi-tür­ki»­­si və «Şəcə­re­yi-təraki­mə»­si (1660), Cü­vey­ninin «Ta­rixi-ca­han­güşa»­sı, «Məc­mə­il-əm­sali-Məhəm­məd­əli» (XVII əsr), «Əmsali-tərakimə» ki­mi atalar söz­lərini əhatə edən əlyazmalar, Ən­dəlibin «Oğuz­na­mə»­­si və baş­qa əsərlər mə­lumdur. Bun­lar Azərbaycanda geniş şə­kil­də təd­­qiq edil­­mişdir. Bu sahədə Həmid Araslının, Fərhad Zey­nalovun, Samət Əlizadənin, Tofiq Hacı­ye­vin, Füzuli Bayatın, İsmixan Os­man­lının əməyi xüsusi olaraq vurğulanmalıdır. Faruq Sümərin «Oğuzlar» (Bakı, 1992) və Ba­həd­din Ögəlin «Türk mifo­logi­yası» (Bakı, 2004, hər ikisini mən çevirmişəm) kitabında bu oğuzna­mələr haq­qın­da geniş bilgi ve­rilmişdir.

Əndəlibin «Oğuznamə»si digər oğuznamələrlə məzmun eti­barilə ümumən səsləşə, əksər məqamlarda üst-üstə düşsə də, bir sıra fərqlər də müşahidə edilir, yəni bu­rada şairin orijinal dəst-xətti, bə­dii üs­lubu və təh­­kiyəsi özünü gös­tərir. Əndəlibdə Oğuz xanın türk ca­han haki­miyyəti uğrunda mübarizəsi daha yığcam, daha fərqli epizodlarla təsvir edilir. Hətta ey­ni de­tal­larda belə bəzi fərq­lər görmək mümkündür. Oğuz xanın ölümünə şairin mərsiyəsi onun ən orijinal tərəfidir.

Əndəlibin «Risa­le­yi-Nəsimi» poeması da bizə tarixi və ədə­bi cəhətdən tanış olan Nəsimi obrazından xeyli fərqli bir Nə­simi təqdim edir. Bizim bil­di­yimiz Nəsimi hekayəsində nə şeyx Mənsur, nə də Ənəl ad­lı qız, nə də Zünnun Misri adlı şəxs yox­dur. Üstəlik, real Nə­simi hə­yat­da qeybdən dürlü xəbərlər söylə­yən, gələcəyi gö­rən bir vəli, Bağdad hakimi Əmirin qardaşı de­yildir. Əndə­lib öz poema­sı­nın süjet xəttini bu adamlar üzə­rində qursa da, Nəsiminin əqi­dəsini, üsyankar ruhunu ümumən doğru təsvir etmişdir. Şair po­emanın kompozisiyasına müxtəlif surət­lərin dilindən qəzəl­lər əlavə etməklə həm əlvanlıq yarat­mış, həm də süjetə dina­mika və can­lılıq vermişdir. Əruz vəzni ilə məs­nəvi şəklində yazılan əsərin dili xeyli ağır və do­laylıdır. Bə­­­zən şairin nə de­mək istədiyi bir ne­çə beyt son­ra anlaşılır. Ha­mının başa düş­məsi üçün əsəri heca vəzni ilə çe­virdik.

«Səəd Vəqqas» və «Qisseyi-firon» adlı po­e­­malar dini sə­ciy­­yə­­li əsərlərdir. Səəd Vəqqas məşhur islam sərkərdəsi və döv­lət xa­dimi, öz səxavəti və xeyirxahlığı ilə əfsanəvi şöhrət qa­zanmış tarixi şəxsiyyətdır. Poemada onun mərdliyi və co­mərdliyi, bu yolda hətta oğlunu qurban verməsi təsvir olunur.

«Qisseyi-firon» isə yəhudi peyğəmbəri Musanın doğul­ması və zülmkar Misir fironunu devirməsi haqqındadır.

Əndəlib türkmən ədəbiyyatında ilk dəfə olaraq dastanları, rə­va­yətləri, xalq hekayələrini nəzmə çəkmiş, onları ədəbi cə­hət­dən cilalamış, süjet xəttinə əl gəzdirmiş, şeirlərini yeni­dən iş­ləmişdir. Bu proses bizim ədəbiyyatda bir az fərqli şə­kildə cə­rəyan etmişdir. Bizdəki dastanlar (məsələn, «Kor­oğlu», «Qa­çaq Nəbi» və s.) na­mə­lum aşıqlar tərəfindən qo­şul­muşdur. Bununla yanaşı, bəzi aşıq­lar öz dastanlarını ya­ratmışlar (məsə­lən, «Va­leh və Zərnigar», «Ələs­gər və Səh­nə­banu»). Türkmən­lərdə isə xalq dastanları şairlər tərəfindən işlənmiş, aşıqlar öz fərdi das­tanlarını qoşmağa xüsusi meyl göstərməmişlər.

Əndəlib «Leyli və Məcnun», «Yusif və Züleyxa», «Baba Röv­şən» və «Zeynal Ərəb» dastanlarını işləmişdir. Başqa bir mə­lumata görə, „Mirzə Həmdəm» dastanı da ona məxsusdur. Şairin yo­lu ilə gedən ulu Məxdumqulu artıq on bir dastandan iba­rət an­to­lo­giya (bu silsilə «İbra­him­ və Sara» ilə başlayır, «Aşıq Qə­­rib və Şahsənəm»lə başa çatır) hazır­lamışdır. Bu ənə­nə da­ha sonra di­gər şairlər tərəfindən uğurla davam et­di­rilmiş, Molla Nəfəs isə «Zöh­rə və Ta­hir» das­­tanını işləmişdir.

Əndəlibin bu dastanlarından ikisi, daha doğrusu, «Ley­li və Məcnun»la «Yusif və Züleyxa» eynən Azərbaycan versiya­sı ilə səsləşir və bizə məlum olan məzmundadır. Şa­irin dini-mən­qibə­vi səciyyə daşıyan «Baba Rövşən» və «Zey­nal Ərəb» das­tanları isə bizdə çox da bilinmir və aşıq­la­rımızın dastan re­per­tuarında yoxdur. Doğrudur, uşaqlıqda Ağbaba aşıq məktəbi nü­mayəndələri tərəfin­dən «Baba Röv­şən» dastanının ifasını din­­­ləyib-dinləmədiyimi tam xatırlaya bilməsəm də, bu əsərdə həz­rət Əliyə verilən poetik Qə­şəm­şəm adı nə üçünsə yaddaşı­ma möhkəm həkk olunub.

Şairin dastanlarının hamısı süjet və sə­nətkarlıq baxı­mın­­­­dan çox mükəmməl, şeirləri isə çox gözəldir. «Zeynal Ərəb» dasta­nı isə bəzi cizgiləri ilə bizim Ərəb­zəngini andırır.

Əndəlib ana dilində əsərlər yazmağı milli bir vəzifə saymış, bu barədə «Yusif və Züleyxa» dastanının girişində maraqlı bir mə­lumat ver­­mişdir. Həmin məlumatdan anlaşıldığına görə, şair bu dastanı kiminsə sifarişi ilə yazmışdır. Ehtimal ki, onun yanı­na gə­lən şahsuvar Şirqazi xanın özü, ya da elçisi imiş:



... Necə müddət idi farağat işim,

Yox idi heç kimsə ilə danişim...
Gəldi mənim qaşıma bir şahsuvar,

Nitqi nəzih, yaxşı sözə intizar...
Dedi onlar: Əndəlibi-binəva,

Könlümüzə düşdü əcəb macəra...
Yusif siddiqi və Züleyxanı sən,

Türki xəlayiqə qılgil əncümən...
Əndəlibin məqsədidir ki bustan,

Könlünə xoş gəldi bu əcəb dastan ...
Eylədi türki dil ilən ibtida,

Gahi nəsr, gahi qəzəl, xoş nəva ...

Əsərlərini türkcə yazmaq düşüncəsi Əndəlibdə bir həvəs de­yil, tutqudur. Məsələn, «Risa­leyi-Nəsimi»də də yuxarıdakı beyt­lə­ri azca dəyişdirərək be­lə yazmışdır:


Gəldi mənim qaşıma bir şahsuvar,

Yaxşı fəza, lütfi-sözə intizar.
Başqaları ərdi mənə həmnişin,

Üzəri gül, sözü şəkər-əngəbin.
Dedi onlar: – ey Əndəlib, binəva,

Könlümizə düşdü əcəb macəra.
Var ki «Qisas» içrə əcəb dastan,

Nə oladır qılsan onu bustan...
Bunca sözü qılsan, hekayət olar,

Seyid Nəsimidən rəvayət olar...
Eylədi türki dil ilən ibtida,

Gahi nəsr, gahi qəzəl, xoş nəva.
Bir neçəsin nəzmi-müxəmməs qılıb,

Aşiqi-məşuqlara əlbəs qılıb...
Məqaməti-Nəsimi, şeyx Mənsur,

Qılıram nəzmi-türki, gəl, oxu, gör.

2011-ci il Əndəlibin 350 illik yubileyi ilidir. Bu il ölkənin müxtəlif şə­hər­lərində bir sıra yu­bi­­ley tədbirləri, təntənəli məra­sim­lər keçirildi. 10-12 mart ta­rixlərində isə şairin vətəni Daş­oğuzda Türkmənistan Elmlər Aka­­demiyasının və Daşoğuz vila­yət icra hakimiyyəti­nin birgə əməkdaşlığı ilə Əndə­li­bə həsr edi­lən beynəl­xalq elmi konfrans təş­kil edildi. Bu bayram əslində bütün Türk Dün­yasının bay­ra­mıdır.



OLDU ƏNDƏLİB
Daş ara eylər vətən, daşbağa oldu Əndəlib,

Torpağa bağrın basıb qurbağa oldu Əndəlib.


Olmasa qurbağa, daşbağa ol nəsbi-yaman,

Nə üçün bir öydə daim yekkə oldu Əndəlib.


Biqənaətlik tutub əzasından balü pərin,

Bu üqubət birlə tikkə-tikkə oldu Əndəlib.


Dost olanlar eşitsələr soyuqdan ölməyini,

Gülüşüb söylərlər, ölsə xəkdə oldu Əndəlib.


Olsa qış, urmuş qovağa, yaz olsa yazılar,

Gəh bayquş oldu, gəhi çəkkə oldu Əndəlib.

.

XƏNDAN-XƏNDAN
Gəldi ol sərvi-səxi naz ilə xəndan-xəndan,

Aldı könlümü nəvaziş bilə çəndan-çəndan.


Şükrülillah ki, gözüm düşdü günəş tək üzünə,

Müntəzir olmuş idim yolunda çəndan-çəndan.


Cismimə salmaq üçün işvə bilə tab üzə tab,

Sünbülün gül üzünə eylədi piçan-piçan.


Qaldılar seyr qılarda üzü-ləli-ləbinə

Gül baxıb, qönçə açıb ağzını heyran-heyran.


Əndəliba, qıla ver vəsl gününün şükrün,

Qalmazsan sən yenə hicarnında nalan-nalan.



NƏ BƏLA XUB
Ey rəşki-pəri, mehri-camalın nə bəla xub,

Vey nilufəri tək qoşa xalın nə bəla xub.


Fikrində olub, gözlərimə cilvə nümayən

Hər saətü hər ləhzə xəyalın nə bəla xub.


Ləlin qəmindən dışladı Xızır abi-həyatın,

Kövsər suyu tək safi-zülalın nə bəla xub.


Ey huri, üzünün biri ay, birisi gün tək,

Bu ayü günəş üzrə hilalın nə bəla xub.


Başdan ayağındır açılan gülşəni-xubu,

Sər ta beqədəm tazə nihalın nə bəla xub.


Öldürsə gözün, iki ləbin leyk verir can,

Canbəxşliyin xubi-qitalın nə bəla xub.


Baxsa üzünə, Əndəlibə heç əcəb olmaz,

Firqətzədə olana vüsalın nə bəla xub.




AÇDI
Bahar əyyamı gözdən qönçələr gülşəndə xab açdı,

Səba məşşatəsi sünbülün zülfün yaydı, tab açdı.


Görüb sərgəştə əhvalını bəzmi-bustan içrə,

Təbəssümlər ilən bülbülə güllər ləli-nab açdı.


Dodağın gül qönçəsi güllər dəmə-dəm bülbülün səslər,

Hərəmi-gülşən içrə səbz süfrədən kitab açdı.


Təqdimi-bülbülə zərrin piyalə birlə gülşəndə,

Diymənlər nəstəran ləbə-ləb güli-şərab açdı.


Xəlil kimi özünü atəşi-eşq içrə uran çün,

Bilin, həq rövzeyi-gülzarından bülbülə bab açdı.


Dəbistani-çəməndə tifl sayaq Əndəlibi-zar,

Ki bismilla oxuban eldə həmradan kitab açdı.



YETSƏ
xoş gündür, müsahiblər, kişi cananına yetsə,

Görüb dürlü məlamətlər, axır dildarına yetsə.


Çəkib rənci-məşəqqətlər, ki eşq yolunda afətlər,

Görüb yüz min əlamətlər, könül ərmanına yetsə.


Fələk ursa ona şəbxun, yıxılsa başına gərdun,

Görüb yüz dərdü qəm əfzun, yenə dərmanına yetsə.


Dilü canım xarab olsa, yolunda min əzab olsa,

Yanıb bağrım kabab olsa, nə ərman canına yetsə.


Mələk sima, qəddi ziba, gözü ahu, üzü həmra,

Olub çün Əndəlib şeyda, güli-xəndanına yetsə.



GÜNƏŞ
(Nəvainin qəzəlinə təxmis)
Ah, kim qəddim düta qıldı iki ol əymə qaş,

Eylədim çərxi-kühən təqini naləmdən xəraş,

Can könlüm qəmgin olmaqlıq dilər, eylər təlaş,

«Çıxdı yarım gecə yol əzmin qılıb, ol bağrı daş,

Bəs əcaibdir qaranğu gecə çıxmaqlıq günəş».
Bu günəşin navəki-müjgənindən tərkeş dolar,

Ol günəşin tabından aləm ara atəş dolar,

Bu günəşin ləblərindən badeyi-biğəş dolar,

«Ol günəşə el nəzər qılsa, gözünə yaş dolar,

Bu günəş gəlcək nəzərdən gözlərimə doldu yaş».
Gəh ağzı rəmzinin qalü-məqalın istəyər,

Gəh rəna qəddinin ziba nihalın istəyər,

Gəh bilü fikrinin nazik xəyalın istəyər,

«Firqətindən ağlayıb çıxdım visalın istəyəm,

Qəh saçar mən başa topraq, gəh qoyar mən yerə baş».
Əndəliba, olalı bir məh liqa avarəsi,

Əncüm deyildir fələk üstündə bağrım parəsi,

Qan-yaşım oldu könlün sabit ol səyyarəsi,

«Faş edər mehrin Nəvainin sarı rüxsarəsi,

Sübh tək kim saralıb, rüxsarı eylər mehr faş».


BƏRÇƏMƏN İDİ
(Nəvainin qəzəlinə təxmis)

Xali-siyahi müşki-Xətayi-Xotən idi,

Guya ləbi-canbəxşi nəbati-Dəkən idi,

Kirpikləri can qəsdinə navəkfəkən idi,

«Ötən gecə yanar idim, ol simtən idi,

Gülşən üzündə məskənim bərçəmən idi».


Hay-hay, nə pəri çöhrədir ol dilbəri-tənnaz,

Görkəzdi iki ləli-ləbi Məsiha kimi ecaz,

Yusifi-Misri olubdur ona dəmsaz,

«Eylədi gəh naz, gəhi ərbədə ağaz,

Köksüm can olan ona pirəhən idi».
Ol məhliqa oldu gəlib zinəti-məxfil,

Can nəqdini saçdım ayağında məni-bidil,

Məqsudi bu idi oluban yara vasil,

«Gülşən ara iki kişiyə sayğuçu mənzil,

Bülbül ilə gül tək əkinimə vətən idi».
Zövq ilə qılıb Əndəlib nəşeyi-məstan,

Çəkmiş onu ağuşuna bir qönçeyi-xəndan,

Guya ol ikiləri idi Bilqeys-Süleyman,

«Hicr indi Nəvaini gər öldürsə, nə ərman,

Bunca ki muradı ona bu məhcəvan idi».


YANMAZMI
(Füzulinin qəzəlinə təxmis)

Fəğan, kim ol ləbi-meygun içib qanımı qanmazmı?

Həzin canıma hər dəm zülmi-bidadın dayanmazmı?

Yanıb şövq oduna başdan-ayaq cismim tükənməzmi?

«Məni candan usandırdı, cəfadan yar usanmazmı?

Fələklər yandı ahimdən, muradım şəmi yanmazmı?»


Olub ol büt niqabəfkən, çəkərəm mən dərdü şivən,

Fələk səqfin qılıb rövzən, qəzam ənduh, yerim külxən,

İşim nalə, dilim elkən, sözüm olarmı müstəhsən,

«Qəmim pünhan tutardım mən, dedilər yarə qıl rövşən,

Desəm ol bivəfa, bilmən, inanarmı, inanmazmı?»
Çıxıbdır ol məhi-taban, camalından cahan rəxşan,

Güvən, ey göz, könül, ey can, içində qalmasın ərman,

Əyləndirmə olub heyran, qalıbdır vədeyi-peyman,

«Qamu bimarinə canan dəvayi-dərd edər ehsan,

Neçün qılmaz mənə dərman, məni bimar sanmazmı?»
Gözün pür fitneyi-cadu, gəzəli-müşki-ənbərbu,

Atarsan ox-kəman əbru, qılaram canımı kabu,

Durur könlüm ona ötru, varır əşkim olub cu-cu,

«Güli-rüxsarına qarşu gözümdən qanlı axar su,

Həbibim, fəsli-güldür bu, axar sular bulanmazmı?»

Fərağında məni-bidil, işim müşkil üzə müşkil,

Tutubsan qeyr ilə məxfil, yatıb mən xəstə ayü il,

Səri-köyün qılıb mənzil, muradım olmadı hasil,

«Deyildim mən sənə mail, sən etdim əqlimi zail,

Mənə tən eyləyən qafil, səni görcək utanmazmı?»


Çıxıbdır namüsəlmanım, qılıbdır qəsdi-imanım,

Fələkdə ahü suzanım, gözümdə əşki-qəltanım,

İçimdə dərdi-pünhanım, təbiba, yoxmu dərmanım,

«Şəbi-hicran yanar canım, tökər qan çeşmi-giryanım,

Oyadar xəlqi əfğanım, qara bəxtim oyanmazmı?»
Cahanda dolu qovğadır, fəğani-Əndəlibadır,

Bu necə füruşəfzadır, dilim vəsfində guyadır,

Ana köyündə məvadır, əlində cami-səhbadır,

«Füzuli rindi-şeydadır, həmişə xəlqə rüsvadır,

Sorun kim, bu nə sövdadır, bu sövdadan usanmazmı?»

1   2   3   4   5   6   7   8   9   ...   12


Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2016
rəhbərliyinə müraciət

    Ana səhifə