Mətanət YAQUBQIZI
filologiya üzrə fəlsəfə doktoru
XEYİRXAHLIQ MÜCƏSSƏMƏSİ
Belə bir atalar sözü vardır: Ən yüksək elm müdriklikdir, ən yüksək müdriklik isə xeyirxahlıqdır. Rza müəllim müdriklik zirvəsinə qalxan xeyirxah bir insandır, şəxsiyyətdir.
Az-az adam tapılar ki, onun hansısa bir işində Rza müəllimin rolu olmasın.
Uzun illər idi ki, doğmalarımızdan biri haqqında məlumatımız yox idi. Heç cürə ondan məlumat ala bilmirdik. Müraciət etmədiyimiz təşkilat, döymədiyimiz qapı qalmamışdı. Bu işdə bizə vasitəçi məhz Rza müəllim oldu. Rza müəllim bizi doğmamızla görüşdürən ən gözəl vasitə oldu. Hal-hazırda bizim doğmamızla əlaqəmizin davam etməsinin yeganə səbəbkarı yuxarıda Allah, aşağıda Rza müəllim oldu ki, ömrüm boyu bu insana özümü borclu sayıram.
Bu insan yalnız şəxsi həyatda dostumuz deyil, ictimai mühitdə də daima bələdçimiz, yol göstərənimizdir.
Rza müəllim ərəb dili mütəxəssisidir. Ərəb dilini bildiyi üçün əski əlifbanı gözəl bilir. Tarixən bu əlifbada yazılmış güclü mənbələrimiz mövcuddur. Bu insan yaşının müdriklik çağında olmasına baxmayaraq, hətta bəzən səhhətinin yerində olmasına baxmayaraq bu işi davamlı şəkildə görür. Əski əlifba ilə yazılmış mənbələrin institutumuza gətirilməsində, nəşr olunmasında bu insanın əvəzsiz xidmətləri danılmazdır.
Rza müəllim “Klassik folklor” şöbəsinin müdiridir. Bu insan özünü sıravi insan kimi aparır, mərhum İsrafil müəllimin ruhunu daima öz üzərində hiss edir, onun yerini tutmaq istəmir.
Çox həssas insandır. Hamının dərdinə, sevincinə şərik çıxır. Kövrəkdir.
Təvazökar insandır. Alman dramaturqu Q.E.Lessinq belə demişdir: “Bütün böyük adamlar təvazökardır”. Təvazökar olmadan müdrik olmaq olmaz! Təvazökarlıq müdrikliyin yaraşığıdır, – demişdir babalarımız.
“Ot öz kökü üstə bitər”. Rza müəllim gözəl şairimiz Zeynal Xəlilin oğludur. Köklü nəsildəndir. Ağayanalığı, yüksək əxlaqı çoxlarına örnək olan bu insan nə yaxşı ki, aramızdadır.
Çox böyük zəhmətə, çox böyük ürəyə malikdir bu insan. Ancaq heç bir zaman bu insan başını göylərə qaldırmadı. Həmişə “barlı ağac” kimi başıaşağı gəzir.
Daima axtarışdadır. Gözəl alimdir. Çoxlu məqalələr, kitab müəllifidir. Heç kəsə bəlli olmayan mənbələri yerindəcə oxuyur, əlifbamıza çevirib institutumuzun arxivinə gətirir. Bu insan zəhmətkeşdir. Şöbənin bütün işçilərinə qarşı çox həssasdır. Hamı onun verdiyi işlərə məsuliyyətlə yanaşır, bütün işləri vicdanla yerinə yetirirlər.
Rza müəllim qayğıkeş bir dost kimi insanlara kömək edir, təkan verir, dəstək olur. Bu insanın amalı budur: Xeyirxahlıq etmək! Ona görə də bu insana yalnız bir ad vermək olar: Xeyirxahlıq mücəssəməsi!
Rza müəllim rəsmiyyətdən uzaq bir adamdır. Bütün insanlar onunla çox rahat dərdini bölüşə bilər, probleminə çıxış yolu, çözüm tapar. Bu insan hamı ilə sirdaşdır. Hamıya nəinki dost kimi, bir ata qayğısı ilə yanaşır. Allah bu qayğını üstümüzdən əskik etməsin!
Dostları ilə paylaş: |