Büdcə gəlirlərinin formalaşması
Azərbaycan Respublikasının ərazisində qanunvericiliklə müəyyən olunmuş tədiyyələr üzrə daxilolmaların dövlət büdcəsi və digər büdcələr arasında bölgüsü regionların inkişaf proqramları nəzərə alınmaqla, hər il qəbul olunan dövlət büdcəsi haqqında qanunla tənzimlənir. Ölkəmizdə gəlirlərin büdcə sisteminin həlqələri arasında bölgüsü aşağıdakı prinsiplərə əsaslanır:
büdcənin gəlirlər sisteminin müvafiq ərazinin iqtisadi inkişafından asılı olaraq onların gəlirləri hesabına formalaşması;
tədiyyələrin ardıcıl və fasiləsiz daxil olması təmin edilməklə, kassa kəsirinin əmələ gəlməsinin qarşısının alınması;
hər bir büdcənin xərcləri səviyyəsində maliyyə vəsaiti ilə təmin edilməsi;
müvafiq ərazinin iqtisadi inkişafına uyğun olaraq büdcənin təminatı;
büdcələrin balanslaşdırılmasına nail olunması.
Dövlət gəlirləri sisteminin əsas tərkib hissəsi olan büdcə gəlirləri dövlətin maliyyə ehtiyatlarını özündə cəmləşdirir. Büdcə gəlirlərinin yaradılması dövlət tədbirlərini həyata keçirilməsi üçün ərazi, sahə və məqsədli təyinatı üzrə formalaşdırılır. Büdcə gəlirləri iqtisadi əlaqələri ifadə etməklə bütün mülkiyyətdən olan müəssisə, təşkilatlar və əhalinin gəlirləri hesabına ölkənin büdcəsini formalaşdırır. Bu iqtisadi əlaqələr müəssisə, təşkilat və əhalinin dövlət büdcəsi gəlirlərinə müxtəlif növ tədiyyələr ödənilməsində özünü göstərir. Müxtəlif səviyyəli büdcələrin xərclərinin təmin olunması üçün onlar müvafiq gəlirlərə malik olmalıdır. Bu məqsədlə, müasir tələblərə cavab verən büdcə təsnifatı büdcənin gəlir və xərclərinin uçotunun beynəlxalq standartlara uyğun həyata keçirilməsinə imkan verməlidir. Adətən, büdcə təsnifatı əsasən büdcənin ayrı-ayrı gəlirlərini və xərclərini qruplaşdıran «Büdcə gəlirlərinin təsnifatı»ndan, büdcə xərclərini bölmələr səviyyəsində qruplaşdıran «büdcə xərclərinin funksional təsnifatı»ndan, büdcə xərclərini ayrı-ayrı xərc yarımmaddələri səviyyəsində «Büdcə xərclərinin iqtisadi təsnifatı»ndan və büdcə xərclərini təşkilatlar səviyyəsində qruplaşdıran «Büdcə xərclərinin inzibati təsnifatı»ndan ibarətdir.
Nəzərə almaq lazımdır ki, gəlirlərin mövcud təsnifatı ilə inkişaf etmiş ölkələrin gəlirlərinin təsnifatı arasında uyğunsuzluq mövcud olduğundan, ölkələrarası məlumatların müqayisəsində, həmçini həmin məlumatların beynəlxalq maliyyə qurumlarına təqdim edilməsində bəzi anlaşılmazlıqlar yaranır. Buna görə də, gəlirlərin təsnifatına görə ölkəmizin iqtisadi göstəricilərinin digər ölkələrin müvafiq göstəriciləri ilə müqayisə edilməsi üçün mövcud nöqsanlar aradan qaldırılmalıdır.
Adətən, büdcə gəlirlərinin təsnifatı - vergilərdən daxilolmalar, sosial ayırmalar, qrantlar və digər gəlirlərdən ibarət dörd kateqoriyaya bölünür. Mövcud təsnifatda gəlirlər əsasən, spesfik xüsusiyyətlərinə, o cümlədən müxtəlif vergi dərəcələri, mülkiyyət növləri, vergi orqanlarında qeydiyyata alınma üsulu və sair nəzərə alınmaqla, vergi ödəyiciləri üzrə təsnifatlaşdırıldığından, vergi dərəcələrinə əlavə və dəyişikliklər edildikdə, bu qaydaların həyata keçirilməsinə xeyli vaxt tələb olunur. Buna görə də, gəlirlərin təsnifatında müvafiq qanunvericilik aktlarında ola biləcək dəyişikliklər maksimum dərəcədə nəzərə alınmalıdır.
Dövlət gəlirlərinin və vergi sisteminin əsasını təşkil edən dövlət vergiləri Vergi Məcəlləsi ilə müəyyən edilən və ölkənin bütün ərazisində ödənilməli olan vergiləri əhatə edir. Dövlət vergilərinin növləri, vergiqoyma obyektləri, imtiyazların növləri və dərəcələri, vergilərin ödənilməsi qaydaları və onların büdcə və ya büdcədənkənar fondlara hesablanması dövlət icra strukturlarının müvafiq aktlarına əsasən tətbiq edilir. Bu aktlara - qərarlar, əmrlər, sərəncamlar, qaydalar, təlimatlar və əsasnamələr daxildir. Respublikamızda hal-hazırda tətbiq edilən vergilərə fiziki şəxslərdən gəlir vergisi, hüquqi şəxslərin mənfəət vergisi, hüquqi şəxslərin torpaq vergisi, hüquqi şəxslərin əmlak vergisi, əlavə dəyər vergisi, aksizlər, mədən vergisi, yol vergisi və sadələşdirilmiş sistem üzrə vergi aiddir. Bu göstərilən vergilərin bir çoxu tənzimləyici büdcə gəlirlərinə aid edilir. Tənzimləyici gəlirlər normativlər əsasında maliyyə ili üçün dövlət büdcəsinin bələdiyyə büdcələrinə növbəti və ya uzun müddətə ayırdığı maliyyə vəsaitidir. Eyni zamanda büdcənin tənzimləyici gəlirlərinə transfert ödənişləri də daxildir.
Bütün hakimiyyət səviyyələri arasında səmərəli gəlir və xərclərin formalaşması, habelə büdcə münasibətləri sisteminin hazırlanması keçid iqtisadiyyatlı ölkələrdə islahatların həyata keçirilməsinin həlledici şərtidir. Yerli səviyyələrdə tarazlaşdırılmış büdcə - makroiqtisadi sabitliyin təmin olunmasının başlıca amilidir. Bəzi hallarda büdcə tarazlığının pozulması uzun müddət ərzində davam edə bilər, çünki yerli səviyyəyə keçirilmiş vergilər eyni səviyyəyə keçirilmiş xərclərdən daha aşağı sürətlə arta bilər.
Müvafiq gəlirlər əldə etmək vasitəsilə dövlət və bələdiyyə orqanları öz vəzifə və funksiyalarını yerinə yetirmək üçün iqtisadi imkan əldə etməklə yanaşı, sosialmədəni tədbirlər həyata keçirir, iqtisadiyyatı tənzimləyir. Dövlətin sosial-iqtisadi vəzifələrinin həyata keçirilməsinin əsasını təşkil edən dövlət büdcəsi iqtisadi münasibətlərin mühüm tərkib hissəsi olmaqla, maliyyə münasibətləri sistemində əhəmiyyətli rola malikdir.
Yerli özünüidarəetmə orqanı olan bələdiyyələrin vergiləri isə müvafiq qanunla müəyyən edilən, bələdiyyələrin qərarlarına əsasən tətbiq edilən və bələdiyyələrin ərazilərində ödənilən vergilərdir. Bələdiyyələr tərəfindən tətbiq edilən digər məcburi ödənişlər müvafiq qanunla müəyyənləşdirilir. Bələdiyyə mülkiyyətində olan əmlakın istifadəsindən əldə olunun gəlirlər, onların tabeliyində olan büdcə idarələrinin göstərdikləri pullu xidmətlər və bələdiyyə mülkiyyətində olan əmlakın satışından əldə olunan gəlirlər bələdiyyələrin gəlirlərinə aid edilir.
Bələdiyyə büdcələrinin gəlirləri əsasən yerli vergilər, fiziki şəxslərin torpaq vergisi, fiziki şəxslərin əmlak vergisi, yerli əhəmiyyətli tikinti materialları üzrə mədən vergisi, bələdiyyə mülkiyyətində olan müəssisə və təşkilatın mənfəət vergisi, reklam haqqı, kurort, mehmanxana, avtomobillərin dayanacaqları üçün rüsumlar, pul-şey lotoreyalarının satışından daxilolmalar və digər ödəmələr hesabına formalaşdırılır.
Büdcə gəlirlərinin formalaşmasında vergilərdən daxilolmalarla yanaşı vergi olmayan gəlirlər də xüsusi əhəmiyyət kəsb edir. Bu gəlirlərə mülkiyyətdən və sahibkarlıq fəaliyyətindən gəlirlər, büdcə təşkilatının xüsusi vəsaitlərindən daxilolmalar, maliyyə və qeyri-maliyyə müəssisə və idarələrindən vergi olmayan daxilolmalar, qeyri-maliyyə dövlət müəssisələrindən gəlirlər, qeyri-maliyyə dövlət müəssisə və təşkilatları tərəfindən alınmış büdcə ssudaları üzrə faizlərin ödənilməsi, qeyri-maliyyə dövlət müəssisələrindən alınan dividendlər, pul-şey lotoreyaları üzrə daxilolmalar, qeyri-maliyyə dövlət müəssisələrindən sair gəlirlər, maliyyə təşkilatlarından gəlirlər, Milli Bankın mənfəətindən daxilolmalar, maliyyə təşkilatları tərəfindən alınmış büdcə ssudaları üzrə faizlərin ödənilməsi, maliyyə təşkilatlarından alınan dividendlər, xarici dövlətlərdən mülkiyyətlə bağlı gəlirlər, xarici qeyri-dövlət strukturlarından mülkiyyətlə bağlı gəlirlər, daxili xüsusi sektordan daxil olan mülkiyyətlə bağlı gəlirlər, mülkiyyətdən daxil olan sair gəlirlər, inzibati tədiyyələr, dövlət rüsumlarf, cərimə və sanksiyalar üzrə daxilolmalar aid edilir.
Büdcənin xüsusi gəlirlərinə qeyri - vergi gəlirləri daxildir. Bunlar dövlət və ya bələdiyyə mülkiyyətində olan əmlakın satışından və ya əvəz edilməsindən gəlirlər, büdcə sisteminin digər səviyyəli büdcələrdən maliyyə yardımı və büdcə ssudası kimi alınan gəlirlərdir. İstər dövlət, istərsə də bələdiyyə mülkiyyətində olan əmlakın satışından alınan vəsaitlər tam həcmdə müvafq büdcələrə köçürülür.
Fiziki və hüquqi şəxslər, beynəlxalq təşkilatlar və xarici dövlətlərin hökumətləri tərəfindən əvəzsiz köçürülən vəsaitlər də büdcə gəlirlərinə daxildir. Büdcə gəlirləri, həmçinin qarşılqlı hesablaşmalar üzrə əvəzsiz köçürmələr hesabına da ola bilər. Qarşılıqlı hesablaşmalar üzrə vergi və büdcə qanunvericiliklərində dəyişikliklər aparılması ilə əlaqədar büdcə sisteminin müxtəlif səviyyəli büdcələr arasında vəsaitlərin verilməsi , büdcə haqqında qanunda nəzərdə tutulmayan xərclərin maliyyələşməsi üzrə səlahiyyətlərin və ya gəlirlərin verilməsi üzrə əməliyyatlar da daxildir.
Təcrübə göstərir ki, transfert ödənişlər formasında vəsaitlərin verilməsi yerli icra orqanlarına təsərrüfatı inkişaf etdirməyə imkan vermir, bölgədə baş verən iqtisadi və sosial proseslərə təsir etmə dairəssini, büdcələrin gəlir hissəsinin yerinə yetirilmə imkanlarını azaldır, maliyyə nəzarətini zəiflədir və son nəticədə, büdcə ilində maliyyə vəsaitlərindən qeyri-səmərəli istifadəsinə şərait yaradır. Bu çatışmazlığı aradan qaldırmaq üçün bələdiyyə büdcələrinin yerli vergi, gəlir və sair daxilolmaların hesabına möhkəmləndirilməsi sahəsində konkret tədbirlərin həyata keçirilməsi zəruridir.
Bazar münasibətləri sistemində büdcə siyasəti dövlət siyasətinin ən vacib və lazımi bir ünsürüdür. Büdcə siyasətində büdcə gəlirləri mənbələrinin düzgün müəyyənləşdirilməsi gəlirlərin vaxtında və tam toplanmasının vacib şərtidir.
Dostları ilə paylaş: |