Prof. Maarifə Hacıyeva
ÖN SÖZ
Çağdaş ədəbi tənqidi və elmi-nəzəri fikir artıq siyasi-ideoloji tələblər yox, daha çox milli dəyərlər işığında ədəbiyyat tarixini, ədəbi prosesi izah etməyə çalışır.
Prof. Maarifə Hacıyevanın yeni kitabında toplanmış məqalələrin mövzusu, bu məqalələrdəki problemlər bu baxımdan xüsusilə diqqəti çəkir və onlarda çağdaş ədəbi-nəzəri fikrin aktual məsələləri bu günkü elmi səviyyə və tələblər baxımından nəzərdən keçirilir. Ədəbi qaynaqlar, folklor və ədəbi proses, milli şeir, Dədə Qorqud və müasir ədəbi proses, türk dünyasının ortaq ədəbi dəyərləri, Azərbaycan və türk aşıq sənəti, türk xalq poeziyası kimi məsələlər kitaba daxil edilmiş bir çox məqalələrin əsas mövzusudur. Müasir ədəbi proses və milli-mənəvi dəyərlər bir çox məqalələrin, o cümlədən “Müşfiq poeziyasının folklor qaynaqları”, “Poetik kəşf”, “Nəbi Xəzri şeirlərində poetik tutum” məqalələrinin mövzusudur ki, bu da Maarifə xanımın araşdırmalarının önəmli bir tərəfidir.
Prof. Maarifə Hacıyevanın müxtəlif tarixlərdə yazdığı, beynəlxalq konfranslarda oxuduğu məqalələr də onun araşdırmalarının tərkib hissəsidir və elmi yaradıcılığında önəmli yer tutur.
Kitabda Nəsrəddin Tusi, M.Ə.Rəsulzadə, Cəlaləddin Rumi, Mirzə Kazımbəy, A.A.Bakıxanovdan tutmuş, XX yüzil Azərbaycan ədəbiyyatının korifeylərindən olan Hüseyn Cavid, Mikayıl Müşfiq, Nəbi Xəzri, Məmmədhüseyn Şəhriyar, Bəxtiyar Vahabzadə kimi qüdrətli ustadların yaradıcılığı da milli dəyərlər işığında araşdırılır.
Kitabdakı məqalələrin bir qismi də türk dünyasındakı Azərbaycan sevdası ilə bağlıdır. Bu cəhətdən B.Vahabzadənin “Halistin Kukula məktubları”, “Aşıq Kamali Bülbül və türk dünyası” məqalələri maraq doğurur.
Məqalələrin bir qismi, o cümlədən “Anadolu aşıqlarının türk mədəniyyətində yeri” adlı məqalə Azərbaycan və türk folkloru materialları əsasında ortaq dəyərlərin araşdırılmasına həsr edilmişdir.
Kitaba daxil edilmiş Sultan Süleymanın ekran həyatını əks etdirən çoxseriyalı televiziya filminə münasibət bildirən və Osmanlı tarixinin önəmli bir səhifəsini əks etdirən “Osmanlı tarixinin Sultan Süleyman dövrünün ekran həyatı” məqaləsi müəllifin maraq dairəsinin genişliyini bildirir.
“Ədəbi qaynaqlar” kitabının milli-mənəvi dəyərlər baxımından maraq doğuracağına inanıram.
Dostları ilə paylaş: |