Rəyçi və ön sözün müəllifi: Əziz ƏLƏKBƏRLİ


BƏXTİYAR VAHABZADƏNİN ŞAİR



Yüklə 4,68 Mb.
səhifə9/42
tarix30.12.2021
ölçüsü4,68 Mb.
#17494
1   ...   5   6   7   8   9   10   11   12   ...   42
BƏXTİYAR VAHABZADƏNİN ŞAİR

HALİSTİN KUKULA MƏKTUBLARI
Bir insanın öz xalqını və öz doğma dilini dəlicəsinə sevə bilmək qabiliyyətini mən B.Vahabzadədən öyrəndim”.

Əhməd Şmide


B.Vahabzadənin 70 illik yubileyi münasibətilə yazdı­ğım bir məqalədə onun yaradıcılığına münasibətimi aşa­ğıdakı şəkildə ifadə etmişəm: “B.Vahabzadənin hər bir əsəri əks-səda doğur­muş, şıdırğı bir sürətlə oxucular arasında ya­yıl­­mışdır. Çünki bu poeziya Azərbaycan adlı Ananın halal südündən, isti nəfəsindən yoğrulmuş müdrik poe­zi­yadır” (“Azərbaycanın Bəxtiyarı”. Bakı, 1995, səh. 140).

B.Vahabzadə yaradıcılığındakı müdrik fəlsəfi anlayış, onun xalqımızın milli varlığını, milli-mənəvi dəyərlərini, dilini, tari­xi­ni əks etdirən ədəbi, elmi-publisistik yazıları, poe­zi­ya­sındakı fəl­səfə dünyanın bir çox siyasətçilərinin, elm, ədə­biy­yat xadim­lə­ri­nin fikrini məşğul etmiş, haqqında fikir söy­lə­məyə vadar etmişdir.

Azərbaycanda və onun hüdudlarından kənarda yaşa­yan­lar, onun yaradıcılığını izləyənlər B.Vahabzadə haq­qında bir-birin­dən maraqlı fikirlər söyləmişlər.

Türk dünyasının böyük qələm ustası Çingiz Aytmatov ya­zırdı: “Vahabzadənin poetik təfəkkür mədəniyyəti tə­biət­cə milli­dir. Bu, müstəsna dərəcədə zəruri haldır ki, sən övladı olduğun xalqın nitq hissəsində feil olmağı bacarasan” (Ç.Aytmatov. “Azərbaycanın Bəxtiyarı”. Bakı, 1995, səh.189).

Prof. Mehmet Kaplan B.Vahabzadə şeirini “Brilyant kimi bir şeir” adlandırmış, prof. Dursun Yıldırım onu “Azər­baycan türk­lərinin olduğu qədər müasir dünya türk­lərinin də böyük şeir ustadı” hesab etmiş, prof. Əhməd Bican Ercilasunun “Vahab­zadə bizə öyrətdi ki, hər millətin ana dili o dilin namusu və vicdanıdır” konsepsiyası, onun şeirini “insanın içində yanan bir atəşə” bənzədən Əli Yavuz Akpınarın poetik düşüncələri, Yavuz Bülənd Bakilərin “Türk ədəbiyyatı üçün Mehmet Akif, Yahya Kamal, Nəcib Fazil nə isə Azərbaycan ədəbiyyatı üçün də Bəx­tiyar Vahab­zadə odur. Bu baxımdan yeni Azərbaycan Cüm­hu­riy­yə­tinin yaradılmasında onun haykıran yaradıcılığının mü­hüm payı vardır” deməsi Vahabzadə yaradıcılığının ictimai-bədii və siyasi məziyyətlərini göz qabağına gətirməkdədir.

B.Vahabzadə haqqında yazılanlar, deyilənlər böyük bir təd­qiqata möhtacdır. Biz bu yazımızda türk dünyasının milli dü­şüncələrini, türk dünyasına, o cümlədən Azərbaycan türk­lərinə böyük məhəbbətini şeir və yazılarında ifadə edən Samsunlu şair Halistin Kukul və Bəxtiyar Vahabzadə mü­nasibətlərindəki mü­la­hizələrimizi ifadə etməyə, onların mək­tub və düşüncələrini əlimizdə olan məktub və yazılara istinad etməklə şərh etməyə çalışdıq.

Vaxtilə Türkiyənin On Doqquz Mayıs Universitetinin fran­sız dili müəllimi indi təqaüdə ayrılmış, elmi-publisistik yazıları, şeir və nəsr əsərləri ilə tanınan Halistin Kukul Sovetlər Birli­yinin dağılması ərəfəsində türk dünyasına, Azərbaycana münasi­bətini ifadə edən “Salam” şeirində türk dünyasına olan həsrətini ürək yanğısı ilə belə ifadə edirdi:
Salam sənə, ey xorlanan Türk eli,

Salam sənə, Türk deyilən sevgili,

Dədəm Qorqud, Yunus Əmrə, Nəsimi,

Həsrətiniz könlümdə buram-buram,

Salamün əleyküm, əleyküm salam.

Qırğız, Qazax, Özbək, Türkmən, Azəri,

Türk atanın cövhərindən, cövhəri,

Görünməli bu gecənin səhəri,

Duysun bizə bütün cahan ehtiram,

Salamün əleyküm, əleyküm salam.


Halistin Kukul 1992-ci ildə yazdığı “Qarabağ acıları” şei­rində Qarabağda ermənilərin törətdikləri vəhşilikləri “Yaban ellər aldı yavrularımı”, “qırdılar o canım cavan­la­rımı”, “əm, ey qara torpaq acılarımı” şəklində ifadə edərək Sovetlər Birli­yindən qopan türk dünyasının zəncirlərini qır­dığını alqışlayır, lakin Azərbaycanın bir parçası Qarabağın düşmən tapdağından xilası üçün Allaha dualar edərək yazırdı:
Cümlə aləm bilir Qarabağ bizim,

Zəncirləri qırdıq, yeni çağ bizim,

Yamyaşıl vadilər, qarlı dağ bizim,

Qəbul eylə Rəbbim, dualarımı…


Türk milli düşüncəsi ilə yaşayan şair Halistin Kukul, şüb­hə­siz ki, türk dünyasına səs salmış Azərbaycan şairi B.Vahab­zadənin yaradıcılığından xəbərdar idi. Şairin özü ilə ilk dəfə 1992-ci ildə görüşməsini isə Halistin bəy “Vahab­zadəni din­lərkən” adlı məqaləsində belə ifadə edirdi: “Şeirlərini illərdir zövq və həyəcanla oxuduğum Azərbaycan şairi Bəxtiyar Va­habzadə ilə “Türk Dünyası Yazarlar Qu­rultayı”nda çox məsud və həyəcanlı bir halda qarşı­laş­dıq. Onunla görüşüm təxminən on iki dəqiqə çəkdi. 70 il deyil, sanki min illik həsrətlilər kimi görüşdük. Onu pro­fessor Məhmət Kaplanın “Türk Ədəbiyyatı” dərgisində yayınlanan “Pırlanta kimi bir şeir” məqaləsi ilə daha çox sev­diyimi söyləyincə, “Rəhmətlik Məhmət Kaplan başqay­dı. O, çox möhtərəmdi” - dedi. “Mənim bu yazımda məqsədim B.Vahabzadənin bu Qurultayda etdiyi məruzə və bu məruzədə onun davranışıdır. Çəkilən bunca cəfaya, bu vüsal günündə yenilərinin əlavəsini istəmir. Etidal, təmkin və sürət istəyir. Laf deyil, iş istəyir. Mum deyil, günəş istəyir. Öz ifadələrilə “Yum­ruq kimi birləşmək istəyir” (Bax: “Türk Ədəbiyyatı” jurnalı, dekabr 1992, səh. 42).

Halistin Kukul “Bəxtiyar Vahabzadə Ağabəimə” epiqrafı ilə yazdığı “Yumruq kimi birləşməli” şeirində


Eyni dağın gülləriyik,

Tomur-tomur dərləşməli.

Dərdləri də, sevinci də,

Həp birlikdə üləşməli!


Düz edib qarlı dağları,

Aşıb üstündən çağları,

Yandıraraq çıraqları,

İztirabları deşməli!


Dün və bu gün, həm də yarın,

Gözü doymaz canavarın,

Bizə tələ quranların,

Çuxurlarını eşməli.


Çox az qaldı, yol qısaldı,

Qaf dağımı? Bir masaldı,

Bəxtiyar bir haray saldı,

“Yumruq kimi birləşməli!”


1990-cı illərdə B.Vahabzadənin Türkiyədə bir neçə kita­bı, o cümlədən “Sonbahar düşüncələri”, “Ürəkdədir sözün kökü”, “Gün var min aya dəyər”, “Yücəlikdə tən­halıq”, “Tavşana kaç, tazıya tut”, “Açılan sabahlara sa­lam”, “Nerəyə gediyor bu dünya”, “Şehitlər” kitabları yayınlandı.

Bu sətirlərin müəllifi o illərdə (1992-1998) şair Halistin Kukulun müəllimlik etdiyi Samsun On Doqquz Mayıs Univer­sitetində professor kimi fəaliyyət göstərirdi. B.Vahab­zadənin Türkiyədə çap olunmuş kitablarının necə sürətlə yayılıb-oxun­duğunun mən də şahidi olmuşam. 1993-cü ildə B.Vahabzadə mənə və Halistin bəyə məktub göndər­mişdi. Halistin bəyə yazdığı məktubu ona çatdırmağımı xahiş edirdi. Bəxtiyar müəllim yazır­dı: “Hörmətli Maarifə xanım. Sizə telefonla dediyim, M.Halistin Kukula yazdığım məktubu ona çatdır­ma­ğınızı xahiş edirəm.

Mən sizdən xahiş edirəm, tapşırdığım işlərin taleyi barədə mə­nə yazasınız. Ələlxüsus Fırat Kızıltuqla telefonla danışa bil­dinizmi?

Diynət Vakfı mənim yeni kitabımı nəşr etmişdir (“Ürək­dədir sözün kökü”). Ondan da nümunə üçün sizə bir nüsxə göndərirəm.

Müfəssəl məktubunu gözləyirəm. Məndən oradakı dostların hamısına salam söyləyin.

Hörmətlə: B.Vahabzadə. 4.03.1993”.

Halistin Kukul B.Vahabzadənin Türkiyədə yayın­lanan, demək olar ki, bütün kitablarına münasibət bildirir, haqqında qəzet və jurnallarda məqalələr dərc etdirirdi. 1992-ci ildə B.Vahabzadənin İzmirdə nəşr olunan “Gün var min aya dəyər” kitabındakı “Örüm­çək ağ bağladı” (“Hö­rüm­çək tor bağladı”) şeirini təhlilə cəlb edən Halistin bəy “Ortadoğu” qəzetində “Örümçək ağ bağladı” şeirinin təh­lili” adlı məqaləsində ya­zırdı: “Örümçək ağ bağladı” insanı hədəf alan və bütün cəhətləri ilə bir cəmiyyəti çök­dürmək is­təyən bir diktatorluq rejiminə qarşı baş qaldırış və üsyandır.

…Bu şeirdə B.Vahabzadə Azərbaycanın düçar olduğu 70 illik macəralarını anladır. Başdan sona ifadə etdiyi mə­sələ milli mədəniyyət qiymətlərimizdir. O, bu şeirində heç bir zaman maddi məsələlərə toxunmur. Çünki bir milləti məhkum vəziy­yətə gətirmək üçün maddi deyil, onun mənəvi dəyərlərini məhv etmək, onu milli-mənəvi dəyərlərdən uzaqlaşdırmaq lazımdır. Budur 70 illik ponorama”.

Sonrakı məqalələrimin birində yenə bu şeir üzərində təhlil apararaq yazır: “Diqqət edilirsə, Mehmet Akif, Yahya Kamal, Nevcip Fazılın ümumi fikir anlayışlarının təməlində din (isla­miyyət), milli tarix (türk tarixi) və dil (türkcə) ən mühüm ittifaqı təşkil edər. …B.Vahabzadə 1968-ci ildə yazdığı “Örümçək ağ bağladı” adlı şeirində bu üç ünsürün üzərində durur. Bu üç ünsürdən məhrum bir millətin hafizəsi yoxdur (“Erciyes”, 2010, mart, səh. 1).

H.Kukul B.Vahabzadənin “Sonbahar düşüncələri” kitabı haqqında yazdığı “Qürub düşüncələri” adlı məqaləsində də Bəxtiyar Vahabzadəni “Azərbaycanın gursəsli, üfüqlü, alim-şairi adlandıraraq yazırdı: “Şeirdən ləzzət almaq istəyənlər, tarixdən ibrət almaq istəyənlər və çilə içində gözəlliyi görmək istəyənlər “Qürub düşüncələri”ni oxusunlar (bax: “Türk ədəbiyyatı” jur­nalı, 1986, sayı 276, ekim, səh. 48-49).

Halistin bəy “Bəxtiyar Vahabzadənin türkcə sevdası” (“Türk ədəbiyyatı”, 2004, iyul) “Vahabzadə eşqi” (“Erciyes” jurnalı 2007, iyun), “Gün var min aya dəyər” (“Türk ədə­biyyatı”, 1993, fevral), “Bəxtiyar Vahabzadənin “Allahü-Əkbər” şeirinin təhlili” (“Erci­yes” 2001, mart), Bəx­tiyar Vahabzadənin “Haqqı yox” şeiri haq­qında” (“Erciyes” 2008, oktyabr), “Yücəlikdə tənhalıq kitabı haq­qında” (“Çağrı” jurnalı, 2004, dekabr) məqalələrində ustad B.Va­hab­zadənin sənət dünyasına girdiyi gündən Azərbaycan üçün hay­kıran milli şair olduğunu dönə-dönə qeyd edir.

2009-cu ilin 13 fevralında Azərbaycanın böyük şairi və alimi, siyasətçisi B.Vahabzadənin dünyasını dəyişməsindən sonra Halis­tin Kukul şairin ölüm xəbərindən sarsılmış “Türk dünyasının bö­yük şairi Bəxtiyar Vahabzadənin ar­dın­dan” (“Erciyes”, 2009, aprel), “Bəxtiyar Vahabzadəsiz dörd il” (“Çağrı” dərgisi, 2013, fevral) məqalələri ilə B.Vahabzadənin əziz xatirəsini yad edirdi.

Mən 2013-cü ilin oktyabr ayında Samsunda bir sim­po­ziumda iştirak edirdim. Simpoziumda Halistin Kukul da çox maraqlı bir mövzuda məruzə etdi. Biz köhnə tanışlar kimi görüş­dük, səmimi söhbət etdik. Şübhəsiz ki, B.Va­hab­zadə söhbəti­mizdə birinci yerdə idi. Halistin bəy B.Vahab­zadənin ona yaz­dığı məktubların kopyasını mənə ver­di, «lazım olar” dedi. “Əl­bəttə, dedim, bunlar tarix üçün çox önəmlidir”.

Şair Halistin Kukula Bəxtiyar Vahabzadənin yazdığı ona qədər məktubdan məlum olur ki, onların arasında əqidə dost­luğu, qardaşlıq və milli düşüncə sevgisi birinci yerdədir.

Məktubların bir qismində B.Vahabzadə çox böyük təva­zö­karlıqla Halistin bəyin onun haqqında yazdığı mə­qalələrə görə ona təşəkkür edir, yazılara münasibət bildirirdi.

B.Vahabzadənin şair Halistin Kukula yazdığı mək­tub­ların ikisinin foto-şəklini verməyi lazım bildim. Bu mək­tublardan biri B.Vahabzadənin öz xətti ilə yazılmışdır, makinada yazılmış digər məktubda isə şairin imzası vardır.








Yüklə 4,68 Mb.

Dostları ilə paylaş:
1   ...   5   6   7   8   9   10   11   12   ...   42




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin