Elçin İsgəndər hər poetik nümunəsində ikinci mənini yaradır. Elə bil, o ikinci məni əsas Elçini kölgə kimi izləyərək, ondan qopa, ayrıla bilmir. Yəqin elə buna görədir ki, onun yaradıcılığında səmimiyyətdən uzaq heç nə tapmaq olmaz. Hər şey olduğu kimi, həqiqət müstəvisində, Elçin İsgəndərin özü rəsmində...
Özü haqqında yazdığı avtoportret onun daxili dünyasının şəklini çəksə də, bütün yazıları, əslində, onun elə avtoportretidir.
Gözlərimin yaşında,
ürəyimin başında,
bir bulud hüzn,
bir yarpaq nisgil.
Xəyalımda Xarıbülbül,
ilk sevdamdı elə bil.
Ömür qaralı-ağlı,
bütün yollarım bağlı.
Bir gün mənim misralarım
ormanda azmış cığır.
İçimdə təlatümüm,
üzümdə təbəssümüm
cadar-cadar,
cadar-cadar.
Elçin İsgəndərin poetik dünyası ilə tanış olanda tam əminliklə deyə bilirsən ki, o, əsl şairdir. Bəlkə də onun şeirləri dillər əzbəri deyil. Bəlkə də onu tanınmış şairlər cərgəsinə aid edənlərin sayı şeirlərinin sayından azdır. Ancaq bu heç də onun böyük şair olmadığına dəlalət eləmir. Çünki bəzən böyük şairlər zamanlarından qabağa getdikləri üçün elə gələcək zamanda da doğru, düzgün qiymətlərini alırlar. Mən də Elçin İsgəndər poeziyasının nə vaxtsa həqiqi qiymətini alacağına inanıram. Ona görə ki, belə poetik nümunələrin insan qəlbini fəth etməməsi mümkün deyil.
Poeziya çinarından yeddi yarpaq
Son söz yerinə və yaxud bənzəri olmayan insan
İnsan ömrünün müəyyən həddinə gəlib yetişəndə bir anlıq dayanıb nəfəs dərir. Nar çiçəyinin gülümsər ləçəkləri ətrafında dayanıb, yanından axan qoşa çayın sehrinə dalaraq, uca və qoca dağlarla söhbətləşib ömrünün bu anına qədər olan zaman sürəsinə qiymət verməyə çalışır. Və çox vaxt da insan özünü o dağın müxtəlif cığırında, səthində, ucalığında görür. O insan ki, ömrün görünən və seçilən yaş həddində özünü ətrafında dayandığı dağın zirvəsində görə bilir və başqaları da buna öz möhrünü vurursa, mən o adamı Tanrının bəxtəvər bəndələri sırasına aid edirəm. Baxmayaraq ki, böyük insanlar çox zaman zirvədə olduqlarını duymur, bunun fərqinə varmırlar. Ancaq mən qətiyyən tərəddüd eləmədən Elçin İsgəndəri dağın zirvəsini fəth edən ucalardan biri sayıram. Təkcə bir faktı desəm, Elçin İsgəndərin zirvədə olduğuna tərəddüdlə yanaşanlar fikirlərində düzəliş edər, mənim fikrimlə razılaşarlar. Mən dünyada elə bir insan tanımıram ki, bir-birinə tamamilə əks qütbdə dayanan iki sahənin eyni zamanda bilicisi olsun. Elçin İsgəndər bunu bacarıb. Həm texnika elmləri sahəsində, həm də poeziya kəhkəşanında, sözün həqiqi mənasında özünü təsdiq edib. Bu sahələri müqayisə edəndə çiçəklə dəmirin bir-biri ilə qoşa yol getdiyini nəzərimdə canlandırıram. Və onun əlində çiçək nə qədər gözəl, lətif görünürsə, dəmir də öz dəmir əzəmətində qalır, bərkliyinə, möhkəmliyinə xələl gəlmir. İsdedadlı şair Qulu Ağsəs onun haqqında danışanda belə deyirdi: “Hərdən istəmişəm, yanında bir pis söz deyim, görüm onun da arsenalında oxşar kəlmə var, ya yox. Əlbəttə, yoxdu. Hər şey bir adamda olmaz ki – karyera, elm, nüfuz, şöhrət, qələm, pul... Elçin İsgəndərzadənin bir ayağı yerdədirsə, biri göydədi. Nə vaxt zəng vurursan, “bu nömrəyə zəng çatmır”. Elçin müəllim yerimir, qaçmır, uçur. Onun təyyarələrdə, hava limanlarındakı nüfuzu iş yerindən çox olar. Göydə olanda bəlkə də, ona elədiyim alxışları eşidir. Amma səsimi tanımır. Tanısaydı, ən azı, zəng vurub təşəkkür eləyərdi.”
Başqa bir görkəmli qələm əhlimiz Elçin Hüseynbəyli də onun haqqında maraqlı fikirlər söyləyir. Deyir, o, göy adamıdır, yerlə işi yoxdur. Təyyarənin trapından bir addım yerə atanda, iki addım da göyə atır... Tanrı bu adamın ruzusunu ürəyincə verib. Alqışlar adaşımı ucaldır və o, bu ucalığa layiqdir.
O, bu ucalığa gedən yolda Velişaqinlə qiyabi yarışda ona qalib gələ bilməsə də, Lomonosov kimi dahi bir şəxsiyyətlə “yarışda” uduzmadı. Əksinə, ondan daha güclü olduğunu sübuta yetirdi. Baxmayaraq ki, Lomonosov müsəlman olmadığına görə daha geniş kütləyə tanıdıldı. Amma bütün tərəfləri ilə mən Elçin İsgəndəri Lomonosovdan daha güclü alim və şəxsiyyət hesab edirəm.
Əbülfət Mədətoğlu onun haqqında duyğularını poetik ifadələrlə belə təqdim edir. Və elə bilirəm ki, dediklərində qətiyyən yanılmır.
Yaşı
və boy-buxunu
O qədər də
Görünmür.
Yaşı da,
Boy-buxunu da
Misralara,
Düsturlara
Çevrilib-
İz salır,
Özgə izlə
İməkləmir, sürünmür..
Bu yaşda,
Boy-buxunda
Bir cavanı çevirdin
Pasportuna millətin!
Bu sözlər çox böyük poetik tapıntıdır. Və həqiqətin özüdür. Doğrudan da, bu insan – Elçin İsgəndər (zadə) millətimizin, etnosumuzun, ümumən, Böyük Türk Dünyasının pasportudur. Bu pasportla fəxr eləməyə, ucalarda saxlamağa dəyər.
Əlli yaşın ucalığında çevrilib gəldiyi yola baxanda, görəsən, nə düşünür Elçin İsgəndər? Onun nə düşündüyünü deyə bilmərəm. Amma mən bu qənaətdəyəm ki, bu yolun işığından milyonlar bəhrələnib. İnsanlar Elçin İsgəndər nurunda yol gedərək haqqın, ədalətin, saflığın, təmizliyin, paklığın, bir sözlə, insanlığın həqiqi düsturunu tapıblar.
Bu haqq yolun mübarək, Elçin İsgəndər!!!
Onun haqqında deyilənlər,
rəylər,
arzular
Müzəffər Məmmədov
fəlsəfə doktoru, dosent
Hələ on, on beş il bundan əvvəl Elçin İsgəndərzadə haqqında çox eşitmişdim. Onun elm sahəsində, ədəbiyyat aləmində qazandığı uğurlar geniş müzakirə mövzusuna çevrilmişdi. Bu gənc alimin, şairin uğurları məndə də geniş maraq doğurmuşdu və bu marağın işığında onunla tanış olmaq, yaxın münasibət qurmaq arzusu qəlbimə hakim kəsilmişdi. Və bu tanışlıq gözlənilmədən yarandı. Qardaşım yazıçı-publisist Rasim Gənzəli mənə deyəndə ki, Elçin İsgəndərzadə ilə yaxın dostluq, qardaşlıq münasibətləri qurmuşam, buna çox sevindim. Elə o gündən mənim də onunla yaxın münasibətlərimiz yarandı.
Bu dövr ərzində Elçin İsgəndərzadəni mən çox dərindən tanımışam. Əlli illik elmi, pedoqoji fəaliyyətim ərzində qəti inama gəlmişəm ki, Azərbaycanda Elçin İsgəndərzadə qədər təkrarsız, əvəzolunmaz, unikal bir alim, pedoqoq, şair tapmaq çətindir. Bəlkə o, dünyada da bənzərsizdir. Çünki bir-biri ilə ayrı-ayrı qütblərdə dayanan iki sahədə eyni böyüklükdə uğur qazanmaq hər kişinin işi deyil. Həm texnika sahəsində, həm də filologiya elmində yüksək dərəcə almaq dünyada analoqu olmayan bir hadisədir. Fəxr edirəm ki, bunu bizim soydaşımız etməyi bacarıb. Bu bir daha bizim millətimizin nə qədər intellektual səviyyəyə malik olduğunu sübuta yetirir.
Elçin İsgəndərzadə barəsində yazılan məqalələrlə, kitablarla, onun mətbuatdakı çıxışları ilə tanış olanda, istər-istəməz düşünürsən ki, o, türk dünyasında parlayan Azərbaycan işığıdır. O, türk dünyasında əlində bayraq hər zaman elmi konfranslarda, seminarlarda, simpoziumlarda, festivallarda Azərbaycanı şərəflə təmsil edir. Bütün dünyada Azərbaycan işığı kimi yanaraq, Turan dünyasının şöhrətini daha da ucaldır.
Elçin İsgəndərzadənin yaradıcılığı ilə tanış olanda adam başqa bir aləmə düşür. İndiyə qədər çoxsaylı elm, ədəbiyyat, mədəniyyət xadimləri haqqında kitablarla tanış olmuşam. Lakin “İhlamurlar” dərgisində Elçin İsgəndərzadənin qazandığı ödüllərin siyahısını görəndə, heyrətə gəlmişəm və inanmışam ki, onun qədər çoxlu sayda ödüllər qazanan alimimiz, şairimiz yoxdur.
Nəyə görəsə, Elçin İsgəndərzadə haqqında düşünəndə alim tərəfindən onu Lütfi Zadəyə, şair tərəfdən isə Nazim Hikmətə bənzətmişəm. Amma bütün bu bənzərliyi ilə bərabər, yenə qeyd edirəm, o, bənzərsiz və təkrarolunmazdır.
Elçin İsgəndərzadə alim, pedoqoq, şair olmaqla yanaşı, həm də əsl vətən daşıdır. Daim öz millətini, xalqını dünyanın müxtəlif ölkələrində təmsil etməklə öz millətini digər xalqlar içərisində tanıtmağa çalışır. Və buna hər zaman nail olur. O, öz əsərləri ilə gənclərə düz yol göstərir və vətənin daşı olmağı öyrədir. Qardaşım Rasim Gənzəli ilə onun yaxın münasibəti də elə bu hisslərdən qaynaqlanır. Çünki bu insanların hər ikisi vətən üçün ölməyi bacaran, vətənin daşına çevrilən ölkə vətəndaşlarıdır. Bu xarakterik əlamətlər onları birləşdirərək dosta, qardaşa çevirib.
Elçin müəllim həm də nümunəvi ailə başçısıdır. Həyat yoldaşı Afət xanımla birlikdə elə övladlar tərbiyə ediblər ki, bu övladların da sabah Azərbaycana şərəf gətirəcəklərinə məndə böyük inam var.
Müdrüklüyünün cavanlıq çağına qədəm qoyması münasibəti ilə Elçin İsgəndərzadəni təbrik edir, ona gələcək elmi, pedoqoji, ədəbi yaradıcılığında daha böyük uğurlar, daha çox ödüllər diləyirəm.
Dostları ilə paylaş: |