Rza xəLİlov- 70



Yüklə 2,72 Mb.
səhifə20/27
tarix02.01.2022
ölçüsü2,72 Mb.
#1858
1   ...   16   17   18   19   20   21   22   23   ...   27
04 aprel 2015

Novxanı

Tahir ORUCOV

filologiya üzrə fəlsəfə doktoru, dosent
GÖZƏL ALİM, QAYĞIKEŞ İNSAN
Ən böyük kəşf insanın özündə olanı tapmaqdır.

(V.Şekspir)
Dünya şöhrətli aktyor Çarli Çaplinin oğlanlarının maraqlı bir xatirəsi var. Onlar yazırlar ki, atamız çəkdiyi, özünün də baş rolda oynadığı, bütün dünyanı gülməyə və onun haqqında ürək dolusu danışmağa məcbur edən məşhur səssiz filmlərini tez-tez evə gətirərdi. Biz də oturub bu filmlərə həvəslə və maraqla baxardıq. Filmdə kadrlar dəyişdikcə atamız tez-tez onlara şərhlər, izahlar verər, xüsusi bir pafosla, həvəslə danışardı. Biz isə onda buna adi bir hal kimi baxardıq. Ancaq o vaxt burasını düşünməzdik ki, biz Çarli Çaplinin səssiz filmlərini onun elə öz səsində dinləyən azsaylı adamlardanıq.

Mən də 13 il bindan əvvəl – Rza müəllimi tanıdıqdan sonra, yəni onun səmimiyyətlə, qayğıkeşliklə yoğrulmuş xarakterinə bələd olandan, onun nurlu çöhrəsini, insanlara qarşı təmənnasız xeyirxahlığını görəndən sonra Ç.Çaplinin oğlanlarının bənzər fikirlərini Rza müəllim haqqında düşünmüşəm. Fikirləşmişəm ki, bizlər – AMEA Folklor İnstitutunun əməkdaşları və ümumiyyətlə, Rza müəllimi tanıyanlar, onunla ünsiyyət quranlar, onun əsl insan xüsusiyyətlərini və hər bir insana təmənnasız qayğısını, xeyirxahlığını görən azsaylı insanlardanıq. Çünki Rza müəllimin parlaq şəxsiyyəti, böyük insanlığı və hüdud bilməyən alicənablığı onu tanıyanların hər biri üçün əlçatmaz bir zirvə, əvəzsiz bir nümunədir. O, yüksək əxlaqı və kübar davranışları ilə əsl Azərbaycan kişisinin yüz illəri aşıb gələn kristal xarakterlərinə malik çağdaş, eyni zamanda “köhnə” bir kişi, qeyrətli bir vətəndaşdır. Rza Xəlilovun xarakterinə, eyni zamanda idraki düşüncə tərzinə, ilk baxışdan sezilməyən, lakin sonradan, tədricən müəyyənləşən dərinlik və  genişlik xüsusiyyəti də xasdır.

Rza Xəlilov Azərbaycan cəmiyyətinin elə nadir insanlarındandır ki, əminəm ki, onu tanıyan istər gənc nəsil, istər orta nəsil, istərsə də yaşlı nəsil onun insani xüsusiyyətlərindən nəyi isə özü üçün örnək götürüb, nəyi isə özü üçün əxz edib.

Rza müəllimdən bu xüsusiyyətlərindən örnək götürən belə insanlardan biri elə mən özüm olmuşam. Mən ondan çox az insanda gördüyüm son dərəcə qayğıkeşliyi və diqqətcilliyi özüm üçün örnək götürmüşəm. Rza müəllim gözəl alim, qayğıkeş və xeyirxah bir insandır. O, təvazökar, səmimi, vicdanlı, xeyirxah, intizamlı, əxlaqlı, mədəni və daxilən azad bir insandır. Onu tanıyanların, onunla az-çox ünsiyyətdə olanların hamısı, şübhəsiz, bununla razılaşar ki, bütün bu sadalanan keyfiyyətlər Rza müəllimi xarakterizə edən başlıca cəhətlərdir. R. Xəlilov sabit, daxili ruhi-mənəvi sabitliyə malik olan təmkinli, müdrik, eyni zamanda çox kövrək bir insandır. Ən mürəkkəb situasiyalarda, ziddiyyətli vəziyyətlərin yarandığı məqamlarda belə, Rza müəllimin mənəvi keyfiyyətləri, insanlığı, alicənablığı və qayğıkeşliyi həmişə ön plana keçir. Məncə, söyləyəcəyim ən azı iki fakt Rza Xəlilovda bu cəhətlərin nə dərəcədə qabarıq şəkildə olduğunu əyani şəkildə sübut edə biləcək.

Birinci fakt. İş elə gətirmişdi ki, 2003-cü ildə mənim namizədlik dissertasiyası üçün götürdüyüm elmi işin –“Qaravəlli janrının poetikası”nın yazılması üçün nəzəri məlumatlar son dərəcə az idi. Və mən bəzən dissertasiyadan bir neçə səhifə yazmaq üçün həftələrlə M.F.Axunov adına Azərbaycan Milli Kitabxanasında, AMEA Mərkəzi Elmi Kitabxanasında, BDU-nun, ADPU-nun Elmi Kitabxanalarında olurdum. Mövzu haqqında kiçik bir nəzəri məlumat tapanda sevincimin həddi-hüdudu olmurdu. Necə deyərlər, dissertasiya işim səhifə-səhifə yox, az qala abzas-abzas yazılırdı. Demək olar ki, bütün Folklor İnstitutunun əməkdaşları bu mövzunun çətinliyini bilirdi. Bunu bildiklərindən bir çox əməkdaşlar və dostlarım məni ruhlandırmağa çalışır, öz məsləhətlərini verirdilər. Onların içərisində mənə ən çox diqqət yetirənlərdən, mənə məsləhət verənlərdən biri Rza müəllim idi. Belə məqamlarda mən Rza müəllimə artıq əziyyət vermək istəmədiyimdən ondan mənə nəzəri materialları tapmaqda kömək etməsini xahiş etmirdim. Lakin buna baxmayaraq, o, mənim mövzuma aid materiallarla rastlaşdıqca qeydlər götürür, lazım gəldikdə isə onların surətini çıxarıb mənə gətirirdi. Və hər dəfə də onları mənə verəndə məni ruhlandıraraq deyərdi: “Tahir, narahat olma, mən sənin potensialına, işgüzarlığına bələdəm. İnanıram ki, sən bu mövzunun öhdəsindən gəlib, yaxşı bir iş ortaya qoyacaqsan”. Belə də oldu ─ mən bu çətin mövzunun öhdəsindən gəlib, 2007-ci ilin 18 yanvarında, Rza müəllim kimi insanların və digər dəyərli dostların köməyi ilə namizədlik dissertasiyasını uğurla müdafiə etdim.

İkinci fakt. Bilənlər bilir ki, mən xeyli vaxtdır ki, AMEA Folklor İnstitutu Həmkarlar Təşkilatının sədriyəm. İşimin peşə xüsusiyyəti ilə əlaqədar olaraq, əsas fəaliyyətim Azərbaycan Respublikasının Əmək Məcəlləsinə uyğun olaraq işçilərin əmək hüquqlarını qorumaq və mədəni-kütləvi işləri həyata keçirməkdə İnstitut rəhbərliyinə kömək etməkdən ibarətdir. Digər tərəfdən, aztəminatlı işçilərin ehtiyacları ilə maraqlanmaq, Təşkilata ərizə ilə müraciət etmiş İnstitut əməkdaşlarına maddi yardımlar göstərmək, onları sanatoriya-kurort müəssisələrinə yollayışlarla təmin etmək də Həmkarlar Təşkilatının sədri kimi mənim fəaliyyət prioritetlərimə daxildir. İşlədiyim bu müddət ərzində xeyli sayda İnstitut əməkdaşı bu məqsədlərlə mənə müraciət etmişdir. Mən də Folklor İnstitutunun rəhbərliyinin qarşılıqlı razılığı ilə müraciət edən İnstitut əməkdaşlarının, demək olar ki, hamısının istəklərinə əməl etmişəm. Bu illər ərzində yadıma gəlmir ki, Rza müəllim bircə dəfə də olsun özünün şəxsi işi ilə və ya sanatoriya-kurort müəssisələrinə yollayışla bağlı mənə müraciət etsin. Əksinə, Rza müəllim özünə yox, bir neçə aztəminatlı İnstitut işçilərinə (Bu yazıda konkret olaraq onların adlarının çəkilməsi ən azı qeyri-etik olardı – T.O.) yardım edilməsini dönə-dönə məndən xahiş edib. Mən də təbii ki, imkan daxilində Rza müəllimin bu insani xahişlərini ürəklə, canla-başla yerinə yetirmişəm. Ən azından ona görə ki, bu alicənablıq, bu insanlıq Ulu Tanrının öz bəndəsinə bəxş etdiyi insani xüsusiyyətlərin bəlkə də ən birincilərindən və ən alilərindəndir.

Bu insani xüsusiyyətlərlə yanaşı, Rza Xəlilov Azərbaycan folklorşünaslığında öz dəsti-xətti, öz yolu olan folklorşünas-alimlərdəndir. Folklorşünaslığın böyük yoluna özündən əvvəlki elm adamlarından öyrənə-öyrənə gələn Rza Xəlilov Azərbaycan folklorşünaslığında yaradıcı ömrünü şifahi xalq yaradıcılığına həsr edən folklor fədailərimizdəndir. R.Xəlilov folklorla bağlı istənilən məsələlərdə bəhs edilən problemin birbaşa mahiyyətə varmaq, onu dəqiqliklə anlamaq və analiz etmək qabiliyyətinə malikdir.

Onun taleyi də, ömür yolu da folklorla, xalq yaradıcılığı ilə, şeirlə, ədəbiyyatla döyünən bir şair ailəsi ilə bağlı olub. Rza Xəlilov 11 noyabr 1944-cü ildə Bakı şəhərində ziyalı ailəsində – Azərbaycanın tanınmış, istedadlı şairlərindən biri olan Zeynal Xəlilin ailəsində anadan olub. 1960-1962-ci illərdə Bakıda fəhlə-gənclər orta məktəbində oxumaqla yanaşı, M.F.Axundov adına Respublika kitabxanasında foto-laborant vəzifəsində çalışıb.

Rza Xəlilov 1962-ci ildə orta məktəbi bitirdikdən sonra Bakı Dövlət Universitetinin (o vaxtkı S.M. Kirov adına ADU) şərqşünaslıq fakültəsinin ərəb dili və ədəbiyyatı şöbəsinə daxil olmuşdur. O, 1966-67-ci il tədris ilində Misirin Qahirə Universitetində ərəb dilindən dil təcrübəsi keçmişdir. R.Xəlilov 1968-ci ildə Bakı Dövlət Universitetini ərəb filologiyası ixtisası üzrə bitirmişdir.

O, 1969-71-ci illərdə İraqda ərəb dili tərcüməçi vəzifəsində işləmişdir. 1971-ci ildə İraqdan qayıtdıqdan sonra Rza Xəlilov AMEA (o vaxtkı Azərbaycan Elmlər Akademiyası) Nizami adına Ədəbiyyat İnstitutunda folklorşünaslıq ixtisası üzrə aspiranturaya daxil olmuşdur.

R.Xəlilov 1978-82-ci illərdə Yəmən Ərəb Respublikasında Sovet səfirliyinin iqtisadi işlər üzrə müşavirinin aparatında tərcüməçi vəzifəsində işləmişdir. 1983-cü ildən Ədəbiyyat İnstitutunda işləməyə başlamışdır. Rza Xəlilov 1989-cu ildə 10.01.09 “Folklorşünaslıq” ixtisası üzrə “Azərbaycan və ərəb sehrli nağıllarında qəhrəman obrazları” mövzusunda namizədlik dissertasiyasını müdafiə etmişdir. O, 1994-2001-ci illərdə Türkiyənin Ərzurum şəhərindəki Atatürk Universiteti Fənn-Ədəbiyyat fakültəsinin Şərq dillər bölməsində işləmişdir. 2001-ci ildən AMEA Folklor İnstitutunda böyük elmi işçi, 2005-ci ildən aparıcı elmi işçi vəzifəsində işləmişdir. Filologiya üzrə fəlsəfə doktoru, dosent Rza Xəlilov 2013-cü ildən AMEA Folklor İnstitutunda Klassik folklor şöbəsinin müdiridir.

Azərbaycan şifahi xalq ədəbiyyatı ─ folklor nümunələrinin toplanıb sistemləşdirilməsi və tərtibi sahəsində Rza Xəlilovun böyük xidmətləri olmuşdur. O, dəfələrlə Dərbənd, Şirvan, Quba və Muğan bölgələrində folklor ekspedisiyalarında iştirak etmiş, xalqın əvəzsiz söz xəzinəsini toplayıb yazıya almışdır.

İndiyə qədər R.Xəlilovun yeddi kitabı: Aşıq Əsəd (toplama və tərtib), Bakı: Elm, 1979 (B.Abdullayevlə); “Cənubi Azərbaycan ədəbiyyatı antologiyası” kitabında “Cənubi Azərbaycan folkloru” bölümü (tərtib), Bakı: Elm, 1981; Ərəb nağılları, Ərəb dilindən rus dilinə tərcümə, Şərq almanaxı, XIII buraxılış, 1984; Allah yıxdığı evi qızlar tikər” (O.Əliyevlə birlikdə), Bakı:Yazıçı,1994, Məmmədvəli Qəmərli, Atalar sözü (transliterasiya və nəşrə hazırlamaq), Bakı:Səda, 2003; Mirzə  Abbas Abbaszadə. “Arvad  ağısı” (ön söz, transliterasiya və nəşr) (A.Xürrəmqızı ilə birlikdə), Bakı:Səda, 2004; “Bayatılar və manilər” (transliterasiya, ön söz və sözlüyün müəllifi (A.Xürrəmqızı ilə birlikdə), Bakı:Səda, 2004, s. 60; 50-dən artıq məqalə, tezis və məqalənin müəllifidir.

2014-cü il noyabr ayının 11-də gözəl alim, qayğıkeş bir insan, yorulmaz tədqiqatçı olan  Rza Xəlilovun 70 yaşı tamam oldu. Bu yaş insan ömrünün müdriklik çağıdır. Biz şərəfli bir alim ömrü yaşayan bu müdrik insanı – Rza müəllimi yubileyi münasibəti ilə ürəkdən təbrik edir, ona cavanlıq eşqi, işlərində daha böyük uğurlar arzu edirik. Əminik ki, Rza müəllim bundan sonra da yeni-yeni tədqiqat əsərləri, kitabları, məqalələri ilə bizləri sevindirəcək, Azərbaycan folklorşünaslığını və şərqşünaslığını daha da zənginləşdirəcəkdir. 70 yaşınız mübarək, Rza müəllim!




Yüklə 2,72 Mb.

Dostları ilə paylaş:
1   ...   16   17   18   19   20   21   22   23   ...   27




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin