Şakir ALBALIYEV
filologiya üzrə fəlsəfə doktoru, dosent
AĞIRÇƏKİLİ SAYILIB-SEÇİLƏN KİŞİ
Məndən söyləməkdir, səndən eşitmək:
Bir insan əliboş gəzməsin gərək!
Dahi söz ustadı Nizami Gəncəvinin aforistik səciyyəli bu fikrinin üst qatında insana tənbəllikdən uzaq olmaq tövsiyə olunur. İnsana hansısa ictimai faydalı bir işlə məşğul olmaq, əliboş – yəni bekar-beytin gəzməmək ideyası aşılanır. Doğrudan da, Allah-təala insanı fiziki baxımdan da təkmil yaradıb, ona iş görə bilən, əməklə məşğul ola bilən əl bəxş eləyib. İnsan yaratmaq-qurmaq qabiliyyətini, yaradıcılıq-quruculuq istedadını məhz əlləri vasitəsilə reallaşdıra bilir. O əllər ki, işləmirsə, fiziki əmək gücünü nümayiş etdirmirsə, demək, o əlin sahibi cismani baxımdan sağlam görünsə də, əslində şikəstliyə bərabər kimi bir şeydir. Eyni zamanda insan ona əta olunmuş iş-güc görmək qabiliyyətinə malik əllərini işlətmirsə, tənbəllik-harınlıq edirsə, deməli o, bununla həm də fiziki baxımdan insanın göstərəcəyi işgüzar əməldən özünü məhrum edir, insanlıq simasını itirib, həm də tənbəllik-harınlıq azarına tutulmaqla mənəvi keyfiyyətlərini də itirmiş olur. Bu mənada fiziki işdən özünü qəsdən məhrumetmə insanın təkcə cismani-fiziki şikəstliyinə yox, həmçinin mənəvi kasadlığına da dəlalət edir. Bu kontekstdən yanaşdıqda, yuxarıdakı misralarda deyilən və üst qatda görünən zahiri fikirdən doğan nəticənin hansı mətləblərə işarə etdiyi bəlli olur: əliboş gəzməyin, fiziki iş görməməyin, yəni tənbəlliyin fiziki və mənəvi fəsadlara yol açacağı aydın görünür.
Bütün bunlarla yanaşı, “Bir insan əliboş gəzməsin gərək!” fikrinin alt qatında bir başqa mətləb də dayanıb: bu, “əliboş gəzməmək” ifadəsinin özündə ehtiva etdiyi mənəvi cəhətdir. İnsanın əliboş olub-olmaması onun əlinin qazancına işarədir. İnsanın qazancı isə sadəcə maddiliyi əks etdirmir, mənəvi meyarı da öz əhatə dairəsinə alır. Bir el bayatısında buna əyani işarə var:
Əzizim qazançanı,
Tutmusan qazançanı,
Baş götürüb gedirsən,
Əlində qazanc hanı?
Burada dünyada maddi nemətlər uğrunda mübarizə aparan insanın sonda “bu dünyadan baş götürüb getməsi” – ölməsi müqabilində bəs indi “Əlində qazanc hanı?” sualları ilə ittiham olunmasında əslində onun mənəvi qazancının nədən ibarət olması soruşulur. Demək insanın əliboş olmaması onun maddi qazancını da səxavətlə paylamasına, həmçinin də ki, mənəvi qazancının olmasına dəlalət edir.
Belə olan halda, dahi Nizaminin “Bir insan əliboş gəzməsin gərək!” şəklində söylədiyi nəsihətində həm də insana mənəvi cəhətdən əliboş gəzməməsi tövsiyə olunur. Bəli, insan əliboş gəzməyəndə – tənbəllik, bekarçılıq, avaralıq etməyəndə və eyni zamanda mənəvi baxımdan əliboş olmayanda, mənəvi dəyərlərlə yaşayanda, dünyanın əşrəfi sayılan insanlıq adına layiq bir ömür yaşamış olur...
Haqqında söz açacağım iş yoldaşım, nurani insan, ağsaqqal ziyalı olan Rza müəllimin özündən geridə qoyduğu yetmiş illik şərəfli ömür yoluna diqqət yetirəndə, onun bu yaşacan əliboş gəzmədiyinin şahidi oluruq. Rza müəllim çox yerlər gəzib, çox ölkələr dolaşıb, heç birindən də əliboş geri dönməyib. Özü ilə özü boyda xətir-hörmət gətirib, dünya boyda qədir-qiymət qazanıb, mənəvi ucalıq haqqına yetişib. Mənəvi ləyaqətini həmişə qoruyub saxlayıb, heç desən, əlidoluluq sözünün maddi anlamında olan səxavətindən də geri qalmayıb, yeri düşdükcə imkanı daxilində ətrafındakılara səxavət də göstərib. Başqa sözlə, özünün maddi və mənəvi qazancını məsrəf edə-edə, özünə alqış-dualarla, hörmət-izzətlə dolu bir ömür yolu qət edib. Bu gün hamının onun haqqında ağızdolusu danışmağının da, onu ehtiramla dindirmələrinin də kökündə məhz bu amil dayanır...
Bəli, Rza müəllim heç vaxt əliboş gəzməyib, əliboş yaşamayıb. Həmişə əlində yük daşıyıb, çiynində yük daşıyıb. Bu yükün adı ağır mənəvi yük olub: insanlıq yükü. İnsanı şərəfləndirən, daha da ali edən, yüksək nüfuza – mərtəbəyə qaldıran insanlıq yükü. Bu yükün bir adı da çiynində gəzdirdiyi ağır ailə yükü olub. Zəhmətkeş fəhlə kimi öz ailəsinin, namusunun, qeyrətinin yükünü çəkib, təəssübünü çəkib. Desəm ki, insan elə bu dünyaya yük daşımaq üçün gəlib, daha doğru olar. Bu yükün mahiyyəti insanlığa, insani dəyərlərə xidmət göstərən yükdür. Bu yükdən – istər fiziki yük olsun, istər mənəvi yük – imtina eləmək isə insanlığa xəyanətdir.
Dahi Nizami şair olmaqla yanaşı, özünün müdrikliyi ilə həm də ağsaqqal yol göstərənimiz, ulu babamızdır. Buna görə də Rza Xəlilov bir insan kimi hələ ağlı kəsən gənclik, yeniyetməlik çağlarından dahi şairin söylədiyi “Bir insan əliboş gəzməsin gərək!” məsləhətinin hökmünü dinlədi, eşitdi, əməl etdi. Axı, Rza müəllimin atası da dahi Nizami sənətinin varisi olub, o da xalqımızın sevilib-seçilən şairlərindən olub. Oğul isə atanın həm cismani, həm də mənəvi davamçısıdır. Bu mənada Rza müəllim ata ocağının layiqli davamçısı kimi mənəvi bir ömrə sahibdir. Əslində şair Zeynal Xəlil oğluna atasının adını qoymaqla belə bir missiyanın məhz Rza müəllimin timsalında gerçəkləşməsini arzulamışmış. Elə Rza müəllim də bu arzunu bir missiya kimi şərəflə reallaşdırıb. Bu kontekstdən yanaşdıqdan şair Zeynal Rza oğlu Xəlilovun oğlu olan alim Rza Zeynal oğlu Xəlilov cismani ömründə və mənəvi yaşamında ən azından nəslinin, tayfasının üç nəfərinin adını, çəkisini bir mənəvi yük olaraq öz çiynində layiqincə gəzdirib: atasının övladı kimi ata ocağının keşikçisi olub, ata yolunu davam etdirib, yaşadıb; babası Rza kişinin adaşı – ad daşıyıcısı olmaqla babasının ruhunu öz timsalında hörmətlə anıb, xatırladıb və yaşadıb; bir də ki, Rza müəllim bir alim kimi özü olmaqla – filologiya üzrə fəlsəfə doktoru, dosent, ərəbşünas, folklorşünas alim Rza Zeynal oğlu Xəlilov olmaqla özü-özünü mənəvi etalon – ölçü nümunəsi kimi qoruyub-yaşadıb. Bu minvalla düşündükdə Rza müəllim bu dünyada təkcə özünün fiziki və mənəvi yükünü daşımayıb, həmçinin də atasının və babasının adını-sanını, ehtiramını qorumaqla böyüklərinin-ulularının mənəvi yükünü öz üstündə çəkib, yaşadır. Elə Rza müəllimi öz əzizləri arasında, iş yoldaşları içərisində və ictimaiyyətdə şərəfə-şana mindirən də, sevdirən də onun bu ağır məsuliyyətli yükləri öz üstündə ləyaqətlə daşıması olub. Bəli, insanı şərəfləndirən onun üzərinə yüklənmiş missiyanı bir yük kimi dəyanətlə, təpərlə, qeyrətlə vicdanla gəzdirə bilməsindədir, Nizaminin təbirincə desək, insanın “əliboş gəzməməsindədir”. Bizim Rza müəllim bax belə bir yükün daşıyıcısıdır – insanlıq yükünün. İnsanlıq yükü nə qədər ağır olursa, onu daşıyanlar da o qədər ağırçəkili sayılıb-seçilən olurlar. Bax bizim Rza müəllim də belə ağırçəkili, sayılıb-seçilən kişilərdəndir. Belə bir kişinin yaşaması, bizim aramızda fəaliyyət göstərməsi isə cəmiyyətimizin mənəvi harmoniyasını simvolizə edir. Mənəvi harmoniyamız heç zaman pozulmasın. Ağırçəkili, sayılıb-seçilən kişi olan Rza müəllimə uzun ömür, cansağlığı, uğurlar arzulayırıq!
Dostları ilə paylaş: |