Danışıqlar sentyabrın 27-də Qarabağda, Gülüstan kəndində başladı və 1813-cü il oktyabrın 12-də sülh müqaviləsinin imzalanması ilə başa çatdı. Gülüstan müqaviləsinə görə, İran Rusiyanın qələbəsini, Gəncə, Qarabağ, Şəki, Şirvan, Quba, Bakı və Lənkəran xanlıqlarının ərazisinin, habelə Şərqi Gürcüstan və Dağıstanın Rusiyanın ixtiyarına keçməsini tanıdı. İrəvan və Naxçıvan xanlıqları İranın hakimiyyəti altında qaldı. İran təkcə Rusiyanın Xəzər dənizində hərbi gəmilər saxlamaq barədə hüququnu tanıdı. Aşağı, 5%-lik gömrük tarifi qoyuldu ki, bu da o demək idi ki, rus tacirləri üçün İrana yol açılırdı. İranın daxilində isə rus tacirləri daxili gömrük rüsumlarını ödəməkdən azad olunurdu. Bütün bunlar Rusiya-İran ticarətinin inkişafı üçün əlverişli şərait yaradırdı. Gülüstan müqaviləsi Şimali Azərbaycan və bütün Zaqafqaziyanın çar Rusiyası tərəfindən istilasını təsdiq edirdi. Bu müqavilənin bağlanılması ilə Şimali Azərbaycanın Rusiya tərəfindən istilasının birinci mərhələsi başa çatdı.
XIX-cu əsrin əvvəllərində Azərbaycanda azadlıq mübarizəsi (Şeyxəli xan)
Şeyxəli xan Fətəli xan oğlu Quba şəhərində anadan olmuşdur.
1791-ci ildən Qubada hakimiyyətə gəlmiş Şeyxəli xan əvvəlki siyasəti kökündən dəyişərək Ağa Məhəmməd şah Qacarla dostluq əlaqələri yaratmış, onun müttəfiqinə çevrilmişdi.
Rus qoşunları 1806-cı ildə Quba xanlığını işğal edib, xanlığı ləğv etdi. Lakin buna baxmayaraq, Qubalı Şeyxəli xan uzun müddət işğalçılara qarşı mübarizəni qətiyyətlə davam etdirdi.
Quba xanlığının tarixinin bu qısa təhlili göstərir ki, İranda bərpa olunmuş mərkəzləşmiş hakimiyyətə əvvəllər öz şəxsi xanlıq mənafeyinə görə münasibəti müsbət olmayan xanların əksəriyyəti rus təhlükəsini hiss etdikcə və çar qoşunlarının vəhşiliklərini gördükcə son pənah yeri kimi yenə də İranı görür və ondan kömək umurdular.
1796-cı ildə V.Zubovun başçılığı ilə rus qoşunları Dərbəndi tutmaq istəyərkən, Quba xanı Şeyxəli xanın başçılıq etdiyi qızğın müqavimətə rast gəldi. Buna görə də rus komandanlığı Şeyxəli xanın hakimiyyətdən uzaqlaşdırıb atabir anadan ayrı qardaşı Həsən ağanı Dərbəndin hakimi təyin etdi.
1797-ci ilin martında rus qoşunları Azərbaycan ərazisini tərk edən kimi Şeyxəli xan yenidən bütün Quba xanlığında, o cümlədən Dərbənddə hakimiyyəti ələ keçirdi.
1806-cı il sentyabrın 5-də general Bulqakovun komandanlığı ilə rus qoşunu yenidən Bakı üzərinə hücuma keçdi. O, yerli əhaliyə toxunmayacağını bildirmiş və sözünə təminat məqsədilə oğlunu Bakıya göndərmişdi. Lakin şəhər əhalisi onun sözlərinə inanmayaraq dağlara çəkilmiş, xan isə əvvəl Qubaya, oradan da İrana pənah aparmışdı. 1806-cı il oktyabrın 3-də Bakı ruslar tərəfindən işğal olundu və Bakı xanlığı ləğv olundu. Bundan bir qədər sonra isə Quba xanlığı işğal olundu və Şeyxəli xan dağlara çəkildi. Onun qoşun hissələrindən bəzisi Xızı-Bərmək dağlarında sığınacaq tapdılar. Bu onunla bağlı idi ki, bu döyüşdə Xızı-Bərmək mahalının dağlıları Şeyxəli xana kömək etmişdilər. Bir çox bəy və digər tərəfdarları ilə bərabər Şeyxəli xan Qazıqumuxlu Surxay xanın oğlu Nuh bəylə Qubanı tutmağa gəldilər. Lakin xanın dəstəsi vuruşmayıb, hərə öz yurduna getdiyi üçün şəhəri tuta bilmədi. Çar Rusiyası Quba əyalətinə nəzarət etmək üçün yerli bəylərin şurasını təşkil etdi. Şuranı Quba şəhərində yerləşən rus hərbi dairəsinin rəisi Ryabin idarə edirdi.
1809-cu ildən Abbasqulu ağa Bakıxanovun atası Mirzə Məhəmməd xan müvəqqəti idarə etmənin naibi təyin olunmuşdur. 1811-ci ilin əvvəllərində general Xatuntsovun komandanlığı altında rus ordusu Şeyxəli xanın dəstəsini əzdi. Şeyxəli xan dağlara çəkildi.
1810-cu ilin avqustunda xalqın köməyinə arxalanan Şeyxəli xan rus qoşunlarını Gilgilçay üzərindəki döyüşdə əzdi və onlara köməyə gələn general Repinin qoşunlarını da geri oturtdu. Rus generalı Şeyxəli xanı tutub gətirən və öldürən adama 1500 çervon mükafat veriləcəyini elan etsə də əhali öz qəhrəman oğlunu mərdliklə müdafiə edirdi. Mustafa xan Şirvanlı da Quba üsyançılarına yaxından kömək göstərirdi.