Rasim Gənzəli Qızıl türklərdən biri



Yüklə 472,95 Kb.
səhifə6/8
tarix05.03.2017
ölçüsü472,95 Kb.
#10115
1   2   3   4   5   6   7   8

Məmməd Arazla söhbəti tuturdu Elçin müəllimin. Çox zaman bu söhbətlərin qayəsini Araz çayı, çayın o tərəfində qalan zavallı soydaşlarımız təşkil edirdi. Bu zavallı sözünü işlədəndə hərdən şair onun sözünü kəsirdi:

-Bəs biz zavallı deyilik? Onlar farsın nökəridi, biz də rusun.

Belə olanda Elçin müəllim başını aşağı dikirdi. Deyilən düz sözün qarşısında bundan düzgün və məntiqli yol tapa bilmirdi. Amma orası çox qəribəydi ki, bu sözləri eşidəndə Elçin müəllim nədənsə özünü də günahkar bilirdi. Bəlkə Məmməd Arazın deyimində bu günahkarlığın simptomu sezilirdi? Bəlkə Məmməd Araz zəif, xəstəhal olduğunu dilinə gətirməsə də, bununla onu demək istəyirdi ki, sizlər nə isə edə bilərsiniz, daha bizim karvanımız keçib?! Hər nə idisə, daxilən, qəlbinin lap dərinliyində şairin dilinə gətirmədiyi sözlərə haqq qazandırırdı özlüyündə.

Mən Arazda şaxələnən çinardım...

Araz boyda dərdi olan çayın içərisində şaxələnmiş çinar olmağın da çox böyük zülmü var. Bir yana boylananda rusun hövrü, əmri, dəyənək səsi, o biri yana baxanda farsın qatmaqarışıq siyasi oyunları, dar ağacına aparan darməcal yolları... O da ağrı, bu da ağrı... O da sızıltı, dağları dələn ah-nalə sədası, bu da...

Bir dəfə məhrəm söhbətlərinin birində Elçin Məmməd Arazı “qınadı”.

-Ay ustad, bəs bilmirdinmi, Araz təxəllüsünü daşımaq asan olmayacaq?

Məmməd Araz dinməmişdi onda. Beləcə səssiz fəryadla gənc oğlanın üzünə baxıb dayanmışdı. Belə dayanıb baxmağın mənası nəydi görəsən? Bəlkə daxilən fırtına qoparıb, ona etiraz eləmək, əgər Arazı təxəllüsümüzdə də daşımağa gücümüz çatmayacaqsa, onda bizdən nə millət-demək istəmişdi ustad? Ya bəlkə içində olan bütün hirsini-hikkəsini dilinə gətirib, bu cavan oğlanın şəxsində gəncliyi qınamaq istəmişdi? Bəlkə də... Axı o zamanlar Arazın yanında özünü günahkar sayanlardan biri də Elçinin özü idi. Məcal düşəndə Arazdan bir az aralı dayanıb, onunla daxilən söhbətləşərdi.

“-Bizi nə qədər qınayırsan qına. Boynumuz yanında qıldan nazikdir. Biz ayrılanda hicranın bu qədər çəkəcəyini sənə deməmişdik axı. Sən də bir ana kimi bizlərə inanıb, vüsal nəğməsinin çalınacağı günü gözləmişdin. Beş il, on il, əlli il, yüz il... Day bu qədər yox ki... Hərdən o qədər kinli görünürsən ki gözümə, dünya gözümdə heçə dönür. Bağışla bizi. Sil gözünün yaşını. Və inan ki, biz bir gün gələcəyik. Vüsal nəğməsi çaldırıb, sənin göz yaşını siləcəyik.”

Məmməd Arazın keçirdiyi ağır xəstəlikdən dolayı nitqində çətinliklər var idi. Amma onu anlamaqda Elçin qətiyyən əziyyət çəkmirdi. Bəlkə Məmməd Arazın dili poeziya dili olduğuna görə Elçin onu asan başa düşürdü? Axı poeziyanın dili başqa, tamam başqa cür olur. Elçin də bu dilə kökləndiyinə görə onu anlayırdı. Lakin hələ poeziyaya məcnun olduğunu böyük şairə deməmişdi. Utanırdı deməyə. Çəkinirdi. Axı o boyda dahi şairin yanında durub necə deyəydi ki, mən də şeir yazıram? Ancaq deyəsən, çox ayıq olan şair onun haralara getdiyini anlamışdı. Bir gün özü soruşdu ondan:

-Bala, bir şey soruşacam səndən.

Elçinin, elə bil, içinə titrətmə gəld:

-Soruş, ustad.

-Mənə düzünü de, şeir yazırsan?

Elçin başını aşağı saldı. Və necə oldusa, o anda ustad haqqında hələ düşüncəsində dolaşan poemanın bəndləri qəlbinin tellərində gəzişdi.

Araz axır-

su ağlayır, cağlayır,

Araz axır...

Yolumuzu bağlayır...

Hər şairin ömründən

bir Araz çayı axır,

hər şairin ürəyində

min illərin

hayı-harayı axır,

axır,axır, durulur.

...Bu ürək çırpıntıları hələ iyirmi, otuz ildən sonra kitabda bağlanıb oxuculara təqdim olunacaqdı. O zaman ki, onda Elçin İsgəndər bir yetgin şair kimi ad çıxarıb, eldə, obada, eldən, obadan çox-çox uzaqlarda da tanınmışdı...

İndi isə utancaq və kövrək duyğular bütün vücudunda dolaşaraq, onu böyük ustadın qarşısında çıxılmaz vəziyyətdə qoymuşdu. Bir yandan yazdığını dilinə gətirməyə cürəti çatmırdı, o biri yandan da daxilində olan ikinci hiss ona şairin yanında danışmağı diqtə edirdi... Bütün gücünü taplayıb, sonda ikinci hissinin sözünə qulaq asdı.

-Hə, Məmməd əmi, yazıram.

Məmməd Araz heyrətlə onun üzünə baxdı.

-Bəs mənə niyə demirdin, bala?

-Utanırdım.

-Niyə ki?

-Axı sizin kimi böyük şairin yanında şeir yazıram demək asan məsələ deyil.

Məmməd Araz qəribə tərzdə gülümsəyib əlini onun çiyninə qoydu.

-Elə şeirə belə məsuliyyətlə yanaşırsansa, demək, səndən yazan olar... Gətir şeirlərinə baxım.

Növbəti görüşündə qalın dəftərə yazdığı şeirlərini əlləri titrəyə-titrəyə Məmməd Araza gətirib verdi.

Bu söhbətdən bir müddət ötmüşdü. Şairdən və şeirlərindən hələ xəbər yox idi. Ustadın yanına getməyə də ayağı gəlmirdi. Qorxurdu birdən şair onun ümidlərini qırar, deyər, səndən yazan olmaz. Ancaq bir səhər ruhunda inam göyərdib, şairin yanına getdi. Şair onu çox gülərüz qarşıladı.

-Niyə səsin, sorağın yoxdu, bala?

-Bir az başım qarışıqdı. Dərslər, imtahanlar...

-Bu gün qəzet almısan?

-Hansı qəzeti?

-“Azərbaycan gəncləri”ni.

-Yox. hələ almamışam. Orda nə var ki?

-Heç, elə-belə. Gənclərin qəzetidir də. Oxumaq lazlmdır... Bir də bu günkü nömrədə mənim bir yazım çıxıb, vaxt tapsan, alıb ona baxarsan.

-Baş üstə, alıb oxuyaram.

Yenə də xəyalında dolanan poetik hisslər onu silkələməyə başladı.

Mənim yurdum, vətənim

boz qayalar yurdudu.

Araz sahili boyu

qayalar bir ordudu.

Hər qayanın üstündə

bir qartal yuvası var.

Bu gün mənim könlümdə

Məmməd Araz havası var.

Məmməd Araz havasına

oynayır sərt qayalar.

Yüz illərin sınağından

çıxıb bu mərd qayalar.

-Nə oldu, niyə xəyallandın belə?

Şairin sözlərindən diksinib, poetik dünyasından geri qayitdı.

-Yox, elə-belə...

-Qəzetdəki yazını oxuyandan sonra gələrsən yanıma.

Bu sözlər Elçini bir az da şübhəyə saldı. O qəzetdə nə yazılıb görəsən? Özünü o qədər itirdi ki, şairə verdiyi şeirləri haqqında bir şey soruşmadı. “Azərbaycan gəncləri” qəzetini alanda isə... İlahi, bu nə idi? Məmməd Araz ona “Uğurlu yol” yazmış və iki şeirini oxuculara təqdim eləmişdi.

Ömründə keçirmədiyi qəribə hisslərin ağuşuna düşmüşdü. Nə edəcəyini bilmirdi. Göydə, əngin səmalarda süzürmüş kimi ucalıqlarda dolaşır, hamının onu görməsini istəyirdi. Asan məsələ deyildi axı; respublikanın çoxtirajlı qəzetində şeirləri dərc olunmuşdu. Özü də o şeirlərin fonunda ona kim uğurlu yol diləmişdi? Məmməd Araz... Bu bütöv bir gəncliyin xəyal və arzularının fövqündə dayanan bir istək idi.

Hər qarşısına çıxan onu təbrik edirdi. Bu gün onun günü idi. Və o, öz günündə bir daha ustadın yanına gedib, onu bağrına basmaq istəyirdi.

Məmməd Araz da onu təbrik elədi. İndi də üzbəüz ona uğurlu yol dilədi:

-Bala, ya yazma, ya da yazanda yaxşı yaz. Qələmə xəyanət eləmək olmaz. İnanıram ki, sən Sözün ucalıqlarına baş vurmağı bacaracaqsan. Uğurlar olsun sənə!

Elçin bir daha ustad şairi bağrına basdı. Və nədənsə kövrəldi. Kövrəldiyini gizlətmək üçün uca səslə şairin məşhur şerindən bir bənd dedi:

Azərbaycan, mayası nur, qayəsi nur ki-

Hər daşından alov dilli ox ola bilər.

Azərbaycan deyiləndə ayağa dur ki-

Ana yurdun ürəyinə toxuna bilər.

Bir neçə il ötəcək və Məmməd Araz Elçinin kitabına ön söz də yazacaqdı. “Müqəddəs görüş” kitabina. O ön söz yazılan kitab Elçinin üçüncü kitabı olsa da, onun üçün, bəlkə də, indiyə qədər dərc olunan və bundan sonra dərc olunacaq bütün kitabları arasında öz məhrəmliyi ilə seçiləcəkdi.

“Bədii, poetik sözün ilahi dəyəri hamıya bəllidir. Bədii sözün dəyərini, qiymətini bilənləri Söz həmişə müqəddəs ucalığa yüksəldib və bu barədə də çox deyilib, çox eşidilib. Şübhəsiz ki, həmin yüksəlişin poetik məkanını müəyyənləşdirən Allah vergisidir, Allah bilgisidir. Bu baxımdan gənc şair Elçin İsgəndərzadənin poetik ilham mayasını Allah vergisi olmasını mən çoxdan, lap əzəldən duyub, hiss etmişdim. Elə ona görə də, bu çətin, şərəfli yaradıcılıq yolunda ona ilk uğuru, ilk xeyir-duanı da mən demişdim, mən yazmışdım.

Görünür, yanılmamışam. Şeirdən-şeirə, kitabdan-kitaba Elçin sözün qədir-qiymətini bilə-bilə, artıra-artıra irəliləyib, isdedadı cilalanıb, qələmi bülövlənib, haradasa mənim etimadımı doğruldub:

Son övladın-son şəhidin,

Nə sızlayıb, nə də ki, din.

Haçan övlad dərdi çəkdin,-

Bənövşən baş qaldıracaq,

Övladın olmağa Vətən!

Yaxud:


Vətənim, torpağım gülməyir üzün

Payladılar səni, hey tikə-tikə.

Xətai qılıncı gərəkdir indi-

Bu yurdun yenidən sərhədin çəkə!

Elçinin şeirlərində Vətənə, torpağa doğma, məlhəm münasibət bütün tarixi çalarlarla, yəni onun dünəninə baxış, bu gününə qayğı və sabahına narahatlıq hissləri, vətəndaşlıq yanğısı ilə poetik şəkildə əks olunur. Sayı gündən-günə çoxalan səfil və dilənçi uşaqlarımıza həsr etdiyi şerində olduğu kimi:

Adı nə evdə var, nə də məktəbdə,

Hamının yadından çıxmaq olarmı?

Sabahı dilənən bir məmləkətdə

Bu gün yaşamağa haqqımız varmı?!

Elçinin doğulub boya-başa çatdığı Qarabağ torpağının başına gətirilən faciələri əks etdirən şeirləri ilə yanaşı, Vətənin miqyasca heç də ondan əskik olmayan digər dərdlərinə-unutqanlığa, biganəliyiə, rüşvətxorluğa, haqsıslığa və digər bu kimi ictimai-sosial bəlalara həsr etdiyi şeirləri də obrazlı, yaddaqalan və təsiredicidir. Bu şeirlərin hamısına Vətən üçün yanan bir ürəyin poetik çırpıntıları, mənəvi narahatlığı əks etdirən döyüntülər də demək olar.

Bütünlükdə Elçin İsgəndərzadə şeiri Vətənə, yurda, insanlığa və onların xoş gələcəyinə bağlı səmimi, gənc ziyalı-vətəndaş ürəyinin yaşantıları, çırpıntılarıdır, dəyərli bir istedaddan xəbər verən misraların-işıqlı, həlim, isti, təbii, insani duyğuları əks etdirən ürəyin döyüntüləridir. Az-az hallar olur ki, mən bir dediyimin üzərinə təkrar qayıdam. Yaradıcılığımda da beləyəm, həyatda da bu cürəm. Amma istedad olan yerdə insanın daxili qızınır, istilənir, ürəyinin dərinliyində səni nəsə tərpədir.

Elçinin oxucularla üçüncü görüşü olan bu kitabdakı şeirləri oxuyanda belə bir hal keçirdim. Doğrusu sevindim. Ona görə də təkrar olsa da, deyim ki, ilk müşahidələrimdə yanılmamışam. Və elə ona görə ehtiyac duydum ki, Elçinin oxucularla üçüncü müqəddəs görüşü olan bu kitabını uğurlayım, qutlayım.

Elçin İsgəndərzadə sözün həqiqi mənasında istedadlı gənclərimizdəndir. Orta məktəbi qızıl medalla bitirib, texniki elmlər sahəsində müvəffəqiyyətlər qazanıb, texnika elmləri namizədi, dosentdir, bu gün-sabah doktor olacaq. Elə öz peşə yönümü ilə irəliləsəydi və irəliləyirdə, xalqımızın layiqli bir ziyalısı olaraq tanınacaqdı (tanınır da!). Amma görünür poeziyanın sehrinə düşüb, poetik sözün ovsunu onun qəlbini, ürəyini ovsunlayıb, sehrləyib. Elə bu sehrin, ovsunun işığında alim-pedoqoq Elçin İsgəndərzadə dönüb şair Elçin olub.

Yaxşı ki, belə olub! Elçinin şairliyində istilik, məhəbbət, torpağa, Vətənə bağlılıq daha güclüdür. Onun poetik yaradıcılığının əsas motivini yurd sevgisi, Vətən yanğısı, əsl Vətəndaşlıq qayəsi, bir sözlə, Vətən-Vətəndaşlıq mövzusu təşkil edir. Bu mövzu bütün istedadlı şairlərin yaradıcılığında aparıcı, əsas motivdir. Amma Vətən üçün hərənin öz müqəddəs məhəbbəti, müqəddəs nəfəsi, sözü var.

Elçinin şeirlərində nikbin, amma kədər notları ilə naxışlanmış, kövrək bir nisgil var. Qarabağ - Şuşa, Ağdam nisgili. Elçin əslən Qarabağdandır və bu dərdi, nisgili o, daha fərqli daşıyır, yanğılı misralara çevirir.

Əziz oxucu! Yəqin ki, mənə inanırsan və inanmısan. Bu inama söykənərək Sizlərə gənc, istedadlı bir şairin kitabını təqdim edirəm. Sizə də, ona da yeni-yeni uğurlar diləyirəm. Elçin həmişə həyat həqiqətinə arxalanıb, şerini həqiqətlə mayalandırıb. Bu kitabı da, onun həqiqi istedadının yeni təqdimatıdır. O, şeirlərinin birində belə yazıb:

Həqiqət nəzilər, üzülməz fəqət,

Həqiqət mənimçün hava, su, çörək,

Həyat həqiqətdən başlanır, ürək,

Mənim bəxt ulduzum doğacaq bir gün.

Mən həm Sizlərə, həm də Elçinə bildirmək istəyirəm ki, onun “bəxt ulduzu” çoxdan doğub və bizim çağdaş şeirimizin bəxti də onda gətirib ki, Elçin kimi yeni-yeni istedadlar, təzə-tər poetik nəfəslər ədəbiyyatımıza gəlməkdədir. İnanıram ki, Elçin İsgəndərzadə “torpağı göylərə sovrulan xalqın”, “dünyada təklənib, qovrulan xalqın” ləyaqətli şair oğlu olacaq və elə bir gün gələcək ki, Tanrı onu Şuşa adlı, Ağdam adlı, küllü Qarabağ adlı yurduna yetirəcək. Onun şair duası müstəcəb olacaqdır.

Mən də sənin bu duana qoşuluram, Elçin!”

O gündən sonra qəlbində dolaşan Məmməd Araz nağılı poetik sədası ilə hər gün könlünə sığal çəkdi.

Məmməd Araz qonaq idi Şuşada...

Aradan illər, sənələr ötüb

hələ də bu şairin gur səsi qalıb

qayaların, dağların qulağında.

Şairin köksündə ilham bulağı

qaynayırdı,

daşırdı.


Məmməd Araz o gecə

dağlarla pıçıldaşırdı.

Elçin İsgəndərin yaddaşında Məmməd Arazlı illər şirin bir nağıl kimi özünə ölməzlik qazandı. O, şair zirvəsinə ucaldığına görə hər zaman Məmməd Arazı şükranla anıb, sağlığında adına, ölümündən sonra ruhuna dualar qıldı.

Türk dünyasının Denktaşı

Kuzey Kıprıs Türk Cümhuriyyəti... Bu ada dövlətini düşünəndə, türkün əzəməti insanın gözləri önünə gəlir. Metedən, Atilladan, Atatürkdən üzü bəriyə nə qədər türk qəhrəmanları olub. O qəhrəmanlar ki, heç nədən dövlət qurublar. O qəhrəmanlar ki, az qala bütün dünyanın düşmən nəzəri altinda öz atlarını dördnala çaparaq bu qəhrəman etnosun ölməzliyini sübuta yetiriblər. Belə azman qəhrəmanlardan biri də Rauf Denktaş... Adada baş verən dəhşətlərdən sarsılan və bir gecədə qərar qəbul edərək, adaya qoşun yeridən baş bakan Bülənt Ecevitin elan etdiyi dövlətin sükanı arxasına keçən böyük türk oğlu. Bütün dünyanın yad baxışları altında bu sükanı saxlamaq heç də asan iş deyildi. Bu sükanı saxlamaq üçün insandan böyük dözüm və iradə tələb olunurdu. Bəlkə də bu yaranan dövlətin başında zəif bir lider dayansaydı, düşmənin məkr və qəzəbi qarşısında əriyər, yox olar, ən azı taxtını-tacını qoyub, sakitliyə, tənhalığa çəkilərdi. Amma Rauf Denktaş çəkilmədi. Geriyə addım atmadı. Hələ bir az da qabağa gedərək, bu dövlətin ayaq üstə dayanmsına nail oldu. Çünki o, məğrur və yenilməz başçı idi.

Elçin İsgəndər həmişə türkün əzəmət və yenilməzliyini düşünəndə, bu əzəmət və yenilməzliyin fonunda Rauf Denktaşın da surətini görürdü. Və hər zaman onu hörmətlə anıb, bir zaman onunla görüşmək həvəsi və həsrətiylə yaşayırdı. Tale elə gətirdi ki... Deyir, insan ən ağılagəlməz bir arzunun həyata keçmək şövqü ilə yaşayırsa, bir gün o arzusu həyata keçir. Bəlkə elə o görüşün tarixçəsi də o dərunu istəyin şövqündən yaranmışdı? Hər nə isə, olan olmuş, böyük arzusu həyata keçmişdi.

Kıprıs Türk Cümhuriyyətində bir vəqf fəaliyyət göstərirdi. KIBATEK, yəni, Kıprıs Balkanlar Avroasiya Türk Edebiyyatları Kurumu adı alan bu qurum çox böyük işlərlə məşğul olurdu. İlk növbədə Kıprısı bir cümhuriyyət kimi dünyaya təqdim etmək, tanıtmaq vəqfin əsas məramlarından biri idi. Bu vəqfdə çox görkəmli simalar toplanmışdılar. O simalardan biri də İsmayıl Bozkurt idi. Vəqfə rəhbərlik edən İsmayıl Bozkurt Rauf Denktaşın ən yaxın silahdaşlarından biri kimi tanınmışdı. İyirmi il Kıprıs parlamentinin deputatı olan, sonra uzun illər Kıprıs Cümhuriyyətinin mədəniyyət naziri kimi çalışan bu adam, sözün həqiqi mənasında, başdan-ayağa türk idi və bütün həyatını Kıprısın istiqlalına həsr eləmişdi.

KIBATEK-in nəzdində “Turnalar” dərgisi nəşr olunurdu. Bu dərginin sayəsində türk xalqları arasında ictimai-siyasi, mədəni əlaqələr genişlənirdi. Elə İsmayıl Bozkurtla Elçin İsgəndərin görüşü də bu əlaqələrin sayəsində mümkün olmuşdu. Onlar Ankarada, KIBATEK-in bir toplantısında görüşmüşdülər. Və bu görüşdən onların böyük dostluğu başlanmışdı. Bir az sonra “Vektor”un nəşri olan “Bayatı” dərgisi ilə “Turnalar”ın əməkdaşlığı da bu iki insanın yaxın münasibətindən bəhrələnərək, qardaş dərgilər kimi fəaliyyət göstərdilər. Bundan sonra bizim yazarların əsərləri “Turnalar”da dərc olunur, Kıprıs yazarlarının əsərləri isə “Bayatı”da yayımlanaraq oxuculara çatdırılırdı.

“Vektor” nəşrlər evi bir çox türk yazarının kitablarını nəşr eləmişdi. Halid Fədai, Şövket Öznur, Orhun Bozkurt, Mahmut İslamoğlu, Mustafa Çəlik və onlarla başqaları... O vaxta qədər isə İsmayıl Bozkurtun bir neçə romanı dilimizə uyğunlaşdırılaraq çap edilmişdi. O romanlardan biri də “Bəlkə də bir gün...” romanı idi. Ki, bu romanda türk oğlu ilə rum qızının məhəbbətindən bəhs edilirdi. Bu əsər oxucular arasında çox böyük rezonans doğurmuşdu. İnsanlar bir daha sevginin qüdrətinə inanmış, bütün düşmənçiliklərə baxmayaraq, sevginin bütün sədləri aşmaq gücündə olduğuna əmin olmuşdular.

İsmayıl Bozkurtla Elçin İsgəndərin sıcaq münasibətindən yaranan bu ədəbi əlaqələrin səsi-sorağı sonralar gedib sayın cümhurbaşkanı Rauf Denktaşa da çatmışdı. Olduqca duyğusal insan olan Rauf bəy əfəndi Elçin İsgəndərin kimliyi ilə maraqlanmış, sonda onu Lefkoşaya dəvət eləmişdi.

Kıprısın baş kəndi Lefkoşa Elçin İsgəndərin xəyallarının şəhəri idi. Hələ yeniyetmə olarkən, bu şəhər haqqında çox düşünmüşdü. Hətta öz poetik düşüncəsində də bu şəhəri vəsf eləmişdi. Hardan Lefkoşa haqqında yazılan məqalələr, şəkillər tapırdısa, acgözlüklə oxuyur, gördüklərini gözlərinin yaddaşına yığırdı. Nəyə görəsə bu şəhəri türkün tənhalıq və qəriblik şəhəri hesab edirdi. Bir də hər zaman düşmən nəzərindən çəkilməyən bir yurd yeri sanırdı. Düşünürdü ki, türk bir anlıq sayıqlığını itirsə, bu yerlərə dişlərini qıcımış düşmən bu baş kəndə soxular, tari-mar edər, gücü çatsa, türkü qovub, bu yerlərə sahib çıxar.

Elə buna görə Rauf Denktaşın şəxsi dəvətini alanda sevincinin həddi-hüdudu olmadı. Bir yandan qəhrəman Rauf bəy əfəndini görəcəkdi, onun qonağı olacaqdı. O biri yandan xəyallarının şəhərində bir neçə gün mehman qalacaq, oxuduğu, şəklini gördüyü yerləri gəzib dolanacaq, sonsuz mənəvi ruh və həvəslə, bir də buralardan yazmaq ehtirası ilə geri dönəcəkdi.

Düz bir həftə Rauf bəyin qonağı oldu. Onunla birlikdə şəhəri gəzib-dolandı. Kıprısın mədəni, elmi, ədəbi dairələri ilə görüşlər keçirdi.

Rauf Denktaşla bir həftəlik tarixi görüşü onun yaddaşında əbədilik silinməz iz saldı. Bu sadə dövlət başçısı ilə keçirdiyi hər saatın, hər günün önəmli olduğunu özü üçün bir daha təsdiq elədi və gələcəkdə bu görüşdən qalan xatirənin qələmdən çıxan vəsfinin indidən xəyalında cizgilərini cızdı.

Sayın cümhurbaşkanı onunla ilk görüşündə üzünü İsmayıl Bozkurta tutaraq:

-İsmayıl bəy, bizim cümhuriyyətlə bu qədər ilgilənən, yazarlarımızın əsərlərini Azərbaycanda təbliğ edən qəhrəman bəy əfəndimiz budurmu?-demişdi.

İsmayıl bəydən təsdiqini alandan sonra Elçin müəllimin boynunu qucaqlamış, onu sinəsinə sıxaraq sıcaq hisslərini, xoş duyğularını dilə gətirmişdi.

-Azərbaycan bizim üçün qardaş ölkə. Bu diyarı biz çox sevərik. Bu diyarın sevincinə sevinər, kədərinə kədərlənərik.

Belə görüşlərdən birində Rauf bəy öz fotoaparatı ilə onun şəklini çəkdi.

-Əfəndim, bilirsən, bilmirsən, mən əski fotoqraf olmuşam. Bu işdə yaxşı səriştəm var. Bu fotonu çəkdim ki, Bakıda hava atasan, fəxrlə deyəsən ki, sayın cümhurbaşkanı mənim fotomu çəkib.

O tarixi fotonu Elçin müəllim hələ də bir əziz xatirə kimi arxivində qoruyub saxlayır.

Cümhurbaşkanı ilə keçirilən görüşün son günlərinə yaxın Rauf Denktaş yenə Elçin müəllimə yanaşıb, asta və qəribə səslə ondan soruşdu:

-Sizin yazarlardan hansının kitabına cümhurbaşkanı ön söz yazıb?

-Bizim öz cümhurbaşkanımızmı?

-Olsun.

-Bilmirəm. Elə bir hadisə yadıma gəlmir.



-Bəs başqa cümhurbaşkanlarından kitablarınıza söz yazan olubmu?

Elçin müəllim bir az düşünüb-daşınsa da, belə bir halın olduğunu yadına sala bilmədi.

-Ancaq indi sizin bir yazarınızın kitabında cümhurbaşkanının ön sözü olacaq.

-O xoşbəxt yazar kimdir elə?

Sayın Rauf Denktaş döş cibinə qoyduğu yazını çıxarıb Elçin müəllimin qarşısına qoydu.

-O mutlu yazar Elçin bəy əfəndidir. Götür tanış ol. Əyər-əskikləri haqqında fikrini bildir.

Elçin müəllim bir anlıq özünü itirib, nə edəcəyini bilmədi. Bir yandan bu gözlənilməz xəbər, o biri yandan sayın cümhurbaşkanının öz yazısına onun münasibət bildirmək istəməsi onu şaşırdı.

-Ayıb olur, bəy əfəndim, sizin yazınız təbii ki, çox iyi olar.

-Hər halda, bir göz yetirməyin lazım.

Elçin müəllim etika naminə yazını götürüb nəzər yetirdi və qaytarıb mizin üstünə qoydu. O anda əllərinin xırdaca əsdiyini hiss elədi. Çünki türk dünyası üçun belə önəmli bir şəxsiyyətin onun kitabına ön söz yazması onun özü üçün nə qədər gözlənilməz oldusa, oxucuları üçün bundan da gözlənilməz olacaqdı.

Ön sözdə qısa və konkret ifadələr yer almışdı. Azərbaycan və Kıprıs türklərinin dostluq və qardaşlığı önə çəkilmiş, Elçin müəllimə yaradıcılığında və həyatında uğurlar dilənmişdi.

Rauf Denktaşla Elçin İsgəndərin səmimi dostluğu onun ömrünün sonunadək davam elədi. Ölümündən sonra hər dəfə Kıprısa gedərkən, Elçin müəllim onun qəbri üstünə gedərək, ruhuna dualar oxudu. Və hər dəfə o, Kıprısda olanda insanlar onu Rauf Denktaşın sağlığında olduğu kimi çox sıcaq qarşıladılar. Onların görüşünün ruhundan yaranan isti əhval liderin ölümündən sonra da, adamların qəlbindən silinib getmədi.

Ömrə bərabər görüş

Etnosların tarixində elə şəxsiyyətlər olur ki, o şəxsiyyətlər nəinki mənsub olduğu etnosun, bütünlükdə bütün dünya xalqlarının ortaq dahisinə çevrilirlər. Belə insanlar bəşəriyyəti yaşadan, dünyanı qoruyan ruh adamlarıdır ki, onların birbaşa və yaxud dolayısı ilə Tanrı ilə əlaqələri olur. Qəbul etsək də, etməsək də bu belədir. Belə Tanrı ilə əlaqəsi olan böyük bəşər övladlarından biri də görkəmli qırğız yazıçısı Çingiz Aytmatovdur. O Çingiz Aytmatov ki, təkcə manqurt obrazı ilə bəşəriyyətə yeni bir ifadə gətirdi. Bu ifadə bütün insanları silkələdi, ruhunda, qanında, canında zəlzələlər, tufanlar, qasırğalar qopardı. İnsanlar anladılar ki, kölə qismətinə asi olan, elmdən uzaq dayanan biçarə canlılar zavallı manqurt adını daşıyanlardan başqa bir şey deyillər. Əgər sən adam balası nəslini, zatını, kökünü, mənsub olduğun etnosu tanımırsansa, bil ki bir gün keçəl başına dəri keçiriləcək, qızmar günəş altında saxlanılaraq, manqurta çevriləcəksən. Ola bilsin bu prosesi bir qədər mədəni formada həyata keçirsinlər. Hətta ruhuna sığal çəkərək manqurtluq “şərbətini” sənə içirsinlər. Amma bütün hallarda, fərq eləməz, sən manqurtsan ki, manqurt. Necə ki, indiki çağdaş və “mədəni” dünyamızda elmsiz adamları rahatca manqurta çevirirlər.

Manqurt obrazını yaradan Çingiz Aytmatova Elçin müəllim də bir ideal şəxsiyyət kimi baxırdı. Onun bütün həyatını, obrazını, hətta gəzib-dolandığı yerləri belə nağıllardan qopub gələn mif varlıqlar timsalında təsəvvür edirdi.

Uçağımız endi yerə

Bişkek hava limanında,

Manas dədə qarşıladı

bizi səhər dumanında.

Yalnız ozan deyil, Manas

bir ulusa başçıdı.

Qopuzuyla, nəğməsiylə

o da bir savaşçıdı.

O tarixi görüşə qədər Manas yurdu qırğız ellərində çox olmuşdu. Ancaq onun Qırğızıstanla yaxın təmasının da ayrıca bir tarixçəsi vardı. Ankarada keçirilən uluslararası bir şöləndə Qırğızıstanın xalq şairi, Qırğızıstan Yazıçılar Birliyinin sədri Nadirbek Alimbekovla yaxın münasibəti yaranmışdı. Belə tədbirlərdə bütün iştirakçılar bir-birinə yaxın münasibətdə olur, görüşlər, tanışlıqlar keçirilir. Lakin tədbir arası vaxtlarda, yemək saatlarında bu münasibətlərin yaxın təmasa çevrilməsi prosesi gedir. Misal üçün, birisi daha çox danışmağı, o birisi düşünməyi, bir qismi şərab içməyi, o biri qismi isə içməməyi sevir. Belədə bu hallardan yaxınlıqlar, dostluqlar yaranır. O şöləndə Nadirbek Alimbekov Elçin müəllimi çox özünə cəzb eləmişdi. Bu adam olduqca ağıllı, səriştəli, səbirli, qeyrətli və millətinə, etnosuna bağlı bir şəxs kimi Elçin müəllimin qəlbində özünə yer eləmişdi. Və bu qarşılıqlı hörmət, etiram sonda dostluğa çevrilmişdi. Bundan sonra Elçin müəllim onun kitablarını çap edərək yaymış, Azərbaycan oxucusuna onu yaxından tanıtmışdı. Hətta İranda olan yaxın dostu Əli Daşqının vasitəsi ilə Nadirbek xocanın kitabını Tehranda fars dilində çap elətdirmişdi. Nadirbek Alimbekov da Elçin İsgəndərə borclu qalmamışdı. Onun bir neçə kitabını Bişkekdə qırğız dilində çap etdirərək, qırğız oxucularının ixtiyarına vermişdi. Bu əlaqələrin davamında Nadirbek xoca tez-tez Bakıya gəlir, Elçin müəllimin qonağı olur, ədəbi dairələrlə görüşlər keçirir, onu da vaxtaşırı Qırğızıstana dəvət edirdi. Təsadüfü deyildi ki, 2005-ci ildə qırğız milli yazarlar mükafatı da Elçin İsgəndərə təqdim olunmuşdu.


Yüklə 472,95 Kb.

Dostları ilə paylaş:
1   2   3   4   5   6   7   8




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin