1918-ci il mayın 27-də həmin ziyalıların keçirdiyi iclasda Azərbaycan Milli Şurasının Rəyasət Heyəti və sədri seçildi. M.Ə.Rəsulzadə Milli Şuranın sədri oldu.
Mayın 28-də Həsən bəy Ağayevin sədrliyi ilə Azərbaycan Milli Şurasının tarixi iclası keçirildi.
Həmin iclasda iştirak edən Həsən bəy Ağayev (sədr), Mustafa Mahmudov (katib), Fətəli xan Xoyski, Xəlil bəy Xasməmmədov, Nəsib bəy Usubbəyov, Mir Hidayət Seyidov, Nəriman bəy Nərimanbəyov, Heybət Qulu Məmmədbəyov, Mehdi bəy Hacınski, Əli Əskər bəy Mahmudbəyov, Aslan bəy Qardaşov, Sultan Məcid Qənizadə, Əkbər Ağa Şeyxülislamov, Mehdi bəy Hacıbababəyov, Məmməd Yusif Cəfərov, Xudadat bəy Məlik-Aslanov, Rəhim bəy Vəkilov, Həmid bəy Şahtaxtinski, Firidun bəy Köçərlinski, Camo bəy Hacınski, Şəfi bəy Rüstəmbəyov, Xosrov Paşa bəy Sultanov, Cəfər Axundov, Məhəmməd Məhərrəmov, Cavad Məlik-Yeqanov və Hacı Molla Səlim Axundzadə Azərbaycanın İSTİQLAL BƏYANNAMƏSİNİ qəbul etdilər.
İstiqlal Bəyannaməsi bütün türk-müsəlman dünyasında, ümumiyyətlə bütün Şərqdə, ilk dəfə olaraq Azərbaycanda ən demokratik respublika idarə üsulunun – parlamentli respublikanın yaradılacağından xəbər verirdi. Azərbaycan Milli Şurasının İstiqlal Bəyannaməsində deyilirdi:
1. Bu gündən etibarən Azərbaycan xalqı hakimiyyətə malik olduğu kimi, Cənub-Şərqi Zaqafqaziyanı əhatə edən Azərbaycan da tam hüquqlu müstəqil bir dövlətdir.
2. Müstəqil Azərbaycan dövlətinin idarə forması Xalq Cümhuriyyətidir.
3. Azərbaycan Xalq Cümhuriyyəti bütün millətlərlə, xüsusilə qonşu olduğu millətlər və dövlətlərlə mehriban münasibətlər yaratmaq əzmindədir.
4. Azərbaycan Xalq Cümhuriyyəti milliyyətindən, məzhəbindən, sinfindən, silkindən və cinsindən asılı olmayaraq öz sərhədləri daxilində yaşayan bütün vətəndaşlarına siyasi hüquqlar və vətəndaşlıq hüququ təmin edir.
5. Azərbaycan Xalq Cümhuriyyəti öz ərazisi daxilində yaşayan bütün millətlərin sərbəst inkişafı üçün geniş imkanlar yaradır.
6. Müəssislər Məclisi toplanıncaya qədər Azərbaycanın başında xalqın seçdiyi Milli Şura və Milli Şura qarşısında məsuliyyət daşıyan Müvəqqəti hökumət durur.
İrəvan şəhəri və quberniya əraziləri güzəştə gedildikdən sonra 1918-ci il mayın 28-də özünün müstəqilliyini elan edən Azərbaycan Xalq Cümhuriyyətinin ərazisi 99908,86 km² təşkil edirdi.
Ermənistana güzəşt edilən İrəvan quberniyasının ərazisi 8913,17 km² təşkil edirdi. Edilən güzəştdən sonra ermənilər Azərbaycanın Naxçıvan, Zəngəzur və Dağlıq Qarabağ ərazilənin Ermənistana birləşdirilməsi iddiası ilə çıxış etdilər. Lakin 1918-1920-ci illərdə İrəvan quberniyasından başqa əraziləri ələ keçirə bilməyən ermənilər 1920-ci il aprelin 28-də, Azərbaycan Sovet Rusiyası tərəfindən işğal edildikdən sonra bolşeviklərin himayəsi ilə yeni ərazilər əldə etməyə nail oldular.
30 may 1918 - Azərbaycan Xalq Cümhuriyyətinin yaranması haqqında dünya dövlətlərinə radioteleqramlar göndərilib. Dünyanın aparıcı dövlətlərinin xarici işlər nazirlikləri Azərbaycanda müstəqil respublikanın yaradılması haqqında informasiya aldılar. Radioteleqramlar İstanbula, Berlinə, Vyanaya, Parisə, Londona, Romaya, Vaşinqtona, Sofiyaya, Buxarestə, Tehrana, Madridə, Moskvaya, Stokholma, Tokioya və digər paytaxtlara göndərilmişdi
Bakı şəhəri S. Şaumyanın başçılığı altında Bolşevik Bakı Soveti və Daşnak silahlı dəstələrinin nəzarətində olduğu üçün Azərbaycan hökuməti müvəqqəti olaraq Gəncə şəhərində yerləşmişdir.
4 iyun 1918 - Batumda aparılan danışıqların yekunu olaraq Xalq Cümhuriyyəti ilə Osmanlı arasında "Sülh və dostluq haqqında" müqavilə imzalanmışdır. Müqaviləni Azərbaycan tərəfdən Milli Şuranın sədri M.Rəsulzadə və xarici işlər naziri M.Hacınski, Osmanlı tərəfdən Ədliyyə naziri Xəlil bəy və Qafqaz cəbhəsinin komandanı Vahib paşa imzalamışdı. Bu müqavilə ilə Xalq Cümhuriyyəti birinci olaraq Osmanlı tərəfindən tanınıb. Müqavilədə Osmanlı dövləti Xalq Cümhuriyyətinə hərbi yardım göstərmək barədə öhdəlik götürmüşdür.
17 iyun 1918 - Gəncədə ilk iclasını keçirən Azərbaycan Milli Şurası ölkədə yaranmış ağır vəziyyəti nəzərə alaraq öz fəaliyyətini dayandırmaq və yeni parlament (Müəssislər Məclisi) çağırılanadək bütün hakimiyyəti (qanunvericilik və icra) Nazirlər Şurasına vermək barədə qərar qəbul edib. Bu Nuru paşanın tələbi idi. Həmin gün Fətəli xan Xoyskinin başçılıq etdiyi Nazirlər Şurası istefa verib və onun rəhbərliyi ilə ikinci hökumət quruldu.