2. Patristika və onun mahiyyəti. Xristianlıq fəlsəfəsinin birinci məhrələsi olan “patristika” (II-VIII əsrlər) kilsə ataları tərəfindən yazılmış ədəbiyyatın ümumi adıdır. Patristika latın sözüdür (patria), mənası ata deməkdir.
Patristikanın özünü də 2 mərhələyə bölmək olar:
birinci mərhələdə xristianlıq ehkamlarının əsası qoyulmuş, vahid və güclü kilcələr yaradılmışdır;
ikinci mərhələdə xristianlığın ehkamları və fəlsəfəsi işlənib hazırlanmışdır.
Bu mərhələnin ən görkəmli nümayəndələrindən biri Avreliy Avqustindir (və ya Müqəddəs Avqustin). O, yetkinlik yaşlarında xristianlığı qəbul etmiş və ilahiyyata dair bir çox əsərlər yazmışdır. Onun fəlsəfi dünyagörüşünün formalaşmasına Platonun, skeptisizmin, neoplatonizmin və maniliyin təsiri olmuşdur.
Avqustin digər xristian alimləri kimi Allahı ali varlıq kimi səciyyələndirmiş və insanın taleyinin əvvəlcədən müəyyən olduğunu bildirmişdir. Onun fikrincə, Allah özünün əzəli qərarı ilə bəzi adamlara gələcək əbədi həyatda xoşbəxtlik, səadət bəxş etmiş, digərlərini isə əbədi işgəncəyə məhkum etmişdir.
O, yerdəki dünyanı “ikinci kitab” adlandırmış və onu Müqəddəs Kitabdan sonra oxumağı lazım bilmişdir. Dünyada şər qüvvələrin rolunu şişirdərək belə hesab etmişdir ki, bəşər tarixi 2 barışmaz qüvvənin mübarizə tarixidir. İşıq səltənəti ilə Zülmət səltənəti, yəni Allah ilə Şeytan arasında daim mübarizə gedir. O, Şeytan səltənətini dövlət ilə, Allah səltənətini isə kilsə ilə bağlayırdı.
Onun fikrincə, yalnız Allaha olan məhəbbət insanı əsl insan edir. Avqustin istər rəsmi (dövlətin), istərsə də qeyri-rəsmi (insanların) tərəfin zorakılığını Yer üzərindəki çatışmamazlığın təzahürü kimi qəbul etmişdir. O, kilsəni yerdə olan hakimiyyət forması kimi qəbul edərək, belə hesab etmişdir ki, bütün insanlar (sadə insanlar və hökmdarlar) ona tabe olmalıdırlar. Onun dünyagörüşü teosentrik xarakter kəsb edir.
Ümumiyyətlə qeyd etmək lazımdır ki, Avqustinin fəlsəfi ideyaları «Həqiqi din haqqında», «Azad iradə haqqında», «Tövbə», «Allah şəhəri haqqında» əsərində öz əksini tapa bilmişdir. «Allah şəhəri haqqında» əsəri daha mühüm yer tutur. Orada filosof insan birliyinin bir– birinə əks olan iki növünü təhlil etmişdir. Bunlardan birincisi, «dünyəvi şəhər», daha doğrusu özünə məhəbbətə əsaslanaraq allahın inkarına aparıb çıxaran dövlətçilikdir, ikincisi isə «Allah şəhəri»dir ki, burada allaha məhəbbət özünə nifrət səviyyəsinə qədər inkişaf etdirilir.
Qeyd etmək lazımdır ki, Avqustinin «Allah haqqında təlimi» sxolastikaya həlledici təsir göstərimişdir. Allah ali varlıqdır, dünya qaydalarını şərtləndirən əbədi və dəyişməz ideyaların mənbəyidir. Allah zərurətə görə deyil, öz iradəsinə görə dünyanı heç nədən yaratmışdır. Yaradılma haqqında ehkam ağırlıq mərkəzini təbii başlanğıcdan fövqəltəbii başlanğıca keçirir. Antik dövrün allahları təbiətlə qohum idilər, xristian allahı isə təbiətin fövqündə dururdu. Ona görə də həmin allaha transendent allah deyirdilər.
«Allah şəhəri haqqında» əsərində Avqustin yazırdı ki, dünya zamanda deyil, zamanla birlikdə yaradılmışdır. Beləliklə, fəal yaradıcı başlanğıc təbiətdən, kosmosdan alınaraq allaha verilirdi. Ona görə də orta əsr fəlsəfəsində kosmos yunan fəlsəfəsində tutduğu mövqeyini itirmişdir. Avqustin təlimində dünya haqqında təlim ikinci reallıq haqqında təlim kimi verilmişdir. Onun təlimində antik dualizm (əql və materiya) rədd edilir, əvəzində monizm əsas mövqeyə çıxır. Monizm prinsipinə görə, yalnız mütləq başlanğıc– allah vardır, qalanları isə ikincidir, allahın yaratdığıdır. Allah və onun yaratdığı dünya iki reallıqdır. Onlar mütləq şəkildə ontoloji olaraq bir– birindən ayrılırlar. Allah həqiqi varlıqdır, o əbədidir, dəyişməzdir, heç nədən asılı deyildir, hər şeyin mənbəyidir (əslində antik filosofların varlığa aid etdikləri atributları orta əsr fəlsəfəsində allaha aid edilirdi).
Avqustin fəlsəfəsində tale, qismət təlimi mühüm yer tutur. Həmin təlimdə göstərilirdi ki, subyektiv olaraq insan azad fəaliyyət göstərməsinə baxmayaraq, o nə iş görürsə, allah onun vasitəsilə edir. Özünün qararı ilə allah bəzi adamları xilas edir, digərlərini cəhənnəm əzabında cəzalandırır. Xristian tale, qismət təliminin mahiyyəti belədir. İlahi tale qismət prinsipi iki bir– birinə zidd şahlıqların mənbəyidir. Bu iki şahlıq axirət dünyası və real dünyadır. Real dünya müharibələrlə, zorakılıq üzərində qurulmuşdur. İlahi dünya isə kilsənin köməyi ilə formalaşır. Avqustin özünün ilahiyyətə dair əsərlərində dəfələrlə kilsə anlayışlarına müraciət etmişdir. Çünki həmin anlayışlar Avqustinin dünyagörüşündə həlledici yer tuturdu. Sonralar sxolastiklər, xüsusilə Akvinalı Foma üçün həmin anlayışlar fundamental mahiyyətə malik olmuşdur. Avqustin özünün fəlsəfə təlimini teologiya haqqında təlim kimi təqdim etmişdir. O, teologiyanı təbii elm hesab edirdi.
Avqustinin fikrincə, allah müdriklik simvoludur. Ona görə də müdrikliyi sevən filosoflar allahı da sevməlidirlər. Avqustinin adı ilə başqa bir mühüm ənənə də bağlıdır. O, insan ruhunun psixologiyasına diqqətli olmuşdur. Onun üçün insan ruhunun incəlikləri allah tərəfindən yaradılan başqa şeylər kimi sirli bir aləmdir. Bu incəliklər ruhun xilası üçün, onun günahlarından təmizlənməsi üçün olduqca vacibdir. Bu səbəbdən tövbə böyük əhəmiyyət kəsb edir. Fəlsəfədə tövbə anlayışının başlanğıcına görə Avropa mədəniyyəti Avqustinə minnətdar olmalıdır. Jan Jak Russonun, Lev Tolstoyun «Tövbə»si Avqustinin «Tövbə»sindən bəhrələnmişdir.
Avqustinin fikrincə, tarixi prosesdə bəşəriyyət iki “axın” yaradır. Bir tərəfdən dünyəvi dövlət bədbəxtliyin, günahın, şeytanın səltənəti, digər tərəfdən, xristian kilsəsi – İlahinin yerdə hökmranlığı. Bu iki axın iki növ sevgi tərəfindən yaradılmışdır. Yerdə olan səltənət insanın özünün-özünə sevgisi, səma səltənəti Allaha sevgi. Avqustinə görə bu iki axın parallel inkişaf edərək 6 əsas dövrdən keçir: birincisi, Adəmdən dünyanın su basmasına qədərki dövr; ikincisi, Nuhdan İbrahimə qədərki dövr; üçüncüsü, İbrahimdən Davidə qədərki dövr; dördüncüsü, Daviddən Vavilon əsarətinə, yəhudi çarlarının və peyğəmbərlərin zamanına qədərki dövr; beşincisi, Vavilon əsarətindən İsaya qədərki dövr; altıncısı, İsadan başlayır və ümumiyyətlə tarixin sonuna qədər davam edəcəyi dövrdür.
Qeyd etmək lazımdır ki, Avqustinin varlıq təlimi yeni platonçuluğa yaxındır. Yəni Allah varlığın mənbəyidir, təmiz formadır, ülvi gözəllikdir, xoşbəxtlik mənbəyidir.