Ekoloji cinayətin obyekti qanunla qorunan təbii obyektlər və təbii komplekslər, habelə bütövlükdə ətraf mühitdir.Ətraf mühitin mühafizəsi haqqında Əsas Qanunun preambulasına (latınca “preambulus” sözündən olub, “qabaqda gedən” deməkdir. Preambula – qanunvericilik və ya digər hüquqi aktların, beynəlxalq müqavilələrin giriş hissəsi olub,həmin aktın qəbul edilməsi şəraiti və motivləri, məqsəd və vəzifələrinin konkret şəkildə göstərilməsidir.Bir qayda olaraq, beynəlxalq aktların prembulasında müqavilədə iştirak edən tərəf dövlətlərin adları sadalanır) görə, “ətraf mühitin keyfiyyətinin yaxşılaşdırılması, təbii ehtiyatların səmərəli istifadəsi və bərpası, ətraf mühitin mühafizəsi sahəsində qanunçuluğun və hüquq qaydalarının möhkəmlədirilməsi məqsədi ilə cəmiyyətlə təbiətin qarşılıqlı əlaqəsinin tənzimlənməsi, ətraf mühitin mühafizəsi sahəsində ekoloji təhlükəsizliyin təmin edilməsi” və digər bu sahə ilə bağlı məsələlər qanunun obyekti hesab olunur.Ekoloji cinayətin obyekti müəyyənləşdirilərkən, mütləq onların ətraf mühitlə ekoloji bağlılığı nəzərə alınmalıdır.Məsələn,zooparkdan, zoomağazadan və ya şəxsi kolleksiyadan heyvanların oğurlanması, öldürülməsi, xəzli heyvan dərilərini satma, mübadilə etmə və s. cinayət əməli sayılsa da, ekoloji sistemlə əlaqəsi olmadığından ekoloji cinayətin obyekti hesab edilə bilməz.