Azərbaycan Respublikası Təhsil Nazirliyi
Azərbaycan Memarliq və İnşaat Universiteti
Referat
Fakultə: ST və MKS
Qrup: 334a3
Müəllim: Dadaşov Elxan
Tələbə: Qarayeva Aygün
Mövzu: Ətraf mühitin radioaktiv tullantılardan qorunması
Bakı 2015
Giriş Ətraf mühitin radioaktiv maddələrlə çirklənməsi
Radiasiya qəzaları zamanı radiasiya təhlükəsizliyi
Radioaktiv tullantıların toplanması, saxlanması, daşınması və zərərsizləşdirilməsi
Radioaktiv çirklənmədən mühafizə tədbirləri
Nəticə İstifadə edilmiş ədəbiyyat
Giriş Radioaktivlik yeni hadisə deyildir, lakin bəşəriyyətin onu kəşf etməsi, öyrənməsi və istifadə etməsi yenidir. Bəşəriyyətin inamla atom əsrinə daxil olması XX əsrin ikinci yarısında xalq təsərrüfatının bütün sahələrində ionlaşdırıcı şüaların müvəffəqiyyətlə tətbiqini genişləndirmiş və bununla əlaqədar radioaktiv maddələrlə təmasda olanların sayının çoxalmasına və ətraf mühitin radioaktiv tullantılarla çirklənmə təhlükəsinin artmasına səbəb olmuşdur. Keçən əsrin 20-ci illərində dünyada cəmi bir neçə yüz qram radium var idisə, hazırda atom sənayesi hər il yüz min tonlarla radiuma ekvivalent olan yüksək aktivliyə malik radionuklidlər istehsal edir. İlk atom bombasının Yaponiyanın Xirosima və Naqasaki şəhərlərində partladılması və sonrakı illərdə atom və istilik nüvə silahlarının sınaqlarının keçirilməsi biosferə küllü miqdarda süni radioaktiv izotopların daxil olmasına səbəb olmuşdur.
İonlaşdırıcı şüa mənbələrinin təbabətdə tətbiqi xüsusi qeyd olunmalıdır. Hazırda təkcə radioaktiv izotoplarla diaqnostika və müalicə on minlərlə xəstənin həyatını xilas etmişdir.
Radioaktiv tullantılar radioaktiv çirklənmənin əsas mənbələrindən biridir. Bunlar müxtəlif əlamətlərinə görə fərqləndirilir:
aqreqat tərkibinə görə ( bərk, maye, qaz).
Yarımparçalanma dövrünə görə ( az yaşayan - bir ildən az, orta yaşayan- 1 ildən 100 ilə qədər, uzun müddət yaşayan- yüz ildən çox)
Xüsusi fəallağına görə (az fəal-0,1 ki/m3-dən az, orta fəal (0,1-dən 1000 ki/m3), yüksək fəal (1000 ki/m3 –dən çox).
Şüalanma tərkibinə görə ( alfa şüalanma, beta şüalanma, qamma şüalanma və neytron şüalanma).
Ətraf mühitin radiasiya fonunun formalaşmasında bir sıra təbii radiasiya mənbələri ilə yanaşı, atom sənayesinin inkişafı və müxtəlif məqsədlərlə radioaktiv maddələri tətbiq edən texnogen mənbələrin mühüm rolu vardır. İstənilən halda ətraf mühitin radiasiya fonunun yüksəlməsi əhalinin ionlaşdırıcı şüalanmanın zərərli təsirinə məruz qalma riskini artırır. Lakin radioaktiv maddələrin elm və texnikanın müxtəlif sahələrində tətbiqi, nüvə texnologiyasının getdikcə inkişaf etməsi, ətraf mühitin radioaktiv maddələrlə texnogen çirklənməsinin intensivləşməsi bu riskin daha təhlükəli xarakter almasına səbəb olur.