Amma o gecə səhərə qədər düz-əməlli yata bilməmişdi. Arandan vurub, dağdan çıxmışdı. Axırda bir qənaətə gələ bilməyib, gecənin bir yarısı yuxuya getmişdi. Və qəribəydi, çox qəribəydi ki, yuxusunda da düşüncələrinin ardını görmüşdü. Görmüşdü ki, Ağrı dağının ətəklərində, Türkiyə görsənən yerdə onu edam edirlər. Özü də necə edam; başını edam kötüyünün üstünə qoyub, ondan günahlarını boynuna almağı tələb edirdilər. Bir yanda anası fəryad qoparırdı, bir yanda o biri doğmaları. Onların ah-naləsi göylərə ucalırdı.
İşin bu yerində yuxudan ayılanda özünü qan-tərin içində görmüşdü. Ürəyi də şiddətlə döyünürdü. Durub bir stəkan su içib, yenidən yatağına girmişdi. Bu yuxusunu heç kimə danışmamışdı. Ən yaxın yoldaşlarına belə...
Əvvəldən düşündüyü sualları da müəllimə verməmişdi. Bu sualların sonluğunun pis olacağından qorxmuşdu...
-Bizim komsomol sıralarına keçməyimiz bu dövlətə nə verir ki?
-Heç nə. Onsuz da ürəklə daşımırıq o nişanı.
-Biri mən, necə daşıyım, necə ağızdolusu deyim ki, bu dövlətin komsomolçusuyam? İgidlər igidi babamı öldürüb bu dövlət. Tayfamızda olan bütün işıqlı adamları məhv ediblər.
-Mənim də babam Sibirdə soyuqdan donub ölmüşdü.
-Mənim qohumlarımı Qazaxıstana sürgün eləmişdilər.
Bütün bunlar haqqında çox düşünürdü Elçin. Bu yalançı, saxta təbliğat nəyə lazım idi? İndi dilə gətirməsələr də, çoxları keçmişdə baş verənlərdən xəbərdar idilər. O qədər ölümü, itimi, qanı, qadanı itirib yaddaşlardan silmək asan iş idimi? Çox vaxt ruhlar da danışır. Əzablar içində dünyadan gedən o əzilmiş ruhlar əməlisaleh adamların yuxusuna girir, onlarla danışır, həqiqətin harda olduğunu onlara anladırdılar. Belə həqiqətlərin bəyan olmasını, üzə çıxmasını Elçin bir yeniyetmə istəyi ilə çox arzulayırdı. Amma bu istəyini heç atasına da ürəklə deməyə cürəti çatmırdı. Axı necə olsaydı, atası da bu dövlətin yetirməsi idi. Cibində kommunist bileti gəzdirirdi. Bilirdi ki, bu mövzuda danışanda, atası söhbətdən yayınır, bir bəhanə ilə aralanıb gedirdi. Heç yuxuda gördüklərini də atasına danışmırdı. Axı o, adını hərdən pıçılti ilə eşitdiyi Türkiyə adlanan məkanı yuxularında tez-tez görürdü. Tez-tez yuxularında yol gedirdi. O yol hərdən onu çəkib, xəyal olduğu qədər uzaq, istək olduğu qədər yaxın Türkiyə sərhədlərinə gətirirdi. Bəzən sərhədləri də vurub keçirdi. O doğma yerləri qarış-qarış gəzib dolanır, elə oralarda olanda da yuxusundan ayılırdı. Yenə gözlərini bərk-bərk qapayır, yenə yatmaq, yenə yuxusunun ardını görmək istəyirdi.
Belə rəngli yuxulardan sonra Elçin bir az da duyğusallaşır, xəyallaşır, nağıllaşır, romantik duyğuların qanadlarında bir az da irəli gedib, özü üçün yeni məkan, yeni zaman qururdu. Elə bir məkan ki, o məkanda dünya türklərinin birliyi var idi. Elə bir zaman ki, o zamanda həqiqəti deyənlərin dilini kökündən çıxarıb atmırdılar. Özünü dar ağacına çəkmirdilər.
Belə qərib, üzücü düşüncələr onun qəlbini bütövlüklə çulğasa da, o, yenə kitablarından aralı düşmürdü. Ədalət və həqiqətin bir qismini bu kitablardan tapsa da, digər həqiqətləri öz ağıl süzgəcindən keçirib, qəlbinin, ruhunun mayasına hopdururdu.
Beləcə, səkkiz ilin nə vaxt gəlib ötdüyünü bilmədi. Bir də baxdı ki...
...Bu gün Əhmədavar kənd səkkizillik yarımorta məktəbinin buraxılış günü idi. Hamı bəzənib-düzənmiş, şax geyinmişdi. Valideynlərin də üzündən bəxtəvərlik seli süzülürdü. O valideynlərdən biri də Elçinin atası idi. Bilirdi ki, müəllimlər onun oğlunu o ki var tərifləyəcəklər, xoş sözlər deyəcəklər. Elə düşündüyü kimi də oldu. Çıxış edən müəllimlərin, demək olar, hamısı Elçinin yüksək intizamından, dərsləri qavrama qabiliyyətindən, məktəbdə xoş izlər qoymasından danışdılar. Sonra da tərifnamə ilə onu mükafatlandırdılar. Bu onun həyatında qazandığı, hələlik, ən böyük mükafatı idi. Rəsmi hissədən sonra bədii hissə də keçirdilər. Musiqi nömrələri, şeir parçaları ilə səkkiz illiyi bitirənləri yola saldılar. Onlara uğurlar dilədilər. Yollarının işıqlı olmasını arzuladılar...
Artıq yeni bir yola çıxırdı Elçin. Məsuliyyəti bir az da artırdı. Bu yeni yol onu hara aparacaqdı? Çətinliklər onu yorub, yarı yolda saxlamayacaqdı ki? Bütün bunları izləmək üçün gərək mənim bu kitabıma yol yoldaşlığı edəsiniz. Onda hər şeyi biləcək, xəbərdar olacaqsınız...
Yeni yolun cığırları
Artıq məkan dəyişmişdi. İndi də Ağdamda oxuyurdu. Altı nömrəli orta məktəbdə. Elə bil, onun taleyinə yazılmışdı bu; bir neçə ildən bir yerini, yurdunu dəyişirdi. Doğum yeri nazlı Şuşa, ilk cocuqluq çağları Malıbəyli, səkkiz illik təhsil illəri Əhmədavar, indi də Ağdam... Ancaq bura çox tez yovuşdu. Əvvala ona görə ki, daha altı-yeddi yaşında uşaq deyildi. İkincisi, onunla birlikdə orta təhsil almağa Əhmədavardan bir neçə uşaq gəlmişdi. Üçüncüsü, Ağdamı yaxşı tanıyırdı. Zamandan məqam oğurlayan kimi uşaqlara qoşulub, Ağdama gəlirdilər. Ya bir kinoya gedir, ya dükanda, bazarda dolanır, ya da gəzməli, görməli yerlərə baxır, günəş qüruba əyiləndə, bir maşına əyləşib kəndə gəlirdilər. Belə vaxtların ən xoş xatirəli anları isə qızlarla bağlı olardı. Ürəyi yenicə isinməyə başlayan bu uşaqlar rayon mərkəzində olan qızlara xüsusi maraqla yanaşırdılar. Bu qızlar kənd oğlanlarını nə qədər özlərindən aralı tutmağa çalışsalar da, gözləri həsrətlə yanan bu oğlanların qarşısında əriyirdilər. Bu qızların nazı, işvəsi onlarda xoş narahatlıq yaradırdı. Belə vaxtlarda bu oğlanlara elə gəlirdi ki, dünyanın ən əzablı cənnəti elə Ağdamın özüdür. Bir tərəfdən də qorxurdular. Qızların qohum-əqrabasından, qardaşlarından çəkinirdilər. Bilirdilər axı, bu yerlərin özünəməxsus qaydaları, kitaba, dəftərə yazılmayan qanunları var idi. Onu da bilirdilər, özləri duymuşdular, həm də, yaşlı adamlardan eşitmişdilər. Ki, bu yerlərdə hələ Sovet hakimiyyəti qurulmamışdı. Bunu camaat ironiya ilə deyirdilər. Ancaq hardasa, bu ironiyanın içərisində hiss olunası bir həqiqət də var idi. Respublikanın heç bir bazarında olmayan, qadağan olunmuş malların hamısı Ağdam bazarında satılardı. Bu bazarda ağlına gələn nə istəsəydin tapardın.
Amma bütün dəmir qanunlara rəğmən, yenə də uşaqlar “sevgi oyunlarından” əl götürüb, “tənhalar adasına” çəkilmirdilər. İlk məhəbbətin al şöləsi onlarda bütün qorxulara üstün gəlirdi.
İndi o qaynar nöqtəyə gəlmişdi Elçin. Son iki ilini burada oxuyacaq, kamal attestatı alacaqdı...
İnsan ömrünün elə çağları olur ki, gücü-qüvvəsi hər şeyə çatır. Belə vaxtlarda ona elə gəlir, dağları da yerindən oynadıb, başqa səmtə apara bilər. Ona görə deyirlər, cavan adamlar ölümdən belə qorxmurlar. Sanki onlar ölüm deyilən mələyin onlara yaxın gələcəyini ağıllarına belə gətirmirlər. Bəzən gənc ölümlərin səbəbi də elə bu özündən razılığın nəticəsində yaranır.
Elçin də yorulmadan çalışırdı. Bu qədər işin, kitab-dəftərlə əlləşməyin müqabilində çox da yorulmadığına özü də heyrət edirdi. Saatın əqrəblərini səhər saat altiya qururdu. Saatın zənginə oyanıb, düz məktəbə gedənə qədər oxuyurdu. Dərsdən sonra uzağı bir saat özünə istirahət üçün vaxt ayırırdı. Əslində bu bir saatda da “oxuyurdu”. Bu vaxtlarda kitablarda yazılmayanları öz ağıl süzgəcindən keçirirdi. Azərbaycanın ikiyə bölünmək, paralanmaq, xırdalanmaq səbəblərini axtarırdı. Niyə belə olmalıydı axı? Nədən çox az xalqlara qismət olan bu ayrılıq şərbətini bizə də içirməliydilər? Niyə bu haqda ucadan danışmağı bizə yasaq eləmişdilər? Axı niyə millətin çoxusu bilməməliydi bu həqiqəti? Bu yasaq, bu qadağa dünya xalqlarına nə verəcəkdi ki? Bəs niyə o biri parçalanan xalqlar dərdlərini ucadan bəyan edə bilirdilər, ayrılıqlarını qəzet, kitab səhifələrinə çıxarır, hay-haray qoparırdılar? Bizlər isə... Yalnız bir az pərdəli, üstüörtülü bayatılar, ağılar qoşmaqla dərdimizi ovutmağa çalışırdıq. Bu yasaq yalnız bizəmi qoyulmalıydı? Axı nədən, nə səbəbə? Dünyanın həqiqət deyilən gözü niyə kor olmuşdu, niyə tutulmuşdu, niyə heç nəyi öz rəngində görmürdü?
Bir nəfər dostu ona gizlincə Təbrizin şəkillərini vermişdi. Demişdi bax, amma heç kimə göstərmə. Bu da Elçinin hələ çox da bərkiməmiş qəlbinə bir dərd olmuşdu. Axı doğma yurdun bir parçası olan Təbrizin şəkillərinə niyə gizlincə baxmalıydı? Axı niyə Təbrizin özünə getməməliydi? O tikanlı məftillər vətən sevgisini könüllərdən silib apara bilərdimi? Belə hüznlü vaxtlarında Elçin az qala küçəyə çıxıb qışqırmaq, haray salmaq istəyirdi. Həqiqəti insanlara çatdırmaq həvəsi qəlbinə hakim kəsilirdi. Lakin yenə də sonda dəmir qadağalar onu sustaldır, yerində oturmağa, dinməməyə məcbur edirdi. Belə məsələləri daha yoldaşları ilə də müzakirə eləməyi xoşlamırdı. Ən məhrəm bildiyi, ürək qızdırdığı ürəyindəki ikinci məni idi. Ki, ən müdhəm məsələləri də o ikinci məni ilə müzakirə edirdi.
“-Bu ayrılıq hardan gəldi?
-Bilmirsənmi?
-Azdan-çoxdan bilirəm.
-Onda danışma. Ayrılıq salanlar güclüdürlər.
-Bəs sonu olacaqmı bu ayrılığın?
-Bütün ayrılıqların bir sonu olur.
-Bu ayrılığın sonu çatanda, biz bir-birimizi anlaya biləcəyikmi?
-Qan yaddaşı yardımçı olacaq.”
Tarix kitablarında yazılanların çoxu ilə razılaşmırdı Elçin. Bu yazılanlarda qatmaqarışıqlıq, ağa qara, qaraya ağ deyilmələr çox idi. İti məntiqlə düşünəndə bu yalan-palanlar görünürdü. Və o yalanların çoxunda zərbə yenə bizə dəyirdi.
...Bu gün müəllim nədənsə dərsə gəlməmişdi. Direktor onu yanına çağırdı. Dedi, eşitmişəm, sən hələ birinci sinifdə sinif yoldaşlarına dərs demisən? Bu günkü dərsi apara bilərsənmi? Elçin başını aşağı saldı... Bir azdan onu həmin sinifə dərs deməyə göndərdilər.
Yadına gəlirdi. Doğrudan da birinci sinifdə oxuyanda, sinif yoldaşlarına dərs demişdi. Sinif müəllimləri Həmid müəllim xəstələndiyindən məktəbə gələ bilməmişdi. Dərs hissə müdiri Rəfiqə müəllimə onu müəllim kimi sinifə yolladı. Əlində də nar çubuğu. Axı Həmid müəllim həmişə dərsə bu nar çubuğu ilə gəlirdi. Özünü yaxşı apara bilməyən uşaqları tənbeh eləmək üçün...
Sonralar Rəfiqə müəllim bu mövzuya qayıdacaqdı. Deyəcəkdi, ay Elçin, onda sizin sinifinizə dərs deməyə başqa müəllim göndərə bilərdik. Amma mən səni göndərdim. Çünki artıq sən məktəbə gələndə birinci sinifin proqramını bilirdin. İndidən mən səni bir müəllim kimi sınaqdan çıxarmaq istəyirdim.
Dərsi pis aparmadı Elçin. Uşaqlar da onu yoldaşları bilib, lağa qoymadılar. Heç nar çubuğuna da ehtiyac qalmadı. Necə götürmüşdü, eləcə də aparıb yerinə qoydu.
Yuxarı sinifdə dediyi dərs də onun üçün çətin keçməmişdi. Sanki bu işin səmtini bilirdi artıq. Ancaq o, çox arzulayırdı ki, belə dərslərdə öz əlavələrini də edə bilsin. Amma çəkinirdi. Bilirdi ki, proqramdan kənara çıxmaq bu dövlətdə inqilab eləməyə bərabər bir iş idi. Və o, bu inqilabı təkbaşına edə bilməzdi. Belə müəllimlər haqqında eşitmişdi. Onların aqibətindən də xəbərdardı. Ona görə proqramdan kənar uşaqlara bir söz demirdi. Amma öz ürəyində hər kitabda yazlana əlavələrini edib, sonra tək-tənha qalanda bu əlavələrlə əlləşirdi.
Zaman su kimi axıb gedirdi. Heç özləri də hiss eləmədən bığ yerləri tərləmişdi. Küncdə-bucaqda, gizlin bir yerdə üzlərini təraş edən uşaqların sayı günü-gündən çoxalırdı. Qəribəsi orasındaydı ki, üzlərini təraş eləmələrini öz sinif yoldaşlarından da gizli saxlamağa çalışırdılar. Sinif yoldaşları olan qızlar da artıq qızlar bulağından su içirdilər. Həftədən-həftəyə, aydan-aya gözəlləşir, qəşəngləşir, dəyişirdilər. Daha o qızlar deyildilər. O qızlar ki, bir-iki il bundan əvvəl oğlanları bezdirir, onları dağa,divara dırmaşdırır, dil boğaza qoymadan danışır, dərs vaxtı da oğlanların fikrini dağıdırdılar.
Ayrılıq vaxtı çatanda üzlərindəki qəm haləsini üzaqdan sezmək olurdu. Yazın tez bitməsini, məktəbin qurtarmasını istəmirdilər sanki. Heç səkkiz illiyi bitirəndə səkkiz illik yoldaşlıqdan ayrılığın həyacanı bu qədər olmamışdı. Görünür, yaşın müəyyən həddində insanların bir-birinə bağlanma telləri daha güclü və möhkəm olur.
Amma yaz bitdi. On illik təhsil başa çatdı. Ayrılıq anları yetişdi. Yenə vida mərasimi, yenə müəllimlərin xoş sözləri, qızların göz yaşları... Yenə ən çox Elçindən danışdılar. Hər müəllim çıxışının bir bəndini Elçinə həsr edirdi. Ona məktəbə baş ucalığı gətirdiyi üçün minnətdarlıq edir, xoş arzularını çatdırır, gələcək həyatında ondan böyük uğurlar gözlədiklərini gizlətmirdilər. Bu anlarda Elçinin ürəyi quş ürəyi kimi çırpınırdı. Ayrılıq havası bir yana, müəllimlərin onun üzərinə qoyduqları məsuliyyət hissi, bir yandan da ata-anasının ümid dolu baxışları onu həyəcanlandırırdı.
On illik təhsili bitirmək işin hələ çox cüzi bir hissəsi idi. Hər şey bundan sonra başlanırdı. On illiyi müvafiq qiymətlərlə bitirib, sonra heç nəyə nail olmayan adamlar haqqında çox eşitmişdi. Hətta ali məktəbi əla qiymətlərlə bitirən adamlar vardı ki, sonda heç nəyə nail olmamış, tamam başqa bir işin qulpundan tutub yaşamağa məcbur olmuşdular. Yaşının az olmasına baxmayaraq, Elçin bunları bilirdi. Bilirdi ki, savadlı, kəlləli olmaq heç də işin hamısı deyil. Bu savada, bu biliyə zəhmətin ətri qatılmasa çox işlər yarımçıq qala bilərdi. Bəzən filosoflar zəhmətin hər bir işdə öndə olduğunu vurğulayırdılar. Hətta bəzi filosoflar müvəffəqiyyət qazanmağın formulasını cızanda on faiz savadın müqabilində doxsan faizi zəhmətə verirdilər. Bu bir qədər mübahisəli fikir olsa da, həqiqətə oxşar şeylər də tapmaq olardı. Axı beynin bilgisayar olsa belə, zəhmət çəkib, tər axıtmağa təpərin yoxsa, uğur qazanmaq imkanların sıfır həddinə enəcək. Ərdəmli olmaq, zəhmətə qatlaşmaq, bir qara fəhlə kimi çalışmaq gələcək işıqlı həyatının əsas qayəsidir.
Bunları bilirdi Elçin. Buna görə öz çıxışında həyəcanını çətinliklə boğub, müəllimlərə (elə ata-anasına da) söz verdi. Dedi, gecə-gündüz çalışacağam, oxuyacağam, elmin sirlərinə vaqif olacağam. Sizlərin, yurdumun, elimin, vətənimin adını ucaltmaq üçün bütün gücümü, qüvvəmi səfərbər edəcəyəm. Sonda lap kövrələ-kövrələ “ Elə edəcəyəm ki, mənə görə nə siz müəllimlərim, nə sinif yoldaşlarım, nə də valideynlərim utanclıq hissləri keçirməyəsiniz”-deyərək, tribunanı tərk elədi.
Alqışlardan qulaq tutulurdu. O alqışlar bir xoş Tanrı küləyi kimi onu götürüb uzaqlara, lap uzaqlara aparacaqdı. O yolun başlanğıcındaydı hələ. Müəllimlərin ona fərəhlə təqdim etdikləri qızıl medal isə bir parlaq şölə kimi onun ömür yoluna nur çiləyəcəkdi...
Tələbəlik illəri və yaxud İsgəndərov düsturu
Bu da yeni məkan...
Yeni dövrün başlanğıcı...
Yeni şəhər, yeni adamlar...
Sanki bir başqa planetə düşmüşdü. Əvvəl ona elə gəlirdi ki, bu şəhərə öyrənmək onun üçün çətin olacaq. Yuvasını itirmiş quş kimi çırpınır, hara gedəcəyini, hardan gələcəyini, harda dayanacağını bilmirdi. Amma... Bu Bakıdı. Onun maqnit kimi adamları özünə çəkən gücü var. O maqnit Elçini də bu şəhərə çəkdi, bağladı, qopmağa qoymadı. İlk vaxtlar ona çox balaca, darısqal, yöndəmsiz görünən tələbə yataqxanası indi elə böyük, əzəmətli görünürdü ki. Lap şah sarayı kimi. Bir də axı başı qarışıq idi, oturub nələrisə müqayisə eləməyə, nəyin yaxşı, nəyin pis olduğunu arayıb axtarmağa vaxtı-məqamı da yox idi.
Azərbaycan Politexnik İnstitutunun Mexanika fakultəsinə daxil olmuşdu. Bu elə bir sahə idi ki, bir an oxumasını zəiflətsə, xırda bir tənbəllik azarına yoluxsa, gecikə bilər, çıxdığı uzun və çətin yoldan aralı düşə bilərdi. Onun üçün gündüzünü gecəsinə qatmalıydı. Kitablarla yatıb, kitablarla qalxmalıydı. Yaxşı ki, bu ötən illər sevgili deyilən kitaba yar olmağı bacarmışdı. Elə bir gün olmurdu ki, dərslərindən savayı iki-üç kitaba sığal çəkib, boyunu oxşamasın. Hansı yöndə olursa-olsun-iqtisadiyyatdan bəhs eləsin, ya tarixdən, ya ədəbiyyatdan, onun üçün kitab olsun. Anlayırdı, bilirdi ki, hər kitabda həyatın bir həqiqəti gizlənir. O kitab səni tam qane etməsə belə...
Elə ona görə də uğurları çox erkən başlandı. Elə birinci kursda oxuyanda Azərbaycan Ali Məktəb tələbələrinin Ümumrespublika Elmi Konfransında birinci dərəcəli diploma layiq görüldü. Və bu diplomu ali məktəbi bitirənə qədər hər il təkrar-təkrar qazandı.
1982-ci ildə Rusiyanın Omsk şəhərində keçirilən Ali riyaziyyat fənni üzrə Ümumittifaq olimpadasının diplomunu aldı.
1983-cü ildə M. Bauman adına Moskva Ali Texniki Məktəbində keçirilən Ümumittifaq Tələbə Elmi Konfransının diplomuna layiq görüldü.
1984-cü ildə “Ən yaxşı tələbə elmi işi üçün” medalı ilə təltif olundu.
1985-ci ildə A. Sneckaus adına Vilnüs Politexnki İnstitutunda keçirilən Ümumittifaq Tələbə Elmi Konfransının diplomantı oldu və elmi əsəri kitabda çap edildi.
Elə həmin il Tallin Politexnik İnstitututunda keçirilən Ümumittifaq Tələbə Elmi Konfransının diplomunu aldı və yenə də elmi əsəri kitabda çap olundu.
1986-ci ildə Moskva şəhərində Ümumittifaq Xalq Təsərrüfatı Nailiyyətləri sərgisinin Qızıl medalina layiq görüldü.
Elə həmin il ilk elmi ixtirası Bakı Məişət Kondisionerləri zavodunda istehsalata tətbiq olundu və bu ixtira sayəsində dövlətə 1.2 milyon manat dəyərində iqtisadi səmərə verdi.
Lakin bütün bu nailiyyətlər, uğurlar onun üçün hələ qənaətbəxş deyildi. Çünki onun lap tələbə olduğu vaxtlardan fikrində-zikrində dolanan bir ideya arzularının fövqündə dayanırdı və o, bu arzusuna çatmaq üçün bütün gücünü, qüvvəsini səfərbər edirdi.
Tələbəliyinin ilk çağlarında oxuyub öyrənmişdi ki, bir Velişaqin adında kəs olub və bu adam on doqquz yaşında olarkən düstur kəşf edib. Elə o vaxtlardan bir arzu, bir istək onu rahat buraxmırdı; Velişaqin kimi on doqquz yaşı tamam olanadək bir düstur, bir üsul kəşf etmək...
Aylar, fəsillər sürətlə ötüb keçirdi. Və onun Velişaqin yaşına çatmasına az qalırdı. Amma o, düsturunu hazırlayıb başa çatdıra bilmirdi. On doqquz yaşının tamam olmasını çox üzüntülü qarşılamışdı. Heç kəsə bildirməsə də, özü bu üzüntünün səbəbini aydınca bilirdi. Bilirdi ki, Velişaqin kimi on doqquz yaşında düstur kəşf edə bilməyəcək. Artıq o, Velişaqindən yaşlı idi... Az müddətdə əli-qolu soyusa da, özünü ələ almağı bacardı. Bəlkə də, bir yetənəkli gənc kimi daxildə özünə təskinlik verdi, ikinci məninə dedi ki, mənim yaradacağım düstur Velişaqin düsturundan daha önəmli, daha səmərəli olacaq. Kəşf də sevgi kimi yaşa baxmır. Hansı yaşda bu kəşfi yaradırsan yarat, təki o kəşfin dünyamıza, insanlara fayda gətirsin. Bu inamla çalışaraq iyirmi bir yaşında “İsgəndərov düsturu” nu tətbiq elədi və bu tətbiq çox böyük səmərə verdi.
Bütün institut İsgəndərovdan danışırdı. Tələbələr ona həsədlə baxırdılar. Paxıllığını çəkənlər də çox idi. Ən çox da oğlanlar. Görəndə ki, bu əl boyda “alim” qızların maraq dairəsindədir, tələbə oğlanlar ona paxıllıq edirdilər. Necə də etməyəydilər; bəziləri onun qədər oxusalar da, kitabxanalarda oturmaqdan köhnə kitab qoxusu versələr də, onun etdiklərini edə bilmir, qazandığını qazanmırdılar. Təbii ki, bu qazanmaq maddiyyatdan getmirdi. O, da kasıb bir tələbə ömrü yaşayırdı. Amma bu tərəfdən də, onun üstünlükləri var idi. Lenin təqaüdü aldığına görə qazancı o biri tələbələrdən xeyli çox idi. Üstəlik Çingiz İldırım təqaüdünə də layiq görülmüşdü. Ancaq o biri tələbələrdən maddi cəhətcə çox fərqlənmirdi. Çünki aldığı təqaüdün üçdə ikisini kitablar almağa sərf edirdi. Axtarıb, arayıb ən yeni kitabları əldə edirdi. Adı çıxmış bir kitabı özününkü eləməmiş, rahatlıq tapa bilmirdi. Tələbə qızların göz obyektindən aralı düşə bilməməyinin bir səbəbi də elə bu idi. Bu gənc, çəlimsiz oğlanı institutun bir nömrəli tələbəsi kimi qəbul edirdilər. Hansı qız istəməzdi ki, belə bir tələbənin maraq dairəsinə düşsün?.. Elçin isə bütün bunlardan xəbərsiz kimi öz işindəydi. Oxuyur, yeni-yeni kitablar axtarıb tapır, vaxt tapan kimi kitabxanalara baş vurur, ara-sıra fələkdən məqam oğurlayıb kəndlərinə, doğmalarına baş çəkməyə gedirdi.
Elə bil, Əhmədavar da indi onu bir başqa gözlə qarşılayırdı. Sanki kənd öz “qollarını” açıb, onu qucaqlamaq, bağrına basmaq istəyirdi.
Kənd də canlı insan kimidi. Onun da ürəyi var. Onun da gözləri var. Onun da düşünən beyni var və o düşünən beyin heç bir zaman səhv eləmir. Yaxşı övladı ilə pis övladını bir-birindən ayıra bilir. Amma ən qəribəsi bu deyildi. Ən qəribəsi o idi ki, yaxşısı kimi pisinə də kənd öz qucağında yer verməyi bacarırdı. Müqəddəs ana kimi.
Kəndə gələndə bütün qohum-qonşular onun başına yığılardılar. Hər kəs ən urvatlı bildiyi bir şeyi Elçin üçün gətirərdi. İstəyərdilər Elçin bu urvatlı nemətdən dadsın. Və bəlkə də bunun gizli kodu o idi ki, Elçin kəndin havasını, suyunu, duzunu, çörəyini unutmasın. Bu yerlərə tez-tez gəlsin. Gəlib də tay-tuşlarını başına toplasın. Onlara elmdən danışsın. Gözü bağlı olanların bir az da olsa gözünü açsın. Qaranlıq çökən qəlblərə işıq şöləsi çiləsin. Axı bu qaranlıqlar bizləri əbədi zülmətə sürükləyə bilərdi. Bu qorxunu ağıllı, zəkalı adamlar yaxşı dərk edirdilər. Və bundan çox qorxurdular. Oxunmamış, elmsiz, təhsilsiz gələcəyin zülmətindən qorxurdular. Əslində belə gələcəkdən Elçinin özü də qorxurdu. Böyük şairin dediy “Əcnəbi seyrə balonlarla çıxır, biz hələ avtomobil minməyiriz” dilemması qarşısında dayanan gənc oğlan belə vaxtlarında Mirzə Cəlili, Mirzə Ələkbər Sabiri, Üzeyir Hacıbəyovu və başqa dahiləri, onların yazdıqlarını xatırlayıb, dərin xəyallara qərq olurdu.
Hələ lap gənc yaşlarından bir fikir ona rahatlıq vermirdi; nəyə görə bütün unikal kəşfləri qeyri-müsəlman xalqlarının nümayəndələri edirdilər? Nə olmuşdu bu müsəlman deyilən zümrəyə? Axı vaxtı ilə şərq xalqları dünyaya böyük dühalar bəxş etmişdilər. Qərb öz ağıl mayasını şərqdən götürmüşdü. İndi nə olmuşdu bəs? Niyə belə dərin uyquya dalmışdılar müsəlmanlar? Bu dəruni yuxunun sonunda nə gözləyirdi müsəlmanı? Bəlkə dini qavramada yanlışlıqlar şərqi bu günə saldı? Ya bəlkə xüsusi ustalıqla qurulmuş tora saldılar bu zavallı zümrəni?
Bu suallar onun rahatlığını əlindən alır, düşüncəsini zəbt edir, bunun düsturunu tapmaq üçün hələ çox da bərkiməmiş beynini səfərbərliyə alırdı.
Kənd cavanları ona diqqətlə qulaq asırdılar. Hər sözünə xüsusi məna verirdilər. Onun məntiqli, qavramlı danışığından nəyisə, nələrisə əxz edir, qafalarında saxlayır, yeri gələndə ondan öyrəndiklərini başqalarına danışırdılar. Nurani qocalar belə ona heyranlıqla qulaq asırdılar.
Bir sözlə, Elçinin bir gün, gün yarım, uzağı iki gün kənddə olduğu müddətdə həm evlərində, həm də onun dolandığı çevrədə qələbəlik olurdu. Az yaşında bu hörməti, özünə qarşı bu ehtiramı necə yaratmışdı, burası çox maraqlı və düşündürücü idi.
Əhmədavarda olduğu bu qısa sürədə o, mütləq vaxt tapıb Şuşaya da baş çəkməliydi. Bu elə bil, onun üçün yazılmamış bir qanun idi. Sanki Şuşaya dəyməmiş Bakıya qayıtsaydı, hardasa bir günah işlətmiş kimi olardı.
Xəzərdən qanadlanıb
atını göy qurşağına çap.
Bakıda didərgindi
Şuşalı göy qurşağı.
Gözləri Şuşaya sarı
tumurcuqlayan oğlan!
Şuşada ilk uşaqlıq çağlarını yaşasa da, nədənsə özünü bu yurdun övladı sanırdı. Əslində vətənin hər bir qarışı onun üçün doğma və əziz idi. Ancaq Şuşada özünə qarşı qəribə bir məhrəmlik duyğuları hiss edirdi. Elə bil, bu yurdun hər daşı, hər qayası, suyu, çiçəyi, ağacı, göy qurşağı, buludu, yağışı da onun üçün bir başqa anlam daşıyırdı. Və bu anlamın hardan, nədən qaynaqlandığını heç özü də bilmirdi.
Burada olduğu üç-dörd saat ərzində hər nə görürdüsə, gözlərinin bəbəyinə yığmaq istəyirdi. Beyninin yaddaş koduna həkk eləməyə çalışırdı.
Bir haşiyə:
Zaman keçib, vaxt ötəndən Şuşasız günlərə düşəndən sonra beyninə həkk elədiyi o xatirələrin onun üçün çox faydası oldu. Ən azı tamam Şuşasız qalmadı. Xatirələrində qalmış cığırın izi ilə tez-tez oralara getdi, gəzdi, dolandı, daşa, torpağa sığal çəkdi, qayıdıb yenə Şuşanın solğun, küskün şəkilləri ilə üzbəüz qaldı...
Şuşadan qayıdıb gələndən sonra məqam tapıb qələminə güc verirdi. Üçüncü sinifdə oxuyandan həm də poetik aləmin sirli-sehrli cazibəsinə düşmüşdü axı. Şeirlər yazırdı. Bu barədə bir az sonra... Hələliksə, Şuşalı, Ağdamlı yolların işığında yol gedirdi. Qayıdıb yenə Bakıya gəlirdi. Üç gün ötməmiş yenə o yerlər üçün darıxırdı. Amma özünü tuturdu, saxlayırdı. Lap tez-tez gedib gəlmək istəmirdi. Axı o, Bakıya vacib bir missiya arxasınca gəlmişdi. Oxumaq, öyrənmək, nələrsə qazanmaq, nələrəsə nail olmaq, bir sözlə, özünü tapmaq missiyasının arxasınca. Ona görə bir fikri o yerlərdə olsa da, başqa, ən vacib xəyalı oxumasının yanındaydı. Fikri, düşüncəsi dağılsaydı o zəhmli, tələbkar müəllimlərdən-professorlar Nadir Qasımzadədən, Niftulla Qədirovdan, Salman Qarayevdən yaxşı qiymətlər ala bilərdimi? Xüsusilə, Salman müəllimdən beş almaq tələbələrin ən böyük arzusuydu. O, isə alırdı, ala bilirdi. Öz zəhmətinin, əziyyətinin, yuxusuz gecələrinin barını dərirdi. Uşaqlar Salman müəllimdən dad qılanda, o, gülümsəyirdi, deyirdi, vallah, Salman müəllim mənim nə qohumum, nə tanışım deyil. Sadəcə, oxuyub, əziyyət çəkib, qiymət alıram. Siz də zəhmət çəkin, oxuyun, qiymət alın. Elə bilirsiniz mənim könlümdən keçmir kinoya, teatra getmək? Keçir, özü də necə. Bir dəfə dram teatırda tamaşaya baxmağı dünyaya dəyişmərəm. Ancaq dərslər imkan vermir. Bu semestrin havası getməmiş o biri semestrin vaxtı yetişir.
Dostları ilə paylaş: |