Respublikamızda radioaktiv tullantıların mühafizəsi 1957-ci ildə Birləşmiş Millətlər Təşkilatı sistemində atom enerjisinin yalnız dinc məqsədlərlə istifadə edilməsi üzrə müstəqil hökumətlərarası əməkdaşlıq təşkilatı olan Atom Enerjisi üzrə Beynəlxalq Agentlik (AEBA) yaradılmışdır. 2001-ci ildə Azərbaycan Respublikası həmin təşkilata üzv ölkə kimi qəbul olunmuşdur. Azərbaycan Respublikasının Prezidentinin 24 aprel 2008-ci il tarixli 746 №-li Fərmanı ilə respublikamızda nüvə və radioloji təhlükəsizlik sahəsində yaranan münasibətlərin nizamlanması, respublikamızın üzərinə düşən beynəlxalq öhdəliklərin lazımınca yerinə yetirilməsi məqsədilə Fövqəladə Hallar Nazirliyinin Nüvə və Radioloji Fəaliyyətin Tənzimlənməsi üzrə Dövlət Agentliyi təsis edilmiş və 3 aprel 2009-cu il tarixli 74 nömrəli Fərmanla Agentliyin Əsasnaməsi təsdiq edilmişdir. Dövlət Agentliyi əhalinin və ərazilərin nüvə və radiasiya təhlükəsizliyinin təmin olunmasında, nüvə və radioloji fəaliyyətin tənzimlənməsi sahəsində dövlət siyasətinin hazırlanmasında iştirak edən, bu siyasətin həyata keçirilməsini təmin edən və həmin sahədə dövlət nəzarətini həyata keçirən icra hakimiyyəti orqanıdır.
Agentliyin fəaliyyət istiqamətləri aşağıdakılardır:
nüvə və radioloji fəaliyyət sahəsində vahid dövlət siyasətinin və tənzimlənməsinin hazırlanmasında iştirak edir və bu siyasətin həyata keçirilməsini təmin edir;
nüvə və radioloji fəaliyyətin təhlükəsizliyinin tənzimlənməsi mexanizmini müəyyən edir;
nüvə və radioloji fəaliyyətin həyata keçirilməsinə və təhlükəsizliyinin təmin edilməsinə nəzarət edir;
nüvə və radiasiya təhlükəsizliyinin təmin edilməsi sahəsində aşkar edilmiş pozuntulara qarşı qanunvericiliklə müəyyən edilmiş qaydada müvafiq tədbirlər görür;
nüvə və radiasiya təhlükəsizliyinin təmin edilməsi sahəsində norma və qaydalara riayət olunmasına nəzarət edir;
qanunvericiliklə müəyyən edilmiş digər istiqamətlərdə də fəaliyyət göstərir.
Qurumun göstərdiyi xidmət
İonlaşdırıcı şüa mənbələrindən istifadə ilə əlaqədar elmi-tədqiqat və təcrübi-konstruktor işlərinin aparılmasına "Xüsusi icazə"nin verilməsi;
İonlaşdırıcı şüa mənbələri hesab edilən qurğuların, radioaktiv maddələrin saxlanma məntəqələrinin, radioaktiv tullantılar anbarlarının layihələşdirilməsi, hazırlanması, yerləşdirilməsi, inşası, istismarı və istismardan çıxarılmasına "Xüsusi icazə"nin verilməsi;
İonlaşdırıcı şüa mənbələri hesab edilən qurğular, radioaktiv maddələrin saxlanma məntəqələri və radioaktiv tullantılar anbarları üçün texnoloji avadanlığın, radiasiya təhlükəsizliyi vasitələrinin layihələşdirilməsi və hazırlanmasına "Xüsusi icazə"nin verilməsi;
Radioaktiv maddələrin hasilatı, istehsalı, emalı, nəqli və həmin maddələrdən istifadə ilə əlaqədar işlərərin aparılmasına "Xüsusi icazə"nin verilməsi;
Həmçinin respublikamızda fəaliyyət göstərən FHN "İzotop" Xüsusi Kombinatı gündəlik fəaliyyətində radioaktiv mənbələrin və tullantıların qəbulu, zərərsizləşdirilməsi, uzunmüddətli saxlanılması və basdırılması, radioaktiv mənbələrin, materialların və radioizotoplu cihazların nəqli, xüsusi geyimlərin və fərdi mühafizə vasitələrinin dezaktivasiyası, ərazilərdə, təşkilatlarda və radiasiya qurğularını istismar edən müəssisələrdə radioloji və radioekoloji monitorinq üzrə iş aparır.
Neft-qaz istehsalı sənayesi, geologiya, digər sənaye sahələri, yol və kommunikasiya inşaatı, tibb, kənd təsərrüfatı, elmi tədqiqatlar və təhsil sahələrində, eləcə də özəl sektorda radioloji fəaliyyət göstərən şirkət, müəssisə və təşkilatlarda yaranmış radioaktiv tullantılar, əhalinin və ətraf mühitin radiasiya təhlükəsizliyinin təmin edilməsi məqsədilə, radioaktiv materialların müasir, etibarlı izolyasiyası texnologiyalarını tətbiq edən "İzotop" Xüsusi Kombinatında toplanır, kondisiyalaşdırılır və saxlanılır. Belə müəssisələr üçün "İzotop" Xüsusi Kombinatı radioaktiv materialların ölkə ərazisində təhlükəsiz nəql edilməsi xidmətlərini də göstərir. Bunlarla yanaşı, kombinat radioloji fövqəladə hadisələrə cavab tədbirlərinin həyata keçirilməsi əməliyyatlarında iştirak edir.
Radioaktiv şüalanma ilə bağlı və digər buna oxşar hadisə baş verdikdə "İzotop" Xüsusi Kombinatının mütəxəssisləri dərhal əməliyyata cəlb edilir və öncədən qəzanın miqyasını müəyyənləşdirirlər. Bundan sonra "İzotop"un mütəxəssisləri radiometrik və dozimetrik ölçmələr apararaq, torpaq, su, dib çöküntüləri, bitki və digər ətraf mühit obyektlərinin nümunələrini götürür və radioloji şəraiti, hadisənin miqyasını müəyyənləşdirərək, radioaktiv çirklənmənin aradan qaldırılmasını və tullantıların toplanmasını həyata keçirirlər. Təhlükəsizlik qaydalarına əməl edən mütəxəssislər tullantıların və müxtəlif nümunələrin radiometrik və alfa-beta-qamma spektrometrik analizlərini Kombinatın Radioaktiv Tullantıların Emalı və Saxlanması Mərkəzində yerləşən radioanalitik laboratoriyada aparır. Eyni zamanda yüksək ayırdetmə qabiliyyətli spektrometrlərlə materialların tərkibindəki radioizotoplar etibarlı şəkildə eyniləşdirilərək, onların miqdarı müəyyən edilir. Laboratoriyada torpaq, su, dib çöküntüləri, bitki və digər ətraf mühit obyektləri nümunələrinin analizləri ilə yanaşı müxtəlif təşkilat və güc strukturlarının müraciəti ilə tikinti materiallarının radiasiya təhlükəsizliyinə nəzarət, naməlum əşya və maddələrin ekspert analizi də aparılır.
Mərkəzə inzibati bina, radioanalitik laboratoriya, köməkçi generatoru olan elektrik yarımstansiya, xüsusiləşdirilmiş avtomobillər üçün qaraj, radioaktiv tullantıların emalı binası, kondisiyalaşdırılmış bərk radioaktiv tullantılar üçün örtülü anbar, yüksək aktivliyə malik mənbələrin saxlanması üçün nəzərdə tutulan özəkləri olan anbar, xüsusi kanalizasiyanın radioaktiv çirklənmiş axıntılarının toplanması üçün çənlər və təmizləyici avadanlıq, tullantıların və işlənmiş mənbələrin, bioloji radioaktiv tullantıların basdırılması üçün quyular daxildir.
Qurulmuş müasir texnoloji xətdə tullantılar basdırılma və uzunmüddətli saxlanmaya hazırlanaraq, radioaktiv tullantıların emalı binasında qablaşdırılır. Burada quraşdırılmış çeşidləmə boksunda radioaktiv tullantılar fiziki göstəricilərinə görə ayrılır. Bərk tullantılar kəsilir və qablaşdırılma üçün tələb olunan həcmədək azaldılır. Yumşaq tullantılar isə press vasitəsi ilə sıxlaşdırılır. Uzunmüddətli saxlanma zamanı radioaktiv maddələrin ətraf mühitə yayılmaması məqsədilə bərk tullantıların yerləşdirildiyi çəlləklər sement qarışığı ilə doldurulur. Sement qarışığının dozalaşdırılması və tədricən qurudulması avtomatik yerinə yetirilir. Sonra pasportlaşdırma qurğusunda çəlləklərdə qablaşdırılmış tullantıların tərkibindəki radioaktiv izotopların eyniləşdirilməsi və miqdarı analizi yerinə yetirilir. Onun nəticələri qablaşdırmaların saxlanması şəraitini, müddətini və yerini dəqiqləşdirmək, eləcə də inventarlaşdırma məqsədilə istifadə olunur. Radioaktiv tullantıların yerləşdirildiyi bağlamaların temperatur sıxlaşması və genişlənməsi səbəbindən zədələnməsinin, eləcə də su buxarının kondensasiyası nəticəsində korroziyaya uğramasının qarşısını almaq məqsədi ilə burada onların saxlandığı anbarlarda sabit temperatur, aşağı rütubət və hava sirkulyasiyası təmin edilir. Beləliklə, tullantı bağlamalarının saxlanma müddətinin 50 ildən yuxarı olmasına nail olunur.
Mərkəzin ərazisi boyu qamma və neytron şüalanması detektorları quraşdırılıb. Laboratoriyada yerləşən mərkəzi idarəetmə və nəzarət pultuna birləşdirilmiş bu sistem kombinatın ərazisinin radiasiya fonuna arasıkəsilməz avtomatik nəzarət etməyə imkan verir..
Bu gün "İzotop" Xüsusi Kombinatında radioaktiv tullantılarla rəftar sahəsində geniş elmi-tədqiqat işləri aparılır. Kombinat Atom Enerjisi üzrə Beynəlxalq Agentliyin texniki əməkdaşlıq layihələrinə də qoşulub. Bu layihələrin sırasına yod və brom istehsalı üzrə keçmiş zavodların ərazilərindəki radioloji vəziyyətin tədqiqi, orada toplanmış radioaktiv tullantıların həcmlərinin və yayılma xarakterinin təyinini aid etmək olar.
Bir sıra beynəlxalq təşkilatlarla əməkdaşlıq edən, "İzotop" Xüsusi Kombinatı həmçinin Nüvə və Radioaktiv Fəaliyyətinin Tənzimlənməsi üzrə Dövlət Agentliyinin mütəxəssisləri radioaktiv tullantıların utilizasiyası üzrə böyük dünya mərkəzlərində təlim keçir, tullantıların idarə olunmasının təşkili, radiasiya təhlükəsizliyi, tullantılarla rəftar texnologiyaları üzrə müxtəlif məsələlərdə beynəlxalq ekspertlərin tövsiyələrini alır.
Nəticə Atmosferdə nüvə silahının sınaqlardan keçirilməsi, Atom Elektrik Stansiyalarında və nüvə reaktorlarında qəzaların baş verməsi və onların istismar edilməsinin nəticəsində ətraf mühit radioaktiv tərkibli tullantılarla çirklənir. Atom Elektrik Stansiyalarının istismarı nəticəsində yaranan radioaktiv tullantıların idarə olunması, habelə bu tip radiasiya təhlükəli obyektlərdə müxtəlif səbəblərdən qəzanın baş verməsi bir sıra ekoloji problemlərə gətirib çıxarır. Həyat təcrübəsindən göründüyü kimi, Çernobl və Fukusima qəzaları kimi baş vermiş hadisələr radiasiyanın insanlara nəzarət edilə bilinməyən təsiri ilə nəticələnir. Bununla yanaşı, nüvə energetikasının tətbiqi daha ucuz elektrik enerjisinin əldə olunmasına imkan yaradır. Nüvə və radioaktiv materiallarının istifadəsi ilə əlaqədar bütün sahələrdə maksimum təhlükəsizlik tədbirlərinin görülməsi üsullarının işlənilməsi, yeni daha təhlükəsiz texnologiyaların hazırlanması və nəzarət prosedurlarının təkmilləşdirilməsi məsələləri bu gün bütün dünyada prioritet məsələlərdən biridir.
Eyni zamanda, qeyd etmək lazımdır ki, radiasiya insanlara təhlükənin yaradılması ilə yanaşı bir çox sahələrdə əvəzsiz xidmət edir. Tibb, sənaye, kənd təsərrüfatı, kimya, elm və digər sahələrdə radioaktiv mənbələr və ionlaşdırıcı şüalanma qurğuları geniş tətbiq olunur. Radioaktiv mənbələrin istehsalı və tətbiqi üzrə bütün mərhələlərdə radiasiya təhlükəsizliyinin təmin olunması üzrə tənzimləyici orqan və digər səlahiyyətli təşkilatlar tərəfindən nəzarət aparılır. İonlaşdırıcı şüalanma mənbələrinin tətbiqi ilə aparılan bəzi fəaliyyət növlərinə nəzər yetirək.
Tibb müəssisələrində radioaktiv mənbələrin və ionlaşdırıcı şüalanma qurğularının istifadəsi ilə pasiyentlərin tibbi müayinəsi və müalicəsi həyata keçirilir. Bunlardan hər birimizin ən çox rastlaşdığı rentgen müayinəsidir ki, sümük sınığının aşkar olunması, ağ ciyər xəstəliklərinin müəyyən edilməsi və daha bir çox diaqnostik işlərin aparılmasında əvəzsiz müayinə üsuludur. Radioaktiv preparatların tətbiqi ilə müalicə isə xüsusilə onkoloji xəstələr üçün nəzərdə tutulmuş müasir üsullardan biridir. Bu sahənin gündən günə inkişaf etdiyini nəzərə alaraq, yeni “nüvə təbabəti” termini tətbiq edilmiş və mənbələrdən istifadə texnologiyaları daim müasirləşdirilməkdədir.
Sənaye müəssisələrində radioaktiv mənbələrin tətbiqi olduqca çoxşaxəlidir. Belə ki, bu mənbələr geofiziki tədqiqatlar, qaynaq tikişlərinin keyfiyyətinin yoxlanılması, torpaq qatlarının sıxlığının və nəmliyinin ölçülməsi, çənlərdə maye səviyyəsinin ölçülməsi, tikinti materialların hazırlanması üçün xammalın analizinin keçirilməsi və daha bir çox məqsədlərlə istifadə olunur. Bu üsullar müxtəlif təyinatlı binaların tikintisində, yeni yolların salınmasında, neft və qaz hasilatında, dəmir-boru kəmərlərinin çəkilməsində, aviasiyada və bir sıra digər sahələrdə tətbiq edilir.
Kənd təsərrüfatında bəzi bitki toxumlarının (pambıq, kələm, turp və s.) radioaktiv preparatların tətbiqi ilə müəyyən miqdarda qamma şüalanmanın təsirinə məruz edilməsi əhəmiyyətli dərəcədə məhsuldarlığın artmasına gətirir. Müəyyən edildiyi kimi, böyük dozalarda qamma şüalanmanın təsiri nəticəsində yeyinti məhsullarında olan mikroorqanizmlər məhv olur və bu üsulla sterilizasiyanın aparılması nəticəsində həmin məhsulun saxlanma müddəti dəfələrlə artırıla bilər. Eyni zamanda, böyük dozalarda qamma şüalanmanın təsirinə məruz qalma bitkilərdə mutasiyalara səbəb olur və bəzi hallarda dəyərli yeni məhsulların alınmasına imkan yaradır. Bu üsulla taxıl, lobya və digər bitkilərin yeni dəyərli bitki növləri yetişdirilmişdir.
Göründüyü kimi, müasir həyatda bir çox sahələrdə ionlaşdırıcı şüalanma mənbələrinin tətbiqi olduqca zəruri bir haldır. Belə mənbələrin istifadəsi ilə çalışan mütəxəssislər tələb olunan hazırlıq və təcrübəyə malik olduqları, həmçinin təhlükəsizlik qaydaları və istismar olunan radioaktiv mənbəli avadanlığın iş prinsipini bildikləri səbəbindən onlardan təhlükəsiz istifadə edə bilirlər. Lakin təəssüflər olsun ki, bununla yanaşı bəzi hallarda məsuliyyətsizlik və təhlükəsizlik qaydalarına tam riayət edilməməsi səbəblərindən bu mənbələrin itirilməsi və ya oğurlanması hallarının baş verməsi təhlükəsi də mövcuddur. Belə halların baş verməməsi üçün insanlar daha diqqətli olmalı, radiasiya təhlükəsini bildirən işarələri tanımalı və bu işarələrin olduğu hər hansı bir əşyaya rast gəldikdə dərhal həmin əşyadan kənara çəkilməli və hadisə barədə müvafiq orqana məlumat verməlidir. Respublikamızda bu cür hallarla rastlaşdıqda Fövqəladə hallar Nazirliyinin qaynar xəttinə - 112-yə zəng edilməlidir. Heç bir halda belə əşyalara əllə toxunmaq olmaz. Eyni zamanda, FHN mütəxəssisləri hadisə yerinə gələnədək, üzərində radiasiya təhlükəsi işarəsi olan naməlum əşyaya digər insanların yaxınlaşmasının qarşısının alınması üçün müvafiq tədbirlər görülməlidir.
İstifadə edilmiş ədəbiyyat Radiasiya gigiyenası (dərslik) – “TƏBİB”, BAKI 2009
Технологические основысистемыуправлениярадиоактивными отходами – Москва, 2007
http://www.atomic-energy.ru
http://fhn.gov.az
http://www.un.org/ru/ga/iaea/