Rza xəLİlov- 70



Yüklə 2,72 Mb.
səhifə26/27
tarix02.01.2022
ölçüsü2,72 Mb.
#1858
1   ...   19   20   21   22   23   24   25   26   27
Atəş ƏHMƏDLİ

filologiya üzrə fəlsəfə doktoru
YUBİLEY YAŞIN MÜBARƏK
Eşidəndə ki, Folklor İnstitutunda Rza müəllim haqqında “Yubiley” kitabı hazırlanır, çox sevindim. Düzünü desəm, bir az da təəccübləndim. O mənada ki, nəhayət belə bir məramlı kitabın hazırlanmasına Rza müəllim imza atıb. Düz 10 il öncə Rza müəllim eynilə bu səciyyədə təntənəyə şanslı olduğu halda bu işin reallaşmasına razılıq verməmişdi (Şübhəsiz, bu, Rza müəllimin olduqca təvazökar insan olmasına dayanıqlı bir məsələdir və yazımızda bu təvazökarlığı şərtləndirən məqamlara toxunacağıq). Necə ki, bu onun halal haqqı idi və sözün əsl mənasında Rza müəllim elə 10 il öncə bu təntənəni qeyd etməyə layiq idi. O zaman Rza müəllim ömrünün 60-cı qışını keçirirdi. Bu məqamda isə o, artıq 70-ci qışını başa vurmaqdadır. Bir sözlə, Rza müəllim indi yaşının daha müdrik çağındadır və görünür elə bu çağda olmasına müqabil nəhayət ki, Rza müəllim belə bir işin həyata keçirilməsinə etiraz etməmişdir.

Əslində Rza müəllim haqqında yazmaq mənə görə çox rahatdır. Çünki 30 ildən bir qədər də artıqdır ki, onu tanıyıram. Bu illər bir-birimizi yaxşı tanımaq üçün həm də bizi bir çox sınaqlardan keçirib. Əvvəldə qeyd etmişdim ki, Rza müəllim çox təvazökar insandır. Əlavə etməliyəm ki, onu səciyyələndirən bu keyfiyyəti onun sadə və səmimi bir insan olmasına dayanıqlıdır. Yanılmarıq desək ki, səmimiyyət insanın zatından gəlir və insanın nəcib xislətli olduğunu əsaslandırır. Əlbəttə, doğulduğu mühitin, böyüdüyü şəraitin və əhatə olunduğu çevrənin onun insan kimi formalaşmasına təsiri olduğunu da qaçırmamalıyıq. Digər tərəfdən etiraf etməliyəm ki, Rza müəllim təvazökar və səmimi olduğu qədər də ciddi adamdır. Bu onun həm məşğul olduğu sahəyə, həm də əhatə olunduğu həmkarlarına münasibətini müəyyənləşdirən prinsipial mövqeyidir. Yəni digər rakursdan baxdıqda Rza müəllim konkret mövqeyi olan ciddi bir elm adamıdır.



Elə bir situativlik qeydə alınmaz ki, Rza müəllim ona müraciət edən şəxsi nigaran saxlasın. Hər nə vasitə ilə olursa-olsun ona yardım etməyə səy göstərəcək. Şübhəsiz, imkan daxilində olanları “öz hesabına” həll edəcək, nüfuz edə bilmədiklərinin isə həlli yollarını aramağa çalışacaq. Hər şey bir qırağa, təkcə bu xüsusiyyəti Rza müəllimin böyük ürək sahibi olduğunu anlamağımıza imkan yaradır.

Rza müəllimin belə bir səciyyəvi xeyirxahlığı da var ki, lazım olan anında yoldaşa kömək əlini uzadır. Əslində bu onunçün mənəvi ölçüdür və təəssüflər olsun ki, belə “ölçü ilə” problemlərə müdaxilə edənlər indi “təkəm-seyrək”dir. (Gəlin belə insanları sayğı və diqqətdən kənarda qoymayaq!). Elə Rza müəllimlə ilişgəli bu xüsusiyyətinə rəğmən bir təəssüratımı bölüşmək istəyirəm. Elmi işimin müdafiə mərhələsinin başlanmasına lap az vaxt, yəni yarım saat qalırdı. Professor Seyfəddin Qəniyev mövzumla bağlı SMOMPK məcmuəsi ilə tanışlığımın nə durumda olduğunu soruşdu və ardınca vurğuladı ki, bax haa, bu ətrafda sənə sualım ola bilər! Elə Seyfəddin müəllimdən yenicə uzaqlaşmışdım ki, nəzərlərim dəhlizdə gəzişən Rza müəllimi çəkdi. Onun bu mövzuda daha məlumatlı olduğunu bildiyim üçün tez Rza müəllimə yaxınlaşdım. Məlumatın səhihliyini müəyyənləşdirmək üçün ondan yardım istədim. Darıxdırıcı məqam idi və o anda Rza müəllimin məsələyə nə cür müdaxilə edəcəyinə, doğrusu konsentrə oluna bilmirdim. Çünki əhvalından onun o anda mənə konkret bir şey söyləmək iqtidarında olmadığını anlamışdım. Amma dəhliz boyu gəzişə-gəzişə nəyisə yadına salmağa çalışdığını da sezmişdim. Vəziyyət elə belə də qaldı. Mənə elə gəldi ki, elə belə də qalacaq. İşi belə görüb Rza müəllimdən aralandım. Məsəl var: “Deyir sən saydığını say, gör fələk nə sayır”. Sən demə Rza müəllim elə dəhlizdə “var-gəl” edərkən bu işə əlac tapıb. Mən müdafiə otağına istiqamətlənən pilləkənləri qalxmamış (vaxtın darlığına baxmayaraq) heç bilmədim Rza müəllim nə vaxt açarı götürdü, necə seyfi açdı… və onda çevrildim ki, əlində SMOMPK mənə səsləndi: “Atəş gəl. Sən istəyən məlumatı tapmışam”. Lazım olan məlumatı yerli-yataqlı ondan alıb müdafiə otağına yollandım. Şübhəsiz, Seyfəddin müəllimin mənə ünvanladığı suala bir təhər cavab tapıb “çulumu sudan çıxara biləcəkdim”. Amma deməliyəm ki, Rza müəllimin ekstremal vəziyyətdə, yəni elə məqamında mənə etdiyi bu kiçik xeyirxahlığı müdafiə prosesində böyük dəstək kimi mənim karıma gəldi. 70 yaşlı insanın bir gənc çevikliyi ilə, həm də vaxt itirmədən məsələyə əmcan çəkməsi doğrusu mənə maraqlı gəldi. Və bir daha əmin oldum ki, xeyirxahlıq Rza müəllim üçün ötəri hiss deyil, bu onun xislətindən gəlir, bu onun “alın yazısı”dır. Peşəsinə münasibətinə gəlincə sözsüz ki, burada da Rza müəllim əksər həmkarlarına nümunə ola biləcək davranış və bu yönümlü stereotiplərə yiyələnməsinə rəğmən seçilməkdədir. Bir məqamı ayrıca vurğulamaq istəyirəm ki, özüm də daxil olmaqla (həm də tanışlığım olduğu ətrafı nəzərdə tutmaqla) indi tədqiqatçılar tədqiqatları tələb etsə belə arxivlərdə işləməyə o qədər də əhəmiyyət vermirlər. Əslində bu çox mühüm məsələdir və diqqətdən kənarda qalmamalıdır. Məsələ ondadır ki, Rza müəllim indiyə qədər bütün araşdırmalarını arxiv çalışmalarına üstünlük verməklə aparmışdır. Uğurlu nəticələr əldə etsə də, deməliyəm ki, bu metodla işləməsi hərdən onun səhhətinə fəsadlar da gətirmişdir. Yaxşı yadımdadır, bir mövsum Rza müəllim arxivdə o müddətdə çalışmışdır ki, tozlu mənbələrdən gözünə infeksiya da düşmüşdü. Həmin ili Rza müəllim uzun müddət gözlərindən müalicə aldı. Hətta mən ona (şübhəsiz səhhətinə görə) daha arxivə getməməyi tövsiyə etdim. Maraqlıdır ki, səhhəti yaxşılaşan kimi, o, yenidən bu metodla işləməyə davam etdi. Sözümün canı odur ki, Rza müəllim araşdırmalarına canını qoyur. Yeri düşəndə bu iş üçün sağlamlığını belə əsirgəmir. Bu da onun göstəricisidir ki, Rza müəllim Folklor işinə haqq işi, milli mücadilə işi olaraq yanaşır. Heç şübhəsiz, belə bir mövqeyi amalca onu özündən əvvəl bu iş uğrunda mücadilə aparmış sələflərinə yaxınlaşdıra bilmişdir.

Ümumilikdə götürsək, Rza müəllimin şəxsiyyətində elə keyfiyyətlər təmərküzləşmişdir ki, buna müqabil müasiri olduğu həmkarları ona “əlahiddə” hörmət bəsləyirlər. Dediklərimə sadəcə onu əlavə edə bilərəm ki, bunu özlərinə örnək bilənlər qoy özləri nə zamansa belə bir örnəyə çevrilməyi bacarsınlar.

Rza müəllimə nə arzulaya bilərəm?!

Birmənalı olaraq ömrünün bu çağında ona ilk növbədə cansağlığı arzulayıram! Qoy salamat və sağlam qalsın ki, Rza müəllim xeyirxah işlərini də davam etdirə bilsin. Rza müəllim, 70 yaşınız mübarək! 71-iniz xeyirli gəlsin! 80-i, 90-ı… və ardınca... Tanrı sizə nə qədər illər bəxş edəcəksə o illəri də beləcə, yəni nikbin, gümrah və əminamanlıq şəraitində qarşılayıb, yola salasınız. Bu minvalla, yenicə qovuşduğunuz “Yubiley ili”niz mübarək!




Yüklə 2,72 Mb.

Dostları ilə paylaş:
1   ...   19   20   21   22   23   24   25   26   27




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin