MİLLİ ŞEİR ƏNƏNƏSİ*
Azərbaycan şeirinin xalq poeziyası ilə əlaqəsinin öz ənənəsi və inkişaf xüsusiyyətləri vardır. Poeziyamız bütün inkişaf tarixi ərzində xalq bədii və poetik təfəkkürü ilə qırılmaz əlaqədə olmuşdur. Ədəbi dilimizin müəyyən tarixi amillər nəticəsində ərəb və fars dillərinin təsirinə məruz qaldığı dövrlərdə belə klassik poeziyamızın Nəsimi, Füzuli, Xətai kimi böyük simalarının xalq şeiri üslub və poetikasına yaxınlığını görmək mümkündür.
XVIII əsrdə Vaqif, Vidadi, XIX əsrdə Qasım bəy Zakir xalq şeiri poetikasını klassik şeirə gətirməklə bu ənənəni davam etdirmişlər. Onların xalq poeziyası formasında yazdıqları qoşma, gəraylı və bayatılar realist şeir üslubunun təşəkkülündə əhəmiyyətli rol oynamışdır. Böyük satirik M.Ə.Sabirin yaradıcılığında da klassik poeziya xalq şeirinin üslubi ünsürləri üzvi şəkildə birləşərək tənqidi realist poeziyanı yaratdı və bu poeziya xalq həyatının ən canlı məsələlərini sadə və inandırıcı şəkildə ifadə etdi.
Göründüyü kimi, müasir Azərbaycan şeirinin folklora, xalq şeirinə bağlılığının qiymətli ənənələri vardır. Müasir Azərbaycan poeziyası məhz milli şeirin ənənələrini dərindən mənimsəməklə, bu ənənələrə yaradıcı, cəsarətli münasibət bəsləməklə boy atıb möhkəm poetik ənənələr üzərində inkişaf etməyə başlamışdı.
Çoxəsrlik tarixi olan şifahi ədəbiyyatımızın ən güclü qollarından birini aşıq poeziyası təşkil edir. Aşıq poeziyası isə həm janr, həm də forma cəhətdən çox zəngin və əlvandır. Xalq danışıq dili ifadələrindən geniş şəkildə istifadə olunması bu şeirin dilini daha da xəlqiləşdirmiş, onun milli koloritini qüvvətləndirmişdir. Dilin inkişaf mərhələlərini tədqiq edən alimlərin daha çox şifahi xalq ədəbiyyatına, xalq poeziyasına müraciət etmələri bu baxımdan qanuni və təbii haldır. Şair H.Arif yazır: “Biz ana dilimizin, mili təfəkkürümüzün yad təsirlərindən qorunması üçün saza borcluyuq”. Saz deyəndə şair, şübhəsiz ki, xalqımızın
-------------------------------
* Məqalə Azərbaycan EA-nın xəbərlərində yayınlanmışdır. “Dil, ədəbiyyat və incəsənət” 1988, №4.
həyatını, milli təfəkkürünü, yaşayış tərzini, adət və ənənəsini özündə əks etdirən, qoşma, gəraylı, təcnis, müxəmməs kimi şeir formalarını özündə yaşadan, şifahi xalq poeziyasının bir qolu olan aşıq poeziyasını nəzərdə tutur. Aşıq poeziyası sintetik bədii sənətdir: musiqi, poeziya və ifaçılıq bu sənəti təşkil edən əsas komponentlərdir. Azərbaycan şeiri bir çox xəlqilik xüsusiyyətləri üçün aşıq şeirinin ənənələrinə borcludur.
Azərbaycan poeziyasında çox işlənən şeir formalarından biri gəraylıdır. Özünəməxsus qafiyələnmə prinsipi olan, hecaların sayı 8-dən artıq olmayan gəraylıların yaranma tarixi qədimlərə gedib çıxır. Prof. V.Vəliyev yazır: “Azərbaycan xalq poeziyasında səkkizhecalı şeirin tarixi eramızdan əvvəlki dövrlə səsləşir”.
Xəstə Qasımın, A.Tufarqanlının nəsildən-nəslə keçən gəraylıları da bu şeir şəklinin şifahi poeziyamızda çox işlək bir forma olduğunu göstərir. Yüksək, təmiz bəşəri hissləri ifadə edən gəraylı yazılı poeziyamızda da mövcuddur. Azərbaycan şeirinin janr sistemində bu lirik xalq şeiri forması yaşamaqdadır.
Lakonik, yığcam lirik şeir forması olan gəraylılarda artıq kəlmə işlətmək, mətləbsiz olaraq şeiri uzatmaq hallarına az təsadüf edilir. Bu yığcamlıq S.Vurğunun “Gülə-gülə”, “Dağlar”, S.Rüstəmin “Gəlin gəlsin”, “Bahar ürəyimdədir”, B.Vahabzadənin “Bir gül ilə yaz açılmaz”, “Bu gecə”, “Neçin?”, “Dodaqda gəz”, B.Azəroğlunun “Kimdən öyrədin”, M.Gülgünün “Yora bilməz yollar məni”, H.Arifin “İnsan”, “Tələsirəm”, “Yetişməmiş”, “Könül deyir yaşa hələ”, F.Mehdinin “Səni gözləyirəm”, M.Aslanın “Ürəyimdə”, “Ürəyim yar yanında” kimi gəraylılarına xas olan məziyyətlərdəndir.
Azərbaycan şairlərinin tez-tez müraciət etdikləri digər şeir forması isə dördlükdən ibarətdir. Dördlüyün çox vaxt rübainin təsiri ilə yaranan şeir şəkli olduğu iddia edilir. Prof. Ə.Cəfər “Sabir şeirində kiçik şəkillər” məqaləsində “müəyyən vəzn və şəklə malik dörd misradan ibarət xüsusi şeir növü” olduğuna və “dörd misrada onun mövzu və ideyası ifadə edildiyinə” görə rübai “bizim bayatılara çox bənzəyir” qənaətinə gəlir. Başqa bir məqaləsində Ə.Cəfər yazır: “Şeirin rübai şəklinin vəzni mənşə etibarilə əruz vəzni sisteminə daxil deyildir”.
Prof. A.Axundov isə “Şeir sənəti və dil” tədqiqatında belə hesab edir: “a-b-a bənd növünün, Şərq poetikası termini ilə desək, rübainin mənşəyi, müəyyən mənada mübahisəlidir”. A.Axundov Polşa şərqşünası Tadeuş Kovalskinin bu haqdakı fikrini də xatırlayır: “Bu vaxtadək orijinal fars yaradıcılıq məhsulu sayılan rübainin mənşəyi barəsində mötəbər bir şey yoxdur. O, ədəbiyyata başqa formalarla (qəsidə, qəzəl) bir zamanda IX əsrdə kifayət qədər gözlənilmədən, özündən əvvəlki ədəbiyyatda nə ərəb, nə də ki fars ədəbiyyatında heç bir bənzəri olmadan gəlib. Güman etmək lazımdır ki, ərəb ədəbiyyatında ilk mənbələrin məhz bu yoxluğu belə ehtimala yol verir ki, rübai farslarda özünəməxsus bir hadisədir. Ərəb təsirindən başqa digər təsirlər də göstərilirdi. Lakin nə üçün türk dördlükləri ilə fars rübailərinin qarşılıqlı əlaqələri məsələsi qoyulmasın”. Bu fikirdən sonra prof. A.Axundov fikrini belə tamamlayır: “A-a-b-a bənd növünün istər Azərbaycan, istərsə də digər türk xalqlarının şifahi ədəbiyyatında geniş yayılması və dərin izlər buraxması onun türk xalqlarına məxsus orijinal bir forma və şeir növü olduğunu göstərir”.
Lakin bu fikirlərlə yanaşı ehtimal etmək olar ki, həm klassik, həm də xalq poeziyasında istifadə edilən a-a-b-a bənd növü xalq poeziyasının geniş yayılan janrı olan bayatı formalı dördlüklərlə də bağlıdır. Həmin dördlüklərin bayatıdan fərqli cəhəti ancaq hecaların sayından ibarətdir. Bayatılarda hecaların sayı 7, dördlüklərdə isə 8-11 olur. Qafiyələnmə tərzinə görə də çox vaxt dördlüklər bayatılardan bir o qədər fərqlənmir. Məsələn, xalq şairi M.Rahimin dördlüklərində vəziyyət belədir:
Aşıq gördüyünü dastan eyləyər,
Gəzər əlində saz, cövlan eylər.
Səadət yurdudur bizim yurdumuz,
Qocanı döndərib cavan eyləyər.
Müasir poeziyada bu cür şeirlər bir qayda olaraq rübai sayılır. Ancaq bu rübailərdə bayatı təsiri də yox deyildir. Başqa sözlə, bu dördlüklər bəlkə də şifahi poeziyamızın bayatı ovqatından doğmuşdur. Belə ki, müasir şeirimizdə bu dördlüklər rübailərlə bayatıların qəribə sintezini xatırladır. Şeirin ruhundakı həzinlik bayatını, hecaların sayı isə klassik poeziyadakı rübaini yada salır. Prof. A.Axundov M.Rahimin dördlükləri haqqında yazır: “M.Rahim öz rübailərini dördləmələr adlandırmış və bununla onların milli zəmin ilə bağlılığını göstərmək istəmişdir”.
Poeziyamızda qafiyələnmə şəklinə görə dördlüyün müxtəlif şəkilləri vardır. Prof. A.Axundov Azərbaycan şeirində dördlüyün səkkiz növünü göstərir. O, belə nəticəyə gəlir ki, “dördlüyün a-a-b-a növü bilavasitə xalq şeiri ilə bağlıdır. A-a-a-b qafiyə sistemli bənd aşıq poeziyasında qoşma, gəraylı, təcnis kimi şeir şəkillərinin strofik vahidini təşkil edir”.
Müəllif həmçinin yarımçarpaz dördlüyün də (a-b-b-a) el ədəbiyyatı ənənəsi olduğunu, qoşma şeir şəklinin birinci bəndinin daha çox yarımçarpaz dördlük növündə olduğunu göstərir.
Azərbaycan şeirinin lirik janrlar sistemində xalq lirikası janrları mühüm yer tutur. Şairlər bu janrlardan istifadə etmək yolu ilə yeni məzmunu məharətlə ifadə etməyə nail olmuşlar. Bu nöqteyi-nəzərdən qoşma xüsusilə şairlərimizin yaradıcılığında maraqlı, zəngin bir inkişaf mərhələsi keçmişdir. Azərbaycan şairləri qoşma vasitəsi ilə ən müasir, canlı məsələləri ifadə etməyi bacarmışlar. Buna görə də qoşmanı Azərbaycan şerinin əsas formalarından biri hesab edə bilərik. Şifahi poeziyamızda qoşma aparıcı və əsas janrdır. Prof. V.Vəliyev “Qaynar söz çeşməsi” kitabında bu məsələni çox gözəl incələmiş, qoşayarpaq (daxili qafiyəli) qoşma, təkrar misralı qoşma (varsağı), ayaqlı qoşma, dodaqdəyməz qoşma haqqında ətraflı söhbət açmışdır. Demək, qoşma daxili zənginliyə malik poetik formadır.
Qoşma heca vəznində yaranır. Heca və qoşma ayrılmaz poetik vahidlərdir. Azərbaycan poeziyasında heca vəzninin bu formasında daha çox əsərlər yaranmışdır. S.Vurğun, S.Rüstəm, O.Sarıvəlli, R.Rza, M.Rahim və Ə.Cəmilin əsərəlrində bu formaya tez-tez müraciət edilmiş, B.Vahabzadə, N.Xəzri, M.Araz, H.Arif, C.Novruz, N.Həsənzadə, M.Gülgün, F.Mehdi, M.Aslan və başqalarının yaradıcılığında bu lirik janr müvəffəqiyyətlə inkişaf etmişdir. Ümumiyyətlə, qoşma formasına müraciət etməyən müasir şairə az rast gəlmək olur.
Aşıq poeziyasında qoşma fikir və məzmunca əlvan lirik janrdır. Bu formadan istifadə etmək yolu ilə məhəbbət və məişət hisslərini ifadə edən qoşmalar yazmaq mümkün olduğu kimi, ictimai-siyasi, fəlsəfi və qəhrəmanlıq motivləri ifadə edən qoşmalar da yazmaq mümkündür. Vaqif, Zakir, Ələsgər kimi şairlərin qoşmaları bu nöqteyi-nəzərdən diqqətəlayiqdir. Şairlərimiz qoşmadan istifadə edərkən lirik janrın bu ənənəsini qoruyub saxlamış, onu yeni məzmun hesabına daha da qüvvətləndirmişlər. Bu cəhətdən böyük şairimiz S.Vurğunun poeziyasında qoşmanın yeri və funksiyası çox ibrətamizdir. S.Vurğun klassik qoşmanı təkrar etmədən onun böyük, qiymətli ənənələri ruhunda lirik, ictimai-siyasi və fəlsəfi qoşmaların misilsiz nümunələrini yaratmışdır.
Prof. C.Abdullayev “Səməd Vuğunun poetikası” monoqrafiyasında şairin qoşmalarından danışarkən onun bu formalı şeirlərində “Vurğunun nikbin və hərarətli lirikasının xalq poeziyası ilə uyuşaraq bir “zümrüd quşu kimi adamın qəlbini oxşamağını”, “bu qoşmalarda ictimai-siyasi motivlərin, dövrün aktual məsələlərinin bədii əksini tapdığını, onlarda vətənpərvərlik, qəhrəmanlıq, mübarizəyə, əməyə, həyata çağırış və s. motivlər” olduğunu yazır.
Qoşma S.Rüstəmin də yaradıcılığında ən çox istifadə olunan lirik janrlardandır. Hətta deyə bilərik ki, qoşma S.Rüstəm lirikasında bir növ sabitləşmiş formadır. S.Rüstəm qoşmaya yeni məzmun, yeni ideya keyfiyyəti aşılayıb, onu siyasi lirik şeir janrı səviyyəsinə qaldırıb. Vətənpərvərlik, qəhrəmanlıq motivləri S.Rüstəm qoşmalarının xüsusiyyətidir. Buna uyğun olaraq şairin qoşmaları üslub və intonasiya cəhətdən də yeni və təravətlidir. Lirik-publisist intonasiya, coşğun siyasi və emosional təfəkkür bu qoşmaların aydın, bariz üslubi məziyyətidir. Qoşmanın bu poetik özünəməxsusluğunu biz S.Rüstəmin məşhur Cənub şeirlərində, o cümlədən “Deyilmi?”, “Gəlir”, “Ağladı”, “Vüsal həsrəti”, “Dinlə” kimi qoşmalarında görə bilərik.
Şairlərimizin qoşmalarına xas sadəlik və səmimiyyət onları klassik aşıq qoşmalarına yaxınlaşdırır. Məsələn, M.Arazın “Əlvida, dağlar” şeiri təkcə formaca deyil, səmimiliyinə görə də klassik qoşmaların bir çox məziyyətlərini özündə daşıyır. Burada vəznlə bərabər, şeirin kökləndiyi ritmin özü folklordan yoğrulmuşdur:
Bəlkə bu yerlərə bir də gəlmədim,
Duman, salamat qal, dağ, salamat qal.
Dalımca su səpir yoxsa buludlar?
Leysan, salamat qal, yağ, salamat qal.
Qıy vuran qartallar yox oldu çəndə,
Nərgizlər saraldı şehli çəməndə,
Ey qaragöz pəri, dalımca sən də,
Boylan, salamat qal, bax, salamat qal.
Gəldim qarşıladı güllər, çiçəklər,
Gedirəm əl edir, boz biçənəklər.
Nidamı çaylara dedi küləklər,
Bulaq, salamat qal, ax, salamat qal.
Dağların pələngi, şiri də sənsən,
Şairi də sənsən, şeri də sənsən.
Varı, bərəkəti, xeyri də sənsən-
Çoban, salamat qal, sağ-salamat qal.
Aşıq poeziyasının janr sistemində tərbiyəvi-didaktik məzmun ifadə edən xüsusi şeir vardır. Ona ustadnamə deyirlər. Atalar sözünü xatırladan ustadnamələr ibrətli, müdrik nəsihətlər ifadə edir, dinləyiciyə ibrətamiz fikirlər aşılayır. Əlbəttə, ustadnamələr əlahiddə şeir forması sayıla bilməz. Bunlar əsasən qoşma kimi qafiyələnsələr də, didaktik məzmuna görə ustadnamə adlanır. Ustadnamələr məzmuna uyğun olaraq dastanın əvvəlində ifaçı tərəfindən söylənilir.
Aşıqların ənənəyə görə, xalq dastanlarının əvvəlində söylədikləri ustadnamələrin bir çox ünsürləri yazılı poeziyamıza da sirayət edibdir. Bu, daha çox poema janrında özünü göstərir. Bu cəhətdən bir sıra poemaların əvvəlində verilən proloqların dastanlarımızdakı ustadnamələri xatırlatdığını iqrar edə bilərik. Çünki dastanların əvvəlində üç ustadnamə söyləmək ənənəsi vardır. B.Vahabzadənin “İztirabın sonu”, “Yollar-oğullar”, “416”, “Etiraf”, “Şəbi-hicran” poemalarının proloqları öz poetik xarakteri cəhətdən ustadnamənin müəyyən ünsürlərini daşıyırlar.
Adam var, yanında olsan bir qədər,
Tamam unudular dərdin, məlalın.
Adam var, bir kəlmə danışsa əgər,
Dəymişin durmuşkən tökülər kalın.
Adam var, tor qurar, danışar yalan,
Utanmaz, gözünü gözünə dikər.
Adam var, yanında yalan danışsan,
Sənin əvəzinə xəcalət çəkər.
(“İztirabın sonu” poemasının proloqundan)
Bəzən də didaktik məzmun daşıyan elə müstəqil şeirlərə rast gəlmək olur ki, bunlar nəsihət xarakterli şeirlərin sonradan aşıqların ustadnaməsinə çevrildiyini aydınlaşdırır. Şah İsmayıl Xətainin “Kərəm eylə” rədifli gəraylısının aşıqların ustadnaməsinə çevrilməsi buna yaxşı misaldır. Müasir şeirimizdə də belə nümunələr vardır. Xalq şairi S.Rüstəmin “Duz-çörəyi itirmə”, “Oğul”, “Ey qızım” kimi nəsihətamiz şeirləri bir tərəfdən klassiklərin yaradıcılığında rast gəldiyimiz övlada öyüd formasını xatırladırsa, digər tərəfdən də müəyyən mənada xalq poeziyamızdakı ustadnamələri yada salır.
Göründüyü kimi, müasir dövrün Azərbaycan poeziyası aşıq şeirinin zəngin imkanlarından faydalanmış və buna görə onun aşıq şeiri ilə əlaqəsi çoxcəhətli olmuşdur. Bu əlaqə yalnız forma ilə məhdudlaşmır. Burada aşıq şeirinin ifadə üsulu və tərzi də müəyyən rol oynayır. Aşıq şeiri üçün səciyyəvi sayılan ayrı-ayrı ifadələrdən şairlərimizin özünəməxsus ustalıqla istifadə etmələri də bunu təsdiq edir. Məlumdur ki, “Dedim-dedi” forması xalq şeirində və bunun təsiri ilə klassik şeirimizdə dəfələrlə işlənmişdir. Xalq ədəbiyyatında, aşıq şeirində bu ifadə tərzinin özünəməxsus fərdi çalarları vardır.
Azərbaycan şairləri bu formadan da ustalıqla istifadə edə bilmişlər. Xalq şairi S.Vurğun özünün “Gülə-gülə”, “Partizan Babaş” kimi şeirlərində bu poetik formaya müraciət etmişdir.
Dedim: “Ay qız, nədir adın?”
Dedi: “Mənəm, gözün aydın”.
Dedim: “Bizə dost olaydın”,
Dönüb baxdı gülə-gülə.
N.Həsənzadənin yaradıcılığında da bu forma yeni poetik biçimlə tətbiq olunmuşdur. Şairin “dedim-dedi”lərini xalq poeziyasından fərqləndirən cəhət onun hər misrada “dedim-dedi”ni təkrar etməsidir:
Dedim: mən sevirəm, dedi: sevginən,
Dedim: qoşa gəzək, dedi: tələsmə.
Dedim: bağ içidi, dedi: seyr elə,
Dedim: bir gül üzək, dedi: tələsmə.
Dastanlarımızda, aşıq deyişmələrində, xalq poeziyasına xas olan digər xüsusiyyət iki aşığın deyişməsi zamanı deyilən “aldı görək nə dedi” ifadəsidir. Yeri gəlmişkən qeyd edək ki, “Kitabi-Dədə Qorqud” dastanında “Söyləmə” zamanı “Görəyin dəxi nə söylədi” ibarəsindən istifadə yolları çoxdur. Xalq poetikasından gələn bu ifadə neçə-neçə sənətkarın şeirində işlənmiş, əsərin poetik sığalını daha cilalı göstərmişdir:
Aldı görək,
nə söyləyir
kövrək ürək
qırxdan sonra.
Topa-topa buludum, hey,
Dağ havası - bir udum, hey,
Bir gülüm hey, bir odum hey,
qırxdan sonra…
(Ramiz Məmmədzadə)
Müasir poeziyamızın dilində işlənən “hey”, “ay haray” nidası “Dədə Qorqud”, “Koroğlu” poetikasından süzülüb gəlir.
Axır əcəl gəldi, yetdi hay, haray…
Çəkdiyim qovğalar bitdi, hay, haray…
Tüfəng çıxdı, mərdlik getdi, hay, haray…
Mənmi qocalmışam, ya zəmanəmi?
(“Koroğlu” dastanından)
Nümunə gətirdiyimiz şeirlərə xas sadəlik və səmimiyyəti eyni zamanda xalq şeiri poetikasının təsiri ilə izah etməliyik. Şairlərin müraciət etdikləri folklor deyim tərzi (“Döşə hey”, “buludum hey”, “bir udum hey”), müasir və xalq şeiri poetikasının qarşılıqlı əlaqəsini izah etmək baxımından maraqlıdır.
Azərbaycan poeziyasının xalq şeiri ilə əlaqələri, əlbəttə, bu deyilənlərlə məhdudlaşmır. Bu əlaqələr əslində geniş və əhatəli bir mövzudur. Biz burada onun ancaq bəzi cəhətlərinə toxuna bildik, xalq şeiri poetikasından istifadə nəticəsində müasir poeziyanın mənimsədiyi keyfiyyətləri göstərməyə çalışdıq. Bu deyilənlər, şübhəsiz, Azərbaycan şeirinin inkişafında, milli xüsusiyyətlərinin kamilləşməsində xalq şeiri ənənələrinin, aşıq poeziyası poetikasının rolunu tam izah etmir, ancaq bu müşahidələr belə bir həqiqəti təsdiqləyir ki, xalqın bədii və estetik təfəkkürü həqiqi bəşəri poeziyanın bitib-tükənməyən qaynağıdır.
Dostları ilə paylaş: |