AZƏRBAYCAN RESPUBLİKASI TƏHSİL NAZİRLİYİ
BAKI BİZNES UNİVERSİTETİ
Fakültə: İQTİSADİYYAT VƏ İDARƏETMƏ
İxtisas: MALİYYƏ
Kafedra: MALİYYƏ
Fənn: Statistika
REFERAT
Mövzu: Xərclərin təsnifatı və quruluşunun öyrənilməsi
Tələbə: Astanov Ruslan
Qrup: 636
Kurs: 2
Müəllim: Yaqublu Etibar
Bakı – 2011
Plan:
1.İstehsal xərcləri, onun mahiyyəti və təsnifatı
2.İstehsal xərcləri və mənfəət arasında asılılıq
3.Xərclərin həddi və mənfəətin yüksəldilməsi
1.İstehsal xərcləri, onun mahiyyəti və təsnifatı.
İstehsal xərcləri bir sıra iqtisadi kateqoriyaların formalaşmasında əsaslı rol oynamaqla (qiymət, mənfəət, rəqabətqabiliyyətlilik və s.) mühüm təcrübi əhəmiyyət daşıyır. Aqrar bazar şəraitində istehsal xərcləri xüsusi rola malikdir. Belə ki, çoxsaylı əmtəə istehsalçısının mövcud olduğu kənd təsərrüfatında istehsal xərclərini formalaşdıran maddi-texniki resurslara, göstərilən iş və xidmətlərə görə xərclər məhsul istehsalına çəkilən xərclərin müəyyən hissəsini formalaşdırır. Bu baxımdan aqrar bazara çıxarılacaq kənd təsərrüfatı məhsulları istehsalı xərcləri daxili və xarici xərclər kimi təsnifləşdirilir.
Daxili xərclərə istehsal prosesində müəssisələrin özünə məxsus olan resurslardan istifadəyə çəkilən xərclərdən ibarətdir. Məsələn, kənd təsərrüfatı müəssisələri istehsal etdiyi bəzi məhsulların müəyyən hissəsini toxum kimi saxlamaqla növbəti istehsal dövründə istifadə edir (məsələn, taxıl məhsulu). Həmçinin istehsal etdiyi yem məhsullarının müəyyən hissəsini heyvandarlığın inkişafına yönəldir. Müəssisələrin malik olduğu bina və qurğulara, maşın və avadanlıqlara çəkilən xərclər də daxili xərclərə aid edilir.
Xarici xərclərə kənardan alınan xammal, yanacaq, gübrələr, elektrik enerjisi, yemlər, muzdla cəlb olunmuş əmək ehtiyatlarına və nəqliyyata çəkilən xərclər və s. daxildir.
Ümumiyyətlə istehsal xərcləri müəssisələrin məhsul istehsalı prosesində çəkdiyi bütün xərcləri xarakterizə edir. İstehsal xərclərini xarakterinə görə sabit və dəyişən xərclər kimi qruplaşdırmaq olar.
Sabit xərclər istehsal prosesində məhsulların müxtəlif növlüyündən, onların kəmiyyətindən asılı olaraq formalaşır. Məsələn, inzibati işçilərə verilən əmək haqqı, bina və avadanlıqların saxlanması xərcləri və s.
Dəyişən xərclər müxtəlif məhsulların istehsalı, onların həcmi ilə bilavasitə bağlıdır. Məsələn, eyni sahəyə çəkilən xərclər artıb-azaldıqda dəyişir, yaxud yeni texnologiyanın tətbiqi, gübrələrdən istifadə və s. xərclərin dəyişməsinə səbəb olur.
Sabit və dəyişən xərclər mahiyyətinə görə fərqlənsə də onlar arasında asılılıq mövcuddur və biri-birini tamamlayır. Yəni sabit və dəyişən xərclər istehsala çəkilən xərcləri əks etdirməklə ümumi istehsal xərclərini formalaşdırır.
İstehsal xərclərindən danışarkən məhsul vahidinə çəkilən xərclərin-maya dəyərinin mahiyyətinin və əhəmiyyətinin müəyyənləşdirilməsi xüsusilə vacibdir. Bu göstərici istehsal strukturlarını müqayisəli qiymətləndirilməsində, qiymətqoyma prosesində, məhsulların rəqabət qabiliyyətinin formalaşmasında, mənfəətin hesablanması və yüksəldilməsi tədbirlərinin hazırlanmasında əhəmiyyətli rol oynayır.
İqtisadi ədəbiyyatda maya dəyəri termini orta istehsal xərcləri kimi də adlandırılır. Maya dəyərini, yaxud orta istehsal xərclərini sabit və dəyişən xərclər üçün də müəyyənləşdirmək mümkündür.
Orta sabit xərcləri və orta dəyişən xərcləri hesablamaq üçün ümumi sabit və ümumi dəyişən xərclər istehsal olunmuş məhsulun həcminə bölünür.
Deməli orta sabit xərclər istehsalın həcmi artdıqca aşağı düşür, orta dəyişən xərclər isə ilk baxışdan məhsulun həcminin artımı nəticəsində məhsul vahidinə görə azalsa da məhsuldarlığın artımına yönəldilən xərclər hesabına yüksəlir.
Kənd təsərrüfatında istehsal xərcləri hesablanarkən xərclərin ödənilməsi müddəti fərqləndirilir və nəzərə alınır. Belə ki, xərclərin ödənilməsi prosesinin təhlili onun uzun dövrü əhatə etdiyi vaxta və qısamüddətli dövrə görə müqayisə edilməklə aparılır. Bu zaman kəsiyində əldə olunacaq mənfəətin səviyyəsi dövrlərə görə qiymətləndirilir. Təbii ki, bazarın tələbi nəzərə alınmaqla istehsalçı öz iqtisadi marağına uyğun variantı seçir və istehsal istiqamətinin müəyyənləşdirilməsində bu amildən əhəmiyyətli şəkildə istifadə edir.
Xərclər ümumiləşdirilmiş formada müəyyən əmtəə və xidmətlərin istehsalının təşkili üçün lazım olan istehsal amillərinin dəyərindən ibarətdir.
Ümumiyyətlə kənd təsərrüfatı məhsullarının istehsalı prosesində xərclərə aşağıdakı mövqelərdən yanaşmaq lazımdır:
a) istehsal vasitələrinə (materiallara) xərclər. Məsələn: toxum, gübrə, bitki mühafizə vasitələri, neft məhsulları və s.;
b) əmək haqqı:
- haqqı ödənilən (muzdlu) iş qüvvəsinə əmək haqqı xərcləri;
- haqqı ödənilməyən (ailənin) iş qüvvəsinə əmək haqqı xərcləri;
Qeyd: Ailənin əmək haqqı mənfəətdən ödənilir, eyni zamanda onlardan istifadə müəyyən alternativ xərcləri əmələ gətirir.
c) İş və xidmətlərə xərclər. Məsələn, texnikadan istifadə, mühasibat uçotunun aparılması və s.;
d) əsas istehsal vasitələrindən istifadə:
amortizasiya ayırmaları;
e) kapitaldan istifadə üzrə xərclər:
- xüsusi kapital - faiz dərəcəsi;
- borc kapitalı - faizlər;
Qeyd: Xüsusi kapital mənfəətdən ödənilir, eyni zamanda ondan istifadə müəyyən (alternativ) xərcləri əmələ gətirir.
ə) Sair xərclər. Məsələn, sığorta haqları, vergilər və s.
Xərclərin təsnifləşdirilməsi aşağıda öz əksini tapmışdır.
Sabit, mütənasib dəyişən və qeyri-mütənasib dəyişən xərclərlə ümumi, orta və son hədd xərcləri arasında müxtəlif asılılıqlar mövcuddur (şəkil 10).
Ümumi xərclər dəyişən xərclərin artması hesabına artdıqda onun strukturunda sabit xərclərin xüsusi çəkisi aşağı düşür. Ümumi xərclərlə mütənasib dəyişən xərclər arasında düz mütənasiblik mövcuddur. Çünki qısamüddətli dövrdə ümumi xərclər dəyişən xərclər hesabına artır. Dəyişən xərclərin artmasının məhsul istehsalının artımı ilə müşahidə olunması vəziyyətində hər məhsul vahidinə düşən sabit xərclərin, yəni orta sabit xərclərin azalması baş verir.
Aydındır ki, istehsalın baş vermədiyi şəraitdə belə sabit xərclər mövcud ola bilər. Məsələn, istehsalçı torpaq sahəsini əkib-becərmədiyi halda da torpaq vergisini ödəməlidir. Deməli istehsalın həcmi ilə orta dəyişən xərclər arasında tərs mütənasiblik mövcuddur. Ümumiyyətlə istehsalın mövcud olmadığı bir şəraitdə dəyişən xərclər sıfıra enir, lakin sabit xərclər öz səviyyəsində qalır. Ümumi xərclərin strukturunda baş verən dəyişiklik özünü orta xərclərin strukturunda büruzə verir. Belə ki, məsələn, ümumi xərclərin strukturunda sabit xərclərin xüsusi çəkisinin artması müvafiq olaraq orta xərclərin xüsusi çəkisində orta sabit xərclərin xüsusi çəkisinin artması ilə müşahidə olunur.
Dostları ilə paylaş: |