Nadirbek Alimbekov ümumən Orta Asiya respublikalarında çox böyük nüfuza malik şəxslərdən biri sayılırdı. Elçin müəllimlə yaranan yaxın münasibətdən sonra Nadirbek xocanın vasitəsi ilə Elçin müəllimin kitabları bütün Orta Asiya respublikalarında çap edildi. İndi demək olar ki, o respublikaların hamısında Elçin İsgəndəri tanıyır və ona etiram bəsləyirdilər.
Elə bu sıx əlaqələrin, görüşlərin keçirildiyi vaxtlarda dahi yazar Çingiz Aytmatov Bişkekə gəlir. Bir neçə günlük istirahət günlərində Nadirbek Alimbekov və Muxtar Şaxanovla görüşlərində söhbət Elçin İsgəndərdən düşür...
Yenə bir haşiyə:
Çingiz Aytmatovun Azərbaycanda ən yaxın adamı Şahmar Əkbərzadə idi. Şahmar bəyin vasitəsi ilə dahi yazar Bəxtiyar Vahabzadə ilə də dostlaşmışdı. Deyilənə görə Şahmar Əkbərzadə ilə Çingiz xocanın münasibətlərindəki yaxınlıq onların ailələrinə də sirayət eləmişdi. Onlar bir-birinə qonaq gedib-gəlir, xanımları bacılıq münasibəti saxlayır, Şahmar Əkbərzadənin övladları Çingiz Aytmatova əmi deyə müraciət edirdilər... Lakin Elçin müəllimin də yaxın adamı olan Şahmar Əkbərzadə ilə Çingiz Aytmatov münasibətləri onların arasında çözülmürdü. Elə bil, bu məqamın da bir vaxtı var idi və məqam çatmamış bu münasibətləri çözmək lazım deyilmiş...
Elçin İsgəndərin kitabları ilə tanış olan Çingiz Aytmatov o kitabları özü ilə götürür və onun haqqında bir söz demədən avropaya, iş yerinə qayıdır.
Bu yerdə Elçin İsgəndərin öz dilindən çıxan sözləri eşitmək maraqlı olardı. Deyir, ofisimdə oturmuşdum. Beynimdə yeni poemamın motivlərini qururdum. Bu vaxt şəhər telefonuma zəng gəldi. Dəstəyi götürdüm. Zəng edən şəxs Qırğızıstan Respublikasının Fransa və Belçikadakı səfirliyinin ədəbiyyat üzrə attaşesi İsimbayev idi. O, mənə özünü tanıdandan sonra Çingiz Aytmatovun mənimlə danışmaq istədiyini dedi. Bir anlıq özümü itirdim. Dünya şöhrətli yazarın mənimlə danışmaq istəməsi mənim üçün çox gözlənilməz idi. Təklifin onun tərəfdən gəlməsi isə bu gözlənilməzliyi bir az da qabardırdı.
Çox səmimi danışığımız oldu. Mənimlə neçə ilin tanışları kimi söhbətləşdi. Hələ zarafatından da qalmadı. Çox pafoslu və gur səsiylə məni Belçikaya “razborka”ya çağırdı:
-Mən bilirəm ki, vətənim Qırğızıstanda, ümumən Orta Asiyada ən populyar yazar mən Çingiz Aytmatovam. İndi sən istəyirsən bu populyarlığı əlimdən alb, ön sıraya keçəsən? Ona görə səni Belçikaya, “razborka”ya dəvət edirəm.
Sənəd-filan işləri düzülüb-qoşulandan sonra Elçin İsgəndər bir həftəliyə Belçikaya yollandı. Dahi Çingiz Aytmatovun dəvəti ilə bir həftə orada qalacaq, Çingiz xoca və başqa dəyərli bilim adamları, ədəbiyyat və sənət adamları ilə görüşlər keçirəcəkdi.
Elçin müəllim getmirdi Belçikaya, sözün həqiqi mənasında qanad açıb uçurdu. Və ucalıqda, Tanrıya bir az da yaxın olan yerdə mələklər qulağına Çingiz xoca haqqında nəğmələr pıçıldayırdılar.
Yolumuz, yönümüz bir,
Dilimiz, dinimiz bir,
Bu gecə röyama gir
Manas oğlu Çingiz ağa.
Yəhərlədin ağ atını,
Tarixə yazdın adını...
Gördüm bəyaz qanadını
Manas oğlu Çingiz ağa.
Ala-too düşdü yada,
O dağlara canım fəda.
De bitməzmi bu qan-qada
Manas oğlu Çingiz ağa?!
Çingiz ağa ilə keçirilən bir həftəlik Belçika görüşü də Rauf Denktaşla olan görüş kimi Elçin müəllimin yaddaş telinə əbədilik həkk olundu. İctimai-siyasi söhbətlər, ədəbiyyat gəlişmələri, türk birliyi məsələsi bu görüşün əsas qayəsini təşkil elədi. Söhbət əsnasında Elçin müəllim maraqlı bir ideya səsləndirdi.
-Çingiz xoca, biz bayaqdan türk birliyindən, Turan savaşından danışırıq. Ancaq hansı dildə? Rus dilində. Çünki mən qırğız dilini, Siz isə Azərbaycan türkcəsini bilmirsiniz. Bunun üçün nə etmək lazımdır? Mənə elə gəlir ki, ortaq türk dili və əlifbasının yaradılmasının vaxtıdır. Düzdür, bu haqda ara-sıra söhbətlər olur. Lakin real işə gələndə ortada bir nəsnə görünmür. Biz bunu etməyi bacarsaq, elə bilirəm, tarixə ən böyük töhfəmizi vermiş olarıq.
Bu fikir Çingiz Aytmatov üçün də cəlbedici göründü. Amma... Yeri gəlmişkən, öz subyektiv fikrimi sizlərə bildirməkdən özümü saxlaya bilmirəm. Bəlkə də mənim bu fikrimə təpki verənlər olacaq. Hələ əlini masanın üstünə çırpıb, etiraz edənlər də tapılacaq. Ancaq mən bu fikrimdə qərarlıyam, dünən də belə düşünmüşəm, bu gün də belə düşünürəm.
Çingiz Aytmatov kimi dahi yazarın siyasət meydanına daxil olması, mənim fikrimcə düzgün deyildi. Çünki İsa Muğannanın da qeyd elədiyi kimi siyasət Ağİşığı, yəni həqiqəti yeyir. Həqiqət yeyiləndə isə ortada yalanlar, həqiqət olmayanlar qalır. Çingiz Aytmatov daha çox qələmi ilə, roman və povestləri ilə öz xalqına, ümumən türk etnosona xidmət edə bilərdi. Onun yaratdığı “Əsrə bərabər gün” romanı yüz belə səfirliklərdə işləyib, millətinə xidmət etməkdən daha böyük və əzəmətli görünür. Və onu da düşünürəm ki, Çingiz Aytmatovu müqəddəs qələmindən ayırıb, siyasət meydanına çəkmək də siyasət işbazlarının hiyləgərcəsinə qurulmuş böyük oyunlarından biri idi. Belə hiyləgər oyunlar türklər üzərində tarix boyu çox qurulmuşdu və təəssüflər olsun ki, böyük türklər çox zaman bu hiylələrə uyaraq, oz müqəddəs xidmətlərinə kölgə salmışdılar.
Bu unudulmaz görüşün təəsuratı xeyli zaman ərzində Elçin müəllimin ruhunu tərk eləmədi. Və göylərdə mələklərin diktəsi ilə yaddaşına yazdığı poemanı bitirənə qədər o görüşün hər anını ruhunda yoğuraraq, rahatlıq tapa bilmədi.
Orxondan, Yeniseydən,
Hakasiyadan gəlirik.
Gündoğan torpaqlardan,
Asiyadan gəlirik.
Doğudan batıyadək
uzanıb gedir bu yol.
Atını yanaşı sür,
gəl mənimlə qardaş ol.
Sonralar Çingiz xoca ilə bir neçə görüşləri oldu. Onu Bakıya qonaq dəvət elədi. Başqa dövlətlərdə keçirilən konfrans, simpozium və başqa şölənlərdə birlikdə iştirak elədilər. Bu görüşlər Çingiz Aytmatovun həyatının son günlərinə qədər davam elədi.
Xəzərin sahilində oturub
Çingiz ağa ilə konuşuram xəyalən,-
Bişkekdə,
İşık göldə
görüşmüşdük böyük Ustad.
Bakıda, Brüsseldə,
Moskvada, Vyanada, Parisdə,
Praqada, Tunisdə
Turanın dərdlərini
bölümüşdük böyük Ustad.
Bu görüşlərdə çox vaxt Şahmar Əkbərzadə, Bəxtiyar Vahabzadə, Nadirbek Alimbekov, Muxtar Şaxanov və başqa Çingiz xocaya yaxın olan dostlar da iştirak edirdilər. Keçirilən görüşlərdə dünyanın, ən çox da Turan dünyasının müşküllərindən söhbət açılırdı. Bəzən özləri də hiss etmədən tarixin dərinliklərinə baş vurur, türk atlarının ayaq izləri olan yurd və məkanlara xəyali gəzinti yapırdılar.
Söhbətlərin təsirindən Elçin müəllim öz dünyasının sehrli aləminə düşürdü. Belə vaxtlar onun üçün bir əsrə bərabər qədər uzun və bir an qədər qısa görünürdü.
Çingiz Aytmatovun bu dünyanı tərk etməsi xəbəri Elçin İsgəndərə o qədər pis təsir eləmişdi ki, uzun müddət işlərini səhmana salmaqda çətinlik çəkmişdi. Bu ölüm bir böyük türkün ölümü idi. Dünya ədəbiyyatı tarixində gəlib-keçən dahi yazarlardan birinin dünyadan köçməyi idi. Bu ölüm başqa ölümlərə bənzəmirdi. Və belə bir əfsanəvi türk qələm ustadının bir də nə zaman dünyaya gələcəyi Tanrının öz işləri sırasına daxil idi. Görəsən o zamana qədər manqurtların sayı çoxalıb, dünyanı viran gününə qoymayacaqdılar ki? Ya bəlkə Çingiz xocanın ulu ruhu onların başı üstündə dolaşıb, manqurtlaşmaq azarından qoruyacaqdı adamları? Təki belə olaydı. Çünki cahan manqurtluq virusuna yoluxsaydı onda dünyanın günü yaman olardı. Allah bəşəriyyəti bu qorxunc və dəhşətli virusdan qorusun. Bu virus ən ölümcül, ən qorxulu viruslardan daha qorxuludur.
Elçin İsgəndər Çingiz xocadan sonra da Qırğızıstana gedəndə hər dağdan, daşdan, torpaqdan, ağacdan, budaqdan, axan bulaqlardan, yağmurlu buludlardan Çingiz xocanın qoxusunu alırdı. Onu yanında bilirdi. Onunla dərdləşir, söhbətləşir, zarafatlaşırdı. Belə səfərlərdə dostları ilə ancaq Çingiz xocadan danışırdılar. Onun yoxluğuna inanmaq istəmir, əbədilik bu şəxsiyyətin bu dünyada qalacağına inandıqlarını dilə gətirirdilər.
Bunun belə olacağına, əslində, ağlı başında olan hər kəs inanırdı. Ona görə ki, böyük ruh adamları ölmürlər. Onlar sadəcə məkanlarını dəyişib, bu dünyada əbədi iz buraxırlar. Çingiz Aytmatov da o böyük ruh sahiblərindən biri...
Dünyaya baxanlar və görənlər
Hər gözləri olan, dünyaya baxan bu dünyanı görə bilmir. Baxmaqla görməyin böyük fərqi və anlamı var. Hər kəs baxır: mavi səmaya, aylı gecələrə, yaz yağışlarına, yarpaqların əsməsinə, dağların tənha duruşuna, insanların göz yaşına... Amma onlar ancaq baxanlardı. Görənlər isə başqadı. Görənlər Tanrının seçilən bəndələri, bu dünyanın əzabkeş məxluqlarıdı. Baxmağa nə var ki? Çətini görməkdi. Görəndə mavi səmanı da, aylı gecələri, yaz yağışlarını, yarpaqların əsməsini, dağların tənha duruşunu, insanların göz yaşlarını da bir başqa anlamda görürsən. Görürsən və düşünürsən. Bu düşüncələr səni özündən alıb, çox uzaqlara aparır. O uzaqlarda qalıb dolandıqca sən zərrə-zərrə, qətrə-qətrə adam olursan. Daha doğrusu, adamlardan, çoxluqdan fərqlənib, Tanrı dağlarına doğru yol alıb gedirsən. Bu əzablı, məşəqqətli, çətin bir yol olsa da, o yolun sonunda sənin qənşərinə çıxacaq işıq ruhuna o qədər rəvanlıq gətirir ki, bu əzablı yolun yolçusu olduğuna heyfsilənmir, əksinə, ucalıqlardan aşağılara baxanda, çəkdiyin yol əzabının ağrısını unudub, rahatlıq tapırsan.
Elçin də hələ uşaq olandan görmək istəyirdi. Əslində bu hiss istəməklə deyildi. Onsuz da insan çox şeylər istəyir. Lakin Tanrı bu istəməyi hər kəsə qismət eləmir. Ancaq ona qismət eləmiüdi. Nə görürdüsə, hansı gözəlliyə vurulurdusa, onu bir rəssam fırçası ilə kətana həkk eləmək istəyirdi. İmkan düşəndə, Şuşaya gedəndə Cıdır düzünə, İsa bulağına, Topxana meşəsinə baş vurmamış geri dönməzdi. Bu baş vurmaq da elə-belə baş vurmaq deyildi. Gördüyünü rəssam nəzəri ilə hafizə telindən keçirir, məqam tapan kimi oturub gördüklərini rəsm əsərinə çevirmək üçün dəridən-qabıqdan çıxırdı. Amma istədiyi alınmırdı. Oralarda gördüyü canlı təbiət fırçasından çıxan rəsmdə canlı görünmürdü. Bu cansızlıq onu sıxırdı, incidirdi, qəlbinə rahatsızlıq gətirirdi. Hələ bəzən belə hallarda bir gizli yer tapıb ağlayırdı da. Yalnız bundan sonra özünə gəlirdi. Və bir də təkrar-təkrar o yerlərin rəsmini çəkir, yenə də alınmayanda özünü qınayırdı. Qınayırdı ki, bəlkə o gözəllikləri yaddaşına yazmağa gücü çatmır? Ya bəlkə... Elə bu inamında da inadlı qalırdı. Yəni bu yerlərin rəsmini canlı çəkmək mümkün deyildi. Tanrı bu yerləri elə möcüzəhal yaratmışdı ki, heç Elçin yox, yüz dahi rəssam belə bu yerlərin canlı rəsmini çəkib, yarada bilməzdi.
Təkcə bundan təskinlik tapırdı. Lakin o yerlərin xəyalı da bir an belə yadından çıxmırdı. Elə bu şirin rahatsızlığın diktəsi ilə atasına yanaşmış, ona arzusunu bildirmişdi.
-Ata, mənə bir fotoaparat al.
-Fotoaparatı neynirsən, bala?
-Cıdır düzünün, İsa bulağının, Topxana meşəsinin... bir də... Xarıbülbülün şəklini çəkəcəyəm.
Atası dərinə getməmişdi. Elçinin inadını bilirdi axı. Onu da bilirdi ki, bu şəkil çəkmək elə-belə məşğuliyyət ola bilməzdi. Burada nə isə yenə də Elçinin gizli bir fantaziyası dayanırdı. Axı bu uşaq hər bir işdə bir fantaziya, bir macəra axtarırdı. Ona görə də Elçinin istəyinin üstünə getməmişdi. Amma onun qarşısına bir şərt qoymuşdu. Demişdi ki, rübün axırında bütün qiymətlərin beş olsa, sənə fotoaparat alacağam.
Onda Elçin dodaqaltı gülümsəmişdi. Ona indidən bəlli idi ki, rübün sonunda bütün qiymətləri beş olacaq. Və bu o demək idi ki, atası ona fotoaparat almağa razılıq verirdi.
Rübün, həm də dərs ilinin sonunda atası onu texnika malları satılan mağazaya apardı.
-Oğul, yadına gəlir, sənə söz vermişdim, demişdim, qiymətlərinin hamısı beş olsa, sənə fotoaparat alacağam. İndi ürəyin hansı fotoaparatı istəyir seç, onu sənin üçün alım.
Elçin o dövr üçün dəbdə olan bir fotoaparat bəyəndi. O gündən gözünə dəyən hər nə gözəllik var idisə, fotoaparatının yaddaşına həkk elədi.
Cıdır düzünün, İsa bulağının, Topxana meşəsinin, Xarıbülbülün şəkillərini azı yüz dəfə çəkmişdi: hər profildən, uzaqdan, yaxından, yandan, böyürdən... Çəkdiklərini fotoqraf yanına aparıb çıxarmışdı. Baxmışdı. Dönə-dönə, usanmadan, yorulmadan... Bu şəkillərdən xoşuna gələni də olmuşdu, gəlməyəni də. Amma hər necə olursa-olsun, fikri-zikri yenə də fırçanın, kətanın yanında qalırdı. O, rəssamlara qibtə eləyirdi. Onları dünyanın bəxtəvər bəndələri hesab edirdi. Çox vaxt oturub rəssamlar, onların yaratdığı əsərlər haqqında düşünür, düşünürdü... Və sözün, deyimin, kəlamın rəsmini çəkməyə səy göstərirdi.
Pəncərəyə qaranlıq çökürdü,
pəncərədən boylanan Ay
sanki sənin xiffətini çəkirdi.
Bu sənsizliyin rəsmi idi, sözün qüdrəti ilə çəkmişdi Elçin İsgəndər.
Məşhur rəssamların həyatından o qədər oxumuşdu ki, sanki onların çoxunu yaxından tanıyırdı. Yüz il, iki yüz il bundan əvvəl yaşasalar belə, onları həmyaşıdı, öz dövrünün adamı sayırdı. Xəyalən onlarla danışır, emalatxanalarına daxil olur, onların iş prosesini izləyir, rəssam dünyasının cazibəsinə, sehrinə dalaraq öz indiki aləminə qayıdırdı.
Dünyanın tanınmış rəssamları haqqında bir neçə poema yazmışdı. Van Qoq, Salvador Dali, neçə-neçə dahi rəssamlar, bir də Səttar Bəhlulzadə haqqında... Ümumiyyətlə onun üçün dünyanın bir nömrəli rəssamı Səttar Bəhlulzadə idi. Onun yaratdığı əsərlərə baxanda sehrli hala düşür, o sehrdən ayrılıb, özü olmağa bir müddət vaxt lazım olurdu. Və o rəssamların nurunda yuyunandan sonra, bu işıqda yuyunmağı, paklanmağı insanlara da tövsiyyə eləyirdi.
Əgər Elçin İsgəndər alim olmasaydı, şair olmasaydı, çox güman ki, rəssam olacaqdı. Onda görəsən Elçin İsgəndərin fırçasından çıxan əsərlər alim qələmindən, şair ilhamından daha çox tanıda biləcəkdimi onu? Bəlkə də... Çünki belə isdedad sahibləri hansı sahədə olurlar olsunlar mütləq və mütləq özlərini sübut eləməyi bacarırlar.
Bunları düşünəndə yaddaşımda qəribə mənzərələr canlanır. Düşünürəm, görəsən Elçin İsgəndər rəssam olsaydı Qarabağın məsum dərdini necə çəkəcəkdi? Qaçqın, köçkün zavallılar onun fırçasından necə boylanıb baxacaqdılar? Azərbaycanın dərdləri, türkün narahat ruhu onun kətanında necə əksini tapacaqdı? Dünyanın müşkülləri onun rəsmlərində necə görünəcəkdi?
Bütün bunları etməyə, fırçanın qüdrəti ilə göstərməyə onun gücü çatmadı. Amma sözlə, şeirlə gördüklərinin rəsmini çəkməyi bacardı. Elə o sözün rəsmi də Elçin İsgəndərin iç dünyasını bütün aydınlığı ilə hamıya göstərdi. Hamı gördü onu. Tanıdı. Bir daha əmin oldular ki, Elçin İsgəndər dünyaya baxan adamlardan deyil, dünyanı görən insanlardandı. Və bu görmək onun qəlbinə nə qədər nahamarlıq, narahatlıq gətirirsə, başqalarının könlünə bir o qədər hamarlıq və rahatlıq bəxş edir.
Elmi yaradıcılığına bir nəzər
Poetik dünyasına nasir baxışı
Elçin İsgəndərin dünyaya poetik baxışı lap uşaqlıq vaxtlarından başlanmışdı. Bəlkə hələ körpə olanda anası Elmiranın, ən çox da nənəsi Qəmərin ona dediyi laylalar onun uşaq dünyasının ruhuna oturur, ürəyinin şah damarından keçərək, uşaq qəlbində izaholunmaz qəribə hisslər oyadırdı. Bilim adamları, psixoloqlar sübut ediblər ki, lap körpə vaxtı uşağa deyilənlər daşa yazılan yazı kimi yaddaşına əbədi həkk olunur. İnsan gələcək həyatında nə qazanırsa, nələrə nail olursa bunun əsas mənbəyi lap körpəlikdən beyninə yazdıqları olur.
Qəmər nənə onu həyətdə qurduğu beşiyin içində yırğalaya-yırğalaya şirin-şəkər bayatılar deyərdi.
Əzizim bala şirin,
Bal şirin, bala şirin?
Yüz cür nemət yığıla,
Hər şeydən bala şirin.
Bu bayatılar, laylalar ana südü kimi onun canına hopur, ruhunun şah nöqtəsində özünə yer tutur, gələcək həyatının işıqlı yoluna cığırlar açırdı.
Onun bədii yaradıcılığında müxtəliflik, ayrı-ayrı mövzulara müraciət ilk baxışdan özünü büruzə verir. Ana, torpaq, vətən, millət, etnos, türkçülük, dünyəvi problemlər onun şeir və poemalarının əsas qayəsini təşkil edir. Bir də Qarabağ mövzusu, Şuşa həsrəti.
Xarıbülbüllər səni
yuxuda görür bəlkə?-
Bəlkə səhər şehiylə ağlayır Qarabağda
bizim güllər, çiçəklər.
Hələ qan qoxuyur, barıt qoxuyur
Qarabağdan əsən yellər, küləklər...
Oyananda Qarabağsız, Şuşasız, yuxusunda Qarabağlı, Şuşalı olan şair elə dərdli, qəmli, kədərli nöqtələrə xal vurur ki, insan o anda bir anlıq yazıqlaşır, fağırlaşır. Lakin bir andan sonra o yazıqlığın, o fağırlığın yerini kükrəyən at nallarının ayaq səsləri əvəzləyir. İnsan döyüşçüyə, qisasçıya, intiqam alana çevrilir. Öz xəyali atına süvari olur, Qarabağa yollanır, gavurları yurddan qovaraq, torpağın yaralarına məlhəm qoyur.
Xarıbülbülə yazdığı şeirləri oxuyanda, xarıbülbülü görməyən insanda da xarıbülbülü görmək təəssüratı yaranır. Mənim özüm xarıbülbülü görməsəm də, Elçin İsgəndərin xarıbülbül haqqında yazdıqlarını oxuyandan sonra təsəvvürümdə xarıbülbülü görmüş kimi oluram. Sanki xarıbülbülə öz əllərimlə sığal çəkmişəm, oxşamışam. Sonra qarşısında günahkar kimi dayanıb, lal heykələ dönmüşəm. Çünki hər zaman məndə elə hal olub ki, xarıbülbül ağlar gözüylə bizləri qınayır, bizlərə vəfasız övladlar kimi baxır. Bu vəfasız övladlar günahından çıxmaq üçün isə yalnız bir yol qalır. O yol Qarabağa qayıtmaq, murdar düşmən ayaqlarını bu yerlərdən kəsmək və xarıbülbülə yenidən qovuşmaqdır.
Ümumən, Elçin İsgəndər yaradıcılığında vətən mövzusu əsas qayələrdən birini təşkil edir. O, Azərbaycanı bölgələrə bölmədən, ayırmadan bütöv halda görərək, onu öz şeirlərində vəsf edir. Onun üçün vətən Təbrizdən başlanır. Sonu isə görünmür. Vətən torpaqları uzandıqca-uzanır, bütöv halda Böyük Azərbaycan xəritəsi yaranır.
Təbriz nə Varşavadır,
nə də Paris,
nənələrimizin toxuduqları
xalçalara bənzəyir Təbriz.
Bu yurdu xalça kimi süsləyir,
bəzəyir Təbriz.
Ərk yerimizdir Ərk Qalası,
Qılıncla yazılmış tariximizdir Babək Qalası...
Böyük Azərbaycan torpaqlarının zaman-zaman itirilərək yadların əsarətinə düşməsi bir şair kimi onu incitsə də, qələmini əlində titrətsə də, nikbinlik, inam, ağ işıq onu heç zaman tərk etməmiş, xoş sabahların al şəfəqləri ruhuna sığal çəkərək, daha böyük inam və inadla yazmağa ruhlandırmışdır. Bu ruh onun türk qanından gəlir. O türk ki, ən çətin məqamlarda, ağır zamanlarda belə özünü ələ almağı bacarmış, məhv olmaqdan, tarixin arxivinə düşməkdən qurtularaq yaşamağı bacarmışdır.
Türk sözsüz ki, dünyanın ən möhtəşəm etnoslarından biridir. Təsadüfü deyildir ki, İslam dininin banisi, bəşəriyyətin bir nömrəli zəka sahibi Həzrəti Məhəmməd türk etnosu haqqında çox yüksək fikirlər söyləmişdir. Türklərin bu dünyada əzəli və əbədi səltənətinin olacağını deyən peyğəmbər bu etnosu Tanrının bəyəndiyi və sevdiyi etnoslardan biri olduğunu da dilinə gətirməkdən çəkinməmişdir.
Baykal gölündən keçdik,
Qıpçaq çölündən keçdik.
Gavurlarla savaşdıq,
İdil çayını aşdıq.
Türkün alın yazısıdı
min illər bitməyən savaş.
Atının gözlərindən
öpdünmü ozan qardaş?...
Yer üzü türkün torpağı,
Göy üzü türkün bayrağı...
Türkün yer üzünün xilaskarı olduğunu desək, yəqin ki, başqa xalqların nümayəndələri də bunu təsdiq edərlər. Təsdiq etməyənlər isə qərəzli olanlar, türkün böyüklüyünü həzm edə bilməyən şeytan xislətli adamcığazlardır. Elə bu böyüklüyün savaşını verən döyüşçülərdəndir Elçin İsgəndər. Dünyanın hansı nöqtəsinə gedirsə, haralarda olursa onun üçün şah mövzu türkçülük və türkün təbliğidir. O, bu təbliğatı bir millətçi kimi eləmir. Sadəcə olaraq, Həqiqətin harada olduğunu insanlara başa salmağa çalışır. Onun bu təbliğatı dünya üçün ziyanlı deyil, ancaq və ancaq onun xeyrinə, onun gələcəyinə hesablanmış şüurlu bir addımdır.
Şairin yaradıcılığında klassik şeir ənənə formasını və modern qərb şeir üslubunu görmək mümkündür. O, ənənəvi şeir formasına öyrənmiş oxucunu da nəzərə alır, yeni şeir formasına üstünlük verən müasir gəncliyi də. Bu da onu hər iki tip oxucu qarşısında sevimli şairə çevirir. Bu həm də şairin böyük intellekt və yüksək istedadından xəbər verir. Belə üslubda yazan şairlər Azərbaycanda çox azdır və düzünü deyim ki, mən bu səviyyədə şərqlə qərbin şeir ənənəsini sintez edən ikinci bir şair tanımıram. Bu dediklərimə misal olaraq onun iki şeirindən nümunələr gətirmək istəyirəm.
Gümüş güzgülərə baxıb ağlayar,
Taleyi əlində olmayan gözəl.
Gözlərində iki bulaq çağlayar,
Taleyi əlində olmayan gözəl.
Gecə ulduzları sayar, yorulmaz,
Bir də könül açmaz, bir də vurulmaz,
Qəmli sular kimi axar, durulmaz,
Taleyi əlində olmayan gözəl...
Və yaxud:
İydə yarpaqlarından süzülən,
inci kimi saçlarına düzülən
yağmur damlaları
səsinin titrəyişində
ilişib qalmışdı
sevgisiz bir gecədə...
Elçin İsgəndərin şeir dünyası olduqca rəngarəng, kalaritli, axıcı, yığcam və düşündürücüdür. Yuxarıda qeyd elədiyim kimi o, sözlə, səslə təbiətin rəsmini çəkir. İnsan onun şeirlərini oxuyanda özündən asılı olmayaraq Elçin İsgəndərin yaratdığı məkanın və zamanın sakininə çevrilir. Sanki o şeirlər sənin ruhundan tutub o dünyanın “vətəndaşı” edir.
Hansı janrda yazmağından asılı olmayaraq onun şeirləri, poemaları təbiidir, canlıdlr, şairin özü kimi saf, şəffaf və durudur. O, yazdıqlarını zorla yazmır, heca axtarışına çıxmır. Ona görə şeirlərindəki sərbəstlik ilk baxışdaca özünü büruzə verir. İstər vətən haqqında yazsın, qaysaq bağlamış milli dərdləri qələmə alsın, dünyanın müşküllərindən danışsın, ana, ata, övlad, həyat yoldaşı barəsində poetik ruhunu dilə gətirsin, o, bütün hallarda səmimiyyətə söykənir.
Axıb gedən zaman kimiydi
Ərafatda hava,
bir bulud üstündə göründü gözlərimə Adəmlə Həvva.
Başqa bir bəyaz bulud gəlib aldı məni qanadlarına,
Ərafatda bir şeir yazmaq istədim sənin adına-
indi xəyallara dalmışam sənsiz.
Ərafatda
Cənnətlə Cəhənnəm arasında qalmışam sənsiz.
Bu nümunə həyat yoldaşına yazdığı poemadandı. Bir bulud arasında Adəmlə Həvvanı görərkən, bir başqa buludun qanadlarına dalaraq Ərafatda ömür-gün yoldaşını anması onun sevgisinə olan ən böyük etirafı və yazdıqlarına səmimi hisslərindən xəbər verir. Oğlu Əliyə yazdığı poemada da o, öz ampulasında qalır. Bu poemada o, təkcə oğluna olan məhəbbətini dilə gətirmir, həm də bütün insanlara sevgisini, istəyini etiraf edir. Oğlu Əliyə arzu etdiklərini Əlinin timsalında bütün övladlara çatdırır.
Mən səni Tanrı dağlarına
aparmalıyam bir səhər...
O səfərə az qalıb,
o mübarək günə, o səhərə az qalıb...
Bütün övladları Tanrı dağına aparmaq arzusunda olan şair həm də bu istəyi ilə bütün insanlara, bütün insanlığa öz mesajını göndərir. O mesajın daxilində parlayan işıq insan övladlarının gözlərini ağrıtmır, əksinə onların qəlbinə bir nur yağışı yağdıraraq, mavi, masmavi sabahlara səsləyir.
Elçin İsgəndər poeziyanı orqanizminin bir parçası kimi təsəvvür edir. Özü də elə bir parçası ki, o parçasız insan yaşaya bilməz. Ömrünün keçən heç bir günündə o, yeni bir şeir nümunəsi oxumadan keçinə bilmir. İstər qərb ədəbiyyatından olsun, istər öz klassik və çağdaş ədəbiyyat nümunələrimizlə tanış olmayanda rahatlıq tapıb, dincəlmir.
Burada sonuncu haşiyə:
Ali məktəbdə oxuyanda Fikrət Qocanın yeni çapdan çıxmış kitabı əlinə keçmişdi. Dərs zamanı dözə bilməyib gözünü kitabdan çəkə bilmirdi. Bunu görən müəllim ona etiraz eləmişdi. Müəllimin növbəti etirazına da məhəl qoymayanda müəllim ona yanaşıb:
-Elçin, bayıra çıx, kitabı oxuyandan sonra qayıdarsan,- demişdi.
Və Elçin heç nə demədən kitabı qoltuğuna vurub bayıra çıxmışdı...
Şeirə, sözə, sənətə bu dərəcədə vurğunluğu onu o qədər məftun eləmişdi ki, o, öz əsas profili, elm sahəsi ilə yanaşı şairliyini də davam etdirirdi. Bu iki sahə onun iki qoşa qanadları idi desək, heç də yanılmış olmarıq. Çünki bunlardan biri olmasaydı, qanadlarından biri çatışmayan quş kimi Elçin İsgəndər də yarımçıq olardı. Əslində mən onu bu iki profili ilə birlikdə qəbul edirəm. Başqa cür təsəvvürümə də gətirə bilmirəm. Elmlə poeziya, poeziya ilə elm Elçin İsgəndərin varlığında bir tamlıq, bütövlük təşkil edir. Hansı mövqedə dayanmağından asılı olmayaraq, hansı rütbəyə çatmağına baxmayaraq o, bu iki profili ilə-alimliyi və şairliyi ilə bir yerdə əsil Elçin İsgəndər kimi görünür. Azərbaycanda da, bütövlükdə türk dünyasında, bəlkə də dünyada da... Görkəmli alimimiz, filologiya elmləri doktoru, professor, AMEA-nın müxbir üzvü Nizami Cəfərov bunları nəzərə alaraq, Elçin İsgəndər haqqında belə yazır: “O, həm bilavasitə yaradıcılığına, həm də milli-ədəbi-ictimai mühitin təşkilindəki intensiv, enerjili fəaliyyətinə görə, həqiqətən, çox böyük mövqe, nüfuz sahibidir. Və bu mövqeyin, bu nüfuzun coğrafiyası Azərbaycanın sərhədlərini aşaraq, ümumən türk dünyasına yayılmaqda, yalnız Elçinin özünə deyil, eyni zamanda (bəlkə də daha çox) onun mənsub olduğu xalqın ədəbiyyatına, mədəniyyətinə, ictimai fikrinə böyük hörmət gətirməkdədir.”
Dostları ilə paylaş: |